Möhtəşəm kino hekayəti dilə gəlir Featured

“Ədəbiyyat və incəsənət” portalı Fəttah Xalıqzadənin “Həqiqət yerini tutur. Bəstəkar Qara Qarayev” sənədli filmi barədə qeydlərini diqqətinizə çatdırır.

 

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycan-film” kino studiyasında dahi bəstəkar Qara Qarayevə həsr olunmuş gözəl bir sənədli film istehsal olunmuşdu.  Çox sayda mütəxəssis və musiqisevərlərin diqqətinə layiq görülmüş ekran əsəri Q.Qarayev yaradıcılığının tədqiqi, təbliği  və tədrisi işlərində indi də geniş istifadə oluna bilən gözəl bir mənbə hesab olunur.  O uzaq 60-cı illərdə gənc olmuş istedadlı rejissor, Xalq artisti, İstiqlal ordenli O.Mir-Qasımov hələ 25 yaşında ikən bu işin məsuliyyətini hiss etmiş, sənət dostu yazıçı   R. İbrahimbəyovla birlikdə həm də   ssenari müəllifi kimi çıxış etmişdir.

 

Ümumiyyətlə, dünyada və Vətənimiz Azərbaycanda bəstəkarlar haqqında sənədli filmlər az deyil, onlardan bəzilərinə baxmaq bu sətirlərin müəllifinə də nəsib olmuşdur - Stravinski, Messian, Q.Qarayev, Niyazi, F.Əmirov, F. Əlizadə və b.  Təbii ki, bu kimi ekran əsərlərinin əsas məğzi bəstəkarın rəngarəng musiqi yaradıcılığını, ali insani keyfiyyətlərini    onun bədii-estetik mövqeyini təqdim etməkdən ibarət idi. Bu qəbildən olan filmlərdə adətən elmi nəsləhətçiyə də ehtiyac duyulur. Sözü gedən filmdə isə həmin məsuliyyəti rejissor öz boynuna götürmüş və bu vəzifənin öhdəsindən məharətlə gəlmişdir. Zənnimizcə, qüdrətli sənətkarın yaradıcılığı və şəxsiyyəti  rejissora olduqca müsbət təsir göstərmiş və  filmin məzmun və formasında özünün bariz əksini tapmışdır. Qeyd edək ki, ekran əsərinin  operatoru M.Mass, rəssamı K.Seyidov, səs operatoru F.Bağırov,   montaj çəkilişləri icraçısı A.Milovdur. 2023-cü ildə filmin ingilisdilli variantı da yaradılmış və Bakının Dənizkənarı parkında yerləşən möhtəşəm Muğam Mərkəzində geniş təqdimatı keçirilmişdir.   

Film ilk dəfə nümayiş etdirildiyi zaman mən yeniyetmə məktəbli kimi onu diqqətlə seyr etsəm də, əsərin sanbalını təbii ki. tam dərk etməmişdim. İndi isə bir musiqişünas kimi öz görüşlərimi ifadə etmək və orada səsləndirilmiş bəzi mətnləri qələmə almaq istərdim.

 “...Həqiqət yerini tutur. Bəstəkar Qara Qaratev” filmi özündə böyük bəstəkarın yaradıcılığı ilə bağlı bir çox rəngarəng hadisələri və incə məqamları  əks etdirir və  mürəkkəb quruluşu ilə diqqəti çəkir. Kadrlar çox vaxt bir-birni təzadlı şəkildə əvəzləyir və tamaşaçının yaddaşında üst-üstə qalanaraq dolğun “polifonik” toxuma əmələ gətirir. Mətn, görüntü və əlbəttə ki, musiqi fraqmentlərinin birləşməsi belə bir təəssüratın əsas ifadıçiləridir. Kino podtcmn (hekayəti) kimi düşünülsə də, kadr və epizodların ardıcıllaşması xəttilik üsuluna tam uymur.

 Tamaşaçı bir epizodu qəlbi və zəkası ilə tam qavramadan, aldığı zəngin  təəsüratdan  doymadan onun ixtiyarına  başqa bir məzmun və formada yeni  epizodlar  verilir, beyinləri daima düşünüb-daşınmağa vadar edir. Belə bir informasiya yükü şübhəsiz ki, ssenarinin kinomatoqrafiya vasitələri ilə gerçəkləşdirilməsi nəticəsində mümkün olmuşdur.      

