Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün
Epiqraf:
“Mənim niyyətlərimin məqsədi həqiqət və namuslu həyatdır”
Horatsi
PROLOQ
2002-ci il ildə Lider televizyasında Vüqar Qaradağlının rəhbərliyi altında əməkdar incəsənət xadimi Rafiq Quliyev, rejissor İqbal Məmmədəliyev, jurnalist İxtiyar Hüseynli, operatorlar Rüfət Süleymanov və Rəşad Nuriyevlə birgə cənab İlham Əliyevin Qaradağdan seçilmiş millət vəkili kimi fəaliyyətini özündə ehtiva edən sənədli filmə ad seçərkən mənim təklif etdiyim “İlham Əliyev” “Ümidlərin gerçəklik məqamı” versiyası rəhbərlik tərəfindən bəyənildi.
“Siyasət dağıtmaq yox, qurub-yaratmaqdır. Xalqa elə siyasət lazımdır ki, onun təhlükəsizliyini təmin etsin və normal yaşayış üçün şərait yaratsın”
Prezident İlham Əliyev.
YOL
Yol-təkcə coğrafi məfhum, məsafə göstəricisi deyil, həm də doğru istiqamətdə, dürüst strategiyada hədəfə doğru əzmlə irəliləmək rəmzidir.
Dünyaya bioloji varlıq kimi gələn insan əxlaqi-intellektual tərbiyə, mənəvi-pisxoloji mühit, mətin iradə, konseptual fəlsəfi düşüncə, müsbət fəzilətli davranış tərzi sayəsində öz yollarını və yolçuluq missiyalarını müəyyənləşdirir. Ürəyinin həniri ilə zillətləri aydınlatmağı fəaliyyət kredosuna çevirənlər söz və əməl vəhdətinin təsdiq təntənəsini yaşadanlardır. Ulu yolun qayım-qədimliyində yeni dünya nizamını modifikasiya etməyi bacarmış siyasi xadimin fəaliyyəti zəka sahibi Nəsrəddin Tusinin təsnifatı ilə xarakterizə olunur.
“Ölkə sahibində mətinlik olmalıdır. Bu qətiyyəti, fitri iradəni, dərin mühakiməni, böyük təcrübəni özündə ehtiva edir.”
“Əxlaqi-Nasir
3-cü məqalə, 4-cü fəsil.
“Mən indiyədək siyasi...konyuktura ilə məşğul olmamışam. Gücümü yalnız real işlərə sərf etmişəm.”
Prezident İlham Əliyev
Ali baş Komandan İlham Əliyev İstiqlal yolunda səbr və təmkinlə irəlilədi, gerçək situasiyanı, mövcud imkanları analitik təfəkkür tərzindən keçirdi, hazırlıqları mükəmməl səviyyəyə çatdırdı, mənəvi-pisxoloji döyüş ruhunu, qalibiyyət təşnəsini yetkin fiziki-texnoloji nəticə ilə birləşdirdi və Zəfər yolunun inşasına başladı. Zəngəzur yolu ilə birləşəcək müqəddəs yola çıxdı.
30 il ərzində dilimizin ümümişlək sözləri sırasına daxil olmuş “qaçqın”, “köçkün” ifadələri Qələbə dilinin içində əridi, assimlasiyaya uğradı.
Dünya 21-ci əsrin müharibə taktikasını gördü. İkili standartlar metydançasında oynayanlar Azərbaycan həqiqətləri qarşısında susmaq məcburiyyətində qaldılar.
Azərbaycan Ordusunun şöhrəti dillərdə dastan oldu.
“Canım Vətənə fəda” deyib hayqıranların cəsarəti, döyüş əzmi düşmənin canına qorxu saldı.
Hərbirazərbaycanlıköksününaltındaürəkyerinə Azərbaycanbayrağının çırpıntısını eşitdi.
Müzəffər Ali Baş Komandan, qüdrətli ordu, qalib xalq epitentlərindən fərəhimiz dağa döndü.
