FloraHostel, Joseph Abbas, Hasan Rza, Ayna Band və s. - REPORTAJ Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bakıdan çıxanda hava bir az boğucu idi. İsti deyildi, amma şəhərin nəfəsi daraldırdı adamı. Bilirsən, bəzi yerlər var ki, səssiz olsa da, adamı içindən qışqırdır. Şəhər də elədir. Səni danışmağa məcbur etmədən susduran bir səs küydür. Biz çıxanda heç kim danışmırdı. Söhbət edilməyə bilərdi, çünki deyiləcək hər şey musiqiyə saxlanılmışdı.

 

Yol, içimizdəki gərginliyi azaldacaq qədər uzun, amma düşünməyə imkan verəcək qədər qısaydı. Avtomobil irəlilədikcə bina siluetləri azaldı, asfaltın soyuqluğu yerini narahat çınqıllara verdi. Təkərlərin altındakı səs dəyişdi. Artıq şəhər deyildi bu. Səssizlik təkcə qulaqda deyil, sinədə də hiss olunmağa başlamışdı. Sanki nəfəsimiz dəyişdi. İçimizdə qoparılan sükutla birlikdə bir şeylər doğulurdu. Bəlkə də sadəcə azadlıq hissi idi. Ya da unudulmağa çalışan bir xatirənin sükutu. Yolun sonu FloraHostel idi. Amma bu, bir hostel deyildi. Bir duracaq nöqtəsi deyildi. Ora, gündəlik yalanlardan qaçan insanların gizlənmək üçün seçdiyi bir məsafəydi. Betonun qırağında qalan, amma meşənin ortasında doğulan bir yer. Ağaclar, səhnə, sönük işıqlar, narahat stullar, bəzilərinin qalmaq üçün gətirdiyi çadırlar... Hər şey sanki planlanmamış kimi planlı idi. Səliqəsizlik yox idi, amma səliqə də təklif olunmurdu. Sən gəldiyin kimi qəbul olunurdun. Burada ad, status, gündəlik danışıq forması yox idi. Təkcə səssizlik və musiqidən əvvəlki gözləmə.

 Adamlar sakit idi. Kimsə texnikanı yoxlayırdı, başqası səhnəyə naqil çəkirdi, bir qız kottecin önündə çay içirdi. Kiməsə bir salam vermək istəyirdim, amma ehtiyac yox idi. Hamı burada nə üçün olduğunu bilirdi və heç kim buna görə izahat tələb etmirdi. Sanki hər birimiz eyni düşüncənin içindən keçmişdik: "Bir gecəlik olsa da, özümüz ola biləcəyimiz bir yer varmı?" FloraHostel, o sualın cavabı idi. Axşam yaxınlaşdıqca sərinlik enməyə başladı. Gün batımı sarı yox, boz idi. Yəni nostalji yox, sükut gətirirdi. Hava qaraldıqca, içimizdəki yüngüllük artırdı. Hər şey musiqi başlayana qədər bir növ meditasiya idi. Çünki bu festival başlamazdan əvvəl insanı özündən çıxarmırdı, əksinə, içimizə çəkirdi.

