Super User

Super User

Bazar ertəsi, 20 May 2024 10:03

İdman ən yaxşı motivəedəndir

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsanı pozitivliyə motivə edən faktorlar arasında, çox şübhəsiz, bədən tərbiyəsi və idman ən vacib yerlərdən birini tutur. Adətən cəmiyyətin mədəni səviyyəsi böyük ölçüdə insanın fərdi xüsusiyyətlərinin tam açılması və bunlardan istifadədən asılıdır. Burada da xüsusən qeyd edilməlidir ki, ümumbəşəri mədəni sərvətlər sistemində sağlamlığın və fiziki hazırlığın səviyyəsi ən vacib tərkib hissələrindəndir.

Bədən tərbiyəsi və idman insan fəaliyyətinin müstəqil növüdür ki, cəmiyyətin inkişafında onun böyük əhəmiyyəti var. Bu növ cəmiyyətin formalaşmasında, insanın formalaşmasında, habelə ictimai münasibətlərin inkişafında hədsiz rola malikdir.

Bədən tərbiyəsi – cəmiyyətin ümumi mədəniyyətinin bir hissəsi olaraq sağlamlıq səviyyəsinin möhkəmlənməsinə yönəldilmişdir. O, hərtərəfli və harmonik şəxsiyyətin tərbiyəsi kimi sosial funksiya həyata keçirir.

Hazırda insanın rifah halının yüksəldilməsinin prioritet hesab edildiyi bütün ölkələrdə, o cümlədən də Azərbaycanda bu sahənin sağlam gənclik yetişdirilməsində, ümumən, şəxsiyyətin motivasiyasında əhəmiyyəti roluna böyük diqqət yetirilməkdədir.

Bədən tərbiyəsi və idman şəxsiyyətin real-praktik və ideal-psixoloji fəaliyyətinin vəhdətidir, bu fəaliyyət ərzində insan həm cəmiyyətlə, həm də təbiətlə əlaqədə olur. Bu əlaqələr nə qədər universal olsa o qədər hərtərəfli inkişaf edəcək.

Ölkəmizdə bu gün stadionların, idman meydançalarının inşası, Olimpiya mərkəzlərinin istifadəyə verilməsi (hazırda ölkədə 21 olimpiya-idman kompleksi fəaliyyət göstərir) durmadan vüsət almaqdadır.

Uşaq yaşlarından azərbaycanlıların kütləvi olaraq idman bölmələrinə üzv yazılması tendensiyası sezilir, ölkədə idman çox populyardır.

Adətən idmanın ölkəyə qızıl medallar gətirmək, ölkənin himnini səsləndirmək, idman imicini möhkəmləndirmək baxımından rolu qeyd olunur, həvəskar idmandan daha çox peşəkar idmana üstünlük verilir. Amma bizdə sabahını düşünən bütün digər ölkələrdə olduğu kimi bədən tərbiyəsinə, həvəskar idmana böyük önəm verilməkdədir. Niyə də olmasın, axı bədən tərbiyəsi və kütləvi idman:

 - İnsan orqanizminin ümumi inkişafına, möhkəmlənməsinə səbəb olur, onun sağlamlığına şərait yaradır, involyusiya proseslərini dayandırır, insanın hərəkətliliyini təmin edir;

 - gənci əmək fəaliyyətinə hazırlayır, onun əmək qabiliyyətini yüksəldir, fiziki dözumlülüyünü, güc və iradəsini artırır;

 - gənci vətənin müdafiəsinə hazırlayır, onun qəhrəman və cəsur olmasına, hər cür çətinliklərə sinə gərə bilməsinə stimul yaradır;

 - vətəndaş üçün asüdə vaxtın rasional istifadəsini təmin edir; idman meydançaları və zallar, stadionlar, bir növ, aktiv istirahət meyarına çevrilir;

 - istənilən çətin anda, hətta həyatdan ağır psixoloji zərbələr alınan vaxt belə qazanılan fiziki hazırlıq üstünlükləri insanın toparlanmasına, mətinlik və dözüm nümayiş etdirməsinə kömək edir;

 - bədən tərbiyəsi və idmanla məşğul olmaq insanı siqaret, alkoqol, narkotik kimi zərərli vərdişlərdən tam kənarda saxlayır, fiziki təmrinlər insanı ümidsizlik, bədbinlik, həyatdan küskünlük kimi neqativ hallardan sığortalayır, ona pozitivlik, həyat eşqi bəxş edir.

