
Super User
Qarabağ- harda olsam, məni ana kimi qoynuna çəkən Torpaq!…”
Esmira Günəş, “Ədəbiyyat və incəsənət” üçün
Oxuyub bitirdiyim kitablar silsiləsində növbəti kitab AYB-nin üzvü, “Ədəbi ovqat" dərgisinin təsisçisi, şair-publisist, maraqlı esselərin müəllifi, dəyərli şəxsiyyət Rəfail Tağızadənin "Qarabağ- həsrətdən zəfərə" kitabı oldu.
İlk öncə onu deyim ki, kitab yorucu və darıxdırıcı deyil. Əksinə, sanki kitabda esselər və şeirlər bir-biri ilə yarışır. Oxucunun duyğularını qarışdıran hər essenin ardıyca gələn şeir payı oxucuda daha da həyəcan yaradır.
Kitabı "Qarabağ ağrısı" essesi ilə başlayan yazar deyir:
İşıq gəlmir çırağından,
Xəbərsizəm sorağından,
Necə çıxım qınağından,
QARABAĞ!
O Qarabağ ki, mən doğulanda mənfur düşmənlərin gözünə batıb. Min bir hiylə, min bir kələklə, hətta topla, tüfənglə öz torpağımızı alıblar əlimizdən. O Qarabağ ki, 30 il havasına, suyuna, meşəsinə, çölünə həsrət qalmışıq. Üzünü görmədiyimiz torpaqları nənələrimiz nağıllarla sevdirib bizə. Analarımız laylalarla. O Qarabağ ki, adı çəkiləndə atamız başını aşağı salıb utandığından. Qəbul edə bilmədiyi məğlubiyyətin çiyinlərinə qoyduğu yüklə yaşayıb illərlə. Bir də bu həsrəti qəlbində ikiqat yaşayanlar var. Qarabağda doğulub orada yaşaya bilməyənlər. Qarabağın gözəlliklərinə şahid olub, onu doyunca yaşaya bilməyənlər.
Rəfail müəllim də belələrindəndir. Qarabağın qolu-qanadı Ağdamda doğulsa da, doğulduğu torpaqdan ayrı yaşamağa məcbur olanlardan biridir. Kitabında Ağdamı elə təsvir edib ki, sanki sözlərlə çəkib şəklini. Ömrümdə bir dəfə də olsun görmədiyim Ağdamı sətir-sətir gəzdim bu kitabda. Şairin Ağdam sevgisi o qədər böyükdür ki, bütün esseləridə yollar Ağdama aparır, cığırlar Ağdama çıxır. Üzünü görmədiyim şəhəri sevdim. Qədimi abidələrini, hər daşını, qayasını, evlərinin yanındakı qışlıq ot tayasını sevdim. Elə bildim Ağdamdayam. Mən dayanıb seyr edirəm tut ağacının altında smovara od salan şairi. Bir stul var o həyətdə, üzərində biri var. Nənəsidir yəqin o da. Seyr eyləyir nəvəsini. Gözlərindən qürur yağır. Öz evinə qayıtmağın sevinci başqadır axı.
Sətir-sətir bu kitabda yol alıram mən Şuşaya. Natəvandan yazır şair. Ömür boyu öz yurdundan ayrı düşə bilməyən qəlbi yaralı Natəvandan. 190 il sonra ruhu doğmaları qarşılayan Natəvandan. Sonra Vaqif düşür yada.
Tarixin hər səhifəsi vərəqlənir bircə-bircə. Daşaltıda igidləri salır yada. Şəhidlərdən yazır şair. Qazilərdən yazır şair. Qələm belə əllərində bir dəqiqəlik sükut edir.
Sənin yolun zirvələrə gedən yol,
Sənin yolun o müqəddəs Vətən, yol,
Sənin yolun bayraqlarla bitən yol.
Bu millətin ən əzizi, şəhidim!
Bu millətin ən dirisi, şəhidim!
Addım-addım qələbəyə üz tuturuq. Sanki mən də o savaşda seyr edirəm olanları.
“Müharibə,
Sənin süzgəcin o qədər sıx ki,
ordan ağrısız keçmək olmur”, - deyən şair həm essedə, həm də şeirdə müharibənin nə böyük bir bəla olduğunu bir daha dilə gətirir. Biz qələbəni asan qazanmadıq. Biz qələbəni igidlərimizin canı, qanı bahasına qazandıq. Odur ki, şəhidlərimizin qanı tökülən torpaqlar bizə ikiqat əzizdir. Odur ki, biz bundan sonra Qarabağı aldığımız nəfəs kimi əziz bilib qorumalıyıq. Orda şəhidlərimin ruhu dolaşır axı.