Paralel olaraq informasiya cəbhəsində də döyüşmək gərəkirdi və Ali Baş Komandan bu yöndə də ikibaşlı siyasət dəllallarının əlindən su içmiş qərəzli jurnalistlərin qəzəbli suallarına məntiqli, lakonik cavabı ilə onların arzularını ürəklərində qoydu, siyasi jurnalistikadan ustad dərsi keçdi. “Haqq-ədalət” yolunun düzlüyünə cığırlar kölgə sala bilməz” mesajını verdi. Və “Biz Qarabağı cənnətə çevirəcəyik” niyyətli dövlət başçısının göstərişi ilə dərhal quruculuq prosesinə start verildi.
Sumqayıt – Ağdam yolunda
Yazıçı- publisist, şair Süleyman Hüseynovun dəvəti ilə sentyabrın 25-də mənim də Qarabağa getmək arzum gerçəkləşdi.
“Az press” saytının rəhbəri, tanınmış video-fotomüxbir S.Rasim də bizimləydi. Yolumuzu Ağdamdan saldıq. Qələbədən sonra Qarabağa ilk kəs yollanan hər soydaşımız kimi mənim də ürəyim həyəcandan çırpınırdı.
İşıqlı yurd.
1930-cu ildə Azərbaycanın inzibati ərazi vahidi kimi rəsmiləşən Ağdam Qoşqar və Xaçın çaylarının zümzüməsini dinləyir. Üçoğlantəpədə aparılmış arxoloji axtarışlar nəticəsində ərazinin 6-8 min il əvvəl mövcudluğu və Qafqazın ilk şəhər tipli yaşayış məskəni sayıldığı isbatlanıb.
Ağdamın etimologiyası- işıqlı ev deməkdir.
Muğam- tarixin ağlı-qaralı səhifələrinin ruhun havacatında çatdırılmasıdır, ovqatın ladıdır.
Muğam – katarsisdir. Qarabağ deyəndə düşüncədə muğam assosasiya olunur. İlk ziyarətimiz Ağdam Muğam Mərkəzində gerçəkləşdi. Mərkəz memarlıq üslubu ilə göz oxşayır. Muğam sənətinin inkişafı, böyük tədbirlərin düzənlənməsi, gənc nəslin sənətin incilərinə dərindən bələd olması üçün gərəkən bütün şərait yaradılıb.
1868-70-ci illərdə Kərbəlayı Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gəlmiş, 2 minarəli, 1 günbəzli Ağdam Cümə məscidindən artıq azan səsi eşidilir, burda namaz qılınır, dualar oxunur. Məscidin həyətindəki seyid qəbirlərini də ziyarət etməyi özümüzə borc bildik.
Hər tərəfdən yaşıllıqla əhatə olunmuş İmarət kompleksi Ağdamda ən çox ziyarət olunan məkandır. Xan ailəsinin və yaxınlarının məzar abidələri, iqamətgah ocaqları müasir texnoloji imkan və mütamadi verilən muğam ifaları ilə maraq doğurur. Dəyərli şair, rus istilası, siyasi çəkişmələr üzündən, Xanlığın mənafeyi naminə şəxsi həyatını ağrı-acı ilə keçirmiş xeyriyyəçi Xurşudbanu Natəvanın ruhu bu gün cənnətə dönən azad Qarabağda dinclik tapıb.
1751-52-ci illərdə hərbi müdafiə məqsədi ilə tikilmiş, Qarabağ Xanlığının ikinci paytaxtına çevrilmiş Şahbulaq qalasının ərazisi buz kimi çeşməsi, yaşıllığı, estetik görünüşü ilə dəyərlidir. Bir az aralıda tarix elminin fədakarları- arxeoloqlar çalışırlar.
Ağdam otelində 3-cü mərtəbənin balkonundan günəşin zərrin şəfəqləri ilə salamlaşmaq alayı bəxtiyarlıq bəxş edir adama. Səhər yeməyindən sonra terasa qalxdıq. Yenidən qurulan, tikinti meydançasına çevrilən Ağdam buradan ap-aydın görünür. Bir tərəfdə erməni xislətinin, vəhşi təfəkkürünün göstəricisi olan dağılmış, yağmalanmış evlər, digər tərəfdə sürətlə tikilən çoxmərtəbəli binalar, sosial obyektlər, texnikanın səs-küyü, Ağdam konfrans zalı, Hilton oteli, yaşayış evləri. Zaman dağıdıcı şüurla qurub-yaratmaq təşnəli zəkanın fərqini aydınladır sanki. Və bu yerdə filosof Falesin deyimini xatırlayıram.
