
Super User
O, müzəffər ordumuzda xidmət edən üç zabitin anasıdır
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Məshəti Gəncəvisi, Xurşidbanu Natəvanı olan bu xalqın Nəzakət xanım Məmmədlisi də var...
Onun haqqında söhbətimə əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira xanım Məhərrəmlinin söylədikləri ilə başlamaq istəyirəm: “Yaxşı, gözəl dostlar sərvətdir, dəyərdir. Onun könlümüzə yatan, ovqatımızı təzələyən həzin, incə, kövrək şeirlərini sevirəm. Mənə doğma bacım qədər simsar olan bu xanımın poetik misraları onun elə öz həlim, duyğusal halətindən, köksünə darlıq edən hiss-həyəcanından doğulur…”
Deyirlər ki, üç qız övladını böyüdüb, boya-başa çatdıran, ev-eşik edən atanın yeri cənnətdir. Mənim qəhrəmanım isə qadındır, müzəffər ordumuzda xidmət edən üç zabitin anasıdır- iki oğul və bir qızın. Təkcə bu səbəb bəs edir ki, onun qarşısında baş əyəsən, ehtiram göstərəsən...
Azərbaycan ədəbiyyatının canlı əfsanələrindən biri, şair Seyran Səxavət isə onu belə dəyərləndirir: “Vətəni üç zabit balası qədər, üç zabit balasını da vətəni, torpağı, xalqı qədər sevən Nəzakət Məmmədlinin Milli Qəhrəmanlar haqqında çap etdirdiyi kitab çox qiymətlidir, alqışlanmalıdır və şəxsən öz adımdan ona "var olun, Nəzakət xanım!"- deyirəm. Nəzakət Məmmədlinin bu qəbildən olan xidmətləri haqqında uzun-uzadı danışmağım da, əslində yersizdir - çünki hər şey göz qabağındadır və bu vətən qeyrətli türk xanımına Allahdan və Torpaqdan güc-qüdrət diləmək keçir könlümdən. "Bakı-xəbər" qəzeti ilə birlikdə "Şəhidlər ölməz - Vətən bölünməz" layihəsinin adı hər şeyi anladır, necə deyərlər, görünən dağa nə bələdçi. Hətta tədbirlərin birində hamının son dərəcə təvazökar insan kimi tanıyıb qəbul etdiyi Nəzakət Məmmədlinin rəhbərlik etdiyi “Xatirə Kitabı”nın ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsi olduğunu deyildiyinin şahidi olmuşam. Vətənsevən, torpaqsevən, övladsevən insan belə də olmalıdır. Onun bircə yolu var: belə olmaq - Nəzakət Məmmədli kimi olmaq - Nəzakət Məmmədli olmaq...”
Haqqında söhbət açdığım Nəzakət xanım Məmmədli Bakıda anadan olub. Atası Salah kişi əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, “Xatirə Kitabı” redaksiyasının və “Yada düşdü” ədəbi-bədii jurnalının baş redaktorudur. 2014-cü ildə Prezident mükafatına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. “Həzi Aslanov yubiley medalı”, Rusiya Federasiyasının “Qələbə-75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. Haqqında Allahverdi Eminovun “Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu” və Hikimət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları” kitabları işıq üzü görüb. O, həm də Vətən müharibəsi şəhidləri haqqında ”Vətən Daşı... və ya 44 günün dastanı” film layihəsinin və bir neçə kitabın müəllifidir...
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, ədəbiyyatşünas, publisist, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev də ona müraciətlə yazıb:
“Hörmətli Nəzakət xanım! Yadınızda varsa, dərginizin 5 illiyi münasibətilə "Hər sayını intizarla gözlədiyim dərgi" başlıqlı məqalə yazmışdım. Aradan illər keçib və bu gün də "Yada düşdü"nün hər sayını intizarla gözləyirəm. Nədir bu dərginin məziyyətləri? Kökə qayıdış! Görkəmli rus alimi M.Baxtinin doğru olaraq qeyd etdiyi kimi,- hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Daha doğrusu, başlanğıcın (mənşənin) yeniləşməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləyir. Heç şübhəsiz, sovet sisteminin amansızlığı dövründə Səməd Vurğunun üstüörtülü şəkildə dilə gətirdiyi misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:
Sabaha çağırır o bizi, ancaq
Sabah da bugünsüz, dünənsiz deyil.
Nəzakət xanım, dərginizin hər sayında bunu dərindən dərk edirəm və "Yada düşdü"nü yüksək qiymətləndirirəm...”
Qeyri adi xanımdır. Anadangəlmə təşkilatçı və realistdir. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik onun üçün xarakterik xüsusiyyətlərdəndir. Ən çətin layihələri həyata keçirməkdə mahirdir. Heç vaxt emosialara qapılmır, təmkinlidir. Necə deyərlər, hadisələri soyuq başla dəyərləndirir. Eyni zamanda mərhəmətli, əliaçıq və səxavətlidir. Gözəl anadır, övladlarının uğurlarından qürur hissi keçirir...