“Qarabağ-
harda olsam,
məni ana kimi qoynuna çəkən
Torpaq!”, - deyən şair kitabın sonuna yaxın Qələbə sevincini də ilk analarla paylaşır. Yazdığı essesində də bildirir ki, analar evlərinə bağlı olur. Bir ocağı yandıran, işığına sevgi qatan analardı. Harda olmasından asılı olmayaraq bütün anaların ən əziz sözüdür "məni evimə aparın"
Bu hissə mənə nənəmi xatırlatdı. Ruhu şad olsun. Bu kəlmə nənəmin də dilinin əzbəri idi. Hara getsə axşam olan kimi öz evini arzulayardı, “bala yaşlı adamam ölsəm öz evimdə ölüm" deyərdi.
Şair düz deyir, mən də inanıram ki, Qarabağdan ayrı düşən nənələrin də ruhu şaddır indi. Bəlkə onlar Zəfər sədalarını eşidən kimi bizdən əvvəl dolaşıblar Qarabağı.
Qəlbi Ağdamla vuran şair, qələminiz hər zaman yazar olsun. Mən əminəm ki, kitablarınızın sehrinə düşən oxucuların sayı daha da çox olacaq.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)
“QALA” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər
Zahirə Cabir yazır
“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır.
Uşaq vaxtı atası Məhəmməd Əminin əlindən tutub tez-tez dəniz kənarına gətirərdi. Ata Xəzərin gah susub, gah da danışan ləpələrinə saatlarla tamaşa edərdi. Məhəmməd Əmin isə əlinə balaca bir çubuq götürüb qumun üstündə şəkillər çəkərdi. Ona elə gələrdi ki, atası dənizlə söhbət edir. Hacı Ələkbər uzun-uzadı dənizə baxıb köks ötürərdi. Yalnız dalğalar kükrəyib şahə qalxanda Məhəmməd Əmin atasına yaxınlaşıb əlindən tutar, deyərdi ki, - “Ata, deyəsən dənizin dəliliyi tutub, gedək evimizə.”
Bir azdan qıpqırmızı günəş tamam batacaq, ay çıxacaqdı, sonra ulduzlar görünəcək, qurbağalar quruldamağa başlayacaqdı. Cırcıramaların səsi aləmi başına götürəcəkdi. Dəniz qayalarının yuxarısından görünən Novxanı kəndinin bütün işıqları sönəcəkdi.
Zinyət ana yatağında xəstə yatırdı. Hacı Ələkbər axund idi, dünyanın gərdişini bilirdi. Quranı əlinə götürüb Yasin surəsini avazla oxumağa başladı. Oxuduqca gözlərindən yaş damlaları kitabın üstünə düşürdü. Zinyət son dəfə balaca Məhəmməd Əminə baxıb gücünü toplayaraq başına sığal çəkdi, üzünü ərinə tutub sanki imdad istədi. Başını azacıq qaldırdı, baş yastığa düşdü. Ata ananın açıq qalan gözlərini bağladı. Oğlunun əlindən tutub bayıra çıxartdı. Balaca: - “Ata, mən anamın yanında qalmaq istəyirəm. Heç yerə getmirəm”- desə də ata onu bacısı Dostuxanıma verdi. Sonra divardan asılmış xalçanı açdı. Zinyət ata nənəsindən yadigar qalan xalçaya bükülərək məscidə aparıldı. Kirimək bilməyən uşaq həyətə qacanda xalçaya bükülü cənazəni gördü. Məhəmməd anasının harasa aparıldığını, bir daha qayıtmayacağını sanki hiss edərək hönkürtü ilə ağlayırdı. Dərddən beli bükülən Ələkbər oğlunu belə gördükdə evin bir küncündə oturub xısın-xısın ağladı.
Bir il keçəndən sonra qohumların təkidi ilə Ələkbər ikinci dəfə ailə qurdu. Çox alicənab Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanuya sözün əsil mənasında ana oldu, öz dogma övladları kimi baxdı.
Qəribə bir yay günü idi. Bu gün dəniz gülürdü. Xəfif əsən isti külək altında günəşin gözqamaşdırıcı parlaq şüalarını əks edən Xəzər zərif dalğalarla örtülərək, gümüş kimi parıldayan minlərlə təbəssümlə mavi səmaya gülümsəyirdi. Qumlu sahilə çırpılan dalğaların şən şarıltısı ətrafa yayılırdı. Bu səs qəlblərə rahatlıq gətirirdi.