 "Wild Out" adı sizə sərbəstliyi xatırladırsa, düz düşünürsünüz. Onlar hər şeyin çərçivəyə salındığı bir ölkədə, çərçivəni pozmaq üçün yola çıxmış adamlardır. Adlarını bəziləri "yaşıllıq sevənlər", bəziləri isə sadəcə “təbiət romantikləri” kimi anlayır. Amma əslində onlar mütərəqqi bir itaətsizlik nümunəsidir. Onlar özlərinə aid sahə istəyirlər. Səs salmaq üçün yox, səsin içindəki həqiqəti eşitmək üçün. Festival təşkil etmək, çoxlarının düşündüyü kimi "gəlin yığışaq, musiqi çalınsın" deyil. Xüsusilə Azərbaycanda, bir şey etmək istəyirsənsə, yüz maneəylə qarşılaşırsan. İcazələr, məkan məsələsi, sponsor problemi, hətta “orada nə olacaq axı?” kimi sırf düşüncəsizlikdən doğan suallar. Amma Wild Out və FloraHostel komandası bunların heç birini bəhanə etmədi. Çünki məqsəd ticarət deyildi, məqsəd “vəziyyət yaratmaq” deyildi. Onlar hal yaratmaq istəyirdilər. Hiss etdirən, səssizcə yerini tapan bir hal. FloraHostel-in özü isə başlı başına bir fərqli ruhdur. Əvvəlcə elə bilirsən, sadə bir hosteldir. Bir neçə otaq, odun sobası, səhnə üçün düzəldilmiş yer. Amma sonra görürsən ki, bu yer təkcə fiziki bir məkan deyil. Bu, həm də sakitcə yaşamağa icazə verən bir anlayışdır. Burada heç nə çox deyil, amma heç nə də əskik deyil. Amma, səhnənin dalısında qəlyan çəkən bir musiqiçinin susqunluğu qədər səmimidir.

 Festivalın özü də elə bu sadəliklə hazırlanmışdı. Sponsor banerinin əvəzinə çadırlar vardı. VIP zonaların yerinə otluqlar, söykənmək üçün ağac gövdələri, və səhnəyə yaxın olmaq istəyənlər üçün heç bir baryer yox idi. Arxa planda işləyən insanlar da musiqi qədər səmimi və sakit idilər. Gərginlik yox idi. Təlaş yox idi. Vəzifə yox idi. Sanki bütün bu komanda bir-birinin nəfəsini duyan insanlardan ibarət idi. Və ən önəmlisi, heç kim özünü festivalın “yaradıcısı” kimi tanıtmırdı. Heç kim səhnəyə çıxıb özünü tərifləmirdi. Burada nə baş verirsə, hamı eyni məsafədə idi. Səhnəyə çıxan da, odun gətirən də, işığı yandıran da, gitara tənzimləyən də eyni dəyəri daşıyırdı. Bu festival birgəlik idi. Amma səssiz bir birgəlik. Sanki hamı bir cümlənin fərqli sözləri idi, amma cümlə deyilməmişdi hələ. Cümlə səhnə açılanda qurulacaqdı.

  Səhnə, axşam saat altıya yaxın nəfəs almağa başladı. Hər kəs yavaş-yavaş yerlərinə çəkilirdi. Kimi ayaqüstə, kimi ağacın dibində oturmuşdu. Çadırların arasından sızan sonuncu gün işığı hələ dağılmamışdı, amma yavaş-yavaş səssizlik musiqiyə yer açırdı. Və o an, Joseph Abbas səhnəyə çıxdı. Həmin dəqiqədən sonra axşam artıq sadəcə vaxt deyildi. Axşam bir hala çevrildi.. Onun ilk notları hələ yerə oturmamışdı ki, insanlar artıq nəfəsini dəyişdi. Səhnəyə ilk çıxan olmağın gərginliyi yox idi üzündə. Əksinə, bir yerə çatmaq yox, bir yerdən gəlmək hissi vardı səsində. O səs bura uyğun idi – meşəyə, çadıra, tənha düşüncələrə. Abbasın musiqisi bir “təqdimat” yox, bir xatırlatma idi.

 "Kimlər çatar fəryada, itib getsən dəryada.

Hərkəs çox təmizdir, əllərindən tutmağa..." 

 Hələ də eşidə bilirik. Bu musiqi qulağa deyil, birbaşa içə çırpılırdı. Sanki illərdir dinlənməyən bir duyğunu dilə gətirirdi.

 Və sonra Cinin məşhur musiqisi səhnəyə çıxdı. O oxumurdu – o bizə özünü izah edirdi. Gecə yeni başlayırdı, amma “Buludlar” səslənəndə zaman bir anlığa dayandı. Bu mahnı nə təntənəli idi, nə də nostaljik.. O, tənha bir gündə, pəncərədən baxan bir adamın iç sükutu idi. Mən “Buludlar”ı eşidəndə sanki mənzərə dəyişdi. Artıq meşədə deyildik. Artıq bir uşaq günlərin birində başını göyə qaldırıb buludların necə doğulduğunu soruşurdu. Cavab verən yox idi. Amma bu musiqi sanki həmin cavabı ifa edirdi.

