
Super User
“Musiqisiz” - SƏFƏR ALIŞARLININ HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Səfər Alışarlının “Musiqisiz” hekayəsini təqdim edirik.
Yekə, güclü və yaraşıqlıdır. Zavodun çoxdan buraxdığı, köhnəlmək bilməyən uğurlu modelinə oxşayır. Axtarsan, bəlkə də nəsil-nəcabət şəcərəsi əsrlərin dərinliyindən qızıl damar kimi keçib xanlara, xaqanlara calanar. Görəsən, indiyədək o haqda, bircə dəfə də olsa, düşünübmü? Özünün kran maşinisti ömrünün başqa bir həyat qəlibinə uyğunluğunu ölçüb-biçibmi? Əzələli yanaqlarından iki barmaqla möhkəm tutub buraxmasan, başını qaldırmaqla adamın ayaqlarını yerdən üzər, karusel kimi göydə fırlayar.
Əlləri tərtəmizdir, kranı çoxdan işlətmir. İdarəyə gəlib tanımadığı adamlarla görüşəcəyini bildiyindən iki hektarlıq dərə-təpəli üzünü gücü çatan qədər qaşıyıb. Köynəyinin ütüsü boyunluğunun qırağından görünür. Uzunboğaz çəkmələri qəzet yalanı kimi par-par parıldayır. Geyindirəsən buna general mundirini, yaxasına da beş-on medal taxasan, qabağında müdafiə nazirləri farağat durar - yoptvaymat!
Hər şeyin kəllə-mayallaq olduğu əyyamda bu boyda vücudun işsiz necə keçindiyini, ailəsini necə dolandırdığını düşünmək ağırdır. Onu ölkə iqtisadiyyatına bağlayan son ümidini - kranı da itirir.
Arxada oturub acizanə cütlədiyi uzun ayaqlarını "Jiquli" darısqallığına birtəhər yerləşdirib: "Uzaq yol döy ki, budu, buradı", - qabaqda oturmaqdan təvazökarcasına imtina edib. Yüngül dumana bürünmüş 15 kilometrlik şüarlı, böyürtikənli, itli-pişikli qış yolu maşının qabağınca qaçan tumançaq uşaq kimi hey burulub aradan çıxmaq istəyir. O, elə bil sifətinin güzgüdə görünməsindən, biz isə daymanın yubanacağından, stansiyada gözləyən vaqonun "prostoy"undan qorxuruq.
Gecəni pis yatmışıq. Qaçqınların arı pətəyi kimi daraşdığı rayon mehmanxanasında müdir öz kabinetini və qonaq-qara üçün yalnız bir otağı qoruyub saxlaya bilib. Gecə-gündüz uzağa getmir ki, birdən onlar da əldən çıxar. Axşamdan sönmüş işıqlar elektrik qızdırıcısının işə düşəcəyinə ümid yeri qoymadığından paltarlı yatıb paltomuzu da üstümüzə atmışdıq. Ancaq canımız qızmadı, hələ də üşüyürük.
Vəziyyətini yaxşı təsəvvür etdiyimizdən danışıqla kişinin ürəyini üzməməyə çalışırıq. Daha çox sussaq da, arada danışmamaq mümkün deyil.
- Maşının yanacağı qurtarmış olar, - Abışov geri qanrılmadan deyir. - Eləsə, buralardan salyarka alıb aparaq. Gedib orada məəttəl qalarıq.
- Yo-ox, yanacaq var, - Əbülhəsən inamla deyir. - Bakın ağzı qıfıllıdı.
- Neçə ay olar işlətmədiyin?
- Axırıncı dəfə sentyabr ayının 16-da orada olmuşam. Bağlıyıb, qarovulçuya təhfil verib çıxmışam.
- İndi yanvardı, beş ay keçib, - Abışov tez hesablayır. - Xoddanacaqmı? Akumlyatoru ölmüş olar...
Əbülhəsən başını qaldırmadan yüngülcə köks ötürür, sözləri elə bil xəyalən qıfılını açdığı kran motorxanasından bir ovuca götürüb sakitcə ortaya qoyur:
- Bu maşınlarda akumlyator olmur. Bunlar puskatelnən xoddanır.
- Hə-hə, kəndirnən, - Abışov səhvini düzəldir.
- Mən onu kran kimi yox, "Jiquli" kimi işlətmişəm. Bu on ildə nə bir dəfə motoru açılıb, nə xadovoyu axsayıb, nə də oxunun bir seksiyası əyilib. Kitab-dəftəri də eləcə bardaçokda duroyur.
"Duroyur"! Rəhmətliyin oğlu, elə bil qız ərə verir: bu da bunun diplomu!
- Təzəsini almışdı idarə onun? - Abışov dəqiqləşdirməyə çalışır.
- Hə-ə... - Əbülhəsən cavabı gecikdirmir. - Stansıda vaqondan özüm endirmişəm.
Özün endir, özün mindir, - istər-istəməz fikirləşirsən. A nöqtəsində azalan, B nöqtəsində artır. Maddə itmir, halını dəyişir. İndi heç halını da dəyişmir, sadəcə, yerini dəyişir. Ancaq maddə qırx tonluq özüyeriyən kran qismində Əbülhəsən üçün itir. Əksini ona nə Dekart, nə Leybnits, nə də PMK-29-un rəisi Kərim müəllim sübut eləyə bilər.
Kran nə qədər güclü olsa belə, dünyanın yazılmamış bir qanununu da qaldıra bilməz. O qanunlara görə Əbülhəsən kranın idarədən çox, şəxsən ona məxsus olması qənaətindədir. Əmindir ki, bu illər ərzində onun yerinə başqası olsaydı, maşını belə saz vəziyyətdə saxlaya bilməzdi. Ya yük altında aşırıb zay eləyərdi, ya da hissələrini çıxarıb dəyər-dəyməzə satardı. İdarə rəisi onu pusan deyildi ki! İndi rəisin aldığı məbləğdən ona çatanı da, çox güman ki, çəkdiyi zəhmətə, göstərdiyi xidmətə müqabil saymır.
Sürüşüb arxada qalan kəndlərin küçə mənzərəsi o qədər eyni və dəyişməzdir ki, artıq hansının qurtarıb, hansının başlandığı yad göz üçün də fərq etmir. Bu minvalla lövhələrin də fərqinə varmadan gedib Gürcüstan sərhədinə çatmaq olar: çoçxeli, çoçxeli!
Sükutu pozmaq üçün Abışov radionun düyməsini basır, ancaq oradan xırıltı-pırıltıdan başqa bir səs çıxmır. Abışov onun içində oturmuş diktorlar, həkimlər və müğənnilərlə barmağının ucu ilə tezbazar vidalaşır: yaxınlıqdakı hərbi aerodroma görə danışmır Bakı!
- Musiqisiz ləzzət eləmir ki! - Alışov deyir və arxa təkərləri valaylayan eşşək arabasını ötüb keçəndən sonra əlavə eləyir: - Musiqisiz heç nə ləzzət vermir. Elə deyil, Əbülhəsən kişi?! - Əbülhəsən dinmədiyi üçün məni söhbətə çəkir: - Əcoşun məsələsini danışmamışam sənə?
- Yox, - mən deyirəm.
Dünyanın ən əcaib-qəraib işlərinin məhz Abışovun və Koroğlunun iki dəlisinin doğulduğu Qırtmıqlı kəndində baş verdiyini bilirəm. Ancaq musiqinin o kəndə nə dərəcədə dəxili olduğunu bilmirəm.
- Danışaram, - Abışov söz verir.
Yarımçıq tikintinin divarı önündə sarı qülləsindən qarmağını əyilməz polad qüruru ilə sallayıb durmuş kran Dədəbala kəndinin ətəyində texniki tərəqqinin yeganə heykəlidir. Onsuz bütün yol qırağı, tikinti meydançası qarışıq, dağılmaqda olan xarabazara bənzəyəcək.
Əbülhəsən maşının başına fırlanıb ora-burasına - qıfıllarına, qülləsinə, tros mancanağına, işıq faralarına, sepin içindəki qoşa təkərlərə göz gəzdirir, sonra yekə ayağının pəncəsilə kiçik nərdivan pilləsini cırıldadıb yuxarı qalxır. Elə bil padşah taxta çıxır, çəkmələrinin parıltısı yuxarıda bir az da artır. Paltosunu soyunub kabinədən çıxardığı köhnə sırıqlısını döyüş libası kimi əyninə geyinir və puskatelin şkiflərini əllə bir-iki dəfə fırlayandan sonra onu kəndirlə işə salmağa çalışır. Doladığı kəndiri bir neçə dəfə dartandan, motorun ora-burasını şübhə ilə qurdalayandan sonra başını pəncərədən çölə çıxarıb qış sükutuna bürünmüş, yarımcan tikintiyə təzə xəbəri çatdırır:
- Təpir, zəhrimar!
Maşının nazı ilə oynayırmış kimi, Əbülhəsən böyük hövsələ və səbirlə yenə gödək kəndiri şkifə dolayıb dartışdırır, yenə puskatel tırıldayıb-pırıldamadan, inadla susur - onun istədiyini vermir.
- Təpir, - bu dəfə Əbülhəsən tikintiyə, maşına yox, özünə astaca deyir və aşağı düşüb bir siqaret yandırır. Sanki zarafatı kənara qoyub, bütün ciddiyyətilə özünə və puskatelə fikirləşmək üçün vaxt verir.
- Həmişə belə xoddanırdı? - Abışov narahatlıqla soruşur.
- Yo-o, bu mənə əziyyət verməyib. Olub ki, ilnən dayanıb, ancaq heç vaxt belə dirəşməyib. Qoy, bir az özünə gəlsin görək, dərdi nədi...
Elə bil bir azdan maşın umu-küsünü kənara qoyub onu uzun müddətə tərk etmiş sahibi ilə barışacaq, dil açıb dərdini deyəcək.
Bu vaxt daymanın sual işarəsinə oxşar əyri, qoşa buynuzunu özünün dəmirçixana kimi bərbad dalına soxmuş "K-700" fit çala-çala gəlib yolda dayanır. Bunun da rəngi nə vaxtsa kran kimi sarı olub, ancaq indi ləkəli şəkildə bozarıb, qoturlayıb. Eybəcərliyi və xallılığı ilə çənədən möhkəm Afrika kaftarlarına oxşayır. Abışov mənə kranın korpusu üzərindəki yerimdən tərpənməməyi tapşırıb deyinə-deyinə daymana yüklənmək üçün münasib yer axtarmağa gedir. Guya mühərrik işə düşmüşdü, guya kran yeriyib darısqal tikinti ərazisini tərk etmişdi, bircə qalırdı onu daymanın belinə mindirmək.
