
Super User
Şəhidlər barədə şeirlər - Beyrək Fezullayev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Beyrək Fezullayev
Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinfi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi.
Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "Qırmızı beret" sertifikatını qazanıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00-03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Havası cənnəthava,
Yeri gül-çiçək şəhid.
Özü Oğuzelindən,
Adı da Beyrək şəhid!
O özigidliyini
Vətəndən, yurddanalıb,
Sanki xeyir-duanı
Dədəm Qorquddan alıb.
Alıbdı Qazanxanın
Gücünü şimşək kimi.
Köynəyini göndərib
O, Bamsı Beyrək kimi.
Onun köynəyindəki
Qanı şəhid qanıdı.
Onu igidliyiylə
Bütün vətən tanıdı.
Tanıdıq bu torpağın
Dərdinə tən balasın.
Kasıb komadan çıxan,
Varlı vətən balasın.
Acısı özü boyda,
Özü öldüyü boyda,
Bir qızın barmağında
Nişan üzüyü boyda.
Özü boyda yara var
Yoxluğunun içində.
Elə bil hamı gedir
Tabutunun içində.
Qələbə tabutu da
Vətənlə dolan şəhid.
Qəfildən arzuları
Xatirə olan şəhid.
Daha narahat olma,
Düzələr yavaş-yavaş.
Havalar soyuq keçir,
Özünü qoru, qardaş!
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “Sevgiyə yazdığın şeirdə boğulur qadınlar” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir.
Aynar Təbrizli
Təbrizli
Danış mənə
Qışın amansızlığında
Ayaqqabıların necə daşıyır gövdənin ağırlığını
Hansı paltonla şaxtadan qoruyursan darıxmanı?
Hansı uçaqlara gec qalırsan
Özündən qaçmaq üçün?
Əllərin cibində hansı baharı düşünürsən?
Düşüncələrin evinizə sığmayan neçənci uşaqsan?
Söylə! Uca boyluqda neçə bacı-qardaşsınız?
Yabancıları nə ilə qandırırsan yalın ayaqlı gedişini
Kibrit çəkdiyində nə şəkilə düşür kimliyin?
Getmək zorundasan, bilirəm
Əslində bu məmləkət daşıya bilmir səni!
Yazdığın dəniz şeirlərinə balıqsızdır Təbriz
Sevgiyə yazdığın şeirdə boğulur qadınlar...
Söylə Səmədin qara balığını
Hansı bankada üzdürürsən?
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
“Mən yox, sən yox, biz varıq” - AİDƏ ŞİRİNOVANIN 65-nə təbrik
Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru - “Ədəbiyyat və incəsənət” üçün
Hər papaq qoyana kişi desəm mən,
Kişilər inciyər səxavətimdən.
Elə qadınlar da böyüdüb vətən,
Günahdır onlara kişi deməsəm.
Mirvarid Dilbazi
Bütövlüyün, həmrəyliyin, uğurlarımzın təməlini yaradan bu fikir birinci Qarabağ müharibəsinin iştirakçısı, polis, Müdafiə Nazairliyinin Bərdə özünümüdafiə batalyonunda əsgərlərin sosial müdafiəsi üzrə ilk qadın komandir müavini kimi şərəfli vəzifəyə yüksələn Aidə Rəcəb qızı Şirinovanındır. Hər bir uğurumuzun leytmotividir, monolit birliyimizə yoldur bu beş sözlük yığcam ömür proqramı.
Sağlığında əfsanəyə, mifə çevrilən, dastanlaşan, Tomrislərin, Burlaxatunların, Nüşabələrin çağdaş varisləri gerçək qəhrəmanların əhatəsində yaşadığımızın, işlədiyimizin, tez-tez ünsiyyətdə olduğumuzun fərqinə niyə varmırıq? Cabir Novruzun bir misrasını tez-tez təkrarlamaq lazımdır ki, unutmayaq: “Sağlığında qiymət verin insanlara”. Belə əfsanələşən, dastanlaşan, bu günkü qəhrəmanlıq dastanlarının qəhrəmanı olan, ancaq çoxumuzun yaxşı tanımadığımız insanlardandır Aidə Şirinova.
Bu gün onun günüdür, müdriklik yaşındadır. O, qanlı-qadalı döyüş meydanında Vətən oğullarının, döyüş dostlarının “qız qardaşı”, həm də saçlarını oğlansayaq kəsdirdiyinə görə “Qaqa”sı olub.
