Gülgəz Sultanova, “Ədəbiyyat və incəsənət” üçün
Sakit, təmiz havası, saf suları, bulaqları, artezanları ile mehşur olan gözəl bir kənddə, Fuzuli rayonunun Horadiz kəndində, kasıb, zəhmətkeş bir ailədə 1983-cü ildə yazın ilk günlərində dünyaya göz açmışam. Ailəde 5-ci, sonbeşik uşaq olmağıma baxmayaraq, sakit və üzü yola olmuşam. Yaşadığım uşaqlıq illəri müharibə vaxtına düşdü...
Müharibə, əsl müharibə!
Vəzifə və ərazi müharibəsi. Vəzifə müharibəsinin qurbanına çevirilən ölkə ərazisinin bir hissəsi erməni işğalçıları tərəfindən vəhşicəsinə zəbt olunurdu. Hər gün onlarca cənazə, yaralı gözlərimizin önündən keçirdi; maşınların ardı-arası kəsilmədn qonşu kəndlərdən ev əşyaları ilə birgə evlərini tərk eden əhali evlərindən məcburi köçürdülər. Buna baxmayaraq kəndimizdən heç kim öz evini tərk etmirdi, əksinə hərə öz işində kənd təsərrufat işləri ilə məşğul olurdu. Baxmayaraq ki, gecələr çox qorxulu və vahiməli olurdu. Güllələrin səsindən qulaq batırdı. Hər gün kəndimizə gələn cənazələr ve yaralılar kənd sakinlərini ruhdan salmırdı, əksinə hamı düşünürdü ki,bizim kəndimiz heç vaxt yağı düşmənlər tərəfindəni zəbt oluna bilməz.
Bütün günü hamı öz işində-gücündə olurdu. O, vaxtlar mənim oynadığım tək oyun evcilik oyunu idi;(sınıx şüşə qablarından özümüzə ev qurub qonşu qızlarla oynayırdım). 1993-cü il o illər mənim həyatımın ən təmiz, saf, qayğısız və yaddan çıxmayan illəri idi. Bəlkə də o saflıqdan irəli gəlir ki, aradan illər keçib, amma dünənmiş kimi, gözümün önündə o illərin hər bir anı canlanır.
...Axşam düşəndə hamı özünü güllələrdən, qəlpələrdən qorumaq üçün səngərlərdə gecələmək məcburiyətində olurdu.
Bu əsl dəhşət idi!
Bir gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan mərmilər, barıtlar çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim ilk gecə idi.
“Hamı səngərə”, - dedilər!
Hər məhlənin kişiləri öz məhləsində yığışıb əvvəlcədən səngər qazmışdılar (dağın içini qazaraq hər dörd bir yanı 2,5 mt hündürlüyündə torpaq olmalı idi.)
Bəli, səngərə gedirik, saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu. Bəli, canımız, o gecə hər şey ola bilərdi; evimiz yana bilərdi, dağıla bilərdi. Düşünün, insanın hansısa bir əşyası itəndə bütün günü onu axtarır, amma biz bir gecədə evimizi və içi dolu əşyalarımızı itirə bilərdik. Təbii ki, o anda düşünəcəyimiz son şey hansısa əşya olardı...
Budur səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır. Səngərə ilk girən kişilər oldu, içərinin təmiz olduğunu bildirib çıxdılar. Sonra qadınlar, uşaqlar, qocalar daxil oldular. Rutubətli, nəm və zülmət bir mağara... Çox qorxuludur, büzüşüb anamın qucağında oturmuşdum. Çıraq işığına ətrafa nəzər salırdım, başımın üstündən sakıt bir zümzümə səsi gəldi; "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın". Bu mahnının sözlərini zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə, ön cəbhədə vuruşurdu. Gəlin gözlərini qırpmadan yarının yolunu gözləyirdi. Bir neçə saat keçmədi ki, yarı gəldi, heç toza batmadan, ağ kəfəndə, tabutun içində gəldi...
Həmin gecə çox igidlər şəhid oldu və çox qəhrəmanlar qazi oldu. Çox evlər dagıdılıb xarabaya döndü...
Həmin gecə səngərdə gecələmək məcburiyyətində qaldıq. Hamı susqun halda oturub gözləyir, xəstə sağalmağını gözləyən kimi, yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm, yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərini mənə yönəltmiş halda “Allahım, özünün bu körpələrə yazığın gəlsin!”, - deyirdi. O anda körpə görünə bilərdim, amma içimdə özümü bir qəhrəman kimi hiss edirdim. Çünkü toprağını sevən hər bir qəhrəman kimi öz torpağımda idim. O gecə həmyaşıdlarım öz yataqlarında mışıl-mışıl yatarkən mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım...
