Super User

Super User

Çərşənbə, 05 İyun 2024 10:06

“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq. 

 

1.

Bu tempə dözmək çətindir. Nəfəs kəsir.

2.

Qocaların gözü qapıda qalır

3.

11-ci dəfə azad Şuşada...

4.

Zeynəb Xanlarova əfsanədir. Bunu dəfələrlə demişəm, bilməyənlər də bilməlidir.

VII Xarıbülbül Beynəlxalq Musiqi festivalının açılışında Cıdır düzündə böyük sənətkarımızla görüşmək çox xoş oldu. Azad Şuşaya ilk dəfə gəlirdi. Konsertdə də gənclik ruhu və şövqlə elə çıxış etdi ki, heç deməzdin yaşı 90-a yaxınlaşır.

5

Ustadlar - Xalq artistləri Ramiz Quliyev və Ağaverdi Paşayev Şuşada, Güllü bağda ağcabədili yeniyetmə, tar həvəskarı Məcid Məmmədova ustad dərsi keçdilər. VII Xarıbülbül musiqi festivalının açılışına gələn mədəniyyət xadimləri mayın 11-də səhər "Qarabağ" otelinin qarşısında Məcidin ifa etdiyi məşhur "Şuşanın dağları" mahnısını dinləyib, ustad tövsiyələrini verdilər. Hadisə həm də Şuşanın musiqi ənənələrinin əbədiyaşarılığına bir işarə idi.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Çərşənbə, 05 İyun 2024 12:18

BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

 

-Zəhər şirinləşib, ilan dəyişib,

saat soldan gedir, zaman dəyişib.

Aman Allah, dünya yaman dəyişib,

söyüd ağacından  bəhər asılıb... 

(Elvin İntiqamoğlu)

Elvin bəy, gözləriniz “istəmədiyi səhnələri görəndə"  dodağınız nə pıçıldayır?

 

 CAVAB:

-Həyatdı da, yaşayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Çərşənbə, 05 İyun 2024 09:02

Filmin təsiri

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Xeyrəddin Qoca gəncliyində hind filmlərini sevirdi, şəhərə yeni film gələn kimi gedib baxırdı. Bir dəfə faciəli bir hind filminə tamaşa edib salondan çıxanda görür ki, maşınının arxadan alt tərəfi əzilib. Qanı bir az da qaralır. Əyilib əzilən yeri düzəldir ki, heç olmasa, şəhər küçələrində gözə çarpmasın. Üst-başı tamam batır. Başını qaldıranda maşının nömrəsi gözünə sataşır, heç demə, maşın onunku deyilmiş. O, maşınını bir az qarşıda saxlayıbmış. Hər iki maşın eyni rəngdə olduğundan düzəltdiyi maşını özününkü bilmişdir...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Zabil Pərvizin şeirləri  təqdim edilir. 

 

Gənclik

 

Nə vaxt gəncliyimiz tərk edər bizi?

Bəlkə saçlarımız ağaranda?

                                    Yox.

Bəlkə də ağlımız ürəyimizi

Dəli sevdalardan çağıranda?

                                    Yox.

 

Onda ki, məhəbbət məktublarımız

Sənədlər qovluğu altında qalar,

Yarımcan arzular, yarımçıq yollar

Taleyin tapdağı altında qalar, -

Onda gəncliyimiz tərk edər bizi.

 

Haçan ki, "ev bizim, sirr bizim" olar,

Baharın yolunu qışla bağlarıq.

Dostlarla qırılan əlaqəmizi

Bəhanə gətirib işlə bağlarıq, -

Onda gəncliyimiz tərk edər bizi.

 

Nə vaxt stolüstü kitablarımız

Stollar altına yıxılıb qalar,

Leylinin, Məcnunun, Çalıquşunun

Sevgisi bir küncə sıxılıb qalar, -

Günəşli, gurşadlı yaz səmasıtək

Boşala bilmərik, dola bilmərik,

Əbədi yamyaşıl qalan Müşfiqə

Daha qardaş olub qala bilmərik.

"Çahargah" çarparaq divardan-divara

Yolçunu yolundan eyləməz avara",

Onda gəncliyimiz tərk edər bizi.

 

Nə vaxt süfrəmizə şeirdən əvvəl

Yeməkdən, içməkdən, kefdən danışan

Qeybətlər, söhbətlər yığını gələr,

Şeirsə, üçüncü qədəhdən sonra

Sağlıq kölgəsinə sığınıb gələr, -

Onda gəncliyimiz tərk edər bizi.

