Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

CAVİD BABAYEV

 

ÜÇ NƏFƏRLİK MOTOSİKLETLƏR

(hekayə)

 

Sən demə, məşhur Benzlər ailəsinin uşağı olmurmuş.

Avtomobil sənayesinin pioneri Karl Benz ilk gördüyü andan etibarən Bertha Ringerə aşiq olur, onunla evlənir, lakin sonradan Berthanın heç vaxt dünyaya uşaq gətirə bilməyəcəyi gerçəyiylə üzləşir. Elə Bertha da bu gerçəklikdən evlilikdən sonra xəbər tutur və dərhal Karldan ayrılmağı qərara alır. O, Karlı o qədər çox sevirmiş ki, onun sağlam, doğurğan bir qadınla ailə həyatı qurmasını və hələ evliliklərindən əvvəl Karlın həvəslə söhbət açıb dil boğaza qoymadan danışdığı “oğlan uşağı arzusu”nun reallaşmasını istəyirmiş. Bir axşam Karl əlində şərab şüşəsi, qoltuğunda qırmızı lentlə bağlanmış şokolad qutusuyla evə girib şad-şalayın işlərin necə əla irəlilədiyiylə bağlı sözə başlayanda Bertha ağlamaqdan özünü güclə saxlayır. O özünü Karlın bu böyük xoşbəxtlik şorbasının içinə düşmüş murdar bir milçək kimi hiss edir. Şam yeməyi boyu Karlın dilindən, gözündən sıçrayıb getdikcə ətrafı öz ağuşuna alan sevinc qığılcımlarının atəşinə tab gətirmir və ağlaya-ağlaya içini tökür. İş-güc əlindən arvadıyla doğru-düzgün vaxt keçirə bilməyən Karl o an bu qadının qəlbindəki gizli ağrılardan bu vaxtacan necə bixəbər qaldığının fərqinə varır. Həmin gecə mətbəxdə yemək masası başında arvadını bərk-bərk qucaqlayıb üz-gözündən öpən Karl Benz özünə bir söz verir: söz verir ki, bundan sonra atacağı hər addım arvadının xoşbəxtliyinə xidmət edəcək.

İllər keçir və Benzlər işlərində uğur qazanırlar. Bildiyiniz kimi, Karl Benz işində uğurlu olmaqla qalmır, hətta adını tarixə “avtomobilin atası” olaraq yazdırmağı da bacarır. Həyatları maddi baxımdan qaydasına düşən Benzlər pillə-pillə bütün problemlərdən xilas olduqca uzun müddətdir mətbəxlərinin tavanından asılı qalan o səssiz boşluq daha çox gözə batmağa başlayır. Karl uşaq mövzusunu yenidən açmaq barəsində haqq sahibi olmadığını düşündüyündən, həmişə söhbətin istiqamətini Berthanın müəyyənləşdirməsini gözləyir. Nəhayət, Berthanın bir sualı hər şeyin başlanğıcı olur: “Niyə düzəltdiyin maşın 1 yox, 3 yox, 5 yox, məhz, 2 nəfərlikdir?” Yəqin, təxmin edə bilirsiniz, bu sual başqa hansı suallara açar ola bilər. Bertha bu açarı kilidə özü qəsdən salmışdı. Beləliklə, bəzi qapılar açıldı və Benzlər övladlığa uşaq götürmək qərarına gəldilər. Qara saçlı, qara gözlü, qarayanız, iki yaşlı bir oğlan uşağı. Yox, üç yaşlı... yox, beş. İlahi, o necə də tez böyüyür. Çox keçmədi, Karl Benz anladı ki, artıq onun həyatında iki nəfərlik şeylərə yer yoxdur. İki nəfərlik çarpayılar üç adam tuturmuş. Beşiklər balaca otaqları daraltmır, böyüdür. Hər şeyi üç bərabər hissəyə bölmək olar. Hər şeyi! Bəs velosipedləri necə? Onları da üç bərabər hissəyə bölmək olar? Karl Benz ilk dəfə “ata” deyə çağırılanda anlamışdı... Anlamışdı ki, olar. Kağız üstündə cızma-qara və budur, Berthanın velosipedinin artıq 3 təkəri var. Velosipedi Karl idarə edir, arxasında Bertha və möhkəm borularla yan hissəyə bərkidilmiş böyük təkər üstündəki oturacaqda qara bir uşaq. Bu da son şəkil. Bilmirəm Benzlər xoşbəxt oldu, ya yox, amma deyə bilərəm ki, üç nəfərlik motosikletlər bax belə yarandı.

Bütün bunları mənə Deyşa demişdi. Deyşa qəhvəyi gur saçlı, geniş kürəkli, hündürboy, 29 yaşlı bir qız idi. Mən isə o vaxtlar 11 yaşlı cılız bir oğlan uşağıydım. Qara Qarayev metrostansiyası yaxınlığındakı beşmərtəbəli binalardan birində, beşinci mərtəbədə nənəmlə birlikdə yaşayırdım. Günüm məktəblə ev arasında nənəmin öyüdlərini dinləməklə keçirdi. Qarayevdə birlikdə vaxt keçirə biləcəyim cəmi bir dostum var idi. Adını bura yazmağın doğru olmayacağını düşünürəm, ona görə də hələlik ona T deyək. Dərslərin əlindən çölə çıxmağa çox da imkan olmurdu, ancaq olan kimi T’ylə maşın yolunda top oynamağa gedərdik. Futbol stadionunu əvəz edə biləcək başqa bir yer yox idi. Maşın yolu Deyşanın qaldığı iyirmi mərtəbəli binayla bizim binanı biri-birindən ayırır, qıvrılaraq məhəllələrdən keçir, metrostansiyaya qədər uzanırdı. Biz ta uşaqlıqdan burada məskən salmışdıq, ancaq bir dəfə də olsun, Deyşa adlı birinə rast gəlməmişdik. Deyşanın bura nə vaxt gəldiyiylə bağlı heç kim heç nə demirdi. Sanki o qəflətən yolun altından çıxıb qarşı binaya düşmüşdü. İndiyədək “Deyşa” deyə bir ad eşidən də olmamışdı, ona görə onun hansı torpaqlardan gəldiyi də hamıya qaranlıq idi. Soruşacaqsınız ki, bəs niyə bütün bunları kimsə onun özündən soruşmurdu? Məsələ burasındadır ki, o bir az, necə deyərlər, təhlükəli görünürdü. Məsələn, ətrafda ondan başqa tək yaşayan adam tanımırdıq. Hələ-hələ qadın olaraq tək yaşamaq bu məhəllələrə yad bir şey idi. Deyşa bütün qadınlardan iri, hətta kişilərin bəzilərindən də hündür və cüssəli görünürdü. Onun gözəl olduğuyla hamı, yəqin ki, razılaşardı, lakin zeytun dənəsi kimi qara gözləri insanların cəsarətini qırır, ona yaxınlaşmalarına əngəl olurdu. Kişilər kimi geyinərdi. Heç kim onu yubkada, donda, ya da adi ətəkli paltarda bir dəfə də olsun görməmişdi. Saçlarını mismara bənzər qəribə dəmirlərlə yığar, heç vaxt makiyaj etməz, əynində dəri kurtka, onunla dəst şalvar və qoltuğunda dəbilqəsi olardı. Hə, yanlış eşitmədiniz! Dəbilqə. Çünki onun üç nəfərlik motosikleti vardı. O vaxtadək üç nəfərlik motosiklet görməmişdim və əminəm ki, bizim məhəllənin adamları da görməmişdi. Qarayev küçələrində yalnız iki təkərli kuryer motosikletlərinə rast gələ bilərdin. Hər səhər Deyşanın motosikletinin səsi eşidilərdi. Məktəb avtobusuna çatmaq üçün səhərlər tezdən – saat 6-da oyanıb hazırlaşar, evdən çıxana yaxın o səsi eşidər və Deyşanın da yola düşdüyünü anlayardım. Məktəbdən qayıdıb eyvanımızda çay səfası sürərkən də çox keçməz, küçə başından motosikletin səsi gələr, Deyşa eyvanımızın qabağına çatarkən sağa burulub üzbəüz evlərin arasıyla 20 mərtəbəli binaya doğru irəliləyərdi. 13-cü mərtəbədə qaldığını bilirdim, çünki bu mərtəbənin eyvanında onu görmüşdüm. Nə qədər uzaqda olursa-olsun, onu tanımamaq mümkün deyildi. Gecə gec saatlara qədər dərs oxuyardım və fasilələrdə hərdən eyvana çıxıb boş-boş qarşı binalara baxardım. Deyşanın mənzilinin işıqları həmişə yanılı olardı. O vaxtlar qaranlıqdan qorxduğu üçün işıqları yanılı qoyduğunu düşünərdim, amma sonra onun pəncərə qarşısından o yan-bu yana keçdiyini, arabir eyvana çıxdığını görəndə sadəcə yata bilmədiyini başa düşdüm. Lap işıqlar sönülü olsa da, pərdəyə düşən mavi şüadan televizorun açıq olduğunu anlamaq olurdu. Axı necə belə gec yatıb tez oyana bilirdi? Hara gedirdi? İşləyirdi? Nə işləyirdi? Bunları da bilmirdim. Ən maraqlısı da bu idi ki, o niyə tək yaşamağına baxmayaraq, belə böyük 3 nəfərlik bir motosikletə sahib idi?! Ona kiçik kuryer motosikleti və ya iki nəfərlik adi motosiklet bəs edərdi. Ağlıma da gəlməzdi ki, bir gün onun motosikletinə oturmaq və bu sualı ona şəxsən ünvanlamaq imkanım olacaq.

