
Super User
Ahıl yaşında kross qaçan, turnikdə durmadan dartınan, yorulmadan üzən bir şəxsin GƏNCLƏRƏ NƏSİHƏTİ
Abdulla Atakişiyev, Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü - “Ədəbiyyat və incəsənət” portalı üçün
Hazırda bütün diqqətlər Parisə - növbəti Yay Olimpiya Oyunlarına yönəldilib. Amma idman yalnız stadionlarda, zallarda, hovuzlarda düzənlənən mübarizələrdirmi? Xeyir!
Bütün tarixi dövrlərdə xalqını, vətənini sevən hər bir kəs sağlam nəsil formalaşdırmaq haqda fikirləşib. Vətən torpağında işləyib, onu inkişaf etdirmək üçün, Vətən sərhədlərini yağı düşməndən qorumaq üçün fiziki və əqli cəhətdən sağlam nəsil yetişməlidir. Danılmaz faktdır ki, sağlam bədəndə sağlam ruh olar. Sağlamlığın əsas faktorlarından biri, bəlkə də birincisi hərəkətdir, fiziki tərbiyə və idmandır. Fiziki tərbiyə nəinki insan bədənini inkişaf etdirir, möhkəmlədir, eyni zamanda onun ruhunu cilalayır, daha insani hisslər aşılayır. Maraqlı haldır ki, Şərq idman məktəblərində idman idmançını həm fiziki, həm də ruhi cəhətdən inkişaf etdirib möhkəmlədir. Bu iki faktoru bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.
Fiziki tərbiyə və idman çox ağır zəhmət, iradə və dözüm tələb edir. İnsanda güclü xarakter formalaşmasına kömək edir. İlk qələbə əzmi yaranır, ilk qələbə sevinci duyulur. Qalib gəlmək məktəbi məhz burada, bu yolda yaranır. İnsanda öz gücünə, iradəsinə inam meydana gəlir. İnsan özünü ilk dəfə qalib rolunda görür.İlk baxışdan asan və cəlbedici görünən bu yol çox çətin, ağır zəhmət, iradə və dözüm tələb edən bir yoldur. Bu yolda hər adam tab gətirə bilmir. İdman ancaq cəsurları sevir, qiymətləndirir və yüksəldir.Əlbəttə, yüksək nəticələr qazanmaq üçün idmanın hər hansı bir növü ilə məşğul olmaq, idman zallarında gərgin və müntəzəm məçqlər aparmaq, qələbə ruhu ilə yaşamaq lazımdır.
Ancaq bu yolun kütləvi surətdə hamı tərəfindən keçilməsi mümkün olmayan bir işdir. Bununla belə, gündəlik ruh yüksəkliyi qazanmaq, sağlam hıyat tərzi keçirmək üçün fiziki tərbiyə və hazırlıq işi ilə məşğul olmaq mümkündür. Bunun üçün ancaq olan boş vaxtdan səmərəli istifadə edib, fiziki tərbiyə, hazırlıq işi ilə məçğul olmaq lazımdır.
