Super User

Super User

KİNOMUZU TANIDAQ - “Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Respublikası Kino Agentliyi ilə birgə layihəsi. 

 

Müsahibimiz Azərbaycan kinorejissoru və aktyoru, Kinematoqrafçılar İttifaqının üzvü Elvin Əhmədovdur.

Təqdim edir: Nigar Həsənzadə

 

-Azərbaycan Respublikasının kifayət qədər tanınan dəyərli aktyoru və kinorejissoru Elvin Əhmədov, öncə sizə təşəkkür edirəm, müsahibə təklifimizi qəbul etdiyiniz üçün. Əvvəl istəyərdim ki, özünüzü oxucularımıza təqdim edəsiniz. 

 

-Çox sağolun. Mən Əhmədov Elvin Məmmədağa oğlu 1990-cı il 3 fevralda Salyanda anadan olmuşam. Bakıda Nizami rayonu 10 saylı orta məktəbdə ilk təhsilimi almışam. Uşaqlıqdan incəsənətə, xüsusilə musiqiyə həvəsim var idi. İslam Rzayevin və Arif Qazıyevin muğam məktəbində retro estrada musiqisindən təhsil almışam. 2007- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər və tamaşalar rejissoru fakültəsinə daxil olmuşam. Hərbi xidmətdən 2009-cu ildə qayıdıb təhsilimi davam etdirmişəm. 2010-cu ilin yayında ilk dəfə C.Cabbarli adına Azərbaycanfilm kinostudiyasına praktikaya getmişəm. O vaxtdan kinoya sevgim sonsuz olub. 

 

-Elvin bəy, Baş rolda iştirak etdiyiniz " Dolu" filminin sizin həyatınızda rolu nədən ibarətdir?

 

- "Dolu" filmi, belə deyək, elə bil mənim ilk rəsmi iş yerim olub. Həm o filmdə rejissor astenti işləmişəm, həm də baş rola çəkilmişəm. Çox qeyri-adi şeylər yaşamışam bu filmdə. Bu filmin məndə olan izini hər kəs görüb. Məni cəmiyyətə - kino cəmiyyətinə "Dolu" filmi tanıdıb. Mən bu filmin sayəsində sayılıb- seçilən aktyorlarımızla tanış olmuşam. Müəllimim - görkəmli rejissor Elxan Cəfərovla tanış edib məni bu film. Ümumiyyətlə, "Dolu" filminin dəyəri mənim üçün bir başqadır.

 

-Rejissor kimi ilk lentə aldığınız film " Sara" filmidir. "Sara" filminin ümumi məzmunu haqqında məlumat verərdiniz mümkünsə. “Sara” filmi, sizin qeyd etdiyiniz kimi, rejissor olaraq ilk lentə aldığınız filmdir. Heç, nə zamansa təəssüflənmisizin ki, ilk rejissorluq fəaliyyətimi " Sara" ilə niyə başladım? 

 

-2015-ci ildə biz ARB kanalında bir teleserial təqdim etdik. Ondan sonra  balaca bir boşluq yarandı. Həmin ərəfədə yaxın dostum - "Sara " filminin baş produsseri bir təklif etdi ki, gəl bir film çəkək, ikimiz baş rollarda oynayaq. Və birimiz mənfi personaj olaq, birimiz isə müsbət. İdeya xoşuma gəldi. Ondan sonra filminin sujet xəttini, ideyasını müəyyən etdik. Və 2015-2016-cı illərdə çəkilən bu film həyatımda gözəl təcrübə oldu. Heç təəssüflənmirəm, əksinə çox sevinirəm ki, nə yaxşı " Sara" filmini çəkmişəm və bu cür maraqlı iş ortaya çıxıb. Nizami kinoteatrında təqdimatı da keçirilib “Sara”nın. 

 

-“Sara" filmində xalq artisti Rasim Balayevlə tərəf müqabili olmusunuz. Rasim Balayevlə tərəf müqabili olmaq necə bir hisdir? Sizə nələr bəxş olub, nə kimi faydaları olub Rasim Balayevlə tərəf müqabilli olmağın?