“Bəlkə də mən, ayaq üstə olmağımda, bütün çətinliklərdən keçməyimdə, gördüyüm işlərdə bacarığımı üzə çıxarmağımda övladlarımdan daha çox güc-qüvvət almışam. Demək olar ki, mən onlarla paralel böyümüşəm. Çünki erkən ana olmuşam, uşaqlarım böyüdükcə onlardan aldığım zövqdən elə bilmişəm öz uşaqlığımı, gəncliyimi onlarla paralel yaşayıram. Analıq ən təmənnasız sevgi ilə yaşanan bir duyğudur ki, övladına çəkdiyin zəhmətin, əziyyətin, yuxusuz gecələrin içində heç bir təmanna yoxdur. Bağban əkdiyi ağacın barından necə ləzzət alırsa, ananın da öz övladının uğurlarından aldığı həzz ona bənzəyir. Övladlarım da çox sag olsunlar, təməlini qoyduğum ailənin ibtidaisindən heç zaman məni yanıltmadılar, necə istədim o cür böyüdülər. Jurnalım da o cür, o da mənim üçün bir övladdır…”- söyləyir.
Nizam-intizamı xoşlayır, məsuliyyətli xanımdır. İşində daha ciddi və sərtdir. Təcrübəsindən, səriştəsindən, istedadından maksimum istifadə etməyi bacarır. Onun üçün keçmişdə yaşamaq mənasız və sadəcə vaxt itgisidir. Odur ki, həmişə gələcəyə can atır. Zəhmətkeşlik, əzmkarlıq, inadla hədəfə çatmaq onun həyat kredosudur. Etibarlı və çox sadiqdir. Heç vaxt dostunu, yoldaşını çətin vəziyyətdə qoymaz. Necə deyərlər, nə qədər problemi olsa da, özünü ona çatdırar. İncə yumor hissi və güclü təfəkkürü ilə seçilir. İdarəetməni gözəl bilir, liderlik bacarığı yüksək səviyyədədir...
Deyir ki,- “İnsan ömrü yalnız düz xətlərdən ibarət deyil, həyatın hər cür xətti var. İnanın ki, həyatın həm ağ, həm də qara xəttindən, illərin sınağından, çətinliklərdən keçmək və ayaq üstə durmaq çox çətindir, hamıya qismət olan şey deyil. Amma mən ayaqüstə durmağı bacardım. “Yada düşdü” jurnalı mənim ailə büdcəmdən maliyyələşir. Yəni başqa yerdən vəsait daxil olmur. Nə qədər ziyan dəysə də, jurnalı yaşadıram, heç bir qüvvə “Yada düşdü”nü mənim ürəyimdən çıxara bilməz. Maraqlıdır ki, “Yada düşdü” sevgisi təbii olaraq ürəyimə düşdüyü kimi, onu oxuculara, ədəbi ictimaiyyətə sevdirmək, qəbul etdirmək də zorla olmadı, çox tezliklə özünə yol açdı. Etiraf edirəm ki, “Yada düşdü” məni xoşbəxt etdi. Bu 62 illik ömrümdə dönüb arxaya baxdıqda, çox zəngin, mənalı bir həyat yolu keçdiyimi görürəm və bu jurnalın uğurlarına görə çox sevinirəm, özümü xoşbəxt və şanslı insan sanıram. Bir dəfə Bəxtiyar Qaraca mənə dedi ki,- Nəzakət xanım, çox təvazökarlıq edirsiz, əslində sizin Azərbaycan ədəbiyyatında öz yeriniz var, o yeri də heç kəs sizə təklif etməyib, o yeri siz özünüz qazanmısınız. Bəli, gəlib bu yaşa çatmaq elə də asan olmadı. Yurd itkisi yaşadıq. Mən qarabağlı deyiləm, amma yurd itkisinin nə olduğunu çox yaxşı bilirəm. Babam Ərdəbildən gəlib, mən yurd həsrətini babamın atama söylədiklərində, atamın göz yaşlarında görmüşəm. Yurd həsrəti, nisgili mənim canıma-qanıma hopub. Mənim şeirlərimi oxuyanlar, eləcə də, hər dəfə müsahibə zamanı jurnalistlər soruşurlar ki, siz haralısınız, qarabağlısınızmı? Şeirlərinizdəki bu qədər vətənpərvərlik, nisgil, Qarabağ ağrısı, yurd ayrılığı nədəndir? Cavab verirəm ki,- Bu ağrı, bu nisgil mənə qanla ötürülüb...”
