Super User

Super User

"Olaylar" AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu ilə  "Ədəbiyyat söhbətləri" adlı yeni layihəyə başlayır.

İlk müsahib "Olaylar" informasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzdur. “Ədəbiyyat və incəsənət” həmin müsahibəni diqqətinizə çatdırır. 

 

E.Q. - Birinci sualım ədəbiyyatın özü qədər qədimdir, yazıçılara  daim ünvanlanan bir sualdır.  Amma mənə, eləcə də oxucularınıza çox maraqlıdır ki, məhz Yunus Oğuz üçün ədəbiyyat nədir?

 

Y.O. - Ədəbiyyat yaradıcılıq deməkdir. Amma təkcə yaradıcılıq deyil. Elə elm də dərindən baxanda yaradıcılıqdır. Texnikada da kifayət qədər yaradıcılıq var. Amma ədəbiyyat tam başqadır. Ədəbiyyatda yaradıcılıq, mən deyərdim ki, insanın daxili aləminə müraciəti deməkdir. İnsan daxili aləmdə ruhuna müraciət edir, canına müraciət edir, mənəvi dünyasına müraciət edir.  Bu məqamda insan həm quldur, həm də padşahdır. Ədəbiyyatda çox zaman fiziki dünya ilə mənəvi dünyanı səhv salırlar. Və fikirləşirlər ki, fiziki dünyada sən azad deyilsən. Fiziki dünyada azadllığın məhduddur. Amma ədəbiyyatda, bədii yaradıcılıqda azadlıqdır. Məhmət Akif Ərsoyun "İstiqlal" marşından iki  misranı deyəcəyəm: 

- Mən əzəldən bəridir hürr yaşadım, hürr yaşaram, 

Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!

Bax insanın yaradıcılığında, mənəvi dünyasında ona heç kim zəncir vura bilməz. Amma fiziki dünyada bu mümkündür. 

 

E.Q. - O zaman sualdan sual doğur. Bəs ədəbiyyatda azadlığın sərhədləri yoxdurmu? 

 

Y.O. - Var, var. Əslində ədəbiyyatda, belə deyək, ədəbi ideologiya var, dünya ideologiyası var, dövlətin ideologiyası var, yazıçının özünün şəxsi ideologiyası var. Amma məhz bütün bunların içində sən yaradıcı olursan. Əlbəttə, əsl ədəbiyyatdan danışıram.

 

E.Q. - Mən elə ora gətirirdim ki, bəzən istənilən bir mətni təqdim edir, əsaslandıraraq deyirlər ki, ədəbiyyat azadlıqdır, bu yazdığım da mənim azad düşüncələrimdir, yəni ədəbiyyatdır. 

 

Y.O. - Yox, yox. Elə şeylər var ki, deyək ki, Salman Rüşdünün təqdim etdiyi ədəbiyyat nə idi ki? Dini təhqir etmək idi. Yəni insan yaradıcı olsa da sərhəd olmalıdır. Onun yazdıqları Avropaya xoş gəlirdi, amma deyək ki, İrana xoş gəlmədi. 

 

E.Q. - Deməli mütləq etik sərhədlər olmalıdır. 

 

Y.O. - Təbii. Ona görə deyirəm ki, mənəvi yaradıcılığın öz sərhədləri, qırmızı xətləri var. Onu keçə bilməzsən. Mən yaradıcıyam deyib hər şeyin üstündən qırmızı xətt çəkə bilməzsən.Amma düşünürəm ki, yaradıcı adamda azadlığın  sərbəstliyi var. 

 

E.Q. - Maraqlı ifadədir: azadlığın sərbəstliyi.

 

Y.O. - Bəli, azadlığın sərbəstliyi. Məsələ burasındadır ki, mənəvi dünyadan fiziki dünyaya keçəndə çoxları onu başa düşmür. Əslində fiziki dünya ilə mənəvi dünya fərqlidir. İnsan çox zaman onu başa düşmür və mənəvi dünyanı istisnasız, birbaşa fiziki dünyaya tətbiq edəndə mizan pozulur. Buna görə cinayətlər və s. baş verir. Məsələn, şagirdlər arasında baş verən insidentlər. Bu özünün iç aləmini fiziki dünyaya keçirməkdir.

 

E.Q. - Deməli, fiziki dünyanı mənəvi dünyaya keçirmək daha yaxşıdır. 

 

Y.O. - Əlbəttə. Fiziki dünyanı mənəvi dünyaya keçirəndə kamilləşdirə bilsən, gözəl əsər yarada bilərsən. Əslində bu iki dünya bir-biri ilə vəhdətdədir, biri-birinə təsir edir. Amma baxır, onun təsiri kimə aiddir. Məsələn sizə aiddirsə, alim adamsınız, yaradıcısınız. Onu daha da inkişaf etdirirsiniz. Adi insanlar isə iki dünyanı qarışdırırlar. Qarışdıranda ya dəli olur, ya cinayət törədir və s. 

 

E.Q. - Deməli hazırlıq lazımdır. 

 

Y.O. - Hökmən, hökmən. Hazırlıq, yəni oxumaq lazımdır. Sizə bir söz deyim. Oxumaq mənəvi dünyanın fiziki dünyaya təsiridir. Tibbi nöqteyi nəzərdən təsirini deyirəm. Yaradıcı insan yaradıcılıqla məşğul olanda həyəcanlanır, yeni ideya gəlir, həyəcanlanır və o həyəcanın bioloji impulsları orqanizmi müsbət mənada yükləyir, orqanizmi xəstələnməyə qoymur. Bax, məsələ bundadır. Çoxları başa düşmür bunu. Amma, əlbəttə, söhbət əsl yaradıcılıqdan gedir. 

 

E.Q. - Deməli buna görə əsl yaradıcı insanlar öz yaşlarından daha gənc görünür, enerjili olurlar. Əsl yaradıcı insanların özlərinin də çox qəribə bir enerjiləri var. 

 

Y.O. - Məsələn, Nəriman Həsənzadə, Anar. Onlar yaradıcılıqla məşğuldur, həmin bioimpulsları daxildə orqanizmə verib onu enerjili saxlayırlar. Yaradıcılıq enerji yaradır. Onun qələmindən çıxan özü enerjidir. Məsələn, insanın milyonları var, vəzifəsi var. Vəzifədə olanda top kimidir. Amma vəzifədən çıxarılan kimi xəstələnir. Deməli enerjini itirir. Vəzifə də yaradıcılıqdır. Amma bədii yaradıcılıqda, elmi yaradıcılıqda qorxu yoxdur. O müsbət enerji yaradır. Bəzi  məmurlarda isə yaradıcılıq məsələn, rüşvətə qarışıb mənfi enerji yaradır. Qorxu yaradır. Qorxu hissi artıq onun canına hopur, xəstələnir. Ədəbiyyat, elm, incəsənət isə əsl yaradıcılıqdır. 

 

E.Q. - Elə bu məqamdan növbəti suala keçid alaq. Sizin yaradıcılığınızın müxtəlif aspektləri var. Qələminizi tarixi romanlarla yanaşı nəsrin felyeton, esse, povest janrlarında, poeziyada, dramaturgiyada da sınamısınız. Amma nədənsə Yunus Oğuzu məhz tarixi romanlar müəllifi kimi tanıyırlar. Ya da Yunus Oğuz məhz bu cür tanınmaq istəyib. Niyə? 

 

Y.O. - Ədəbiyyatımızda bir müddət tarixi romanlar yox dərəcəsində idi. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tarixi romanı yox idi. Olanlar da sovet şinelindən çıxmışdı. Amma yeni dövrdə real tarixi mövzular qoymaq lazım idi. Mən tarixi mövzulara, ümumən ədəbiyyata niyə keçdim? Elmi tarixi ədəbiyyatla bədii ədəbiyyat arasında çox sərhəd var. Elmdə deyə bilmədiyini bədii ədəbiyyatda deyə bilirsən. Düşünürəm ki, səbəbin biri bu idi. Digər tərəfdən elmdə postulatlar var, yəni elm klassik cəhətdən postulatlar deməkdir. Sənin dediyin fikri dünya qəbul edəcəkmi? Dünyanı qoyaq kənara, özümüzdə akademiyada gətirdiyin fikri qəbul edəcəklərmi? Yəni bir yenilik ortalığa atanda gərək onu sübut edəsən. Çünki biz  azad elmi tarixi ədəbiyyatımızı hələ tam şəkildə yaratmamışıq. İndi-indi yaranır bu milli tarixi ədəbiyyat. Hələki elmdə ilk növbədə Qərbi Azərbaycan tarixi ədəbiyyatımızı yaradırıq. Amma burada əsas məqam budur:  həm əsl milli tarixini göstərməlisən, həm də bu tarixin kütləvi oxucusu olmalıdır. Kütləvi oxucu isə yalnız bədii ədəbiyyatdadır. Elmi ədəbiyyat nümunəsini 100 nəfər oxuyar. Bir kitabını çap edərsən, paylayarsan oxunar. 10-15 il sonra bir kitab da çap edərsən. Belə olanda ömür gedir, missiya isə tamamlanmır. Amma bədii ədəbiyyatda qələmin elə bil meydanda qladiatordur. Qılıncını hara çalırsan çal, hər yer döyüş meydanıdır. 

 

E.Q. - Mən sizin stolunuzun üstündə bir kitab görürəm. Lev Qumilyovun "Etnosun coğrafiyası tarixi dövrdə" kitabı. Bu kitabı mütaliə edən yazıçıya bir sual ünvanlanamq istəyirəm: Yunus Oğuzun romanlarının zaman və qəhrəman seçimi hansı meyara əsaslanır? Niyə məhz bu qəhrəmanlar, niyə məhz bu tarixi dövr? Bunu öncədən plan kimi qarşınıza qoyur, müəyyənləşdirirsiniz, yoxsa ideya, fikir kimi yaranır? 

 

Y.O. - Yalnız zaman yox, həm də məkan faktoru var. Bəziləri fikir kimi, bəziləri öncədən düşünülərək yaradılır. Əslində mən öz keçmişimi bilmək istəyirəm. Xalqımıza da keçmişimizi göstərmək istəyirəm. Bizim keçmişimiz nədir, necədir, hansıdır? Keçmişinə  daş atanın  gələcəyini  topa tutarlar. Keçmişi olmayanın tarixi təkrar olunur.  

 

E.Q. - Yəni tamamlanmayan təkrar olunur, dairə mütləq qapanmalıdır. Dairə qapanana qədər həmin məqam təkrar olunur. 

 

Y.O. - Qumilyov da məhz onu yazır. Hər millətin tarixi ziqzaq kimi 800-1300 ildən bir təkrar olunur. Xalqın qalxma dövrü var, enmə dövrü var. Qalxmadan sonra yeddi il qomestaz halına düşür, ondan sonra memorial başlayır. Memuar yazmağa başlanılır. Keçmişini, tarixini  yazmaq, əlbəttə, lazımdır. Amma millət özünü təmizləyə-təmizləyə, çalxalana-çalxalana gedir axı. Yenisi gəlir. 4 il bundan qabaq kim deyə bilərdi ki, heç kimin gözləmədiyi halda 27 sentyabrda başlanan  44  günlük müharibə olacaq. Təmizləmə gəlir və yenidən xalqda qalxma gedir. O qalxmaya hazır olmaq lazımdır. Bu hazırlığın da əsası elmdir. 

 

E.Q. - Və ədəbiyyat. Ədəbiyyat da hazırlamalıdır axı. 

 

Y.O - Ədəbiyyat vətənpərvərliyi hazırlayır, təbliğatı hazırlayır. Amma bunların hamısı ideologiyadır, qalxma fazasından düşmə fazasına qədər. Mən onun kitabını da yazmışam. 

 

E.Q. -  "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" 

 

Y.O. - "Türkün tarixinə yeni bir baxış" da var. 