 

-Rasim Balayevlə tərəf müqabili olduğum günə qədər artıq mən Rafael Dadaşov kimi, Şamil Süleymanov kimi, Məmmədsəfa müəllim kimi, Oqtay Quliyev kimi və

bir çox digər gözəl aktyorlarmızla tanış olub, tərəf müqabili olmuşdum. Və Rasim Balayev obrazını özümüz seçmişdik. Rasim Balayev həmin obraza ən uyğun gələn aktyor idi. Və onunla bir filmə çəkilmək, rejissor kimi işləmək çox gözəl idi. Daha çox onunla rejissor kimi işləməkdən böyük zövq aldım.

 

-24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olmusunuz. Sizi bu münasibətlə  təbrik edirəm!

Sualım isə belədir, sizcə bir aktyor üçün təhsil vacibdirmi?  Bizim filmlərimizin  savadlı, təhsilli aktyorlaramı ehtiyacı çoxdur, ya əsas bacarıqdır? 

 

-Çox sağ olun, təşəkkür edirəm. Kinematoqrafçılar İttifaqına üzv olmağım əslində normal haldır, çünki mən teatr aktyoru olmamışam, fəaliyyətimi kino üzərində göstərmişəm hər zaman. İttifaqlardan birinə üzv olmağım çox gözəl oldu. Bu səbəbdən  Əli İsa Cabbarova  təşəkkür edirəm.

Bəli, istedadla bərabər təhsil də vacibdir. Əgər aktyor istedadlı aktyordursa, təhsillə özünü bir az da təkminləşdirməlidir.

 

-“Savaşçı" filminə çəkilmək təklifini necə almışdınız? O kinoya çəkilərkən yaşadığınız hislər haqqında bildirmənizi  istəyərdim və  o filmdən niyə ayrıldınız? 

 

-Bizim bir dəyərli dostumuz var, dəyərli rejissor Kənan Mahmudov. Hansı ki, siz Kənan MM kimi tanıyırsız hamınız. O Türkiyədən bir təklif aldı. İki personajı oynamaq lazım idi. Və personajlardan biri Təhlükəsizlik Xidmətinin əməkdaşı idi. Kənan türklərə mənim görüntülərimi, şəkillərimi təqdim etmişdi və onlar bəyənib, dəvət etmişdilər. O filmə çəkildikdə çox gözəl hislər keçirirdim. Yeni aktyorlarla tanış olurduq, başqa ölkənin aktyorları ilə çəkilmək çox maraqlı idi. Qürur hissi keçirirdim, doğrudan da çox gözəl hislər idi.

 Filmdən ayrılmağım tam normal iş prosesi idi. Onlarla yarım sezon çalışdım hardasa 6 bölüm.  Və hekayəm bitdiyinə görə filmdən ayrıldım. 

 

-Sizin üçün "məktəb" olan film və "müəllim" olan aktyor kimdir?

 

  - Əksəriyyət bunu bilir ki, sənətdə müəllimim, nəsə bilmək öyrənmək istədikdə ilk axtardığım insan Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərovdur.

 

-Bu sənətə gəlmək istəyərkən sizə ailəniz tərəfindən dəstək olunubmu? Salyanda doğulmusunuz, Salyanda doğulmanız, yəni Bakıdan kənarda doğulmanızın buna  hansısa maneələri oldumu?

 

-Qeyd eləyim ki, həmin dövrdə biz Salyanda yaşamırdıq, Bakıda yaşayırdıq. Sadəcə,

həmin ərəfədə ailəlikcə Salyanda olduğumuz üçün mən orada doğulmuşam. Salyan həm də öz rayonumuzdur, valideyinlərim əslən ordandırlar. Və bu, mənə heç çür maneə olmayıb. Ailəm hər zaman məni dəstəkləyib. 

 

-Fevralın 3-ü ad gününüz idi, bu münasibətlə gec də olsa, sizi təbrik edirik! Yaşın üstünə yaş gəldikcə sənətiniz haqqında fikirləriniz və "aktyor necə olmalı?" sualının cavabı sizin üçün dəyişirmi?

 

- Təbrikinizə görə çox təşəkkür edirəm. Nigar xanım, fikrimcə, aktyor sadəcə işləməlidir. İşləmədiyi vaxtlarda passivləşməmək üçün mütailə etməlidir, öyrənməlidir, maraqlanmalıdır. Sənətdən uzaqda qalmamalıdır.  

 

+ Yaxın gələcəkdə aktyor, rejissor Elvin bəyin planları nələrdir? 