Budur, səhər saat altını vurur. Böyük ruh yüksəkliyi ilə yorğanı üstündən atıb ayağa qalxırsan. Bu hərəkəti etmək üçün çox fikirləşib, götür-qoy etmisən, ancaq hər səhər tezdən durmaq lazım gəldikdə isə, bu işi sabaha qədər təxirə salmısan. Beləcə günlər ötmüş, aylar keçmişdir. İndi isə ən böyük qələbə - səhərin şirin yuxusuna qələbə çalınmışdır. Artıq sən həyətdəsən. Xırda addımlarla üzü küləyə doğru qaçırsan. Budur sağlam həyat tərzinin başlanğıcı. İlk addım atıldı. Gündəlik fiziki tərbiyə və idmanı həyatımızın amalına, məqsədinə çevirməliyik. Bu işi o dərəcədə inkişaf etdirməliyik ki, gündəlik vərdişə, hətta adətə çevrilsin. Həyatımızı idmansız təsəvvür etməyək. İdman yaxşı şeydir, o, insanı möhkəmlədir. Ancaq idman köməkçidir. İnsan hər tərəfli inkişaf etməlidir. Belə ki, o, yaxşı qaçmağı, üzməyi, sürətlə və gözəl yeriməyi bacarmalıdır. Bir sözlə, insanın hər bir orqanı saz, özü isə normal və sağlam adam olmalıdır. Bunun yeganə yolu isə idman və fiziki tərbiyədir. Bu yolda qazanılan ən boyük rekord möhkəm can sağlığı olacaqdır.Fiziki tərbiyə və idmanla yaxından dostluq insanı səmərəli çalışmağa, şən dincəlməyə, həyatın dolğunluğunu gənclikdə və yetkin yaşlarda duymağa kömək edəcəkdir.İdmançını ilk baxışda tanımaq olur. O, yığcam və təmkinlidir, hərəkətləri dəqiqdir. Əzələləri qabarıq, üzünün rəngi sağlamdır. Hətta yaşı çox olsa da, öz tay-tuşlarından sağlam və fəal olması ilə seçilir.İdmançı içki içmir və popiros çəkmir. İdmançı həddən artıq yemək yemir. İdmançı təkcə bədəncə yox, ruhən də möhkəm adamdır.İdmançı A.S.Avdulina idmanı və fiziki tərbiyəni belə qiymətləndirir:
“Cavanlığımda onurğa sümüyümdən ağır zədə almışdım. Mənə elə gəldi ki, bundan sonra idman haqqında düşünməyə belə dəyməz. Amma elə idmanla, fiziki əməklə məşğul olmaq, fəal həyat tərzi məni ömürlük əlil olmağa qoymadı, çalışmaq imkanı verdi.”
İdmanla, fiziki tərbiyə ilə məşğul olmaq heç vaxt gec deyil. Əgər sizin yaşınız qırxı, hətta altmışı keçmişsə fərqi yoxdur, idmançı olmağa səy gəstərin. İdman salonu qoy sizin eviniz, stadion isə sizin həyətiniz, bağça - bağ, park, bulvar olsun. Təsadüfi deyildir ki, görkəmli loğman İbn Sina yazırdı:
“İdmanla məşğul olan adamın heç bir müalicəyə ehtiyacı yoxdur. Onun müalicəsi hərəkətdir. Həm də idman hərəkətləri ilə məşğul olduqda, ona qarşı düşünülmüş münasibət əsas yer tutur. Adamın yerinə yetirdiyi hər bir hərəkət onun beynində həkk olunur və bu məşq düşünülərək edildikdə, onun təsiri daha dəyərli olur.”
İnsanları müxtəlif və çətin problemlərlə üzbəüz qoymuş müasir dünyamızda böyük idmanla məşğul olmaq bir çoxları üçün əl çatmaz olsa da, fiziki hərəkətlərlə, sağlamlıq gimnastikası ilə demək olar ki, yaşından asılı olmayaraq hamı məşğul ola bilər. Buna isə, sadəcə həvəs və məhəbbət, bir balaca da özünü müəyyən müddət ”məcbur” etmək üçün iradə lazımdır. Zəhmətə, zəhmətkeşə olan məhəbbətim, eyni zamanda məndə idmana böyük həvəs və güclü maraq tərbiyə etmişdir. Bütün İdmana olan güclü məhəbbətimə baxmayaraq, böyük idmanla məşğul olmaq imkanından xaric olmuşam. Lakin qarşıya çıxan çətinliklər nə qədər maneələr yaratsa da, idmana həvəsimi söndürə bilməmişdir, əksinə daha da alovlandırmışdır. Əldə olan imkandan və şəraitdən istifadə edərək, ancaq özüm üçün bədən tərbiyəsi və idmanla, fiziki hərəkətlərlə məşğul olmaqla, fiziki hazırlığımı artırmağa çalışmışam və eyni zamanda müəyyən mənada