Bərdə şəhərində doğulub, Bərdə şəhər 3 saylı orta məktəbini bitirib, 1976-1981-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda (indiki İdman Akademiyası) ali təhsil alıb, Bərdə Uşaq-Gənclər İdman məktəbində işləyib, 1988-ci ildə öz xahişi ilə 2 saylı məktəbə idman müəllimi təyin olunub. Qanlı 20 yanvar hadisələrindən, Ermənistanın torpaqlarımıza xaincəsinə təcavüzündən, Xocalı soyqırımından sonra heç kimin, hətta onu yolundan döndərməyə cəhd göstərən anasının sözünə məhəl qoymadan yolunu qətiləşdirib, döyüş meydanına atılıb. Azərbaycanın dilbər guşəsi Qarabağın və onun ətrafındakı ərazilərin quduz düşmənin tamahının təhlükəsinə düşdüyü dövrdə - 1992-1998-ci illərdə ən qaynar nöqtələrdə düşmənlə üz-üzə, göz-gözə dayanıb. Əvvəl Şuşada, Ağdərədə polis şöbələrində çalışıb. Sonra Çaylı əməliyyatından başlanan döyüş yolu Tərtər, Ağdərə, Marquşevan, Marağa, Aşağı və Yuxarı Çaylı, Həsənqaya, Gülüstan, Dəmirçilər, Ortakənd, Vaqauz, Atex, Talış, Kasapet, Dranbom, Çıldıran kəndləri uğrunda qanlı-qadalı, ölüm-itimli döyüşlərdə davam edib.
Bəli, o, Vətənin hər qarış torpağı uğrunda canını fəda etməyə hazır olan oğulların qız qardaşıydı. Döyüşün ən çətin anlarında ona güvənirdilər.
“Aslanın erkəyi, dişisi olmaz” deyib uzaqgörən babalarımız. O, Azərbaycanın hərb tarixində izi qalan qəhrəmandır. Azərbaycan qadını Vətənin dar günündə xain düşmənə qarşı ölüm-dirim savaşında həmişə igid oğullarla çiyin-çiyinə dayanıb, qazi də olub, şəhid də. Birinci Qarabağ müharibəsinin şəhidləri Milli Qəhrəman Salatın Əsgərova, həmçinin Gültəkin Əsgərova, Qaratel Hacımahmudova Vətənimizin hərb tarixinə silinməz adlarını yazan Azərbaycan qadınlarıdır.
Aidə Şirinova müsahibələrinin birində qeyd edir: “Kişilərlə çiyin-çiyinə düşmən üzərinə addımlayan qadınların qələbədə böyük payları var. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mübarizəyə cəlb edilib. Birinci Qarabağ müharibəsini xatırlayaq. O vaxt Uzundərədə olan hərbi hospitalda 40 tibb bacısı və həkim çalışırdı. Onlar cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. Bəzən onlar yaralı əsgərlərə öz qanından qan çəkib vururdular. Qadınların mübarizə apardığını görən əsgərlərdə ruh yüksəkliyi artırdı. Onlar son qanına kimi döyüşürdülər”.
Döyüş meydanında qan-qada, ölüm-itim görsə də, Aidə xanımın qəlbi həm də ilahi sözlə qoşa vurur, könül duyğularını vətənpərvərlik şeirləri ilə oxucularına çatdırır. Döyüşçü-şairin qələm məhsullarının ana xətti Vətəndir, anadır, qəhrəmanlıqdır, düşmənə nifrət hissidir. O, həm silahıyla, həm də qələmiylə Vətənə xidmət edən xanım döyüşçüdür. Onun şeirləri hərb marşları kimi qanımızı coşdurur, qələbəyə səsləyir. Bu döyüş və səngər nəğmələri Aidə xanımın xarakterinin göstəricisidir, Vətən, torpaq, el sevgisinin tərənnümüdür. Bu gün də onun söz silahı xalqın, Vətənin keşiyindədir. Biganələri, fərariləri, yalançı vətənşüvənləri amansızlıqla qamçılayır.
Bir müsahibəsindən: “Həmişə belə düşünmüşəm ki, yaxşı oğlanların çoxu müharibədə həlak olduğuna görə bu gün cəmiyyətimizdə yamanlar at oynadırlar. Mənə elə gəlir ki, heç vaxt qeyrətsizdən qeyrətli oğul törəmir. Ona görə də bizlərin, o həyatı yaşamış insanların, jurnalistlərin, qəzetlərin, televiziyaların üzərinə çox böyük bir missiya düşür: biz gənclərimizi vətənpərvərlik ruhunda yetişdirməliyik. Onları, sözün əsl mənasında, Vətənə layiq övlad kimi böyütməliyik”
O, şeirlərində avtoportretini çəkərək özünü belə təqdim edir:
Vətən mənə doğul dedi,
Anam mənə oğul dedi.
