İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Haqqında söhbət açmaq istədiyimiz kənd Oğuz (Vartaşen) rayonunun mərkəzindən 25 kilometr şimal-qərbdə, Daşağılçayın (keçmiş Ulu çayın) sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Baş Daşağıl kənd İnzibati Ərazi Vahidliyinin mərkəzidir.
Tarixi mənbələrdə XIX əsrin ortalarına kimi kəndin adı sadəcə “Daşağıl” olub. Həmin dövrlərdə Daşağıldan çıxan bir qrup ailə Şəki rayonunun ərazisində “Aşağı Daşağıl” kəndini saldıqlarına görə, əvvəlki kənd də “Baş Daşağıl” adlandırılmışdır.
Baş Daşağıl kəndi rayonun ən qədim və möhtəşəm gözəlliyi olan kəndlərindən biridir. Dəniz səviyyəsindən 1150 metr yüksəkdə olub, ekoturizm üçün əlverişlidir. Kəndin şimalında yaşı bilinməyən, tədqiq olunmamış, əhalinin indi də “oğuz qəbirləri” adlandırdığı, "Kitabi-Dədə Qorqud" dastanındakı boylarla səsləşən və hələ də qalan nəhəng qəbirlər, köhnə qəbiristanlıq, Qazanın ağılı, Sarıgüney, Göybayır, Salavat qayası, Ulu çay, Qazanuçan, Qızlar yaylağı kimi qədim dövrlərlə səsləşən toponimlər, kəndin şimalındakı xristian məbədlərinin xarabalıqları, köhnə məscidlər və dəyirmanlar, az aralıdakı qədim Uğan mağarası, Muxas qülləsi də kəndin qədimliyindən xəbər verir. Buranı bəzən Oğuzun “İçəri şəhəri” də adlandırırlar.
1824-cü il kameral təsvirinə görə, həmin dövrdə Daşağılda 227 həyətdə 521 nəfəri kişi, 481 nəfəri qadın olmaqla 1002 nəfər yaşamışdır. Orta hesabla hər həyətə 4,5 nəfər düşüb. Kəndin əsas əhalisi tatarlar (azərbaycanlılar) olub. Lakin bir zamanlar burada 45 saxur (rutullular) ailəsi də yaşamışdır.
Baş Daşağılı areal toponim saymaq olar. Mənbələr göstərir ki, vaxtı ilə İrəvan əyalətinin Zarzəmin nahiyəsində və Cənubi Azərbaycanın Bükan və Urmiya şəhərləri yaxınlığında və digər yerlərdə də “Daşağıl” adlı toponimlər olmuşdur.
Baş Daşağıl oroqrafik (dağlıq relyeflə əlaqələndirilən)obyekt adı bildirən oykonim hesab edilir.
Bu adın “daş” və “ağıl” sözlərinin birləşməsi ilə yarandığı qeyd edilir. Bəziləri “daş”ı işıqla, Günəşlə, Zərdüştün adı ilə bağlayır, sözün ikinci hissəsini (ağıl) isə “ag” və “ıl” tərkiblərinə ayrırlar. “Ağ” günəşə işarə hesab edir, “ıl”i isə olmaq kimi mənalandırırlar.
Bəzən kəndin adını mal-qara, qoyun-quzu saxlamaq üçün daşdan ağılların olduğu yer kimi izah edirlər. Ərazinin heyvandarlıq üçün çox əlverişli olması, çoxlu yaylaqların varlığı da bu ehtimalı gücləndirir.
Bizcə də, “Daşağıl” toponimi “daş” və “ağıl” sözlərinin birləşməsindən yaranıb. Lakin buradakı “daş”ı “kənar” (məsələn, dialetlərimizdəki dış və dışarı sözlərini yada salın) mənasında hesab edirik. M.Kaşğarlı da öz divanında “taş (daş)” sözünü həm də “kənar tərəf” kimi izah etmişdi. “Kitabi-Dədə Qorqud”da da “taş” “kənar” kimi anlaşılır.
“Daşağıl” oykonimindəki “ağıl” sözünü isə kənd, oba, yurd yeri kimi izah edərdik. Çünki bu söz bəzi hallarda kənd, yurd, oba kimi də mənalandırılır. Doktor Yaqut Quliyeva da “Mahmud Kaşğarinin “Divani luğat-it-türk” əsəri və “Kitabi-Dədə Qorqud” dastanlarında işlənən bəzi oğuz sözləri” məqaləsində (səh:169) yazır ki, ...sadəcə olaraq, ES-da verilən məlumata görə bu söz (ağıl-İ.V.) müxtəlif fonetik variantlarla əksər türk dillərində, lakin daha geniş məzmunda əsasən heyvan saxlanılan yer semantikasında işlənsə də, hətta çəpər, həyət, ev, ölkə, küçə, kənd mənalarına da təsadüf olunur. (https://isamveri.org/pdfdrg /D02632/2008_ 9/2008_9_KULUYEVAY.pdf)
Qısacası, fikrimizcə, “Baş Daşağıl” digər yaşayış məntəqələrindən kənarda, başda yerləşən ərazi, məkan, kənd deməkdir.
Sonda təxəyyülümün məhsulu olan bir fikri də sizə çatdırmaqla yazımı bitirmək istəyirəm. Ərazidəki “Qazanın ağılı”, “Qazan uçan”, Qızlar (bəlkə oquzlar) yaylağı toponimləri adamı diksindirir. Deyirəm, bəlkə elə “Daşağıl” sözündəki “daş” “dış” deməkdir. “Ağıl” sözü isə “oğuz” sözünün təhrif olunmuş forması!? Yəni “Daşağıl” bərabərdir “dış oğuz”. Onu da deyim ki, bəzi tədqiqatçılar “oğuz” sözünün vaxtı ilə həm də “ağıl” (“ağıllı”) mənasında işləndiyini söyləyirlər. (https://dede.musigi-dunya.az/o/oguz.html)
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