Saatlar keçdikcə içəridə təmiz hava azalırdı, nəfəs almaq çətinləşirdi, rütubət artırdı. Sanki səhər açılmayacaq kimi gecə hey uzanırdı...
Anamın qucağında ordaca yuxuya getmişəm.Tezdən anamın səsinə gözlərimi açdım: “Qalx, oyan, səhər açılıb!”
Dan yeri sökülmüşdü, kəndə sakitlik çökmüşdü. Kənd kişiləri dağlardan, dərələrdən enirdilər. Gecələr adəti üzrə kişilər dağlara səpələnirdilər. Bəli, bu vəziyyət hər gün davam edirdi...
O gecə çoxlarının arzuları ürəklərində donub qaldı...
O gecə hamı nəsə itirdi; kimisi əzizini, kimisi sevgisini, kimi gəncliyini, kimi son zengini. O gecə mən də itirdim. Ömrümün ən şirin, ən saf, ən gözəl çağını itirdim...
Uşağlığımı....
Uşaqlıq hansısa bir əşya deyil ki, itirib sonralar yaddan çıxarasan və ya ev, maşın, var-dövlət deyil ki, illərlə çalışıb əldə edəsən. Uşaqlıq ömrün ən saf, ən təmiz, heç zaman yaddan çıxmayan, illər ötdükcə daha çox axtardığın və bir daha geri dönməyən illərindir...
1993-cü il sentiyabırın 5 -i. Kəndimiz erməni işğalçıları tərəfindən zəbt olundu. Bu hadisə kənd sakinlərinə gözlənilməz olsa da, öz doğma evlərimizdən, torpağımızdan, yurd-yuvamızdan qaçqın düşdük. Bəli, Qaçqın! o vaxtlar bizi belə adlandırırdılar.
***
Aylar ötdü, illər keçdi yaşadığın illər içərisində, hər çətinliklər, acılar gördüm, təbii ki, xoş günlərim də oldu. Artıq 33 yaşım var, zahirən nə qədər böyüsəm də, daxilimdə hələ də uşaqlıq arzuları yaşayır. Sanki kəndimizə geri qayitsam, kəndimizlə birgə uşağlığım da qayıdacaq, qurub gəldiyim evciyimlə də oynamağa davam edecəm.
Son sətrim bəlkə də sənə gülməli gəldi, amma həqiqətən kəndimizə qayıtsam ilk gedəcəyim yer evimizin arasında düzəltdiyim, doyunca oynamadığım evciyim olacaq....
Bəlkə də, uşağlığımın ən şirin çağını yaşamadığı üçün o illərə qayıdacağıma bu qədər əminəm və inanıram.
Bəlkə də...
***
Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi. Lakin gördüklərimiz bir an da olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi, axı torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı. O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi, səngərlərdə gecələyirdik, hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi, o da evlərdən gələn isiqların gendən gorünməsilə əlaqədər idi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günü…
Oyunlar içində...
33 il ürəyimə yük etdiyim bir sözü bu gün həyata keçirdim. Verdiyim söz kəndimizə, evimizə qayıdanda ilk gedəcəyim yer evimizin arxasında qurub gəldiyim evciyim olacaq.
Və düşünürdüm, zənn edirdim ki, daha doğrusu ürəkdən istəyirdim, arzu edirdim, bilmirəm necə deyim, özümü ona o qədər inandırmışdım ki, elə bilirdim verdiyim sözü tutsam uşaqlığıma geri dönərəm... Qəribədir, mümkün olmayan bir istək, arzu...
Getdim....Və sözümü tutdum. Amma, nə evciyimi qurub gəldiyim kimi gördüm, nə də uşaqlığıma qayıda bildim. Söz tapıb yaza bilməyəcəyim duyğular, hisslər keçdi içimdən . Bəlkə də uşaqlığım məndən küsdü, axı onu düz 30 il erməni işğalı altında, əsirlikdə qoyub gəlmişdim... Bəlkə də, o uçuq-sökük evimizin daşları altında qalaraq çoxdan ölüb gedibmiş... Bəlkə də, evciyim kimi xaraba qalaraq ağlını itirib, bir zamanlar uşaqlarla gizlənqaç oynadığım oyunun içində itib batıb... Bilmirəm...
Baxdım, sadəcə baxdım...
Dağılmış evimizin uçuqları altında qalan bir ev-evcik, bir insan həyatı, bir arzu, bir gələcək, bir uşaqlıq... Mən verdiyim sözü tutdum, amma uşaqlığım verdiyi sözü tutmadı...
Əlvida, oyunlar içində itən uşaqlığım...
30 avqust 2025-ci il.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)