buna nail də olmuşam. Mən ayrılıqda götürükdükdə nə üzgüçülüyün, nə idman yerişinin, nə qaçışın əleyhinə deyiləm. Eyni zamanda konki sürməyi bacarmağın, sərrast güllə atmağın, ağırlıq qaldırmağın, turnikdə mürəkkəb hərəkətlər etməyin, hündürlüyə tullanmağın və yaxşı tennis oynamağın da, bir sözlə insan həyatı üçün vacib fiziki bacarıq və səriştənin tərəfdarıyam.Məhz bunların vəhdəti fiziki kamilliyə yol açır, insanı uzun ömürıü edir. Bu dediklərimizə canlı sübut olaraq və bir az da təvəzökarlıqdan kənar olsa da qeyd etmək istəyirəm ki, mən idman qaçışını, velosiped sürməyi, piyada uzaq və enişli - yoxuşlu yollarla gəzməyi, ağırlıq daşları qaldırmağı, üzməyi, turnikdə ayrı-ayrı normativ hərəkətləri etməyi, şərq döyüş növlərindən götürülmüş müxtəlif qaydaları məşq etməyi bacarır, bunlarla məşğul olur, hər bir fiziki hərəkətdən zövq alıram. Bir az gurultulu səslənsə də həyatımı idmansız təsəvvür edə bilmirəm. Lap gənclik illərində hərbi xidmət dövründə iki mindən artıq əsgər və zabitin xidmət etdiyi hərbi hissədə keçirilən turnik hərəkətləri üzrə idman yarışında 1976-cı ildə 3-cü, 1977-ci il ilin may ayında isə 1-ci yerə layiq görülmüşəm. Komandanlıq tərəfindən medal və tərifnamə ilə təltif olunmuşam. Bu yarışlardan başqa heç bir idman yarışında iştirak edə bilməmişəm, qismət olmayıb. Ancaq çətinliklərə baxmayaraq, həmişə öz üzərimdə işləyib bir növ öz idman formamı saxlamağa çalışmışam. Bundan başqa, müxtəlif vaxtlarda və müxtəlif idman növləri üzrə ”çempionatlar”ımı keçirmişəm. Bir az qeyri-adi səslənsə də, bu ”çempionatlar”ın qalibi olaraq “Çempion” adına layiq görülmüşəm.
Hələ Gəmiçiliyin birləşmiş yataqxanasında yaşayan vaxt səhərlər Akademiya bağında qaçar, müxtəlif idman hərəkətlərini yerinə yetirərdim. Bir saat davam edən ilk uzaq məsafəli qaçış “Yarış”ının marşrutu yataqxanadan başlayır, Olmip mağazasının qabağından keçərək, S.Vurğun küçəsindən keçərək, Neftçilər prospekti, Bakı soveti metro stansiyası, Şəhidlər Xiyabanı, H.Cavid prospekti ilə keçib yenə yataqxananın qabağında başa çatırdı.Sonralar isə bu qaçışın vaxtı və məsafəsi tədricən artırılırdı. 2 saat 30 dəqiqəlik qaçışın məsafəsi isə Yeni Günəşli qəsəbəsində poçt binasının qabağından başlayaraq, Hövsan qəsəbəsinə və geriyə davam etdi.
Velosiped idmanı da ən çox marağıma səbəb olan idman növüdür. Müntəzəm olaraq bü idman növü ilə məşğul olur, uzaq məsafələr qət etməyə cəhd göstərirəm. Ən böyük arzularımdan biri tezliklə azad edəcəyimiz Qarabağ torpaqları da daxil olmaqla bütün Azərbaycanı qarış-qarış gəzməkdən ibarətdir.
Ağır çəkili daşları çox asanlıqla oynadan daş pəhləvanlarına həmişə qibtə hissləri ilə baxmışam. Ona görə də gənc yaşlarımdan 24, 32kq.-lıq ağırlıq daşları ilə də müntəzəm məşqlər edərdim, bu daşlar məni təmin etmədiyindən sonradan qeyri-standart, çəkisi 57kq. olan bir ağırlıq daşı düzəltmişdim. Tək əlimlə həmin daşı 10 dəfələrlə qaldırardım. Güc təcəssümü olan həmın daşı gəncliyin yadigarı kimi bu gün də saxlayıram. Əllərimdəki qabarların bir çoxu məhz bu ağırlıq daşlarından qalmadır.
Piyada gəzmək insan orqanizmi üçün həddən artıq xeyirdir. Özü də bunun üçün heç bir idman zalı, idman aləti lazım deyildir, ancaq həvəs və səbr. Mən piyada gəzməyə də çox üstünlük verirəm. Saatlarla piyada gəzməkdən zövq alıram. Yayda çox vaxt Zığ qəsəbəsi yaxınlığında dərə-təpəli torpaq yollarda tər tökərək gəzmək mənim adi işimdir.