 

 - Maraqlı planlar var. Bu planları reallaşdırmaq istəyirik, sağlıq olsun.  Bir şeylər ərsəyə gələndə inşallah görəcəksiniz, halhazırda tam söyləyə bilmirəm, lakin iki iş üzərində işləyirik. Növbə ilə təqdim edəcəyik. 

Və bir də gözləmədiyimiz proyektlər var. Hansı ki, özümüz öz işlərimizlə məşğul olduğumuzda gözləmədən hansısa proyektlərə dəvət alırıq, inşallah bu kimi yeniliklər də olsa, görəcəksiniz.

 

-Sizə mən bir daha təşəkkür edir, uğurlar  arzu edirəm, siz hər zaman obrazlarınızla diqqəti cəlb etməyi bacaranlardansız!

 

- Son olaraq mən də sizə təşəkkür edirəm müsahibəyə görə!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Beynəlxalq Muğam Mərkəzi fevralın 15-dən “Azərbaycan muğamı” adlı yeni layihə təqdim edəcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində ilk təqdimat tar ifaçılıq sənətinə həsr olunan “Ustad dərsi” ilə başlayacaq.

Dərs tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov tərəfindən aparılacaq.

Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Qarmaqarışıq, çətinliklər, daşlarla doldurulmuş bir yola əl-ələ çıxdığınız biri varsa və tək-tək təmizləyə bilirsinizsə birliktə o daşları gələcəyinizdən, yolunuzdan, baxın indi əmin olun ki, siz əsl sevgini tapmısınız. Sevginin günü olmur, hə. Amma insanlar arabir dəyərli olduğunu hiss etmək istəyir. Necə ki, böyüməyin günü olmur, amma hər il böyüdüyümüz günü çox xoş əhvalla qarşılayırıq.

Dünya sevgi üzərinə qurulub. Madam ki, bugün sevgililər günü, gedin və ona söz verin ki, hər gün bugünkü qədər sevəcəksiniz onu. Sevgi sadəcə bir insan deyil, bugün sevdiyiniz hər kəsə sözlər verə bilərsiniz, təbii ki, tutmaq şərtilə. Ailəm, dostum, sirdaşım dediyiniz hər kəsdə sevgi payınız var. "Bir insanda tapa biləcəyim, axtardığım hər şeyi tapdım mən" dediyiniz biri varsa, siz xüsusən şanslısınız. "Yaxşı ki varsan" deməkdən əsla çəkinməyin, bezməyin. Bir insanı yarınız, yarımınız kimi sevin ki, onunla tamamlandığınızı hiss edəsiniz və ona deyin ki, "Yaxşı ki yarsan, yarımsan". 

Bu gün sevgililər gününü qeyd edən bütün sevgililərə səslənərək deyirəm, diləyirəm, bir gün evinizdə etdiyiniz davaları, birlikdə keçən xoş anları gülərək xatırlayarsınız. Və o gün gələndə də, diləyirəm, bugünkü tək möhkəm olar sevginiz. Xoşbəxtliyi uzaqda yox, tutduğunuz əllərdə axtarın. Sevgidən bərk yapışın. Sevənlər, sevilənlər, sevgililər... Hər birinizin günü mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

2023-cü ildə Azərbaycan Animasiya Assosiasiyası 17 tədbirin və layihələrin təşkilatçı və ya dəstəkçisi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı assosiasiyanın 2023-cü il hesabatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə assosiasiyaya 17 üzv qoşulub. (16 fiziki şəxs, 1 şirkət), ümumi üzvlərin sayı 23-ə çatıb (21 fiziki şəxs və 2 şirkət). Assosiasiya tərəfindən təşkil olunan ən böyük layihə 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı idi.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Afrikada ədəbiyyat bir bum yaşayır. Qara qitədə dalbadal Nobel mükafatçıları peyda olur, Panafrika yazarlar təşkilatı daha geniş şəkildə dünyaya inteqrasiya edir. Belə bir zamanda Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halimin Dövlət Tərcümə Mərkəzinə gəlməsi də, əlbəttə boşuna olmayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı mərkəzə istonadön xəbər verir ki, qurumun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Püstə Axundovanın iştirak etdiyi görüşdə Sudan ədəbiyyatının Azərbaycan dilinə tərcümə və nəşri, ölkələrarası ədəbi əlaqələrin qurulması və inkişafı istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Sudanın tanınmış nasir və şairlərinin, o cümlədən görkəmli Sudan yazıçısı Əl-Tayyib Salihin ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə həyata keçiriləcək əməkdaşlıq layihələrinin perspektivləri müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

“DokuBaku” VIII Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbuluna başlanıldığını elan edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir. 