-Məkan hər şeyi əhatə etdiyindən, o hər şeydən üstündür.
-Ağıl hər şeyi ötüb keçdiyindən o, hər şeydən sürətlidir.
-Zərurət hər şeyin üzərində hökmran olduğundan o, hər şeydən güclüdur.
-Zaman hər şeyi aşkar etdiyindən o, hər şeydən müdrikdir.
Füzulidə həyat qaynayır.
Bu ərazi 1827-ci ilə qədər Qarabulaq adlandırılıb. Sonradan rus polkovniki Karyağinin şərəfinə adını dəyişiblər. Sadəcə, Qarabağ ləhcəsinə uyğun olaraq “K” “Q” ilə əvəzlənib, “Qaryağin” olub.
1959-cu ildə dahi şairin adını əbədiləşdirmək məqsədi ilə Füzuli adı verilib. Füzuli 1993-cü il, avqustun 23-də işğal olunmuşdu. 27 sentyabr, 2020-ci ildə ilk qələbə xəbərini də Füzuli istiqamətindən aldıq.
İşğal dövründə ən çox erməni vəhşiliyi ilə üzləşmiş Füzulinin yaraları sağalmaq üzrədir. Şəhərin mərkəzində tikilmiş yaşayış evləri sakinlərin ixtiyarına verilib, iaşə obyektləri, istirahət mərkəzləri istifadəyə verilib. İndi kiçik Qafqazın Çaxmaq silsiləsinin şərq yamaclarından mənbəyini götürən Köndələnçay Füzuli kəndlərinin suvarma sisteminə yenidən həyat verir.
Quruçay mədəniyyətinin tərkib hissəsi, Füzulidən 14 km şimal-şərqdə yerləşən, paleolit və mezolit dövrlərini əhatə edən Azıx mağarasında arxeoloqlarımız şövqlə yeni axtarışlar aparırlar.
Yeri gəlmişkən
1969-cu ildə aşkara çıxarılan Azıx mağarası qədimliyinə görə dünyada 4-cü, SSRİ- də 1-ci yaşayış məskəni sayılırdı. Ulu Öndərin göstərişi ilə mağara kompleksi haqqında sənədli film çəkildi. Xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində həmin film mütləq yer alırdı. Həmçinin ötən əsrin 70-ci illərində Respublika rəhbərinin göstərişi ilə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin tələbələri arxeoloji praktika keçmək üçün Azıxa göndərilirdi.
Arzu
Ötən əsrin 70-ci illərində dahi şair Məhəmməd Füzuli ilə bağlı milli təəssubkeş Heydər Əliyev böyük cəfalara qatlaşıb. İraqın Kərbala şəhərində Füzulinin məqbərəsinin tikilməsi ilə bağlı təşəbbüs göstərən dövlət başçısı qarşıya çıxan əngəllərə baxmadan məqsədə doğru irəliləyib. Sov.İKP MK-nın İraqla əlaqələrə məsul şəxsi Neçkindən gələn arayışda yazılırdı:
“İraqın əlverişsiz daxili vəziyyəti ucbatından bu məsələni İraq höküməti qarşısında qaldırmaq mümkün deyil”. Amma Ulu Öndər israr edir. Azərbaycan Xarici İşlər Nazirliyinə və AMEA- ya tapşırıqlar verir. İş o yerə çatır ki, 1976-cı il, iyulun 21-də İraq konsulu Azərbaycan Xarici İşlər Nazirliyinə nota çatdırır. “İraq Prezidenti dəftərxanasının rəhbərliyi bildirir ki, İraq ərazisində dəfn olunduğundan şair Füzulinin mavzoleynin bərpası üçün hökümət məsuliyyət daşıyacaqdır ”.
Nəhayət Heydər Əliyevin gərgin səyləri, siyasi iradəsi və dəmir məntiqi sayəsində Bakıda Yaxın Şərq alimlərinin, Füzulişünasların iştirakı ilə Beynəlxalq simpozium keçirilir. “Yazıçı” nəşriyyatında Füzulinin əsərləri yeni nəşrdə hazırlanır.