Üzmək, üzgüçülük isə daha yüksək səviyyəli, hörmətəlayiq idman növlərindən biridir. Təəssüf hissi və ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, ərazimizin bir hissəsinin Xəzər sahilində yerləşməsinə, torpaqlarımızda su hövzələrinin, çayların çoxluq təşkil etməsinə baxmayaraq, üzməyi bacaranların sayı ölkəmizdə həddən artıq azdır.Acınacaqlı haldır ki, həyatlarının çox hissəsini sular qoynunda keçirən dənizçilərimiz arasında üzməyi bacaranları barmaqla saymaq olar. Dənizə baxaraq, ilhama gələrək yeni - yeni sənət əsərləri yaradan sənətkarlarımıza həddən artıq hörmət hissi ilə yanaşıram. Çox istərdim ki, onlar dənizi daxildən duymağı, mavi dalğalarla yarışmağı da bacarsınlar.Mən isə özümü mavi sular qoynunda, çılğın dalğalar qoynunda daha sərbəst hiss edirəm. Sərbəst üsulla iki saatdan artıq bir vaxtda üzərək bu ”Çempionat”ın da qalibi olmağa cəhd göstərmişəm. Mən deyərdim ki, hər bir azərbaycanlı üzməyi bacarmalıdır. Bu bizim devizimiz, simvolumuz olmalıdır. Xəzərin sahilində yaşayaraq üzməyi bacarmamaq ən azı biabırçılıqdır.Yaxın dostum Rasimin başına gələn bir faciəvi hadisə bir daha məni bu barədə düşünməyə vadar edir. Rasim ailəsi ilə dənizə, yayın istisindən müvəqqəti xilas olmağa gedir. Dənizdə çimərək üzməyi öyrənmək istəyir. Suyun dizinə qədər çıxdığı bir yerdə arxası üstə uzanaraq üzməyə çalışır. Ancaq adi üzmək vərdişi olmadığından suyun belə bir dayaz yerində su onu batırır. Nə qədər çalışsa da nə ayağa dura bilir, nə də üzü üstə çevrilə. Xoşbəxtlikdən kiçik dalğalar onu yaxında olan sahilə çıxarır. O, suyun daha dayaz yerində qumun üstündə uzanaraq, nəfəsini alıb ayağa qalxır. Bir növ düşdüyü vəziyyətdən utanır, xəcalət çəkir.
Artıq 30 ilə yaxındır ki, hərbi xidməti başa vurmağıma baxmayaraq, bu gün də böyük həvəslə turnik idman növü ilə məşğul oluram. Ona görə də əllərimdən qabalar əskik olmur. Bu gün də 30 il qabaqkı cəldiklə və həvəslə bütün əsgəri normativləri yerinə yetirmək bacarığına malikəm. Hərdən dost-tanışlarım, qohumlarım bu illərlə qazandığım vərdişlərdən əl çəkməyimi məsləhət bilirlər. Mən isə hələlik eyni həvəslə, məşqlərimi davam etdirirəm. Əllərimdəki qabarlar bir növ mənim gerbimdir, bayrağımdır.Hərdən yarı gerçək, yarı zarafat evdəkilərə deyirəm: ”Nə vaxt görsəniz ki, mən daha səhər saat 6-da yuxudan durmuram, idman hərəkətləri etmirəm, əllərimdəki qabarlar tədricən yoxa çıxır, bilin ki, qocalıram, həyatımın günəşi artıq yavaş-yavaş qüruba enir.!!!”Bir şeyi də qeyd etmək istəyirəm ki, çox vaxt insanlarda belə bir fikir formalaşır. İdman sağlamlıqdır. İdmançı uzun ömürlü olmalıdır. Həqiqətdə isə belə deyildir, idman sağlam həyat tərzidir.Həyat - ömür isə Yaradan Tanrı tərəfindən təyin edilmiş vaxtdır. İdmançı yaşadığı bu vaxtı ayaq üstə, cəld, çevik, sağlam, fəal həyat tərzi şəraitində keçirir. “Sağlamlığının qayğısına qalmayanlar isə əslində özlərinə ölüm hökmü oxuyurlar.”
Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar. Müstəqil Azərbaycanımızda yaranan abu-hava, iqtisadi, siyasi şərait yetişən gənc nəsil arasında idmanın kütləviliyinə təkan verməlidir.Məktəblərimizdə aparılan idman dərslərinin səviyyəsi o dərəcədə yüksəlməlidir ki, orta məktəbi bitirən hər bir gənc nəinki ruhən, həm də fiziki cəhətdən yuxarıda sadaladığımız vərdişlərə yiyələnərək işğal olunmuş vətən torpaqlarını düşmən tapdağından xilas edə bilən qəhrəman, xilaskar Azərbaycan əsgərinə çevrilə bilsin.
Son olaraq bir daha qeyd etmək istəyirəm ki, hansı yaşda olmağınızdan asılı olmayaraq müəyyən idman hərəkətləri ilə məşğul olmağa çalışın. Hətta mahir idmançı ola bilməsəniz də, zərər çəkməzsiniz. Sizin rekordunuz möhkəm cansağlığı olacaqdır.Siz bəzən öz yaşınızdan şikayətlənirsiniz? Sağlamlığınız isə əladır, işiniz maraqlıdır. Lakin siz özünüzü qoca hesab edirsiniz. Nə üçün? Görünür, ona görə ki, sizdə hələ “əlli yaşında nəyə isə başlamaq, girişmək, öyrənmək, əylənmək gecdir” kimi köhnəlmiş fikir çox möhkəmdir.
Bu düz deyildir və zərərlidir.Ürək nə qədər döyünürsə ömrünüzü tam, mənalı yaşayın. Hesab etməyin ki, 40 və ya 50 yaşında siz artıq qocalmısınız. Bu nə qocalıqdır, nə də onun müjdəçisi. Bu da gənclikdir. Qoy bu ikinci, öz fizioloji proseslərinə görə birincidən bir qədər fərqlənən gənclik olsun, lakin son nəticədə gəncliyin keçirdiyi həyat sevincləri yetkin insana da müəyəssərdir!İnsan sağlam həyat tərzi keçiriməklə, idman və fiziki tərbiyə ilə müntəzəm məşğul olmaqla ömrünün son dəqiqələrinə qədər fəal, müstəqil və yaradıcı həyat sürə bilər. Odur ki, yaşınızdan asılı olmayaraq bədəninizi bürüyən tərdən, əllərinizdə yaranan qabarlardan qorxmadan həyatda idman vərdişlərinə yiyələnməyə çalışın! Beləliklə, əziz dostlar, sizə uğurlar, müvəffəqiyyətlər!!! Unutmayın ki, İDMAN HƏYATDIR, HƏTTA BİR AZ DA ONDAN ÇOX!!!
Redaksiyadan: Gənclərimizi daha sağlam, gümrah həyata, uğurlu karyeraya sövq edən Abdulla Atakişiyevlə sizləri daha yaxından tanış etmək üçün sabah əmıkdaşımız Habil Yaşarın onunla müsahibəsini təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
Yenilikçi rəssam - NƏSƏNAĞA MUSTAFAYEVİN DOĞUM GÜNÜDÜR
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Əsl sənət sənətkardakı qarşısıalınmaz istəkdən yaranır deyirlər, bu gün Azərbaycan sovet təsviri sənətində ofort, ksiloqrafiya və linoqravüra texnikalarını ilk dəfə tətbiq edən rəssam Həsənağa Mustafayevin doğum günüdür.
Teatr rəssamı kimi tanınmış Həsənağa Mustafayev 1896-cı il avqust ayının 1-də Bakıda anadan olub. O, 1925-ci ildə Bakı Ali Rəssamlıq Məktəbini, 1931-ci ildə Moskva Ali Bədii Texniki İnstitutunu bitirib. 1933-1937-ci illərdə SSRİ Böyük Teatrında fəaliyyət göstərib. Azərbaycan Opera və Balet Teatrında “Nərgiz”, “Şah İsmayıl”, “Stansiya nəzarətçisi” və s. kimi operalara, Azərbaycan Musiqili Komediya Teatrında “Evliykən subay”, “Beş manatlıq gəlin”, ”O olmasın, bu olsun” və s. komediyalarına bədii tərtibat vermişdir. Azərbaycan sovet təsviri sənətində ofort, ksiloqrafiya və linoqravüra texnikalarını ilk dəfə tətbiq edən də məhz Həsənağa Mustafayev olmuşdur. “Arabaçı” (ofort), “Üzüm” yığımı” (ksiloqrafiya), “Zorxana” (linoqravüra) kimi əsərləri onun ən çox diqqət çəkən əsərləri sıraslndadır
Həsənağa Mustafayev 1938-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1940-cı ildə “Əməkdar artist” fəxri adlarna layiq görülmüşdür. O, 1977-ci il aprel ayının 22-də Bakıda vəfat edib.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
Gülnarə Xəlilovanın əsərləri Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq
Qədim Azərbaycan incəsənət nümunələri dizayner Gülnarə Xəlilovanın əsərlərində avqustun 1-dən 4-dək Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq.