 

E.Q. - Mən "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında"  kitabınızı oxuyandan sonra nəinki cəmiyyətin, tarixin qanunauyğunluqlarını, hətta insanların motivlərini belə fərqli aspektdən başa düşdüm. Passionarlıq məhz həmin o enerji məsələsidir. 

 

Y.O. - Bitkilərin ömür dövrü var. Sikl deyirlər. İnsan da, etnos da məhz o cürdür. E.ə. II - III minillikdə turuklar adlı etnos yaşayıb. Turuk dövləti, Turukki deyirdilər. Amma əslində onlar indiki türklərin prototürkləridir. O etnos dövr edib bu günə qədər belə gəlib çatıb. Turuklarla müasir türklər  arasında saysız-hesabsız türk etnosu var idi. Hər dəfə yaranan dövlətin adını öz etnoslarının, yaxud sülalənin adı ilə adlandırırdılar. Bununla da məsələ bitdi. Tariximiz qarışdı. Tarix qarışandan sonra səni məhv etməyə nə var ki?! Amma bunu tarixi ədəbiyyatda saxlasan itməz. Məsələn, "Əmir Teymur" romanımda Əmir Teymur  İbn Xaldundan soruşur ki, bizim tariximiz hansıdır. Əsərdə İbn Xaldunla Əmir Teymurun  görüşünü məxsusi vermişəm. Xəzər xaqanı İosifin ispan kralına göndərdiyi "Biz burada on türk tayfası yaşayırıq. Bizim kökümüz Nuhun oğlu Yafəsə gedib çıxır" cümlələri yazılan məktubu da vermişəm. Bu tarixi demək lazımdır. Bu tarixi məqamlar elmidir. Mənbələr  var. Amma bunu bədii ədəbiyyatla demək lazımdır ki, sadə insanlar da bilsinlər. Məsələn, həmin romanda  bir məsələ də var: Səmərqənd niyə paytaxt seçildi? Romanda belə gedir: Makedoniyalı İsgəndər də bu şəhərə hücum edib, Səmərqənd Əfrasiyabın da paytaxtı olub. Yəni bədii əsərdə sən kodları qoyursan. Kodu qoyandan sonra tarixi bədii əsərlə geniş kütləyə çatdırmaq asandır. 

 

E.Q. - Siz "Attila" əsərinizdə də Qarabağ atları məsələsini kod kimi qoymusunuz. Qarabağın tarixini Attilanın dövründən başlayırsınız. Yəni ki, o vaxtdan Qarabağ türk yurdudur. 

 

Y.O. - Təbii, əslində elə də olub. Amma uzun müddət ərzində bədii ədəbiyyatı da, elmi ədəbiyyatı da kim necə istəyir, elə də yazıb. Məsələn, sovet dövründə bizim nəsli kosmopolit böyüdürdülər. Hara getdiyini bilməyən adamlar kimi. Amma qarşıda hədəf olmalıdır. Bir insanın gərək mütləq hədəfi olsun. Sovet dövründə çox insanın  hədəfi Moskvaya yarınmaq idi. Hədəfi  bəlli  olmayan  insan yolda büdrəyər. Bir insanın elə gözəl ideyaları, hədəfləri ola bilər ki, toplum onu öz hədəfi kimi qəbul edər. İnsan öz hədəfini topluma elə gözəl çatdıra bilər ki cəmiyyətin, dövlətin hədəfinə çevrilər. Məsələn, cənab Prezidentin Qərbi Azərbaycan hədəfi. Cəmiyyət tərəfindən qəbul edildimi? Edildi! Artıq dövlətin hədəfinə çevrildimi? Çevrildi! Bəzən insanlar deyirlər, mən özüm üçün yazıram. Özün üçün yazmırsan. Məsələn bu yaxınlarda yazdığım şeir: 

-Tanrı belə buyurdu,

Mən də sözdən doğuldum. 

Yandım, yandım kül oldum,

Sonra közdən doğuldum. 

Yəni bu məhz mənə aiddir. Əslində mənim kimi insanların cəmiyyətin aşağı təbəqəsindən çıxıb yuxarı təbəqəsinə, yəni ədəbiyyat təbəqəsinə gəlməsi çox çətindir. Mən genetik yaddaşa inanıram. Fikirləşirəm ki, hardasa bizim Şamaxıdakı nəsil  köklərimizdə Şirvani, Nəsimi, Sabir ilə bağlılıq var. Amma onlardan uzaqlaşmışıq. Amma nəsildən  kimdəsə o yaddaş oyanır. Yəni 500 il bundan qabaq təsəvvür edin ki, etnososial  psixologiyada rüşvət almaq var idisə, özbaşınalıq var idisə, hər oba,  hər boy bir padşaha qarşı çıxa  bilərdisə, XX əsrdə bu 1992-ci ildə ortaya çıxdı,  hərə bir dəstə yaratmağa başladı. 

 

E.Q. - Deməli siz ruhun reinkarnasiyasına inanırsınız.

 

Y.O. - Bəli.

 

E.Q. - Buna görə də sizin bir çox əsərlərinizdə Murad obrazı var. Müxtəlif tarixi dövrlərdə bu obraz iştirak edir. Siz onun adını saxlamaqla oxucuya mesaj verirsiniz ki, bu məhz həmin ruhdur. 

 

Y.O. - Təkcə o deyil. Yalnız ruhun reinkarnasiyası haqqında mesaj vermirəm. Burada şəxsən mənə aid bir məqsəd də var. Siz tədqiqatçı kimi yazırsınız ki, Yunus Oğuzun bir neçə əsərində Murad obrazı var. Kimsə həmin tədqiqatı oxuyur. Oxucu sizin yazınızı oxuyubsa, o biri Muradları da əsərlərimdə axtarıb tapacaq. Bununla da mən sikli başa çatdırmış olacağam. Bütöv bir minillik tarix yazmağı düşündüm, yazdım. Ortada bir Qacar obrazı qalıb. Qacara da əslində "Cığır"da toxunmuşam. Amma mənim üçün əsas Toxtamışla Əmir Teymur xətti qalıb. Bütövlükdə türk dünyasını, Turanı  əhatə edən bir əsərin əsasında duracaq xəttdir bu. 

 

E.Q. - Sultan Bəyazid və Teymur xətti də var. 

 

Y.O.- Sultan Bəyazidi "Əmir Teymur" romanında vermişəm. 

 

E.Q. - Ayrıca xətt kimi götürmək istəmirsiniz.

 

Y.O. - Yox. Kim Turan yaratmaq istəyibsə, o hökmdarları əsas xətt kimi götürürəm. Sonuncu dəfə Nadir şah Turan yaratmaq istəyib. Əmir Teymur Turan yaradıb. Çingiz xan Turan yaradıb. İndi də yenidən Turan qurulur. Dünya bizə buna görə basqı edir. Turanın yaradıldığını başa düşürlər. 

 

E.Q.- Prezident  İlham Əliyev inaqurasiya mərasimində də dedi ki, bizim ailəmiz türk dünyasıdır. 

 

Y.O. - Bəs bu Turanın yaranmasıdır da. Biz Əfrasiyaba qayıdırıq. Bu dəfə daha yüksək səviyyədə, daha güclü qayıdırıq. 

 

E.Q. - Deməli artıq azərbaycançılıq yox, türkçülük əsas xəttimizdir. 

 

Y.O. -Azərbaycançılıq dövlətimizin içindədir. Bədii ədəbiyyatdan bir az kənara çıxacağıq, amma bu oxucular üçün vacibdir.  İmperiyaların üç növü var. Birincisi: getdim, tutdum, aldım, mənimdir: Roma İmperiyası, Sasanilər, Qızılbaşlar. İkincisi federal imperyalardır. SSRİ kimi mərkəz - vassal sistemi. Nadir şahın imperiyası da   belə idi. O cür böyük  imperiyanı idarə etmək mümkün deyil, mütləq üsyanlar olacaq. Əmir Teymurun imperiyasında üsyanlar demək olar ki, olmayıb, çünki o  daha ağıllı idi. Mərkəzi Asiyanı birbaşa imperiyasına qatmadı. Çingiz xanın nəslindən iki qız götürdü. Birini özü aldı, o biri ilə də oğlunu evləndirdi. Üçüncü növ imperiya isə maliyyə imperiyasıdır. Gələcəkdə türk dövlətləri birləşib sıradan bir imperiyaya çevrilsə, onu  saxlamaq, idarə etmək olmaz. Amma iqtisadi imperiya kimi mövcud ola bilər. Artıq Turan iqtisadi sistemi yaranıb: Türk Dövlətləri Təşkilatı. Turan üçün  birinci bağ ədəbiyyat olmalıdır. Mənəvi-elmi-bədii bağ olmalıdır. "Nadir şah" romanımda bu məsələyə toxunmuşam. Nizamülmülklə Hindistanda görüşən Nadir şah deyir ki, mən Turan yaradıram. Tarixdə bu söhbət olmayıb. Bu mənim ideyamdır, bədii əsərə daxil etmişəm. Nizamülmülk deyir ki, sənin əsgərlərin sənin uğrunda vuruşur, bəs Turan üçün nə qədər vuruşa bilər? Nadir şah "Turan üçün qılıncım hazırdır" deyəndə Nizamülmülk deyir ki, Turan üçün qılınc birinci deyil. Birinci beyinlərə Turan ideyası aşılanmalıdır. Bunun elmi olmalıdır. Təbii, həmin dövrdə bu elm, ideya kimi formalaşmamışdı, belə söhbət ola bilməzdi. Amma bədii mətndə sən yazıçı kimi  ideyanı atırsan. Yəni elmsiz Turan olmaz, bədii ədəbiyatsız Turan olmaz.

 

E.Q. - Tarixi romanlardan danışdıq, ideologiyadan danışdıq. İndi esse və felyetonlarınızdan danışaq. Mənim fikrimcə, bu xətt poeziya xəttinizdən daha aktivdir.

 

Y.O. - Əslində poeziya da çoxdur. Özüm üzə çıxarmıram.

 

E.Q. - Ola bilər. Mən axırıncı dəfə mətbuatda Ali Baş Komandana həsr edilmiş "Dövlət bizik" şeirinizi oxumuşam. Daha sonra mətbuatda poetik nümunənizə rast gəlməmişəm. 

 

Y.O. - Ondan sonra da poetik nümunələr yaranıb. Özüm üzə çıxarmıram. Poeziyada məndən nəhənglər var. 

 

E.Q. - Mən buna görə bayaq qeyd etdim ki, Yunus Oğuzun yaradıcılığı çoxxətli olsa da əsas vurğulanan məqam tarixi romanlardır. 

 

Y.O. - Bəli, tarixi romanlar mənim sahəmdir. Ardıcıl olaraq bu janrda yazıram. Min illik tarixi yazmışam: Sultan Alp Arslandan başlamışam, "Cığır"da bitirmişəm. "Attila"nı qoyuram kənara.

 

E.Q. - "Attila" başqa xəttdir.

 

Y.O. - "Attila" ilə "Alp Arslan"nın arasında boşluq var. Onu başqa müəlliflər də doldura bilər. Alban tarixi, Cavanşir, Babək var. Bunlardan yazmaq lazımdır.

 

E.Q. - Cavanşirlə bağlı bədii əsər var.

 

Y.O. - Var. Amma nə zaman yazılıb? 

 

E.Q. - Bəli, o dövrün ideologiyasına uyğun yazılıb. 

 

Y.O. - Bu kitaba baxın: "Alban tarixi". Kənara qoymuşam. Vaxtım olanda hökmən başlayacağam. 

 

E.Q. - Alban tarixi ilə bağlı heyf ki, elə bir dəyərli bədii əsər yoxdur. 