Deyirlər, insan valideynlərini itirəndən sonra dünyanın fani olduğuna daha çox inanır. Atası vəfat edəndə yeddi, anası dünyasını dəyişəndə isə onun iyirmi yeddi yaşı olub. O vaxtdan da bu dünyanın iç üzünü tanıyıb və təsəllini yazıb yaratmaqda, Vətənə xidmətdə tapıb.
Bəli, haqqında söhbət açdığım Nəzakət xanım Məmmədlinin Azərbaycan qarşısında həm bir ana, həm də qələm adamı kimi xidmətləri böyükdür. O, ehtirama, diqqətə layiqdir...
Yanvarın 13-ü Nəzakət xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Yeni təyinat
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına yeni direktor təyin olunmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkənin tanınmış teleaprıcısı və telejurnalisti Dilarə Səlim bu posta rəhbərlik edəcək.
Dilarə Səlim 15 avqust 1968-ci ildə Bakı şəhırində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru, "Görüş yeri" verilişinin müəllif və aparıcısıdır.
Ailəlidir, iki qızı var.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Sədacə, Nadejda xanım
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “O vaxt Nizami Xudiyev televiziyaya sədr təyin olunan kimi müavini vasitəsilə mənə bildirdi ki, fəaliyyətimə böyük hörmət bəsləsə də, hesab edir ki, telekanalın yeni proqram şəbəkəsində mənim yerimi görmür. Bax belə, yeni sədr qəribə qərarını özünə sərf edən şəkildə formalaşdırmışdı. Bu, mənim üçün böyük zərbə idi. Axı ilk iş yerim Azərbaycan Televiziyası olub. O vaxt universitetin filologiya fakültəsinin üçüncü kursunda oxuyurdum. Əyani şöbədə. Oranın jurnalistika fakültəsinin rus bölməsi olmadığı üçün filologiyanı seçmişdim. Dərsdən sonra da televiziyaya gedirdim. Bir müddətdən sonra mənə dedilər ki, səni ştata götürmək istəyirik, amma gərək qiyabi şöbəyə keçəsən. Mən də razılaşdım. Ta 1996-cı ildə məni bu sahədən ayıran insanlar peyda olana qədər Azərbaycan Televiziyasında çalışdım...”
Onunla ilk və sonuncu dəfə məlum vertolyot qəzsında şəhid olan mərhum Vəli Məmmədova həsr etdiyimiz “Millətin Vəlisi” sənədli filminin çəkilişi zamanı görüşüb həmsöhbət olmuşduq. Çox kübar qadın təəsüratı bağışlamışdı. Əsilzadələrə xas olan davranışı ilə seçilirdi...
“Elə o vaxt da mən fikirləşirdim ki, milliyyətcə rus olmağım kiminsə xoşuna gəlməyə bilər və bu, işimə maneçilik törədər. Amma Azərbaycanda belə ovqatın qabarıq xarakter almasını təsəvvür belə edə bilmirdim. Biz o vaxtlar elə süjetlər, verilişlər hazırlayırdıq ki, onların həm mövzusu, həm forması hamını cəlb edirdi. Və indiyə qədər də o layihələri xatırlayanlar az deyil. İndi də yaşlı nəsildən olan adamlar mənə yaxınlaşıb deyirlər ki, biz sizin verilişləri hələ də xatırlayırıq. Mən hər dəfə bunu qeyd edirəm, bir dəfə Lənkəranda yaşlı bir azərbaycanlı qadın mənə dedi ki, rus dilini o qədər də yaxşı başa düşmürəm, amma sənin danışdığının, çəkdiyinin birini də ötürmürəm, çox vaxt da ağlayıram. Hər cür mükafatdan yüksək olan belə etirafların arxasında yəqin ki, nəsə durur - deməli, anlaşma üçün eyni dildə danışmaq yox, eyni ruhla fikirləşmək vacibdi. Məncə, Azərbaycan ruhunu çox yaxşı duyuram. 90-cı illərdə istər münaqişə, istərsə də dinc bölgələrimizdə çəkilişlər aparanda çox şey gördüm. Sadə sakinlər arasında dərrakəli, ləyaqətli insanlar çoxdu. Mən həmişə ətrafımda "məhəbbət ərazisinin" varlığını hiss etmişəm. Azərbaycanlı rəfiqələrim də az deyil, azərbaycanca isə uşaq vaxtı kifayət qədər yaxşı danışırdım, sonralar nədənsə yadırğadım.
Düşünürəm ki, mənim televiziyadan getməyim isə həmin dövrün yaratdığı şəraitlə bağlı deyildi, daha çox peşə paxıllığı ilə bağlı idi. Həmin dövr mənim üçün çox ağrılı oldu. Ola bilər, mən məhəbbət bolluğundan ərköyünləşmiş insanam, halbuki uşaq vaxtı aclığın da nə olduğunu dadmışam. Amma Rasimlə tanışlıq mənə o qədər məhəbbət verdi ki, ömrümün axırına qədər bəs edər. Əgər Rasim İsmayılov kimi ömür-gün yoldaşım olmasaydı, heç bilmirəm televiziyadakı işimdəm ayrılmağımı necə yaşayacaqdım.”- söyləyir.
