"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri Texniki Humanitar liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR
Kamalə Rəfayıl qızı Mirzoyeva 13.12.1969-cu il tarixində Göyçay şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə Bakı şəhəri 31 nömrəli məktəbdə təhsil alıb, məktəbi Xüsusi nümunəli attestatla bitirmişdir.
1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində təhsil almış, Universiteti Fərqlənmə Diplomu ilə başa vurmuşdur.
2018-ci ildə Montreux Bisiness School-da təhsil alıb və MBA üzrə magistr dərəcəsi almışdır. Hal-hazırda Odlar Yurdu Universitetinin psixologiya fakültəsinin doktorantıdır.
1991-1995-ci illərdə 267 saylı məktəbdə, 1995-2011-ci illərdə 167 saylı məktəbdə, 2011-2016-cı illərdə Akademik Zərifə Əliyeva adına liseydə fizika müəllimi kimi fəaliyyət göstərmişdir.
2016-2021-ci illərdə 291 saylı Araz Ekologiya liseyinin direktoru vəzifəsini daşıyıb, 2021-ci ildən bu günə qədər Texniki Humanitar liseyin direktoru vəzifəsində çalışır.
“İlin müəllimi” müsabiqəsinin qalibi, “Qabaqcıl Təhsil İşçisi” fəxri adının daşıyıcısıdır.
ŞAGİRD
Mən, Hüseynli Şahram, Bakı şəhərində anadan olmuşam, Nəsimi rayonunda yerləşən Texniki-Humanitar Liseyin 10-B sinfində təhsil alıram. Təhsilim müddətində müxtəlif sahələrdə özümü sınamış və uğurlar qazanmışam. Eyni zamanda musiqi sahəsinə də marağım olub, musiqi məktəbini saz ixtisası üzrə bitirmişəm və müxtəlif dövlət və məktəb tədbirlərində çıxış etmişəm. Musiqi alətlərində piano da əlavə edərək bu sahədə özümü inkişaf etdirmişəm. Bu müxtəlif fəaliyyətlər mənim intizamlı, məqsədyönlü və məsuliyyətli formalaşmağımda mühüm rol oynayıb. AZMİO (Azərbaycan Milli İqtisadiyyat Olimpiadası) qaliblərindən biri olmuşam. 2025-ci ildə keçirilən “Heydər Əliyev və Azərbaycan Tarixi” adlı referat-yazı işi müsabiqəsinə qatılmışam. Rayon mərhələsini uğurla başa vurub, final mərhələsinə haqq qazanmışam. Bakı şəhəri üzrə final mərhələsində də qalib olaraq başa vurmuşam və yazı işim kitabda dərc olunub. Eyni zamanda rəsm ilə məşğul oluram və bu günə qədər onlarla əsərimi yaratmışam.
ESSE
“Təbiət və insanın harmoniyası”
Təbiət elmlərinə valeh oluram, çünki onlar kainatın dilidir. Həyatım boyu “niyə?” sualı ruhumun ən sədaqətli yoldaşı olub. Hər sualım məni bilinməzliyin ardınca daşıyıb, ən dərin anların içinə aparıb. Bəzən bir atomun içində, bəzən bir ulduzun səssizliyində cavab axtarmışam. Təbiət mənim üçün sadəcə mövcudluq deyil, suallar və cavablarla dolu sirli bir aləmdir. Və mən bu aləmə cavab axtaranlardan biriyəm. Hər yarpaq, hər damla su elmin pıçıltı ilə danışan sirləridir.
Marağım məni heç bir zaman sakit buraxmır, daim irəli aparır. Bu maraq bəzən məni qorxudur, amma daha çox cəsarətləndirir. “Niyə?” demək məni bir-birindən fərqli macəralara sürükləyir. Elm mənim üçün qaydalar yığını deyil, azadlıqdır. O, ağlımı sərhədlərdən azad edir, düşüncələrimi yüksəldir. Hər kəşf yeni bir qapıdır, hər qapı isə daha dərin sual. Bəzən cavab tapıram, bəzən isə cavab özü bir sual olur. Amma məhz bu sirr məni yaşayan edir.