Vaxtikən sənədli  kino lenti dahi bəstəkarın o qədər xoşuna gəlmişdi ki, o, belə  layihələri arzulaya biləcək  digər rejissorlara da Oqtay Mir-Qasımovun  filmini bir nümunə kimi göstərmişdi. Q.Qarayev oğlu yaşında olan  gənc qohumunun işindən, ona ayırdığı qızıl kimi qiymətli vaxtından , söhbət və çəkilişlərdən  tam razı qalmışdı. Ceyran xalasının oğlu onun və başqalarının gözündə artıq uşaqlıq dövrünü arxada qoymuş, incəsənət almində məşhur bir sənətkara çevrilmişdi.

...  Bəsətəkarın yaradıcılıq laboratoriyasında gərgin əməyi ilə  başlayan kino əsəri və sonda veriləcək oxşar  kadrlar, musiqi dili ilə desək “Prelyudiya” və “Postlyudiya” kimmi filmi çərçivəyə alır, onun tamlığını və vəhdətini  müəyyən edir . “Çərçivənin” arasında təqdim edilən müxtəlif məzmunlu  epizodlar isə böyük sənətkarın yaradıcılıq qüdrətini və alicənab  surətini  parlaq şəkildə təcəssüm etdirir. Yaradıcılıq, telefon zəngi, foto-albomun səhifələri , məşqqlər, ifalar və söhbətlər  güclü assosiasiyalar oyadır, tamaşaçıların qəlbinə möhkəm daxil olur.

 

1.Foto -albomun vərəqlənməsi  

Epizodlardan birində Q.Qarayev foto-albomu vərəqləyərkən qısa bilgilər verir. Fərəc Qarayev mənimlə etdiyi söhbətlərin birində dahi atasının mahir  bir fotoqraf kimi həvəsindən söhbət açmış, gündəlik məişətdə, doğma Bakıda və xarici olkələrdə çəkdiyi foto şəkilləri şifahən qeyd etmişdi. Bəstəkarın istedadlı fotoqraf kimi müxtəlif işlərini filmdə görən tamaşaçılar əlbəttə ki, xeyli məmnun qalmalıdırlar.

Foto şəkilləri izləyərkən Q.Qarayev   onların özünə məxsus olub- olmadığını   “bunu mən çəkmişdim, bunu isə mən çəkməmişdim”- deyə qeyd etmiş, məzmunu, məna və əhəmiyyətini  lakonik  şəkildə səciyyələndirmişdi.  Həmin işləri bədii fotoqrafiya  sənəti  kimi dəyərləndirsək, bəstəkarın indiyə qədər bəhs edilməmiş daha bir yaradıcılıq sahəsi haqqında müəyyən qənaətə gəlmək olar.

İrəliləyən kadrları seyr edərkən bu barədə baş qaldıran bütün təəssüratları dilə gətirmək mümkün olmasa da, biz onların bir qisminə  müəyyən yer ayırır, fotoların şərti  adlarını isə dırnaq içinə alırıq. “Qoca ağac”ın obrazı  yeni pöhrələri ilə öz ömrünü  davam edir,  ABŞ-ın “San-Fraansisko körpüsü” fotoqraf-bəstəkarın nəzərində maraqla baxılır.  “Nyu-Yorkun bir göydələni” müəllifin dediyinə görə “qəsdən  yıxılan bir ruakursda çəkilmişdir”. Daha sonra baxdığımız Misir motivləri  “İsgəndəriyyə şəhərinin dənizkənarı massivi”, “Fironun zövcəsi”, Luksoqor abidəsinin bir fiquru (???) və   “Bədəvi ərəb   səhrada uzunqulalqrə ilə birlikdə”  fotoları ilə təmsil olunmuşdur.  Həbəşistandan  çoxşaxəli ağacın qış mövsümündə çılpaq  görüntüsü də təsadüfi deyildir. Q.Qarayevin foto albomunda Bakı bağlarının bəzəyi olan “İncir ağacı” və “Meynə”   quru, yarpaqsız təsvir olunsalar da,  canlılığı və dialktikası ilə bəstəkarı  heyrətə gətirir - .axı, yay mövsümünün sonunda onların yetirəcəyi şirin meyvələr əsl can dərmanıdır.

