Zəfərin 5 illiyi: Elm və mədəniyyət ocaqlarında tarix yazılır Featured

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbir bir daha göstərdi ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə təkcə hərbi zəfər deyil, eyni zamanda milli kimliyin, elmin və mədəniyyətin yeni mərhələsidir.

 

Dövlət Himninin təntənəli səsləri altında başlayan və şəhidlərimizin xatirəsinə həsr olunan sükutla davam edən lektoriya iştirakçılarını dərin düşüncələrə qərq etdi. Belə tədbirlərin əhəmiyyəti ondadır ki, burada yalnız qələbənin hərbi aspekti deyil, onun mədəni-mənəvi dəyərləri də diqqət mərkəzinə çəkilir.

Kitabxana direktoru Hüseyn Hüseynov haqlı olaraq qeyd etdi ki, elm və mədəniyyət ocaqları bu Qələbəni gələcək nəsillərə çatdırmaqda xüsusi məsuliyyət daşıyır. Məhz bu məsuliyyətlə MEK-in hazırladığı biblioqrafik göstəricilər və təşkil etdiyi tədbirlər tarixi yaddaşın qorunmasında əvəzolunmaz rol oynayır.

Sənan Həsənovun məruzəsi isə bizə bir daha xatırlatdı ki, bu Qələbənin kökləri Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməllərə dayanır. 1993-cü ildən başlanan dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında öz məntiqli sonucuna möhtəşəm qələbəyə çatdı.

Xüsusilə təsirlə izlədiyim məqam şəhid Babək Səmidlinin bacısı Röksanə Səfərzadənin çıxışı oldu. Onun hər sözündə qürur, kədər və eyni zamanda inam hiss olunurdu - o inam ki, şəhidlərimiz boşuna can verməyib.

Lektoriyanı müşayiət edən kitab sərgisi də diqqətəlayiqdir. Bu cür sərgilər gənclərimizi mütaliəyə, tariximizi daha dərindən öyrənməyə sövq edir. Necə ki, Sənan Həsənov da tədbirdə vurğuladı ki, gənclər elm və mədəniyyət ocaqlarının imkanlarından maksimum istifadə etməlidirlər.

Ədəbiyyat və incəsənət sahəsində çalışan biz hər birimiz üçün bu cür tədbirlər ilham mənbəyidir. Çünki Qələbə yalnız cəbhədə deyil, qələmdə, sənətdə, elmdə də davam edir. Bu Zəfəri sənət dili ilə anlatmaq, onu ədəbi əsərlərdə, tədqiqatlarda əbədiləşdirmək bizim borcumuzdur.

Mərkəzi Elmi Kitabxana bu istiqamətdə atdığı hər addımla nümunə göstərir ki, elm və mədəniyyət müəssisələri milli dəyərlərin qorunması və təbliğində aktiv rol oynamalıdırlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.