Analığı Məhəmmədlə dəniz sahilində idi. O, divardakı xalçanı və yerdəki palazı dənizin kənarında yuyur, Məhəmməd isə qum və balıqqulaqlarından qala tikirdi. Onun artıq səkkiz yaşı vardı. Qalanı tikib qurtardı, sonra lap təpəsinə balaca bir çubuğa əski parçası bağlayıb sancdı. Kənardan tikdiyi qalaya xeyli tamaşa edəndən sonra anasına səsləndi: “Anacan, bax necə qala tikmişəm. Bu qalaya heç vaxt düşmənlər girə bilməyəcək. Bayrağı da ata bilməyəcəklər. Axı o, qalanın ən yüksəkliyində dalğalanır.”
Ana Məhəmməd Əminin sözlərini eşidib başı ilə təsdiqləsə də, fikri xalça- palazda idi. O, külək başlamamış dənizin dalğaları gələn yerdə sərilmiş xalça-palazı tez yuyub qurtarmaq istəyirdi. Sanki xalçanı dənizin duzlu suyunda yumaqla bir daha ona heç kəsin bükülməməsi üçün bunu edirdi. Birdən xəfif əsən külək dəliyə döndü, Məhəmməd Əminin düzəltdiyi qalanı uçurmaq istədi. Məhəmməd Əmin küləyin qarşısında zərif bədəni ilə düzəltdiyi qalanı qoruyurmuş kimi dayandı. Küləyin qovduğu dalğalar sarı qum üzərinə tökülərək sahili ağ köpüklə örtür, köpük isti qum üzərində yavaş-yavaş yayılır, əriyir, sahili isladırdı. Nəhayət ana işini qurtardı. Məhəmməd anasına kömək etdi, yaş xalça-palazı arabaya qoydular. Kəndə sarı getdilər.
Məhəmməd tez-tez dönüb arxaya, düzəltdiyi qalaya baxırdı. Qala yerində idi, külək onu uçura bilməmişdi.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)
Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Latviyadakı səfirliyimizin və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqadakı Dekorativ İncəsənət və Dizayn Muzeyində xalçalarımızdan ibarət “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərgi açılıb.
Bu barədə AzərTAC-a “Azərxalça”dan bildirilib.
Sərginin açılış mərasimində çıxış edən Latviyadakı səfirimiz Elnur Sultanov bildirib ki, 2024-cü il ərzində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bu əlamətdar hadisə münasibətlə xalqımız tərəfindən əsrlər boyu qorunub saxlanılmış milli xalçaçılıq sənətinin gözəl nümunələrinin bu gün Riqada ilk dəfə nümayişi sevindirici haldır. Səfir hazırkı sərginin keçirilməsini ölkələrimiz arasında qurulmuş fəal mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. O, sərgidə qonaqlara təqdim olunan Azərbaycan tar ifasını tədbirə xüsusi rəng qatdığını və Azərbaycan xalçaçılıq və tarın hazırlanma və ifaçılıq sənətlərinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini qeyd edib. E.Sultanov Azərbaycanın xalçaçılıq sənətini Latviyada daimi əsasda nümayiş etdirilməsi məqsədilə “PAŞA Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti və “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə “Azərxalça” tərəfindən müasir üslubda toxunulmuş üç xalçanın Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilməsini Azərbaycan mədəniyyətinin Latviyada təbliğinə vacib töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin yaradıcı qrupu və İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək öz mədəniyyətini bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və xalqımızın rəmzinə çevrilmiş sənətlərdən biridir.
E.Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərindən söz açıb və “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC-nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlbi, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Sərgidə, həmçinin Latviya Mədəniyyət Nazirliyinin parlament katibi Aqnese Latse, Dekorativ İncəsənət və Dizayn Muzeyinin rəhbəri İnese Baranovska və Latviya Milli İncəsənət Muzeyinin kolleksiyalar üzrə direktor müavini İveta Derkusova çıxış ediblər.
Onlar unikal xalça kolleksiyasının sərgidə nümayişini Latviyanın mədəni həyatında vacib hadisə olduğunu söyləyib və “PAŞA Holdinq” MMC və “PAŞA Bank” ASC tərəfindən Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilən üç xalçaya görə təşəkkürlərini bildiriblər. Həmçinin qeyd olunub ki, Azərbaycan və Latviya ornamentləri arasında rast gəlinən oxşarlıqlar diqqəti cəlb edir və bu oxşarlıqlar hər iki ölkənin mədəniyyətinə təsir göstərmiş qarşılıqlı mədəni əlaqənin əksidir. Latviyanın görkəmli rəssamı və etnoqrafı Yuliy Straumenin bu il anadan olmasının 150 illiyinin qeyd olunduğu və vaxtı ilə ölkəmizə səyahət edərkən onun tərəfindən toplanılmış unikal xalça naxışlarından ibarət əl işlərinin sərgidə nümayişinin ölkələrimiz arasındakı dərin mədəni əlaqələri təcəssüm etdiyi vurğulanıb.