 - bədən tərbiyəsi və idman dolayısı ilə şəxsiyyətin formalaşmasında əsas keyfiyyətlərin yaranmasına da xidmət edir, düzgün fiziki təlim görmüş şəxs yaxşı düşünmək, qərar qəbul etmək və bu qərarın yerinə yetirilməsinə nail olmaq, məqsəd və vəzifələrə çatmaq üçün qarşısına çıxan bütün maneələri dəf edə bilmək üstünlükləri də qazanır.

Bədən tərbiyəsi və idmanın insan sağlamlığına gətirdiyi töhfələri isə saymaqla qurtarmaz:

 - Daimi fiziki hərəkətlərlə məşğuliyyət nəticəsində insan bədənində mübadilə prosesi aktivləşir, insanın enerjisi artır;

 - Fiziki hərəkətlərdən uzaq qaçan insanda əzələ atrofiyası, sümük möhkəmliyinin azalması, mərkəzi əsəb sisteminin, nəfəs yolları funksiyalarının pisləşməsi müşahidə edilir. Orqanizmin həyat fəaliyyəti və tonusu aşağı düşür;

 - Məqsədyönlü fiziki hərəkətlərlə və idmanla məşğul olmaq qan dövranını, ürək əzələlərinin fəaliyyətini, əzələlərin qanla təminatını, əsəb sistemini yaxşılaşdırır.

 - Belə hərəkətlər ürəyi möhkəmləndirir, qan təzyiqini normallaşdırır;

 - Belə hərəkətlər müsbət şəxsi keyfiyyətlərə yol açmaqla yanaşı, diqqətli olmağa, zehnin və yaddaşın güclənməsinə, immun sisteminin möhkəmlənməsinə də səbəb olur.

 - Fiziki yüklənmələr zamanı yaranan böyrəküstü harmonlar ürəyə olduqca müsbət təsir göstərir;

 - Xüsusən qaçış, üzgüçülük, velosiped sürmə kimi idman növləri sağlamlığa mükəmməl təsir göstərir.

Dünyada təkcə fitnes klublarda 120 milyon insan idmanla məşğul olmaqdadır.

Bu gün mənim ölkəmin bütün məktəbəqədər müəssisələrində, məktəblərində, əksər ali məktəbində, ordusunda, müdafiə tipli müəssisələrində dövlət proqramı əsasında icbari bədən tərbiyəsi məşğələləri keçirilir (bunlar müxtəlif kütləvi idman oyunları, istehsalat gimnastikası, bədən tərbiyəsi fasilələri və s. şəklində tətbiq olunur).

Mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycanın hazırda dünyada idman ölkəsi kimi tanınması, ölkəmizin müsbət idman imicinin formalaşması bu gün hər bir azərbaycanlını qürurlandırmaqdadır. İlk Avropa oyunlarının 2015-ci ildə məhz Bakıda keçirilməsi, dünyanın ən baxımlı idman turnirlərindən olan «Formula-1» yarışmasının «Azərbaycan qran-prisi»nin həyata vəsiqə qazanması kimi iki uğuru ayrıca qeyd edərdim.

Ölkədə idmana verilən önəmin bariz nümunəsi ölkə Prezidenti İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin Prezidenti olmasıdır.

