İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə tasiri: necə qorunmalı?” mövzusunda dini maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Oğuz RİH başçısının müavini Aliyə Osmanova rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qədim zamanlardan bəri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)