Dekabr ayının tam ortasında, soyuğun bıçaq kimi kəsdiyi günlərdən birində dərsdən sonra kəskin qarın ağrısı səbəbindən məktəb tualetində qıvrıla-qıvrıla qalmışdım. T də xəstələnmiş və dərsə gəlməmişdi. Bütün günümü və tualetdəki ağrılarımı təkbaşına yaşadıqdan sonra birtəhər özümü toplayıb həyətə çıxanda bizim xidmət avtobusunun artıq məktəbdən uzaqlaşdığını gördüm. Arxalarıyca nə qədər əl yelləyib çığır-bağır salsam da, fərqimə varmadılar. Məni yaddan çıxarmışdılar. Hələ davam edən ağrıyla əlim qarnımda dayanacağa sarı gedəndə düz yanımda tanış səsi eşitdim. Bu, Deyşanın motosikleti idi. Kaskanın altından səs eşidildi: “Gəl, mən səni aparım”. İlk dəfəydi, onu belə yaxından görürdüm. Dəbilqəsinin şüşəsində qəribə şəkildə buruşmuş əksimi görüb özümü toplamağa çalışdım. Əvvəlcə etiraz etdim, çünki sözün düzü, deyəsən, mən də ondan bir qədər qorxurdum. İsrarla oturmağımı istədi. Nəhayət, çantamı kürəyimdən çıxarıb qucağıma aldım və yan oturacaqda büzüşdüm. Kəlmə kəsmədən bir xeyli yol getdik. Motorun səsi qulaq batırırdı. Qaranlıq otaqdaymışam kimi ətrafa diqqət kəsilmişdim. Açara keçirilən brelok gözümə sataşdı. Bu heyvanı biologiya kitabında görmüşdüm. Koala. Ara küçələrdə kəskin dönüşlər etdikcə balaca koala fiquru o yan-bu yana yellənirdi. Birdən Deyşa başını mənə sarı çevirdi. Özümü itirib gözlərimi tez yellənən brelokdan çəkdim və solumdan axıb gedən mağazalara baxmağa başladım.

– Nolub? Qarnın ağrıyır? – Deyşa qəfil soruşdu.

– Nə?

– Deyirəm qarnın ağrıyır?

– Hə, bir az.

Əlini oturacağımın yanına salıb kiçik bir termos çıxardı.

– Götür iç! Yəqin, soyuqlamısan.

Qapağı açanda zəncəfil qoxulu çayın ətri məni vurdu. Soyuqda buxarlanan çaydan içə-içə öz-özümə düşünürdüm: “Səsi təsəvvür etdiyim kimi kobud deyilmiş. Əksinə, mehribandır”. Yol boyu bir çox şeyin təsəvvür etdiyim kimi olmadığını başa düşdüm. Oğrun-oğrun ona baxır, xəyal dünyam və reallıq arasındakı fərqlərdən təəccüblənirdim. Axır, gəlib çatdıq. Məni binamızla üzbəüz marketin qarşısında düşürtdü. Təşəkkür edib uzaqlaşmaq istəyərkən dedi:

– Yaxşıca dincəl! Anana deyərsən sənə isti şorba hazırlayar. Yaxşı?

– Mənim anam yoxdur. Nənəmlə qalıram, – qeyri-ixtiyari bu kəlmələr ağzımdan töküldü. Duruxdu, qaldığım binaya baxdı. Kaskanın altında hansı ifadənin gizli qaldığını bilmədim.

– Onda nənənə deyərsən. – dedi və motoru işə salıb ara küçələrdə gözdən itdi.

O axşam nə düz-əməlli yemək yeyə, nə də dərs oxuya bildim. Elə hey Deyşa haqqında düşünürdüm. Düzü, heç qarın ağrısını da hiss etmirdim. Özlüyümdə qərar verdim ki, bu haqda mütləq T ilə danışmalıyam. Belə də etdim.

Sabahısı olanları T-yə danışdım, lakin o mənə inanmadı. Deyşaya kiminsə yaxın düşə biləcəyini mümkünsüz sayırdı. Ona izah etməyə çalışdım ki, təsəvvürümüzdəkilər yalandır, ancaq T məni dinləmədi. Bircə yolum qalırdı. T-ni o motosikletə mindirmək. Nə olur-olsun, bunu bacarmalıydım. Plan qurmağa başladım. Onun məktəb avtobusuna minməsinin qarşısını almalı, özümlə dayanacağa aparmalı və nəhayət, Deyşanın oradan keçməsini gözləməliydim. Gün boyu T-yə tez-tez sudan, çaydan, bufetdən aldığım meyvə şirələrindən təklif etdim. Dərsdən çıxanda isə mənlə ayaqyoluna qədər gəlməsini istədim. Əlbəttə ki, o da içəri keçmə ehtiyacı duydu. Elə bu an barmaq uclarımda cəld içəridən çıxıb təmizlikçinin qapı yanındakı dolaba söykədiyi saplı süpürgəni T-nin qapı kilidinə bərkitdim. Ayağımla süpürgəyə dayaq oldum. Planımın qalanı öz axarıyla getdi. T-ni inandırmağa çalışdım ki, qapı öz-özünə kilidlənib və mən də guya açmağa kömək edirdim. Təbii ki, biz çıxanda avtobus artıq yox idi. T mənimlə dayanacağa getməyə məcbur oldu. Geriyə Deyşanın gəlməsinə ümid bağlamaq qalırdı. Hər şey gözlədiyimdən də tez baş verdi. Uzaqdan motosikletin gəldiyini görən kimi cəsarətimi toplayıb əlimi azca yuxarı qaldırdım, ancaq tez də endirdim. T nə etdiyimi anlamağa macal tapmamış motosiklet qarşımızda dayandı və Deyşa kaskanın şüşəsini qaldırıb muncuq kimi gözləriylə bizə baxdı.

– Bu dəfə ikiniz də avtobusu ötürmüsünüz? – soruşdu.

– Hə, – cavab verdim.

Sonra olanları anlatmağıma ehtiyac belə yoxdur. T, gözlədiyim kimi, yan oturacaqda quruyub qalmışdı. Heyrətdən ağzını bıçaq açmırdı. Mən isə dediklərimin doğruluğunun isbatından zövq ala-ala Deyşanın arxasında oturub onun belindən yapışmışdım. Yol boyu özümü həm xoşbəxt, həm də bir qədər qəribə hiss edirdim. Deyşanın belini qucaqlamağımın nə mənaya gəldiyini anlamağa çalışıırdım. Filmlərdəki oğlanlar kimi hiss edirdim özümü. Uşaq ağlımla sanki Deyşanın mənim olduğuna qərar vermişdim. O vaxtlar bu hissin nə olduğunu anlaya bilməmişdim. O, nişanlım, sevgilim, dostum, bacım, yoxsa anam idi? Bəlkə, hamısı birdən? Bəlkə, heç biri? “Əsas odur ki, xoşbəxtəm” deyə, düşünüb bütün suallardan imtina etdim.

Ancaq xoşbəxtliyim çox uzun sürmədi. Növbəti gün T vacib bir məsələ ilə bağlı danışmaq istədiyini deyib məni bir küncə çəkdi.

– Anam o motosikletə mindiyimizi öyrənib. – dedi.

– Nə olsun ki?

– Dedi ki, bir də olmasın!

– Niyə?

– Çox bir şey demədi, sadəcə, dedi ki, o, yaxşı qız deyil. Onun yanında olmamalıyıq.

– Dəli olmusan? Soyuqda qarın ağrısından qıvrıla-qıvrıla küçələrdə qalanda məni evə aparan o oldu. Bəs dünən ikimiz də avtobusu ötürəndə bizə kim kömək etdi?

– Bilirəm. Bəs indi nə edək?

– Qulaq as, böyüklər hələ də elə bilirlər ki, Deyşa təhlükəli, pis bir adamdır. Biz onlara göstərməliyik ki, bu belə deyil. Əgər onun bizə necə kömək etdiyini hamı görsə, onda hər şeyi özləri başa düşəcəklər. Lap biz özümüz də onlarla söhbət edərik.

Həmin gün T ilə ətraflı söhbət edib axşam evə yenə Deyşayla qayıtmağa razı saldım. Bu dəfə Deyşayla aramdakı sədlərin qırıldığını, bağlarımızın gücləndiyini hiss edirdim. Onunla söhbət edib suallar verirdim. Motosiklet belində onu qucaqlamaq içimi güvən hissi ilə doldururdu. Əmin əllərdə idim və ən əsası, ilk dəfə idi ki, məni qoruyacaq, yanımda ola biləcək, problemlərimi bölüşüb birlikdə həll yolları yarada biləcəyim bir insana sahib olmağa başladığımı duymuşdum. O axşam Deyşaya üç nəfərlik motosikletlər barədə olan sualımı da verdim. O da Karl Benzlə bağlı həmin o hekayəni danışdı. Bəlkə də, hekayəni birbəbir mən yazdığım sözlərlə, mən yazdığım formada nəql etməmişdi, ancaq hər halda mövzu da, məqsəd də eyni idi.

Bir gün daha keçdi və hər şeyin necə daha bərbad bir hal aldığının fərqinə vardım. T döyülmüşdü.

– Anam dedi ki, bir də sözündən çıxsam, lap pis olacaq. – T tənəffüsdə başını aşağı salıb sulu gözlərlə olanları danışmağa başladı. – Dedi ki, hər şeyi gedib nənənə deyəcək!

– Nənəmə?

– Hə. Üstəlik, dedi ki, özü Deyşanın ağlını başına gətirəcək.

– Bu nə deməkdir?!

– Bilmirəm! Dedi ki, əgər sən də motosikletdən əl çəkməsən, bizi birlikdə oynamağa qoymayacaq.

– Axı niyə?!

– Deyir, Deyşa yaxşı qız deyil. Siqaret çəkir, pivə içir, gecələr tək qalır. Deyir... deyir...

– Nə deyir?

T üzünü yana çevirib asta səslə deyəcəyi son sözləri də dedi:

– Deyir ki, o, pozğundur!

– Pozğun?!

Qulaqlarıma inanmırdım. Bu deyilənlər doğru ola bilməzdi. Hər şey yalan idi, yalan!

T ilə dərsin sonuna qədər, demək olar ki, kəlmə kəsmədik. Olanlar qarşısında deməyə sözümüz qalmamışdı. Çıxışda hamı avtobusa tərəf irəlilədi. T də hamıyla birgə. Mən yerimdən tərpənmədim. T geri çevrilib gəlmədiyimi gördü. Çarəsizcə gözlərimə baxdı. Baxışlarımızla sağollaşdıq.

