Super User

Super User

Şənbə, 30 Dekabr 2023 18:30

Şəhərimizin balaca qonaqları üçün

 

 

Bir ölkəyə qonaq gələn və özləri ilə uşaqlarını da gətirən valideyinləri özlərindən çox uşaqları maraqlandırır. Onlara necə xoş anlar bəxş etsinlər? 

Bakıya yeni ili keçirməyə minlərlə turist gələcək ənənə üzrə. Onlara uşaqlarını aparmaq üçün Bakı zooparkını, sirkini, kukla teatrını tövsiyyə edirik, eləcə də xüsusi Yeni il proqramını. 

 

Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli-interaktiv Yeni il şənlikləri keçiriləcək. Əzizimiz uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, Yeni il zarafatları ilə sevindirəcək.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər.

 

“Ədəbiyyat v

Şənbə, 30 Dekabr 2023 18:00

Musiqili Teatrın yanvar repertuarı

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yanvar ayı repertuarını təqdim edirik:

 

1, 2, 3 yanvar - “Yeni il şənliyi”

12 yanvar - “Molla Nəsrəddinin beş arvadı”

13 yanvar - “Lara Martin’s Jazz Club”

14 yanvar - “999-cu gecə”

19 yanvar - “Leyli və Məcnun”

20 yanvar - “Bir qəfəs qədər”

21 yanvar - “Psix”

26 yanvar - “Sevənlərindir dünya”

27 yanvar - “Qırmızı papaq”, “Utancaq qız”, “Bəxtiyar”

28 yanvar - “Sehrli nəğmə”, “O olmasın, bu olsun”

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar repertuarını təqdim edirik:

 

5 və 6 yanvar- “Şelkunçik”

10 yanvar- “Don Kixot”, “Leyli və Məcnun”

12 yanvar- “Leyli və Məcnun”

21 yanvar- “Toska”

25 yanvar- “Sevil”

27 yanvar- “Jizel”

31 yanvar- “Əsli və Kərəm”

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Şənbə, 30 Dekabr 2023 17:00

Şuşa Teatrının yanvar repertuarı

 

Şuşa Dövlət Musiqili Dram Teatrı yanvar ayı üçün nəzərdə tutulan repertuarını təqdim edirik:

 

1, 2, 3 yanvar - “Yeni il şənliyi”

12 yanvar - “Solğun çiçəklər”

13 yanvar - “Balaca və Karlson”, “Boy çiçəyi”

14 yanvar - “Tənbəl dovşan”

19 yanvar - “Anamın kitabı”

20 yanvar - “Yanvarın iyirminci günü”

21 yanvar - “Dovşanın ad günü”

26 yanvar - “Müsyo Jordan və Dərviş Məstəli şah”

27 yanvar - “Qırmızı papaq”, “Ana”

28 yanvar - “Danışan gəlincik”.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınlz şeir 2014-cü ildə yazılıb. 

 

 

Gərəyi oldum ki...

 

Məqsədi nəyimiş – anladım indi,

nə üçün becərib, bitirib məni,

bu dünya heç mənə gərək deyildi;

gərəyi oldum ki, gətirib məni.

 

Oynadıb; hər dəfə bir hava çalıb,

gah dostu olmuşam, gah dava salıb,

inciyib – tufana-alova salıb,

əfv edib çiyninə götürüb məni.

 

Köhnəydi – yaratdı duyub dəyişəm,

zirvələr dolaşam, köksünü eşəm,

nərdivan bəxş edib; qalxıb-enmişəm,

hərdən ulduzlara yetirib məni.

 

Bir səmum yeli var, adı – “Əcəldi”,

gülüb qaş-göz edir: “zamanı gəldi”,

dünyaya sayımız artıqmı gəldi,

yoxsa ki, özümə çox görüb məni.

 

Bilirəm, alacaq verdiyi canı,

həyat –tale dərsi, bəxt imtahanı,

vüsal sarayıyam, hicran zindanı;

dünya özü bilmir – nə hörüb məni...

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Bakı Marionet Teatrında “Heydər Əliyev İli” çərçivəsində İctimai Televiziya və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə istehsal etdiyi “İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filminin təqdimatı keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə ictimaiyyət, mədəniyyət, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra “İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filmi nümayiş olunub. Ekran əsəri Ümummilli Lider Heydər Əliyevin İçərişəhərə, mədəniyyətimizə, sənət nümayəndələrinə göstərdiyi xüsusi diqqət və qayğısından bəhs edir.

 

Nümayişdən sonra çıxış edən yaradıcı heyət filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin İçərişəhərin inkişafına çox böyük təsiri olub. O bildirib ki, film çox qısa müddətdə çəkilib. Ekran əsərinin qəhrəmanlarının hər biri vaxtilə Ulu Öndərlə təmasda olub, onların İçərişəhərin təbliğində və təşviqində böyük rolu var. Ş.Seyidzadə yaradıcı komandaya, əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.

 

Filmdə Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədov, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, İçərişəhərə ayırdığı diqqətdən danışıblar.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb

 

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb. AzərTAC xəbər verir ki, şura “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub.