 Mən o an fərq etdim ki, bu festival yalnız canlı musiqi deyil. Bu, canlı duyğu idi. Burada ifaçı ilə dinləyici arasında sədd yox idi. Kimsə qışqırmırdı, kimsə telefonla çəkib paylaşmırdı. Musiqi öz yerini tapmışdı, sinə boşluğunda. Bəziləri gözlərini yumdu, bəziləri başını aşağı saldı. Kimsə mahnının nə zaman bitdiyini belə anlamadı.

 Ardınca səhnəyə başqa bir musiqiçi çıxdı. Amma o gecə söylədiyi bir mahnı heç kimin yadından çıxmadı: “Şeytan bunun neresinde”. Bu mahnı ifa edilərkən, tamaşaçılar arasında qəribə bir sükut vardı. Sanki hər kəs öz içində bir vicdan yoxlamasına çıxmışdı. İçdiyimiz içkinin içində şeytan axtarırdıq deyəsən.. Gitara səsi bəzən şübhə kimi titrəyirdi, bəzən qətiyyət kimi yüksəlirdi. O mahnı sadəcə sosial ironiya deyildi. O, dinləyicinin ruhuna tutulmuş güzgü idi. Və bu güzgüdə hər kəs öz kölgəsini gördü.

 Mən musiqiyə qulaq asarkən ritm və not aramıram. Mən onun mənim içimdə nəyi oyatdığına baxıram. Bu festivalda isə hər ifaçı bir qapı açırdı. Ya keçmişinə, ya qorxuna, ya da unudulmuş xatirələrə. Gitara səsi ilə bir yerdə, bəzən içimdəki qırıntılar çırpınırdı. Bəzən isə bir notda tamlıq hiss olunurdu. O not bəzən susqunluq idi. Səhnəyə çıxanlar musiqini göstərmək üçün yox, yaşatmaq üçün gəlmişdi. Bəzən səhnəyə çatan not, tamaşaçının gözlərində titrəyən bir damla işığa çevrilirdi. Bəzən isə elə mən sevdiyin kimi, səssizcə, bir nəfəs kimi keçib gedirdi.

 Səhnə artıq tanışlaşmışdı bizimlə. İlk notlar, ilk səslər, ilk sükutlar arxada qalmışdı. Gecə bir az soyumuşdu, amma səhnə istiləşirdi. İşıqlar sarıdan maviyə və qırmızıya keçdikcə, sanki musiqinin də tonu dəyişdi. Artıq içə çəkən deyil, irəli itələyən, yerindən qaldıran, səni düşüncədən çıxarıb hərəkətə çağıran ritmlər səhnəyə gəlirdi. Ayna Band səhnəyə çıxanda heç bir səs küyə ehtiyac duymadılar. Elə sakitcə yer tutdular, sanki biz onları gözləyirdik, onlar isə artıq bildikləri bir hekayəni danışmağa gəlmişdilər. Onların musiqisində qəribə bir tanışlıq vardı. Sanki illər əvvəl eşitdiyin, amma unudulmuş bir melodiyanın qohumu kimiydi bu səslər. Hər ifa, hər akkord, adamın içindəki toz basmış bir xatirəyə toxunurdu.