Düşmənlərin başı üstə,
Şimşək kimi çaxıl, dedi.
Aidə Şirinova Vətənin çağırışına, ananın ümidinə heç vaxt biganə deyil. Onu Vətən yetişdirib, sevib-seçib hünər, qəhrəmanlıq meydanına göndərib. Ana Vətənin səsinə səs, harayına haray verən Vətən qızı həm mənəvi, həm də fiziki anasının üzünü ağ, başını uca edib. Bayrağımızın Qarabağın neçə-neçə yerində ucaldılmasına vəsilə olub.
Bu xalq üçün alışıb ürəyindən yananlar,
İstəyi qəlbdə qalıb, qəlbi bərbad olanlar,
Bəsdir tapdaq altında inlədi torpağımız,
Bütöv Azərbaycanda ucalsın Bayrağımız!
200 idən çoxdur ki, bütövlük arzumuzun yolu ilə addımlayırıq. Arzularımız çin olsun!
Zəfərlə bitən 44 günlük savaşımızda Ali Baş Komandan və Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” hayqırtısı ilə nida işarəsi qoydu. Buna ən çox sevinməyə haqqı olanlardan biri də gənclik illərinin altı ildən çoxunu ön cəbhədə, soyuq və nəmli səngərdə keçirən Aidə Şirinovadır.
Bütövlükdür Türk davası,
Bu savaş yox, qana-qandır,
Qarabağ Azərbaycandır!..
Son nöqtəmiz İrəvandır,
Qarabağ Azərbaycandır!
Ədəbi mühitdə Aidə xanımın mənalı ömür, cəsur döyüş yoluna həsr olunmuş əsərlər sırasında Ramiz Təmkinin “Bir qız tanıyıram”, Məhbubə Ömürün (Salmanova) “Qəhrəmanlar döyüşür yurdu yaşatmaq üçün” poemaları, Canalı Mirzəliyevin “Müqəddəs ruhun təzahürü” sənədli hekayəsi və digər əsərlər birinci Qarabağ savaşı ədəbiyyatının uğurlu nümunələridir.
Pedaqoq şair Məhbubə Salmanova poemasında Aidə Şirinovanı “ölümü gözüylə görən şahid, Vətən yolunda canlı şəhid” kimi təqdim edir.
Həqiqətən də Aidə xanım canlı şəhiddir. Şərəfli tituldur.
Aidə Şirinovanın 60 illik yubiley təntənəsini Mirbvarid Dilbazi Poeziya Məclisi İB olaraq Atatürk Mərkəzində qeyd etdik. Aidə xanımla görüşdən hamı sevinc duyur, fərəhlə nir. Xüsusi ilə, 2015-ci ildə Tahir Bağırov adına 59 saylı məktəbdə məktəbin müəllimi, rəhmətlik Qətibə Talıbovanın təşkil etdiyi tədbir unudulmaz, tarixi bir gün idi. O görüşdə hələ Qarabağımız azad deyildi. Aidə xanım o görüşdə inamla dedi ki, Qarabağa mütləq qovuşacağıq, Qarabağı qaytaracağıq. Bu gün ömrü bir məktəb olan, vətənə ömründən ömür xərcləyən Aidə xanıma zəfər sevincini yaşamaq qismət oldu. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasətini uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin, Şanlı Ordumuzun, xalqımızın ruhunun diriliyi sayəsində.
Dünya yaşadıqca yaşayan şəhidlərimizin ruhları şad olsun.
Ömrünüz uzun, sağlam və mənalı olsun. Müdriklik yaşınızı təbrik edirəm. 65 yaşınız- 75-ə, 85-ə , 95-ə, düz 105-ə varsın. Dədə Ələsgər, Dünyamalı Kərəm ömrü diləyirəm. Bu ilin hər günü sizindir.
Gününüz mübarək, Aidə Şirin!
Mirvarid Dilbazinin şeiri ilə bitirirəm yazımı. Yubiley yaşınıza Mirvarid Dilbazi Məclisindən bir təbrik olsun.
Azərbaycan qadını
Ürəyin isti-isti, əqlin soyuq, buz kimi.
