Azərbaycan Universitetində "Poeziyada sən" adlı respublika müsabiqəsi keçirildi
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Universiteti Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan "Poeziyada sən" adlı respublika müsabiqəsi uğurla başa çatdı. Gənclərin bədii yaradıcılığa cəlb olunması, poeziya sahəsində istedadlı tələbələrin aşkar edilməsi və ali təhsil müəssisələri arasında ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyan müsabiqə böyük maraqla qarşılandı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Açılış mərasimində Azərbaycan Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə müsabiqənin ideyası, məqsədi və əhəmiyyəti haqqında məlumat verdi. O, gənclərin yaradıcılıq potensialının dəstəklənməsinin, poeziyanın milli-mənəvi dəyərlərin qorunması və təbliğindəki rolunun vacibliyini vurğuladı.
Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov iştirakçıları salamlayaraq onlara uğurlar arzuladı və bu cür layihələrin tələbələrin bədii-estetik dünyagörüşünün formalaşmasına, eyni zamanda şəxsi inkişafına mühüm töhfə verdiyini qeyd etdi.
Müsabiqədə 31 iştirakçı öz müəllifi olduqları şeirləri təqdim etdi. Təqdim olunan poetik əsərlər mövzu zənginliyi, bədii ifadə vasitələri və müəllif yanaşmaları baxımından fərqlənərək tədbirə xüsusi rəng qatdı. Ölkənin 8 ali təhsil müəssisəsini təmsil edən tələbələrin iştirakı müsabiqənin respublika miqyasını nümayiş etdirdi.
Müsabiqədə təmsil olunan universitetlər:
Azərbaycan Universiteti
Bakı Mühəndislik Universiteti
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Dəniz Akademiyası
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Memarlıq və İncəsənət Universiteti
Qərbi Kaspi Universiteti
Münsiflər heyəti:
Müsabiqə tanınmış ədəbiyyat xadimləri və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi: İntiqam Yaşar, Nail Zeyniyev, Hüseyn Hüseynli, Asif Hacıyev, Taleh Mənsur.
İştirakçıların çıxışları bədii dəyər, dil və üslub, mövzuya yanaşma və təqdimat bacarığı meyarları əsasında qiymətləndirildi.
Qaliblər:
I yer – Mustafa Məhərrəmov (Azərbaycan Dövlət Dəniz Akademiyası, Dəniz naviqasiya mühəndisliyi ixtisası, II kurs)
II yer – Abdulqadir Lətifov (Azərbaycan Universiteti, Muzey, arxiv işi və abidələrin qorunması ixtisası, IV kurs)
III yer – İlahə Kərimova (Azərbaycan Universiteti, Filologiya - İngilis dili və ədəbiyyatı ixtisası, III kurs)
Müsabiqə gənc şairlərin yaradıcılıq potensialının aşkar edilməsi, poeziyaya marağın artırılması və tələbələr arasında ədəbi mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Tədbir həmçinin iştirakçıların özünəinamının artırılmasına və bədii düşüncə tərzinin inkişafına töhfə verdi.
Azərbaycan Universiteti Tələbə Elmi Cəmiyyəti gənclərin elmi və yaradıcılıq fəaliyyətini təşviq edən, onların intellektual və mədəni inkişafına xidmət edən layihələrin həyata keçirilməsini prioritet istiqamət kimi davam etdirəcək.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)