 

Y.O. - Albanlar da bizimkilərdir əslində. Midiya da bizimdir. Amma təəssüflər olsun ki, bizim İslamaqədərki tariximizi elə günə salıblar ki, gözümüzün önündə gürcülər və ermənilər bizim tariximizi oğurlayıb. Mən Mədəniyyət Tv-də "Yaddaş" verilişini aparanda Robertə dedim ki, sən Sankt-Peterburqa yaz, Prezident Aparatına məktub yaz, dövlət xətti ilə alban kilsələrinin arxivlərini alın. Nə yolla olur olsun, alın. Sankt-Peterburqda nə mənbə qalıbsa, heç olmasa onların surətlərini götürün. Təbii, Ermənistan o mənbələri özününküləşdirib, verməyəcək. Amma həmin dövrdə başqa dövlətlərə, o cümlədən Vatikana məktublar yazılıb. Niyə tapmayaq o məktubları? O məktublarda tapacaqsan tarixi. Gürcü arxivlərində də mənbələr var. Biz sadəcə olaraq İslamaqədərki tariximizi indiyə qədər  elə də ciddiyə almamışıq. İslamdan sonra türk xristianlara kafir dedik. Niyə? Sənin adət-ənənələrin eyni, dilin eyni, folklorun eyni, mentalitetin eyni, hətta antropoloji cəhətdən də görünüşün də eyni. Yalnız din fərqlidir. Sonradan çarizm gələndə artıq islam əski tariximizi məhv etmişdi, çarizmə də manqurtluq sərf edirdi. Təsəvvür edin ki, islam ordusu Buxaraya girəndə 10 min alim var idi. Təkcə Buxarada! 12 min də orijinal əlyazma var idi. Ərəblər on min alimi öldürdülər, on iki min əlyazmanı da yandırdılar. Vəssalam, xalqın tarixi izi silindi. Bu izi ədəbiyyatla, elmlə üzə çıxarırıq. Çalışırıq bədii mətndə də  tarixi səhvlərə yol verməyək, əsl tarixi yazaq. 

 

E.Q. - Siz yaradıcılığınızda  tarixi dövrdən müasirliyə keçid alanda felyeton və esse janrları aktivləşir, burada artıq cari məsələlər gündəmə gəlir.

 

Y.O. - Söhbətimizin əvvəlində dedim. İnsan mənəvi dünyadan fiziki dünyaya keçir və bu keçiddə insan dəli olmaq səviyyəsinə gələ bilər. Çünki kəskin təzadlar yaranır. 

 

E.Q. - Tarixi romanlar yazan Yunus Oğuzun mənəvi dünyadan real dünyaya keçidinin kontekstində felyetonlar yaranır.

 

Y.O. - Yaxşı məqamları görəndə esse yaranır, mənfi məqamları görəndə felyeton. Müşahidəm çox güclüdür. 

 

E.Q. - Elə bir mövzu varmı ki, onu yazmaq istəyirsiniz, amma yaza bilmirsiniz? Hələ özünüzü hazır hiss etmirsiniz.

 

Y.O. - Var. O dünya-bu dünya enerjisi ilə bağlıdır. Hər yazıçı qələmi götürəndə mənəvi dünyanın enerjisini yığa bilmir. Haqqında yazdığın dünyanın enerjisini yığmalısan. Mən Tomris haqqında bədii əsər yazmaq istəyirdim. Amma o enerjini yaşaya bilmədim. Yaza bilərdim, amma nəticədə quru, sxematik bir əsər alınacaqdı. 

 

E.Q. - Bəzən tarixi mövzuya həsr edilmiş əsərlərdə cari həyatın enerjisi o qədər güclü olur ki, oxucu o əsərə, əsərin qəhrəmanlarına inanmır. 

 

Y.O. - Məndən bir neçə dəfə soruşdular ki, sən minillik tarix yazırsan, amma əsərlərində bir dənə köhnə söz, arxaizm yoxdur. Niyə? Dedim mən bu romanı yazandan sonra aparıb Əmir Teymura, Alp Arslana, Nadir şaha verəcəyəm ki, oxuyun? Mən keçmiş üçün yox, gələcək üçün yazıram. İndiki və  gələcək oxucular başa düşsünlər. Əmir Teymur tarixi yazmağı tapşırdığı Şərafəddin Şamini Qarabağda qışlaqda olarkən çağırır ki, oxu görüm nə yazmısan? Şərafəddin Şami oxuyur. Əmir Teymur hiddətlənir ki, sən nə yazmısan? Bunu mən başa düşmürəm, sadə xalq necə başa düşəcək? Əmir Teymur salnaməni xalq üçün yazdırırdı. Mən də elə bir akademik üslubda bədii əsər yaza bilərəm. Buna potensialım var. Lakin həmin qəliz əsəri heç kim başa düşməzdi. 

 

E.Q. - Gələcəkdə süni intellekt dövrü olacaq. Süni intellekt bədii əsər də yaza bilir. Süni intellektin hökmran olacağı dünyada ədəbiyyata ehtiyac qalacaqmı? 

 

Y.O. - Əlbəttə, ədəbiyyata hər zaman ehtiyac olacaq. 

 

E.Q. - Yəni gələcəkdə bəşəriyyət tam robotlaşmayacaq? Hələ duyğulara, mənəvi aləmə ehtiyac olacaq?

 

Y.O. - Sovet dövrünə dair bir əhvalat danışım. Deməli, Karl Marksa bənzəyən, onun kimi saqqal buraxıb, saqqalını o şəkildə düzəltdirən bir çəkməçi olur, bazarda oturur.  Sovet dövründə birinci katiblərin kabinetində həmişə Marks, Engels və Leninin şəkli asılırdı. Birinci katibin köməkçisi hər dəfə həmin bazardan keçəndə elə bilir ki, məhz Karl Marks o küncdə oturub. Köməkçi gəlib bu oxşarlıq barədə katibə danışır. Katib çəkməçini çağırır. Deyir ki, çəkməçinin Karl Marks kimi görünməsi doğru deyil, saqqalını qırx. Çəkməçi deyir: yoldaş katib, tutaq ki, saqqalımı qırxdım, bəs Karl Marksın beynimdəki fikirlərini necə edim? İndi süni intellekt sevgini hara qoyacaq, duyğunu hara qoyacaq, qəzəbi hara qoyacaq, insana xoş münasibəti hara qoyacaq, şadlıq saraylarındakı toy sevincini hara qoyacaq? Bəs süni intellekt insanın əzizinin dünyasını dəyişməsindən doğan ağrını, kədəri hara qoyacaq? Əlbəttə, süni intellekt bizə kömək edəcək, kosmosda bəşəriyyətə lazım olacaq. Amma süni intellekt insanın yerini verə bilməz. İnsan süni intellekt üçün Allah olacaq.  Allah bizi yaradıb, biz də süni intellekti yaradıb onun Allahı olacağıq. 

 

E.Q. - Gənc yazıçılara nə tövsiyyəniz var? Siz bu yolun bütün acılı-şirinli məqamlarını keçmisiniz. Artıq elə bir səviyyədə, zirvədəsiniz ki, yeni gələn nəslə öz tövsiyyələrinizi vermək haqqını qazanmısınız. 

 

Y.O.- Təbii ki, birinci növbədə qarşılarına hədəf qoysunlar. Hədəfə çatmaq üçün də hökmən oxumaq lazımdır. Məntiqə, qeyri-səlis məntiqə diqqət yetirmək lazımdır. Son dövrlərdə yazılan bir sıra poetik nümunələrimiz var ki, qeyri-səlis məntiqə əsaslanır. Yazanlar özləri bunu bilmirlər. Amma çox oxusalar, çox öyrənsələr nə yazdıqlarını və nə yazmalı olduqlarını biləcəklər. Bir məqam da var: şöhrətə çox can atmasınlar. İlk tarixi romanımı  - "Nadir şah" romanını 47 yaşımda yazmışam. Mən də daha tez roman janrına müraciət edə bilərdim. 20 ildən çox tarixi oxudum, araşdırdım, qeydlərimi apardım. "Attila"dan sonra zamanı gəldiyini görüb roman qələmə aldım. Fitri istedadın ola bilər, bədahətən şeir deyə bilərsən. Amma cəmiyyətdə itməmək üçün hökmən o yolları keçməlisən. Sən cəmiyyətin bir parçasısan. İctimai yol keçməlisən, dövlətini sevməlisən, ailə yolunu keçib ailənin müqəddəs olduğunu da anlamalısan. Bu məqamları keçməsən, bir də görəcəksən ki, quyunun dibindəsən. Yəni sənin artıq cəmiyyətə nə isə vermək imkanın olmayacaq.  

 

E.Q. - Mən  söhbətdən məmnun qaldım.

 

Y.O.-Mən  də.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə şair Ədalət Salmanın şeirlərini təqdim edirik. 

 

 

Məmməd Araz mizanı

 

Niyə belə korşalıbdı söz silahımız?!

Kürsülərdən şeirimizin gəlmir harayı.

Kimlərinsə ucaltdığı imarətlərin

Kölgəsində yoxsa, qalıb şeir sarayı?!

 

Həyat sıxır niyə halal, düz adamları,

Saf qəlblilər niyə belə hörmətdən düşür?

Gündən-günə unudulur söz adamları,

Şeirimiz də gündən-günə qiymətdən düşür.

 

Günahkarıq, oxucumuz düşübsə küskün,

Unutmayaq, yaxşı şeirin hər vaxt acı var.

Şerimizin şah vüqarı əyilib bu gün,

Məmməd Araz mizanına ehtiyacı var.

 

 

Qış duyğuları

 

Zərif bir gözəllik dünyasıdı qış,

Onda gözəlliyi duya biləsən.

Səma ilmə-ilmə, yer naxış-naxış, -

Çətin ki, seyrindən doya biləsən.

 

Dağlar qış kürkünü atıb çiyninə,

Saçına dən düşmüş qocaya bənzər.

Təpələr, örpəkli gəlin düzlərin

Ovcunda örtüklü xonçaya bənzər.

 

Yoxsul dərələrin varı qardımı,

Yoxsa, xurcununa gümüş pul yığıb?!

Yol üstdə ağaclar yolçulardımı,

Qışa ehtiyatı yadından çıxıb?!

 

Lövhə çələngi var hər qarış yerin,

Hər xırda naxışda min bir məna gəz.

Bura yeri deyil ürəksizlərin,

Zövqsüzlər lövhəni oxuya bilməz!

 

Laqeyd ötməyə könlüm qoymayır,

Düşmüşəm gözəllik toruna yenə.

Baxdıqca, seyrindən gözüm doymayır

Rəssam təbiətin qış sərgisinə.

 

 

Təbrizli şairə

 

Şeirlərin ünvanıma çatıbdı,

Hər misrası ürəyimə yatıbdı.

Təbin sözə şəhdi-şəkər qatıbdı,

Şerin mənə olub könül sirdaşı,

Ey təbrizli şair Elman Dadaşi!

 

Dəydi sərin Təbriz mehi üzümə,

Oxuduqca, işıq gəldi gözümə.

Sözlərini məlhəm bildim özümə,

Yanağımdan axdı həsrət yağışı,

Ey təbrizli şair Elman Dadaşi!

 

Kimlər böldü iki yerə xalqımı,

Kimlər yedi görə-görə haqqımı?

Sarılmağa həsrət qollar bağlımı,

Dayanmışıq niyə uzaq, yanaşı,

Ey təbrizli şair Elman Dadaşi?

 

Urmu gölü ölüm hökmü alıbdı,

Bəzz qalasın çəpərə yad salıbdı.

Qardaş yolu niyə bağlı qalıbdı,

Qoy oyansın yurdumun qan yaddaşı,

Ey təbrizli şair Elman Dadaşi!

 

Savalanda yatanlarım oyanır,

Haqq deyənlər niyə qana boyanır?

Qovuşmayır, Araz üstə dayanır,

Vətənimin o başıyla bu başı,

Ey təbrizli şair Elman Dadaşi!

 

Şəhriyarın ruhu şadmı, a şair,

Ölməyibdi, ürəklərdə yaşayır.