Əyilmız dağlar kimi, vüqarlı, təmkinlisən.
Bulud altında qalmış işıqlı ulduz kimi
Pünhan yanıb-sönmüsən uzun əsrlırlə, sən
Azərbaycan qadını!
Yaxşı günün dostusan, yaman günün qardaşı,
Göstərmisən dostluqda möhkəm sədaqətini.
Anası mərd olan kəs heç əyməsin başını.
Dünya analarının ey qoçağı mətini, Azərbaycan qadını!
Kiçik bir çay deyilsən coşasan sel gələndə, Dərya qədər sə brinin görünməz sahilləri,
Bükülmədi dizlərin üstünə qəm gələndə,
Vüqarla saldın yola keşməkeşli illəri
Azərbaycan qadını!
Alnıaçıq, sözün düz, hər işdə mötəbərsən,
Əyilməzsən heç zaman dünyanın sərvətinə,
İgid ərlər içində sən özün də bir ərsən,
Eşq oısun tarix boyu sənin ülviyyətinə
Azərbaycan qadını!
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin, ”Göyə çöp daşıyan bir quşam, ana...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Göyə çöp daşıyan bir quşam, ana...
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Sözün aynası da qırıldı bu gün...
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana...
Daha bundan belə mən kiməm, nəyəm?
Bəxtimin əynində qara köynəyəm.
Çəmən bitirməyən, ot bitirməyən
Səhraya tökülən yağışam, ana.
Bu ipi kim çəkib çəpər eyləyib?
Şeytanın evinə səfər eyləyib...
Xaraba salana xəbər eyləyin-
Mən o xarabada bayquşam, ana.
Sənin haqq bildiyin haqq-hesab imiş,
Ölüm-iynə imiş, ömür-sap imiş...
İçdiyim süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
RSİXOLOJİ SAAT - Sağlam motivasiya necə qazanılır?
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Salam, əziz oxucularımız.
Öncəki psixoloji saatmızda biz sizə Motivasiyanın nə olması haqqında məlumat vermişdik. Bugünkü psixoloji saatmızda isə sağlam motivasiyanın necə qazanılması haqqında məlumat verəcəyəm.
İlk öncə qeyd edim ki, sağlam motivasiya heç zaman özü gəlib bizi tapmır. Biz onu tapmalıyıq. Yəni ilk addım bundan ibarətdir ki, biz hərəkətə keçib, çalışmağa başlamalıyıq ki, motivasiya da bizə gəlsin.
Motivasiyanın gəlməsini gözləmək sadəcə vaxt itkisidir. İtirən yox, qazanan olmaq istəyirsənsə, hərəkətə keç!!!
Gəlin görək, sağlam motivasiyanı necə formalaşdırmalıyıq??
Yüksək motivasiya üçün:
1) İlk öncə daxilimizdəki potensialı ortaya çıxarmağı bacarmalıyıq.
Qeyd: Potensial nədir mövzusu tam ayrı və geniş izah olunacaq qədər geniş mövzudur. Amma qısaca qeyd edim ki, “potensialım var” fikri özü gülüncdür. Potensial hər kəsin içərisində eyni miqdarda olan bir üstiünlükdür. Onu ortaya çıxarmağı bacarmalıyıq. Çünki bu potensial bizim daxilimizdə işləksiz qalarsa, elə motivasiyamıza da birbaşa təsir göstərəcək.
2) Hədəfini düzgün və dəqiq seç. Hədəfi olmayan bir insanın motivasiyası da olmayacaq.
3) Öyrənmə marağı, öyrənmə bacarığı olmayan, hər dəfə uğursuzluqla nəticələnən səylərdən sonra əlbəttə ki, motivasiya olmayacaq.
4) Öyrənmə marağı və bacarığı üzərində işlənməlidir. Bunun üçündə texnika düzgün olmalı, planlı və dəqiq işləmə olmalıdır.
5) Bu planı hər gün üçün yazmaq və s. də boş bir şeylərdir. Sistem bir dəfə sağlıqlı, düzgün qurulur və bu yetərlidir.
6) Düzgün sistem olmayanda stress, qorxu kimi hallar da motivasıyani məhv edir. Bu halların olmaması da elə düzgün sistemin olmamasından əmələ gəlir.
Qısacası sürətli, sistemli, dəqiq bir sistem motivasiyanın mənbəyidir.
