“Maraqlı söhbətlər”də Mingəçevirdə dəfn olunmuş Hitlerin əsgərləri... Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1943-ci ildə Stalinqrad cəbhəsində mühasirəyə düşən 100 minlik alman ordusunun 10 min əsgəri Mingəçevir su anbarının və bir sıra digər tikintilərə cəlb edilib, sizlərə bu barədə danışmaq istəyirəm.

 

1945-ci il payızın sonlarında Mingəçevir SES-in tikintisi başlayanda buraya işçi qüvvəsi kimi 10 min alman hərbi əsiri gətirilib. Bu qərar SSRİ Xalq Komissarları Soveti tərəfindən verilib. Almanlar tikintinin ərazisində yaradılan 444 nömrəli hərbi əsirlər düşərgəsində yerləşdiriliblər.

Bunlar 1942-1943-cü illərdə general feldmarşal Fridrix Fon Paulüsün komandanlığı altında Stalinqrad cəbhəsində vuruşan 6-cı ordunun əsgərləri idi. Hərbi əsirlərdən Mingəçevir SES-in tikintisi ilə yanaşı, sonrakı illərdə şəhərin salınmasında da istifadə edilib.

Hərbi əsirlərin bir qismi regionun sərt iqlim şəraitinə dözməyərək dünyalarını dəyişiblər. Şəhərin kənarında, Boz dağın ətəklərində xüsusi bir yer ayrılaraq onlar burada dəfn olunub. Hər bir qəbrin üstündə nömrələnmiş kiçik dəmir lövhə basdırılıb. Tək bircə, Ernst Kruqer adlı hərbçinin sinəüstü daşı var. Hazırda isə burada 911 qəbir var və dövlət tərəfindən mühafizə olunur.

Azərbaycan və Almaniya arasında mədəni və tarixi körpü rolunu oynaya biləcək unikal bir əsər illərdir ki, diqqətdən kənarda qalıb. Söhbət İkinci Dünya müharibəsindən sonra 1945-1950-ci illərdə Mingəçevir şəhəri ərazisində əsirlik həyatı yaşamış alman əsgəri Villi Deşin qələmə aldığı “Düşərgə gündəliyi” adlı xatirələr toplusundan gedir. Alman dilində yazılmış bu gündəlik hazırda Mingəçevir Tarix Muzeyində nümayiş olunur.

Villi Deş xatirələr toplusunda yazır:

“1945-ci ilin şaxtalı qışında Moskvada Kursk vağzalında ac-susuz və ağır xəstə halda yük vaqonlarına doldurulmuşduq. Taqətsiz bir neçə günlük səfərdən sonra Ukraynaya çatdığımızı bildirdilər. Daha sonra cənuba, Azərbaycana aparıldığımızı söylədilər. Bu xəbər biz ac, ümidsiz əsirlər üçün bayram sevincinə çevrildi. Azərbaycana, türklərin məmləkətinə gedəcəyimizə görə çox sevinmişdik”.

O, Azərbaycana çatdıqları ilk anları da belə xatırlayır:

“Ac-susuz "Nasosnı" stansiyasına çatdıq. Türklər bizə çörək, siqaret atırdı. Bu, türklər adına unudulmaz və qürurverici bir addım idi”.

“Düşərgə gündəliyi” əsəri yalnız şəxsi xatirələrlə deyil, həm də tarixi faktlarla zəngindir. 1945-1948-ci illər ərzində Mingəçevirə neçə nəfər əsirin gətirildiyi, neçə nəfərin yol boyu həyatını itirdiyi, sağ qalanların isə 1950-ci ilə qədər Almaniyaya dönmək fürsəti qazandığı bu gündəlikdə yer alır. Villi Deş Azərbaycan xalqının göstərdiyi humanizm və xeyirxahlıqdan geniş şəkildə bəhs edir və onların sayəsində həyatda qalaraq yenidən doğma vətəninə qovuşduqlarını minnətdarlıqla qeyd edir.

Uzun illər Mingəçevir Tarix Muzeyinin direktoru olmuş Nofəl Məmmədəliyevin sözlərinə görə, 1998-ci ildə Villi Deş dörd keçmiş düşərgə yoldaşı ilə birlikdə Almaniyadan Azərbaycana gələrək Mingəçevirdə alman əsirlərinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Həmin səfər zamanı Villi Deş gündəliyinin bir nüsxəsini muzeyə hədiyyə edib. O vaxtdan bəri bu kitab ziyarətçilərin böyük marağına səbəb olub.

“Təəssüf ki, biz yalnız ziyarətçilərə qısa məlumat verməklə kifayətlənirik. İstərdik ki, bu əsər təkcə Azərbaycan dilinə deyil, bir neçə dünya dilinə də tərcümə olunsun. Çünki bu gündəlikdə xalqımızın böyüklüyü, humanistliyi və dünyəviliyi barədə çox dəyərli məlumatlar var. Ən önəmlisi isə bu əsər Azərbaycan-Alman dostluğuna əhəmiyyətli töhfə verə bilər. Təəssüf ki, maraqlananlar olsa da, indiyədək kitab tərcümə olunmayıb", - Muzey bələdçisi deyibdir.

Bu gün susqun qalan bu gündəlik, əslində, xalqlar arasında unudulmamalı olan insanlıq və dostluq hekayəsini səssizcə pıçıldayır.

Onun tərcüməsi və geniş yayılması, həm Azərbaycan tarixinin bir səhifəsinin daha dolğun işıqlandırılması, həm də mədəni əlaqələrin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır.

Nəticə etibarilə, Mingəçevirdəki Alman əsirləri qəbiristanlığı keçmişin ağrılarını susqunluqla danışan, insanlar düşünməyə vadar edən bir məkandır. Burada zaman dayanmış kimi görünür, lakin bu sükut tarixə çağırışdır. Müharibələrin fəsadlarını unutmamaq, insana hörmətlə yanaşmaq və belə faciələrin təkrarlanmaması üçün dərs çıxarmaq bu qəbiristanlığın mesajlarıdır. Bu baxımdan, Mingəçevir Alman əsirləri qəbiristanlığı həm tarixi, həm də maddi baxımdan dərin məna daşıyan bir yaddaş məkanı olaraq yaşayır və yaşadılmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.