Gün günorta yerindədir, seyrəlmiş duman arxasından uzaq dağların qara yerləri və aerodromun uca qülləsi görünür. Daymanı sürüyüb gətirmiş K-700 yolun qırağında gücənə-gücənə özünə yüklənmə yeri düzəldib qurtarıb, amma Əbülhəsən hələ də mühərriki işə sala bilmir. Puskatel inadla təpməyinə davam edir. Abışovun qabağına qatıb köməyə gətirdiyi "K-700" sürücüsü tam komplekti ilə Azərbaycan əsgərinin qış geyimindədir. Rütbəsi, paqonu-filanı olsa, ən azı mayordu. Qışqıra-qışqıra danışır, səsi yeddi yüz at gücündə mühərrikin ahəngdar, fitli döyüntüsünə qarışıb göy üzünün qatığını ox kimi deşərək itmiş günəşi axtarmağa gedir.
Çatan kimi də gözünü qıyıb, altdan-yuxarı kranın oxundan sallanan qarmağa baxa-baxa kiməsə xitabən mızıldanır:
- Siyim sənin lebyodkana! - Sonra da sepin üstünə tullanıb içəridə itmiş Əbülhəsənin yanına keçir. - Bəlkə yanacaq nasosu işləmir, a qa! - bilər-bilməzə səslənir.
- Yo-o, nasos işləyir, şlanqı çıxardıb baxmışam, - Əbülhəsən deyir. - Yanacaq gəlir. Elə bil nəsə tərsliyi tutub andırın...
- Yəqin gücü çatmır, - sürücü deyir. - Sən ipi dola, reski çək, mən də şkifi əlimnən hərriyəcəm!
Deyir və yüz belə mühərriki öz əli ilə yığan adam kimi bir təpiyə yatmış vulkanı oyadır! Maşın haradansa qarnının dərinliyindən gələn, bayaqkılardan fərqli və zəif səslə, sanki dəqiq say hesabı ilə bir neçə dəfə öskürür, sonra tələsik "pır-pır-pır-pır" tırıltısı ilə işləməyə başlayır. Mühərrikin getdikcə şənlənən bu döyüntüsü yarımçıq qalmış tikintinin ölü sükutuna dərhal nəfəs verib onu canlandırır. Abışov sevincək ətrafa boylanır. Elə bil altı-yeddi aylıq nahar fasiləsindən qayıdan inşaatçılar bu dəqiqə dəstə ilə həyətə girib fermanın tikintisini davam etdirəcəklər. Naxır çöldən gəlib tövlələrə dolacaq, sağıcı qızlar inəklərin süd sızan yekə əmcəklərinə ovucları ilə toxunan kimi, güclü çırtımlar əvvəlcə vedrələrin dibini danqıldadacaq, sonra isə qalxan ağappaq köpüyün içinə fışqıraraq südü altdan yuxarı qaldıracaq. Bununla da Dədəbala kəndində həyat coşqusu və kolxoz firavanlığı yenidən çağlayacaq.
Sürücünün qalib hərbi formasından aşıb-daşan məmnunluğun kiçicik bir hissəsi də Əbülhəsənin sifətində təcəlla edir. İti baxışları nisbətən sakitləşib xəcalət kölgəsindən azad olmağa başlayır.
- Heç məni bu qədər incitməmişdi, - yerə düşüb əlinin yağını cında ilə silə-silə gileylənir və Abışov tərəfə baxmağa, sanki ehtiyat edir.
- Sür, gəlsin görək, axşam oldu! - deyə sürücü ot-ələf basmış çınqıllı cığırla qayıdıb gedir.
Güclü mühərrik işlədikcə döyüntüsünün ahəngini nizamlayıb porşenlərə normal nəfəs verir. Bir azdan səliqəli, artıq-əskiyi olmayan qıvraq mexanika səsi "K-700"ün pəltək fitinə qoşulub ətraf dərələrə yayılır.
Qısa sevincini siqaret kimi, bir-iki qullaba çəkib qurtarmış Abışov tükənməz mühəndis qayğılarının növbəti mərhələsinə qədəm qoyur.
- Bircə sağ-salamat daymana mindirsəydik, - narahatlıqla mənə deyir. Sanki kran burada hələ də hansısa təhlükə altında qalmaqdadır.
Ondansa, şadlıq coşqusunda Əcoşun haqq-hesabını danışsa, yaxşı olar. Unudub.
Əbülhəsən uzaqda bir neçə kimsəsiz evi və çılpaq həyətləri görünən kəndlə, yarımçıq tikinti ilə vidalaşırmış kimi, dərindən köks ötürüb kabinəyə qalxır və bir azdan sapsarı dəmir oxu aşağı endirməklə maşının mancanaq hissəsini beş aylıq sükunətdən çıxarır. Abışov gedib oxun ucunda qoşa tros dolamalardan sallanan ağır qarmağı dartışdırmaqla, sanki kranla salamlaşır. Bəlkə də ürəyində özünü maşına onun yeni sahibi kimi təqdim edərək tapşırır ki, bundan sonra şıltaqlıq eləməsin. Mühərrik havaya qara tüstü püskürüb gücənir və seplərinin ətürpəşdirici ciyiltisilə kran yerindən tərpənir. Torpağa həkk olmuş sep pəncələrinin izlərindən qara böcəklər, termitlər çıxıb qaçışır, bir qurbağa kənara tullanıb qışın gəldiyinə təəccüblə domba gözlərini bərəldir. Şüşə kabinədə qoşa linklərdən möhkəm yapışmış pəhləvan cüssəli Əbülhəsən kosmik gəmi pilotu kimi səriştəli, azman və sarsılmazdır.
Kran belə daşınmanın ən primitiv variantlarına hesablanıb: zəif manevr imkanları ilə yalnız düz xətt üzrə yeriyir, sağa, sola çətinliklə dönür. Mühərriki necə işə düşmürdüsə, daymanın belinə minməyi də o cür alınmır. Yolu eşib bərbad hala salır, Əbülhəsənin üz-gözünü məyusluğun xəcalət tərinə qərq edir, Abışovu əsəbiləşdirir, az qalır sürücünü də hövsələdən çıxara, bu müsibətin qızğın yerində, haradansa bir toy karvanı peyda olur: gəlin maşını, ardınca başqa maşınlar, ağzınacan dolu avtobus. Kranın uzun oxu isə yolu elə qapayıb ki, maşın nədir, heç velosiped də keçə bilməz. "K-700"ün cıyıltılı dəmir qanmazlığından bezmiş sürücüsü keçid məntəqəsinin hərbçi rəisi kimi tez karvanın qarşısına çıxıb musiqiçilərə maşından enməyi əmr edir.
- Yo, yo, nəmər istəmirəm, - toyun ağsaqqalına deyir. - Amma oynayajam! Oğraşın malı minmir, - krana işarə ilə deyir. - Bəlkə qabağında oynayam, rəhmə gələ! Manısları çağır!
Kranın daymana minmək cəhdləri hər dəfə, sanki mexanizm dəqiqliyi ilə eyni vəziyyətdə, eyni cür boşa çıxa-çıxa Abışovu bayaqkından da betər əsəbiləşdirib. Uğursuz cəhdlərdən yorulmuş Əbülhəsən üçün də toy elə bil göydəndüşmə olur. Daymana minmək istəməyən kranın primitiv texniki inadından yaranmış bu çarəsiz qaranlıqda toy öz şən görüntüsü ilə ən azı təskinlik verəcək bir ümid işığı kimi yanır: məmləkətdə hələ evlənərək sabaha inamla yaşayanlar, əlindəki işi uğurla başa çatdıranlar var. Aşağı düşüb maşından aralanmadan onun yorğun canını "Prima" tüstüsünə tutur.
- Bizim kənddə bir Əcoş olub, - Abışov əsəbi məzhəkə fasiləsində mənə deyir. Unutmayıbmış! - Bu, əsgərlikdən gələndə dədəsi bir hinduşka kəsir... Əcoş da dirəşir ki, "Yo-o-o, bez muzıka net xleb!"- musiqisiz mən çörək yeyə bilmərəm.
Gedib zurnaçı Qələndərnən nağaraçı OndaBeşi gətirirlər. OndaBeş, yəni sıfır tam onda beş: maşın qəzasında bir gözü, bir xayası gedib, bir qoluynan, bir ayağı da şikəst olub. Camaat kəndçilik xatirinə hələ də toya bunu çağırır. Bunlar gəlir, basıb hinduşkanı yeyəndən sonra başlayırlar çalmağa. Əcoş düşüb ortada meymunnuq edir, arada da musiqiçilərə səslənir: "Davay, davay, çastuşka Tambovskaya!" Dədəsi baxır bunun ədalarına, deyir, köpəyoğlu, oyna, oyna, axşam hinduşka yerinə OndaBeşin tay ...ğını yeyəssən!
"K-700"ün sürücüsü isti gödəkcəsini soyunub ulduzlu general toqqasını bərkidir, ölkədəki fövqəladə vəziyyətin komendantlarından biri kimi musiqiçilərə Şəki rəqsi çalmağı sifariş verir. Bircə anın içində, sanki kran müsibətini unudaraq əl-qolunu açır və ortada qartal kimi süzməyə başlayır: küçənin daşına, torpağına baxmadan əsgər çəkmələrinin gah burnu, gah da dabanı üzərində dolu bədənini yüngül əsintilərlə oynadır, tullanıb dizi üstə yerə düşür, təzədən sıçrayıb dövrə boyu fırlanır. Vəcdə gəlmiş toy əhli ona qoşulur.
Sonda Əbülhəsən oxu qaldırır və musiqisiz toy karvanı bənddən buraxılmış su kimi sürətlə sorulub asfalta tərəf gedir.
- Sür, gəlsin! - sürücü bayaqdan süzdüyü göylərdən rahatlıqla daymanın üstünə enib oxu yönləyən Əbülhəsənə səslənir. - İndi minər daha, qaramatını tökdük!