 

2. Nuxa folklor ekspedisiyası.  

Kino kamerası Şəkinin/ Nuxanın təkrarsız və panoramasına çatır. Bu anda  Q.Qarayev özünün nostalji  hisslərini “Aa, da!!!” (“Bəli, bəli!!!”) replikası ilə ifadə etmişdir. Axı, o  təxminən otuz il qabaq(1937)  bəstəkar C.Haciyev və musiqişünas M-s.İsmayılovla birlikdə rayonda keçirilmiş folklor ekspedisiyasının rəhbəri olmuşdu – 19 yaşında ikən! Elmi Tədqiqat Musiqi Kabinetinin (ETMus Kabineti -NİKMuz) yaradıcısı və rəhbəri Bülbül Q.Qarayevin şəxsiyyətinə yüksək etimad göstərib onu ekspedisiyanın rəhbəri təyin etmişdi. O isə  özünün alicənablığı və təvazökarlığını bu halda da büruzə vermiş, ekspedisiyanın üzvlərini öz yoldaşları kimi  təqdim etmişdi.

O.Mir-Qasımov  foto və kino kadrlarının köməyi ilə uzaq illərin ekspedisiya layihəsini və abü-havasını ustalıqla canlandırır. Filmdə  o zamankı Nuxanın folklor həyatı, yerli  zurnaçıların ağsaqqalı olmuş Həbibullah Cəfərovun məharəti və qədim sənətə qarşı  bəstəkarın   münasibəti əsl sənədlər kimi öz əksini tapır. İndi də Qarayevin ürəkdən gələn “Bəli,  bəli!” sözləri ilə başlayan adi  söhbətini təqdim edirik.

“Biz respublikanın rayonlarına səfərlər edirdik, bəli , bəli. 1937 -ci ildə mən və  hələ çox gənc olan yoldaşlarım( sütül gənclər зелёныe ребята ) Nuxa rayonunda  folklor ekspedisiyası təşkil etmişdik.  Kəndləri dolaşarkən  mahir zurnaçalar dəstəsinə rast gəldik. Onlar  heyrətamiz musiqiçilər kimi diqqətimizi cəlb etdilər Hamısı əla vituoz idilər,     adam valeh olurdu.   Solist [ustad]  isə Cəfərov idi.

 Zənnimcə,  eyni  ilin yayında  Moskvanın Qızıl Meydanında  Ümumittifaq Bədən tərbiyəsi nümayişi keçirilməli idi.  Ağlıma belə bir cəsarətli fikir gəldi.

Bildiyiniz kimi, zurnaçılar improvizə edir,  heç bir not tanımırlar.  Mən həmin  dəstəni Nəfəs alətləri orkestri ilə birləşdirmək qərarına gəldim və böyük   bir eksperimentə getdim – bəlkə də  indi bunu etməzdim.

Əsərin bütün hissələrini orkestr üçün yazmışdım. İti templi milli rəqs kimi gedən sonuncu hissədə isə Nəfəs alətləri orkestrinə  Cəfərovun zurnaçılar dəstəsini  əlavə etdim. Kulminasiya anında Nəfəs alətləri müşayiət edir,  xalq musiqiçiləri (ustad zurnaçı Həbilullah dayı, dəmkeş və nağaralar- F.X.)  daxil olurdu  Bilirsinizmi, necə də zor alınmışdı?!

 

3.Sona xanım oğlunun  uşaqlıq dövrü barədə. 

Hər bir sənətkarın tərcümeyi-halında uşaqlıq dövrü  xüsusi maraq doğurur.Sənətkarların gələcək taleyi məhz həmin dövrdə məlum olur.  Bu mənada filmin yadda qalan ən səmimi parçalarından biri Sona xanımın şirin söhbətlərindən ibarət deyilmi? Özünün bədii şeir yaradıcılığının  evladlarının xalq üçün  tərbiyəsinə qurban vermiş Ana deyərdi: “Bəs xalq üçün faydalı evladlar tərbiyə etmək yaradıcılıq deyilmi?”

Sona İsgəndər qızı Axundova-Qarayeva (1898-1971) əsilzadələr nəslinndən idi. İsgəndər bəy Axundovla Züleyxa Bayraməlibəovanın qızı  olan Sona Bakının Qızlar məktəbində və “Müqəddəs Nina”nın siniflərində təhsil almış, musiqi məktəbində isə  fortepiano dərsləri keçmişdir. Onun musiqi və şeir sahəlrində qabiliyyəti də məlumdur.    Sona xanım körpə balasına  həmişə nəvaziş göstərər, ona həzin  laylalar, mahnılar oxuyar, piano  çalardı.  Oxumalara çox alışmış  körpə balası da  mahnılara və ümumiyyətlə musiqiyə canlı maraq göstərərdi.