Natiqlər sərginin Latviya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanacağına və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına inamlarını bildiriblər.
Tədbirdə Latviya Hökuməti və Parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və mətbuat dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Xalçalarla yanaşı sərgidə böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub və Azərbaycan xalça toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib.
Qeyd edək ki, sərgidən əvvəl “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov və yaradıcı direktor Əsmər Babayeva Latviya Rəssamlıq Akademiyasında Azərbaycan xalçaçılığı üzrə təqdimat keçiriblər. Təqdimatda Azərbaycan xalçaçılıq sənəti və məktəblərindən söz açılıb.
Tədbir zamanı, həmçinin Cəmiyyətin toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
Görkəmli aktyor və kinorejissor, Xalq artisti Əbdül Mahmudbəyovun 80 illik yubileyi münasibətilə mayın 16-da Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yubileyi münasibətilə kino xadimi Nazirliyin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbrik edilib, xoş arzular çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, kino sahəsinin də inkişafına davamlı diqqət göstərilir. Milli kinonun inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir, onlar ali təltiflərə, mükafatlara layiq görülürlər. Əbdül Mahmudbəyov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adı və Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.
Qeyd olunub ki, sənətkarın aktyor kimi filmlərdə böyük məharətlə canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Onun quruluş verdiyi ekran əsərləri də Azərbaycan kinosunun diqqətəlayiq nümunələrindəndir.
Görüşdə iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Baba Vəziroğlu, Orxan Fikrətoğlu və başqaları sənətkarın yaradıcılıq yolundan danışıb, rol aldığı və quruluş verdiyi ekran əsərlərinin məziyyətlərindən söz açıblar.
Sonra Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib.
Xalq artisti Əbdül Mahmudbəyov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib.
Söhbət zamanı kino sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Əbdül Mahmudbəyov 1944-cü il mayın 15-də Hacıqabul rayonunda anadan olub. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq ixtisası üzrə (Adil İsgəndərovun kursu) təhsil alıb. 1973-cü ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsini bitirib.
Əbdül Mahmudbəyov “Yeddi oğul istərəm”, “Nəsimi”, “Sevinc buxtası”, “Ən vacib müsahibə”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl”, “Üzü küləyə” və s. ekran əsərlərinə quruluş verib.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsi, xüsusilə, incəsənətin əsas qolu olan teatrın inkişafı da daim diqqətdə saxlanılır. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu siyasətin davamı kimi, ölkəmizdə teatrların inkişafına, sahənin nüfuzunun artırılmasına xidmət edən növbəti addım olaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.
Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq.
Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)
“Ermənilər söz versələr də, müqavilə bağlasalar da, onlara inanma” - YUNUS OĞUZ YAZIR
“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı-publisist, siyasi icmalçı Yunus Oğuzun beynəlxalq müstəvidə baş verən son siyasi olaylara şərhini təqdim edir.
Hazırda dünyada baş verən siyasi çalxalanmada Azərbaycanın yerini necə dəyərləndirirmək olar?
Artıq Azərbaycan və Azərbaycan Prezidenti regional liderlikdən çıxaraq qlobal liderə çevrilib. Bu liderlik özünü dünyada baş verən bir sıra proseslərdə büruzə verir. Belə ki, hazırda Azərbaycanla Çin arasında münasibətlərin möhkəmlənməsi sürətlə gedir. Çin isə Hindistanı vurmaq istəyir ki, "İpək Yolu İqtisadi Kəməri" ("Bir kəmər, bir yol") layihəsi Birləşmiş Ərəb Əmirliyindən keçməsin. Ermənistanın "Bir kəmər, bir yol" layihəsinə qarşı fəaliyyətinin arxasında İran dayanır. Ona görə Zəngəzur dəhlizi məsələsində təkliflə çıxış ediblər ki, Kalininqrad formatı tətbiq olunsun. Lakin Kalininqrad modelində dəhlizdən beynəlxalq yüklər yox, yalnız Azərbaycan vətəndaşları və Azərbaycana məxsus nəqliyyat vasitələri yoxlamasız keçə bilər. Qalan hallarda gömrük nəzarəti tətbiq edilməlidir. Buna baxmayaraq, Ermənistan deyir ki, Kalininqrad variantı ilə Naxçıvana yol açaq. Bu isə Azərbaycana sərf etmir. Çünki biz "Bir kəmər, bir yol" xəttinə üstünlük veririrk. Ortalığa atılan yeni təklif həm də Çinin vurulması deməkdir. Rusiya istəyir ki, Çin öz mallarını Rusiyanın atom buzqıran gəmiləri ilə Şimal Buzlu Okeandan Avropaya çıxartsın. Buna baxmayaraq, Azərbaycan öz xarici siyasətini uğurla aparır, bir tərəfdən işğal altında qalan kəndlərini geri alır, digər tərəfdən delimitasiya işləri aparır, üçüncü tərəfdən qlobal qəbullar keçirir. Artıq Azərbaycanın və Prezidentin liderliyini qəbul edirlər. Bu isə o deməkdir ki, artıq Azərbaycan regional liderlik statusundan çıxıb.