 

Ekspert şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova Ekspert şurasının sədri seçilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şuranın katibliyi yaradılıb.

 

Mədəniyyət Nazirliyi yanında memarlıq və arxeoloji abidələr üzrə mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb. Artıq işçi qrup tərəfindən Bakı şəhərində daşınmaz mədəni sərvətlərin monitorinqi, aşkarlanması və inventarlaşdırılması həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Şənbə, 30 Dekabr 2023 12:36

TDT kitabxanasının açılışı olub

 

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) kitabxanasının açılışı və “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar silsiləsinin təqdimatı mərasimi olub. Tədbirdə təşkilata üzv ölkələrin nümayəndələri iştirak ediblər.

 

AzərTAC TDT-nin rəsmi saytına istinadla xəbər verir ki, TDT-nin Katibliyində keçirilən mərasimdə çıxış edən təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev və Özbəkistan Prezidentinin müşaviri, yazıçı Hayriddin Sultanov türk xalqlarının ədəbi irsinin təbliği və qorunub saxlanılması istiqamətində həyata keçirilən layihələrdən bəhs ediblər.

 

Türk dünyasının klassik və müasir ədiblərinin, o cümlədən Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin daxil olduğu 100 cildlik TDT kitabxanasının fonduna daxil edilib, habelə Türkiyənin Prezident Kitabxanası və universitetlərin kitabxanalarına hədiyə olunub.

 

Tədbir iştirakçıları bu qiymətli əsərlər toplusunun nəşrinə görə TDT-ə sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

 

Peşəkar musiqi karyerası qurmaq istəyənlər üçün Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan musiqi sahəsində biznes inkubasiya proqramına qeydiyyat başa çatmaq üzrədir, sabah son gündür. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, proqramın əsas məqsədi karyeralarının başlanğıcında olan müğənnilərə potensiallarını gerçəkləşdirmək üçün imkan yaratmaqdır.

Qeyd edək ki, inkubasiya proqramına üzv olacaq şəxslər üçün vokal müəllimləri ilə dərslər, aktyorluq sənəti, xoreoqrafiya, media ilə əlaqələr və psixologiya mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, iştirakçılar 3 ayın sonunda ən azı bir olmaq şansını əldə edəcəklər. Fərqlənən iştirakçıların musiqi sənayesi bazarında peşəkar fəaliyyət üçün “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək inkubasiya proqramına qeydiyyat üçün son tarix, bir daha xatırlayırıq, dekabrın 31-dir.

 

Qeydiyyat üçün https://hub.creative.az saytına daxil olaraq “Musiqi” bölməsinə keçid etmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Kəramət Böyükçölün atası Qəşəm Nəcəfoğlunun hekayələr kitabına yazdığı ön sözü təqdim edir. 

 

Bu nişanda atam… 

 

Neçə gündü atamın hekayələrini oxuyuram. Özünün də xəbəri yox. Çünki son bir ili ikimiz evdə bir kompüter işlədirik. Mənim kompüterimi oğlum xarab eləyib. Atam uşaq vaxtı yeməyin ən yaxşı tikələrini bizə yedirdirdi. İndi də elədir, guya yuxusu gəlir, keçir öz otağına, yüz faiz bilirəm ki, o, kompüteri mənə vermək üçün belə edir. Mən də başlayıram kompüterdə onun hekayələrini oxumağa. Deyəsən, kitab çap etdirəcək, kitaba ad da qoyub: “O qara əyri bulud”.

 

Atam atasını çox sevir. Kitabın adını da atasına yazdığı hekayədən götürüb. Hər hekayəsini oxuyandan sonra gedib otağında atama baxıram. Görürəm ki, şirin yuxudadır, amma elə bil yuxuda da fikir eləyir. Üzünə kədərli bir təbəssüm qonub, əl vurub uçurmaq istəmirəm. Sadəcə, ayaqlarından öpüb gəlirəm.

 

Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən, niyə bu hekayələri yazıb bitirəndən sonra “urra” deyib evdə qışqırmayıb? Niyə müsahibələr verməyib? Elə sakitcə dayanıb. İşdən elə yorğun-arğın gəlir ki, elə bil özünü güclə sürüyüb gətirib evə. Nə olub? – soruşanda isə bircə kəlmə deyib: – Yaman ağrıyıram. Vəssalam.

 

Uşaq vaxtı qələmini, kitabını əlindən alardıq, indi də kompüterini. Yazıq atam. Elə bil hamımıza borcludur. Yorğun atam, şair atam, yazıçı atam… 

 

Atam müsahibələrinin birində deyir ki, yazıçılığı atasından öyrənib. Yəni babamdan. Babam hər şeyə bir ad qoşardı. Dağa, düzə, qoyuna, adama… Hər şeyə ürəyindən keçən adı verirdi. Sonra biz babam qoyduğu adlarla yaşayırdıq, onu çağırırdıq, dindirirdik.

Atam deyir ki, ədəbiyyatın bir tərəfi də həyatdakı ha¬disə və detalları sözlə işarələməkdir, ad qoymaqdır.  Uşaqlıqdan biz atamın həyat nişanları və işarələri ilə yaşayırıq.