Əbülhəsən maşını maksimum sürətlə yerindən tərpədir, bu dəfə kranın burnu daymanın ortası ilə bərabərləşməyənə qədər sol sepi yoldan aşağı salmır. Yalnız daymanın ortasına çatanda eynən sürücünün rəqsdə fırlandığı yüngül, sərt hərəkətlə sol sepi aşağı endirib dərhal da sağa burmaqla daymanın körpüsü üzərinə minib dayanır. Həmişə bu anda sol sep sürüşüb aşağı gedir, daymanı itələyib özündən uzaqlaşdırır və oxun ağırlığı olmasa, maşını aşırmaq halına çatdırırdı. Bu dəfə dayanır. Saatlarla davam edən işgəncə, nəhayət, belə, gözlənilməz asanlıqla, bitir. Belə çıxır ki, həqiqətən də "bez muzıki net xleb!"
Abışovun üzü yenə gülür, dodaqları səxavətlə onun ağappaq dişlərini sarı maşına, yarımçıq qalmış tikintiyə və Əbülhəsənə göstərir:
- Yolda sənə demədimmi, musiqisiz iş olmaz?!
Sürücü Əbülhəsəni öz yanında oturmağa dəvət edir. Əbülhəsən az qalır səhərki kimi "budu, buradı da" desin və ani tərəddüddən sonra gəlib "Jiquli"də öz yerini tutur.
- Orada mənə görə bir iş olmazmı? - yolda əhvalı düzəlmiş Abışovdan soruşur.
- Harda, Bakıda?
- Aha.
Abışov məsələnin vələzzaliminə getmir, kranı iş sahibi Turqut bəyə satdığımızı demir.
- Olsa, xəbər eləyərəm, - inamla müxtəsərcə deyir. - Telefonun məndə var.
Kəndlər çılpaq ağacları və bozumtul damları ilə stansiyaya gedən asfalt yola lülə-kabab kimi bülənib. Sapsarı kran yüklü "K-700" həngaməsinin gözqamaşdıran işıqları qış yuxusuna getmiş daşın-divarın arasından bayram atəşfəşanlığı kimi keçib gedir. Hərdən səsə çıxan adamlar maşına baxa-baxa öz aralarında nəsə danışır, bəlkə də dağların arxasında mürgü vuran müharibədə nəsə baş verdiyini fikirləşirlər.
- İtə-qurda rast gəlmiyək, - xeyli yorğun görünən Əbülhəsən deyir. Elə bil at belində qılınc vurmaqdan qayıdır.
- İt-qurd bizə neyləyəsədi? - Abışov dərhal cavab verir. - Oğurluq eləmirik ki... Sənədimiz qaydasındadı. Elə sənədlərə görə düz, üç ay ləngimişik, yoxsa, payızda gəlib aparasıydıq.
- Olsun da... Deyir, tülkü tülkülüyünü sübut eləyincə dartıb dərisini boğazından çıxarırlar.
- Biz xozan tülkülərindən deyilik! - Abışov zarafat eləyir. - Biz qütb tülküləriyik!
Əbülhəsən daha heç nə demir, kranın arxaya çıxmış on metrlik oxunun başından sallanan qarmağın ağır-ağır yırğalanmasına baxa-baxa stansiyaya qədər susur.
Stansiyada kimsə gözə dəymir. Yolların o üzündə boş yük vaqonlarından ibarət heyət quyruğunu Qarayazı çölünə qədər uzadıb yatıb. "K-700" anbarlar tərəfə ayrılan, relsləri güclə görünən dərin yolu bütün maşınların keçdiyi yerdən keçəndə daymanı aşırır. Kranın motor və kabinə hissəsi öz oxu ətrafında ağır ballast qarışıq fırlanıb daymanın belindən sürüşərək küncünü yerə qoyur. Daymanın təkərlərinin yarısı göydə qalır. "Jiquli"nin dörd gözü önündə hər şey o qədər yavaş, səliqəli və hesablanmış kimi baş verir ki, heç kim səsini də çıxara bilmir. Proses tam bitəndən sonra Abışovun "vay" deyə sükana ikiəlli vurduğu qapaz, sanki arxada Əbülhəsənin başına dəyir. Sonra dəqiqələr çəkən ani bir sükut yaranır və bu sükut sərhədlərinin yaxınlığında qəflətən Abışovun radiosunun itmiş musiqisi gurlamağa başlayır. Elə bil şıdırğı oyun havası müğənninin oxuduğu mahnı avazına qarışıb kranın aşmağından, soyuq mehmanxana gecəsindən, Əbülhəsənin qayğılarından və bütün tikinti dünyasından xəbərsizcəsinə, kimlərinsə sərxoşluq nəşəsilə çuğlaşaraq maşındakılar üçün cəza yanğısı yaradır. Xoşbəxtlikdən, bu çox sürmür, qapı şıqqıltı ilə açılanda bitir. Əbülhəsən gedib kran motorxanasının yerə dəyib əzilmiş küncünü diqqətlə müayinə edir, əlini dəmirə sürtür. Onun pəhləvan cüssəsi, uzun qol-qıçı, qulaqlı papağını qısa saçları üzərinə üskük kimi taxmış başı da duruşunu itirmiş nəhəng kranla müqayisədə kiçik, köməksiz və lazımsız görünür.
- Ayə, bu on ildə mən bir çöpü də qoymamışdım bunu cızmağa! - Geri dönəndə deyir. - Ancaq ballast xilas elədi, qoymadı motora ziyan dəyə. Əzilən yerini dəmirçi düzəldər.
Bu çökək yerdən, sanki bütün vağzal ərazisinə, oradakı bütün dəlmə-deşiklərə hadisə haqda ultrasiqnal gedir və beşcə dəqiqənin içində təkərlərinin yarısı göydə qalmış daymanın ətrafına xeyli adam toplaşır. Kran çox ağır olmasa, bəlkə də həmin adamların gücü ilə onu itələyib yerinə oturtmaq olar. Ancaq deyirlər ki, bunu qaldıra bilsə, yalnız dörd avtokran qaldıra bilər, çünki onların hər biri 4-5 tondan artıq qaldırmır.
Abışov bir camaata baxır, bir hərbi geyimli sürücüyə baxır, bir çökəkliklə gedən, yolun qırağına tökülmüş köhnə tank, top və minamyot mərmilərinin qorxunc, paslı təpələrinə baxır və heç kimdən yox, az-çox, etibar etdiyi stansiya rəisindən soruşur:
- İndi mən dörd kranı hardan tapım?
- Sən dördünü tapma, - rəis deyir, - birini tap. O özü zəngləşib yığacaq o biriləri. Mən də tapşırım, vaqonu versinlər bura. Elə qaldırmışkən birdəfəlik qoysunlar platformanın üstünə.
Bu sözlərdən sonra elə bil krana ciddi ziyan dəymədiyinə, ondan yenə də istifadə etməyin mümkünlüyünə inanırıq. Dəmirin əziyi düzələr!
Abışov vaxtı itirmədən maşına əyləşib, ən yaxın kran ünvanı kimi deyilmiş Vidadi küçəsini axtarmağa gedir. Tələsir, qışda hava tez qaralır.
- Deyirəm, yaxşı ki, mən sizin yanınızda oturmuşd, - bir azdan mümkün qədər həlim səslə Əbülhəsən mənə deyir.
Mən onun yorğun, qayğılı gözlərinə, mis rəngli üzünə baxıram, təskinlik üçün nəsə deyirəm. Fikirləşirəm: "Görəsən, Turqut bəyə kran maşinisti lazım olsa, bu necə gedib Bakıda işləyəcək?"
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” adlı sənədli filmi nümayiş etdirilib. Sənədli filmin nümayişi Azərbaycan səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən verir ki, Mədəniyyət Nazirliyinin “Salnamə” film kinostudiyasının istehsal etdiyi sənədli filmin təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, “O, Xarqo idi” sənədli filminin ssenarist və rejissoru Tahir Tahiroviç və Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov, fransız siyasətçiləri və incəsənət xadimləri, azərbaycanlı diplomatlar, eləcə də yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, ölkəmizin İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi çoxsaylı mühüm hərbi, iqtisadi və strateji töhfələrdən danışıb. Faşizmlə mübarizədə sovet ordusunun yanacaq ehtiyacının 90 faizinin məhz Azərbaycanın qarşıladığını vurğulayıb. Səfir qeyd edib ki, həmin dövrdə 3 milyon əhalisi olan Azərbaycandan 600 min əsgər 1941-1945-ci illərdə nasistlərə qarşı müharibəyə yollanıb və onların bəziləri müxtəlif Avropa ölkələrinin azadlığı uğrunda partizan hərəkatlarına qoşulublar. 130-dan çox azərbaycanlı İkinci Dünya müharibəsində qəhrəman adına layiq görülüb, 170 mindən çox əsgərimiz müxtəlif orden və medallarla təltif olunub. Müharibədə kişilərlə yanaşı, azərbaycanlı qadınlar da şücaət göstəriblər.
Səfir L.Abdullayeva Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizəsindən, Müqavimət Hərəkatında fəaliyyətindən, bu ölkənin Tarn və Qaron departamentində Kabertat partizanlarına qoşulmasından, müxtəlif əməliyyatlarda qəhrəmanlığından danışıb.
Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsindən, igid oğullarımızın qəhrəmanlığından danışıb, Azərbaycanın sülhün, ədalətin bərqərar olmasında maraqlı olduğunu vurğulayıb.
Bir çox Avropa ölkəsində azərbaycanlı əsgərlərin partizan hərəkatlarında göstərdikləri qəhrəmanlıqlar xatırladılıb. Sonra “O, Xarqo idi” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra tədbirdə iştirak edən “O, Xarqo idi” sənədli filminin ssenarist və rejissoru Tahir Tahiroviç əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bu filmin lentə alınmasından, onun yaranması ideyasından, ekran əsərində hər bir hadisənin arxiv materiallarına əsaslanmasından, filmin ərsəyə gəlməsindən və məqsədlərindən bəhs edib.
Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov babası ilə olan xatirələrindən danışıb. O, Ə.Cəbrayılovun faşistlərə qarşı fransız partizanlarla birgə çiyin-çiyinə mübarizə aparması, müxtəlif xalqlardan olan partizanların Fransanın azadlığı uğrunda qardaşlığı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare ölkəmizdə səfir olduqları zaman Fransa qəhrəmanı Ə.Cəbrayılovun doğma şəhəri Şəkiyə səfərlərindən, onunla söhbətlərindən, onun ölümündən sonra qəbrini ziyarət etmələrindən, Əhmədiyyə ilə birgə partizan hərəkatında olmuş Rene Şambarın Şəkidə dostunun qəbrini ziyarət etməsindən danışıblar.
Həyat yoldaşı Fransanın Azərbaycandakı səfirliyində işləmiş Aleksanr Vattən Fransanın azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı partizanlarla bağlı arxivlərdə işləməsindən, onlarla bağlı hazırladığı kitabdan söz açıb.
Tədbir çərçivəsində müharibə vaxtı azərbaycanlı əsgərlə ailə qurmuş, Azərbaycanda yaşamış və 50 ildən sonra ölkəsinə səfər etmiş fransız İvon Bottonun xatirəsi də yad edilib.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Özü pay-piyada sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı vallah,
Şairlik ən ali məqamdı, vallah
(M.Ələkbərli)
Şairlərin çətin anları çoxmu “ağrılı” olur?
CAVAB:
Ədəbi aləm qəribə aləmdir. Yaxşı şairin qarşısına çəpər çəkənlər, kölgəsini qılınclayanlar zaman-zaman olub, indən belə də olacaqdır. Bir-iki yaxşı şerin müəllifi kimi mən də onlardan az çəkməmişəm. Demədiyim, heç könlümdən belə keçirmədiyim sözləri gərəkli ünvanlara, lazımı şəxslərə çatdıranlarım, məni çox vaxt ən yaxın dostlarımla yaman eləyənlərim, şair qəlbimə necə amansız zərbə vurduqlarının bəlkə heç fərqində olmayıblar. Dumduru suyumu bulandıranlar, bu ömür yolumda məni ləngidənlər, əlimə-ayağıma daş bağlayanlar, arabir şeirimə hədəf olsalar da, cəhdim-çabam həmişə cavabsız qalıb. “Ah xırda qayğılar” adlı şeirimdə bu cür adamlardan şikayətimi dilə gətirmişdim:
Ah xırda qayğılar, xırda qayğılar
Böyük arzulara toy tutdunuz siz.
Sinəmdə qaynayan bulaq istəyi
Hər gün damcı-damcı qurutdunuz siz.
Sizin oxşarınız xırda adamlar,
Hər tində, döngədə yolumu kəsdi.
Mənzilə gecikdim hər gün bir addım,
Mənə bir addımın acısı bəsdi
Yollarda bir addım ləngidi adım.
Sözüm xırdalandı qara pul kimi,
Neçə yol əlimi-üzümə tutdum.
Qızardım zamanın, vaxtın yanında
İlhamın yanında bir yoxsul kimi.
Ah xırda qayğılar, xırda qayğılar
Mənə “sus” dediniz, mən dilə gəldim.
Sizinlə həmişə yumruq-yumruğa
Sizinlə həmişə əl-ələ gəldim..
Fürsət külək kimi keçdi yanımdan
Bir saatlıq yolu bir ilə gəldim.
Büdrədim, yıxıldım, dikəldim, durdum,
Ömrün bu çağına bax belə gəldim.
Həmin adamlar mənim dırnaqarası “dostlar”ım bu gün də fəaliyyətlərindədir. Yaşı yetmişi ötən bir şairin yolunda çəpərə dönür, üzünə qapı bağlayırlar.
Tanı məntək naçarını
Dərdə-qəmə düçarını.
Harda gəzim açarını
Üzümə bağlanan qapı?
Gah söyülən, gah öyülən,
Vaxtsız, vədəsiz döyülən.
Sən idinmi bəxt deyilən,
Üzümə bağlanan qapı?
Hər günümə qada verdin,
Kömürümü oda verdin.
Bir şairi bada verdin,
Üzümə bağlanan qapı.
Şahidsən buna özün də
Qalmışam çölün düzündə.
Nələr var arxa üzündə
Üzümə bağlanan qapı?!
Bəlkə sənsən sirr qapısı,
Güman yeri, pir qapısı.
Tanrının səbir qapısı
Üzümə bağlanan qapı!
Dediklərimdən belə çıxmasın ki, məni ancaq pisliklər, yamanlıqlar izləyib. İlk gənclik illərimdən, qələm tutub ilk şeirlərimi yazdığım günlərdən bəri, əsil ağsaqqalların qayğısı, diqqəti üstümdə olub. Yazılarıma qəzetlərdə, jurnallarda yaşıl işıq yandıran yazıçı, şair dostlarımı bu gün də minnətdarlıqla yad edirəm. Xalq şairlərimiz Süleyman Rüstəmin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Söhrab Tahirin, Hüseyn Arifin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Qabilin, Xalq yazıçılarımız Əli Vəliyevin, İsmayıl Şıxlının, İsa Muğannanın, Mirzə İbrahimovun, eləcə də Ustad Şairlərimiz Fikrət Sadığın, İlyas Tapdığın, İsa İsmayılzadənin, Hidayətin ağsaqqal nüfuzunu, kölgəsini öz üzərimdə hiss eləmişəm.
Mən şeirə gəldiyim illərdə ədəbiyyatımızda ağsaqqal mövqeyi, gənclərə ağsaqqal diqqəti vardı. Mənə SSRİ Yazıçılar İttifaqının üzvlük biletini xalq yazıçısı, Sosialist əməyi qəhrəmanı, AYİ-nin sədri Mirzə İbrahimov təqdim eləmişdi. O zamanlar imzası ilə ədəbi orqanlarda tanınmayanların kitabları çap oluna bilməzdi. Bunun adına indi Sovet sensuzarı desələr də, bu ədəbi-bədii senzura idi. Bədii materialın ədəbi dəyərini yaxşı mənada təyin edən senzura idi. Ədəbiyyatın kütləviləşməsi təəssüf ki, əsil yazıçının, şairin gözdən düşməsinə xidmət elədi. Dəyərlər itdi, heç kəs heç kəsin kitabını oxumadığı bir vaxtla üzləşməli olduq. Sosial şəbəkələr bu işdə çox böyük rol oynayır. Bu gün uşaqdan böyüyəcən hamı o şəbəkədən asılı qalıb. Kitabdan, oxumaqdan uzaqlaşan gəncliyimizin sonrakı taleyi bizi dərindən düşündürməlidir. Nəinki, müasir yazıçılarımıza, heç klassiklərimizə də yetərincə bələd olanlarımız get-gedə azalmaqdadır. Nəhayət, mətləb üstünə gəlib deyim ki, şairlərin ən çətin anları özünə-sözünə biganəlik görəndə ağrılı olur. Eşidilməmək, duyulmamaq, yazdıqlarının poetik gücünü, misralarının siqlətini, ilhamının nəyə qadir olduğunu hər kəsdən yaxşı bilən bir şair üçün dözülməzlik sindromu yaradır. Özü ilə çəkiyə gəlməyən qələm dostlarının, hansı səbəbdən irəli çəkildiyinin, ad-san, titul qazanmağının səbəbləri üstündə düşünməli olur. İllər öncə yazdığım bir şeirdə özümü belə düşüncələrdən xilas etməyə çalışmışdım:
Seçilmək yanğısı – buydumu dərdim?
Onda şüar deyim, dəm verim dilə.
Bütün şairləri təltif edərdim
Vətənin “Bütövlük” ordeni ilə.
Şükürlər olsun indi biz Vətənin bütövlüyünə də qovuşmaqdayıq. Böyük şairimiz – qərbə və şərqə kükrək ilhamının qanadlarını gərən Məmməd İsmayılın bir misrası bizi ümidli gələcəyə səsləyir: “Hələ yaşamağa dəyər bir az da...”
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
“Əhli-beytə olan sevgi bizi xilas edəcək” - BU GÜN QƏDİR-XUM BAYRAMIDIR
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Peyğəmbər Qədir-xumda buyurur: "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm. Görüm məndən sonra o iki əmanətlə necə davranacaqsınız." Bu vaxt səhabələrdən biri uca səslə soruşur ki, ey Allahın elçisi, bu əmanətlər hansılardır? Peyğəmbər isə belə buyurur: "Bunlardan biri Allahın kitabı, digəri isə mənim əhli-beytimdir. Bunlara bağlı olduğunuz müddətdə yolunuzu azmazsınız. Allah mənə bu iki şeyin qiyamət günü mənə gəlib çatanadək bir-birindən əsla ayrılmayacağını xəbər vermişdir."
Bu gün İslam dünyasının ən böyük bayramlarından biri olan Qədir-xum bayramıdır. Və biz bu gün sizlərə ziyalı fikri rubrikasında Ramil Bədəlovun Nəzəriyyə və nümunə başlığı altında bu mövzu ilə bağlı olan fikirlərini təqdim edirik.
Həzrət Məhəmmədin 63 illik ömrünün 23 ili peyğəmbərlik dövrü olmuşdur. O bu müddət ərzində çox əziyyət çəksə də, ömrünün sonunadək İslam dinini təbliğ etmişdir. Görəsən, qatlaşdığı hər bir əziyyətin müqabilində onun bir ümmət olaraq bizdən hər hansı bir istəyi varmı? Qurani-kərimin ayələrinə nəzər salsaq, bu xüsusda dörd cür ayə ilə rastlaşırıq. İlk baxışda bu ayələr bir-birini tamamlamasa da, diqqətlə baxdıqda onların bir-birilə əlaqəli olduğunu görərik. Bu xüsusdakı ayələrin birində Allah belə buyurur: "...De: "Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində Əhli-beytim barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm..." Allah bizdən Əhli-beyti sevməyi, onlardan uzaq düşməməyi istəyir. Əhli-beytə olan sevgi bizi xilas edəcək. Məhz buna görə biz həyatımızda Əhli-beyti özümüzə örnək seçməliyik.