Bu dəfə lap çox gözlədim, amma nəhayət, küçə başından burulan motosikleti gördüm və sevincək ayağa qalxıb yola yaxınlaşdım. Deyşa kəskin tormozla düz qabağımda dayandı. Sonra kaskasını çıxardı. Saçları batan günəşdə parıldayır, balaca burnu qızarırdı. Ancaq nədənsə baxışlarını gözlərimdən yayındırırdı.

– Yenə avtobusu ötürmüsən?

– Yox, sadəcə, sənlə getmək istədim.

Deyəsən, bu cavabı gözləmirdi, çaşqınlığı gözlərindən bəlli oldu. Ətrafa boylandı, baxışları məktəbimin divarlarında gəzişdi. Sonra üzünü mənə tutdu:

– Qulaq as, əslində, mən indi başqa yerə gedirəm. Bəlkə, bu dəfə avtobusla gedəsən? Əgər üstündə pulun yoxdursa, mən verərəm.

– Yox, pulum var! Amma çox soyuqdur. Bayaqdan burdayam. Məni heç olmasa yaxın bir yerdə düşürə bilmərsən?

Deyşa iç çəkib o yan-bu yana baxdı.

– Həm də qarnım ağrıyır! – bunu yalan demişdim.

– Yaxşı, otur, getdik.

Sevincimin hüdudu yox idi. Yan oturacaq boş olsa da, Deyşanı qucaqlaya bilmək üçün arxa oturacaqda oturdum. O da heç nə demədi. Saçları daşda bitən güllər kimi kaskanın altından çıxıb üzümə toxunurdu. O an T-nin dediklərini düşündüm. İstədim Deyşaya bütün olanları deyib həqiqətləri öyrənim, ancaq demədim. Bir şeyi anlamışdım. Anlamışdım ki, mən artıq Deyşanı sevirəm. O lap doğrudan da, siqaret çəkib içki içirsə belə, mən yenə onu sevirəm. Əlbəttə, bunlar pis vərdişlərdir, ancaq əgər onu sevirəmsə və əgər bu içki, siqaret məsələləri həqiqətdirsə, onda mən özüm Deyşanın bu pis vərdişlərdən uzaq durmağına, onları tərgitməyinə kömək etməliyəm. Sevgimi göstərməliyəm. Qaldı ki onun haqqında deyilən başqa nalayiq ifadələrə, bunların heç birinə inanmayacaqdım. Artıq Deyşanı tanıyırdım. Onun necə biri olduğunu ona uzaqdan baxıb yaxın durmayan, dalınca danışan ikiüzlülər yox, mən bilə bilərdim. Bir də ki zamanla hər şeydən danışıb bir-birimizi daha yaxşı tanıyacaqdıq. Uşaq qəlbim mənə bunları dedikcə Deyşanı daha möhkəm qucaqladım, yanağımı kürəyinə qoydum. Ürək döyüntülərini hiss edirdim. Elə bil qəlbi yerindən çıxacaqdı. Mənə elə gəldi ki, bədəni şam kimi titrəyir. Yoxsa külək məni aldadırdı?!

– Üşüyürsən? – ondan soruşdum.

– Yox, – boğuq səslə cavab verdi. – Üşümürəm.

Yanacaqdoldurma məntəqəsində saxladı. İkimizə də isti şorba aldı. Həm motosikletin, həm də özümüzün qarnını doyurduq və yenidən yola düşdük. Biz metrostansiyaya çatanda yağış yağmağa başlamışdı. Stansiya çıxışında saxladı.

– Yaxşı, hələlik, burdan o yana özün getməli olacaqsan.

Kaskanın şüşəsindən damcılar süzülürdü. Sağollaşdıq. Çantamı başıma tutub evə yüyürdüm.

Sonrasını yazmaq, nələrin baş verdiyini danışmaq mənim üçün hər nə qədər ağır olsa da, deməliyəm.

Evə gələn kimi nənəm məni o ki var döydü. Anasının T-yə dediyi şeylərin eynisini nənəm də mənə dedi. Nənəm qoca qadın idi, qarşı qoya bilərdim, lakin alınmadı. Uşaq ürəyim içinə düşdüyü vəlvələdən, iyrənclikdən titrəkləşib daha da cılızlaşdı. Sanki hər şey bir uşağın heç vaxt anlaya bilməyəcəyi, böyüklüyü və bulanıqlığı içində boğulacağı şeylərdən hörülmüşdü. İnsanları belə qəzəbli görməmişdim. Dünya artıq mən bilən dünya deyildi. Bütün sözlər mənim lüğətimdən kənarda dayanmışdı. Ağlaya-ağlaya pəncərəmdən Deyşanın mənzilinə baxdım. İşıqları yanırdı. Yalan demişdi, başqa yerə yox, elə birbaşa evə getmişdi. Yavaş-yavaş böyüklərin real dünyasını anlayırdım. Yalan və gizlilik.

Növbəti gün müəllimlərimin ağzından çıxan heç nəyə qulaq vermir, T ilə danışmır, səssizcə son dərsin son zəngini gözləyirdim. Əslində, nəyi gözlədiyimi özüm də başa düşmürdüm. Daha nə olacaqdı ki? Nə ola bilərdi?

Çıxış zəngi ürəyimi saldı. Sərxoş halda partamdan qalxdım. Dumanlı fikirlərlə küçəyə çıxdım. Sıraya girən uşaqlar bir-bir avtobusa minirdi. Hər kəsi özümdən qabağa buraxırdım. Bir müddət daha küçə başına baxdım. Çiskinli havada hər şey bulanıq idi. Qəfil bu bulanıqlıq içindən uzaqda dayanmış motosikleti gözlərim seçdi. Ürəyim çırpındı. Ancaq motosiklet yerindən tərpənmirdi. Gözlərimi çəkmədən dayanacağa doğru bir-iki addım atdım. Elə bu vaxt motosiklet hərəkətə gəldi, sürət götürdü, mənə doğru istiqamət aldı, sonra qəfil burulub sol küçəyə girdi və gözdən itdi. Siqnal səsi məni ayıltdı. Hamı yerini almışdı, bir mən qalmışdım. Avtobusa mindim. Yalnız ən arxa oturacaqlarda boş yer qalmışdı. Avtobusun qapısı bağlandı. Başımı aşağı salıb arxaya keçəcəkdim ki, sürücümüz Hikmət dayı məni çağırdı. Ona yaxınlaşdım. Alçaq səslə dedi:

– İndicə qəşəng bir qız bunu mənə verdi və dedi ki, sənə verim. – gülə-gülə ovcuma nəsə basıb əlimi bərk-bərk sıxdı. – Hə, indi keç yerini al, gedək.

Uşaqların səs-küyü, gülüş dolu söhbətləri arasından keçib arxaya doğru irəliləyə-irəliləyə ovcumu açdım. Bu, brelok idi. Koala breloku. Yerimdə oturdum. Avtobus tərpəndi. Çevrilib arxa şüşədən son dəfə baxdım küçəyə. Çantamı çıxardım, yerimi rahatladım. Yanağımdan bir neçə damcı ovcuma – brelokun üstünə düşüb əridi. Avtobus sürət götürdü. Breloku çantamın zəncirbəndinə bərkitdim. Evə yollandıq.

Bu, Deyşanı son görməyim idi. Uzaqdan da olsa. Onu bir daha görən olmadı. 13-cü mərtəbənin pəncərələri uzun müddət qaranlığa gömüldü. Deyşa hara getdi? Nə vaxt getdi? Heç kim bilmədi. Qeybdən gəldiyi kimi, birdən-birə qeybə çəkildi.

Bu hadisələrin üstündən illər keçib, çox şey dəyişib. Artıq evliyəm və bir oğlum var. Nənəm torpaq altına, T isə Avropaya yollandı. Mən elə indi də Qarayev metrosu yaxınlığında yaşayıram. Oğlum özəl liseylərdən birində təhsil alır, həyat yoldaşım atçılıq mərkəzində çapar kimi yarışlara çıxır, mənsə vəkiləm. Qısası, həyatımdan narazı deyiləm. Uşaqlığımda baş verən bu hadisələri yazmaq ehtiyacı isə sonralar baş qaldırdı. Belə ki, mən uzun müddət sonra təsadüfən öyrəndim ki, üç nəfərlik motosikletlər heç də Deyşanın mənə danışdığı hekayədəki kimi yaranmayıbmış. Ümumiyyətlə, Karl Benzin bu məsələyə heç aidiyyatı yoxdur. Benzlər ilk avtomobili ortalığa çıxaranda artıq uşaqları da varmış. Özü də doğmaca, nə az, nə çox, düz 5 uşaq. Üç nəfərlik motosiklet ideyası isə Jean Bertoux adında bir fransız ordu zabitinə məxsusdur. Belə başa düşdüm ki, bu motosikletlər elə ən çox müharibənin işinə yarayıb. Britaniyalılar pulemyotlarını qoymağa yer axtaranda görüblər ki, belə bir motosikletin yan oturacağına qoysalar, elə yollarını gedə-gedə istədikləri yerə rahatca atəş aça bilərlər. Nəysə, bax belə. Üzülməyin, Karl Benzlə olan hekayənin çox şirin olduğunu mən də bilirəm, amma nə etmək olar?! Həqiqətlər şirin deyil. Düşünürəm, görəsən, Deyşa mənə həqiqəti olduğu kimi desə, nə olardı ki? Yoxsa onun özünü də aldatmışdılar? Nə bilim. 11 yaşlı uşağa həqiqətləri olduğu kimi deməyin çətinliyi bir yana, doğruluğu da sual altındadır. Şirin bir yalanla uşaq qəlbini isitmək, onu bu yolla “yaxşı bir insana” çevirməyə çalışmaq...