 

Bu ilki buraxılışın əsas mövzusu iCOSMOS-dur.

Festivalın mərkəzində personajların taleyini formalaşdıran, həm ani, həm də gecikmiş seçimlərin nəticələrini araşdıran hekayə səyahəti dayanır. Bununla festival kinorejissorları və tamaşaçıları introspektiv səyahətə çıxmağa, özünüdərk etməyə və bəşəriyyəti kosmosun genişliyinə - ali mənliyə bağlayan dərin əlaqələri dərk etməyə dəvət edir.

 

Festivalın nominasiyaları “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı yerli sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film” (DokuKids), və “Non-Main Müsabiqə”dir.

 

Ərizə qəbulu martın 3-dən mayın 5-dək olacaq.

Festival oktyabrın 1-dən 6-dək paytaxt Bakıda və Azərbaycanın digər müxtəlif məkanlarında keçiriləcək.

Seçilmiş filmlər 2024-cü il avqustun 8-də elan ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Mədəniyyət naziri Adil Kərimlinin fevralın 23-də Salyan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, qəbul fevralın 17-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) keçiriləcək. Qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonlarından və Şirvan şəhərinin sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, vətəndaşların müraciət tarixinin müddəti başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Çərşənbə, 14 Fevral 2024 10:15

Əbədiyyət qədər uzun olan 100 il!

Gənclər Kitabxanası Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar virtual sərgi hazırlayıb

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Növbəti dəfə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına baş çəkəndə burada Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş silsilə materialların istifadəçilərə təqdim edilməsindən xəbər tutduq. 

 

“Naxçıvan Muxtar Respublikası - 100” adlı virtual kitab sərgisi və məlumat bülletenində muxtar respublikanın 100 illiyinə dair Sərəncamın tam mətni, Naxçıvan diyarının qədim tarixi, zəngin mədəniyyəti, şəhər və rayonları haqqında məlumatlar öz əksini tapır.

Materiallarda, həmçinin, uzun illər erməni qəsbkarlarının buraya olan torpaq iddiaları, Naxçıvanın Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə nümayiş etdirdiyi fədakarlıqlar, tarixi əhəmiyyətli Qars və Moskva müqavilələri haqqında informasiya verilib.

Virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin Naxçıvan diyarının muxtariyyət alması haqqında söylədiyi dəyərli fikirlər, məhz Ümummilli Liderin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsini əks etdirən tarixi görüntülər nümayiş olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, “Naxçıvan dövlət müstəqilliyi uğrunda mübarizənin dayağıdır”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan xanlığı”, “Naxçıvanın təbii sərvətləri”, “Ermənistanın soyqırım və deportasiya siyasətində Naxçıvan”, “Naxçıvan ifaçılıq məktəbinin görkəmli nümayəndələri”, “Ulu Naxçıvanım”, “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Naxçıvanın məktəb tarixindən səhifələr” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası verilib.

Bir sözlə, Naxçıvanın tarixi barədə heç bir bilgisi olmayan şəxsin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına gəlməsi kifayətdir ki, tam məlumatlana bilsin.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Çərşənbə, 14 Fevral 2024 09:30

Xalq artisti Əliabbas Qədirovun doğum gününə

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycanın Xalq artisti, mərhum Əliabbas Qədirovun doğum günü idi. 

Bir çox yaddaqalan, maraqlı obrazlar qalereyası yaradaraq böyük tamaşaçı rəğbəti qazanmış sənətkarın anadan olmasının 78-ci ildönümü idi.

 

Hər bir sənətkarın həyatda bir kulminasiya anı olur. Əliabbas Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və qısametrajlı filmlərdə biri-birindən maraqlı obrazlar yaradıb. “Sevinc buxtası” filmində oynadığı Nazim roluna görə Dövlət mükafatına layiq görülüb. 

(Qapaq fotosu)

 

Gəlin unudulmaz sənətkarın tərcümeyi-halına diqqət yetirək. 

Xalq artisti 1946-cı il fevralın 13-də Bakıda dünyaya gəlib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilib. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” tamaşalarında maraqlı rollar yaradıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Azərbaycan Milli Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. O, ilk addımından teatr ictimaiyyətinin nəzər-diqqətində olub.