Digər bir ayədə isə Allah Peyğəmbərin dilindən belə buyurur: "Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində - sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq (hərəkət etmək) istəməsi istisna olmaqla, bir muzd istəmirəm". Deməli, Peyğəmbər ümmət üçün çəkdikləri zəhmətlərin müqabilində, bu rəhmətlərin qarşılığı olaraq bu ilahi yolu getməyimizi istəyir. Sanki bir xeyirxah insan bir kəndə bulaq çəkdirir, onun istəyi isə insanların həmin bulaqdan istifadə etməsidir. Bu mənada yuxarıda qeyd etdiyimiz ayə olduqca maraqlı ayədir. Burada yalnız ilahi yolu görməkdən yox, bu yolda hərəkət etməkdən söhbət gedir. Hərəkət etmək isə Quransız mümkün deyil. Başqa sözlə desək, Qurandan uzaq düşməklə bu yolda addım atmaq olmaz. Ayədə Allahın bizə çatdırmaq istədiyi mesaj Qurandan muğayat olmaq mesajıdır. Peyğəmbər bizdən muzd olaraq Qurana uyğun şəkildə yaşamağımızı istəyir.
Yuxarıda qeyd olunan hər iki ayəyə diqqətlə nəzər yetirsək, onların birində Əhli-beytdən, digərində isə Qurandan danışıldığını görərik. Necə ki Peyğəmbər
Qədir-xumda buyurdu: "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm. Görüm məndən sonra o iki amanətlə necə davranacaqsınız?" Bu vaxt sahabələrdən biri uca səslə soruşur ki, ey Allahın elçisi, bu əmanətlər hansılardır? Peyğəmbər isə belə buyurur: "Onlardan biri Allahın kitabı, digəri isə mənim əhli beytimdir. Allah bu iki şeyin bir-birindən ayrılmayacağını mənə xəbər vermişdir..." Bunlar biri digərini tamamlayır. Bunlardan biri, yəni Quran nəzəriyyə kimi, Əhli-beyt isə nümunə kimi çıxış edir. İlahi yolda hərəkət etmək üçün onların hər ikisinə ehtiyac var. Nəzəriyyə zehni qidalandırırsa, nümunə qəlbi rahatlaşdırır. İnsan nümunələri gördükdə, ilahi yola qədəm qoya biləcəyini və özü də bu nəzəriyyənin canlı nümunəsi ola biləcəyini başa düşür. Çünki tarixdə belə nümunələr var. Nümunə eyni zamanda insana əzm və iradə bəxş edir.
İslam dini yalnız nəzəriyyədən ibarət deyil, eyni zamanda həm də nümunədən ibarətdir. Diqqət yetirsək, sözügedən ayələrdə ilk baxışda fərqli fikirlər səsləndirilsə də, onlar sanki bir qəpiyin iki tərəfi kimidir; bir üzü nəzəriyyə, digər üzü isə nümunədir.
Qurani-kərimin sözügedən mövzu ilə əlaqədar üçüncü bir ayəsində məzmun dəyişilir. Allah Peyğəmbərin dilindən belə buyurur: "...Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm)..." Maraqlıdır, yuxarıda qeyd olunan iki ayədə bizdən iki şey istənildiyi halda, bu ayədə heç nə istənilmir. Bir misalla məsələyə aydınlıq gətirək. Pulu olmayan bir xəstə, həkimin yanına gəlir və ondan müalicə olunmasını istəyir. Həkim nəvaziş göstərərək onu müalicə edir, sonda isə “mən səndən heç nə istəmirəm, yalnız bir istəyim var", - deyə söyləyir. Bunu eşidən xəstə narahat olur ki, birdən həkim ondan gördüyü işin müqabilində pul İstəyər. Lakin həkim xəstədən onun yağlı və şirin şey yeməməsini istəyir. Həkimin istəyinə diqqətlə nəzər yetirdikdə bu istəyin həkimə deyil, məhz xəstəyə aid olduğunu görürük. Əslində, həkim özü üçün heç nə istəmir, yalnız qarşı tərəfin müalicəsi üçün nəsə istəyir. Elə buna görə də hədis qaynaqlarında Peyğəmbərin "səyyar həkim" olduğu qeyd olunur.
Mövzumuzla əlaqədar sonuncu, yəni dördüncü ayə isə belədir: "De ki: "Sizdən istədiyim bütün muzdlar sizin üçündür. Mənim mükafatım yalnız Allahın öhdəsinədir..."
Yuxarıda qeyd etdiyimiz dörd ayənin hər biri bir- biri ilə əlaqəlidir və biri digərini tamamlayır. Nəticə etibarilə Allahın bu ayələrlə bizə vermək istədiyi mesaj bundan ibarətdir: biz Qurandan və Əhli-beytdən heç bir zaman uzaq düşməyək. Quran və Əhli-beyt bir quşun iki qanadı kimidir. Bu qanadlardan biri və ya hər ikisi olmazsa, quş uça bilməz. Biz də mənəvi aləmə qanadlanıb uçmaq istəyiriksə, Quran və Əhli-beyt qanadına bir nəzəriyyə və bir nümunə kimi ehtiyacımız var. Bu mənəvi pərvazın isə insana xeyri var, insan ucaldıqca o xeyri görür və dərk etməyə başlayır. Unutmayaq ki, nümunələr olmasa, nəzəriyyələr tədricən aradan gedər. Nümunələr aradan getdikdə isə nəzəriyyələr də tədricən aradan gedər; yaxşı insanlar olmasa, yaxşılıqlar ölər; ədalətli insanlar olmasa, ədalət dəfn olunar; fəzilətli insanlar yox olarsa, fəzilətlər sıradan çıxar. Bu, məsələnin birinci tərəfinə aiddir. Məsələnin ikinci tərəfi isə budur ki, dəyərlərə verdiyimiz qiymət dəyərlilərə olan münasibətimizdən asılıdır. Dəyərli olana nə qədər qiymət veririksə, nəzəriyyəyə də bir o qədər qiymət veririk. Bir şərtlə ki, ilk olaraq dəyərin nə olduğunu anlayaq. Yəni haqqı tanıyıb, haqqa bağlanmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Unudulmaz sevgi şeirləri: Səyavuş Sərxanlı, “Necəsən"
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Səyavuş Sərxanlı adı da çoxunuza heç nə demədi. Amma bir vaxtlar - sovet dönəmində onun da şeirləri, sözlərinə yazılan mahnılar çox populyar idi.
“Necəsən” onun lirik poeziyasının ən gözəl nümunələrindəndir.
Necəsən? Günlərim leysandı, ürəyim çadır,
Döyülür aylarım, ilim, necəsən?
Nə əlim yetişir, nə ünüm çatır,
Mən kimdən öyrənim, bilim, necəsən?
Həsrətin keçilməz ormanlar təki,
Döyüldüm, sovruldum xırmanlar təki,
Gah yıxıb, gah da ki quranlar təki
Özümə dağ çəkir külüm, necəsən?
Sənə inanmışam, yenə inanım,
Oda qalanmışam, yenə qalanım,
Necəsən, başına dönüm, dolanım,
Necəsən, küsənim, gülüm, necəsən?
Təkliyim dağ olar, çənə bürünər,
Döşündə yol azan eşqim sürünər,
Yataram, yanımda yerin görünər,
Özünə yetişməz əlim, necəsən?
Qalanar dumanım, çənim yolumda,
Ömrümə, sevgimə qənim yolumda;
Sən ey qurban olan mənim yolumda,
Gəlim qabağında ölüm, necəsən?!
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Müdrik yaşın müdrik şeirləri - RAFAİL İNCƏYURDUN 70 yaşına
Ramiz Göyüş, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün
Çağdaş poeziyamızın tanınmış və ünlü nümayəndələrindən biri olan Rafail İncəyurdun poeziyası barədə fikirlərimi, böyük filosof və ədəbiyyat adamı Yaşar Qarayevin məşhur bir kəlamı ilə başlamaq istədim: "Ruh kimi poeziyada həmişə bizim hələ gəlib çatmadığımız yerdə olur... Poeziya həm də qövsü-qüzehə, ilğıma da bənzəyir. Sən ona yaxınlaşdıqca, o səndən uzaqlaşır. Sən şeirə çatanda, o artıq yeni mənzil başında olur”.
Bu yazıda mən çalışacam ki, Rafail İncəyurdun bu günlərdə haləsində olduğum və Professor Yaşar Qarayev demiş, hələ məndən uzaqlaşmamış poeziyasına, sətirlərinin arxasından boylanan mətləblərinə, demək istədiklərinə, yaxınlaşım.
Bu il poeziyasevərlər Rafail İncəyurdun 70 illik yubileyini qeyd edəcəkdir. Ona görə də mən Rafail müəllimin yaradıcılığı barədə fikirlərimə keçməmiş, istədim ki, onun 70 illik ömür və yaradıcılıq yoluna kiçik bir nəzər salaq...
... Qazaxdan çıxıb üzü Borçalı mahalına, məşhur Sınıq Körpü istiqamətinə yol alanda, Azərbaycan xalqına başda Molla Pənah Vaqif və Səməd Vurğun olmaqla çox böyük dahilər bəxş etmiş Yuxarı Salahlı kəndindən (Qıraq Salahlıdan) sola bir yol burulur. Bu yol səni ətrafı yazda gül-çiçəklə, payızda isə yovşan kolları ilə bəzənmiş təpələr arasından şairlər, aşıqlar yurdu, söz-sənət vurğunlu, irfan dünyalı insanların məkanı olan bir dərəyə - İncə dərəsinə aparır.
Tale elə qismət elədi ki, mən elə Qazaxdan kənara çıxdığım-tələbə adını qazanaraq mərkəzi şəhərimiz Bakıya gəldiyim ilk günlərdən, əsgəri xidmətdə olduğum zamanlardan, əmək fəaliyyətinə başladığım günlərdən başlayaraq, tələbə yoldaşlarımın, əsgər yoldaşlarımın, iş yoldaşlarımın, ünsiyyət bağladığım insanların ən çoxu bu dərənin insanları oldu. Təmasda olduğum bu insanların yüksək mənəvi keyfiyyətləri, sözə-sənətə vurğunluğu, insani keyfiyyətləri, dostluğa sədaqəti, etibarı ilə bu dərənin bütün insanları haqqında təsəvvür yaratmağa imkan verdi. Onların adını saymaqla bitməz. İş elə gətirdi ki, sonralar mən bu dərədən pöhrələnərək boy atmış söz-sənət adamlarının yaradıcılığını incələməli oldum. Bu araşdırmalar nəticəsində belə qənaətə gəldim ki, cəmi üçcə kəndən ibarət olan bu dərə, istər adət-ənənəsi, istər folkloru, istər istedadları, istər sazlı-sözlü məclisləri, istər fərqli dini dünyagörüşü ilə az qala bütöv bir xalqın etno mədəniyyətini və ədəbiyyatını təmsil etmək qüdrətinə malikdir. Doğrusu, mən bu yurdun şairlərini ciyin-çiyinə vermiş sıra dağlara bənzədirəm. Bu sıra dağların Aşıq Avdı, Aşıq Cəlal, Ələddin İncəli, Aslan Kəmərli, Ağamalı Sadiq, Kərəm İncəli, Akif Səməd, Məmməd İlqar, Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı, Avdı Qoşqar, Mahmud Vəli, Sayad Mustafaoğlu adlı və adını bu yazıda çəkmədiyim neçə-neçə zirvələri var. Bu zirvələr bir dağ silsiləsində yerləşsə də, hər biri öz gözəlliyinə, əzəmətinə, möhtəşəmliyinə görə biri-birindən fərqlənir.