 

Nə vaxt zərli-zorlu ayı görəndə

İşimiz xətrinə "dayı" deyərik.

Gözümüz öyrəşər qaranlıqlara,

Zülmətə "günəşin tayı" deyərik, -

Satıb gilə-gilə saflığımızı

Bunu özümüzə ləkə bilmərik.

Gərəkli məsləkin, gərəkli eşqin

Gərəkli dərdini çəkə bilmərik, -

Onda gəncliyimiz tərk edər bizi.

 

Onda ki, hardasa boğulan haqqın

Sonuncu fəryadı əriyər, batar.

Guya eşitmərik, guya görmərik,

Amma əl uzatsaq, əlimiz çatar.

Palaza bürünüb sürünənlərin

Ürəyi kəfənə bürünüb yatar, -

Onda gəncliyimiz tərk edər bizi.

Ardıyca nə gələr?

                        Ölüm yuxusu.

Bəs hanı həyatın şəhdi, şərbəti -

Bülbülün naləsi, gülün yuxusu?!

Bir gözəl şairin sözü, söhbəti...

Biz onun sərrafı sayılmadıqsa,

Onun nəfəsilə, onun səsilə,

Haqqın nəfəsilə, haqqın səsilə

Ölüm yuxusundan ayılmadıqsa,

Onda gəncliyimiz tərk edər bizi,

Onda itirərik Zabil Pərvizi...

 

 

Yollar

 

Sən "açaq" deyirsən bağlı yolları,

Açaq açılmayan qapıları biz.

Aranlı yolların, dağlı yolların

Qırsın sükutunu şərqilərimiz.

 

Arzular sel kimi keçir qəlbindən,

Keçir ikiləşən, ayrılan yollar.

Yolçusu qeyb olan, gözü yol çəkən,

Araz sahilində qırılan yollar.

 

Gözündə, könlündə sevda yolları,

Dənizə aparan məcra yolları.

Fəqət, unutmusan yolun üstədir

Fəlakət yolları, qovğa yolları.

 

Ölümdən, hədədən, qorxudan uzaq

"Barışıq" yolları, "sevgi" yolları.

Hər cür məhkəmədən, sorğudan uzaq

"Dahi" bir cahilin zövqü, yolları...

 

Sahili sıldırım məhəbbət yolu,

Sökülüb-tökülmüş həqiqət yolu...

Babək ölüb getmiş...

                        Ancaq hardasa

Yaşayır Babəkə xəyanət yolu.

Çoxdan bağlansa da, yığışılsa da,

Uzaq Məkkə yolu, Kərbəla yolu,

Ancaq min ildir ki, açıq qalıbdır

Ərəb atlarının dırnaqlarında

Bu torpağa gələn hər bəla yolu.

 

Daha əsər yoxdur qaçaq-quldurdan,

Nə Ərəb Reyhanı, nə Həsəni var.

Bugünkü yolların "riya" adlanan,

"Satqınlıq" adlanan yolkəsəni var.

 

Uddu Koroğlunu dövran birtəhər,

Məzarı bu yurdun qucağındadır.

Əsrlər keçibdir...

                        Bu gün də hələ

Çənlibel yolunda yeni Həmzələr

Yeni Qıratların sorağındadır.

 

Sən bağlı yolları "açaq" deyirsən,

Sözüm yox.

                        Amma gəl, fikirləş bir an:

Bilmirəm, yan keçə biləcəkmisən

Rüşvət yolundakı gömrükxanadan?!

 

Sən bağlı yolları "açaq" deyirsən,

Tutubdur gözünü yerüstü yollar.

Tufandan qorxulu, seldən qorxulu

Hələ saman altdan su yolları var.

 

Açıqdır dar gündə mərdi çaşdıran,

Dəvəni "görməyən" yalan yolları.

İnsanı axırda ilanlaşdıran

Mənsəbin, şöhrətin ilan yolları.

 

Bu gündür gələcək günlərə təməl,

Bugünkü yollarda ayıq ol, ayıq.

Unutma:

            Bir yolu açmazdan əvvəl

Nə qədər yolları bağlamalıyıq!

Sonuncu mühazirə

 

Qızlar yaman kövrəlib,

                        oğlanlar mütəəssir,

Müəllimin səsitək

                        hamının qəlbi əsir.

Ürəklərdə söz gəzir:

                        sonuncu mühazirə,

Otaq günəşlə dolu,

                        otaq qərq olub zərə.

Pəncərədə baharın

                        şüa-şüa saçağı,

Güllə, çiçəklə dolu

                        neçə qızın qucağı.