Qeyd: Mənbələr öz təcrübələrimdən, psixoloq və təhsil koçlarının məlumatlarından faydalanaraq ortaya çıxmışdır.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
“Vətən” musiqi qrupu Polşada beynəlxalq festivalda ölkəmizi təmsil edib
“Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəzdində "Vətən" musiqi qrupu Polşada keçirilən “Podlaski Oktawa Kultur" Beynəlxalq festivalında Azərbaycanı uğurla təmsil edib. Festival artıq 16-cı dəfədir Polşada keçirilir. Festivala Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsi təşkilatçılıq edir.
AzərTAC xəbər verir ki, "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov Polşanın bir sıra şəhərlərində davamlı olaraq konsertlər və ustad dərsləri keçiblər.
Ən böyük konsert isə Bialistok şəhərinin mərkəzi küçəsində gerçəkləşib. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları Polşa dilində salamlayıb. Tamaşaçılar Azərbaycan muğam və musiqi əsərlərini onlara sevdirən musiqiçilərimizi ayaq üstə alqışlayıblar.
Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında olan Xarıbülbülün mənası və Azərbaycan muğamı haqqında ətraflı müsahibə verib, mahnılarımızı Polşa radiosunda səsləndiriblər. Festivala musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun sədri Sedat Şamilli də qatılıb.
Sonra musiqiçilərimiz Krakovda "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə möhtəşəm konsert verib, "Qarabağ" mahnısını tamaşaçılarla bir yerdə oxuyublar. "Vətən" musiqi qrupunun hər biri üzvü diplom və qiymətli hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr qalibləri olan təmsilçilərimiz, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridirlər.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
Türkiyədə Mədəniyyət Yolu Festivalı davam edir
Bu il Türkiyədə 16 şəhəri əhatə edəcək Mədəniyyət Yolu Festivalının yeddinci dayanacağı Nevşehir olub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi Nevşehirdə Kapadokya Universitetində təşkil olunub.
Əvvəlcə “Eskizlərdən pikselə” rəqəmsal sərgisinə və Naci El-Əlinin “Hanzala” karikatura sərgisinə baxış olub. Animatorlar şou təqdim ediblər.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı bu il dördüncü dəfə keçirilən Mədəniyyət Yolu Festivalının Türkiyənin tanıdılması baxımından dəyərli olduğunu vurğulayaraq deyib: “Nevşehirdə 40 məkanda 500-ə yaxın tədbirdə 1000-ə yaxın sənətçi ilə qastronomiyadan konsertlərə qədər mədəniyyət və incəsənətin bir çox sahəsində qonaqlarımızın əylənəcəyi bir proqram hazırladıq. Turizmdə böyük hədəflərimiz var. 2024-cü ilin sonuna qədər 60 milyon turistin gəlişini hədəfləmişik. Bu festival da bizim üçün çox önəmlidir”.
Nevşehirin Mədəniyyət Yolu Festivalını ikinci dəfə qəbul etdiyini diqqətə çatdıran Nevşehir valisi Əli Fidan bildirib ki, şəhərin tanıdılması baxımından festivalın böyük dəyəri var.
Nevşehirdə avqustun 11-dək davam edəcək festival çərçivəsində konsertlər, sərgilər, teatr tamaşaları, sənətçilərin iştirakı ilə seminar və görüşlər, qastronomiya təcrübələri və hər yaşa uyğun bir çox tədbir təşkil olunacaq.
İyulun 8–dən 11-dək 17 ölkədən fiqurlu isti hava şarları bölgənin səmasında nümunəvi uçuşlar keçirəcək.
Qeyd edək ki, aprel ayında Adanada başlayan Mədəniyyət Yolu Festivalı Şanlıurfa, Bursa, Samsun, Tranzon və Vanda davam edib. Nevşehirdən sonra festivalın növbəti dayanacağı avqustun 17–dən 25-dək Ərzurum olacaq. Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir və İzmirdən də keçəcək Mədəniyyət Yolu noyabrda Antalyada başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)
“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalın yeni nömrəsində yenə də bir-birindən maraqlı materiallar dərc olunub.
Jurnalın yeni formatda ikinci sayı yazıçı Mirmehdi Ağaoğlunun “Özüylə söhbət”i və hekayəsi ilə başlayır. Ardından “Şeir vaxtı” rubrikasında Rəbiqə Nazimqızının şeirləri yer alıb. Jurnal oxucuları üçün Təranə Dəmir, Pərviz Qurbanlı, Pərviz Axund, Aynur Qafarlı, Cavid Fərzəli, Ceyhun Ötkəm kimi müəlliflərin də şeirlərini bu nömrədə təqdim edir.