Tarixi mənbələrə müraciət etsək, görərik ki, lap qədim dövrlərdə – bürünc dövründə Azərbaycanda insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılar, rəqslər mövcud olub. Ölkəmizə gələn hər bir əcnəbinin qədim qayaüstü yazılarına və rəsmlərinə böyük maraqla tamaşa etdiyi Qobustan qayaları ölkəmizdə bədən tərbiyəsinin qədimliyinə aşkar sübutdur.

Bu gün Azərbaycanda 8940 idman qurğusu və bədən tərbiyəsi sağlamlıq kompleksi fəaliyyət göstərir, 14 idman cəmiyyəti mövcuddur.

Müstəqil Azərbaycanın idmançıları indiyədək (1996 – 2016-cı illər) Yay Olimpiya oyunlarında 8 qızıl, 12 gümüş və 26 bürünc olmaqla cəmi 46 medal qazanmışlar, Avropa və dünya birincilikləri və kuboklarında ümumilikdə müxtəlif əyarlı 2615, o cümlədən 897 qızıl medala layiq görülmüşlər.

Təsadüfi deyil ki, idmana sülhün elçisi, bədən tərbiyəsinə isə sağlamlığın özülü adını vermişlər.

Xüsusən elmi-texniki tərəqqinin inkişaf etdiyi, istehsalatın tam avtomatlaşdırıldığı, avtomobil və liftlərin cövlan etdiyi, məişətdə paltaryuyan, qabyuyan maşınların, tozsoranların hegemonluğu şəraitində, urbanizasiyanın və texnizasiyanın insan hərəkətliliyini tam məhdudlaşdırdığı, hipodinamiyaya gətirdiyi hazırkı şəraitdə başa düşmək lazımdır ki, bədən tərbiyəsi və idman, ümumən, hərəkətlilik insanın xilası deməkdir.

İdmana gəlin, idmana tapının, əziz oxucularım. İdman sağlamlıq, gözəlliklə yanaşı, güc və çevikliklə yanaşı həm də ən yaxşı motivasiyaedəndir, bax bunu unutmayın!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Xanımana Əlibəylinin “Yol”  şeiri təqdim ediləcək.

 

Yollar dünyada çoxdur,

 Sayı-hesabı yoxdur.

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu.

 Bir yol var ki, dünyada

 Onu getmirsən hədər.

 Həmişə düşür yada,

 – Qoca olana qədər.

 Bax, uşaqla doludur,

O, məktəbin yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Azərbaycan rəqs sənətinin inkişafında özünəməxsus yeri olan Xalq artisti Roza Cəlilovanın mayın 17-də 95 yaşı tamam olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları yubilyar sənətkarı evində ziyarət ediblər.

 

Roza Cəlilovanı yubileyi münasibətilə təbrik edən nazir sənətkara, möhkəm cansağlığı və fərəhli ömür arzulayıb.

 

Qeyd olunub ki, Xalq artistinin Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, respublikanın ali təltiflərinə və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

Sonra Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib.

 

Xalq artisti Roza Cəlilova deyib ki, Ulu Öndər Heydər Əliyev mədəniyyətimizin bütün sahələri kimi, rəqs sənətinə də diqqət və qayğı göstərib. Sənətkar mədəniyyətimizin böyük himayədarı ilə bağlı xatirələrini bölüşüb.

 

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

 

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri və s. mədəni əməkdaşlığın göstəriciləridir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mayın 19- da başlamış və mayın 23-dək davam edəcək, Bakıda və Gəncədə baş tutan Tacikistan Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.

Mayın 20-də saat 17:00-da mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində Tacik Kinosu Günlərinin açılış mərasimi olacaq. Mərasim zamanı "Rüstəm və Söhrab" filmi nümayiş etdiriləcək.

Həmin gün saat 18:00-da Heydər Əliyev Mərkəzində "Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri" sərgisi açılacaq.

Axşam saat 19:00-da isə Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Qonaq ölkənin incəsənət ustalarının qala-konserti təqdim olunacaq.

Mayın 21-də saat 16:00-da Nizami Kino Mərkəzində kinosevərlər "Şöhrətlənən Sarəzm" sənədli filmini izləyəcəklər.