AzərTAC xəbər verir ki, qonaqlara orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək üzərində işləri əks etdirən iki "Miniatür" və "Cizgi" kolleksiyası təqdim olunacaq.
Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin sahibidir. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
YAZARLARIN İSTİRAHƏT YARADICILIĞI -bu dəfə Əkbər Qoşalı ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Sevilən şair Əkbər Qoşalı bu isti iyul günlərində istirahətini Nabrandan saldı və Xəzər sahilində gözəl bir şeir yarandı. Əsl istirahət oxqatlı, tamamən nikbin.
Buyurun, siz də feyziyab olun.
Dəniz qovur istini
Öz istim yetər deyir
Nə Günəş yox olacaq,
Nə Xəzər itər deyir.
Sahildə nə hikmət var? -
Fikirlilər axışar
hər axşam-səhər deyir;
Özüm də darıxıram
Adamdan betər deyir…
Hər sahilə gəlişim
Özümdən qaçışımdır;
Dodağımdı dalğalar -
Qara torpaq, ağ alın,
İzn ver, öpəm deyir…
Dəniz-Torpaq sevgisi
heç zaman bitən deyil.
Tanrı verib bu hökmü,
Qiyamət günündə də,
O höküm keçər deyir.
Bu da şair alxışı:
Dalğana təpər! deyir.
O qədər öyrəşmişik -
Mən əl edib gedirəm,
Şahə qalxır dalğalar
Mənə elə gəlir ki,
uzaqdan “Əkbər!..” deyir…
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
GÜLÜŞ KLUBUnda təyyarədəki gözəlçə
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Təyyarə səmanın ənginlikləri ilə uçur.
Gənc qız ədayla yanında əyləşmiş kişiyə deyir:
-Bu düzdür ki, kişi müştərilər aviakompaniyalara yanlarında qəşəng qızların oturdulması üçün əlavə pul verirlər?
Kişi baxışlarını illüminatordan çəkməyərək söyləyir:
-Bəli, düzdür. Amma mən bu xidmətdən həmişə imtina edirəm.
2.
Düşmənlik qaydalarına əməl edən düşmənlər cəmiyyəti dostluq qaydalarına əməl etməyən dostluq cəmiyyətindən daha yaxşıdır.
3
Belə bir versiya var ki, Trampın qulağını güllə ilə vurmağı Mayk Tayson sifariş edib.
4.
Koronavirus bütün qoxuları insana əlçatmaz edər, təkcə pulun qoxusuna bata bilməz.
5.
Ay sürünmək üçün yaranan, sənin axı yıxılmaqdan nə qorxun ola bilər?
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Toyuqla zoğal müsəmməsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Toyuqla zoğal müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Toyuq əti – 159 qr
§ Soğan – 35 qr
§ Ərinmiş kərə yağı – 30 qr
§ Zoğal – 50 qr
§ Badam – 25 qr
§ Axta zoğal – 25 qr
§ Şəkər tozu – 10 qr
§ Sarımsaq – 2 qr
§ Limon – 10 qr
§ Sarıkök – 0,2 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Toyuq ütülür, oynaq hissələrindən tikələrə doğranır, yuyulur. Xırda sümükləri, dərisi təmizlənir. Tavada (qazanda) yağ əridilir və doğranmış toyuq yarı qızardılır. Üzərinə aypa- ra şəklində doğranmış soğan, xırda doğranmış sarımsaq əlavə edilir və bir yerdə qızardılır. Soğan qızarana yaxın təmizlənmiş badam, yuyulmuş axta zoğal, duz, istiot, sarıkök, zən- cəfil vurulur və səliqə ilə qarışdırılır. Üzərinə su və ya toyuq işgənəsi əlavə olunur, ağzı bağlanır və vam odda bişirilir. Tam bişdikdə 5 dəqiqə müddətində yer dəmi alır. Həmin müddət ərzində zoğal təmizlənir. Üzərinə yağ, şəkər tozu əlavə olunur, tavada və ya sobada qızardılır. Hazır xörək buluda çəkilir, üzərinə günbəz şək- lində qızardılmış zoğal düzülür, limon sıxılır və süfrəyə verilir. Toyuqla zoğal müsəmməsi ayrıca, həm də çilov və plovlarla verilə bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
STATUS YAĞIŞI - Cəlil Cavanşir ilə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını şair Cəlil Cavanşir üçün açır. Buyurun.