Əliabbas Qədirov 1970-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında çalışıb. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızın parlaq səhifələrini təşkil edir. Aktyor 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub.

O, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda “gizli” görünən, ancaq duzlu və cazibəli yumor vardı. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə", lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edirdi.

Xalq artisti oynadığı obrazlara, ilk növbədə, elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi.

Televiziyada “Komediyalar aləminə səyahət” verilişinin ilk aparıcısı olan Əliabbas Qədirov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs də deyib.

Tanınmış aktyor 2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Hava limanında xeyli adam var idi. Maşını dayanacağa yerləşdirib gəlişlər üçün nəzərdə tutulan zala girəndə elanları verən növbətçi xanım səsgücləndiricidən Moskvadan gələn reysin nömrəsini səsləndirirdi:

-Diqqət! Moskvadan Bakıya uçan Aeroflot aviaşirkətinin 1854 nömrəli reysi yerə endi.

Bu o demək idi ki, Stepan bir azdan dayandığım zala gələcəkdi.

Düşündüyüm kimi də oldu. Çox keçməmiş, çiynində adi idman çantası olan, ətrafdakılardan heç nə ilə seçilməyən, sadə geyimi ilə daha çox Bakıya gəzməyə gəlmiş turisti xatırladan dostum zala daxil oldu. Onun çiynindəki çantadan başqa heç bir yükü olmadığına əmin idim. Adətən, gəlişlərində Stepan məni görüb uzaqdan əl edib salamlayar, sonra yaxınlaşıb bərk-bərk qucaqlayardı. Amma indi göz-gözə gələndə siması heç bir emosiya ifadə etmədi, sadəcə, çantanı bir çiynindən çıxarıb o biri çiyninə keçirdi.  Bu, bir işarə idi. Aramızda xeyli məsafə vardı. Gələnlərin və qarşılayanların axınında məni rahat görə bilməsi üçün bir qədər də yaxınlaşmasını gözlədim, sonra çönüb zaldan çıxdım. Telefon danışığı zamanı son görüşümüzə vurulan eyhamdan sonra hər şeyin, təxminən, belə olacağını bilirdim. Asta addımlarla maşını qoyduğum yerə tərəf getdim. İrəlidə getsəm də, onu gözdən qoymurdum. Ola bilərdi ki, dostum yaxınlıqda dayanmış taksilərdən birinə oturub hava limanını tərk etsin. Bu halda mən həmin taksini izləməliydim. Ola da bilərdi ki, birbaşa ardımca gəlib maşınıma əyləşsin. Hər halda, Stepan nə edəcəyini yaxşı bilirdi. Mənsə, ona uyğun hərəkət edəcəkdim.

Maşına çatıb sükanın arxasına keçdim. Gələrkən maşını elə saxlamışdım ki, sükan arxasında oturarkən müşahidə aparmaq üçün daha nə sağa-sola dönməyə, nə də güzgülərdən istifadə etməyə ehtiyac qalırdı. Buradan həm az əvvəl gəldiyim yol, həm də taksilərin dayanacağı aydın görünürdü. Sükanın arxasından dostumu müşahidə edirdim. Cərgə ilə düzülmüş taksilərin yanından düz keçən Stepan maşınıma tərəf də baxmayıb, birbaşa avtobusların dayandığı meydançaya tərəf getdi. Ancaq yaxınlığımdan keçərkən sol əlinin orta və şəhadət barmaqlarını birləşdirib başını qaşıdı, bu zaman onun adsız barmağı da yarı qatlanmış vəziyyətdə idi. Birləşdirdiyi iki barmağı ilə, minəcəyi avtobusun şəhər istiqamətində ikinci dayanacağında düşəcəyini bildirirdi. Yarı qatlanmış adsız barmaq isə düşdükdən sonra növbəti dayanacağa qədər olan məsafənin yarısını piyada qət edəcəyinə işarə idi. Onun mindiyi avtobusun nömrə nişanını yadımda saxladım.