Ömür-gün yoldaşı, mərhum Rasim İsmayılovu ehtiramla yad edir. Ona olan sevgisinin hələ də tükənmədiyini dilə gətirir.
Deyir ki,- “Biz AzTv-də tanış olmuşuq. Məni o vaxt yenicə işə götürmüşdülər. Rasim isə "VGİK"i bitirib, təcrübə keçmək üçün Bakı televiziyasına gəlmişdi. Ona elə Rusiyada, ya da Pribaltikada da təcrübə keçmək təklif olunmuşdu. Amma özü Bakıya gəlmək istəmişdi. Rasim sonralar xatirələrində yazmışdı ki, televiziyanın dəhlizində bu qızı ilk dəfə görən kimi başa düşdüm ki, mənim gələcək həyat yoldaşım məhz o, olacaq. Həmin gün mən işə gecikmişdim, iş otağıma isə sədr müavininin kabinetinin qabağından keçib getməli idim. Gecikməyimi gizlətmək üçün çantamı dəhlizdə qoydum, özüm isə kabinetin qabağından elə keçdim ki, elə bil bayaqdan işə gəlmişəm. Şöbə müdirindən xahiş elədim ki, çantamı gətirsin. Rasim isə sən demə, dayanıb bütün bunları maraqla müşahidə edirmiş. Xoşbəxtlikdən onu da bizim şöbəyə təyin elədilər. Bir də gördüm ki, içəri sarışın bir oğlan girdi. Elə həmin gün bir həmkarımız şöbənin işçilərini evinə qonaqlığa dəvət etmişdi. Rasim isə təzə işçi olmasına baxmayaraq, dedi ki, olar mən də gəlim? Sən demə, onun planı var imiş. Həmin qonaqlıqda həmkarımızdan biri xeyli müddətdir qeyri-rəsmi bir yerdə yaşadıqları xanıma rəsmi evlənmək təklifi elədi. Rasim məni evə ötürəndə dedi ki, bəlkə biz də evlənək? Onun hisslərindən xəbərsiz olduğum üçün bu təklif hətta xətrimə dəydi. Fikirləşdim ki, gör bir, mən ağatlı şahzadə gözləyirdim, indi isə "za kampaniyu" evlənmək təklifi eşidirəm. Sonra isə düz 43 il xoşbəxt ailə həyatı yaşadıq. Həyatımın xoşbəxt anları yalnız Rasimlə bağlıdı. Bizim ailə həyatımız elə ülvi hisslər üzərində qurulmuşdu ki, dost-tanışlarımızın bir çoxu bizdən nümunə götürürdülər. Ruhən o qədər yaxın olmuşuq ki, vəfatından illər ötməsinə baxmayaraq, indi də onu yanımda hiss edirəm, o, indi də mənə kömək edir...”
Ərinin ölümündən sonra axirət dünyasına inanmağa başlayıb. Bir dəfə qızı Cəmilə səhər tezdən İtaliyadan zəng edərək ona deyib ki: “Atamı yuxuda gördüm, yuxuda onunla telefonla danışırdım. Atamın səsini lap aydın eşidirdim, məndən soruşdu ki, sizin üçün Yeni il hədiyyəsi seçə bilmirəm, nə istəyirsiz, de, alıb göndərim. Dedim ki, bizim üçün ən böyük hədiyyə səni görməkdi, dəqiq ünvanı de, gələk. Atası isə cavab verib ki, yox, sizə bura gəlmək olmaz, heç burdan zəng də eləmək olmaz, mənə hörmət eləyib icazə veriblər...”
Bəli, bütün xatirələri mərhum həyat yoldaşı ilə bağlıdır. Necə deyərlər, adı dilindən düşmür.