“Ulduz”un ənənəvi “Qısa fikirlər xəzinəsi” Məhəmməd Füzuliyə, eləcə də digər görkəmli şəxslərin aforizmlərinə həsr olunub.
Nəsr əsələrinə gəldikdə, Əfsanə Laçının bir neçə hekayəsi, İlahə Səfərzadənin “Lal”, Qafar Cəfərlinin “Gülzəri” adlı hekayəsi, eləcə də Xalq yazıçısı Natiq Rəsulzadənin “Hifz et və bağışla” əsəri bu nömrədə oxucuların görüşünə gəlib.
“Nobel mükafatçıları” rubrikasında ədəbiyyatşünas alim İlham Abbasov görkəmli yazıçı Tomas Elitoun yaradıcılığı barədə araşdırma ilə çıxış edir.
Jurnalının keçirdiyi müsabiqənin finalçıları barəsində filologiya üzrə elmlər doktoru İradə Musayeva əsərlərin tənqid və təhlilini verib.
“Ustad dərsləri” rubrikasında filologiya üzrə elmlər doktoru Məti Osmanoğlu “Təbiətlə ədəbiyyat bir araya gəldikdə” yazısı, eləcə də Herman Hessenin “Sənətkar və psixoanaliz” adlı tərcüməsi yer alıb.
"Yazı masası" rubrikasının budəfəki qonağı Xalq şairi Nəriman Həsənzadədir.
“Dərgidə kitab”da Mənsurə Qaçayqızının bir neçə əsəri, “Dərgidə sərgi” rubrikasında isə rəssam, musiqişünas Təranə Nurinin üç rəsm əsəri dərc olunub.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
Xalq rəssamımızın doğum gününə Rembrantın həmvətənlilərinin təbriki
Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün
Dünən - avqustun 5-də Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov növbəti ad gününü qeyd etdi. Təbii ki, ona səmimi təbriklərimizi çatdırdıq. Mənsə Xalq rəssamımızın ad gününü hollandların qeyri-adi şəkildə təbrik etmələri barədə danışmaq istəyirəm.
Dahi Rembrantın həmvətənləri üzərində Sakit müəllimin çəkmiş olduğu rəsm əsərini açıqca olaraq kütləvi şəkildə cap eləyiblər. Əlbəttə ki, bu, az iş deyil.
Məlumat üçün bildirək ki, Sakit Qulam oğlu Məmmədov 1958-ci ilin 5 avqustunda Neftçalada anadan olub, 2018-ci ildən Azərbaycanın xalq rəssamıdır, professordur.
YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
Azərbaycanın rəqs qrupu Ankarada çıxış edib
Ankarada keçirilən “Mədəni qarşılıqlı fəaliyyət üzrə paytaxtda beynəlxalq görüşlər” proqramı çərçivəsində 11 ölkədən olan rəqs qruplarının çıxışları olub.
AzərTAC xəbər verir ki, Ankara şəhər bələdiyyəsi tərəfindən Gənclər parkında təşkil olunan tədbirdə ölkəmizi “Nuray” rəqs qrupu təmsil edib.
Rəqs qruplarının çıxışlarından əvvəl Ankara sakinlərinə və şəhərin qonaqlarına müraciət edən Türkiyə paytaxtı bələdiyyəsinin sədri Mansur Yavaş dövlətlərarası mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. O deyib: “Xalqlarımız mədəni irsi qorumalı, onu gələcək nəsillərə miras qoymalıdır. Biz, həmçinin bu prosesə öz töhfəmizi verməyə çalışırıq”. Mansur Yavaş mədəniyyəti xalqları birləşdirən mühüm körpü adlandırıb.
Türkiyə paytaxtının Keçiören rayon bələdiyyəsinin sədri Mesut Özarslan çıxışında bildirib ki, ötən ay Ankaranın bu məkanında türk dövlətləri nümayəndələrinin iştirakı ilə beynəlxalq mədəniyyət tədbiri də keçirilib. O vurğulayıb: “Fəxr edirik ki, bu gün növbəti böyük mədəniyyət tədbirində iştirak edirik”.
Sonra Türkiyənin üç vilayətindən, həmçinin Azərbaycan, Gürcüstan, Rusiyanın regionları, Özbəkistan, Rumıniya və digər ölkələrdən gəlmiş rəqs qruplarının çıxışları olub.
Milli geyimdə çıxış edən Azərbaycan rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)