Maşında orta güzgüdən arxada oturmuş oğluma baxıram. Onun dünyayla bağlarının vaxtından tez qırılmaması naminə neçə cür yalan danışmışam? Sağımda oturan arvadıma baxıram. Görəsən, o neçə şirin yalan sayıb mənim ovcuma? Bu arada öz maşınım daxil bugünkü maşınların əksəriyyəti 4 nəfərlikdir. Mənim ailəmsə 3 nəfərlik. Orta güzgüdən oğluma baxdığım kimi, oğlumun yanındakı həmin o bir nəfərlik boşluğa da baxıram hərdən. Qoca Deyşanı orada xəyal edirəm. Saçları küləkdə uçuşur, burnunun ucu qızarır. Bu qədər şeyi danışmışkən bir sirri də aşkara çıxarım artıq: nənəmi belə xatırlamağa çətinlik çəkdiyim bu yaşımda, olmayan anamı təsəvvür etməyə çalışarkən gözlərimin qarşısında Deyşa dayanır.

Bir vaxtlar bel çantamda yırğalanan koala isə indi maşınımın açarından yapışıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir. 

Azərbaycan Ədəbiyyat Fondu@

 

17.

MÜTALİƏNİN MAHİYYƏTİ

Hər bir mütaliə məhsulunun arxasında onun müəllifi – yazıçılar, jurnalistlər, alimlər, pedaqoqlar, filosoflar, mütəxəssislər dayanırlar, demək, hər bir məhsulun da öz hədəf qrupu, məqsəd və məramı vardır. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Bu qəbildən, mütaliə məhsulları sadaladığımız parametrlərə uyğun olaraq aşağıdakı növlərə bölünürlər:

-əhəmiyyətli və faydalı, 

-öyrədici, 

-asudə vaxtı keçirməyə yönəli, 

-əhəmiyyətsiz.

Təbii ki, bizim mövzumuz özündə yalnız əhəmiyyətli və faydalı mütaliə məhsullarını ehtiva edir. Demək, müəllifin ərsəyə gətirdiyi mütaliə məhsulu bütün müsbət meyarlara və parametrlərə uyğundursa, onun oxunması cəmiyyət üçün faydalı hesab edilir. Beləcə də gəlib çıxırıq məsələnin ikinci tərəfinə. Həmin məhsulun oxucuya çatdırılması və oxunması məsələsinə.

Hədəf qrupumuz yeniyetmə və gənclər olduğundan, onda əhəmiyyətli və faydalı, öyrədici bölümlər bizim prioritetimizdir, burada isə əsas yerlərdə bilik almaq, məlumatlanmaq, tərbiyələnmək, habelə vətənpərvərlik keyfiyyətləri əxz eləmək dayanır.

Kitabları oxunması baxımından üç qrupa ayırmaq olar.

Birincisi, stolüstü kitablardır. Bunlar bir dəfə oxunaraq tərk edilmir, əksinə dönə-dönə mütaliə edilir. Qida kimi hər zaman onlara ehtiyac vardır.

İkincisi, elmi-tədqiqat əsərləridir. Bunlara da lüğətlər, ensiklopediyalar, hər hansı bir elm sahəsinə aid yazılmış kitablar, terminoloji əsərlər və s. daxildir. Bu tip kitablar da dərman kimidir. Ehtiyac duyulduğu zamanlarda oxunulur.

Üçüncüsü də ümumi deyə biləcəyimiz, mədəniyyət, fikir, tarix, ədəbi və s. sahələrlə bağlı olan kitablar, əsərlərdir. Bunlar elmi tədqiqat obyekti olmaqla yanaşı, həvəskarlar tərəfindən də həvəslə oxunulur. Bu cür kitablar adətən ən çox müraciət olunan kitablar olur.

 

Növbəti: 18.Elektron, yoxsa ənənəvi kitablar?

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Poeziya tariximizin günəşi olan Füzuli ədəbiyyat tarixində həzin sevgilərə, titrək hisslərə hər daim çıraq olub, yol olub. Onun dövründə Avropada ədəbiyyat çiçəklənib, Orta Şərqdə isə zülmətə qərq olurdu. Buna görə də Füzuli Orta Şərq klassik ədəbiyyatının sonbeşiyi sayılırdı. Avropanın qaranlıq və sükuta dalmış ədəbiyyatından sonra baş qaldırmış şairlər, Miltondan tutmuş Danteyə qədər hər kəs birinin şineli  altından çıxıb. Lakin Füzuli şinel altından çıxmadı. İtaliyada Mikelancelo, Rafael və Da Vinçi rənglərlə insanları ovsunladığı bir zamanda dünyanın eşq üzərində dayandığını israrla sübut edən Füzuli intibah nəhənglərini bir-birindən xəbərsiz bir-birinə səsləyə bildi. Müasir dövrdən keçmişə – sərt reallıqdan yumşaq romantizmə belə qəfil keçid, deyəsən, Füzulini narahat etmir. Eynən Prustun “İtirilmiş zamanın axtarışında” olması kimi.

Taleyinə şair və alim olmaq yazılmış Məhəmməd Süleyman oğlu Füzuli Dədə Qorqudun qopmuş olduğu Bayat boyundan boylanaraq 1494-cü ildə dünyaya göz açdı. Təzkirəçi Sadıq bəy Əfşar 1598-ci ildə tamamladığı “Məcmə ül-xəvas” əsərində bunu təsdiqləyir: “Mövlana Füzuli Bayat qəbiləsindəndir. Dünyəvi elmləri öyrənməklə məşğul olub, az zamanda mükəmməl təhsil almışdır. Həqiqətən, heç bir insana bu istedad səadəti əl verməyibdir ki, farsi və ərəbi kəlama, beləcə, qadir olsun”. 

Klassik qəzəl ədəbiyyatı tarixində Füzuli qədər zəngin söz ehtiyatına malik ikinci bir şair tapmaq mümkünsüzdür. Ustad sözə o qədər yüksək qiymət verib ki, Leyli kimi qəlb ovlayıb, Məcnun kimi ürək yaxıb. O, adət-ənənələr tərəfindən əzilən, heysiyyəti tapdalanan, arzu və istəklərindən kam almadan solan Şərq qadınının acınacaqlı taleyini lirik-epik faciəsində oxucu qəlbinə bir ocaq salıb, od qalayıb. Solmayan, saralmayan, hər gün   öldükcə dirilən bir eşq hekayəsi yaradıb. Bu günədək də heç bir şair Şərqin üç dilində (türk, fars və ərəb) Füzuli kimi mükəmməl əsərlər yarada bilmədi. Tək bununla da bitmir onun ustadlığı. Dövrün qələm sahiblərinin əsərləri ədəbi forma və janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi zərif tərənnümlü, incə toxunuşlu və cilalı nümunələr yarada bilmədi. “Qəlb şairi” kimi tanınan şair qədər heç kim oxucu ürəyinə toxuna bilmədi. Təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin və zamanların sınağından uğurla çıxa bilmədi. Ədəbi dilimizi tarixən heç kəs Füzuli kimi fars və ərəb dillərinin hegemonluğundan xilas edə bilmədi. Çox az şairə qismət olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən, səmimilikdən yoğrularaq Füzulidəki qədər bütün əzəməti və aydınlığı ilə qəlb oxşasın. Zərif üslubu təkrarolunmayan sənətkarın ucaltdığı möhtəşəm söz binasında hər bir daşın heykəltaraş əlindən çıxıb mükəmməl cilalandığını görüb heyran olmamaq mümkünsüzdür. Əlçatmaz zirvələrin qüdsiyyətini özündə ehtiva edən Füzuli misra-misra, beyt-beyt tökülür dillərdən. Ustadın şeirlərinin batini zahirindən o qədər bənzərsiz və tərənnümsüzdür ki, onu oxuyan, hifz edən düşünür ki, sanki o, sözün şəklini çəkib. 

Aristotel yazır: “Yalanı necə məharətlə işlətmək üsulunu başqa şairlərə ən çox öyrədən Homerdir”. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” söyləyən Füzuli də Azərbaycan poeziyasında şairlərə bədii yalanı ən çox öyrədən sənətkardır.

Füzulinin ən yaxın və səmimi dostu Əhdi Sivaslı onun haqqında belə demişdi: “Onun gözlərindəki düşüncə və xəyal diqqəti cəlb edirdi. Danışığı sakit, ancaq təsirli idi. Fikir və bənzətmələrinə heyran qalırdım… Aramızdakı dostluq möhkəm qalanı xatırladırdı”.

Füzulini oxuyanda isə görürük ki, o, tamamilə inandırıcı təsəvvür aşılamaq obrazı yaradıb. Füzulini kiminsə təsiri altına salmaq, həsrət ipinə bağlamaq mümkün deyil. Sənətdə ağılın və zövqün, dildə obrazların cilalanmasına təkan verən, Azərbaycan şeir dilinin müdrik və ibarəli poeziya dili pilləsinə yüksəlməsi üçün sözə qızıl bir sütun kimi arxalanan Füzuli, poetik-üslubi çalarları rəng tonları kimi hər tərəfə səpələyir:

 

Məni candan usandırdı,

cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, 

muradım şəmi yanmazmı?

Qamu bimarinə, canan, 

dəvayi-dərd edər ehsan, 

Neçin qılmaz mənə dərman,

məni bimar sanmazmı?

 

Platonik şairin pik yaradıcılığı lirik qəzəlləridir. O, qəzəllərini sırf fəlsəfə və irfani düşüncələr üzərində qurub. Füzulinin sevgilisi Tanrıdır, yoxsa bir qadın? Füzulidən İslam qoxusu gəlsə də, bu şəriət qoxusu deyil, mənəvi qoxudur. Füzulinin xatırladığı, əslində, rəngli yuxular idi. Əsrlərlə sürən bu axtarış misraların içinə necə də rahatlıqla sığına bilib. Füzuli özünün doğulduğu anı, hətta doğulduğu o an nə hisslər keçirdiyini xatırlayır. Və bunu biçarə Məcnunun dili ilə təqdim edir. Yeni doğulan uşaq danışa bilərmi?! Əlbəttə, yox! Füzuli isə Məcnunun dili ilə danışır. Daha doğrusu, əslində, nə hiss etdiyini xatırlayır. 