Azərbaycan Kalininqrad modelinə razılıq verəcəkmi?
Azərbaycanın Kalininqrad modelinə razılıq verməsi üçün aləmi bir-birinə qarışdırıblar. İndi Türkiyədə guya dövlət çevrilişi cəhdinin mümkünlüyü məsələsini ortaya atıblar. Bununla Türkiyəyə mesaj göndərirlər ki, Azərbaycanla işin olmasın. Azərbaycana isə göstərmək istəyirlər ki, Türkiyəyə çox etibar etmək olmaz, orada dövlət çevrilişi edə bilərik. Düzdür, Türkiyədə bəzi Fetoçular, bəzi narazı qüvvələr var. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyədə bütün iplər Ərdoğanın əlindədir. Bir müddətdən sonra Ədalət və İnkişaf Partiyasının qurultayı gözlənilir, orada təmizlənmə aparılmalı, yeni ideyalar ortaya qoyulmalıdır. Bizim üçün də əsas ölkə daxilində yeni ideologiya, yeni dövr məsələsidir. Yəni, antiterror tədbirləri, rus qoşunlarının Qarabağdan çıxarılmasından sonra həyata keçirilən ideologiya yeni dövr üçün işləyir. Yeni dövr, yeni ideologiya o deməkdir ki, artıq Azərbaycan Yeni Kaledoniyada bayrağını qaldırır. Çünki, Fransa Əlcəzair qırğınına keçib. Fransa ordu yeridib. Ona görə də Fransa hirsindən zəncir çeynəyir və Ermənistanı qızışdırır. Bu məqsədlə delimitasiya prosesinin 1976-79-cu illərin xəritəsi ilə aparılması məsələsi ortaya atılıb. Əslində o variant da bizim üçün sərfəlidir, lakin 1921-ci ilin xəritəsi daha məqbuldur. Çünki, anklav olmayan kəndlər 1986-cı ildə Ermənistana verilib.
Avropada baş verən proseslərin Cənubi Qafqaza nə dərəcədə aidiyyatı var?
Beynəlxalq aləmdə idarə olunan xaotik siyasi proseslər baş verir. Bir həftə əvvəl ölkəmizdə səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso küçənin ortasında güllələnib, çünki o ruspərəstdir. Bir azdan Serbiyaya keçəcəklər, ona görə ki, o da rusyönlüdür. Beləliklə Rusiyanı hər tərəfdən sıxmaq istəyirlər. İndi Putin Çinə səfər edir, amma Çin faktiki Rusiyadan imtina edib. Bütün aktivlərini Amerikada yerləşdirib, bu göstərici trilyondan çoxdur. Rusiya-Ukrayna müharibəsi davam edir, Avropa, Amerika Ukraynaya ən güclü silahlar verir. Bununla kifayətlənməyərək razılığa gəlirlər ki, Rusiyanın aktivlərini də Ukraynaya versinlər. Artıq Rusiya çıxılmaz vəziyyətdədir, strateji məhsullarının ixracı 18-22 faiz azalıb. Maliyyə gətirən əyalətlərinin hamısı bombalanıb, neft emalı zavodlarında 18 faiz işçi qüvvəsi itirilib. Çıxılmaz vəziyyətə düşən Rusiya bunu Ermənistanla kompensasiya etmək istəyir. Kompensasiya ondan ibarətdir ki, Rusiya sülhməramlıları ərazidən çıxır, Azərbaycan 10 noyabr müqaviləsinə əsasən razı olur ki, Zəngəzur dəhlizinə ruslar nəzarət etsin. Ona görə Rusiya bütün gücünü ortaya qoyub ki, Zəngəzur dəhlizi açılsın ki, məhsullarının ixracı üçün şərait yaradılsın. Həm də bununla dünyaya nümayiş etdirsin ki, məni yıxa bilməzsiniz. Nəzərə alaq ki, hansısa dövləti zəiflətmək bir günün işi deyil. Hazırda Qərb Rusiyanın iqtisadiyyatını