Onun adın bu gün balam daşıyır,

Sən də onun kiçik şair qardaşı,

Ey təbrizli şair Elman Dadaşi!

 

Dur sən ordan, mən də burdan hayqıraq,

Aradakı tilsimləri hey qıraq.

Sərhədsiz bir Azərbaycan gəl, quraq,

Xalqımızın axsın sevinc göz yaşı.

Ey təbrizli şair Elman Dadaşi!

 

Xudafərin olmaz sərhəd körpüsü,

Nə ayrılıq, nə də xiffət körpüsü.

Olar daha xoş ünsiyyət körpüsü,

Fərəhindən çiçək açar hər daşı,

Ey təbrizli şair Elman Dadaşi!

 

 

Şəhid anası gəlir

 

Bu yurdun igidləri

Sipər etdi özünü,

Vətənə qurban getdi

Heç qırpmadan gözünü.

Öz qanıyla tarixə

Yazdı Zəfər sözünü.

Qarabağda Bayrağım

Əzəmətlə yğksəlir.

Ehtiramla baş əyin,

"Vətən sağ olsun!" - deyən

Şəhid anası gəlir,

Şəhid atası gəlir!

 

Qarabağım məkrlə

Əlimdən alınmışdı.

Neçə yüz min soydaşım

Doğma yurd-yuvasından

Didərgin salınmışdı.

Malı, mülkü, sərvəti

Talanıb çalınmışdı.

Farsa, rusa gğvənib

Ağnayırdı yurdumda

Erməni ulaqları.

Otuz ildi kar idi

Dünyanın qulaqları.

Eşitmirdi səsimi

Haqq-ədalət adından

Danışan o ölkələr.

Otuz ildi yurdumun

Başı üstə gəzirdi

Qara-qara külgələr.

Daha bizi üzmüşdü

Boş vədələr, bəlkələr.

 

Fəqət, haqqın Günəşi

Dağıdaraq buludu,

Doğdu Qarabağımda!

Cəngavər igidlərim

Erməni faşistləri

Qovdu itiqovantək,

Boğdu Qarabağımda!

Əsarətdən qurtuldu

Neçə kəndim, şəhərim.

Yenə gğldğ ğzğmə

Qarabağda səhərim.

 

Qəhrəman şəhidlərim

Əyilməyə qoymadı

Millətimin qğrurun.

Yaradan da onlara

Pay vermişdi öz nurun.

Qarşısında diz çökün,

Dağlar, salama durun!

Şəhidləri xalqımın

Hamı baş tacı bilir.

Şəhidlər qanı hopmuş

Al Bayrağa bürünüb

Şəhid anası gəlir,

Şəhid atası gəlir!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Bazar ertəsi, 11 Mart 2024 15:00

“Smert” Tofiqin qalibiyyəti

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Yaşlaşmaq - bu o zamamdır ki, artıq özünə oyuncaqları özün alırsan.

 

2.

-Alo, bu alkoqoldan müalicə dispanseridir?

-Bəli.

-Mənim sualım var. Əgər insan alkoqolu ekzistensial fikirlə qəbul edərsə, bu, neyrogenezi yaxşılaşdıra bilərmi? 

 

3.

Optimist düşünür ki, sabahkı gün “bomba” olacaq.

Pessimist düşünür ki, sabahkı gün “lomka” olacaq.

Realist isə düşünür ki, sabah açılsın, görək günü necə olacaq. 

 

4.

Azərbaycan dilində daha nahar sözünün əvəzinə lanç, istirhət günləri sözünün əvəzinə uikend, işsiz sözünün də əvəzinə bloger sözü işlədilir. 

 

5.

“Prius” sürücüsü Smert Tofiq möcüzə şəklində Formula 1 trasına düşə bilir, yolda hətta iki sərnişin də götürməyə macal tapır və yarışmanın qalibi olur.

 

6.

Qardaş, nahaq bu dünyadan şikayət edirsən. Sən hələ o biri dünyaları görməmisən.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Bazar ertəsi, 11 Mart 2024 13:30

KİNOTƏHLİLdə “Bəxt üzüyü” filmi

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

“Bəxt üzüyü” filmi tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə Vaqif Səmədoğlunun dram əsəri əsasında ekranlaşdırılmışdır və "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. 

 

Film Saranın (aktrisa Gülşad Baxşiyeva) bəxt üzüyünün itməsi üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Gülşad Baxşıyeva, Valeh Kərimov və başqaları ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filimlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə mükafat verilmişdir. 

Filmdəki hadisələr natural formada, sərbəst mövzuda, səmimi və təbii ifa maneralarına əsasən canlandırılır. Hadisələrin sanki insanlarla həmsöhbət olurmuş kimi qələmə alınması, insanların öz şəxsi psixologiyasına uyğun səsləndirilməsi filmin biraz daha diqqət mərkəzində olmağına səbəb yaradır.

Günün reallıqları, insanların anormal sosial durumu, dünyada baş verən qeyri bərabərsizlik filmdəki qəhrəmanların həyat şəraitini əks etdirir. Filmdə diqqət mərkəzində olan duyğulardan biri insanların bir-birinə olan biganəliyi, yalan olan insan xislətində gizlənmiş şeytan düşüncələrə bir qədər istehza, XX əsrdə belə mövcud olan mövhumatçılıq( Söylünün yaxasından dua asması), cəhalət və savadsızlıq idi. Yaradılan və canlandırlıan bu obraz və hadisələr çağdaş həyat tərzini cəhalətə aparan bir amil kimi tənqid olunmağa başlayır. 

İlk baxışda bütün bu sadalananlar filmin komedik motivi kimi nəzərə çarpsa da, hadisələrin gedişində böyük bir ciddiliyə bağlanır.

Komediya janırında olan bu qrotesk filmdə baş qəhərmanlardan biri olan Saranın bəxt üzüyünün itməsi əhvalatı əslində bütöv bir millətin bəxtinin itməsindən xəbər verirdi. Sözdə şair ruhlu insanlar kimi özünü qələmə verən Moşu (aktyor Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olub həm özünü, həm də ətrafındakıları bu yalana inandırmağa çalışırdılar. Digər personajlardan bir neçəsi (Sara, Hüseyin, Zırpı) kimilər isə işsizliyin və çətinliyin məngənəsində həyatlarını doya-doya yaşamaq yerinə, sadəcə yaşamağa məcbur olan varlıqlar kimi qələmə alınmışdır.

Sara həyatını başqalarının yataq dəstlərini yumaqla, Zırpı (Muxtar Manıyev) ətrafdakıların cahillik və savadsızlıq üzərində qurulmuş həyatını seyr etməklə, Moşu bədbəxt həyatda xoşbəxtliyə qafiyə axtarmaqla, uşaq evinə atılıb yaşamına biganə olan Hüseyin isə sərxoşluqla qurur.

Filimdə baş verən ziddiyətlər də elə burdan başlayır əslində. Özlərini bir ailə adlandıran bu insanlar əslində bir-birlərinə nə qədər uzaq olduqlarını zaman keçdikcə anlayırlar. Filmdə bəşəri mövzular səsləndirilməsə də  qlobal problemlərdən olan biganəlik, əxlaqi dəyərlərin itməsi çox aydınca tamaşaçıya çatdırılır və bizi düşündürür.

Filmin kulminasiya nöqtəsində ağlı kəsəndən həyatın ən acı tərəflərinə şahid olub, ailənin kədərli fəlsəfəsi ilə tərbiyələnən azyaşlı qızın gecənin bir yarısında evdən çıxıb ağacın dibində yatmağı göstərilir. Buna səbəb isə atasının “o ağacı böyüdəcəyəm, böyüdəcəyəm, ağırlığıma tab gətirəndə özümü ordan asacağam" deməsi idi. O azyaşlı qız əslində o səhnədə böyük bir cəsarəti özündə əks etdirmiş və yaşamağa bir səbəb daha yaratmışdı.

Yoldaşının sərxoşluğundan, biganəliyindən bitib tükənən Sara qızının itdiyini düşünüb hər kəsi ayağa qaldırır və onu tapdıqdan sonra kadrlara yansıyan görüntü xoşbəxt ananın üzündən oxunan nikbin faciədən başqa bir hiss olmur. Elə mövzu burda bir az daha dərinləşir və Sara anlayır ki, hələ son deyil, hələ yaşamağa ruhlanacaq, həyatında onun hər əzaba tab gətirməsinə kömək olan övlad sevgisi var.

Elə "bəxt üzüyünün" mahiyyəti də burda açılır. Amma təkrarən deyim, bu filmi nikbin komediya adlandırmaq olmaz.

Komediya janrının qanunlarına dərindən bələd olan aktyor ansamblı pyesin ekran variantını doğru səciyyələndirərək

hadisələrin emosional şərhinə nail olmuşlar. Filmin sərbəst naturada çəkilməsi isə mizanı, filmin ümumi ideyasını bayağılıqdan xilas etmiş olur. 

Və sonda inaanların illərlə doymadan izlədiyi, özündə keçmişi, gələcəyi əksetdirən “Bəxt üzüyü" filminin təhlilini filmdəki bir epizodla - Ömər Xəyyamın şeiri ilə sonlandırmaq istədim:

Ey şəhər müftisi səndən huşyarıq,

Bunca sərxoşluğa səndən pərgarıq

Biz şərab içirik, sən xalqın qanın,

İnsaf et, hansımız daha qəddarıq.

-Əliağa Vahid?!

-Yox. Ömər Xəyyam.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Kent Blanşar, «Bir dəqiqəyə menecer olmaq»

Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.

Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.

Qeyd dəftərimə Kennet Blanşardan da olduqca gözəl kəlamlar seçib yazmışam:

 - Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.

 - Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.

 - Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.

 - Hər bir insan potensial qalibdir.

 - Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.

 - Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.

 - İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

 

 

 

 

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

-Hələ bilmirəm, Mahir. Ancaq məhbusların simvolikalara olan sevgilərini bilirsən. Onların bədənlərindəki döymələr də bu sevgidən qaynaqlanır. Bizi maraqlandıran adam ən yüksək səviyyədə hazırlıq keçə bilər. Ancaq illərlə qanına işləmiş məhbus vərdişləri haradasa özünü büruzə verməlidir. Ümid edirəm ki, burada da bir ipucu tapmış olaq. Maraqlı burasıdır ki, şəkillər də çox peşəkar çəkilib. Sanki rəssam çəkib. Stepanın zəngini gözləyək.

Ekspert kriminalist sınaqdan çıxmış zabit olsa da, onun yanında nə söhbətimiz, nə də telefon danışığı zamanı Solominin adını hallandırmırdıq. Bu əməliyyatda tam məxfilik təmin olunmalıydı. Elə ekspert demişkən, mən telefon danışığını bitirən kimi o da işini bitirdiyini, cavabları axşama qədər hazır edəcəyini bildirib getmişdi. Gedərkən, mənzilin kandarında xüsusi tozun səpildiyini aşkar etdiyini demişdi. Bu toz, əgər axtarış iti cəlb olunarsa, onun iz götürə bilməməsi üçün istifadə olunan toz idi. Tozun mənzili tərk edən adam ayaqqabılarına vurarkən kandara dağıldığı məlum idi. Ekspert bunu deyəndə Mahirlə baxışıb heç nə deməmişdik. Hər-halda bu fakt indi olduğumuz mənzildə Solominin, ya da axtardığımız dəstənin hansısa bir üzvünün qaldığına şübhə yeri qoymurdu.

Bizim də burada bir işimiz qalmamışdı. Sahə inspektoru qonşu qadını susması barədə xəbərdarlıq etmişdi. Mənzilə kiminsə gələcəyinə inamımız yox idi. Ancaq hər ehtimala qarşı burada iki əməliyyatçı pusquda dayanacaqdı. Bir qədər keçmiş Mahirin göstərişi ilə gəlmiş əməliyyatçılara mənzili təhvil verib çıxdıq. İçimdən bir hiss, axtarış apardığımız mənzildə dəstənin hansısa üzvünün yox, məhz «Koramal»ın qaldığını deyirdi. Hər şey Stepanın zəngi ilə yerini alacaqdı.