Sona xanımın bu səriştəsi ona çox şey öyrətmişdi. O uşaqlar üçün oxumağın faydası barədə digər analara da tövsiyə edirdi.

Qara  yaş yarımlıq  körpə ikən özünün musiqi qabiliyyəti ilə ananı və yaxın qohumlarını heyrətə gətirmişdi. O, dünyanın neft paytaxtı Bakısının küçələrində səsləndirilən mahnıları,  marşları dinləməyə can atarkən, anası onu  evlərinin balkonuna çıxarardı. Beləcə, kiçik yaşlarından onun musiqi yaddaşı və eşitmə qabiliyyəti inkişaf edirdi.

Bir gün Sona xanım oğlunu da özü ilə  qonaq aparır. Bacısı körpənin oxuduğunu eşidib təəccüb içində dilə gəlmişdi: “Bacı, bacı, oğlun mahnı oxuyur ey!” Sən demə, o balkondan eşidiyi mahnını hafizəsində saxlamış və onu sadə qımıldanışları ilə təqlid edə bilmişdi.

Təbii ki, Sona xanım istedadlı oğlunun musiqi təlim-tərbiyəsi barədə ciddi düşünür  və onu   özünün keçmiş  müəllimi  Çernyaxovskayanın sinfinə gətirir. Artıq 7-8 yaşlarında Qarayev fortepiano dueti ilə konsertlərin birində uğurla  çıxış edir. Dinləyicilərin alqışlarını qazanan şagird  öz sevincini  sözdən daha çox davranışları ilə bildirir — o,   səhnədən enib  “Anacan!” deyə sevimli anasının  ağuşuna atılır. Sevincdən ananın da  gözləri yaşarır. Sona xanım bu uğuru İsgəndər babasına çatdırmağa tələsir. O isə  “Çox keçməz ki, Siz onun adını afişarada görəcəksiniz! ”(İ.Axundov)

Tezliklə Qarayev ifaçılıqdan başqa  musiqi yaraıcılığına da güclü meyil göstərməyə başlayır. Bu da   dahi şəxsiyyət  Üzeyir bəyin diqqətindən yayınmır. 

Ay Sona xanım, okazıvayetsya sənin yaxşı kompozitor oğlun da var!

Üzeyir bəy, yəni, bu [doğrudan da ] belə ola bilər?

Ola bilər! O,kompozitor olacaqdır!

Bu arada heç bir şərhə ehtiyac yoxdur. Musiqimizin peyğəmbərindən bu sözləri eşitmək, Sona xanım üçün necə də xoş idi!

 

4. Qara Qarayevin kəlamları.

Bildiyimiz kimi, Qara Qarayev özündə bəstəkarlıq və müəllimlik istedadını birləşdirən nadir şəxsiyyətlərdən biri idi. Çox sayda yeni bəstəkarlarımız fərdi üslublarının cilalanmasına görə məhz ona borcludurlar.

Filmin bir epizodu Qarayevin sinfində çəkilmişdir. Ustadın incə düzəlişlərindən sonra sanki möcüzə baş verir, onun əziz-xələf   tələbələri olmuş İsmayıl Hacıbəyovla Firəngiz Əlizadənin   bəstələri  keyfiyyətcə dəyişirdi. Müəllim öz zəngin təcrübəsini və intuisiyasını səxavətlə paylaşmağı самообкрадывание hesab etsə də, təcrübə və bacarığını heç vaxt tələbələrdən əsirgəməzdi.

Q.Qarayevin zəngin erudisiyası və dünyagörüşü böyük Vətənin musiqi dairələrinə yaxşı tanış idi. Deyilənlərə görə, Ruza Yaradıcılıq Evində işləməyə gəlmiş adlı-sanlı sənətkarlar ondan dəyərli məsləhətlər almaq üçün uzun növbəyə düzülərdilər. Lakin taleyin gərdişinə baxın! Xeyli vaxt Moskvada yaşamış azərbaycanlı sənətkar heç vaxt paytaxt konservatoriyasında dərs deməyə dəvət almamışdı...  