çökdürür. Necə ki, Əfqanıstanda on il müharibə apartdıraraq iqtisadiyyatını çökdürdülər. Nəticədə Brejnevin vaxtında başlayan ərzaq talonu prosesi Varşava müqaviləsinə üzv olan əksər dövlətlərə sirayət etdi. Qorbaçov bu vəziyyəti görən kimi qoşunları Əfqanıstandan çıxartdı. Baxmayaraq ki, artıq gec idi. İndi də Rusiya başa düşəcək ki, qoşunlarının Cənubi Qafqazda qalması ilə iqtisadiyyatına böyük zərbə dəymiş olur. İndi hərbi texnologiya o qədər inkişaf edib ki, uzunmüddətli müharibə aparmağa ehtiyac qalmır. Putinin müharibənin davam etdiyi bir vaxtda müdafiə naziri Şoyqunu çıxarması təsadüfi deyil. Digər nazirlər etiraz etməsinlər deyə, onları qəbul etdi, hərəsinə bir vəzifə tapşırdı. Sabiq energetika nazirinə dedi ki, sənin təcrübən var, təzə nazirə kömək elə. Adamdan soruşarlar ki, təcrübəli naziri çıxarıb yerinə təcrübəsizi qoymağın adı nədir? Bu o deməkdir ki, Rusiyada çevriliş ola bilərdi, Putin bu addımlarla onun qarşısını almaq istəyir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Prezident Adminstrasiyasında, prokurorluqda, Daxili İşlər Nazirliyində, eləcə də digər aşağı strukturlarda kifayət qədər erməni var. O da ermənilərlə bacarmır. Avropanın əsas məqsədi Rusiyanı zəiflətməkdir ki, nəticədə Azərbaycan daha da güclənir. Türkiyə də bütün sahədə dəstəyini verəcək.
Kalininqrad variantının tətbiqi region dövlətlərinin marağına uyğundurmu?
Məlumdur ki, İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Razıdır ki, Kalininqrad variantı tətbiq olunsun. Digər tərəfdən, Avropa İttifaqının müşahidəçi missiyasını, Fransanın Ermənistana köməyini dəstəklədiyi üçün qalıb haça-paça. Biz kəndləri geri aldıqca, rus sülhməramlıları bölgəni tərk etdikcə, İran özündən çıxır. Yenə də Xameneiyə bağlı olan "Keyhan" qəzeti ağzına gələni yazır. Bildirir ki, bizim də İsraillə qırmızı sərhədimiz var. Amma İran birbaşa günahkardır ki, Qəzzada 35 min insan məhv edilib. Onun 13 mindən artığı uşaqdır, 80 min yaralı var. İsrailə hücum təşkil etdin, günbəzi vurdurdun, səhəri gün Tehranda mətbuat konfransı keçirərək HƏMAS-ı təbrik etdin. Uşaq qatili kimdir?? Qəzzada prosesləri qızışdırdın, indi də Azərbaycana hədə gəlirsən. Qəzzada baş verən faciələrdə birbaşa İranın əli var. Bu hədənin içində Paşinyan da var, hələ ki, Paşinyana birbaşa hədə gəlinmir. İran gözəl başa düşür ki, Azərbaycan addım-addım Ermənistanla razılaşmaya gedir. Azərbaycanda sülhməramlılar olmadığı halda Ermənistan da deyə bilər ki, bizdə niyə olsun? Amma rus qoşunlarını çıxaran kimi Avropa İttifaqının adı ilə Fransa hərbçilərini, Amerika əsgərlərini gətirəcək. Bütün halda rus qoşunları Ermənistan ərazisindən tamamilə çıxmayacaq, hələ 2044-cü ilə qədər müqavilənin müddəti var.
Ermənistanda baş verən etiraz aksiyaları nəyə hesablanıb? Bu aksiyalar sülh müqaviləsinin bağlanmasına maneə ola bilərmi?