Maşına oturub tərpəndik. Dünən gecə bütün baş verənləri və öyrənə bildiklərimizi ardıcıllıqla bir daha təhlil etmişdim. Bu sonuncu təhlilləri etdikdən sonra ağlıma bir fikir gəlmişdi. İndi onu Mahirlə bölüşmək üçün soruşdum:

-Tərxanın öldürüldüyü yeri tanıyırsan?

-Şəxsən yox. Orada rayon polis idarəsinin əməkdaşları işləyiblər. Amma öyrənmək olar.

-Elə isə, öyrən ora gedək. Bir fikrim var.

Artıq xasiyyətimə bələd olan Mahir heç nə soruşmadan telefonunu çıxarıb zəng etdi.

* * *

Moskva Cinayət Axtarışı İdarəsinin rəis müavini polkovnik Stepan Bondaryov bir qədər əvvəl tapşırıq verdiyi əməkdaşlarının məruzələrini dinləyirdi. Keçirilən tədbirlərin nəticəsi belə idi: Solominin Moskva mənzilindəki telefon məlumat kitabçasının arxa vərəqində üzərinə parlaq günəş şüalarının düşdüyü üçgümbəzli kilsə şəkli olduğu aşkar olunmuşdu. Təcili olaraq təşkil olunmuş ekspertiza mürəkkəbin tərkibinə əsasən həmin şəklin, məhz Solomin o mənzildə qaldığı dövrdə çəkildiyini müəyyən etmişdi. Bundan başqa, Solominin sonuncu həbsi zamanı saxlanıldığı təkadamlıq kameranın divarlarında da müxtəlif şəkillərin çəkildiyi məlum olmuşdu. Şəkillər divarda məhbuslara verilən alüminium qaşığın arxa tərəfi ilə cızılaraq çəkilmişdi. Bir qədər fərqli tapşırıq almış digər əməkdaş isə onun lap uşaqlıq dövrünə qədər araşdırma aparıb çox dəyərli bir faktı öyrənə bilmişdi. Bunu mütləq dəqiqləşdirməyi Bondaryovdan bakılı dostu xüsusilə xahiş etmişdi. Solomin uşaq vaxtı rəssamlıq dərnəyinə gedirmiş və istedadına görə müəllimləri ona bu sahədə çox parlaq gələcək vəd edirmişlər. Bütün bu məlumatları cəmi üç saata öyrənib məruzə edən əməkdaşlarına təşəkkür edən polkovnik onları buraxıb telefonunu götürdü. Təcili Bəxtiyarla əlaqə saxlayacaqdı.

* * *

Qəbiristanlığa gələrkən yolumuz iki postdan keçmişdi. Növbəmiz çatanda vəsiqələrimizi göstərib yolumuza davam etmişdik. Artıq üç saat idi ki, qəbiristanlıqda idim. Lazım olan qəbrin yerini öyrənib mənə göstərən Mahir işimin xeyli uzandığını görüb Nazirliyə qayıtmışdı. O, ekspertizanın rəylərini öyrənib bu gün görülmüş işlərlə birlikdə birbaşa rəhbərinə məruzə etməli idi. Ona görə də tələsmədən öz işimi görürdüm. Xeyli ərazini əhatə edən qəbiristanlığın az qala yarısını gəzmişdim. Çox güman ki, Tərxanı öldürən adam görüş verdiyi vaxtdan əvvəl gəlib haradasa gizlənibmiş. Ərazini gəzib tanış olduqdan sonra özümü həmin adamın yerinə qoyub onun bu halda harada gizləndiyini müəyyən etməyə çalışmışdım. Səkkiz belə qəbir müəyyən etmişdim. Həmin qəbirlərə gələn torpaq cığırları da müayinə etdikdən sonra əsas birinin üzərində dayanmışdım. Çünki mərmərdən olan bu toz basmış qəbirin sinə daşının üstündə bu yaxında kiminsə oturduğu aşkar görünürdü. Həmin yerin tozunu oturan adamın arxası silmişdi. Qəbrin üstünə kim bilir nə vaxt qoyulmuş qərənfillər elə qurumuşdu ki, götürəndə ovulub yerə səpələndi. Deməli yaxınlarından kimsə buranı ən azı aylar əvvəl ziyarət etmişdi. Deyə bilərsiz ki, bəlkə elə sonradan, bu yaxında kimsə gülsüz gəlib bura baş çəkib? Mənsə deyirəm yox. Çünki məntiq başqa şey deyir. Ən azı ziyarətə gələn adam bu qurumuş gülləri mütləq doğmasının qəbrinin üstündən götürüb tullayardı. Ayrıca, doğmasını yad edib gələn adam hörmət əlaməti olaraq onun qəbir daşının üstündə oturmazdı. Və yaxud da oturmaq istəsəydi belə, yenə də bu tozu görüb əyni bulaşmamaqçün oturmazdı. Çünki burada oturmuş adamdan fərqli olaraq, ziyarətə gələn olardısa, təbii ki, qəbiristanlığa bütün normal adamlar kimi gündüz gəlmiş olacaqdı. Tərxanı öldürən adamsa, gecə gəldiyi üçün qaranlıqda sinə daşının üstünü toz basdığını görə bilməzdi. Əlbəttə, hələ ki, dediklərim ehtimal səviyyəsindədir. Ancaq ehtimalıma güvənməyim üçün başqa səbəblər də var idi. Deyim bilin. Tərxan gecə saatlarında qətlə yetirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssislərinin rəyi belədir. Bu qəbir isə onun öldürüldüyü qəbrin ətrafını qaranlıqda müşahidə etmək üçün ən ideal yerdə yerləşirdi. Cəmi beş-altı addım aralıda yerləşən qəbrin başdaşı çox iri idi və ay işığında onun siluetini rahatlıqla gizlədirdi. İkincisi, həmin beş-altı metrlik məsafədəki cığırda aydın seçilməsə də, bu qəbirdən o biri qəbrə gedən və qayıdan ayaq izləri aşkar etmişdim. Cəmi iki iz. Ancaq onlar eyni ölçüdə ayaqqabıdan qoyulan izlər idi və biri Tərxan öldürülən qəbirin çəpərlənmiş sahəsinin girişində qoyulmuşdu. Cığırın torpağı bərk olduğundan izlər ancaq iki yerdə qalmışdı, onları da zorla görə bildim. Üçüncüsü, bu qəbirdən qəbiristanlığın hasarı istiqamətinə gedən cəmi bir torpaq yol var idi. O yolu axıra qədər gedib hasarın dibindəki otluqda eyni ölçüdə ayaqqabılardan qoyulmuş daha iki iz də tapmışdım. Bu izlər nisbətən dərin idi və aydın görünürdü. Ona görə ki, böyük ehtimalla onları hasara dırmaşıb oradan içəri tullanan adam qoymuşdu. Bura onu da əlavə etsəm ki, hasardan dediyim qəbrə gedən yolda bir neçə yerdə tikan kolları əzilmişdi, onda mənimlə razılaşarsız. Normalda, heç kim qəsdən bu neştər kimi tikanları olan kolları tapdalamaz. Onları sadəcə qaranlıqda görməyən adam tapdalaya bilrərdi. Ayrıca, kolların qırılan yerindən axan şirə hələ tam qurumamışdı. Hər şey gecənin qaranlığında hasardan aşıb mərmər qəbrin yanında gizlənmiş adamın, sonradan Tərxanın öldürüldüyü qəbrə tərəf gedib sonra geriyə qayıtdığına dəlalət edirdi. Qalır bu ehtimalımı yoxlamaq. Yəqin bu dediklərimdən sonra niyə burada üç saat vaxt itirdiyimi başa düşdünüz. Möhkəm susadığımı hiss etdim. Ancaq burada su nə gəzirdi. Telefonu çıxarıb Mahiri yığdım. O, cavab verən kimi dedim:

-Əziz qardaş, bayaq mənzildə bizimlə birlikdə olan kriminalisti buraya göndərə bilərsənmi?

-Hara?-xeyli vaxt keçdiyi üçün Mahir ilk dəfədən harada olduğumu başa düşə bilmədi.

-Məni qoyub getdiyin yerə, qəbiristanlığa.

Mahir ucadan güldü.

-Sən hələ oradasan? Yaxşı, indi göndərərəm. Ekspert az əvvəl işini görüb yekunlaşıb. Gözlə.

-Tapşır yolda bir şüşə su alsın.

-Deyərəm, narahat olma.

Xətti kəsib Tərxanın meyiti tapılan qəbirə tərəf getdim. Orada oturmaq üçün skamya var idi.

* * *

 Nazirlikdə yaradılmış məxfi qrupun üzvləri yorulmadan işləyir, daxil olan böyük həcmdə informasiyanı emal edib təhlillər aparır, sonra nəticələri rəhbərliyə məruzə edirdilər. Belə məlumatların içərisində biri daha çox diqqət çəkmişdi. Dörd ay əvvəl Bakıdan Rusiyanın Sankt-Peterburq şəhərinə getmiş Bakı sakini İvan Andreyeviç Nikolayevin yerini müəyyən etmək mümkün olmamışdı. Bu məlumatı şəxsən Mahir Vəliyevlə telefon danışığında polkovnik Bondaryov vermişdi. Onun şübhələri əsassız deyildi. Son dövrdə Azərbaycandan Rusiyaya gəlmiş rus əsilli qonaqların hamısının yeri bəlli olsa da, İvan Nikolayev, sanki, bir tikə yağlı əppək olub göyə sovrulmuşdu. Rusiyadakı qohumları onun yaxşı iş söz vermiş hansısa tanışı ilə görüşəcəyini deyib sağollaşdığını, arada gəlib baş çəkəcəyini dediyini bildiriblər. Dərhal şəkli əldə olunan İvan Nikolayevin İvan Solominlə oxşarlığı olduğu müəyyən edilmişdi. Yaxşı qrimlənərsə, Solomini Nikolayevdən ayırd etmək heç də asan olmazdı. Onların ad və ata adları da eyni olmaqla təkcə soyadları fərqli idi. Bakıdakı ailə üzvləri də İvan Nikolayevin çoxdan əlaqə saxlamadığını bildiriblər. Bu, onun da Tərxan Nağıyev və Mahmud Səmədov kimi aradan götürüldünü düşünməyə əsas verirdi. Əgər belədirsə, onda Bakıda Nikolayevin əlamətlərində olan adamı axtarmaq lazımdır. Ancaq Mahir Vəliyev hələ qərar qəbul etməyə tələsmirdi. Solominin məqsədi və məqsədini həyata keçirəcəyi yer müəyyən edilmədən onu götürmək olmazdı. Soyuqqanlılığına və dözümlülüyünə görə həbsxanada «Koramal» ləqəbi almış Solomin danışmaya bilər, onun saxlanıldığını başa düşən qarşı tərəf hansısa hazırladığı ehtiyat variantı işə sala bilərdi. Bu isə istənilən halda fəlakətə gətirib çıxara bilərdi.

Mahir Vəliyevin tələsməməsinin başqa bi səbəbi də var idi. Mahmud Səmədovun mərhum Tərxanla son aylardakı əlaqəsi, birdən-birə varlanıb yepyeni maşın alması, bir müddət sonra yoxa çıxması bu məsələdə ondan istifadə olunmasının təkzibedilməz sübutları idi. Tərxanın da, Mahmudun da satqınlıqlarına görə yaxşı mükafat aldıqları məlum məsələ idi. Bu pulları sağa-sola xərcləyən Tərxanın naşılıq edib anasına yalandan yaşıllaşdırmada işləyən dostu vasitəsilə pul qazandığını deməsi Mahmudun izinə düşməyimizə imkan vermişdi. Mahmud Yaşıllaşdırma Təsərrüfatında adi fəhlə idi. Özü maaşa baxdığı halda, Tərxan onun vasitəsilə necə pul qazana bilərdi?