“Rasim vətəndən uzaqda yaşamağa meylli insan deyildi. Halbuki bunun üçün kifayət qədər geniş imkanları var idi. Səyahəti çox xoşlayırdı. Sovet vaxtı birlikdə dünyanın az qala yarısını gəzmişdik. Hər dəfə də Bakıya çatanda Abşeronun havasını, Xəzərin neft qoxuyan ətrini hərisliklə ciyərlərinə çəkirdi. Mən onun bu cəhətini həmişə yüksək qiymətləndirmişəm. Azərbaycanı pafosla, hirslə tərk edən cavanlara həmişə deyirəm ki, doğulub boya-başa çatdığın torpaqdan belə üz döndərmək olmaz, gedirsiniz, gedin, daha belə acıqlı-acıqlı danışmaq nəyə lazımdı? Axı günah torpaqda deyil ki, siz burda öz yerinizi tapa bilməmisiniz, günah yaranmış şəraitdədi. O illərdə Rasimə Estoniyadan, Moskvanın Qorki adına kinostudiyasından dəvətlər oldu. Özü də tam real dəvətlər. Rasim müstəsna dərəcədə bacarıqlı operator olmaqdan başqa rejissor kimi də elə təkcə "Şir evdən getdi" filmi ilə ən görkəmli, ən müxtəlif aktyorlarla işləmək, baxımlı film yaratmaq bacarığını sübut etmişdi. Ümumiyyətlə, indiyə qədər Rasimin işlərinə bərabər ola biləcək nümunə tapmamışam. Mən istəyirdim ki, o, dəvətləri qəbul edib, yenidən öz işi ilə məşğul olmaq üçün imkan qazansın. Hətta bir müddət özü də buna hazır olduğunu sandı. Amma bir gün mənə dedi ki, Bakıdan köçüb-getsəm, ölərəm. Mən də dedim ki, onda bu söhbəti bağlayaq, sən mənə diri lazımsan.
Qarabağ məsələsi başlayanda isə onu burdan heç bir qüvvə çıxarda bilməzdi. Belə sarsıntılar fəsadsız keçib-getmir, mütləq sağlamlığa təsir edir. Rasim dörd gün "koma"da qaldı. Mən özümü elə aparırdım ki, elə bil hər şey yaxşı olacaq, sonun çatdığını qəbul eləyə bilmirdim. Nəhayət, bir gün mənə dedilər ki, dəfn yerini müəyyənləşdirməliyəm.”- söyləyir.
Bəli, haqqında söhbət açdığım ssenari müəllifi və kino redaktoru kimi yaddaşlarda yer alan əməkdar jurnalist Nadejda İsmayılova çox mehriban, geniş dünyagörüşünə malik, parlaq istedadlı və sədaqətli xanımdır. Xatirələrini elə şərh edir ki, olub keçənlər sanki kino lenti kimi adamın gözlərində canlanır.
Bir vaxtlar mavi ekranlarda tez-tez görünən bu xanım, öz gözəl verilişləri ilə bizi çox maarifləndirib. Uzun illər bu verilişləri sevə-sevə izləmişik.
Bəlkə də mənimlə həmfikir olan insanlar da var. Düşünürəm ki, haradsa, qəlbimizin dərinliyində ona təşəkkür borcumuz qalıb. Yəqin ki, bu borcu ödəməyin zamanı çatıb. Axı insan ömrü elə də uzun deyil…
Azərbaycan jurnalistikasında misilsiz xidmətlərinizə görə sizə təşəkkür edirik, Nadejda xanım!..
Yanvarın 14-də Nadejda xanımın 86 yaşı tamam olur. Onu ad günü münasibətilə təbrik edir, ağrı-acısız günlər arzulayıram. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
POETİK QİRAƏTdə Yaşar Süleymanlının “Oldun” şeiri
Poetik Qiraətdə bu gün sizlərə Rusiyada yaşayıb yaradan şairimiz Yaşar Süleymanlının şeirini təqdim edirik.
"Oldun" adlı bu şeirimi həm də dəyərli şairimiz, Rusiya yazıçılar birliyinin üzvü Afaq Şıxlı rus dilinə tərcümə edib, Rusiya oxucularına əlçatan edib.
OLDUN
Bir gülsən mənimçün heç vaxt solmayan,
Sən könül bağımın sonası oldun.
Mənim övladıma ana olmayan!
Gör, neçə şerimin anası oldun.
Qara günlərinmi saçındakı dən?
Yanında başqası, ürəyində mən,
Özgə ocağının kənarında sən,
Bir ömür üşüyüb, donası oldun.
Gözlədik vüsalı hey boyun büküb,
Ömürdən ayları, illəri söküb,
Gecələr sübhədək göz yaşı töküb,
Eləcə həsrətlə yanası oldun.
Çıxmadıq taleyin biz sınağından,
Yan keçdik qismətin düz qırağından,
Utandın, çəkindin el qınağından,
Sevsən də eşqini danası oldun.
Bir gülsən mənimçün heç vaxt solmayan,
Sən könül bağımın sonası oldun.
Mənim övladıma ana olmayan!
Gör, neçə şerimin anası oldun.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Mişel Qurənşa: Cəmiyyətə töhfə vermiş şəxsiyyətlərin heykəlinə qarşı vandalizm aktı bağışlanmazdır
Azərbaycan şairəsinin heykəlinə qarşı törədilmiş vandalizm aktı haqqında eşitdim. XIX əsr Azərbaycan poeziyasının əsas simalarından olan, “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınmış Qarabağ xanının nəvəsi Xurşidbanu Natəvanın heykəlinin Evian-Le Bəndə vandalizm aktına məruz qalması hər kəsi şoka salır.