Avropa erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın Kanada vətəndaşı olması ilə bağlı məxfi sənədi Paşinyana ötürməklə onu geriyə çəkdi. Xalq gördü ki, proseslərə Köçəryan, Sərkisyan, əli qana batmış digər şəxslər qoşuldu, ona görə geri çəkildi. Məlum oldu ki, Baqrat Qalstanyan erməni kilsəsini Kanadada girov qoyaraq bir milyon pul götürüb. İndi onun oyunlarını bir-bir ortaya çıxarırlar ki, geri çəkil, Paşinyana toxunma. Təsadüfi deyil ki, Amerikanın iki mindən artıq diplomatı Ermənistanda çalışır, onlar işləyir, məlumat toplayırlar. Azərbaycan özünün müstəqil siyasətini yürüdür. Əgər Azərbaycan müstəqil siyasətini davam etdirməsə regional liderdən qlobal liderə çevrilə bilməyəcək. Hazırda Azərbaycanın qlobal liderə çevrilməsi fonunda Raşinyanı qızışdırmağa ehtiyac yoxdur. Çox çalışdılar ki, Baqrat kimi birisi Azərbaycanda da ortaya çıxsın, ancaq buna nail ola bilmədilər. İran ona işarə edirdi ki, Azərbaycanda da çevriliş edə bilərik, necə ki, başqa ölkələrdə edirik, amma alınmadı. İndi Azərbaycan doğru yoldadır, Ermənistana təklif edir ki, gəlin sülh müqaviləsi bağlayaq. Əgər Zəngəzur dəhlizi vaxtında açılsaydı, bu qədər səs-küyə ehtiyac olmazdı. Təəssüf ki, Qərb buna imkan vermədi. İndi Azərbaycan lazım olan bütün tədbirləri həyata keçirir. Paşinyanın isə çalışdığı odur ki, Ermənistanın 29 min kvadratkilometrlik ərazisini qoruyub saxlasın. Artıq Amerika Avropanı da qarışdırıb, Rusiya yönümlü dövlətləri sıradan çıxarmaq istəyir. Gürcüstanı da qarışdırıb, hansı ki, özləri işğal olunmuş torpaqların geri alınmasında yardımçı olmadılar. Gürcüstanın da işğal altında olan əraziləri ilə bağlı BMT-nin qətnaməsi var, lakin heç bir nəticə əldə olunmayıb. Amma bizim Prezident BMT-nin qərarlarını həyata keçirdi, heç kim deməyə söz tapa bilmədi. Ola bilər ki, Rusiya Gürcüstana söz verib ki, torpaqları muxtariyyat formasında geri qaytaracaq. Belə qarışıq bir vəziyyətdə Azərbaycan düzgün siyasət aparır ki, vətəndaşlar da bunu düzgün başa düşürlər. Nəzərə almaq lazımdır ki, xarici siyasətdə uğur qazana bilməyən daxili siyasətdə də uğur qazana bilməyəcək. Bu gün Allah-Təala elə imkan yaradıb ki, xarici siyasətimizi düzgün aparırıq. Həm torpaqlarımızı azad edirik, həm də geosiyasət və geoiqtisadiyyatda üstünlük qazanmağa çalışırıq.
Hazırki mürəkkəb siyasi proseslər fonunda Ermənistanla sülh müqaviləsinin imzalanacağı nə qədər real görünür?
Azərbaycanla Erməistan arasında sülh müqaviləsinin imzalanmasında elə bir ciddi problem yoxdur, sadəcə bəhanələr mövcuddr. Paşinyan bəhanə gətirir ki, Baqrat aləmi qarışdırıb, əslində ortada ciddi bir müqavimət yoxdur. Bu səbəbdən Paşinyan meydana qoşun da tökmədi. Delimitasiya məsələsində ona görə məlum xəritəyə istinad edirlər ki, ardınca konstitusiyanın, gerbin dəyişdirilməsi kimi məsələlər var. Bunun üçün ictimaiyyət arasında sorğular keçirilməlidir. Bu baxımdan ola bilər ki, Ermənistan sülh müqaviləsini keçid layihəsinə qol çəksin. Amma ermənilərə inanmaq olmaz, nə qədər boğazları əldədir, sülh müqaviləsi bağlanmalıdır.
Fransız Jul Vern yazırdı ki, yunanlar yalnız müqavilə bağlı, tatarlarla müqaviləyə ehtiyac yoxdur, söz verdilər, kifayətdir. Ermənilər isə söz versələr də, müqavilə bağlasalar da, onlara inanma. Odur ki, istədiyimizi alana qədər getməli, "Dəmir yumruğu" başlarının üstündə saxlamalıyıq.
Şəkildə: İrəvanda etiraz mitinqi.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
“Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
Ötən gün tənqidçi-esseist Ülvi Babasoyun “Hədəf” nəşrlər evində çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” adlı kitabının təqdimatı və imza günü keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti olan Ülvi Babasoy ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində diqqətçəkən fəaliyyətlə məşğuldur və çağdaş ədəbi prosesə qatqı verən şəxslərdəndir. Bu təqdim edilən kitab da dərs vəsaitidir.
