Unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq Featured

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

 

Bu gün görkəmli elm xadimi, filologiya elmləri doktoru, professor Afad Qurbanvun anım günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı millət vəkili, yazıçı Əlibala Məhərrəmzadənin “Unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq” başlıqlı məqaləsini təqdim edir.

 

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun ümumən elmimiz, o cümlədən dilçilik elmimizin qarşısında xidmətləri çox böyükdür.

Afad Qurbanov dilçilik elminin demək olar ki, bütün sahələrinə nüfuz etmiş, həmin sahələrdə öz adını qoymuş alimdir və o, 500‑dən çox elmi məqalə və çoxlu fundamental əsərin müəllifidir.

Onun A-dan Z-yə elm yolunda qoyduğu əməyini saymaqla qurtarmaz.

Bu gün görkəmli alimin anım günüdür. Əminliklə deyirəm ki, unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq.

Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olub. Ağır dönəmlər idi. Bolşevizm ayaq açıb yeridikcə bütün varlı adamlar qolçomaq, bütün millətini sevənlər pantürkist, bütün xalqını oyadan ziyalılarsa xalq düşməni adı altında güdaza verilirdi. Belə bir zamanda anadan olmaq, kommunist qaraguruhunun çığırtıları altında böyüyüb təhsil almaq və düzgün istiqamətlənmək çox çətin idi. Halbuki, Afad Qurbanov bunu gözəl bacardı.

Alimin sovet dönəmində keçdiyi həyat yoluna, elmi fəaliyyətinə uzun-uzadı toxunmayacağam. Təkcə müstəqillik dönəmimizdəki fəaliyyətinə diqqət ayıracağam.

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanan və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri var. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olub.

Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilçiliyində onomalogiya onun adı ilə bağlıdır.  Məncə, elə tək bunu demək kifayətdir ki, böyük alimin xidmətləri barədə azacıq təsəvvür oyansın.

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın fikirləridir: “Afad Qurbanov Azərbaycan dilçiliyində onomalogiya, türkologiya və ümumi dilçilik sahələrində özünəməxsus konseptual yanaşma yaradıbdır. Onun “Ümumi dilçilik” dərsliyi milli zəmin üçün vacib əsər sayılır və kitab SSRİ məkanında da rezonans doğurubdur. Afad Qurbanov geniş erudisiyaya, dərin biliyə malik alim, xalqa və mədəniyyətə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim idi”.

Bu isə Milli Kitabxananın direktoru Kərim Tahirovun fikirləridir: “Afad Qurbanovun türkoloji, elmi‑dilçilik və Azərbaycan dilçiliyi sahələrində yaratdığı əsər və tədqiqatların dəyəri çox yüksəkdir. Onun elmi fəaliyyəti çoxşaxəlidir, fundamental əsərlər yaradıbdır, ölkə və beynəlxalq səviyyədə tanınıbdır”.

Akademik Nizami Cəfərov isə yazır ki, akademik Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə və Muxtar Hüseynzadə kimi alimlərin davamçıları nəslində ikinci nəsli təmsil edən Afad Qurbanov Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsidir. O, münbit müəllim‑pedaqoq təbiətini, alim-müəllim rolunu həyatının sonuna qədər qoruyubdur.

Afad müəllimin ən məşhur əsərlərindən bəzilərinin adlarını sadalayıram:

Müasir Azərbaycan ədəbi dili;

Azərbaycan onomastikası;

Azərbaycan dilinin onomalogiyası;

Dilçiliyin systemi;

Dilçiliyin tarixi;

Bədii mətnin linqvistik təhlili;

Ümumi dilçilik, I–II cildlər;

Dünyanın dil ailələri.

 

Görkəmli ziyalımız 26 sentyabr 2009-cu ildə - 80 yaşında vəfat edibdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.