(mənbə: Professor Musa Qasımlı, “Heydər Əliyev-İstiqlala gedən yol” monoqrafiyası)
Möhtəşəm Zəfərdən sonra Şuşada, Xankəndində, Ağdamda, Laçında, Zəngilanda yetərincə beynəlxalq tədbirlər gerçəkləşib. Könül istər ki, 2026-cı il, mayın birinci on günlüyündə Ulu Öndərin təşkil etdiyi 1-ci Beynəlxalq simpozuiumdan 50 il sonra bədii qiraətçilər, aktyorlar, Füzuli obrazları Füzuli aeroportunda əcnəbi qonaqları, ədəbiyyatşünas alimləri, şair və yazıçıları qarşılayıb şəhərin mərkəzinə gətirsinlər.
Xocavəndin ahənrübası
Şəhidlərimizin Anım mərasiminə Xocavənddə qatıldıq. Qarabağ iqtisadi rayonuna daxil olan, böyük əraziyə malik Xocavənd 1992-ci ilin oktyabrında işğala məruz qalmışdı.
İndi rayonun mərkəzində Ali Baş Komandan İlham əliyevin qaldırdığı müqəddəs Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Burda da sürətli quruculuq işləri gedir. Bütün xidmət sahələrinin yerli şöbələri fəaliyyət göstərir. Xocavənd gözəl məkandır, adamı ahənrüba kimi çəkir özünə.
“Ölkə sahibinə sadiq və əməlisaleh köməkçilər lazımdır.”
Nəsrəddin Tusi, “Əxlaqi-Nasir” 3-cü məqalə, 4-cü fəsil.
Prezident İlham Əliyevin Ağdam-Füzuli- Xocavənd rayonları üzrə nümayəndəsi Emin Hüseynov can yanğısı, sevgi və şövqlə dövlət başçısının tapşırıqlarını yerinə yetirir. Səhərdən axşama qədər rayonlar arasında, tikinti meydançalarında, beynəlxalq tədbirlərdə, problemlərin həllində çalışır. Emin müəllimin Sumqayıtlı olması, heç şübhəsiz qürurlandırdı bizi.
Xocalı- qan yaddaşımız.
Xocalı qətliamının acısını hər birimiz yaşamışdıq. Şahid söhbətlərini dinlədikcə, arxiv materiallarına baxdıqca, vəhşiliyin hüdudsuzluğu heyrətindən göz bəbəklərimiz böyümüşdü. Qardaş-bacılarımızın donmuş vücudlarını, oyulmuş gözlərini, kəsilmiş, deşilmiş əzalarını, sökülmüş dişlərini gördükcə, dişimiz dişimizə dəymişdi. Yayın cırhacırında belə “Xocalı” adı gələndə üşümüşdük.
Tənimiz yox, ruhumuz üşümüşdü, 30 il idi ki, üşüyürdük. Şükürlər olsun bu günə!
Xocalının mərkəzində rahatca gəzirik, şəkil çəkdiririk Süleyman Hüseynovla. Bir vaxtlar bu küçələrdən uşaq nalələri göyə bülənd olmuşdu. Bu günsə yolun o üzündən, məktəbin həyətindən voleybol oynayan yeniyetmələrin “qol” nidaları Xocalı parkına yayılır. Bu xronometraj fərqini nəsib edən Ali Baş Komandana və Ordumuzun əsgərlərinə eşq olsun!
Zəfərin bərqi
Bələdçimiz, Xocavənd nümayəndəliyinin məsul əməkdaşı Emin Quliyev yorulmadan, usanmadan, həvəslə bizi gəzdirir, yeniliklər haqqında məlumat verirdi. Ərazini əl içi kimi tanıyır, hər kəsin böyük hörmətini qazanıb. Axşam saat 21-2200 radələrində Xocavənddən çıxıb Xankəndi gecələrini seyr etmək və Ağdama, otelə qayıtmalıydıq.
-Sizə elə bir yer göstərəcəyəm ki, könlünüz fərəhlənəcək,- dedi Emin. Və Dağdağan kəndinin üstündə, dikdirdə maşını saxladı.
Allahım! Bu nə möcüzədir?!
Şuşa və Xankəndində işıqlar bərq vurur. Yox, bu sadəcə Mingəçevir Su Elektrik stansiyasında fizika elminin düsturu ilə ərsəyə gələn, bütün ölkəyə paylanan elektrik deyil.