Bu sıradan, İncə dərəsinin Azərbaycan poeziyasına bəxş etdiyi, çağdaş poeziyamızda öz səhfəsini yazmış, öz yeri, öz sanbalı olan çox dəyərli şairlərimizdən biri də Rafail İncəyurddur. Rafail İncəyurd müəllim ailəsində doğulmuşdu. Valideynləri onu müəllim görmək istəyirdi. Elə bu məqsədlə də, orta məktəbi bitirdikdən sonra ölkənin ən nüfuzi ali məktəblərindən birinin, ən nüfuzlu fakültələrindən birinə- Azərbaycan Dövlət Universitetinin mexanika - riyaziyyat fakültəsinə daxil oldu. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olan Rafail müəllim sonradan ömrünü –gününü yazı-pozuya, bağladı. 1981–1998-ci illərdə Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, “Müəllim” nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, “Odlar Yurdu və Diplomat” nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışdı. Lakin şairlik onun stixiyası idi. Ədəbi həyata yeniyetmə yaşlarından başlamışdı. Elə bu fəaliyyətlər də getdikcə onun şair kimi yetişməsinə, püxtələşməsinə, tanınmasına bünövrə oldu.
Bəs niyə şairliyi seçdi Rəfail müəllim? Düşünürəm ki, onu şair edən əsas amil İncə dərəsinin mühiti idi. O da bütün yaşıdları kimi İncə dərəsini sazlı-sözlu, nağıllar, əfsanələr, əsatirlərlə dolu dünyasında böyümüşdü. Saz havaları, bayatılar, incə qımqımıları anasının südü, laylaları ilə onun qan yaddaşına hopmuşdur. Lap erkən uşaqlıq, yeniyetmə vaxtlarından nəbzi sazın pərdələri ilə döyünmüş, dili, ləhcəsi danışığı şairlərin misraları ilə köklənmişdi. İncə dərəsinin yalnız bu dərəyə məxsus olan folkloru və irfan dünyası Rafail İncəyurdun formalaşmasında mühüm rol oynamışdı. Və bu yerlərin genetik kodu, havası, suyu, şeir-sənət aləmi və Böyük Yaradanın vediyi istedad şair etdi Rafail İncəyurdu.
İrfan soylu kişilərin elindən,
Bayatılı nənələrin dilindən,
Şah palıdlar kökünün saf telindən
Qətrə-qətrə, sıza-sıza gəlmişəm.
Yol gəlmişəm: yarı yağmur, yarı toz,
Üz görmüşəm: biri gülər, biri boz.
Bəzən yoldan eyləyib bir çürük qoz,
Nə danım ki, hərdən duza gəlmişəm.
İncə dərəsi Rafail müəllim üçün müqəddəsdir. Təkcə ona görə yox ki, tək Azərbaycan da deyil , onun hüdudlarından kənarda da məşhur bir ziyarət kimi tanınan Hacı Mahmud ocağı bu məkanda yerləşir. Həm də ona görə ki, həmin məkanda Rafail İncəyurdun dünyaya göz açdığı bir ocaq var, ilk dəfə ayaq tutub addım atdığı həyət var, ilk dəfə dil açıb ana çağırdığı, örəndiyi dil var, ləhcə var, qucağına sığınıb, laylasını eşitdiyi anasının, çörəyini yediyi, öyüdünü dinlədiyi, tərbiyəsini aldığı atasının məzarları, ruhu var, uşaqlığını keçirdiyi, quzu otardığı dərə, təpə var, həmin dərə-təpələri dolanan şığır-çəhlimlərdə izi, uşaqlıq xatirələri qalıb. Çiynində anasının parçadan tikdiyi məktəb çantasında qədəm qoyduğu məktəb, sinif otağı xatirələrində yaşayır. Onu Bakıya ölkənin ən adli-sanlı ali məktəbə, yola salan məktəb var, ona əlifbanı, ana dilini, xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini öyrədən müəllimlərinin ruhu yaşayır. Uşaqlığında dirədöymə, çiling-ağac, beş daş oynadığı, çərşənbə günlərində papaq atdığı, yumurta döyüşdürdüy, tonqal çatdığı uşaqlıq yoldşlarının xatirələri yaddaşında həmişəlik həkk olunub.
Məhz ona görə də Rafail müəllimin yaradıcılığının bir hissəsi həmin müqəddəs insanların, yerlərin, hadisələrin tərənnümünə həsr olunub. Həmin şeirləri oxuduqca həmin müqəddəsləri xatırlayırsan , onlara qayıdırsan. Və xatırlacıqa, düşündükcə ruhun təzələnir, səndə nastolji hisslər oyadır, adamı o yerlərə qayıtmağa, o anları yaşamaqa səsləyir:
Niyyətimlə qoşalaşdım,
Göy Türfəni öpdüm, keçdim.
Ziyarət etdim dostları,
Müşkülümnən ötdüm, keçdim,
Keçdim müqəddəs dərəmi-
Gah hücrəni, gah hərəmi.
Yandı ürək köz-köz oldu,
Xatirələr cüt göz oldu...
Rafail müəllimlə tez-tez ünsiyyətdə oluram və mənə elə gəlir ki, şeirlərini oxuyanda onu daha yaxından tanıyirsan, iç dünyasına, tər-təmiz, saf xarakteri, xeyirxah , mərhəm düşüncələri ilə daha yaxından tanış olursan. Düşünürəm ki, onu oxuculara sevdirən də, elə bu xarakterdən, bu duyğulardan yaranan şeirlərdir. Şeirləri sadədir, səmimidir, koloritlə, etnoqrafik nümunəlrə zəngindir. Oxucu ilə çox asanlıqla təmas –dil tapır. Oxucu demək istədiklərini onun şeirlərində tapır. Uzun illərdir Bakı şəhərində yaşamasına baxmayaraq, danışığını da ləhcəsini də dəyişməyib. Məncə dəyişməyə heç cəhd də eləməyib. Onunla görüşəndə , ünsiyyətdə olanda elə bil İncə dərəsindən dünən gəlib. Onunla ünsiyyətdə olanda Qazağın, İncə dərəsinin ab-havasını, şirinliyini hiss edirsən.
Sənsən andım, sənsən adım,
Sanım ay Qazax, ay Qazax,
Yüyrüyümdən bəri gələn,
Sonum ay Qazax, ay Qazax!
Məni də sal varağına,
Bir küncünün qırağına.
İncə adlı budağına,
Qonum ay Qazax, ay Qazax!
... Səcdəgahım, Qibləm, Pirim,
Yönüm ay Qazax, ay Qazax!
Rafail İncəyurdun yaradıcılığının böyük hjissəsini ictimai məzmun kəsb edən şeirlər təşkil edir. Onu narahat edən problemlər təkcə ətrafında, onu əhatə edən mühitdə, aləmdə baş verən proseslər, haqsızlıqlar, ədalətsizliklər deyil, həm də dünyanı narahat edən problemlərdir. Bu problemləri qələmə almaq istəyi onun içindən baş qaldırır, kükrəyir və sonra bu hisslər şeirə çevrilir.
Şah Abbasın nağılından bu yana
Hökmü olan ağlı kəmdən qorxuram.
Bu dünyanın gedişatı bilinmir,
Heç bilmirəm kiməm, kimdən qorxuram.
Yaşının müdrik çağına qədəm qoyan Rafail İncəyurd hesab edirəm ki, müdrik bir şair kimi bu gün dünənkindən daha məhsuldar fəaliyyət göstərir, daha məhsuldar yazıb-yaradır . Onun əsas mətbəəsi, yazı masası olan feysbook sosial şəbəkəsində demək olar ki, hər gün yeni şeiri ilə tanış olursan. Bu şeirləri mən müdrik yaşın müdrik şeirləri adlandırardım. Həmin şeirlərdin son vaxtlar yazdığı bir şeirindən nümunə gətirmək istədim:
Tükənmirsə yaratmağın həvəsi,
Duyulursa gələn yazın nəfəsi,
Çağlayırsa sevgilərin zil səsi
Dərdin səsi pəs deyilmi, İncəyurd?
Ömür-gündü şeir-şeir sökülən,
Susur, dinmir abırına bükülən…
Qara geyib ağ kağıza tökülən
Vaxtdan gələn his deyilmi, İncəyurd?
Can deyilmi eşq əhlinə bəslənən?
Ruh deyilml gecə-gündüz süslənən?
…Nədir belə uzaqlarda səslənən?-
Göydən gələn “SOS” deyilmi, İncəyurd?”
Rafail İncəyurdun poeziyasına oxuduqca, bu şeirlər sənə sanki dastan danışır. Ona görə də onun yaradıcılığından ətraflı yazmaq üçün bir dastan yazmalısan. Bu isə gələcək tədqiqatçıların üzərinə düşür. Elə ona görə də ona olan azularımı onun öz duaları ilə tamamlayıram:
Sevgi – körpü, sevgi – tağ,
Sevgi – hörgü, sevgi – bağ…
Hər sinndə nəsə quraq –
Dilək gəlsin yaş üstə...