Filmdə Qara Qarayevin musiqi, tarix, incəsənət, fəlsəfə və etika məsələlərinə aid fikirləri adi söhbətlər əsnasında yer almışdır.

- Üzeyir Hacıbəyli haqqında

Какиебыпревосходныестепени неприлагатькегоимени, всёэтопоkaжется недостаточными” – “Biz onun adına nə qədər yüksək təriflər söyləsək   də, bütün bunlar   kifayət etməyəcək!”

- Bəstəkarlıq sənətinin tarixi və müasirlərin  yaradıcılıq mövqeyi.

Q.Qarayev misilsiz dərslərinin birində öz tələbələrinə deyərdi : “ (...) tərəqqinin ön sıralarında  getməyi keçmişin böyük ustadlarından öyrənmək lazımdır. Öz dövrlərinin mütərəqqi ideyalarını möhtəşəm bədii formalara salmağı da həmçinin...

Məsələn, götürək Motsartı. O hətta yaradıcılıq yolunun əvvəlində mənimsədiyi vasitələr dairəsini də  işləyə bilirdi. Əlbəttə, hər şey  mürəkkəbləşir, daha nəfis, dəqiq və daha fərdi [görkəm]  alırdı. Bu vaxt ərzində keyfiyyət inkişaf etsə də, [vasitələr] dairəsi olduğu kimi qalırdı. (...)

Bizim zəmanədə bəstəkar yeni ifadə vasitələri axtarmalı, özündə güc tapıb[əvvəlki] yükü boynndan atmalı,  bir dəfə işlənilmiş  vasitələr dairəsindən çıxmlıdır. (...) 

Zamanımız daha  sürətlə gedir. o gərgindir, yeyindirr. Zaman xəfif bir külək kimi yox, qasırğa kimi ötüb keçir. Biz hadisələrin, mürəkkəb situasiyaların burulğanındayıq,  tez-tez bir-birini əvəz edən əhval-ruhiyyələr, qələbələrin sevinci, məğlubiyyətlər, çətinlikləri dəf etmək istəyindən ibarət burulğanda. Bütün bunlar zaman etibarilə tezləşdirilmişdir.

Bir nəslin, xüsusilə də XX əsrin ikinci yarısının bəstəkarları bir neçə [tarixi] musiqi mərhələsi yaşamalı olurlar. Sənətkar zamanla bərabər irəliləmək istəyirsə,  özünü təkrar etməməli, tempi artırmalıdır.    

-Bəstəkar və dinləyici barədə

“Bəstəkar həmişə onu başa düşən ideal bir dinləyicini təsəvvür etməlidir. Belə bir  dinləyici haqqında ideal təsəvvürlər özünü doğrultmursa və bəstəkar insanlardan ayrılırsa,  bədbəxtlik üz verir.

Əgər birisi həqiqəti səmimi şəkildə söyləyirsə, əgər onda istedad qığılcımları varsa, sənətkarlığa yiyələnmisdirsə və  insanlara deməyə sözü varsa, o  insanlardan ayrılmaz.

Heç kimin fitvasına getmək olmaz!. Məhdud təsəvvürlərə uymaq  isə peşəyə qarşı düzgün  münasibət deyil. Mən heç vaxt bununla məşğul olmamışam!

-Sənətkarın xoşbəxtlik haqqında mülahizələri

1967-ci ildə dodekafoniya üslubunda yazılmış ikinci əsərinin - Violin konsertinin uğurlu premyerası baş tutur. (Moskva Dövlət Konservatoriyasının Böyük Zalı) Müəllifi əhatə etmiş sənət dostları və   jurnalistlərin   verdiyi suallardan biri Qarayev üçün çox maraqlı idi - Siz xoşbəxtsinizmi?   

“Mən özümə belə bir sual verməmişəm. Mənə elə gəlir ki, sənətkar və xoşbəxtlik [anlayışlarının] bir araya sığmasını təsəvvür etmək çox çətindir.

Sənətkar tam xoşbəxtliyə   ya da məmnuniyyətə çatdığını hiss edərsə, o zaman  hər şey dayanar. (Можносчитатьегоконченнымчеловеком) Onun kitabı bağlanmışdır, demək!