Bu fikirləri Fransanın Konyak şəhərinin sabiq meri Mişel Qurənşa AzərTAC-a müsahibəsində deyib. Bildirib ki, XIX əsrdə Şərqdə qadın azadlığına bu qədər töhfə verən bir azərbaycanlı şairənin heykəlinə qarşı belə vandalizm aktın əks-təsiri olacaq. Bunu törədənlər bunu dərk etməlidirlər.
“Bu çox mənfi bir hərəkətdir. Vandalizm hər hansı bir fikri müdafiə etməyə töhfə verə bilməz. Mədəni irs abidələri, eləcə də mənşəyindən asılı olmayaraq, cəmiyyətinə töhfə vermiş şəxsiyyətlərin heykəlinə qarşı törədilən vandalizm aktı bağışlanmazdır”, - deyə sabiq mer bildirib.
Qeyd edib ki, kiminsə etirazı və ya narazılığı varsa, bu, hər hansı bir abidənin üzərində ifadə edilə bilməz. Mədəniyyəti siyasətlə qarışdırmaq olmaz. Mədəniyyətin inkişafına töhfə vermiş şəxsiyyətlərin heykəlləri, əsərləri xalqlar arasında körpüdür. Bu körpünü möhkəmləndirmək lazımdır. Yazıçılar, şairlər tariximiz, mədəni irsimizin tərkib hissəsidir. Onlar qorumaq və nəsildən-nəslə ötürmək hər birimizin borcudur.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Üçlər saziş bağladı
Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizin minalaşdırılması əleyhinədirlər. Dünən bu dövlətlər İstanbulda kommunike imzalamışlar.
Təbii ki, əsas təhlükə Qara dəniz sahillərində qərarlaşmış Krımı özünə ilhaq eləmiş Rusiyanın Ukrayna ilə apardığı müharibədən irəli gəlir.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Məşhur rus aktyoru Yuri Solomin vəfat edib
Məşhur sovet və rus aktyoru, SSRİ Xalq artisti Yuri Solomin 88 yaşında vəfat edib.
“Əzablı yollarla” filmindəki Telegin roluna görə bu aktyor bircə gün ərzində bütün SSRİ məkanında sevilmişdi. O, uğurlu aktyor və uğursuz məmur həyatı yaşadı…
İnsult keçirən sənətçi bir neçə gün əvvəl iki ay müalicə olunduğu xəstəxanadan evə buraxılmışdı. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı RİA Novosti-yə istinadən xəbər verir. Amma evdə ikən qəfil halı pisləşib və işıqlı dünyadan köçüb.
Yuri Solomin 1935-ci il iyunun 18-də Çitada anadan olub. 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində aktyorluq sənətindən dərs deyib. O, “Zati-alilərinin adyutantı”, “Əzablı yollarla”, “TASS bəyan etməyə səlahiyyətlidir” və digər filmlərdəki rolları ilə sovet tamaşaçılarının rəğbətini qazanıb, aktyor 60-a yaxın film və serialda rol alıb. Y.Solomin 1990-1991-ci illərdə RSFSR-nin mədəniyyət naziri olub. Amma SSRİ dağılıb və o, çox erkən kreslonu tərk etməli olub.
Y.Solominlə vida mərasimi onun uzun illər bədii rəhbəri olduğu Malıy Teatrda olacaq.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
30-cu hissə
Turallı günlər
Günlərin yaxşısını, pisini yaşayanda elə də fərqləndirmirik, elə ki yaşadıq, bitdi, illər sonra fərqinə varırıq ki, filan vaxt necə də xoşbəxt olmuşuq, filan vaxt necə də bədbəxt olmuşuq.
Turallı günlərdə Ülkər çox xoşbəxt idi. Banu onların rahatlıqları üçün ev kirayələyib köçüb getmək istəmişdi, amma Ülkər buna razı olmamışdı.
Tural öz işləri ilə məşğul olurdu, məscid, dindar dostların əhatəsi, bir də metronun yanındakı nöqtələrinə ətriyyat qutuları gətirmək. Ülkərlə Banu isə ətriyyatı satır, qazandıqları pulları üst-üstə yığıb Turala təhvil verirdilər. Ərzaq, təsərrüfat malları, pal-paltar almağa da üçlükdə gedərdilər. Büdcələri tam şəffaf idi, sanki üç bədəndə bir can kimi yaşayırdılar.
Banu ilə Ülkər həyatın vəfasızlığından saatlarca danışardılar, insanların etibarsızlığı, kişilərin azğınlığı aparıcı mövzu olardı.Təkcə Turaldan danışanda hər ikisinin gözləri gülərdi. Turalın mənfi bir yönü yox idi gileylənməyə.