Sorğu əsasında Mahmudun yaz aylarından etibarən iştirak etdiyi yaşıllaşdırma işlərinin aparıldığı bütün məkanlar müəyyən edilmişdi. Hər ehtimala qarşı, onsuz aparılan işlərin də ünvanları ayrı bir siyahıda götürülmüşdü. Ancaq onlar ikinci dərəcəli idilər. Bu gecə böyük qüvvə ilə mütəxəssislərin həmin məkanları yoxlayacağı qərara alınmışdı. İşlərin gecə aparılması vacib idi. Əgər qarşı tərəf lazım olan məkanı vizual nəzarətdə saxlayırsa, küçələrdən əl-ayağın yığışdığı gecə saatlarında müşahidə aparmaq onlar üçün çətin olacaqdı. Hər işi ehtiyatla görmək tələb olunurdu.

 

 “Ədəbiyyat və incəsənət”

(11.03.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

7. "Bir edam məhkumu qaçdı" (1956), Robert Bresson

 

1943-cü ildə bir leytenant Qestapo tərəfindən əsir götürülərək Montluk qalasına həbs edilir. Qaçışını təfərrüatları ilə planlaşdıran leytenant ölüm hökmü çıxarılana qədər planlarını təxirə salır. Almanlarla işlədiyi bilinən başqa bir məhbus leytenantla eyni kameraya salınır. Leytenant qaçışını həyata keçirmək üçün ya onu öldürməlidir, ya da ona güvənməlidir. Film Fransız Müqavimət döyüşçüsü Andre Deviqninin Lion şəhərində yerləşən Montluk qəsrindəki ciddi mühafizə olunan kamerasından müharibə zamanı qaçmasının real hekayəsi əsasında çəkilib.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki;-“Heç yadımdan çıxmaz, mən imtahana girəndə müəllimlər baxıb gülürdülər, mənsə özümü itirmişdim ki, görəsən, nəyə gülürlər. Gah əlimlə paltarımı düzəldirdim, gah da saçımı. Sən demə, məndən xoşları gəldiyi üçün gülürlərmiş. Müəllim sarıdan bəxtim çox gətirib. İnstitutda da oxuyanda həmişə baş rolları mənə verirdilər. İnstitutu bitirəndə Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov və bir çox tanınmış sənət adamları mənim diplom tamaşalarıma baxmışdılar. Tofiq Kazımov mənə "Şöhrət və unudulan adam" tamaşasında rol verdi. İstəyirdilər ki, mən "Azdrama"ya gedim. Amma mən Gənc Tamaşaçılar Teatrını seçdim. Ona görə ki, boyum balaca idi. Düşünürdüm ki, boyu balaca aktrisa Akademik Milli Dram Teatrında gedib nə edəcək? İndi orda balacaboy aktrisalar var. O zaman yox idi. Şəfiqə Məmmədova, Amaliya Pənahova orda idi. Mən televiziyada mərhum böyük sənətkarımız Yusif Vəliyevlə bir tamaşada oynadım. O, mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi”.

 

Həyatı çox maraqlı keçib. Hara gedibsə sevgiylə qarşılanıb, sevgi ilə də yola salınıb. Sanki sevilmək onun alın yazısıdır, qismətidir...

 

“Desəm ki, gözəl olmuşam, bu, düzgün olmaz, mənim haqqımda başqaları nəsə deyə bilər. Şəkillərimi göstərə bilərəm. 1981-ci ildə Leninqradda keçirilən gözəllik fotomüsabiqəsinin qalibi olmuşam. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı. Sizə bir söz deyim də, o vaxtlar indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. Bircə problemim vardı: boyumun balacalığı. Amma boyuma görə də bədən ölçülərim vardı. Mən qrim otağına girəndə hamı gizlincə mənə baxırdı. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. İlk dəfə elə bildim ki, Ornellanın da şəkli mənim hansısa tamaşadan çəkilən şəklimdir. Özündən soruşdum ki, Sara xala, bu, hansı tamaşadan çəkilən fotodur? Qayıtdı ki, bu, Ornella Mutidir, səni bu aktrisaya bənzədirəm. Bilmirəm, gəncliyimə görə idi, ya gözəlliyimə, sənətimə görə, nədənsə, məni çox istəyirdilər. Yaxınlaşan hər kəs məni “krasotka” deyə çağırırdı. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim”.- söyləyir.

 

Söhbət xalq artisti Nübar Novruzovadan gedir. O, 1958-ci ildə Naxçıvanda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil alıb. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. Ötən müddət ərzində xeyli tamaşa və filmlərdə çəkilib. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə, 1991-ci ildə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2022-ci ildən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...

 

Deyir ki,- “Süküt divarı” adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər”.

 

Martın 8-i onun üçün ikiqat bayram oldu. Həm doğum günü və həm də Beynəlxaq Qadınlar Bayramı. Onu bu qısa, yığcam yazı ilə təbrik edir, möhkəm can sağlığı arzulayırıq. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pərviz Novruzova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

PƏRVİZ NATİQ OĞLU NOVRUZOV

(02.02.2002.-03.10.2020.)

 

Kürdəmir rayonunun Ərəbxana kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin  əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

UNUDULMAZ PƏRVİZ

 

Hələ kiçik yaşından xətirli –hörmətliydin,

Çox mehriban, gülərüz, şirin söhbətli idin,

İstiqanlı oğuldun, dostluqda ülfətliydin,

Qısaca həyatında qoydun yaxşı əməl, iz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

Böyüdün, yaşa doldun, arzuların böyüdü,

Oldun Ərəbxananın cavan, qoçaq igidi,

Ağsaqqallardan aldın nəsihəti, öyüdü,

Həyatda yolun kimi əqidən də oldu düz,

Unutmaz heç bir zama el-oba səni, Pərviz.

 

Vətən məhəbbətiylə döyünürdü ürəyin,

Sevirdin  yurdumuzun hər gülün, hər çiçəyin,

Qarabağ azad oldu, qəbul oldu diləyin,

Arzuların saf idi, xəyalların tər-təmiz,

Unutmaz heç bir zaman  el-oba səni, Pərviz.

 

Oxuyurdun kollecdə, dedin  orduya gedim,

Artıq zaman yetişib, vətənə xidmət edim,

Necə də fəxr edərəm, “Əsgər!” çağrılsa, adım,

Bu ad hamıya doğma, bu ad hamıya əziz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

Alqış ülvi  sevginə, alqış mətanətinə,

Hamı heyran qalıbdır vətən məhəbbətinə.

Tab etmədi yağılar sənin rəşadətinə,

Yaddan çıxarmaz heç vaxt  qəhrəmanın Horadiz,

Unutmaz heç bir zaman  el-oba səni, Pərviz.

 

Zaman keçir, hərənin həyatı bir cür ötür,

On doqquz il yaşadın  gözəl, mənalı ömür,

Şəhid oldun, şəhidlər heç vaxt, heç zaman ölmür,

Səni doğması bilir  Gəncə, Naxçıvan, Təbriz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

 

 

 

 

Bazar ertəsi, 11 Mart 2024 09:30

Dünən Milli Teatr Günü idi

“Ədəbiyyat və incəsənət” portalı tənqidçi Əsəd Cahangirin Milli Teatr Günü münasibətilə qələmə aldığı “Füzuli ili və Teatr günü” yazısını təqdim edir. 

 

Kitabın yazılma səbəbi

 

Ötən il, iyunun 29 və 30-da Milli Teatrda Cavid Zeynallının "Şükriyyə" pyesinin (qapaq fotosunda) rejissor Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşasının premyerası oldu. Amma bununla bağlı fikirlərimi yazının axırında - "Tamaşa" fəslində verəcəm. Çünki bu yazıdan amacım eləcə "Şükriyyə" deyil, konkret bir tamaşa nədəniylə aşağıdakı çoxsaylı məsələlərə toxunmaq, bir sözlə, damlada dəryanı göstərməkdir:

- milli dramaturgiya və teatrın çağdaş durumu;

- rejissorun teatrdakı yeri;

- bədii istedada qayğı;

- yeni dramaturq imzası;

- sənət və toplumsal həyatın bağlantısı;

- vətənsevərlik, özəlliklə də, Qarabağ konusunun plakat, şüar, xaltura, alver alətinə çevrilməsi;

- sənətkarın meracı.

Füzuli kədərli bir eşq olayından danışan "Leyli və Məcnun"un girişində deyirdi:

 

Düşdü səfərim diyari-dərdə,

Kimdir mənə yar bu səfərdə?

 

Şair bu səfərdə 530 ildir ki, düşmənsiz ötüşməyib, amma onun sözünü deyən, hörmətini saxlayan, yolunu gözləyənlər də az olmayıb ki, çox olub. Bəs, hər cür sorunlarla üzləşəcəyim bu "uzun, incə yolda" bir az füzulluq eləmək zorunda qalsam, mənə necə, axıracan yoldaşlıq eləyən tapılacaqmı? Konkret olaraq, Füzuli ili və teatr günü, ümumən orta çağ divan şairi ilə teatr sənətinin nə ilişkisi? Bu sualların cavablarını bilmək istəyirsiniz? Onda gərək bu yazını sonacan oxuyasınız.

 

Ustadlara xitab

 

Platon haqlıydı - hər cür sənət xatırlamadır, amma təkcə ideyalar aləmini deyil, həm də gerçək şəxsləri və ya nəsnələri xatırlamaq. Platon özü bütün dialoqlarında Sokratı xatırlayırdı. Mən isə on il öncəyə - 2014-cü ilə qayıtmaq, İsa Muğannanı xatırlamaq istəyirəm. Görkəmli nasirin Daxili İşlər Nazirliyi yaxınlığında, keçmiş Hüsü Hacıyev küçəsində, yazıçılar binasının beşinci qatındakı evindən Füzuli meydanına ayaqla vut-tut, beş-altı dəqiqəlik yol olsa da, o, Nəsimidən Nizamiyə qayıdıb, Füzulidən yazmasa da, alın yazısı ömrünün axırında onu Füzuli meydanına gətirdi və yazıçını son mənzilə bir əli sinəsində, o biri çənəsində, Məcnunu sağı, Leylisi solunda, vəhşilər ayağının altı, mələklər başının üstündə, fələyin zindanı kürəyi, Allah eşqi ürəyində dərindən-dərin düşüncələrə dalmış Füzuli, İsanı isə Məhəmməd yola saldı, "çün Məsihi-vəqtsən, can vermək asandır sana..." dedi.

Artıq onilləri aşır ki, ünlü söz-sənət adamlarının çoxu son mənzilə Füzulinin yanı, Füzuli meydanından keçib gedirlər. Şair, elə bil ki, zamanla əbədiyyət arasında bir körpüdür. Füzuli metafizikdir və onun bəlkə bir misrasını da oxumayan iyirminci yüzil batı filosofu Martin Haydegger "Metafizika nədir?" kitabında yazır ki, insan düşüncəsinin irəliləməsi üçün bizi başlanğıc nöqtənin cazibəsində tutub saxlayan metafizikadan qurtulmalıyıq. Mirzə Fətəli Axundovun "Füzuli şair deyil və onun xəyalatında əsla təsir yoxdur", Cəfər Cabbarlının "Neçə əsrlərdir ki, Füzulinin sehrli orbitindən çıxa bilmirik" sözləri də ünlü filosofun fikriylə səsləşir. Füzulini oxuyub-oxumamasına dair nəsə deyə bilməyəcəyim böyük fransız metafiziki Rene Genon isə "Çağdaş dünyanın böhranı" kitabında yazır ki, batının böyük sürətlə yuvarlandığı uçurumdan qurtuluşunun tək yolu doğuda hələ də qorunub saxlanılan vahid, əzəli metafizik prinsipə qayıtmaqdır. Kim haqlıdır? Bu sualı birmənalı cavablandırmaq bəsit bir şey olardı, nədən ki Haydegger, Axundov, Cabbarlı və Genon məsələyə fərqli, bəzən əks yönlərdən baxsalar da, bir çiynin üstündəki başlara bənzəyirlər. Əslində isə onların qoyduğu məsələ o qədər orijinal deyildi, bu metafizik sualı hamıdan öncə Füzuli özü vermişdi:

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?