 

Atamın hekayələri əsasən, tərəkəmə həyatından bəhs edir. Elat camaatının başına gələn gülməli və ağlamalı hadisələri yuxa bir dildə qələmə alıb. Heç bir obrazında oyunbazlıq etməyib. Mən onu yaxşı tanıyıram, istəsə də edə bilmir. Həyatın və gedişatın üzünü necə var, elə də köçürüb kağıza. Bəzən isə hadisələr Bakı şəhərinin mərkəzində cərəyan edir. Əslində, mən bilirəm bu hadisələr ata¬mın təfəkküründə baş verir.  

 

Atamın hekayələrinin dili su kimidir, heç bir yerdə iliş¬mir. Tərəkəmələrin özünəməxsus danışıq tərzi, dili, məişəti, toyu, toxuculuğu, folkloru, mətbəxi bu hekayələrin enerjisini təşkil edir. Bu gün oturaq həyata keçdiyimizdən və Kəlbəcər, Laçın yaylaqları erməni işğalı altında olduğundan tərəkəmə leksikonu unudulmaqdadır. Atamın hekayələrini tərəkəmə, bütövlükdə isə türkün mədəniyyət arxi¬vi adlandırmaq olar. Səhv eləmirəmsə, Çingiz Aytmatov deyirdi ki, “tərəkəmə” sözünün mənası “türk mənəm” deməkdir.

 

Hiss edirəm ki, atam bütün hekayələrində ağrıyır. Bəlkə də bir evdə yaşayırıq deyə, mən bunu daha dərindən hiss edirəm. Hər halda atamı əzbər bilirəm. Mənim köşə və hekayələrimin, müsahibələrimin, romanlarımın ən kədərli məqamları atamdan keçən təəssüratlardır. Atam yolundakı gölməçələrin tən ortasından keçir. Qolundan tutub saxlasaq belə xeyri yoxdur. Anam buna görə həmişə deyinir. Və bu detallar mənim fikrimdən heç vaxt yayınmır. Hara getsəm, atam mənimlə gedir. Hara getsək, atam belədir.

Hələ mən atamın esseləri, böyüklər və uşaqlar üçün yazdığı şeirlərdən danışmıram. Onlar qalsın sonraya. Atam ədəbi mühitdə olduğu kimi tanınmır. Onu qəbul etməyənlər çoxdur. Hətta atamı mənim öz yanımda şair, yazıçı kimi pisləyən nə qədər adam var. Ürəyimdə bu adamların mədəniyyətsizliyinə gülürəm. 

 

Atamı həmişə görməməzliyə qoyurlar. Özü də qəsdən edirlər. Atam isə çox iradəli, dözümlü, zəhmətkeş və həm də çox ümidli bir insandır. Hələ bir dəfə onun ümidsiz olduğunu, ruhdan düşdüyünü görməmişəm. Onu aldadanlara belə ümidi var. Əvvəllər atamın bu cür xüsusiyyətlərini qəbul eləməkdə çətinlik çəksəm də, sonradan anladım ki, buna səbəb onun mətnləri imiş. Atam deyir ki, əgər sənin arxanda yazın dayanıbsa və yaza bilirsənsə, ümidsiz ola bilməzsən, heç vaxt intihar səni ağuşuna çağırmaz. Onun tez-tez xatırladığım bir fikri də var: “Yaradıcılıq adamı bütün bəlalardan xilas edir”.

Atam atasına yazdığı “O qara əyri bulud” hekayəsindəki aşağıdakı yer ürəyimə çəkilmiş cızığın yeri kimi məni hə¬lə də göynədir: “Atam atasını hey yada salmağa çalışırdı. Məhz elə burda, bilmirəm niyə? Evdə bir dəfə də olsun söh¬bət salmazdı. Bəlkə biz dünyanın dibinə düşmüşük. Bəlkə bura ən yaddaqalan yerdir. Bəlkə atam ürəyin¬dəkiləri danışmaq üçün məni bura gətirib?

Atamdan soruşdum:

 

–  Sən heç bura – Qaranlıq dərəyə qoyunları otarmağa gətirmisən?

 

–  1942-ci ildə. Atamla. 1946-cı ildə atamı tutdular. Kolxoz sədri tutdurdu. 60 baş qoyun verdik, yenə buraxmadılar. O vaxtdan gəlməmişəm bura, indi 1976-cı ilin yayında səninlə gəldim… Sonra atam ağladı. Əllərinin arxası ilə gözünün yaşını silə-silə dedi ki, indi atamı tutduran kişinin oğlu bizim kolxoz sədridir. Sən yaxşı oxu, kolxoz sədri ol. Niyə atam bunu başqa vaxt demir, iki dağın arasında deyir? Bəlkə insan ayağı az-az dəyən bu yerdə ilahi bir sirr vardı”.

 

Atam xatirələrinə çox bağlıdır. Ən çox keçmişdən yazır. Mənə elə gəlir ki, o, xatirələrdən elm yaradır. Qaranlıq bir meşədə insanı tapıb sevinir…

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.