FƏRQLİ FƏRDLƏR” - BDU-da himn klipinin təqdimatı keçirildi Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün – aprelin 30-da Bakı Dövlət Universitetində“BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə “Fərqli Fərdlər” adlı himn əsasında çəkilən klipin təqdimat mərasimi keçirildi. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, PAŞA Holdinq-in sponsorluğu və “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi ilə “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatçılığı əsasında reallaşıb.

 

Azərbaycanda ilk dəfə inklüziv cəmiyyətə həsr olunan himn geniş ictimaiyyətə təqdim olunurdu. Tədbir proqramına aşağıdakılar daxil idi: “Fərqli Fərdlər” klipinin nümayişi, Əlilliyi olan uşaqların bədii çıxışları, Qısa konsert proqramı. Tədbirin aparıcısı Nuranə Abiyeva açılış nitqində vurğuladı ki, bu layihə Azərbaycanda inklüziv cəmiyyət üçün yazılan ilk himnə əsaslanır: "Bu gün qarşımızda 15 nəfərlik bir heyət dayanır. Burada gəzə bilmə, görmə və eşitmə məhdudiyyəti olan gənclər, eləcə də onlara dəstək verən şəxslər yer alır. Onlar səhnəyə çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər."

Daha sonra söz Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədova verildi. O, çıxışında universitetin sosial layihələrə verdiyi önəmdən danışdı: "BDU hər zaman sosial məsuliyyətli gənclərin formalaşmasına, onların cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə dəstək verir. Bu gün keçirilən tədbir universitetin və 'BDU Könüllüləri' təşkilatının təşəbbüskarlığının cəmiyyətə verdiyi güclü mesajlardan biridir."

Tədbir çərçivəsində bir daha vurğulandı ki, fərqlilik əngəllilik deyil, cəmiyyət üçün bir zənginlik hesab olunmalıdır. Daha sonra layihənin rəhbərlərindən biri, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyinin sədri və “Fərqli Fərdlər” layihəsinin rəhbəri Nazilə Məhərrəmova tədbir iştirakçılarına layihənin məqsədləri barədə məlumat verdi.

Qeyd edim ki, himnin musiqisini bəstəkar Tural Məmmədli, sözlərini isə Leyla Quliyeva yazıb. Klipin rejissoru Ülviyyə Könüldür. “Fərqli Fərdlər” himnində yalnız tədbirə qatılan 15 nəfər deyil, həmçinin Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova da ifaçı kimi yer alıb.

Tədbirdə autizm üzrə araşdırmaçı, ictimai spiker və autizmli övladın valideyni olan Əsmər Əskərova da çıxış etdi. O, inklüziv cəmiyyətin inkişafı və autizmli şəxslərin sosial həyata inteqrasiyası haqqında fikirlərini bölüş.

Sonda tədbirin bədii hissəsində “Fərqli Fərdlər” himninin canlı təqdimatı və autizmli uşaqların hazırladığı müxtəlif çıxışlar nümayiş olundu.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.