Əsir düşmüş könüllər, daşa dəymiş arzular, puç olmuş ümidlər, əlbəttə ki, azad könül həsrətinin nə olduğunu yaxşı bilər. Bunu Məhəmməd yaxşı bilirdi. Bunu Hamlet yaxşı bilirdi. Bunu Raskolnikov yaxşı bilirdi. Bunu Jülyen Sorel yaxşı bilirdi. Bunu biçarə Fəxrəddin yaxşı bilirdi. Bunu “Azad bir quşdum”, – deyə gizlicə ürəyində oxuyan Cəfər Cabbarlı yaxşı bilirdi. Bunu “Ah! Mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?” – deyən, ömrünün iyirmi doqquzuncu baharında Dilbərinin gözlərindən gilə-gilə tökülən Müşfiq yaxşı bilirdi. Bunu öz şəxsi həyatında yaşayan Cavid əfəndi yaxşı bilirdi. Nəhayət, bunu azadlıq həsrətində yaşayan “Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan”, – deyən Məhəmmədhüseyn Şəhriyar yaxşı bilirdi. Onların hamısının azad könül həsrətilə burunlarının ucu göynədi. Məhz belə olduğuna görə azad könül həsrəti Füzulinin hər sətrində duyulmaqdadır.

Füzuli həm məhkumdur, həm hökmdar. O, Süleymanın ordusu ilə birlikdə Bağdada səfər edən türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə yazmışdır. Zamanın sərt sınaqları şairi sıxıb can-boğaza yığsa da, o, müasiri olan yüzlərlə həmkarının tutduğu yolla Osmanlı paytaxtına – boğazdakı o əfsanəvi şəhərə səfər etmədi. Ancaq bunların arxasından hər məqamda eşidilən bir hayqırış, hər yerdən boylanan bir eşq var: Vətən. O, həmişə öz çağının qürbətində üşüdü. Onun payına Tanrıdan zamanın qəm qafiləsinə sarvan olmağın haləsi düşdü:

 

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!!!

 

Saraydan iraqda – İraqda yaşasa da, Füzuli Sultan Süleyman dövrünün şairi kimi hər misrası söz xəzinəsinin bir incisi olan “Leyli və Məcnun”u yaratdı. Füzulidən öncə “Leyli və Məcnun” yazılı ədəbiyyatda dönə-dönə yazılmışdı. Amma Füzulinin məsnəvisində onları üstün edən bir reallıq var idi. Leyliylə Məcnunun vüsala çatmazlığına yaraşan yandırıcılıq. Leyliylə Qeysin məktəb illəri barəsində sevgilərini qarşılaşdıranda ehtimal etməyə bilmərsən ki, Füzuli, əslində, öz başına gələnləri təsvir edir. O, ruhu ehtiyacsız varlıq kimi göstərərək güzgüyə oxşadır. Güzgü həmişə göstərmək üçün yox, bəzən gizlətmək üçündür. Ruhun mahiyyətində görünməzlik var, o, görünəndə itir, yox olanda isə “aşkara çıxır”. Dərdlərdən dağ düzəldib onun zirvəsini fəth edən Füzuli qəmi, iztirabı, kədəri alovlu sözləri ilə sönmək bilməyən tonqalda alışdırıb yandırdı. Ustadın muma döndərib şəkildən-şəklə saldığı sözlərinin hər biri nələr çəkdiyini yaza bilsəydi gileylərdən doğmuş “Şikayətnamə”lər kitabxanalara sığmazdı. İnsanlığın şairi, məhəbbətin şiddətindən haray salıb fəryad etdiyi şeirlərin başdan-başa qəm şırımlarında cadar-cadardır:

 

Füzuli dərd əlindən dağa çıxdı,

Dedilər: “Bəxtəvər yaylağa çıxdı”.

 

Divan ədəbiyyatına, həmçinin rus və Osmanlı ədəbiyyatının təcrübəsinə bələd olan Rəşid bəy Füzulini ədəbiyyatımızın atası hesab edirdi: Axı Füzuli poeziyası başdan-başa musiqidir. Şairin lirikası, əruzun müvafiq qəliblərinə qovuşaraq heyrətamiz təravət və məlahətlə səslənir. Füzuli yaratdığı qəzəllərə sənət möhürü vuraraq onu əlçatmaz zirvəyə qaldırmış, onun qəlbində bu məhəbbət qığılcımlarını başda Cabbar Qaryağdıoğlu olmaqla səsi-ünü dağı-daşı yandıran Qarabağ xanəndələri oyatmışlar. Füzuli yaradıcılığı nəğməkarlarımız üçün də tükənməz söz xəzinəsi olmuşdur. Klassik xanəndələrimiz Füzulinin şeirlərini muğam və təsniflərdə sevə-sevə, ilhamla ifa etmişlər. Vokal sənətimizin fəxri Bülbül Füzuli şeirinin pərəstişkarı, bilicisi və məharətli ifaçısı idi. Xan Şuşinski, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, Arif Babayev, Zeynəb Xanlarova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Mənsum İbrahimov və başqaları ustad Füzulinin şeirlərindən muğamlarda məharətlə istifadə etmişlər. Əmani, Qövsi, Saib kimi söz ustadları onun məktəbindən bəhrələnib, Vaqif, Vidadi irsinin başlıca qida mənbəsi olub. Əhsəni, Nəşati, Agahi Zövqü kimi özbək, Məxtimqulu, Kəminə, Nur Məhəmməd kimi türkmən, Şeyx Qalib, Baqi, Nəfi, Nədim kimi türk şairləri Füzuli ədəbi məktəbinin davamçıları olmuş, bu irsə böyük məhəbbətlə yanaşmışlar. 

1959-cu ildə Füzulinin adı şəhərə və rayona verilmiş, Bakıda abidəsi ucaldılmışdır. Elmlər Akademiyasının Əlyazmalar İnstitutu şairin adını daşıyır. Haqqında 3 sənədli film çəkilmiş, “Füzuli kantatası” (C.Cahangirov), “Füzuli” simfonik poeması (A.Məlikov) və bir çox qəzəllərinə musiqilər, romanslar bəstələnmişdir. Ölməz dahinin abidəsi 1970-ci ildə Füzuli şəhərinin mərkəzində ucaldılıb. İşğal dövründə heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız hala salınıb. Heykəlin yerləşdiyi parkın ərazisi erməni vandalları tərəfindən cəngəlliyə çevrilib. 27 illik işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyümüz təmin olunarkən Füzuli rayonu da müzəffər qələbədən öz nəsibini aldı. Artıq Füzuli rayonu kimi ustadın da ruhu azaddır. İndi o, sevgidən yoğrulmuş qəzəlləri ilə tapdalanmış dağı, daşı, torpağı sağaldır.

Şairin ölməz əsərləri əbədi olaraq insanlığın xidmətindədir. Ləyaqətsiz bir mühitdə ləyaqət və şərəfini qorumağı bacaran, tükü tükdən seçən, yer üzündə ülvi sevgini, sədaqəti, gözəllik duyğusunu, azadlıq və əməksevərliyi, səbir və təmkini yaxşılığın və dostluğun simvoluna çevrilən zərif ruhlu şair daim ürəklərə məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır. Bu səbəbdəndir ki, ədəbiyyatımızın eşq yolu Füzulidən keçir, Füzulidə bitir. Onun eşqi dünyəvilikdən ilahi eşqə yüksələn, özünü bu yolda unudaraq Allaha qovuşduran eşq idi. Çünki Füzuli eşqdən doğulmuş, eşqlə bütünləşmiş və eşqə qovuşmaq istəyi ilə yanıb tutuşmuşdu. O bu yolda çəkdiyi əziyyətdən usanmır, peşman olmur, əksinə, əziyyəti sevgi göstəricisi hesab edir, ağrı hiss etdiyi yerlə bütünləşirdi. Füzuli eşq yolunda yandıqca bütünləşir, Allaha qovuşur, məhəbbət yolunda çəkdiyi əziyyətdən bezmirdi. 

1556-cı ildə Bağdadı ağuşuna alan dəhşətli taunun qurbanlarından biri də Füzuli oldu. Hər dahi kimi, gerçək ömrü bitən Füzulinin də daha heç bir xəstəlikdən qorxmayan, heç bir təqvim ölçüsünə sığmayan əsl ömrü başlandı. Ulu babası Dədə Qorqudun son ucu ölümlü dünyanı tərk edəndən sonra gələn ağrısız, acısız ömrü kimi. Ömür sürdüyü müqəddəs torpaqlarda, adaşı olduğu Səma Elçisinin nəvəsinin ayaqları altında uyumaqla ürəklərə köçdü. 

Nə qədər ki dünya və məhəbbət var, Füzuli də olacaq. Türk xalqları və türk dili durduqca yaşayacaq, dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevriləcək. Füzuli duyğularının hərarəti zaman keçdikcə daha gur yanacaq. Bu ocağın odunda yanan, bu səadətin suyundan içən hər bir adam canlanacaq. Həyatın mənası haqqında sonsuz düşüncələrə, xəyallara dalaraq bu dünyaya, bu həyata gəldiyinə sevinəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenidən sizlərlə daimi müəllifimiz Əlizadə Nuridir. Bu dəfə şair “Mən sənin üzünə sevdim dünyanı” söyləyir.

Xoş mütaliələr.

 

Mən sənin üzünə sevdim dünyanı...

 

Dedim ki, bu dünya sığsın canıma,

Amma demədim ki, belə dar olsun...

Mən sənin üzünə sevdim dünyanı-

Qoy dünya üzünə minnətdar olsun!

 

Bu al lalələri bəlkə qan çəkir?

Damla var, dərdini bir ümman çəkir.

Şirəni güldən yox, tikandan çəkir-

Belə " arı"lara bəlkə ar olsun?!

 

İndi bu dumanda yol azan quşam,

Bir azdan gecəni əridər bu şam...

Ölümün yolunda bir can qoymuşam-

Qoydum ki, məndən də yadigar olsun...