 

Haydegger də, Axundov da, Cabbarlı da, Genon da Füzuli sualına cavab axtarır, öncəkilər ona "usanar", sonuncu isə "usanmaz" cavabını verirdi. Bundan sonra da neçə-neçə düşünürlər gəlib-keçəcək, mini mini bir söz deyəcək, amma ta qiyamətəcən nə bu sualın cavabı tapılacaq, nə də bu sevda bitəcək. Nədən ki bu məcnun sual insanlığın ölüm-qalım sorunu, bu sevda sonsuzdur. Füzuli isə eləcə Molla Məhəmməd Süleyman oğlu Bağdadi, onun yazdıqları isə təkcə qəzəl, dastan deyil, həm də ümumbəşəri, milli və fərdi anlamda metamətnimiz, neçə yüzillərdir qaça bilmədiyimiz, yəqin ki, qiyamətəcən pozulmayacaq alın yazımızdır. Odur ki, Füzuli əleyhinə öncələr də, bu gün də, istər xaric, istərsə də daxilimizdə aparılan siyasi-ideoloji təxribatlar - İraqda məzarının yerini dəyişmək, yaxud "İraq şairi" adlandırmaq, İranda abidəsini təhqir eləmək, bizdə isə haqqında aşağılayıcı bir şeylər yazmaq çabaları - həmişə fiasko ilə sonuclanıb, bundan sonra da belə olacaq, nədən ki gəldi-gedər siyasi maraqlara bağlı kampaniyalar əzəli-əbədi dəyərlər qarşısında acizdir. Alimlərimizdən Kamil Allahyarov, Zəkulla Bayramlı, özəlliklə də, özünün "Füzuliyə qarşı üçüncü vandalizm aktı" adlı dəyərli məqaləsində ərəbşünas Cəmaləddin Quliyev çoxsaylı faktlara söykənərək, bu məsələyə aydınlıq gətirib, bütün bu kampaniyaların riyakar siyasi-ideoloji mahiyyətini yetərincə açıqlayıblar. Füzulinin xatirəsini təhqir eləmək kimi uğursuz cəhdlərə qarşı ən ciddi cavab isə şairin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin 25.01.2004-cü il tarixli sərəncamıdır. Bu sərəncam çağdaş sərhədlər daxilində məzarının harada olmasına baxmayaraq, Füzulinin dahi Azərbaycan şairi və mütəfəkkiri olmasının bütün dünyada rəsmi təsdiqidir və məncə, xaricdəkilərin havasına züy tutan, yuxa qırağı sulayan bəzi daxilimizdəkilər də bu qərardan nəticə çıxarıb, elmi baxımdan yanlış, siyasi yöndən zərərli mövqelərinə düzəlişlər edəcəklər.      

Qoy, onlar öz düzəlişlərini eləsin, mənim yolumsa, yenə keçmiş Hüsü Hacıyev küçəsi, yazıçılar binasınadır. İllər öncə, hələ bu fani dünyada yaşadığı, onda dəyərini elə də bilmədiymiz, indi çox uzaq, əlçatmaz görünən o gözəl günlərdən birində, yazıçılar binasındakı həmin mənzilində Muğannadan "gənc yazarlara sözünüz, məsləhətiniz nədir?" deyə soruşmuşdum və o bir an da düşünmədən, guya kimsə başqa biri, ya da öz-özüylə danışırmış kimi, hansısa məchul nöqtəyə zillənərək keçmişi-keçəcəkləri, yeri-göyü, ərşi-kürsü dolanaraq yanıma enmiş və göz açıb yumunca baş verən bu tarixi, kosmik gəzintidən doğan müdtik bir dalğınlıq havasında "qoy, damlada dəryanı, zərrədə küllü göstərsinlər" demişdi. Ondan çox cavab gözləyirdim, amma bunu - əsla! Muğanna öz cavabında Genonu Haydegger, Axundov və Cabbarlı ilə barışdırır, həm o tərəf (dərya), həm də bu tərəfə (damla) vurur, axırda da qayıdıb vəhdət nöqtəsində dururdu. Onun bu sözləri mənə niyə dediyini indi - bilgisayarın qarşısına keçib, ilk cümləyə hardan, necə başlayacağımı düşünəndə bilirəm. Onda bilmirdim ki, öz sualım da, yazıçının cavabı da yaddaşıma yazılıb və günlərin bir günü bu yazıda beləcə qəfil boy verəcək.

Teatr və dramaturgiyamızın çağdaş durumuna dair bu teatral-essevari düşüncələrimə Füzuli və Muğanna anısıyla başlamağımın bir neçə nədəni var və biri də budur ki, oxuyacağınız yazıda sufi üsuluna üz tutmuş, damlanı dəryada, zərrəni küllüdə göstərməyə, çözülməsi soruna quş uçuşu, yəni bir az uzaq, bir az da yuxarıdan - uzun və geniş planlarda baxmağa çalışmışam. Çünki ayrıca sorunların da, konkret şəxslərin də yeri və rolu ümumi mənzərədə daha aydın görünür. Siz bu sufi rümuzatında "damla"nı yazının özəl predmet və subyektləri, "dərya"nı dramaturgiya, teatr, ümumən sənət, damlanı insan, dəryanı Allah kimi çözməyinizdə olun, mən də bu müddətdə ustadların ruhuna rəhmət diləyib, onlardan füzuliyanə bir halallıq alım ki, vaxtımız çox getməsin:

 

Arayişi-söhbət eylə, saqi,

Ver badə, mürüvvət eylə, saqi.

...Sən ver badə, mən eyləyim nuş,

Mən nəzm oxuyum, sən ona tut guş...

 

Rejissora sözönü

 

Əgər səhnə öz sərhəd, qanun və əhalisi olan ayrıca bir dünya və rejissor onun yaradıcısı, demiurqu, tanrısıdırsa, sözə   Bəhram Osmanovdan başlamaq istəyirəm. Milli Teatrın səhnəsində zamanında "Qarağaclar altında ehtiraslar" (Yucin Onil), "Şah Edip, yaxud alın yazısı" (Sofokl), "Kral Lir" (Vilyam Şekspir), "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Mesenat" (Əli Əmirli), "Kaş araba aşmayaydı" (Otar İoseliani), "Uçqun" (Tuncər Cücənoğlu) və digər aydın konsepsiyalı, aktual ideyalı, istər bütövlükdə, istərsə də ayrı-ayrı səhnələrin təkrarsız ehtişamı baxımından heyranlıq doğuran tamaşalara quruluş verən bu görkəmli rejissor Gənc Tamaşaçılar Teatrına getməsilə bağlı uzun dönəmdir ki, burda görünmür, onun ana teatrın səhnəsindəki son işi - "Dəli yığıncağı"ndan (Cəlil Məmmədquluzadə) illər keçir. Teatrsevərlər isə bəzən, doğrudan da, dəli yığıncağı təsiri bağışlayan, ələşənin küləşənə qarışdığı, yaxşı ilə yamana, yağlı ilə yavana fərq qoyulmadığı hazırkı durumda çox şeyləri unutmayıblar. On doqquzuncu yüzil ünlü türk şairi və dövlət xadimi, saray çəkişmələri üzündən Osmanlını tərk edib, uzun illər batı ölkələrində yaşamaq zorunda qalan Ziya Paşa deyirdi:

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünür rütbeyi-əqli əsərində.

 

Osmanlı şairinin diliylə desəm, Osmanovun Milli Teatrdakı işləri onun rejissor kimliyini göstərən "ayinəsidir" və indi onlardan bəzi səciyyəvi məqamları yada salmaq istəyirəm.

...Pərdə bağlanır, tamaşa bitir, pərdənin bəri üzündə atılıb qalmış yelləncəkli boş kreslo isə dünyanın faniliyi, amansız taxt-tac qovğalarının anlamsızlığından söz açır. Burda artıq cansız kreslo danışır. Bura sözün bitdiyi yerdir! Mən ədəbiyyat tarixi səhifəsinin bu üzünü o üzünə çevirib, Füzuli divanına üz tuturam:

 

Ey olub sultan deyən dünyada məndən qeyri yox,

Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!

 

Rejissor isə tarixin pərdəsinin o üzünü bəri üzünə - çağdaşlığa çevirir, b.e.ö. səkkizinci yüzildə dumanlı Britaniyada baş vermiş saray çəkişmələri ardından 90-ların bir-birini dabanqırma izləyən dumanlı hakimiyyət davalarına üz tutur. Bu, iki fərqli heyətlə beş-altı ilə hazırlanan, Kral Lirin özü qədər qəribə, acımasız taleli "Kral Lir" tamaşasının finalıdır.

Babanın günahı üzündən: ana özünü asaraq intihar edib; gözlərini öz əlləriylə kor eləyən ata illərlə səfil-sərgərdan gəzib-dolanandan sonra dəhşətli əzablar içində ölüb; taxt-tac uğrunda qardaş qardaşı öldürüb; sağ qalanı düşmənlər qətlə yetirib; Tanrı üz çevirib və Edipin (Kamal Xudaverdiyev) qızları İsmena (Mehriban Xanlarova) ilə Antiqona (Münəvvər Əliyeva) göylə yerin arasında tək-tənha qalıblar! Tamam tək və tənha! Taleyin verdiyi çəkilməz acılardan sonra qızlar axır ki, bir-birini bağışlayıb qucaqlaşır və elə o anda Tanrı "mələyi" (Sənubər İsgəndərli) öz qanadlarını onların üstünə gərir, üçü bir yerdə səssizcə ağlayırlar. Cavanşir Quliyevin həzin musiqisi eşidilir, səhnəyə kosmik çəkisizlik, yaxud çiskin yağış ovqatı doğuran işıq düşür... Antik tragediyadakı bu olaylar ardından yenə də 90-ların hakimiyyət qovğalarına boylanan rejissorun səsi gəlir: "Niyə hər yandan düşmənlərlə çevrələndiyimizi görmürük? Niyə bir-birimizi qırır, qızlarımızı, qadınlarımızı başsız qoyuruq? Gəlin, bəylik taxtımızdan enək, şəxsi ambisiyalarımızı bir kənara qoyaq, adam olaq, bir-birimizi bağışlayaq ki, Tanrı da bizi bağışlasın - qurtuluşumuz birliyimizdədir!"

Bu, "Şah Edip"in 25 ildən bəri yaddaşımdan silinməyən uşaqcasına məsum, müdrikcəsinə mənalı finalıdır! O qədər məsum və mənalı ki, az qala hipnoz olmuş zal aktyorları alqışlamağı belə unudurdu. Mən nə öncə, nə də sonralar baxdığım tamaşaların heç birində insanı bu qədər təsirləndirən, özünə qaytaran, bu qədər güclü və zərif final görməmişəm. Bütün dünya uçub-dağılmış, yalnız bunlar qalmışdı - kosmik ənginlik qarşısında tənha insan, göz yaşı və ümid... Burda danışan göz yaşlarıydı! Bu sözün bitdiyi yer idi! Qiyamət səhəri kimi acı, hansısa müjdədən soraq verən bahar nəsimi kimi bu həzin finala baxdıqca düşünürdüm ki, dünya dramaturgiyasının bəlkə də ən talesiz məxluqlarını oynasalar da, Mehriban, Münəvvər və Sənubər dünyanın ən xoşbəxt oyunçularıdır. Təkcə elə bu tamaşanın final səhnəsində oynamaq üçün illərlə zəhmət çəkib, lazım gəlsə, şəxsi səadətindən belə əl çəkib aktyor olmağa dəyərdi! Osmanovun quruluşlarında rol almaq aktyor üçün, doğrudan da, şansdır. 