Ayna Band retro deyildi. Onlar keçmişin duygusunu bu günə gətirirdilər. Onların musiqisi sanki kaset dövrünün səssizliyindən gəlirdi. Elə bil plastinka cızıltısı altında gitara çalınırdı. Amma bu nostalji səni boğmurdu, əksinə içində bir rahatlıq oyadırdı. “Mən bu səsi haradansa tanıyıram,” deyirdin öz-özünə, “amma bəlkə heç eşitməmişəm.” Bu da sənə tanışdır. Bəzi hisslər yalnız musiqidə doğulur, reallıqda heç vaxt yaşamamış olsaq belə. Gitara, bəzən dalğavari idi. Sanki səhnənin arxasındakı meşə özü nəfəs alırdı. Davullar yumşaq başlayıb qəfil sərtləşirdi, sanki hər döyüntü ilə nəyisə xatırladırdılar bizə. Və səs, vokal tam da adı kimi idi boz, arada qalan, bəzən ümidli, bəzən yorğun. Sanki bir barda illərdir oxuyan bir musiqiçinin “bu dəfə sonuncudur” deyə oxuduğu sonuncu mahnı idi. Amma heç vaxt sonuncu olmurdu. 

 Tamaşaçılar arasında qəribə bir hal vardı. Bəziləri gözlərini yumub salınmış stulda yırğalanırdı, bəziləri dostunun çiyninə başını qoymuşdu. Heç kim danışmırdı. Heç kim videoya çəkmirdi. Musiqi onu dinləyənlə bir müqavilə imzalamışdı. Bu gecə sadəcə hiss edənlər sağ qalacaq. Digərləri sadəcə baxacaq, amma duymayacaq. Mən bu zaman düşündüm. Bu festival, səsin sərhədsizliyinə yazılmış bir gündəlik kimidir. Ayna Band isə o gündəliyin orta səhifəsindəki bir abzasdır. Nə əvvəlini silmək olar, nə də sonrasını. Onlar səhnəni sadəcə canlandırmadı, həm də zamanın axışını dəyişdi. Onların mahnılarından sonra hava dəyişdi. Elə bil göydəki ulduzlar bir az daha yaxınlaşdı. Və əslində bu, nostalji deyildi. Bu, yaddaşın bərpası idi. Biz unutmamışdıq. Sadəcə uzun müddətdir heç kim bizə bu səsi xatırlatmamışdı.

 Artıq gecə tam oturmuşdu. Göy üzündə ulduzlar da daha cəsarətli parlayırdı. Səhnənin işıqları daha yavaş döyünürdü. İnsanların səsi azalmış, addımlar səssizləşmişdi. Elə bil hamı bilmədən bir şeyi gözləyirdi, daha kəskin olmayan, daha incə bir toxunuşu.

Onlar səhnəyə çıxanda sanki havadakı oksigen dəyişdi. Hər şey bir anlıq qaranlığa büründü – amma bu qaranlıq qorxu yox, oyanış gətirən bir qaranlıq idi. Davulun ilk zərbəsi səhnəyə yox, ürəyimizə dəydi. Gitara səsləri sanki dişləyirdi havanı. Hər not, hər səs, sanki susduğumuz illərin qışqırığı idi.

  Musiqi çirkli idi, amma təmizləyirdi. Kobud idi, amma içimizdəki ən həssas yerlərə toxunurdu. O an sən özün deyildin. Sən içində gizlədiyin o başqa “sən” idin. Başını yelləyən, gözlərini yumub öz iç səsinə batan bir yadlıq idin. Səhnədə təkcə musiqi yox, sərtlik, reaksiya, başqaldırma vardı. Heç bir söz izah edə bilməzdi o ritmin nədən ibarət olduğunu. Çünki bu, sözlə yox, vuruşla danışırdı. Sanki dünya hərəkət etməyi unutmuşdu və indi bu səslə yenidən dönürdü. Hər zərbə, içimizdəki pas tutmuş bir mexanizmi oyadırdı.

  Grey Band dinləyicinin qulağına yox, damarına toxunurdu. Qanla axırdı o musiqi, təmiz qanla, çirkli qanla, döyüşkən, inadkar, bir az da sərsəri qanla. Onlar səhnədə özünü yandıran bir ritualla çıxış edirdilər. Bir növ musiqi ilə özlərini oda verirdilər ki, içimizdəki yanmayan yerlər alışsın.

 Hər birimiz o an kim olduğumuzu unutmuşduq. Hər kəs yalnız bir şey hiss edirdi.. Ritmin sərtliyini. Və o sərtlik, bəlkə də, bu festivalın ən həqiqi səsi idi.