 

Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Cümə, 13 Sentyabr 2024 10:00

Unuduruq, unutdururlar… - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hə tarixə qızıl hərflərlə adını yazdıran şanlı Azərbaycan..

Bir parça quru torpağı bizə vətən edən Fətəli xanlar, Nəriman, Yusif, Əhməd,Mikayıl və adını saymadığım neçə-neçə bəylər, Rəsulzadələr, Elçibəylər.

 

Mahnıda deyilir ki,əsgər vətən əmanəti, yurd əmanəti.Heç vaxt başa düşmədim bunu mən..

Əsgər vətənin bizə əmanəti idi, yoxsa bizləri vətən əsgərlərə tapşırmışdı..?

Vətən məncə bizi onlara, onları da bizə əmanət etmişdi, hər iki tərəf isə Allaha əmanət.

Qoruyun bizi, qoymayın düşmən tapdasın torpağımızı.

Qaytarın qız-gəlinlərin namusunu.

Qeyrətli oğullar əcdadlarının harayına yetib taxsınlar igidlik papaqlarını.

Qoy göy üzü mələklərə doysun.

Qoy bizim şəhidlərimiz olsun.

Bir gecədə əlli, qırx dörd gündə iki min yeddi yüz səksən dörd, min illər boyu milyon şəhid..

Neçə ailəyə od düşdü?

Neçə gənc tarixdən kəsilib cəbhəyə yollandı..?

Necə gənc cəbhədə tarix yazdı..?

Generala can fəda deyib neçə könüllü cəbhəyə atdı özünü.

Ana-nənələrimiz namazlarında dua etdi övladlar üçün.

Adını bilmədiyimiz Əhmədlər, Rəşadlar, Nurlanlar və neçə milyon yaralı ürəklər.

Onlar qorudular bizi, onlar bayrağa, əmanətə sahib çıxdılar.

Ancaq biz.

Biz bacarmırıq yaralarımıza sahiblənməyi, köz bağlamamış unuduruq, unutdururlar..

Müharibənin ortasında şəhidin şəklini paylaşanlar torpaqlar geri alınanda nə şəhid anasının yaralı ürəyindən, nə şəhid övladının körpə gözlərindən utanmadan bayram edir, Qarabağ qana boyananda bayrağa bürünüb yatanlar bir yana olur, bayrağı çiynində gəzdirib pafoslu çıxış edənlər bir yana..

Hələ yeni ildə, Novruz bayramında da unutmuruq ki,şəhid ailələrini. Biraz sovqat yığıb paylaşırıq, “şəhid ailəsinə dövlət sahib çıxır” deyərək.

Həmişəki kimi, məhəllədə nərd atan dayılar arasında qızğın müharibə gedir Putini Paşinyana, Paşinyanı Trampa qatıb söyür, sağçıları, solçuları, federalları, demokratları, liberalları tənqid edib çıxış yolu axtarırlar.

Kimisi deyir, kor siyasətə yem edilən avam xalqın zəif damarını tutub əllərində oynadırlar. Kimisi Ukraynadan, Türkiyədən mədət umur. Bəziləri deyir, imkan olan kimi qaçım bu xarabadan.

Bəziləri də pafoslu çıxışlarında yaltaqlıq edib deyirlər, strategiya zəif olsaydı, biz 50 yox, 5000 şəhid verərdik, yəni rəqəmlərə baxın, halınıza şükr edin..

Bir şeyi bilirəm ki, bizlər Vətənpərvər deyilik..

Bizlər borcluyuq Vətənə.

Hamı hər şeyi danışacaq.

Elə mən də hamı kimi çox söz deyəcəm, araya zaman girəcək, yaralar köz bağlayan kimi yenə xatırlatma olacaq..

Mitinqlər, qarşıdurmalar, axmaq siyasi söhbətlər, partiyalararası münaqişlər..

Hələ çox söz danışılacaq..

Amma On milyon dəfə deyilən “Vətən sağ olsun” kəlmələri “kaş atam sağ olardı” deyən körpənin qarşısında aciz qalacaq..

                                             

Qeyd: Yazı 12-13 sentyabr şəhidlərinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 13:21

Fazil Mustafa Anar Bürcəliyevi təbrik edib

 

VI çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas Anar Bürcəliyevi yubileyi ilə bağlı təbrik edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:

 

“Hörmətli Anar müəllim,

Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, ictimai və yaradıcı çalışmalarınızda yeni uğurlar diləyirəm!

Siz özünəxas sənət gələnəkləri, yaradıcılıq ortamı olan qədim şeir-sənət ocağı  Gəncədə, Xalq artistləri   Məmməd Bürcəliyev və Sədayə Mustafayevanın ailəsində doğulmusunuz. 1987-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor, 1990-cı  ildən isə rejissor   köməkçisi işləmisiniz. Ali təhsilinizi, doğma teatrın   göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsində almışınız (1991-1996).1993–1994-cü illərdə dövri   mətbuatla və televiziya ilə yaxından əməkdaşlıq etmiş, 1995-ci ildə Gəncə şəhərində “Kəpəz TV” Teleradio Verilişləri Şirkətinin yaradıçılarından biri olmuş,   şirkətin “Xəbərlər” departamentinə başçılıq etmisiniz. 1996–1997-ci illərdə Azərbaycan Respublikası   Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin   aparıcı   inspektoru, 1997–1999-cu illərdə Gəncə Dövlət  Dram  Teatrının sərəncamçı direktoru vəzifələrində çalışmısınız. Hazırda Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdirisiniz. 

Respublikamızda çıxan ayrı-ayrı qəzet, jurnallarda   400-dən artıq məqalə, resenziya, oçerk və həmçinin müsahibələriniz yayınlanıb.

Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin 95 illik yubileyinə həsr olunmuş “Xoşbəxt bürc altında” televiziya filminin, həmçinin, “Xocalı – Unuda bilmədiklərimiz”, “Gəncə Tibb Kolleci - 80” sənədli televiziya filmlərinin ssenari yazarısınız.

“Əsl el adamı” (Xalq artisti Məmməd Bürcəliyevin həyat və yaradıcılığı haqqında;  1998), “Səhnə həyat   nurumdur” (Xalq artisti Sədayə 

Mustafayevanın həyat və yaradıcılığı haqqında;   2000), “Azərbaycan kinosunun tarixi və inkişafı”   (Ensklopedik bilgi kitabı; 2001), “Qoşa qanad”  (Əməkdar incəsənət xadimi, rejissor Vaqif Şərifov və Əməkdar artist Simuzər Namazovanın həyat və yaradıcılıqları haqqında; 2011), “Onun dünyası” (Şair-dramaturq   Fəridə   Əlyarbəylinin   həyat   və yaradıcılığı haqqında; 2019), “Məqalələrim, resenziyalarım, oçerklərim, müsahibələrim” (I cild – 2019; II cild – 2020) və b. kitablarınız gün üzü görüb.

2011-ci  ildən Azərbaycan Teatr Xadimləri İttifaqının,   2017-ci  ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz.

Sizi  yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə   bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 13:44

Səyyar ASAN xidmət Xaçmazda

Səyyar ASAN xidmət avtobusu sentyabr ayının 2-dən Xaçmaz şəhəri H.Z. Tağıyev küçəsi 13 ünvanında vətəndaşlara xidmət göstərir.  

 

“Ədəbiyyat və incəsənət” portalı ASAN xidmətə istinadən xəbər verir ki, Xaçmaz rayonunda 18 dəfə səyyar xidmət avtobusu, 3 dəfə “ASAN Qatar” vasitəsilə ümumilikdə 21 dəfə səyyar xidmət   gerçəkləşib. Bu dövr ərzində  Xaçmaz rayonunda səyyar xidmət avtobusu vasitəsilə 67.731, ASAN Qatar vasitəsilə isə 11.502 vətəndaş müraciəti daxil olub. 

 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

 

Hazırda Xaçmaz şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Siyəzən rayonu olacaq.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 3 milyondan çox,  2024-cü il ərzində isə 110.000-dən çox vətəndaş müraciəti daxil olub.

 

Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə səyyar formada əhaliyə xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

"YAŞAT" Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəhid ailə üzvləri olan şəxslərə 2000 AZN pul mükafatı veriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “YAŞAT Fondu”na istinadən məlumat verir. 

 

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2024-2025-ci tədris ili üzrə rəsmi akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

 

Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

 

Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2000 AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub.  

 

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 17:14

Kərim Xançobanın ən böyük arzusu bilirsiniz nədir?

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

Ustad aktyorumuzun ən böyük arzusu yenidən qurulan Ağdam şəhərində doğma Ağdam Dövlət Dram Teatrında vətənin bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarınının həyatından bəhs edən əsərə quruluş vermək və orada bir qəhrəmanın obrazını canlandırmaqdır.

 

Həsənov Kərim (Xançoban) Abbas oğlu 1967-ci noyabrın 19-da Bərdə şəhərində anadan olubdur. Bərdə şəhər 4 saylı tam orta məktəbi  1986-cı ildə bitirib, 1986-1988-ci illərdə hərbi xidmətdə olubdur. 1988-1990-ci illər Bərdə şəhər xalq teatrında aktyor kimi fəaliyyətə başlayıbdır. 1990-ci ildən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında aktyor truppasına daxil olubdur. 1991-1995-ci illərdə Azərbaycan İncəsənət və Mədəniyyət Universitetinin dram, teatr və kino aktyorluğu fakültəsində  Həsənağa Turabovdan, Mikayıl Mirzədən, Kamal Xudaverdiyevdən və digər görkəmli sənətkarlarımızdan sənətin sirlərini öyrənibdir. 1991-ci ildə Moskvada qastrol səfərində ilk tamaşa ilə çıxış edərək Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” tamaşasında Zaur rolunu oynayıbdır. 1991-ci ildən 1994-cü ilə kimi cəbhənin müxtəlif istiqamətlərində orduya mənəvi və psixoloji dəstək üçün truppa ilə birlikdə hərbi hissələrdə tamaşalar nümayiş etdiribdir. Məlum səbəblərdən Ağdam Dövlət Dram teatrı ilə birlikdə Kərim Həsənov da 1993-cü ildən 2007-ci ilə kimi Bərdə Mədəniyyət evində fəaliyyət göstərmişdir. Azərbaycanın həssas bir dövrünə olan bu dövrdə əlamətdar günlərdə teatr truppası ilə birlikdə müxtəlif bölgələrdə yerləşən hərbi hissələrdə və qaçqın şəhərçiklərində tamaşalarda iştirak etmiş, insanlara mənəvi dayaq olmağa çalışmışdır. 