Bağlanmış pərdə bir anlığa açılıb, yenidən sürətlə qapanır, amma bu bir göz qırpımı da bəs eləyir görəsən ki, üzündə təbəssüm donmuş aktyorlar Tağıyevlər ailəsinin hansısa xoşbəxt anının fotosunu canlandırır. Bu şəkil marketinq dönəminə keçidin yaratdığı aşırı varlanmaq ehtirası, maliyyə fetişizmi, acgözlüyün absurdluğuna işarə edir. Bu şəkil milli sahibkarlığın çağdaş təmsilçilərini el atası, böyük mesenat Hacı Zeynalabdin Tağıyevdən həm örnək, həm də ibrət götürməyə çağırır. Bu şəkil "nə qədər varlı, nüfuzlu olursan-ol, bu dünya olum və ölüm pərdələri arasında (f)ani bir görüntü, vaxtın sonsuz yaddaşında donub qalmış şəkildir" deyir. Burda artıq cansız şəkil danışırdı... Bu, sözün bitdiyi yer idi!

Bu isə "Mesenat"ın finalıdır.

Osmanov hər tamaşasında bizi yenidən və yenidən xoşgörüyə, barışa çağırır, "mərhəmətli olun!" deyir, nədən ki Allahın "öldüyü" bu amansız, sərt dünyada vicdan son sığınacaq, mərhəmət olan-qalan, yeganə həqiqətdir!

Mərhəmət! Bu, onun rejissor dünyaduyumunun anayasası, yaradıcılığının epiqrafıdır! Maraqlıdır ki, bütün sənət həyatı boyu üzləşdiyi çətinliklər milli Efrosumuzun mərhəmət idealına ciddi xələl gətirə bilməyib. Çoxsaylı milli, rus, qərb sənətkarları arasında onu məhz sovet dönəminin dissident ruhlu rejissoru Anatoli Efrosa bənzətməyim özü də gəlişigözəl epitet, subyektiv yarlık olmayıb, təkcə iki azad ruhlu istedadın üzləşdikləri eyni səciyyəli sorunlardan da irəli gəlməyib, hər şeydən öncə, Osmanovun özünün fikridir. Yadımdadır ki, aşağı-yuxarı, iyirmi-iyirmi beş il öncə ondan "Stanislavski, Meyerxold, Brext, Kreq, Vaxtanqov, Tovstonoqov, Yefremov, Lyubimov, Efros, Tairov... Özünü bu rejissorlardan hansının məktəbinə aid edirsən?" deyə soruşmuş və "əlbəttə, Efrosun" cavabını almışdım. Maraqlıdır ki, Taqanka Teatrında əleyhinə aparılan neçə illik kampaniyadan sonra 1987-ci ildə infarkt keçirən Efros dünyasını dəyişmiş və məhz həmin il gənc rejissor Bəhram Osmanov Milli Teatrda öz işinə başlamışdı. Rejissorun sonrakı yaradıcılıq taleyi də onun Efros kodundan xəbər verir. O da Efros kimi öz ideyalarını gerçəkləşdirmək üçün az sorunlarla üzləşməyib, teatrları dəyişmək zorunda qalıb, tamaşalarının qarşısına yapma əngəllər qoyulub. Yazıqlar olsun və nə yaxşı ki, bu belədir. Füzuliyanə desəm, gülə tikanın zərəri yoxdur:

 

Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə,

Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.

 

Neçə-neçə səhnə, televiziya və kino obrazlarını gördüyüm ayrı-ayrı aktyorlar da yaddaşımda Bəhram Osmanovun quruluşlarındakı bu və ya digər anın doğurduğu unudulmaz təəssüratla qalırlar. Onları bu anlarda görmüş, tanımış, sevmiş və yadda saxlamışam:

Lir - Kamal Xudaverdiyev barmağını Kordeliyanın (Məleykə Əsədova) yanaqlarından süzülən göz yaşlarına vurub, ehtiyatla, qorxuyla dilinə toxundurur, sonra az qala hədəqəsindən çıxan gözlərlə zala üz tutaraq, sanki "duzludur! həqiqidir! doğrudanmı, saxta deyil?!" deyə soruşmaq istəyirdi! Unudulmaz aktyor yaddaşımda ömrü boyu şirin yalanlarla yaşayıb birdən-birə acı (duzlu!) həqiqətlə üz-üzə gələndə iliklərinə qədər sarsılan, uşaqcasına sadəlövh ingilis kralının açıla qalmış ağzı, heyrət dolu baxışlarıyla qalıb! Burda artıq gözlər danışırdı... Bu, sözün bitdiyi yer idi!

Nə rus sovet rejissoru, "Don Kixot", "Hamlet" kimi dünya klassikası şedevrlərinə böyük başarıyla ekran həyatı verən Qriqori Kozintsev, nə ingilis Riçard Eyrin eyni mövzudakı filmlərində (uyğun olaraq 1970 və 2018-ci illər), nə də Leonid Heyfetsin Malı Teatrının aktyorları ilə hazırladığı və zamanında böyük maraqla qarşılanan film-tamaşasında (1982) Lir və Kordeliyanın uzun ayrılıqdan sonra qarşılaşması səhnəsi bu qədər parlaq, yaddaqalan, təsirli deyil:

Səhnənin bir başında - taxt-tacını, torpaqlarını böyük qızları Qoneriliya (Bəsti Cəfərova) və Reqanaya (Hicran Nəsirova) cehiz verib, sonra nankor övladları tərəfindən rədd edilən, qapılar üzünə çırpılan, yolçu olub çöllərə düşən, qaranlıq, soyuq, tufanlı gecələri dilənçilərlə keçirən, lakin hakimiyyətdən endikcə həqiqəti dərk pillələri ilə yüksələn, maddi sərvətlərini itirdikcə mənən zənginləşən və sonucda kraldan insana, misdən qızıla, damladan dəryaya çevrilən zavallı və bədbəxt Lir; o biri başında - sözün düzünü dediyi, yalanı, riyakarlığı bacarmadığı, diliylə könlü bir olduğu üçün cehizi lənət, təhqir olan, lakin Liri bağışlayan və öncələrdəki kimi yenə də sevən mələk təbiətli kiçik qızı Kordeliya! Dilənçi görkəmində olan Lir və su sonası kimi bəyaz libaslı Kordeliya qarşılıqlı sevgi ifadə edən atəşin sözlərlə qollarını qabağa açır, dizin-dizin bir-birinə doğru sürünür, səhnənin tən ortasında göz yaşları içində qucaqlaşırdılar! Göz yaşının dadına baxmaq da bundan sonra başlayırdı...

Əminəm ki, Kozintsev, Eyr, Heyfetsin filmləri və Osmanovun tamaşasına baxıb, eyni səhnələri tutuşdursanız, gəldiyim sonucun bayağı "özümüz-özgələri" mifindən doğan tərəfgirlikdən irəli gəlmədiyinə, hər cür kiçiltmə və şişirtmədən uzaq olduğuna siz də əmin olarsınız. Düzdür, Kamal Xudaverdiyev göz yaşının dadına baxmağı Kozintsevin filmində baş rolu oynayan ünlü eston aktyoru Yuri Yarvetdən götürmüş, amma öz mənalı heyrəti ilə bu jestə tamam fərqli anlam verə bilmişdi. Göz yaşını dadan Yarvetin üzündə bir təəssüf, peşmançılıq var. Kral bu duzlu göz yaşında, elə bil öncədən artıq duyduğu həqiqətin təsdiqini tapır: "hə, doğrudan da, duzlu imiş, saxta deyilmiş, təəssüf ki, bunu gec başa düşdüm." Kamal Xudaverdiyevin Lirinə isə öncədən heç nə məlum deyil, o həqiqəti indi, göz yaşını daddığı andaca, zen-buddistlərin diliylə desək, qəfil tapır və bu gözlənilməz intuitiv kəşfdən ağzı açıla qalır: "doğrudanmı, duzludur, doğrudanmı, saxta deyil?!!" Onun üzündə təsdiq yox, heyrət dolu bir sual, onun gözündə təəssüf yox, özünün ən yüksək dərəcəsinə çatmış təəccüb var! Aktyorun köhnə jestə verdiyi bu yeni anlam səhnədəki degustasiyanın zaldakı dadını qat-qat artırır, ona həqiqətin kəşf olunduğu həlledici məqam statusu verir və müqayisədə ünlü eston (üstü) unlu azərbaycanlıya açıq-aşkar uduzurdu ("Kral Lir");

taleyin amansız hökmüylə dünyanın ən bağışlanmaz suçuna sürüklənən, indiyəcən olub-keçən qadınların heç birinin üzləşmədiyi acı bir qismətə tuş gələn - öz bətnindən doğurduğu Ediplə izdivaca girən, ondan dünyaya övladlar gətirən və bu dəhşətli həqiqəti biləndə azacıq belə düşünmədən özünə ölüm hökmü çıxaran, yunan profilində qədd-qamətli, şahanə, hökmürəvan İokasta - Şükufə Yusupovanın da ölümə gedərkən tüstülər, dumanlar içində ağ göyərçin qanadları kimi, xəyal kimi çırpınan əllərini, yəqin ki, heç vaxt unutmayacam ("Şah Edip").

Hələ Bəsti Cəfərovanın sevişdiyi kişinin ağuşundan çıxaraq, şərab dolu qədəhi başına çəkən, sonra da hüdudsuz şəhvani istəkləri və hakimiyyət ehtirasının təmin olunmamasından doğan narazılıq, nifrət, aqressiyanın ifadəsi kimi boş qədəhi bütün bədəniylə bir yay kimi gərilərək, daxili aləminin ən dərin nöqtəsindən gələn çılğın bir nidanın müşayiəti ilə səhnənin hansısa uzaq küncünə tullayan Qoneriliyası!.. Onun hüdudsuz azğınlığından xəbər verən nidası səhnə səmasında şimşək kimi çaxır, bütün zalı diksindirirdi! Qəribədir ki, aktrisa bu səhnə də daxil olmaqla Qonerilya obrazını elə də bəyənmir, Kordeliyanı oynamaq istəyirdi. Mənim isə üstündən on illər keçsə də, Qonerilyanın boş qədəhi necə atması hələ də gözümün önündə, çılğın nidası hələ də qulağımdadır. Milli və dünya dramaturgiyasında Pəridən (Cəfər Cabbarlı, "Solğun çiçəklər", rejissor Ağakişi Kazımov) tutmuş, Fedraya (Jan Rasin, "Fedra", rejissor Mərahim Fərzəlibəyov) qədər ən ehtiraslı qadın obrazlarını canlandıran aktrisa yaddaşımda qəddar, amansız ingilis kraliçasının bir kəlmə də demədən hər şeyi deyən sözsüz qiyamı ilə qalıb ("Kral Lir");

düşmən siyasi partiyanın oğluna ərə getməsin deyə öz əmisi oğlu tərəfindən zorlanan, avansenaya çıxaraq bütün əclaflıqların acığına başını qürurla yuxarı qaldıran, sonra nəsə daxili hökm verdiyini bildirən sərt hərəkətlə geri dönüb, səhnə boşluğunda yoxa çıxan, eləcə mimika və baxışlarıyla tamaşanın ən önəmli informasiyasını - intihar qərarını zala çatdıran Fidan - Məleykə Əsədova da yaddaşıma ayaqlar altına atılmış məhəbbət, tapdalanmış bəkarətin saf heykəli kimi yüksəldiyi bu sözsüz səhnəsi ilə yazılıb. Fidan bu bir anlıq görüntüsüylə aktrisanın Gültəkin, Şirin, Mariya Tüdor kimi klassik faciə ehtişamıyla süslənmiş obrazlarını kölgədə qoyurdu ("Ağqoyunlular və Qaraqoyunlular").

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.