Hələ parta altında,

                        hələ dizlər üstündə

                        seyr elə qom-qom gülü,

Sevinc qəmə bükülü,

                        qəm sevincə bükülü...

Müəllim danışdıqca

                        sinəsindən elə bil,

                        şəlalələr tökülür.

Dilində qədim Gəncə,

                        zəka, qüdrət günəşi...

O danışır, gözündə

                        oğlanlar Fərhadlaşır,

                        qızlar Nüşabələşir.

Ürək çırpıntısında

                        boğulur zəngin səsi,

Neçə çaşqın təbəssüm -

                        bağlı gülüş qönçəsi.

Hamı heyrət içində,

                        otaq heyrət salonu,

Müəllim unutmuşdur

                        zəngin vurulduğunu:

- Siz Vətən övladları,

                        Nizami övladları...

Sözü yarımçıq kəsib

                        şüşələri titrədir

                        qopan alqış axarı.

Elə bil əsrləri

                        keçib gəlir Nizami, -

Onu dinləmək üçün

                        ayağa qalxır hamı!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Azərbaycan Dövlət Akademik Filarmoniyasının iyun repertuarı açıqlanıb. 

“Ədəbiyyat və incəsənət” portalı repertuarı təqdim edir:

 

10 iyun- Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert

 

12 iyun- Rusiya səfirliyi, Bakıda Rus Evinin “Musiqi dilində” tədbiri

 

13 iyun- T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin konserti

 

14 iyun- F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin müşayiəti ilə məşhur bəstəkar Yirumanın əsərlərinin ifası

 

18 iyun- Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərini çıxışı

 

20 iyun- RED Events- konsert

 

21 iyun- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin konserti

 

22 iyun- RED Events- konsert

 

24 iyun- “Yeni adlar” layihəsi çərçivəsində Bakı Kamera Orkestrinin konserti

 

25 iyun- Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbi (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

 

27 iyun- Xalq artisti, xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsert (F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı)

 

30 iyun- RED Events- konsert.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə dünya opera səhnəsinin ulduzu, italiyalı tenor Fabio Andreotti Bakı Opera bilicilərinə və dinləyicilərinə “Amore e Passione” adlı konsert proqramının premyerasını təqdim  edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertin təşkilatçısı Azərbaycan, Rusiya, Böyük Britaniya və digər Avropa ölkələrindəki qədim və şamla işıqlandırılan malikanələrdə, çardaqlarda, istixanalarda, planetarilərdə və digər müvafiq yerlərdə mədəni tədbirlərin təqdim edilməsini həyata keçirən “RED EVENTS & Distribution ltd.” yaradıcılıq agentliyidir.

 

AzərTAC-ın müxbirinin məşhur vokalçı ilə maraqlı söhbəti alınıb. Daycest bölümündə həmin müsahibəni sizlərə təqdim edirik. 

 

- Belə demək olarmı ki, doğum yeriniz Sizin gələcək taleyinizi müəyyən edib?

 

- Bəli, mümkündür. Mən Romada anadan olmuşam və hər zaman ölkəmin mədəni irsi ilə maraqlanmışam. Aydındır ki, İtaliya operanın vətənidir və ilk təhsilimin bu sahədən kənarda olmasına baxmayaraq, tale elə gətirdi ki, politologiya mənim üçün sadəcə bir epizoda çevrildi.

 

- Sizin opera ilə ilk tanışlığınız necə olub?

 

- Donizettinin “Lucia de Lammermoor” opera tamaşasına ilk dəfə gedəndə və Xose Karrerasın ifasında Edqardonun partiyasını eşidəndə hələ çox gənc idim. Tamaşadan sonra bu sənət mənim həyatıma əbədilik daxil oldu.

 

- Başqa musiqi janrları Sizin üçün maraqlıdırmı? Sizi rep maraqlandıra bilərmi?

 

- Operadan başqa nəsə oxumaq? Etiraf edirəm ki, mən məhz opera sənətinə çox həvəsliyəm. Bəli, klassik musiqidən başqa musiqilər də dinləyirəm, amma bu barədə ciddi danışmağı düzgün hesab etmirəm. Hətta eynilə repin özü müəyyən bir musiqiyə yerləşdirilmiş reçitativdən ibarətdir. Sözlərin və musiqi materialının üst-üstə düşdüyünü aydın şəkildə təsdiqləyən takt və ritm bunu sübut edir. Demək olar ki, ümumiyyətlə, musiqinin fərqləri olduğunu iddia etmək düzgün olmaz.

 

- Repertuarınızda mürəkkəb partiyalar varmı?