2003-cü ildə Ümumrespublika Mono teatr müsabiqəsində M.F.Axundzadənin “Hacı Qara” tamaşasının rejissoru və Hacı Qara obrazının ifaçısı kimi mükafata layiq görülübdür. Bundan sonra həmin il Moskvada yerləşən Nəsibə Zeynalov adına Teatra dəvət olunub, həmin dövrdə orada M.F.Axundzadənin “Hekayəti-İbrahimxəlil kimyagər…” əsərinin əsasında səhnəyə qoyulan tamaşada İbrahimxəlil kimyagər obrazını canlandırıbdır. 

Ağdam Dövlət Dram teatrının çətin dövlərində müxtəlif teatrlardan təklif alsa da, bu sənət məbədini, doğma məkanı qoyub getməyibdir. 

Kərim Həsənov həm də 2004-cü ildən 2016-cı ilə kmi ANS kanalında yayımlanan “Qulp” verilişində Kərim Xançoban adı ilə oynadığı satirik rollarla tamaşaçıların sevgisini qazanıbdır. 2007-ci ildən teatr Ağdam rayon Quzanlı qəsəbəsinə köçürüldükdən sonra Kərim Həsənov aktyorluq fəaliyyəti ilə  yanaşı, rejissor kmi də fəaliyyət göstərmişdir, 2020-ci ildən isə teatrın baş rejissoru kimi əsərləri tamaşaya hazırlayır. 2017-2018-ci illərdə Mingəçevir Dövlət Dram teatrında Sahib İbrahimlinin “Sadığın toyu” və “Cənnət və Cəhənnəm” tamaşalarının quruluşçu rejissoru olmuşdur. 2021-ci ildə Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanmış tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının mükafatına layiq görülübdür. Vətən müharibəsindən sonra da qələbəyə öz töhfəsini verən Kərim Həsənovun Nadir Qədimlinin “Şuşadan gələn səs” və Sahib İbrahimlinin “Azad Şuşa” əsərləri əsasında hazırladığı tamaşalar da böyük rəğbətlə qarşılanıbdır. 

2022-ci ildə Avrasiya Teatrlar İttifaqının təşkil etdyi Böyük Ankara Teatr Festivalında Kərim Həsənovun quruluş verdiyi Əziz Nesinin “Tənha qadınlar” əsəri əsasında hazırlanmış tamaşa mükafatına layiq görülübdür. Bunu da qeyd edək ki, 100 illlik tarixində Ağdam  Dövlət Dram Teatrı ilk dəfə bu əsərlə Avropa səhnəsinə çıxıbdır. 

2022-ci ildə növbəti uğur Mədəniyyət Nazirliyinin  və Azərbaycan Teatrlar İttifaqının birgə layihəsi olan “Milli klassika” teatr festivalında gəlib, quruluş verdiyi N.Vəzirovun “Ağa Kərim xan Ərdəbilli” komediyası əsasında hazırlan tamaşada yaratdığı Ağa Kərim xan obrazına görə milli klassikanın ən yaxşı aktyoru mükafatına layiq görülübdür.  

Kərim Həsənov milli teatr inkişafındakı xidmətlərinə görə, səhnə fəaliyyətinin 35 illiyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanına layiq görülübdür. 

Bu illər ərzində Kərim Həsənovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətlədirilərək, xüsus Fəxri Fərmanla qiymətləndilib. Bununla yanaşı, aktoyrun özünün də dediyi kimi, onun sənətinə verilən ən yüksək mükafat Prezident İlham Əliyevin  “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamının ona da şamil edilməsi olubdur. 

Baş rejissor kimi 4 illik fəalliyyəti dövründə  Kərim Həsənov, əsasən, rayonun teatra və sənhəyə marağı olan istedadlı gənclərinin teatra cəlb olunmasına çalışıb və nəticədə yetişən gənc akyorların oynadıqları obrazlar rayon ictimaiyyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilibdir. 35 illik Fəaliyyəti dövründə Kərim Həsənov səhnədə yaratdığ Hacı Qara, Ağakərim xan Ərdəbilli, Dərviş Məstəli şah, Qurbanəli bəy, Lənkəran xanı və digər yüzdən artıq obrazla tamaşaçıların sevigisini və rəğbətini qazanmışdır. Həmçinin rejissor kimi səhnəyə qoyduğu “Milyonçunun dilənçi oğlu”, “Durna”, Ağa Kərimxan Ərdəbilli”, “Tənha qadınlar”  və başqa tamaşalar Ağdam Dövlət Dram Teatrını repertuarını zənginləşdirmişdir.

Qayıdaq yenə də onun ən böyük arzusuna. Lap əvvəldə dedik axı, ustad aktyorumuzun ən böyük arzusu yenidən qurulan Ağdam şəhərindəki doğma Ağdam Dövlət Dram Teatrında vətənin bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarınının həyatından bəhs edən əsərə quruluş vermək və orada bir qəhrəmanın obrazını canlandırmaqdır. Arzusuna lap tezliklə çatacağı əsla şübhə doğurmur.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 15:44

Beyləqanda rəqs sənəti

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Dünyada ən bəxtiyar insan öz tarixini yaşadandır. Adət-ənənəsini olduğu kimi dünəndən bu günə xələl gətirmədən gələcək nəsillərə ötürənlər, həm də ən vəfalı, ən etibarlı insandır. Qədim beyləqanlıların illərdir bu günə qədər davam edən Tərəkəmə həyatı var. Əvvəlcə bu sözün etimologiyasına bir nəzər salaq. Bu etnonim haqqında müxtəlif fikirlər mövcuddur. Belə ki, bir çox mənbələrdə Tərəkəmə sözünün ərəbcədən türkmənlər olduğu bildirilir. Bu ad həm də onların köçəriliklə məşğul olduqları üçün “tərki məkan” olaraq adlandırılmalarıdır. Belə başa düşülür ki, yurd-yuvasını tərk edərək müvəqqəti məskunlaşan insanlardır. Bu adla bağlı digər məlumatlara biz musiqişünas Lalə Hüseynovanın “Türk xalqlarının musiqisi” adlı dərs vəsaitində də rast gəlirik. Türkmən musiqisindən danışılarkən sözün eyni kökdən gəldiyini görmüş oluruq: “Azərbaycanda bu söz “tərəkəmə” şəklində qalıb. “Tərakimə” ərəb sözüdür, “türkmənlər”deməkdir. Ərəb mənbələrində türkmənlərin Türkmənistan, Əfqanıstan və İranda yaşamış türkmən tayfası olduğu qeyd olunur”.

 Bir çox qaynaqlar göstərir ki, orta əsrlərdə (təxminən XIII–XIV əsrlər) Xəzərin şərq hissəsindəki Azərbaycan ərazisinə türkmənlər adı ilə çoxsaylı tayfalar gəlmişdirlər. Bu etnonim haqqında daha bir etimoloji açıqlama vermək olar. Təraküm sözü ərəbcə toplanma, yığışma mənasını da kəsb etdiyi deyilir. Tərəkəmə həyatı haqqında tədqiqatlarımızı apararkən Beyləqanın Tatalılar kənd sakini, eyni zamanda Beyləqanda yaşayıb-yaratmış, Ağsaqqallar şurasının üzvü, rayon ziyalısı Etibar İmanovun “Tərəkəmə dünyası” adlı Tərəkəmə həyatına dair, tərəkəməçiliyin, milli-mənəvi dəyərlərimiz üçün töhfə olan kitabdan ətraflı məlumatlar əldə etmişik. Sözügedən kitabda heç bir yerdə olmayan tərəkəmə tarixinə, həyatına dair bütün məlumatlar geniş şəkildə öz əksini tapmışdır. Zənnimizcə, bu mövzuya dair ən müfəssəl bilgilər məhz bir tərəkəmənin öz dilindən yazılanlardır. Burada qeyd olunan bütün fikirlər, hadisələr faktlarla əsaslandırılır. Maraqlı məqamlardan biri də tərəkəmə sözünün etimologiyasından bəhs edərkən müəllif öz yanaşmasını ortaya qoyaraq həm də bu sözə fərqli prizmadan baxır. Belə ki, tərəkəmə sözünü “tərə gedən”, yəni qoyunlar üçün tər ot axtaranlar kimi qələmə alır və açıqlayır ki, “Çünki qoyun tər ota meyilli olur”. Elə buradan da həmin ifadə yaranır. Ümumi olaraq bütün bu təhlilləri nəzərə alaraq demək olar ki, elat, tərəkəmə, köçəri sinonim sözlər olduğu üçün sonda yenə eyni mənanı daşımış olur. Bundan başqa tərəkəmə sözünün sinonimi olan “elat” sözü də “oğuz eli” ifadəsindəki el sözündən yaranmışdır. Əgər nəzərə alsaq ki, at şəkilçisi ərəbcədən cəm, birgəlik mənasını daşıyır. O zaman deyilənlər həqiqətə uyğundur. 

Hazırda Mil düzündə yaşayan əhalinin çox böyük əksəriyyəti xalq arasında tərəkəmə adlandırılır. Məlumdur ki, ta qədimdən tərəkəmə camaatı çox zəhmətkeş, əməksevər insanlar olmuşlar. Əsasən maldarlıq, qoyunçuluqla məşğul olan tərəkəmələr qoyun-quzunu, mal-qaranı sağ salamat yaza çıxartmaq üçün əllərindən gələni edir, qışın çovğununa, soyuğuna qarşı onları bəsləyərlər. Hətta yaza sağ salamat çıxanlar bir-birini təbrik edər, gözaydınlığı verərlər. Zaman keçər, fəsillər dönər-dolanar, havalar soyuduqca camaat arana köç edər. Məskunlaşdığı yerlərlə müvəqqqəti vidalaşıb hələ bir musiqili bayatı da söyləyərlər.