Təqdimatı departamentin müəllimi, fil.ü.f.d. Qardaşxan Əzizxanlı giriş sözü ilə açaraq kitab barədə, onun məziyyətləri barədə danışdı.
Professor Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, müəllimlərfən fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri - Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi fil.ü.f.d. Rəhman Quliyev nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğuladılar.
Təüdimatda naşirlər - “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir də çıxış edərək ürək sözlərini söylədilər.
Təbii ki, təqdimata yazarlar da qatılmışdılar. Mübariz Örən, Nərmin Kamal, Şərif Ağ, Qan Turalı, Səxavət Sahil də müəllif və kitab barədə xoş sözlər söylədilər.
Tədbirin sonunda Ülvi Babasoy kitablarını imzaladı. Müəllif onu da etiraf etdi ki, bu kitabı tələbələrinə ithaf edib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin Saatlı rayon Mədəniyyət Mərkəzində Qala konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı regional idarəyə istinadən xəbər verir ki, III Regional Xor Müsabiqəsində hər iki regional idarədən 16 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivi uğurla iştirak edib.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, əməkdar müəllim Aqil Qafulov təmsil olunub.
Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı, müsabiqənin münsiflər heyətinin üzvləri, tanınmış mədəniyyət adamları, rayon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Mil-Muğan Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı gələn qonaqları salamlayaraq müsabiqədə qalib olmuş xor kollektivlərini təbrik edib.
Tədbirin konsert hissəsində qalib olan xor kollektivlərinin, uşaq musiqi, incəsənət məktəblərinin uşaqlardan ibarət xalq çalğı alətləri ansambllarının ifasında bir-birindən maraqlı musiqi nömrələri, eyni zamanda Saatlı rayon “Adıgün” Türk Xalq Folklor kollektivinin ifasında rəqs nömrələri nümayiş olunub.
Qala konsertinin mükafatlandırılma hissəsində Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin xor kollektivi Qran-pri mükafatı, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi I dərəcəli diplom, Ağdaş şəhər 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi II dərəcəli diplom, Göyçay şəhər A.Məmmədov adına Uşaq musiqi məktəbinin xor kollektivi III dərəcəli diplomla, eyni zamanda Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi Diplomla təltif ediliblər.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
BİR SUAL, BİR CAVAB Qəşəm Nəcəfzadə ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Uliyam Şekspir söyləyib ki, " Əgər ağıl olmasaydı, hisslərimiz bizi məhv edərdi.
Məhz ağıl onu cilovlamaq üçün mövcuddur."
Qəşəm bəyin "ağlımı at oynadır, yoxsa hissi?"
Ya da onlar bir-biri ilə " dil tapa bilirlərmi?"
CAVAB
-Poeziyanın əsas materialı hisslərdir. Ağıl olan yerdə poeziya ölür. Mən poeziyada hisslərimə üstünlük vermişəm. Ağlımın hisslərimə gücü çatmayıb. Mənim hisslərimin ağlı gözəldir. Adam bir çox zirvələrə hissləri ilə çatıb qalib gəlir. Sevgi də, yaxşı şair olmaq da hisslərlə bağlıdır. Ağıl İqtisadiyyat, Siyasət üçün vacibdir. Bir deyim də var ki, riyaziyyatçı olmaq üçün də hisslər lazımdır.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
POETİK QİRAƏTdə Xuraman Muradovanın “Dönmədi geri” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə yenidən Xuraman Muradova görüşür. “Dönmədi geri” şeiri ömrün vəfasız aylarından, illərindən bəhs edir. O aylardan, illərdən ki, gedir və bir daha geri dönmür.
“İndi o illərimin
Həsrətli yolçusuyam” deyir Xuraman xanım. Bir az nostalgi, qüssə, nisgil var bu şeirdə.
Xoş mütaliələr!
Çox həsrətlə gözlədim,
Ötən illərimi mən.
Yollar da çox gözlətdi,
Geri heç nə vermədən.
Hər ilin bahar, yazı,
Ömrümə gül ələdi.
Hər ayıma, günümə
Xoş arzular dilədi.
İndi o illərimin
Həsrətli yolçusuyam.
Geri dönməyən ömrün
Hər ağrı, acısıyam.
Şirin xatirələrin
Uzaq oldu əlləri.
Nə qədər səsləsəm də,
Yenə dönmədi geri...
Gənclik illərimizin
Ötdü, xoş arzuları.
Bu arzularla dolu
Getdi ömrün qatarı.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)