 

- Mən lirik tenoram və vicdanla etiraf edə bilərəm ki, heç bir problemim yoxdur. Burada bəstəkarların yaratdığı musiqi materialından söz açılır. Həm mürəkkəb partiyalar olur, həm də bir az daha asanlarına rast gəlinir. Məsələn, Puççini kimi ciddi olanlara... Sadəcə, hər şey işləmək bacarığından asılıdır, buna görə də mənim bu cür sevimli partiyalarım yoxdur. Bu, ilk növbədə, mənim əhvali-ruhiyyəmdən asılıdır. Ancaq qeyd etməyə bilmərəm ki, Puççini, Verdi və əlbəttə ki, Motsartın əsərlərini böyük məmnuniyyətlə ifa edirəm.

 

- Bəs “Yeni Pavarotti” adlandırılmağınıza münasibətiniz necədir?

 

- Pavarottini ömrünün son illərində tanıdım və onun vəfatından çox kədərləndim. Dürüst olacağam: Pavarotti ilə müqayisə olunduğumdan xəbərim yoxdur. Əvvəla, tamamilə fərqli səsmiz var və özümüz də tamamilə fərqliyik. Əlbəttə ki, mən Pavarottini çox sevirəm, çünki o, müəyyən bir üslubun yaradıcısıdır. Rus vokal məktəbini isə opera sənətinin əsasını təşkil edən dərin səslərinə görə sevirəm. Pavarottinin italyan üslubunda isə vokal məktəbinin başqa bir növü sayılan “tünd çalar” yoxdur.

 

- Qastrol fəaliyyəti daim yeni platformalar, şəhərlər, tamaşaçılar deməkdir. Fərqlər hiss olunurmu?

 

- Deyərdim ki, səs aspekti mənim üçün daha vacibdir. Məni ilk növbədə səfər etdiyim yerin bütün mədəniyyətinin göstəricisi kimi qavrayış baxımından maraqlandıran məhz budur. Qeyd edim ki, tarixən bu və ya digər ölkəyə xas olan səslər var. Məsələn, Monqolustanda qırtlaqdan oxumaq sənəti istifadə edilir. Yaxud latın ölkələrində səs xüsusiyyətlərinin fərqlilikləri üzə çıxır. Eləcə də Hindistanda. Çünki sənətdə ən dəyərli nemət insan səsidir. Çünki bütün dünya mədəniyyətlərinin başlanğıcı onun necə səslənməsidir. Musiqi və nəğmə oxumaq vərdişi insanların Allaha ibadəti ilə başlayıb və bunlar Yer üzündə yaşayan bütün xalqların mədəniyyətlərinə xasdır, buna görə musiqinin tanınması demək olar ki, dünyanın hər bir bucağında oxşardır. Bunu qavramaq və qəbul etmək bir qədər çətin ola bilər, amma burada fərqli mədəniyyətlərin vahid ortaqlığını görürəm.

 

- Çıxış etməli olduğunuz şəhər üçün xüsusi konsert proqramı uyğunlaşdırması həyata keçirirsinizmi?

 

- Belə bir təcrübə yoxdur – hər bir ölkəyə xas xüsusi konsert proqramı tərtib olunmur. Məsələn, mən Azərbaycan səhnəsinə çıxanda İtaliyanın rənglərinin dəbdəbəsini paylaşmağa çalışıram, öz mədəniyyətimi təmsil etməyə can atıram. Ancaq əlbəttə ki, bu mühitdə yaşayan insanların musiqi qavrayışı yolu ilə digər mədəniyyətləri tanımağa çalışıram. Sadəcə olaraq, özümü həmin xalqın yerində təsəvvür etməyə çalışıram. Məsələn, Yaponiyadayamsa və sadəcə italiyalı kimi düşünürəmsə, deməli, bu ölkənin sakinlərini çətinliklə başa düşəcəyəm. Eynilə bu çinlilərə, ruslara, azərbaycanlılara da aiddir.

 

- Bakı ictimaiyyəti qarşısında çıxış etmək dəvəti alanda nə düşündünüz?