…Tanrım, pozma gərdişi,
Qoy bitirək hər işi
Yaxınlaşan 70-i
Hələ yazma daş üstə.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Xan baliğı (Göyçə baliğı) buğlaması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Xan baliğı (Göyçə baliğı) buğlamasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Balıq – 152 qr
§ Pomidor – 35 qr
§ Bibər – 20 qr
§ Acı bibər – 10 qr
§ Cəfəri – 11 qr
§ Kəvər – 11 qr
§ Kərəviz – 11 qr
§ Soğan – 20 qr
§ Kərə yağı – 15 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
limon – 15 qr, narşərab – 5 qr, nar – 5 qr
HAZIRLANMASI:
Balıq və tərəvəzlər yuyulur, təmiz- lənir. Tərəvəzlər halqavarı doğranır. Ərzaqlar lay-lay qazana düzülür. Üzərinə su, duz, istiot, alça, göyərtilər əlavə olunur və bişməyə qoyulur. Qay- nayandan sonra 20-25 dəqiqə ərzində vam odda bişirilir. Süfrəyə verilərkən narla bəzənir və yanında limon, nar- şərab verilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasının məzunu, hazırda bəstəkar kimi fəaliyyətini kino və teatr sahəsində davam etdirən, beynəlxalq müsabiqələr laureatı Nigar Süleymanın İkinci Qarabağ müharibəsində şəhid olmuş Rəşad Babayevə həsr etdiyi “Simli kvartet” əsəri Polşada keçirilən beynəlxalq “WBM” müsabiqəsində birinci yerə layiq görülüb.
Bakı Musiqi Akademiyasından AzərTAC-a bildirilib ki, müsabiqə qalibləri arasında Amerika, Yaponiya, Çindən olan bəstəkarlar da var.
Şəhidə ithaf edilən əsərdə qəhrəmanın ürək döyüntüləri, mübarizəsi və ölümü əks olunub.
Müəllif musiqi bəstələməyə 13 yaşından başlamışdır. Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Pikə Axundovanın sinfində ilk bəstəkarlıq təhsilini alıb. Eyni zamanda o, Kəmalə Şıxəliyeva, Nəzakət Heydərova, Ayaz Qəmbərli, Yulizana Kuxmazovanın da dərslərində iştirak edib. Məktəbdə oxuduğu illərdə fortepiano üçün pyeslər, violin və fortepiano üçün miniatürlər, simli orkestr üçün “Zülmətin rəqsi”, klarnet və fleyta üçün 7 miniatür və digər əsərlər yazıb.
Hələ məktəbdə oxuduğu illərdə Türkiyədə Caspiart, Rusiyada “Stars project” müsabiqələrində iştirak edib. Bakı Musiqi Akademiyasında oxuduğu illərdə Nizami Gəncəviyə həsr olunmuş Romans müsabiqəsinin diplomantı, Bakı Caz Festivalının qalibi (2-ci yer), “Bəstəkarlar üçün çağırış” müsabiqəsinin qaliblərindən biri olub.
2021-ci ildə Estoniya Musiqi və Teatr Akademiyasında Erasmus proqramı çərçivəsində Malle Maltis, Tammo Summera, Lisa Hirsch kimi bəstəkarlardan elektroakustik bəstəkarlıq dərsləri alıb.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.
AzərTAC xəbər verir ki, həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.
İndi həmin müsahibənin tam variantını təqdim edirik.
Müxbir: Cənab Prezident, hər zaman Sizi burada görmək olduqca xoşdur. Bu gün Siz “Masdar” və Zati-aliləri Sultan Əhməd Əl-Cabir ilə çox mühüm xəbər verdiniz. Xahiş edirik, planlarınız barədə daha çox məlumat verərdiniz.
Prezident İlham Əliyev: Bəli, həqiqətən əla tədbirdir və o, əslində, bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Müxbir: Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə keçidə gəldikdə, çətinliklər hansılardır?
Prezident İlham Əliyev: Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.
Müxbir: Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir. Elə deyilmi?
Prezident İlham Əliyev: Mən də belə düşünürəm. Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.
Müxbir: Yeri gəlmişkən, Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Müxbir: Cənab Prezident, hər zaman Sizi görməkdən məmnunuq.
Prezident İlham Əliyev: Çox sağ olun.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)
BİRİ İKİSİNDƏ layihəsində üç mükafatçı hekayə - “Yazgülün nəvəsi”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə təqdim etdikləri BİRİ İKİSİNDƏ layihəsində sizlərə Azərbaycan Ədəbiyyat Fondunun və “Ulduz” jurnalının birgə keçirdikləri Xalq Yazıçısı Anarın 85 illik yubileyi mkünasibətilə hekayə müsabiqəsinin mükafatçılarının hekayələri təqdim edilir.
3-CÜ YER
Xanbala MAHMUDOV
Mahmudov Xanbala Elçin oğlu (Xan Abdulla) 1994-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. 2017-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. Hazırda "Teas Press" nəşriyyatının redaktorudur.
YAZGÜLÜN NƏVƏSİ
Yataqxanada itikçilər yaşayırdılar – qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər... Yataqxananın məxsusi qoxusu vardı. Bu, səfalətin qoxusu idi; yüz addım uzaqda olsan belə, gəlib burnunu dalayır, ürəyini bulandırırdı. Buna rəğmən, yataqxananın qarşısından keçmək, kir tutmuş divarlara, uçuq-sökük eyvanlara, zivələrdən asılmış qara-qura paltarlara baxmaq xoşuma gəlirdi. Qışqırıqçı, hay-küyçü arvadlar bir-birlərini təhdid etməkdən, söyməkdən, saçlamaqdan, dişsiz, maymaq qocalar həyətdə domino, nərd oynamaqdan, burnufırtıqlı uşaqlar ağlayıb-zırıldamaqdan, burnuyelli gənclər binanın qarşısında küllənməkdən bezməzdilər. Ən çox pəncərələrə oğrun-oğrun baxmaqdan xoşlanırdım, qıraqdan bu bəxtsiz insanların həyatına tamaşa edirdim. Bəzi evlərin içi aydınca görünürdü – maykalı arıq bir kişi tosqun arvadını öpürdü, balaca bir uşaq iştahla çörək gəmirirdi, ana yeniyetmə oğlunu döyürdü...
Demək olar ki, yataqxanın bütün sakinləri qarabəniz idi. İkisindən başqa...
On beş yaşım təzəcə tamam olmuşdu. Yaşdaşlarım kimi bütün gün qadınlar barəsində düşünürdüm. Erotik filmlərə baxır, xoşuma gələn, gözüm tutan qızları fikirləşib yaşdaşlarım nə edirdisə, onu edirdim. Sakit, qaradinməz, adamayovuşmaz bir uşaq idim. Hansısa qızın dodağından öpmək, hətta əlindən tutmaq mənimçün əlçatmaz bir xəyal idi. Qızlarla dilxoşluq edən söhbətcil, qanışirin, yapışıqlı oğlanlara qibtə edirdim. Çirkin uşaq deyildim... Sadəcə, bəxtim gətirməmişdi, dovşandodaq doğulmuşdum... Dodağımın üstündə çəhrayı bir çapıq vardı. İndi də var, amma çox da bilinmir. Çünki bığ saxlayıram...
Günlərin bir günü tənəffüsdə sinif yoldaşım Həsəni yanlayıb müxtəsərcə dedim:
– Məni Yazgülün yanına apar. Pulum var.
Yazgül fahişə idi. Yataqxanada yaşayırdı. Onu bir neçə dəfə uzaqdan görmüşdüm. Yataqxananın iki sarışın sakinindən biri o idi. Həsən danışanda eşitmişdim, bilirdim ki, on manata görüşür. Anam mənə hər gün bir manat verirdi ki, məktəbdə acsam, nəsə alıb yeyim. On gün heç nə alıb yeməmişdim.
Həsən mənə baxıb rişxəndlə gülümsədi. Sinfin ən hərcayi uşağı idi. Qalın, pırpız qaşları vardı – sanki kimsə kiminsə saqqalını yolub alabaşına-külbaşına Həsənin qonur gözlərinin üstünə yapışdırmışdı. Həsən rişxəndlə gülümsəyəndə şeytana oxşayırdı. Düzdür, heç kəs şeytanın necə göründüyünü bilmir, amma Həsəni (daha doğrusu, rişxəndlə gülümsəyən Həsəni) şeytana oxşadanların sayı az olmadığı üçün bunu əminliklə yaza bilirəm.
– Deyəsən, qızmısan, – Həsən dedi. – Özün niyə getmirsən? Qorxursan?
Sözün düzü, qorxurdum. Daha doğrusu, utanırdım. Yazgüllə necə danışmalı olduğumu bilmirdim. Çünki heç vaxt heç kimlə belə bir sövdəyə girməmişdim. Bir az həyəcanlanan kimi dilim dolaşırdı, boğulurdum. Yazgülün yanında gülünc vəziyyətə düşmək, naşı kimi görünmək, pərt olmaq istəmirdim.
– Aparırsan, ya yox? – mən soruşdum.
– Yaxşı, dərsdən sonra gedərik, – Həsən cavab verdi.
Dərsdən sonra birlikdə yataqxanaya getdik. Mart ayı idi. Binanın həyətindəki ağaclar çiçəkləmiş, çiçəklərin xoş rayihəsi binanın üfunətinə qarışmışdı. Həyəcanlı idim. Ürəyimin guppultusunu eşidirdim. Qaçıb getmək, aradan çıxmaq istəsəm də, namusa boğulub gözləyirdim.
Yazgül birinci mərtəbədə yaşayırdı. Bloka girib qapıya yaxınlaşdıq. Həsən qapını döydü. Bir neçə dəqiqə sonra qapı açıldı, iyirmi-iyirmi beş yaşlı kürən bir oğlan mənzildən çıxdı və bizə salam verib getdi. Yazgül Həsəni tanıyıb gülümsədi:
– Xoş gəlmisiniz, – dedi.
Mənim üzümə baxanda duruxdu, sanki özünü itirdi. Mən daha da həyəcanlandım. Elə güman etdim ki, qadının sir-sifətimdən xoşu gəlmədi.
– Xoş gördük, Yazgül, – Həsən əkəc-əkəc diləndi. – Necəsən? Nə var, nə yox? Dostum görüşmək istəyir. Siftəsidir.
Yazgülün otuz-otuz beş yaşı olardı, parlaq dərisi, nazik dodaqları, yaşıl gözləri, əyri və bəyaz dişləri, sısqa ayaqları, iri döşləri vardı. Qəhvəyi rəngli şort, pələngi köynək geyinmişdi.