Liberalların sözüdür, deyir bir məhsulu ala bilmirsinizsə, deməli, o sizin üçün istehsal edilməyib. Necə gözəl təsəllidir. Mən də elə bilirdim ki, bahalı markalar, idman maşınları mənim üçün istehsal edilib, mən ala bilmirəm. Əməlli-başlı sakitləşdim.
Şükür, heç olmasa bu yaşımda bir dəstə nanə, 1-2 limon ala bilirəm. Bir az düşündüm, İsmayıllı şoru da məhz mənim kimilər üçün istehsal edilib.
Ümumiyyətlə bu günlər liberal və nikbinəm.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
Bu dəfə Rixard Zorgeni “xoşbəxt etdilər”
Mədəniyyət Nazirliyi gözəl bir iş həyata keçirir. Bakı şəhərində heykəltaraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması layihəsi çərçivəsində növbəti təmizləmə-abadlıq işləri davam etməkdədir. Növbəti təmizləmə-abadlıq işləri Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə 1981-ci ildə Bakıda ucaldılmış abidə üzərində aparılıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə isrinadən xəbər verir ki, hazırda Zorge abidəsi üzərində yüksəktəzyiqli su püskürmə üsulu ilə təmizləmə işləri yekunlaşıb.
Qeyd edək ki, abidənin müəllifləri heykəltaraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Abidənin quruluşu qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulub. Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilib. Müəllif kəşfiyyatçının gözlərinə xüsusi diqqət verib.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)
ƏN YENİ POEZİYA: “Hər daşın altında bir ilan yatır”, Faiq Hüseynbəyli
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli “Hər daşın altında bir ilan yatır” söyləyəcək.
Doğrulardı adamlar,
yalanlardı adamlar.
Dünyanın yaddaşında
qalanlardı adamlar.
Adamlardı ilanlar,
ilanlardı adamlar.
Hər daşın altında bir ilan yatır.
Ayaqlar yorğun düşüb,
baş danışır dərdini,
Balıqların diliylə
quş danışır dərdini.
Adamlar daşa dönüb,
daş danışır dərdini.
Hər daşın altında bir ilan yatır.
İzlər düşüb yolların
ağına-qarasına.
Fikrin əlindən gedək
dünyanın harasına?
Ağırdı söz yarası,
duz basıb yarasına-
Hər daşın altında bir ilan yatır.
Ömrün xoş məqamında,
Şirin çağında yatır.
Həqiqətlər solunda,
Yalan sağında, yatır.
Yatır papaq altında,
Fil qulağında yatır,
Hər daşın altında bir ilan yatır.
Ədəbiyyat və incəsənət”
(01.08.2024)
“Yumurta genosidi” - NOVELLA
Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”
Biz rayondan Bakıya köçməmişdən əvvəl mənim böyükəmim xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Əmimin yası olan vaxtı mənim hələ 10 yaşım var idi və mən evdə yas vaxtı gətir-götür işlərini görürdüm. Bildiyiniz "Bəyin oğurlanması" filmindəki Miriş kimi hiss edirdim özümü.
Bizim evimiz əmimin evi ilə qonşu idi və evlərin sıxlığı nəzərə alınaraq kişilər əmimgildə, qadınlar isə bizim evdə əyləşmişdilər. Bizim ev daha əlverisli olduğu üçün Bakıdan gələn qonaqlar bizim evdə gecələməli oldular.
Qonaqlar Bakıya aparacaqları lazımlı olan yüklərini, "kənd məhsulları"nı bizim evdə saxlayırdılar.