 

- Azərbaycan həm Qərb, həm də Şərq mədəniyyətlərinin bir çoxunun ahəngindən ibarət olan olduqca maraqlı ölkədir. Bu, ölkənizin böyük İpək Yolunun bir hissəsi olmasından irəli gəlir. Bəzən ahəng təşkil etməyən müxtəlifliklər məhz burada kəsişib və birləşib. Ancaq nəticədə, bir növ mədəniyyətlərin qarışığı meydana gəlib. Bu gün bu cür tədbirlər keçirməklə bir neçə əsrlik yaşı olan qədim mədəniyyətə öz fərqli çalarlarımızı əlavə edirik. Mədəniyyət şəxsi və fərdi deyil. O, qlobal dəyərdir və biz öz sərvətimizə müraciət edərək, sənət vasitəsilə Şərqə və Qərbə daha yaxın və aydın olmaq imkanı yaratmaq gücünə sahibik. Mən də bu özünəməxsus və böyük mədəniyyət cığırının bir hissəsi olduğuma və Azərbaycana gəldiyimə görə şadam.

 

- Ənənəvi bir sual: Azərbaycan bəstəkarlarının operaları və ölkəmizin musiqi irsi ilə tanışsınızmı?

 

- Azərbaycana qastrol səfərinə gəlmək üçün dəvət alanda ölkənin tarixi barədə məlumatlı idim. Mən də bu konsert üçün Tofiq Quliyevin bir vaxtlar Rəşid Behbudovun ifa etdiyi “Sənə də qalmaz” kompozisiyasını xüsusi olaraq Azərbaycan dilində hazırlamışam.

 

- Azərbaycanın paytaxtı ilə bağlı fikirləriniz nədir?

 

- Dünyanın bu gözəl guşəsini çox sevirəm. Bu şəhərin sakinlərinin ürəklərinin hərarətini, qonaqpərvərliyini özümlə aparacağıma və tanış görünən, eyni zamanda gözəlliyi tamamilə bənzərsiz olan bu şəhərdən inanılmaz təəssüratlarla ayrılacağıma əminəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Çərşənbə, 05 İyun 2024 08:36

STATUSLAR STATUSUnda Almaz Ərgünəş Bəyazid

Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”

 

Statuslar statusu rubrikasında bu dəfə sizə sosial şəbəkədən Almaz Ərgünəş Bəyazidin yazdığı statusu seçdik. Sumqayıt Poeziya Evində çalışan bu xanım həmişə maraqlı və fərqli statusları ilə seçilir. 

 

Öz hekayəmi oxuyuram.

Nə qədər istedadlı olduğumun fərqindəyəm...təvazökarlıqdan uzaq olsa da...

Ələkbər Salahzadə demişdi ki, sizin iki, “Əşşi“ və "Yuva " hekayəniz sizə yazıçı deməyə kifayət edir.

Guya bir eşalon kitab yazsam nə dəyişəcək...

Var olsun FB. Həm kitabdır, həm kino, həm qaravəllidir, həm faciə .

Ən yararlı janrdır FB.

Sarsaq kitablardan, şeirlərdənsə FB oxuyun.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə balqabaq çığırmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR

§ Balqabaq – 350 qr

§ Düyü – 50 qr

§ Soğan – 25 qr

§ Kişmiş – 10 qr

§ Ərik qurusu – 10 qr

§ Darçın – 0,5 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Balqabaq yuyulur, saplaq hissəsi qapaq kimi kəsilərək, içi oyulur. Bişmiş şabalıd, ərik qurusu, kişmiş yağda tovlanır və qovrulmuş soğan, tam bişməmiş süzülmüş düyü ilə qarışdırılaraq, balqabağın içərisinə yığılır. Qazanın qapağı örtülərək sobada bişirilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Çərşənbə, 05 İyun 2024 14:04

Soyuducu əhvalatı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Salatın xala (92 yaşında):

-Uşaqkən arzulaylrdım ki, məni uçan boşqabdakılar oğurlasınlar və öz planetlərinə aparsınlar. İndisə arzulayıram ki, məni uçan boşqabdakılar oğurlasınlar, artritimi, artrozumu, xandrozumu müalicə edib düş qoysunlar və görməmi düzəltsinlər. 

 

2.

Ad gününə Azikin atası ona təyyarə, anası yaxta, babası yanacaqdoldurma məntəqəsi şəbəkəsi hədiyyə etdi.

Bu dörd illik ömründə Azik heç vaxt indiki qədər özünü bədbəxt sanmamışdı. Axı o, istəyirdi ki, ona ad gününə 34 manatlıq supermenlə Lego alsınlar.

 

3.

Kim pişiyin pələngi görüncə “yalnız iştahasızlığım mənim onun kimi olmağıma mane olur” söylədiyinə inanmır?

 

4.

Səhər yeməyini özün ye, naharı əsgər yoldaşınla bölüş, şamı komandirinə ver. 

 

5.

Qara günə pul saxlamaqdansa ağ günə yatırım elə, ay binəva!

 

6.