Mayın 22-də saat 16:00-da Nizami Kino Mərkəzində "Tale" ("Fortuna") bədii filmi göstəriləcək.

Mədəniyyət günlərinin sonuncu günündə - mayın 23-də Nizami Kino Mərkəzində saat 16:00-da Tacik Kinosu Günlərinin bağlanışı olacaq. Kinosevərlər "Güzgü" bədii filmini izləmək imkanı əldə edəcəklər.

Həmin gün axşam 19:00-da isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Tacikistanın incəsənət ustaları tərəfindən konsert proqramı təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq, həmkarlarını və muzeysevərləri bayram münasibətilə səmimi qəlbdən təbrik edib. 

 Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin şagirdləri dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamran Vəlizadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

KAMRAN ƏKBƏR OĞLU VƏLİZADƏ

(14.09.1996.-23.10.2020.)

 

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində doğulmuş, şəhid Elmar Məmmədov adına orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Qubadlı rayonu

Dəfn yeri:  Lənkəran

Allah rəhmət eləsin!

 

KAMRAN                                    

Taleyinə torpağı azad etmək düşənlər,

Yurd üçün aslan kimi, şir kimi döyüşənlər,

Məkanın bu dünyadan cənnətə dəyişənlər,

Oğulların hər biri bizə doğma, əzizdir.

 

Söhbət açdığım Kamran gözəl bir məkandandır,

“Balıqçılar” köyündən, bəli, Lənkərandandır.

Vətən sevgisi bizə həm süddən, həm qandandır,

Fərqi yoxdur, çəməndir, bulaqdır, çaydır, düzdür.

 

Kamrangilin ailəsi zəhmətkeş, halal idi,

Nə qədər xoş arzular, istəklər xəyal idi,

Bu evdə, bu ocaqda, pis niyyətlər lal idi,

Mehribanlıq coşqun çay, məhəbbətsə dənizdir.

 

Kamran orta məktəbi əlalarla bitirdi,

İmtahanı verərək ali məktəbə girdi,

ADNSU-elm ocağı ona uğur gətirdi,

Bu məbəd şan-şöhrətli ali məktəbimizdir.

 

Ali təhsilin alıb, işləyirdi mühəndis,

Razı idilər ondan hamı-işçi,  rəis,

İnsan gərək həyatda əməliylə qoysun iz,

Safların əqidəsi, yolu amalı düzdür.

 

Hərbi xidmətini o, Daşkəsəndə keçirdi,

Ürəyinə nə qədər xatirələr köçürdü,

Doqquz Fəxri Fərmanı, xidmətinə “möhürdü”,

Torpağı geri almaq bizim məqsədimizdir.

 

Otuz il torpağımız bizdən ayrı düşübsə,

Qüssədən ürəyimiz qubar edib, şişibsə,

“Qarabağ” deyən dillər ağızlarda bişibsə,

Döyüşə getməliyik, Allahdan əmrimizdir.

 

Atıldı döyüşlərə cəsarət ilə Kamran,

Düşmənlərlə döyüşdü rəşadət ilə Kamran,

Qısa ömrün yaşadı ləyaqət ilə Kamran,

Şəhadətə yetişdi, şəhidlərsə ölməzdir.

 

Şəhidlik arzusuydu, bu söz deyil, əməldi,

O insan xoşbəxtdir ki, ölümü də gözəldi,

Qubadlıda zirvəyə, ölməzliyə  yüksəldi,

Xatirəsi qəlblərdən heç zaman silinməzdir

 

Ölməzlər sırasına Kamran, adın yazılıb,

Torpaqlar düşmənlərdən əbədilik alınıb,

Şuşada Xankəndində, zəfər himni çalınıb,

Xalqımız qalib olub, ordumuz yenilməzdir.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə Sədyar Vəzifə Eloğlunun “Arxada qalan illər” (Hüseyn Arif ilə şeirləşmələrim və xatirələr) kitabı nəşr edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 104 səhifəlik kitabın tərtibçisi, elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın Nizami Cəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəndab Haqverdi Əliyevadır.