Moskva Ali Milis Məktəbində bir qrupda oxuduğum, tədrisin ilk günlərindən dostlaşdığım, hətta imtahanlara birlikdə hazırlaşdığım Stepanın əl işarələrini başa düşmək mənim üçün çətin deyildi. Bunlar hələ müdavimlik illərində əməliyyat işinin əlifbasını öyrənərkən əzbərlədiyimiz və mənasını gözəl bildiyimiz işarələr idi. Dostum dəfələrlə Bakıda olmuşdu, hava limanından mərkəzə gedən yola da yaxşı bələd idi. İki dayanacaqdan sonra avtobusdan düşüb xeyli məsafəni niyə piyada qət edəcəyinin səbəbini də yaxşı başa düşürdüm. Demək olar ki, piyadaların olmadığı aeroport yolunun kənarı ilə addımlayan adamı piyada izləmək qeyri-mümkün idi. Maşınla izləyən isə, mütləq, ya sürəti minimuma endirməli, ya da maşınını saxlamalı idi. Bu isə sürətli yolda dərhal diqqəti çəkməklə Stepanın izlənildiyinin sübutu olacaqdı. Bu dediklərimi yoxladıqdan sonra hər şey qaydasında olarsa, dostum yol kənarında dayanıb mənim yaxınlaşmağımı gözləyib, guya təsadüfən maşınıma əl edəcəkdi. Bayaq işarə verərkən mənə tərəf baxmasa da, ardımca gələrkən əyləşdiyim maşını təbii ki, görmüşdü. Ona görə, hansı maşına əl edəcəyini bilirdi.

Yox, əgər təhlükə hiss edərsə və maşına əl etməzsə, bundan sonra nə edəcəyini gözləməliydim.

Doğrudan da, məsələnin çox ciddi olduğu görünürdü, mənim üçünsə həm də hər şey hələ ki, qaranlıq idi. Əgər yüksək vəzifəli polis zabiti hansısa bir məsələ ilə bağlı Moskvadan Bakıya rəsmi ezamiyyətə gəlirsə, rəsmi qarşılanmadan imtina edib ilk növbədə mənimlə görüşmək istəyirsə və elə çatan kimi, hava limanından belə təhlükəsizlik tədbirləri görürsə, deməli, burada nəsə var. Təbii ki, polkovnik Bondaryov özü ilə təyyarədə «quyruq» gətirməmişdi. Bu halda, onun tək ehtiyat etdiyi şey burada- Bakıdadır. Bəs, bu nə və ya kim ola bilər? Bəlkə də bunların heç biri deyil? Sadəcə dostum hansısa səbəbdən rəsmi səfərinin qeyri-rəsmi tərəfinin də olmasını və bunun məxfi qalmasını istəyib. Bu qeyri-rəsmi «tərəfin» də yeganə fiqurantı mənəm? Bu daha ağlabatandır. Hər halda bir azdan hər şey bəlli olacaq.

Nəhayət, Stepanın mindiyi avtobus qapılarını bağlayıb yerindən tərpəndi. Tələsmirdim. İki dayanacağın və piyada qət olunacaq yolun xeyli vaxt aparacağını bilirdim. Dediyim kimi, mən Stepana ikinci dayanacaqdan sonra piyada getdiyi yolda çatmalıydım, ondan tez çatıb orada gözləyə bilməzdim.

Lazım olan vaxtı gözləyib maşını çıxışa doğru sürdüm. Bir azdan aeroport yolunun sağ zolağı ilə gedən maşınlara qoşulub orta sürətlə hərəkət etməyə başladım. İki dayanacağı keçdikdən sonra diqqətimi artırıb yolun kənarına baxmağa başladım. Çiynindəki idman çantasını yerə qoyub dayanmış Stepanı uzaqdan gördüm. O, özünü maşın saxladırmış kimi göstərir, ancaq heç də yavaş getməyən maşınlara yanından ötüb keçən anda əl etməklə sürücülərin saxlayıb onu götürmək ehtimalını sıfıra endirirdi. Yaxınlaşdığımı görən Stepan qarşımda gedən maşının ötüb keçməsini gözlədi, sonra sağ əlini irəli uzadıb dayandı. Dönmə işığını işə salıb sürəti azaltdım və maşını düz onun tuşunda saxlayıb şüşəni endirdim. Yaxınlaşan dostum, guya, sövdələşirmiş kimi şüşədən başını uzadaraq, «hər şey qaydasındadır»-deyib bir qədər pauza verdi və maşına oturdu.

Sıx maşın axınında fürsət tapıb yavaş-yavaş sürət həddinin ən yüksək olduğu sol zolağa çıxdım və pedalı axıra qədər sıxdım.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.