 Hasan Rza səhnəyə çıxdı. Amma bu “çıxmaq” yox, “çökmək” idi. Sanki bir sükut səhnəyə endi, ətrafa yayıldı. O, danışmadan danışan adamlardan idi. Mikrofona yaxınlaşanda, ilk səs çıxmamışdan əvvəl belə, meşədə bir axın oldu. O an hamı fərq etdi ki, bu ifa olmayacaq. Bu, hal olacaq. Səni özündən almayacaq, əksinə sənə özünü qaytaracaq. Onun oxuduqları söz deyildi, nəfəs idi. Gitara səsi bu dəfə texnika deyil, toxunuş idi. Barmaqları telə dəyəndə, mənə elə gəldi ki, sanki birinin düşüncəsini eşidirəm. Sözlər çətin idi, amma yüklü deyildi. Onun musiqisində heç bir şey artıq deyildi. Hətta səssizlik belə yerli-yerində idi. Hasan Rza oxuyanda, kimsə əl çalmırdı. Çünki bu musiqi, reaksiya doğurmaq üçün yox, sakitliyi paylaşmaq üçündü. Elə bil ibadət zamanıydı. Hər kəs öz içində bir səssiz dua deyirdi, amma heç kim bilmir nə üçün. Onun oxuduğu mahnıların adını xatırlamıram. Qmma hissini unuda bilmərəm. Çünki onun səsi, mahnıların içindən deyil, öz içindən gəlirdi. Bilirəm.. Yəni insanın səsi təmiz olanda, səsi ilə özü arasında fərq qalmır. O, sadəcə özünü dinləyicilərə göstərmirdi. Özünü paylaşırdı. Və sən hiss edirdin ki, bu insanın heç bir iddiası yoxdur. Heç kimin bəyənməsi vecinə deyil. O, sadəcə burda olmaq istəyirdi. Bizimlə, özüylə, və bəlkə də Allahla.  O ifa zamanı, arxadan bir nəfər yerindən qalxıb oturub yerə. Bu səhnədə, bu axşam, insanlar özlərini musiqidən qorumağa çalışmırdılar. Əksinə, onların içinə düşən səsdən çıxmaq istəmirdilər. Bu da fərqlilik idi. Burda musiqi adamı təqib etmirdi, burda musiqi sənin əyninə uyğun gəlirdi. Və Hasan Rza səhnədən enəndə, heç kim əl çalmadı. Heç kim qışqırmadı. Çünki biz hələ də ordaydıq. Hələ də onun səssizliyinin içində idik. Bu səssizlik ən uzun alqış idi. O an anladım ki, əsl musiqi səni silkələmir. Əsl musiqi səni içində saxlayır. 

 Saatlar irəliləyirdi. Ay yavaş-yavaş yerini dəyişsə də, biz hələ də dəyişmirdik. Yatmaq haqda düşünən yox idi. Yuxusuzluq bir yük deyil, azadlıq kimi gəldi. Və sanki o gecə, saat 6-dan sonra səhnədə yalnız musiqi yox, musiqiyə tabe olmuş bədənlər var idi. Ritm sürətləndi. Səslər sıxlaşdı, işıqlar artıq qırmızıya çalan bir sərxoşluqla gözləri ovuşdururdu. İnsanlar bir-birinə baxmadan, bir-birini hiss edərək rəqs etməyə başladı. Heç kim üçün heç kim yox idi. Bu təkadamlıq deyildi. Bu çoxadamlıq içində özünü azad tapmaq idi. Musiqi elə idi ki, sanki dinləyici deyil, bədən özü cavab verir. Hər not bir əzələni oyadırdı.