Köçün də öz qayda-qanunu vardır. O, kortəbii şəkildə baş vermir. Həyatda olan bütün nəsnələr kimi köçərilik də tərəkəmə qanunlarına əsasən həyata keçirilir. Tərəkəmələr təbiətin qoynunda yaşadıqlarından sağlam və uzunömürlü olmuşlar. Bu onların sağlam qidalanması və piyada uzun yol qət etmələri ilə də əlaqədardır. Təbii ki, həyat tərzinin insan ömrü üçün çox böyük əhəmiyyəti olduğunu bilirik. Bundan başqa inam və inancları barədə də kifayət qədər danışmaq olar. Mövzuya dair geniş bilgiləri yenə “Tərəkəmə dünyasından” almaq mümkündür. Həmin məqamları təqdim edək: “İnam və inanclardan söhbət düşərkən cümə axşamları ehsan qazanlarının asılması, yerə isti su tökərkən “bismillah” kəlməsinin dilə gətirilməsi, ay yenicə görünərkən salavat çevrilməsi, gün tutularkən mis qabları bir-birinə vurub həyəcan təbilinin çalınması, Novruzun və çərşənbələrin müqəddəsliklə qarşılanması, köç yolunda pir deyilən bir ağaca rəngbərəng çit kəsiklərinin bağlanması, köç günlərində adamların Fatma ananın sacı deyilən daşa əl sürtüb yollarına davam etməsi və bütün bunlar islama inam və etiqadın formalaşmasında mühüm rol oynamışdır”. Bundan başqa “Tərəkəmə dünyası”nda köç zamanı oxunan mahnılardan, muğamlardan, aşıq havalarından da bəhs olunur. Bizə tarixdən bəllidir ki, musiqi insanları əməklə məşğul olduqları zaman həvəsləndirən, ruhlandıran, yorğunluqlarını çıxardan və görəcəyi işə inamını daha da artıran vasitə olub. Elə buna görə də istər köç yolu boyu, istərsə də mənzil başına çatarkən olduqları məkanda çalıb-oxumaq tərəkəmələrə bir az da ruh, qüvvət vermişdir. Eyni zamanda musiqinin onların ruhunda olduğu açıq-aydın şəkildə görülür. Buna misal olaraq yanıqlı səslə oxunan “Segah”ın adını çəkmək olar. “Segah” xalqın ruhuna daha yaxın olan muğam olduğu üçün hətta muğam təhsili almayan insanlar da, bu məqamda ən azı, zümzümə edə bilir. Tərəkəmələrin toy adətləri də özlərinəməxsus şəkildə keçirilmişdir. Bu barədə mütaliə edərkən maraqlı məqamlarla qarşılaşırıq. Ömürlərinin yarısını yaylaqda keçirən tərəkəmə camaatının toyları elə təbiət qoynunda, dağlar ətrafında, buz bulaqların yanında təşkil olunur. Toyları bəzəyən isə “Baş sarıtel”, “Yanıq Kərəm”, “Yurd yeri”, “Kərəm gözəlləməsi”, “Dilqəmi” və s. kimi adlanan aşıq havalarının yanıqlı sədaları olmuşdur. Şeirə, sənətə, musiqiyə bağlı olan tərəkəmələr bundan başqa vaxtaşırı saz-söz məclisləri quraraq sənətin təsirindən zövq almış, bu ruhla ömür yollarına davam etmişlər. Hansısa vaxtı müəyyən etmək üçün elat camaatı arasında zərb-məsəllər də meydana gəlmişdir. Məsələn, toy-nişana başlamaq üçün deyərlər: “Tatalılar köçü gələnə yaxın”, “Elə Tatalılar köçü gəlib buradan keçəndə” və s. Qeyd edək ki, Tatalılar burada kənd adıdır.  

Azərbaycan ədəbiyyatında da Tərəkəmə mövzusu əsas yer tutur. Bu elatın tarixi haqqında geniş məlumat vermək olar. Şifahi xalq ədəbiyyatının janrlarından olan sayaçı sözləri bildiyimiz kimi qoyunçuluqla əlaqədardır. Folklorşünaslar belə qənaətə gəlmişlər ki, saya bolluq, bərəkət, nemət rəmzi olaraq deyilir. Bu, bir növ, xeyir-dua, alqış mənasında səslənir. Sayaçı sözləri qoyunların ünvanına səslənən nəğmələrdir. Sayaçı isə vaxtilə çobana deyildiyi üçün bu sözlər, nəğmələr də buna görə “sayaçı sözləri” adlandırılmışdır. Görkəmli ədib Firudin bəy Köçərli (1863–1920) bu qədim janrdan bəhs edərkən sayaçı sözlərinin tərəkəmələrə mənsub olduğunu qeyd edir. Bundan başqa ədəbiyyatda çox tez-tez bu mövzuya rast gəlirik. İsmayıl Şıxlının “Dəli Kür” romanında, Cəlil Məmmədquluzadənin (1869-1932) “Anamın kitabı” əsərində, Mirzə Fətəli Axundzadənin (1812–1878) “Hekayəti-müsyo Jordan və Dərviş Məstəli Şah” və s. kimi ədəbiyyat nümunələrində milli ruha, adət-ənənəyə olan bağlılığa, tərəkəmə-elat mövzusuna toxunulmuşdur. 

Məlum olduğu kimi “Tərəkəmə” etnoniminin eyniadlı oyun havası da mövcuddur. Çox qədim olan bu rəqs əsasən köçəri maldarların toylarında, el şənliklərində, bayramlarında ifa etdikləri rəqslərdən bir olmuşdur. Bu günə kimi məşhur olan rəqs Azərbaycanın demək olar ki, bütün bölgələrində yaşayan istər peşəkar, istərsə də həvəskar rəqs ansambllarının repertuarında yer alır. Bu rəqsi tərəkəmələrin özləri yaratdığı məlumdur. Rəqs tərəkəmə camaatına xas olan igidliyi, mərdliyi, döyüşkənliyi ehtiva etdirmir. Tam əksi – çox incə, zərif olan bu oyun havası öz xüsusiyyətlərinə görə Azərbaycan qadınının obrazını yaradır. Necə deyərlər, əsil xanım-xatın rəqsidir. Elə rəqs ilk dəfə 1936-cı ildə qurulub səhnəyə gətirilərkən solo qadın rəqsi kimi təqdim olunub. İlk ifaçısı isə Xalq artisti Əminə Dilbazi (1919–2010) olmuşdur. İki tempdə ifa olunan oyun havası iti tempdə olarkən əsasən kişilər tərəfindən rəqs edilir. Rəqsin məlahətindən, lirikasından segah məqamında olduğu asan hiss edilir. Biz tərəkəmələri daha çox çevik, qıvraq kimi tanısaq da, səhnə quruluşu lirik şəkildə verilib. Rəqs öz bədii əhəmiyyətini həmişə qoruyub saxlayır. Rəqs haqqında ətraflı danışmaq olar. Məsələn, burada müxtəlif əl, qol, çiyin hərəkətləri diqqətə çarpır. Gözlərin vurğulanması, gülü dərib qoxlamaq, utanmaq, çiyin sındırmaları onun təsir gücünü daha da artırır. Daha diqqətçəkən məqamlardan biri də geniş açılmış qollar və onun plastikasıdır. Bu sanki azad insan ruhunun təcəssümüdür. 

Tərəkəmə rəqsi haqqında daha geniş məlumatı elmi rəhbərim Abbasqulu Nəcəfzadənin “Azərbaycan rəqsləri” adlı əlyazmasından alırıq. Burada rəqsin əsas xarakteristikası, ritmi, tempi, ölçüləri, məqamı, notlaşdırılması və rəqsin bəstəkarların yaradıcılığında yer alması barədə geniş bilgilər verilmişdir. Belə ki, “Tərəkəmə” rəqsininin ilk dəfə 1909-cu ildə virtuoz tar ifaçısı Qurban Pirimovun (1880–1965) qrammofon valına yazdığı qeyd olunub. Bu məlumatın isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivində saxlanıldığı vurğulanır. Bundan başqa Müslüm Maqomayev (1885–1937) 1927-ci ildə “Tərəkəmə”ni simfonik orkestr üçün işləyərək rəqsin taleyində daha bir uğura nail olmuşdur. Zənnimizcə, oyun havasının simfonik orkestr üçün işlənilməsi böyük mədəni hadisə hesab olunmalıdır. Rəqsin uğurları bunla kifayətlənmir. Əsər 1936-cı ildə Səid Rüstəmov (1907–1983) tərəfindən notlaşdırılaraq “Azərbaycan xalq musiqisinin antalogiyası”na da daxil olunmuşdur. 

Rəqsə bəstəkarların yaradıcılığında da rast gəlinir. Bunlardan Azərbaycan klassik musiqisinin yaradıcısı dahi Üzeyir bəy Hacıbəyli (1885–1948) “Arşın mal alan“ musiqili komediyasında, Əfrasiyab Bədəlbəyli (1907–1976) “Qız qalası” baletində, hətta dünya bəstəkarlarından Bela Bartok (1881–1945) 3-cü kvartetində, Reynold Qliyer (1874–1956) Simfonik orkestr üçün yazdığı “Təntənəli uvertürası”nda “Tərəkəmə” rəqsinin melodiyasından məharətlə istifadə etmişlər. 

Bununla da tərəkəmə etnonimi haqqında, tərəkəmə camaatının yaşayış tərzi, eyni zamanda tərəkəmə mövzusunun istər ədəbiyyatda, istərsə də musiqidə olan bağlılığı haqqında məqamları diqqətə çatdırırıq. Xüsusi olaraq vurğulamaq istəyirik ki, araşdırmalarımız əsasən adət-ənənələr əsasında aparılmışdır. Tərəkəməçilik beyləqanlıların həyat tərzi kimi, bu gün də mövcuddur və davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.