Həftəsonları isə üçlükdə gedib Aylini nənəsinin yanından götürər, gəzməyə çıxarardılar. Karusellər, zoopark, sirk, uşaq teatrı – hər dəfə Aylini yeni bir əyləncə ilə sevindirərdilər. Hər gəzintinin sonunda da ona mütləq bir oyuncaq hədiyyə edərdilər.
Ülkər qızıyla ayrı yaşamağa əsla dözə bilmirdi, amma onu yanına – Əhmədliyə gətirmək istəmirdi. Əvvəla, ev Zöhrənin evindən fərqli olaraq şəraitsizdi, darısqaldı, dörd nəfərə burada yaşamaq çətin olacaqdı, mütləq uşağın öz guşəsi olmalıydı. İkincisi, bura Əhmədliydi, Aylini hər gün şəhərin digər başına məktəbə aparıb-gətirmək zülm olacaqdı. Üçüncüsü isə, Ülkərin bu yeni izdivacını top-tüfənglə qarşılayan Zöhrə “Sən qızışmısan, get kefini çək, Aylinə isə toxunma, getdiyin o xarabada körpənin nə iti azıb” deyərək Aylinin Ülkərlə getməsinin qəti əleyhinə çıxmışdı.
Tural Ülkərin xiffət çəkdiyini görcək deyirdi, Ülkərcik, inşallah, Allah qismət eləyər, səbəb salar, evimizi böyüdərik, Aylin balamızı da gətirərik yanımıza, birlikdə şad-xürrəm yaşayarıq.
Bəzən üçlükdə Nazəndə xanımı da yoluxmağa gedərdilər. Rəşid müəllimlə bağlı olaydan sonra qəlbinin sındığını etiraf etsə də, Nazəndə xanım onları gülərüzlə qarşılayır, süfrə açırdı. Nazəndə xanım tez-tez Zöhrəgilə getməyi, Aylini yoluxmağı əsla gündəmdən çıxarmamışdı, iki nənə bir nəvələri ilə təsəlli tapırdı.
O arada Madar tam itib-batmışdı, son dəfə narkomaniyadan əziyyət çəkdiyi, yaşadığı ukraynalı qadın tərəfindən evdən qovulduğu xəbərini almışdılar, vəssalam. Harada idi, nə işlə məşğuldu, bilən yoxdu. Sağ-salamat olmasına heç əminlik də yox idi.
Düzdür, Nazəndə xanım ağlayar, canından can verdiyi Madarın bədbəxt taleyinə üzülərdi. Hər halda balasıydı axı. Amma insanlıqdan uzaq olan, bu fikirsiz-düşüncəsiz, bu ürəksiz, hissiz-duyğusuz varlığın xilası yox idi, bunu da gözəl bilirdi. Övladlar bəzən valideynlərinin ölüm epikrizinə çevrilirlər nədənsə. Allah Madarı, deməzsənmiş, bəla olaraq vermişdi valideynlərinə.
Bir gecə Ülkər dedi ki, Tural, istəyirəm bir oğlumuz olsun, Aylinimizə qardaş gərəkdir. Adını da artıq düşünmüşəm. Adını Elvin qoyaq.
Gözləyirdi ki, Tural da ona qarşılıq verəcək, fikrinə şərik çıxacaq. Amma Tural gözlənilməzləri dedi, dedi, Ülkərcik, mənim bir çətin səfərim gözlənilir, qoy gedib sağ-salamat qayıdım, ondan sonra balamızı dünyaya gətirərik.
Ülkərin damarında qanı dondu. Necə yəni çətin səfər, necə yəni sağ-salamat qayıtmamaq ehtimalı?
Tələb etdi ki, Tural ona açıqlama versin.
-- Sən nə danışdığının fərqindəsən, Tural? Necə yəni çətin səfərin var? Neçə yəni qoy gedim, sağ-salamat qayıdım, sonra? Sənin nə səfərin ola bilər ki, ordan sağ-salamat qayıtmağa belə gümanın azdır? Yalvarıram, bəlalardan məndə can qalmayıb. Bir yeni bəlaya da sən salma məni.
Tural onu sakitləşdirməyə çalışdı:
-- Yoxe, Ülkərcik, narahat olma, sözgəlişi dedim, əlbəttə, gedib sağ-salamat qayıdacam, oğlumuz da olacaq.
Ülkər nə illah eləsə də, Tural məqsədini açıqlamadı. Ülkər göz yaşları içində Turalın sözlərini Banuya çatdırdı, Banu da Turaldan izahat tələb etdi, amma Tural ona da planını açıqlamadı.
O gündən Ülkərin simasına qara buludlar qondu. Nə yediyinin, nə içdiyinin fərqində oldu. Hiss edirdi ki, haradasa lap yaxında bir təhlükə var, onların üstünə şığımaqdadır. Səksəkə içində idi.