– Yaxşıyam, şükür...
– Gör nə deyirəm... On beş manatımız var. Bəlkə, ikimiz də girək?
– Yaxşı... Keç içəri, iki dəqiqəyə gəlirəm.
Yazgül həyətə düşdü.
– Qapının ağzında gözlə, – Həsən dedi və bic-bic gülümsəyib içəri keçdi.
Yazgülün səsini eşitdim, kimisə haylayırdı: “Yaqut... Yaqut... Yaqut...” Üç-dörd dəqiqə sonra qayıtdı. Yanımdan keçib içəri girdi və qapını kilidlədi. Gözləməyə başladım...
Beş-altı yaşlı sarışın bir qız uşağı gəlib qapının dəstəyini burdu, kilidli olduğunu anlayıb geri çəkildi. Əlində sarısaç bir kukla vardı. Bu qızı bir neçə dəfə uzaqdan görmüşdüm. Amma dodağının üstündə çəhrayı rəngli, səliqəsiz bir çapıq olduğunu bilmirdim. Qıza ürəyim yandı. Mən heç olmasa bığ saxlaya bilərdim... Kuklasının da ağzı cırıq idi. Güman ki, hansısa uşaq ona sataşmaq üçün gəlinciyin ağzına mismar batırmışdı. Mənim özüm də belə zarafatlara, hənəklərə tez-tez məruz qalırdım. Bəlkə də, bunu qızın özü etmişdi, istəmişdi ki, kuklası özünə oxşasın...
– Sən Yazgülün qızısan? – ondan soruşdum.
– Hə, – deyə qız gülümsədi.
Yaşıl gözləri par-par parıldayırdı. Ağzında dişi yox idi. Bununla belə, gülümsəmək ona yaraşırdı. Allah bilir, kimin qızı idi. Yaşım çatsaydı, Yazgüllə beş-altı il qabaq görüşsəydim, elə bilərdim ki, mənim qızımdır. Çünki mənə çox oxşayırdı. Qızın başını sığallamaq, üzündən öpmək istədim. Lütf edirmiş kimi... Nədənsə belə güman etmişdim ki, indiyədək anasından başqa heç kim onu tumarlamayıb, üzündən öpməyib.
– Nə gözəl kuklan var, – deyə qızın saçını sığalladım, amma öpmədim, çiyrəndim. – Anan alıb?
– Hə, o mənim qızımdır, – uşaq sevincək dedi və kuklasını möhkəmcə qucaqladı.
Nitqi qüsurlu idi, sözləri düzgün tələffüz edə bilmirdi. “O mənim qızımdır” yox, “o əim ıdımdı” demişdi...
– Böyüyəndə nə olmaq istəyirsən? – vaxt keçirmək üçün soruşdum.
– Həkim... Anamı sağaltmaq istəyirəm... Başı ağrıyır tez-tez...
– Hə, mən də həkim olmaq istəyirəm. Ananı çox istəyirsən?
– Hə, hamıdan çox istəyirəm. O da məni hamıdan çox istəyir. Qızımı da hamıdan çox istəyirəm...
– Necə yəni? Ananı hamıdan çox istəyirsən, ya qızını? – deyə gülümsədim.
– İkisini də, – qız gülə-gülə dedi və qaçaraq həyətə düşdü.
Bir neçə dəqiqə sonra qapı açıldı. Həsən mənzildən çıxdı. Pörtmüşdü. Üzünə xoş bir təbəssüm qonmuş, yumru sifəti sanki daha da yumrulaşmışdı.
Əlini çiynimə qoyub dedi:
– Qorxma, keç içəri.
Deyəsən, həddən artıq həyəcanlı olduğumu anlamışdı.
İçəri keçdim. Mənzilin təmirinin, şəraitinin bizim evimizə bab olması məni əməllicə təəccübləndirdi. Dəhlizdə yaşıl bir ləyənlə qırmızı aftafa vardı. Yazgül otaqda siqaret çəkirdi.
– Keç əyləş. Çəkənsən? Götür birini.
Nəzakətlə imtina elədim və keçib divanda – televizorun qarşısında oturdum.
– Qızının adı Yaqutdur? – deyə soruşdum.
– Hə, gözləri yaşıldır deyə, adını Yaqut qoymuşam, – Yazgül məmnunluqla cavab verdi.
Onda yaqutun, əslində, qırmızı rəngdə qiymətli bir daş olduğunu mən də bilmirdim. Yazgül qızının adını “Zümrüd” qoymalı idi.
Televizorda hansısa cizgi filmi göstərilirdi. Yazgül gözlərini televizora zilləmişdi, aramla siqaretini tüstülədirdi. Nəhayət, siqaretini külqabıya basdı. Ayağa qalxıb dəhlizə doğru addımladı. Ləyənin yanında dayanıb şortunu çıxardı və əyilib aftafadan su tökərək qasığını yaxşı-yaxşı yudu. Sonra birlikdə çarpayıya uzandıq...
Doğrusu, heç bir dəqiqə də çəkmədi. Qalxıb alt paltarımı, şalvarımı geyindim. Yazgülə on manat verdim və sağollaşıb mənzildən çıxdım. Həsən həyətdə idi.
– Sən də kişi oldun? – məni görüb irişərək dedi.
– Kişiliyi bununla ölçürsən?
– Yazgülün ləyəninə düşmüşdün? – deyə Həsən qəhqəhə çəkdi. – Elə bildim, düşüb boğulmusan. Niyə gec çıxdın?
– Gec çıxmadım. Mən on manat verdim, sən beş manat. Niyə məndən qabaq girdin?
– Kişi kimi düzünü de. Sənə milyon manat versələr, ləyəndəki sudan içərsən?
– Söhbəti fırlatma.
Doğrusu, əməllicə peşmanlamışdım. Hər şeyi başqa cür təsəvvür edirdim. Belə olacağını bilsəydim, nəinki on, heç beş manatımı da qıyıb verməzdim. On manata nə qədər kökə, şirni, qutab almaq olardı. İçəri birinci girməyin elə bir təfavütü yox idi. Sadəcə, Həsəni acılamaq istəyirdim. O yanımızda Yazgüldən şirin-şirin danışmasaydı, belə bir həvəsə düşməzdim.
– Əşi, birinci girsəydin, guya nə edəcəkdin? Bu gün bizdən qabaq, kim bilir, neçəsi girib.
– Sən girəndə tamam soyundu?
– Necə yəni?
– Koftasını da çıxardı? Döşlərini gördün?
– Hə, əlbəttə.
– Bəs niyə mənlə görüşəndə soyunmadı? Soruşdum ki, koftanı soyuna bilərsənmi. Dedi, yox.
– Mən haradan bilim? Ac tülküyə oxşayırsan. Yəqin, düşünüb ki, dişləyib qopardarsan.
– Görəsən, Yazgül bu yola necə düşüb?
– Sənin kimi yaramazlara görə.
– Çaşma. Allah haqqı, vurub ağzını dağıdaram.
– Yaxşı, incimə. Bir dəfə soruşmuşdum, yetimxanada böyüdüyünü demişdi. Sonrası da məlumdur...
Deyişə-deyişə məktəbə qayıtdıq, çantalarımızı sinifdən götürüb evə getdik. Eyni binada yaşayırdıq...
Gələn il Yazgülün qızı Yaqut məktəbə başladı. Görəndə salam verirdim, başını sığallayırdım. Məhzun-məhzun salamımı alırdı. Deyəsən, ona salam verməyimi, başını tumarlamağımı istəmirdi. Həmişə sıranın ən axırında dururdu. Mən də vaxtilə sıranın ən arxasında dururdum, hamının gözündən oğurlanmağa çalışırdım. Deyəsən, onun da sinif yoldaşları ilə arası yaxşı deyildi. Gözləri əvvəlki kimi parıldamırdı. Özü boyda çantası vardı. Əyin-başı həmişə səliqəli olurdu.
Aradabir zarafatla ondan soruşurdum:
– Qızın necədir, Yaqut?
Üzünü turşudub cavab verirdi:
– Yaxşıdır.
Yaqutun şəklini şərəf lövhəsinə vurmuşdular. Şərəf lövhəsinə əlaçı şagirdlərin şəklini vururdular. Nədənsə şəkildə dodağındakı çapığı silmişdilər. Yaqutun təhrif olunmuş şəkilləri cəmi iki il şərəf lövhəsini bəzədi. Uzun illər bəzəyə bilərdi, amma olmadı...
O məşum hadisənin üstündən on beş il keçib. Mən həkiməm. Şəhər xəstəxanasında işləyirəm. Aradabir Çexov kimi hekayələr yazıram... Ailəm, arvad-uşağım var. Şəhərin küçələrində Yazgülü tez-tez görürəm. Bütün günü veyil-veyil gəzir. Cındırından cin ürkür. Öz-özünə danışır, qışqırıb-bağırır, kimisə söyür... Yay-qış boynuna şərf dolayır... Yaqutun ağzıyarıq kuklası həmişə qucağında olur... Yataqxananı uçurub yerində çoxmərtəbəli, qəşəng bir bina tikiblər. Həmin məşum hadisədən altı ay sonra dağıtdılar yataqxananı...
Bir nəfər Yazgülün boğazını kəsmiş, qızını boğub öldürmüşdü... Xoşbəxtlikdən, Yazgül sağ qalmış, qatilin kim olduğunu polislərə deyə bilmişdi. Qatil Yazgülün qonşusu idi. Sərxoş halda gəlib onunla görüşmüş, sonra pulu olmadığını bildirmişdi. Yazgül hay-kül qaldıranda kişi öz bıçağı ilə onun boğazını kəsmişdi. Evdən çıxanda Yaqutun qapının ağzında durduğunu görmüş, talesiz qızcığazı içəri çağırıb kandardaca boğazlamışdı... Ələ keçməmək üçün...
Yaqut indi yoxdur... Nə vaxtsa Yazgül də olmayacaq... Günlərin bir günü haradasa soyuqdan donacaq, acından öləcək, ürəyi partlayacaq, beyninə qan sızacaq, ya da maşın vuracaq onu... Yaqutun ağzıyarıq gəlinciyi hansısa zibilxanada yandırılanda iki öksüz başdaşından savayı bu dünyada Yazgülün və onun qızının izi, nişanəsi qalmayacaq...
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)