Özləri üçün həm dad baxımından, həm də maddiyat baxımından daha əlverisli olan yumurta almaq qərarına gəlib anamla danışdılar, yumurta almaq istədiklərini deyəndə, anam da: - Ay qızlar, narahat olmayın, başınıza dönüm, mən tapacam sizinçün, - deyib qohumlarımızın ürəyinə sərin su səpdi ki, yumurta işini həll edəcək. Daha haradan biləydi ki, nələr olacaq....
Anamın "böyük axtarışları" nəticəsində lazım olacaq qədər, yəni 100 ədəd yumurta tapıldı və mənim qaldığım otağın bir küncünə saxlamağa qoyuldu. Mən əl uşağı olan Miriş vəzifəmdən yorulub bir az dincəlmək üçün otağıma daxil olmuşdum ki, gözümə yimurtalara sataşdı, 100 ədəd yumurtanı gördüm. Mən o zaman bu yumurtaların bizim olduğunu sanmışdım... Qismət, belə deyilmiş. Otaqda bu qədər yumurtanı bir yerdə gördüyüm an gözlərimə işıq gəldi, əcəl girlədi məni, sanki gedib qaldım yumurtaların yanında. Bir az fikirləşdikdən sonra ikisini götürüb toqquşdurdum, bu yumurtalararası savaşdan nə qədər ləzzət aldığımı sözlə ifadə edə bilmərəm. Bu zaman mənim iki bacım da otağıma daxil olub nəsə oynamaq istəyirdilər ki, bu cür "gözəl turniri" görüb sevindilər, biri sağ, digəri də sol yanımda əyləşdilər, astaca sual verməyə başladılar
Sağ tərəfimdə əyləşən:
-Meri qaqa, bu yumurtalar haradandır, noolar de də. Ay Meri qaqa!
Sol tərəfimdə əyləşən:
-Meri qaqa, biz də oynaya bilərik sənlə?
Mən: -Hə, oynayaq, bacı, sən bunu tut, -deyib sola əlimi uzadaraq yumurtanı verdim.
Sonra sağa əlimi uzadıb: -Bacı, sən də bunu tut, baxın ha, ikinizə də deyirəm, yumurtanı toqquşduranda elə vurun ki, cığallıq olmasın, düzgün oynayaq, -dedim.
Və qıraqda hakim ədası ilə dayanıb yumurtaların bir-birinə dəyib şakkıltı ilə qırılmasını seyr edirdim.
Bu "yarışa" sonra mən də qoşuldum. Necə maraqlı idisə 20-dəqiqəyə yumurtaların hamısın qırıb bitirdik.
Həm də ki, toqquşduranda "qayda pozuntusu" edib cox sınan yumurtanı bilinməsin deyə həyətə atırdıq. Yumurtaların axırına cıxandan sonra getdik həyətə oynamağa .
Yarım saat keçməmişdi yuxarıdan bir çığırtı səsi gəldi ki, qulaqlarım tutuldu. Həyəcandan bilmədim nə edim, birbaşa qaçdım əmimgilin evinə.
Bir də eşitdim ki, evdən məni çağırırlar, artıq hər şeyin fərqinə rahatlıqla varırdım, həmin vaxdı ürəyim bəlkə də dəqiqədə 300 dəfə döyünürdü. Bu həyəcanla qayıtdım evə, evdəkilər məni görcək atıldılar üstümə, şikarını görən aslanlar kimi bir sağdan, bir soldan, vurmağa başladılar. Daha məni öldürməkdən betər etdilər. Həmin iki bacımı da anam baş-başa elə vurdu ki, gözlərindən qığılcım çıxdı. Kimsə onların gözlərinə baxsa idi, o zaman "qızların gözlərindən işıq çıxır, yəqin ki, istedad işıqıdır" deyə düşünərdilər. Həmin günü ancaq yükün böyük qismi mənim çiyinlərimə düşmüşdü, bacılarım zərif cins olduqları üçün yalnız baş-başa toqquşma ilə sonlandılar, amma mən oğlan və bir az da dəcəl olduğum üçün tənbehlə şiddətli döyülmək hissini eyni anda yaşadım. Həmin günü əmimin ölümü və yumurta əhvalatından dolayı, içimdə qarışıq hisslərim var idi.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)