Bu-ruhumuzun qələbə sevincindən işıldayan vizual təqdimatdır.
Bu işıqlar- canını Vətəninin ərazi bütövlüyü uğrunda fəda etmiş Şəhidlərin al-qırmızı qanıdır, səmadan simvol şəhərlərimizin üzərinə düşüb, bərq vurur.
Bu işıqlar – Ali Baş Komandanın, qalib Sərkərdənin məğrur baxışları, düşmənin canına vicvicə salan nüfuzudur.
Xankəndi qüruru
Xankəndində gümrahlıqdır. Yaşayış var artıq. Məşhur brend marketlərinin, restoran və kafelərin şöbələri fəaliyyət göstərir. Hər tərəfdə qızğın tikinti və təmir işləri gedir. Ölkənin hər yerindən ailəvi gələnlər sevinc və coşqu, həvəslə, bəxtiyarlıqla şəkil çəkdirirlər. Taksilər Bərdəyə, Şuşaya, Tərtərə, Ağdama, Füzuliyə müştəri səsləyirlər. Yanımızdan Xankəndi-Bərdə mikroavtobusu keçir. Bir anlıq adama yuxu kimi gəlir. Qaldığımız Bulud oteldə, digər kafe və restoranlarda mükəmməl xidmət mədəniyyəti müştəri məmnuniyyətinə rəvac verir. Geniş imkanlara malik Xankəndi stadionu MDB oyunlarını qarşılamaq üçün hazırlanır. Mərkəzi parkda şəhidlər üçün Xatirə kompleksi tamamlanmaq üzrədir. Qarabağ Universitetinin qarşısındakı parkda dərsdən çıxmış tələbələri görürük. Sevincləri ikiqatdır. Tələbə adını qazandıqlarına və Xankəndinin ilk tələbə sakinləri olduqlarına görə. Kim bilir, bəlkə bu tələbələrin içində gələcəyin “nobel”çiləri, “Oskar” mükafatçıları, dünya şöhrətli alimləri, həkimləri var?!
Xankəndində ruhu dincəldən, yorğunluğu unutduran qəribə bir aura, göz oxşayan görüntü, könül açan sakitlik var.
4 il əvvəl- yarımçıq qastrol
2021-ci ildə qələmə aldığım, Xalq artisti Firudin Məhərrəmovun Sumqayıt Dövlət dram Teatrında quruluş verdiyi, Birinci Qarabağ savaşını və 44 günlük Vətən müharibəsini özündə ehtiva edən “Missiya” mistik dramı ilə Laçına qastrol səfərinə çıxmalıydıq. Əsərin əsas obrazlarından biri – gerçək Milli Qəhrəman Qorxmaz Eyvazovun doğulduğu Güləbird kəndində şəhidin xatirəsini anıb, Laçın rayonunda tamaşanı göstərməliydik.
Sentyabrın 18-də, gecə Sumqayıtdan çıxdıq. Təşkilatçılardan Şuşa yolu getməyimizi istəmişdik. Beləliklə, sentyabrın 19-da səhər-səhər Şuşaya çatdıq. Yenicə çay süfrəsinə oturmuşduq ki, geri qayıtmaq barədə komanda gəldi. Sonradan bildik ki, həmin gün antiterror əməliyyatına başlanması barədə Ali Baş Komandan İlham Əliyev əmr verib.
Şuşanın dağları başı dumanlı
Bu da qürur yerimiz, yaddaş saxlancımız, mədəniyyət beşiyimiz Şuşa! 2021-ci ilin sentyabrnda əyləşdiyimiz yeri axtardım tapa bilmədim. Əsla bu- mənim yaddaşımın zəifliyi ucbatından deyil, şəhərin sürətli inkişaf prosesinə görədir. Üç dəfə - 1905, 1920, 1992 – ci illərdə yandırılmış, 8 mayda bağrının başı qarsımış Şuşa, nəhayət , 8 noyabrda qəm köynəyindən sıyrılıb çıxdı. Şuşanın qurucusu Pənahəli Xanın ruhu toxtadı.