 

Ki­tabda Cə­nu­bi Azər­bay­can­da ya­şa­yan, is­te­dad­lı şa­ir və təd­qi­qat­çı Səd­yar Və­zi­fə Eloğ­lu­nun Azər­bay­ca­nın gör­kəm­li şai­ri, mər­hum Hü­seyn Arif ilə olan mə­nə­vi dost­luq və ədə­bi ya­ra­dı­cı­lıq əla­qə­lə­ri­ni əks et­di­rən xa­ti­rə və şeirləşmələri yer alıb. 

 

Böyük Şəhriyarın “Heydər­ba­baya salam” poemasının sərhədləri aşması ilə dilə gələn yüz­lər­lə qə­ləm əh­li­nin həsrət poeziyası və bir də bu poeziyanın Azər­bay­ca­nın Şi­mal və Cə­nu­bu arasında şeirləşmə forması yarandı. Bu, Gülüstan müqaviləsi bağlanandan bəri o tay bu tay arasında başlanan məktublaşma ənənəsinin bir növ davamı idi və o de­mək­dir ki, Azər­bay­can aşıq ədə­biy­ya­tın­da ol­du­ğu ki­mi mək­tub ədə­biy­ya­tın­da da Azər­bay­can şa­ir­lə­ri bi­ri-bi­ri­nin üzü­nü gör­mə­dən, an­caq əsər­lə­ri­lə tanış­lıq əsa­sın­da şe­ir­lə­şir, ün­siy­yət ya­ra­dır­lar və ədə­bi mü­hit­lə­ri­nə be­lə sə­mi­mi­lik ya­ra­dan tə­sir­lər bu­ra­xır­lar.

 

“Arxada qalan illər” Azər­bay­can poetik epis­tol­yar ədə­biy­ya­tına aid nəşr olunan ilk kitabdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərdə təhsil və tədqiqat” mövzusuna həsr olunub.

 

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunur. Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları mayın 18-i ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Mayın 13–dən 17-dək Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün təlim təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təlimlər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində keçirilib.

 

Ümumilikdə, 70 nəfər olmaqla 6 qrup üzrə təşkil edilən təlim “İdarəçinin düşüncə tərzi", "Effektiv ünsiyyət", "Emosional zəka", "Liderin 4 xüsusiyyəti", "SWOT analiz və planlaşdırma" və "Vaxtın idarə edilməsi" mövzularını əhatə etməklə 5 istiqamət üzrə aparılıb.

 

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən təlimdə iştirakçılar müxtəlif praktik işlərə cəlb olunub, kollektivin idarə edilməsində səmərəliliyin artırılması ilə bağlı məlumat əldə ediblər.

 

Beş gün davam edən layihədə tapşırıqların analizi və effektivliyinin nəzəri cəhətdən səmərəliliyi müzakirə olunub. Musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri təlimçilərlə mövzular üzrə fikir və düşüncələrini bölüşüblər.

 

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunub.

 

Təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin güclü və zəif tərəfləri, imkanları və təhdidləri müəyyənləşdirmək kimi məsələləri özündə ehtiva edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılışı 18 may 2023-cü ildə baş tutub. Həmin ilin 22 may tarixində isə mərkəz fəaliyyətə başlayıb.

 

​“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. 1 hektar ərazidə inzibati bina və yerüstü avtomobil dayanacağı yaradılıb.

 

​Əsasən Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan ümumilikdə 465 mindən çox vətəndaşa xidmət edən Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə və vətəndaş rahatlığına əsaslanıb.

 

​“Ədəbiyyat və incəsənət” pprtalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, 1 il ərzində Naxçıvan regional “ASAN xidmət” mərkəzində 422 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

 

Hazırda 27 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.

 

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 937 mindən çox vətəndaşın 74 milyona yaxın müraciəti daxil olub.

 

​Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.