Məhz xoşbəxtliyə aparan  axtarış yolları, yaradıcılıq idealına çatmaqdan ötrü bütün çətinliklərin dəf olunması və  həmişə bizdən qaçan ideala can atmaq!  –  bax, sənətkarın daima getdiyi yol budur. Özündən narazı qalmaq  isə sənətkar üçün təbii haldır, onu daima irəli geməyə məcbur edir.

- Bədii ifaya nail olmağın bir vasitəsi

Məlum olduğu kimi, musiqiçilər inandırıcı  ifaya nail olmaq üçün bəzən sözün qüdrətindən də istifadə etməli olurlar. Musiqini sözlərlə izah etməkdən xoşu gəlməyən Q.Qarayev gülmək üçün onlara  bir əhvalat uydurur.  Söhbət III Simfoniyanın Nazim Rzayevin idarəsi altında keçən məşqi zamanı baş vermişdi. Əlbəttə, bədii məzmunu konkret və əyani olmayan musiqini konkret sözlərlə ifadə etmək olmur.Bununla belə,  Q.Qarayev ifaçılardan öz istədiyini almaq üçün belə bir metoda əl atmış,  əziyyətlər bahasına bir qalmaqallı hadisədən sonra  həqiqəti  tapdığını, bəlkə ifaya və  əsərə faydası oldu- deyə  onlara nəql etmişdi.

Kino lentinə bəstəkarın doyumsuz  musiqisi ilə müşayiət edilən “Don Kixot” bədii filmindən “Saray” və “Yel dəyirmanları ilə döyüş” səhnələri  daxil edilmişdir. Film dahi bəstəkarın Fortepiano prelüdləri, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, III Simfoniyası və Violin konserti kimi şah əsərlərini, “Don Kixot” filminə yazılmış musiqinin ayrı-ayrı fraqmentləri vasitəsilə sənətkarın yaradıcılığına, dünya duyumuna, etik və estetik baxışlarını işıq tutur, elm və incəsənət xadimlərinin söylədikləri dəyərli fikirləri tamaşaçıların nəzərinə çatdırır.

Sənədli ekran əsərində müsahibələr də müəyyən yer tutur. Onların arasında  Üzeyir bəyin peyğəmbərcəsinə söylədiyi uzaq görən fikirləri də yadda qalır.  Sevimli anası Sona xanım, dirijor Y.Svetlanov, Fransanın məşhur  orqan ifaçısı Jan Giyü və məşhur tələbəsi Arif Məlikovun söhbətləri  maraq oyadır. Bəstəkarın yuxarıda qələmə aldığımız müxtəlif mövzulu  düşüncələri xüsusi diqqətə layiqdir.   

 

Yekun 

Bütövlükdə, gənc istedadlı rejissorun öz sənət dostları ilə birlikdə ərsəyə gətirdikləri film dolğun məzmunu və sənətkarlıq xüsusiyyətləri ilə yüksək mövqedə dayanır. Dünya miqyasında müasir bəstəkarlar (İ.Stravinski, O.Messian və b) haqqında çəkilmiş kino lentləri içərisində “Həqiqət yerini tutur” lentinin özünə məxsus çəkisi və dəyəri danılmazdır.

Burada müxtəlif hissələrin təzadlı ardıcıllığından hasilə gələn bütöv kompozisiya eyni zamanda özünün tamlığı və üzvi vəhdəti ilə seçilir. Filmi çərçivəyə alan ilk və son epizodlar bəstəkarın başlıca amalını, insanlar üçün yazıb-yaratmaq eşqini əks etdirirsə,  arada cərəyan edən bir çox hissələr onun musiqi əsərləri fonunda keçir..

Q.Qarayevin həyat və yaradıcılıq yolunun ən dəyərli anlarını, parlaq və nəcib şəxsiyyətinin məğzini  əyani formada təqdin edən “Həqiqət yerini tutur” sənədli filmində bir çox həqiqətlər öz yerini tutur və böyük idraki əhəmiyyət kəsb edir. Ekran əsəri  bütün dünyada müasir bəstəkarlar haqqında yaranmış filmlər arasında özünə layiqli yer tutur və onun ingilis dilinə  tərcüməsi ölməz Qara Qarayevin təbliği baxımdan olduqca önəmlidir. Lakin bu hələ azdır.  Elə bilirik ki, bu və başqa sənədli filmlərin tərcümə versiyasından başqa daha sanballı resenziyalar, annotasiya və şərhlər də çox milli auditoriyaya çatdırılmalı və reaksiyalar izlənilməlidir. 

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.