Novruz bayramı ərəfəsində Tural harasa hazırlaşdığını hiss etdirirdi, daim məşğul görsənirdi, sübh namazında gedirdi, bəzən gecədən xeyli keçmiş qayıdıb gəlirdi, dükana ətriyyat gətirməsi də, uzun-uzadı dini söhbətlər, məşvərətlər də kəsilmişdi, amma hər gecə Tural Məhəmməd peyğəmbərdən (c), Həzrəti Əlidən, Ömərdən, Mövlanədən qiymətli kəlamlar səsləndirərdi. Bu kəlamlar Ülkərin şüuruna yazılırdı.
Quranla insan əkiz qardaşdır.
Sənə edilən hər yaxşılıq Allahdandır. Pislik isə nəfsindəndir.
Niyyəti pis olanın atdığı ox özünə qayıdar.
Ədalətsizlik edən ədalətsizliyə uğrayandan daha bədbəxtdir.
Yaxşılığı gizlətmək pisliyi gizlətməkdən üstündür.
Eyni dildə danışanlar yox, eyni duyğuları paylaşanlar anlaşa bilərlər.
İnsanı çox dil bilməsi deyil, könlün dilini bilməsi dəyərli edər.
-- Ülkərcik, bunları şüuruna yaz, elə yaz ki, heç vaxt pozulmasınlar. Tamammı?
-- Tamam.
-- Ülkərcik, burnunu sallama. Hər şey yaxşı olacaq. Hələliksə qoy bu müqəddəs fikirlər səninçün təsəlli olsun. Tamammı?
-- Tamam.
-- Qurandan ayrılmayın, onu özünüzə imam və öndər seçin.
Minnət ağır yükdür, heç kim daşımaq istəməz.
Qurani-Kərimi güclü olmaq üçün oxuyun.
Allah qarşınıza Allah qorxusu olanları çıxarsın, gerisi təfərrüatdır.
Allahım, yalnız Səni sevməyimin dərdiylə doldur məni.
Hər insanın qiyməti əxlaqının gözəlliyi qədərdir.
Sonuncu gecə səhərə qədər yatmadılar. Tural hey danışdı, danışdı, içindəki Allah sevgisini izhar etməkdən doymadı, dedi, Ülkərcik, Allah tək olmasın deyə özünə bab insanları da yaratdı, amma onları eyni cür xəlq etmədi, onlara seçim azadlığı verdi ki, biri ədalətli, biri zalım olsun, biri güclü, biri zəif olsun, biri ağıllı, biri savadsız olsun, biri imanlı, bir əyyaş olsun.
Dedi, Allah dini yaratdı ki, insanlar etiqad etsinlər, düz yoldan sapınmasınlar, bir də dinə bərabər tutduğu sevgini yaratdı. Sevgi insan mənəviyyatını korşalmağa qoymayan, çirklənməkdən uzaq saxlayan ən qiymətli məfhumdur.
Səhər işıqlaşanda Tural sübh namazına duranda bu kəlmələri iki dəfə təkrarladı, dedi: “Sevgilinin dəyəri onu sevənin sevgisi ilə ölçülür”.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
İstəmədiklərinə “yox” de ki, istədiklərinə “hə” deməyə vaxtın qalsın
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət” üçün
Hər zaman duyğularınla hərəkət etmə, gözəl insan. İşıq olacağını ümid edib yeridiyin qaranlıq yolda durub, nəyi niyə etdiyini az da olsa düşün, deyərdim. Bir neçə onluq arasına sığışdırmağa çalışdırdığın bu ömrü niyə hədər edəsənki? Bir haldakı kimsə bunun asan fərqinə varmazkən.
Bunu yazmaqda məqsədim mənim də sənin kimi olduğumu özümə sübut etməkdi.
Bəlkə bu günə qədər istəmədən neçə-neçə "hə"lər demişəm. Kimsə qırılmasın, ya da haqqımda yalnış düşünməsin deyə. "Yox" desək, sanki dünya duracaq kimi necə də qəlbimizə qarşı çıxdıq, dostum. Ehh....
Artıq gec də olsa, "yox" deməyi öyrəndim. Öz istəklərimi mərkəzə qoymağı bacardım sonunda. Bunu etdiyimdə bir şeyin fərqinə vardım. Əslində, kimsə məni nəyəsə məcbur etmirmiş. Yəni istəmədın "hə" demək yerinə, rahatlıqla “yox" deməyi yoxlaya bilərdim.
Demək ki, insan ilk öncə" nə istəyirsən?" sualını özünə verməyi bacarmalıdı.
Sənə də bu həyat yolunda kiçik tövsiyəm odur ki, istəmədiklərinə "yox" deməyi bacar ki, istədiklərinə "hə" deməyə vaxtın olsun.
Yanlış olan dünyada doğru yeriməyi bacarmaq ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)
Sabah Kukla Teatrı uşaqları “Qırmızı papaq” tamaşası ilə sevindirəcək
Yanvarın 13-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.
Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə rejissor Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)