Silikon Vadisindəki azərbaycanlı mütəxəssislər barəsində məlumatlısınızmı? Featured

Hazırda dünyanın güclü informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin bir araya gəldiyi Silikon Vadisi barədə hər yerdə danışılır. Xəbəriniz varmı ki, orada nə qədər azərbaycanlı mütəxəssis çalışır?

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ABŞ-nin Kaliforniya ştatının Silikon Vadisində fəaliyyət göstərən azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüşüblər. “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata gprə, əsas məqsəd xaricdə yaşayan yüksək ixtisaslı soydaşlarımızla əlaqələrin gücləndirilməsi, informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan diasporunun intellektual potensialının bir araya gətirilməsi olub.

Komitə əməkdaşları əvvəlcə “Google” şirkətində çalışan soydaşımız Aynur Ağayevanın müşayiəti ilə şirkətin fəaliyyət prinsipləri, innovativ iş metodları və texnoloji imkanları barədə geniş məlumat əldə ediblər. Ardınca tibbi robottexnologiyalar sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Intuitive Surgical”ın əməkdaşı Amy Khagan şirkətin tətbiq etdiyi innovativ cərrahi texnologiyalar və robot sistemləri ilə bağlı komitə əməkdaşlarını məlumatlandırıb.

Daha sonra azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri ilə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev bildirib ki, Silikon Vadisində fəaliyyət göstərən yüksək ixtisaslı soydaşlarımız Azərbaycanın inkişafı və innovasiya sahəsində irəliləyişləri üçün əvəzsiz resursdur. Onların bilik və təcrübəsi əsasında qurulacaq əməkdaşlıq yeni texnoloji layihələrin reallaşmasına və diasporumuzun birgə potensialının güclənməsinə zəmin yaradacaq.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Vüqar Qurbanov soydaşlarımızın peşəkar potensialından səmərəli istifadə olunmasının əhəmiyyətinə diqqət çəkib. Xaricdə yaşayan azərbaycanlıların birgə əməkdaşlıq və şəbəkələşmə imkanlarının vacibliyindən danışıb.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Nurlan Şükürlü isə Silikon Vadisində çalışan azərbaycanlı İT mütəxəssisləri ilə əlaqələrin qurulması və onların şəbəkələşməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Görüşdə, həmçinin ABŞ-də fəaliyyət göstərən azərbaycanlı informasiya texnologiyaları mütəxəssislərinin iştirakı ilə ABŞ-Azərbaycan İnformasiya Texnologiyaları Mütəxəssisləri Forumunun keçirilməsi məsələsi müzakirə olunub. Forumun fəaliyyət mexanizmləri, məqsədləri və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda forumun təşkili ilə bağlı ilkin işçi qrupunun yaradılması qərara alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.