Əlövsət təzə soyuducu alır, köhnəni darvazanın qarşısına qoyub üstünə yazır: “Kim istəyir, havayı götürsün”.

Bir həftə ona əl vuran olmur. Belədə o, yazını dəyişir: “Yüz manata satıram”

Səhər durub görür ki, aparıblar. 

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

AYRIC

                    

6

 

Necə olur ki, sən o iranlını öldürəndən sonra beş il həyətə-bacaya çıxmadığım halda bütün məhlə mənə qəhbə dedi, hər gün onların gözlərinin qabağında elə özləriylə də qəhbəlik eləyən Zibanın qızlarına isə bacı?! Sən mənə bunu izah edə bilərsən? Yox! Mən isə sənə izah eləyə bilərəm. İnsanlar kölədir. Puluna minnət, ödə, sənə qul olsunlar. Sənə allah desinlər. Beyət etsinlər. Mənim dünyada bircə arzum vardı. Allah haqqı, burdasan deyə demirəm. Bircə arzum vardı. Səninlə bir uçuq daxmada yaşayıb üç oğlan uşağı doğmaq. Yaşaya bildim? Hanı o uşaqlar? Sən hardasan bəs? Kim buna mane oldu? Mən? Mənim öz həqiqətim var. Sən? Sənin də burda günahın yoxdur. Sən məni sevirdin deyə o oğraşı öldürdün. Bəs onda kim? Bilirsən bu KOVİD nədir? KOVİD səninlə mənim sevgimi məhv etmiş taleyin bu dəfə başqa bir görkəmdə şəkillənmiş xəstəlik variantıdır. Mən taleyin acığına iki həftəlik karantin zamanı özümə toy etdim. O isə cildini dəyişib indi də xəstəlik şəklində bizə toy tutmaq istəyir. Nə dəyişib? Heç nə. Zibanın qızları bilirsən niyə bizim kimi belə karantin tələlərinə düşmürlər? Çünkü qəhbədirlər deyə bu qəhbə dünyanın çəmini, dilini bizdən yaxşı bilirlər. Qəhbə qəhbənin dilini bilir axı. Görürsən necə işlər var, qədeş! Sən mənə bunun niyə belə olduğunu izah edə bilərdin?

– Sən bu xatirələrlə necə yaşayırsan?

– Səndən soruşuram, izah edə bilərdin? – Mədinə sualında israrlıydı.

– Yox, eləyə bilməzdim. Ona görə ki, mənim də həyatımda baş verənlərin heç bir zaman izahı olmayıb.

Mədinə nə qədər özünü şən göstərməyə çalışsa da, mirvari kimi saf göz yaşları iri yaşıl gözlərindən yanağına doğru süzülürdü. Qəribədir, Mədinə ağlamırdı, di gəl, göz yaşları damcı-damcı gözünün qaynağından süzülməkdəydi.

– Daha olan olub, keçən keçib. Mənim tır sürücülərinin yanına getdiyimi sənə o zaman kim demişdi?

– Ziba!

Mədinə bir müddət yerində donub qaldı. Göz yaşları da gözlərindən yanağına doğru süzüldüyü nöqtədə qırov kimi salxımlandı.

Sonra aram-aram eyvandan otağa keçib “tuman tökdü” hərəkətliliklə musiqisiz rəqs etməyə başladı.

Eyvandan otağa girəndə Mədinənin üzünə tökülmüş sarı buruq saçlarının altından eşidilən hıçqırıq səslərindən anladı ki, qadın ağlayır. Yaxına gəlib onu qucaqladı. Mədinə sinəsinə sığınıb:  – Məni daha heç zaman tək qoyma! İnsanlardan qorxuram! – pıçıldadı.

Bir qədər birlikdə rəqs etdikdən sonra divana əyləşdilər.

Səhər yuxudan qalxan kimi Mədinə yenə ona dərmanlarını içirtdi. Qızdırması olsa da, özünü narahat hiss etmirdi. Son günlər öskürəyi artmışdı. Ən çətini ciyərlərinə yığılan bəlğəmi boğazından çölə çıxartmaq idi. Səhərlər saatlarla əlüzyuyanın qarşısında dayanıb ögüyürdü. Xeyri yox idi. Gecələr onu boğan da həmin bu sinəsinə yığılıb daşlaşmış bəlğəm idi. Canından çıxmırdı ki, çıxmırdı.

– Gəl bu gecə divanda yataq! – Mədinə on dörd günün dadını axıra qədər çıxarmaq istəyirdi.

– Yataq da. Mən səninlə yatıram. Çarpayı ilə yatmıram ki... –dedi.