Təbiət elmləri mənə səbr etməyi, dinləməyi öyrədir. Onlar mənə kiçik şeylərin içində böyük həqiqətləri göstərir. Elm sayəsində dünyaya baxışım dəyişir, ruhum genişlənir. Və mən bilirəm ki, bu yolun sonu yoxdur, amma məhz buna görə dəyərlidir. Gələcəkdə özümü tibb dünyasında görürəm. Eyni zamanda genetika və molekulyar biologiya sahəsinə böyük marağım var. Həkim olmaq sadəcə ağ xalat geyinmək deyil, hər insanın ən dərin duyğularına toxunmaqdır. Mən bu sahəni seçirəm, çünki yaşatmaq daha uca məqsəddir.
Sakitliyimi bəzən dərindən düşüncələr, bəzən də musiqi ilə dərk edirəm. Sazımın hər bir simi, pianonun hər bir dilinə toxunduqda sanki bir anlıq bu dünyadan qopub ayrılıram. Hər melodiya sanki ruhumla danışır. Və bütün bunlar gələcəkdə isim üzrə mütəxəssis olmağıma aparan bir cığırdır.
ŞAGİRD
Mən, Hüseynli Xəyyam, Bakıda anadan olmuşam və Bakı şəhəri Nəsimi rayonunda yerləşən Texniki Humanitar Liseyin 10-B sinif şagirdiyəm. Təhsil həyatım boyunca müxtəlif sahələrdə özümü sınamış və uğurlar qazanmışam. RFM üzrə biologiya fənnindən yarımfinal mərhələsinə qədər irəliləmişəm. Eyni zamanda musiqi sahəsinə də marağım olub, musiqi məktəbini saz ixtisası üzrə bitirmişəm və müxtəlif dövlət və məktəb tədbirlərində çıxış etmişəm. Musiqi alətlərinə piano da əlavə edərək bu sahədə özümü inkişaf etdirmişəm. İdman həyatıma aktiv olub, uşaqlıq yaşlarımdan taekvondo ilə məşğul olmuş, yarışlarda iştirak edərək yer tutmuşam. Bundan əlavə, illərdir futbol ilə məşğul oluram və hazırda AMF komandasında çıxış edirəm.
Bu müxtəlif fəaliyyətlər mənim intizamlı, ailəyə və Azərbaycana layiqli formalaşmağımda mühüm rol oynayıb. 2025-ci ildə keçirilmiş “Heydər Əliyev və Azərbaycan Tarixi” adlı referat-yazı işi müsabiqəsinə qatılmışam. Rayon mərhələsini uğurla başa vurub, final mərhələsinə vəsiqə qazanmışam. Bakı şəhəri üzrə final mərhələsində də qalib olaraq başa vurmuşam və yazı işim kitabda dərc olunub.
ESSE
İT müasir dünyanın səssiz qəhrəmanıdır
Gözə görünmədən həyatımızın hər anına toxunur. Bir kliklə açılan qapıların arxasında minlərlə sətir kod dayanır. İT sadəcə texnologiya deyil, düşüncənin rəqəmsal formasıdır. Bu sahə insan ağlının yaradıcılıqla birləşdiyi, hər yazılan kod sətiri gələcəyə atılan addımdır. İT sərhədləri silir, məsafələri mənasız edir. Bu sahədə bir fikir dünyanı dəyişə bilər. Texnologiya insanlara vaxt qazandırır, imkan yaradır, ümid verir. İT-lə kiçik ideyalar böyük layihələrə çevrilir. Bu sahə daim yenilənir və insanı da yenilənməyə məcbur edir. Burada öyrənmək heç vaxt bitmir. Burada problemlər maneə yox, fürsət kimi görülür.
Gələcəyin dili kod dilidir. Süni intellekt və rəqəmsal sistemlər bunun açıq sübutudur. İT insanı yalnız mütəxəssis yox, vizyon sahibi edir. Bu sahədə çalışan insan dünyaya fərqli baxır. Texnologiya ilə gələcək qurulur. İT olmadan sabah yarımçıq qalar. Məhz buna görə mən İT-ni seçirəm. Eyni zamanda, futbol mənim həyatımın ayrılmaz arzularından biridir. İllərdir bu sahədə məşğul oluram və gələcəkdə də davam etməyi düşünürəm. Yaşıl meydanlar mənim üçün yalnız oyun yeri deyil, həm də xəyallarımı böyüdən, istəklərimi formalaşdıran bir dünyadır. Mənim futbol arzularım böyükdür və bu mənim intizamımı, məqsədimə bağlılığımı və səbrimi daha da gücləndirir. Hər ikisi — İT və futbol — mənim həyatımda bir-birini tamamlayır, biri məni ağılla, digəri ruhla inkişaf etdirir.
“Ədəbiyyat və incəsənət”
(24.12.2025)