 Mən bu anı çox aydın xatırlayıram – bir nöqtədə Gitaranın və davulları səsi yenidən səsləndi. Amma bu dəfə o üsyankar rifflər deyildi. Bu dəfə daha sərt idi, daha ritmik. Elə bil gecənin başlanğıcında bizə “musiqini hiss et” deyən adamlar, indi “özünü itir” deyirdi. Və biz razı idik. Heç kim özünü axtarmırdı artıq. İtmək üçün bura gəlmişdik. Bircə anlıq, tanımadığın biri ilə eyni ritmdə yellənmək nədir? Bunu başa düşürsən? O adamın adını bilmirəm, amma mən onunla eyni ritmdə nəfəs alırdım. Və bu, sevgi deyildi. Bu, azadlıq idi. Bədənlər toxunmurdu, amma səslər toxunurdu. Gitara səsi elə bil ayaq altından keçirdi, davullar isə ürəyin ritmini zorla dəyişirdi. Saat 12-dən sonra isə artıq musiqi müstəqil varlıq idi. Artıq ifaçılar səhnədə yox idi. Musiqi özünü ifa edirdi. Elə bil notlar meşədən gəlirdi. Səhnə ilə təbiət arasında sərhəd silinmişdi. Kimin çadırdan gəldiyi, kimin çöldə yatdığı, kimin içdiyi, kimin içmədiyi bunların heç biri önəmli deyildi. Hər kəsin içində eyni yanğı var idi. Musiqiyə təslim olma yanğısı.

 Mən musiqidən danışırəm dostum, səslə danışan adamlar üçün belə gecələr azdır. Çünki burada musiqi sadəcə eşitmir, yeriyirdi, rəqs edirdi, titrəyirdi. Və biz o an bunu sadəcə dinləmədik. Biz öz bədənimizi bir nota çevirdik. Və kim bilir, bəlkə də musiqinin özü də bizdən bir parça apardı. 

 Gecə 3 kimi səhnə bağlandı. Amma səs hələ də ətrafda idi. İnsanlar yavaş-yavaş çadırlara, kotteclərə çəkildilər. Amma bu təkcə fiziki çəkilmə deyildi. Bu, bir haldan başqa hala keçid idi. Musiqi səssizliyə buraxdı səhnəni. Amma içimizdə hələ də bir melodiya çalınırdı. Gitara artıq çalmırdı, amma nəfəsimiz onun ritmiylə gedirdi. O səssizlik ki, musiqinin səsi ilə dolu, amma özü heç bir səs çıxarmayan, təbiətin nəbzini dinlədən səssizlik.

 Səhər, günortaya doğru yaxınlaşanda, meşənin içində bir qrup insan yavaş-yavaş toplaşırdı. Bu, səs-küydən, ritmlərdən, işıqlardan uzaq bir başqa dünyaydı. Yoqa zamanı idi. Musiqinin enerjisindən sonra bədən və ruhun sakitləşməsi, nəfəsin ritmə uyğunlaşması. Günəş yavaş-yavaş ağacların arasından süzülür, yarpaqların arasında işıq və kölgə oyunları başlayırdı. İnsanlar dövrə qurub, sakit nəfəs alır, bədənlərini açır, hərəkət edirdilər. Sanki musiqinin dalğaları indi sükutda görünürdü. O anda hər kəs bir-birinə toxunmadan, sadəcə öz içində bir ahəng tapmışdı. Bu yoqa yalnız fiziki məşq deyildi. O, gecənin sərxoşluğundan sonra ruhun durulması, daxili sakitlik və musiqinin gətirdiyi harmoniyanın bədəni fəth etməsi idi. Hər nəfəsdə həm keçmişin ritmi, həm də gələcəyin sükutu vardı. Sanki o səhər, musiqinin özündən də dərindən danışan bir dil quruldu.

 

Günorta üçdə isə biz artıq yola düşürdük. Bakıya dönmək vaxtı idi. Amma hər kəs bilirdi ki, bu qayıdış sadəcə fiziki bir hərəkət deyil. Gecənin və səhərin birləşdiyi o anın, səhnədə olan hər nəfəsin, hər ritmin ruhunda dərin izi var idi. O iz ömürlük bir sükutda, yaddaşda və bəlkə də ruhda yaşayacaq...

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.