– Divanda sənə divan tutacam, – Mədinənin səsi ehtirasdan dalğalandı.

Həmin gecə divanda yatdılar.

Səhər Mədinə gözünə daha qıvraq göründü. Sanki qadın yenidən doğulmuşdu. On beş yaşlı qıza bənzəyirdi. Saçlarını hörüb kürəyinə atmışdı. Onun yuxudan oyanmasını gözləyirmiş kimi divandan döşəməyə hoppandı. Bir göz qırpımında jurnal mizinin üstünə qoyulmuş əl telefonunu götürüb otağın açıq nəfəsliyindən çölə atdı.

Mədinənin nə etdiyini axıra qədər anlamağa macal tapmamış dodaqlarında dodaqlarının tamını hiss etdi. Mədinə onu ehtirasla öpdükcə içinə tamam fərqli bir rahatlıq axırdı. Nəfəsəni dərmək üçün bircə anlıq dodaqlarını dodağından ayıran Mədinə: – Bizə daha heç kim və heç nə mane ola bilməz. Otağıma daha heç kəsi buraxmayacam! Sənin ailəni də! – qışqırdı.

Mədinə özüylə birgə sanki onu da yenidən doğurdu.

– Rədd olsun telefon! – Mədinədən geri qalmamağa çalışdı.

Mədinə həmin səhər otağa brend dükanlardan hədiyyəlik paltarlar, bahalı ətirlər, dəbdə olan restoranlardan cürbəcür yeməklər sifariş verdi. Və həmin günü onlar gecəyə qədər sevişdilər. Şam yeməyindən sonra isə yenə birlikdə rəqs etdilər. Amma xəstəlik də otaqdaydı. Heç hara getməmişdi. Son günlər hər ikisi xırıltıyla öskürürdü. Mədinə bütün dərmanları ona vaxtlı-vaxtında içirtsə də, özü deyiənlərə əməl etmirdi. Bütün günü şıltaq qız uşağı kimi özünə bir məşğuliyyət tapır, sonra da səhərə qədər onunla doya-doya çarpayıda sevgi yaşayırdı.

Karantinin altıncı günü sübh tezdən xüsusi səyyar xəstəxananın baş həkimi onları bir daha müayinə etmək üçün otağa gəldi. Baş həkim əvvəllər hərbi həkim olmuşdu deyə davranışı sərt və qabaydı. O, diqqətlə hər ikisinin ağciyərlərinə qulaq asdıqdan sonra saturasiyalarını da yoxladı. Mədinənin xışıltılı ciyərləri və normadan çox aşağı enmiş saturasiyası həkimi əməlli-başlı özündən çıxartdı. Mədinəyə elə bu dəqiqə, gecikmədən xəstəxənaya getməli olduğunu dedi. Mədinə razılaşmadı. Baş həkim Mədinəyə bir xeyli dərman təyin etdikdən sonra söylənə-söylənə otaqdan çıxdı.

Həkimin ağzı fal imiş-nədi? Həmin günün axşamı qadının qızdırması gözlənilmədən qalxdı. Bütün gecəni qızdırmasalan dərmanlar içsə də, düşmədi. Səhərə yaxın isə birdən-birə ayaqları tutuldu. Qadının gizli şəkəri olduğundan xəstəlik ən əvvəl zədələnmiş ayaq əzələlərini iflic etdi. Bütün gecəni Mədinəni qucağına alıb uşaq kimi otaqda gəzdirdi. Yalnız o, bircə anlıq yuxuya gedəndə növbətçi həkimi köməyə çağırdı. Həkim Mədinəyə qızdırmasalan iynələr vurduqdan sonra saturasiyasının aşırı aşağı düşdüyünü görüb otağa oksigen balonu gətizdirdi.

Mədinənin başının üstündən heç hara çəkilmirdi. Hər nəfəsini güdürdü. Bu, nə axmaq xəstəlik imiş. Dünənə qədər gözlərində həyat qaynayan top kimi sağlam qadın bircə günün içində ağır yataq xəstəsinə çevrilib xırıldaya-xırıldaya oksigen balonuna möhtac olmuşdu. Dinib-danışmırdı. Bütün günü boğula-boğula yatırdı. Ancaq hərdənbir gözlərini geniş açıb məəttəl-məəttəl otağın tavanında yağlı boya ilə çəkilmiş buludsuz, aydın göy üzünə baxırdı.