Müasir Azərbaycan Dövlətçiliyinin banisi Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ulu Öndərin “Əsrin müqaviləsi” ilə strateji konsepsiyasının təməlini qoyduğu beynəlxalq münasibətlərin tənzimlənməsi ideyası, yeni dünya nizamında, Prezident İlham Əliyevin diplomatik konseptində ali səviyyəyə çatdı.
Xan qızı Nətavanın imarəti qarşısında dayandıq. Xeyriyyəçi şairin 1871-ci ildən Ağdamdan çəkdirdiyi bulağın suyundan içdik. Şuşanın 17 məhəlləsindən biri – Çöl Qala məhəlləsi, 17 bulaqdan biridir bura. Güllələnmiş heykəllər, erməni düşüncəsinin, hikkənin və vəhşiliyin sindromu. Şərhə ehtiyacı olmayan tarixi videosüjet.
Şuşanın mərkəzi meydanı adamdan iki göz istəyir ki, saatlarla tamaşa etsin bu gözəlliyə. Klassika ilə modernizmin vəhdət məqamında bərpa olunan meydanın estetik həzzi təkcə gözləri doyurmur, həm də zehniyyətə, ürəyə yağla bal kimi
yaxılır. Meydanda tikilmiş Yuxarı Gövhər Ağa məscidi ən qədim dini ocaqlardan sayılır.
Layihə müəllifi Mir Möhsün Nəvvab, memarı Kərbalayı Səfixan Qarabaği olub. 2023-cü ildə restavrasiya edilib. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin də məqbərəsini ziyarət etdik.
Yeri gəlmişkən
1967-ci ildə Şuşa şəhərində Heydər Əliyev Vaqifin məzarına baş çəkmək istədiyini bildirir. Çox çətinliklə tapılan və bərbad gündə olan məzarı Ulu Öndərə göstərirlər. İki il sonra Azərbaycana rəhbərlik edən Heydər Əliyevin göstərişi ilə Vaqifin məqbərəsi tikilir. 1982-ci il, qarlı yanvar ayında respublikanın görkəmli şair və yazıçılarının iştirakı ilə Heydər Əliyev abidənin açılışını gerçəkləşdirir.
Cıdır düzünə çıxmağı çox arzulayırdım. Prodüserlər Rasim Həsənov və Fikrin Bektaşı ilə birgə işlədiyimiz layihədə Cıdır düzü məkan olaraq keçirdi. Ssenari yazılarkən yer haqqında dolğun təsəvvürün olması çox vacibdir. Şükürlər olsun Allaha, bu arzuma çatmağı nəsib etdi mənə. Qarabağ xanlığı dövründən fəaliyyət göstərən Cıdır düzündə çövkən oyunları, Novruz şənlikləri, pəhləvan yarışları, qoç və dəvə döyüşləri keçirilib. Fikir adamı, böyük alim, musiqişünas Mir Möhsün Nəvvab da tez-tez burada “Məclisi – Fəramuşan” cəmiyyətinin məclislərini təşkil edərmiş. Elə məzarı da Cıdır düzünün yanındadır. Bəlkə də, ruhu tarixi məkandan pasiban olmaq üçün burada dəfn edilməsini arzulayıb?!
Cıdır düzünün digər istiqamətinə, şərq qayalara, əlçatmaz uçurumlara baxıram və qeyri-mümkünü mümkünə çevirən, cəsarətin və igidliyin heyrət məqamını yaşadan xüsusi təyinatlarımızı xatırlayıram. İstiqlal təşnəli, yurd sevdalı, şir ürəkli ərənlərə “əhsən” söyləyirəm. Şəhid olanların ruhuna Fatihə göndərirəm, qazilərə şəfa diləyirəm və düşünürəm ki, bu qəhramanlıq haqqında məlumatı olan heç bir düşmən bizə qarşı savaşı ağlına belə, gətirməz. Artıq ümidlər gerçəklik məqamına yetişib.
Hava axşama doğru dəyişir. Deyirlər, bu aylarda buralarda peydərpey yağış yağır. Qoy yağsın, bərəkətdir. Amma hələ ki, yağış yoxdur. Şuşanın dağlarının üstündə ağ pəmbə buludlar görünür.
“Nəyi demişiksə, onuda etmişik. Bir dənə də yerinə yetirilməmiş vəd yoxdur. Mən həmişə demişəm sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir.”
İmza: Prezident İlham Əliyev
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)