Özünü artıq unutmuşdu. Dərmanlarını da içmirdi. Fikri ancaq Mədinədəydi. Təki o, ayağa qalxsın. Arxasınca danışılanlar da onun üçün artıq əhəmiyyətini itirmişdi. Nə deyirlər qoy desinlər, danışsınlar. Təki Mədinə sağ qalsın, ölməsin. Hər gecə baş həkimin məsləhəti ilə Mədinənin kürəyini döyəcləyirdi ki, ciyərləri açılsın. Onu durmadan, dayanmadan danışdırıb həyata qaytarmaq istəyirdi. Faydasızdı. Mədinə özünə gəlmirdi. Əksinə, gündən-günə xəstəliyi daha da şiddətlənirdi. Artıq hər gecə qan qusurdu. Qadının bu hala düşməsində günahkar idi. Hotelə gəlmək təklifini də Mədinəyə o vermişdi. Görünür, Mədinənin canı onun canı qədər sağlam deyilmiş. Yoluxduğu ilk gündən qadının hərarəti qırxı keçmişdi və ciyərlərində buzlu şüşələr əmələ gəlmişdi. Baş həkim necə gün idi ki, Mədinənin ciyərlərinin altmış faizinin tutulduğunu və mütləq xəstəxanaya getməli olduğunu deyirdi. O, razı olmurdu. Xəstəxanaya getsə, Mədinə öləcəkdi. Bunu hiss edirdi.

Oksigen balonunun monitorunda dəfələrlə qadının saturasiyasının və nəbzinin sıfra düşdüyünü görmüşdü. Bununla belə, yenə də canı soyumaqda olan Mədinəyə dərmanlar içizdirməkdəydi. Sulu dərmanlar onun kip bağlanmış dodaqlarından artıq keçmirdi. Ağzından geri qayıdıb sinəsinə süzülürdü. Mədinənin yaşamadığını beyni ilə dərk etsə də, ürəyi ilə buna inanmırdı. Qadının daşa dönmüş ciyərlərini var gücüylə yumruqlayıb “buzlu şüşələri” sındırmağa çalışırdı. Həkimlər otağa girsəydilər, Mədinəni aparacaqdılar. Ona görə də heç birini otağa buraxmırdı. Qapının arxasından həkimlərə onun yaxşı olduğunu deyirdi. Artıq günlərin sayını da itirmişdi. Günlər onun üçün əhəmiyyətini itirmişdi. Nə fərqi vardı necə gündü burdadı. Bu gün neçənci gündür? Harda yaşayır? Kimdir? Neçənci ildir? Mədinəsiz bunların nə əhəmiyyəti var idi ki?

Və bir gün Allah elə bil səsini eşitdi. Mədinə bircə anlıq özünə gəlib tük basmış üzünü titrəyən barmaqları ilə sığalladıqdan sonra: – Görürsən birlikdə yaşamaq necə gözəldir! – pıçıldadı.

Qadının əllərini öpüb: – Biz daha heç zaman ayrılmayacağıq! – dedi.

Mədinə çətinliklə olsa da, çarpayıda dikəlib: – Həyatım boyu qıl kimi nazik körpüdən sağa-sola baxa-baxa keçməli oldum. Yolun sonunda məni nə gözləyəcəyini bilmirdim deyə qorxurdum. Əllərindən tutmaq istəyirdim. Hamı kimi, sən də əlini heç zaman mənə doğru uzatmadın! – dedi və taqəti olmadığından yenidən çarpayıya çökdü.

Bir müddət hər ikisi susdu.

Dizi üstə döşəməyə çöküb gözlərindən otağa nur daman Mədinənin alnından öpdü. Qadının alnı bumbuz idi. Əlinin istisi də əllərinin içində get-gedə soyuyurdu.

Qorxa-qorxa:  – Mədinə! – qışqırdı.

Qadın cavab vermədi.

Səsi qırıla-qırıla bir dəfə də: – Mədinə! – çağırdı.

Mədinə ölmüşdü.

Amma yenə də gözəlliyi üstündəydi və geniş açılmış gözlərində bir zamanlar kiçik dəmir yolu stansiyasında “dərgaha yüksəlmiş” rus qarısının gözlərində olan xoşbəxtlik işığı vardı.

Hələ də əllərinin içində olan Mədinənin artıq soyumuş əlini öpüb sinəsi üstünə qoyduqdan sonra ayağa qalxıb yeyin addımlarla qapıya sarı getdi.

Əlini qapının dəstəyinə sarı uzadanda qulağına qağayı qışqırığına bənzər bir səs gəldi.

Çevrilib çarpayıya tərəf baxdı.

Mədinənin əli ona doğru uzanmışdı...

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.