
Super User
STATUS YAĞIŞI - Siz bir kitabxanaçıya baxın!
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Naxçıvanda yaşayan gənc şair Gülay Tahirli üçün açır.
Buyurun.
Kitab mağazasındayam, Əli Kərimin kitabı olub-olmadığını soruşuram.
Satıcı şoka düşür, gözləri bərəlir: “Nə? Əli Kərimli kitab da yazır? Siz onun kitabını neyləyirsiniz?”
Deyirəm ki, Əli Kərim… Şair… 1931-1969-cu illərdə yaşayıb…
Dəhşətdir, məşhur şairi tanımır.
Bütün günü kitabların əhatəsində olan adam belədirsə, digərlərini təsəvvür etmək elə də çətin deyil…
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
ƏN YENİ POEZİYA: “Ürəyim”, Rəfail İncəyurd
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün gənc Rəfail İncəyurd bu çətin zamanlara sinə gərən ürəyindən söz açacaq.
Şeir bu gün yazılıb.
Ürəyim
Bapbalaca uşaq kimi sinəmdə
Gah ağladı, gah kiridi ürəyim.
Əməlləri qıl körpüdə gözləyən
Ömrün hinkir-minkiridi ürəyim.
Qayğıları gərək başnan bölə ki,
Çırpınmaya gecə-gündüz höləki.
Varlığımı yolda qoymur hələ ki,
Qatar ömrün təkəridi ürəyim.
Sədaqətlə mehrlənib sanıma,
Təpər oldu qalası hər anıma.
Zulum çəkdi can verdikcə canıma,
Nəfəsimin nökəridi ürəyim.
O, cəfakeş, o, ağıllı, o, dəli,
Boynundadı həyatın son bədəli.
Qonaq gələn arzuların oteli,
Qayğıların yurd yeridi ürəyim.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
“Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi təşkil olunur
Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.
Mərkəzdən AzərTAC-a bildirilib ki, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.
Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.
İştirakçılar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.
Müraciət üçün son tarix cari il oktyabrın15-dir.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
Bakıda Bəhreyn rəssamlarının geniş sərgisi açılacaq
RAK İncəsənət Fondu Bəhreyn Krallığının İncəsənətini Bakıda nümayiş etdirmək məqsədilə “QGallery” ilə əməkdaşlığa başlayıb.
Bəhreyn Krallığında fəaliyyət göstərən RAK İncəsənət Fondu müxtəlif nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərindən ibarət ən seçmə nümunələri Azərbaycan seyrçisinə təqdim edəcək. Bu məqsədlə o, paytaxtın məşhur rəsm qalereyası olan “QGallery” ilə əməkdaşlıq çərçivəsində Bakıda sərgi açacaq.
“QGallery”dən AzərTAC-a bildirilib ki, RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xəlifə tərəfindən illər ərzində müxtəlif sənət sərgilərindən əldə edilmiş və RAK İncəsənət Fondunun kolleksiyasının qızıl fondundan olan Bəhreyn rəssamlarının əsərləri avqustun 30-da sözügedən ünvanda nümayiş etdiriləcək.
Belə bir əməkdaşlığın məqsədi bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdən ibarətdir. Bu isə incəsənət həvəskarları və kolleksiyaçılara Bəhreyn müasir incəsənətinin gözəlliyinə və əsərlərdəki fəlsəfi yanaşmalar aləminə baş vurmaq və o məqamlarda yaşamaq üçün unikal bir imkan deməkdir.
RAK İncəsənət Fondunun təsisçisi, rəssam Rəşid Əl Xəlifə diqqəti bu əməkdaşlığın faydası və perspektivliliyinə cəlb edərək deyib: "Bəhreynli rəssamların tükənməz istedadını “QGallery” və Azərbaycandakı sənətsevərlərlə bölüşmək fürsətinə malik olduğumdan xeyli məmnunam. Belə bir səmərəli əməkdaşlıq şübhəsiz ki, Azərbaycan və Bəhreyn arasında ümumbəşəri sənət dili vasitəsilə qarşılıqlı anlaşma və dəyərləndirməyə vasitə olmaqla, uğurlu mədəni mübadilələr silsiləsinin başlanğıcıdır.
RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlıq və anlaşmanı təşviq edir. Bu fond mədəniyyətlərarası əməkdaşlıq və mübadilələri asanlaşdırmaq məqsədilə Bəhreyn sənətini qlobal miqyasda təbliğ etməyə sadiqdir. O, incəsənət vasitəsilə innovasiya, davamlılıq və müsbət dəyişikliyi müdafiə edərək tənqidi müzakirələrə və sosial dialoqa töhfə vermək qətiyyətindədir”.
“QGallery”nin təsisçisi Emin Məmmədov isə bu əməkdaşlığı belə qiymətləndirib: “Rəssam Rəşid Əl Xəlifə və RAK İncəsənət Fondu ilə əməkdaşlığımız incəsənətin beynəlxalq dostluq və mədəni anlaşmanın daha geniş təşəkkül tapmasına bariz bir sübutdur. Biz, Bəhreyn müasir incəsənəti və hörmətli rəssam Rəşid Əl Xəlifə ilə mənalı görüşlərdən sonra bu nəcib amalın təşviqinin qaçılmaz olduğu qənaətinə gəldik və Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılacağından məmnuniyyət hissi keçiririk. İnanıram ki, bu ölkələrimiz arasında gələcək mübadilə və tərəfdaşlıq imkanlarının daha geniş vüsət alacağı ilə nəticələnəcəkdir”.
Qeyri-kommersiya təşkilatı olan RAK İncəsənət Fondu rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər və əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.
Xatırladaq ki, 1999-cu ildə Azərbaycanın görkəmli rəssamı və professoru Səlhab Məmmədov tərəfindən yaradılmış “QGallery” eksklüziv olaraq əsrarəngiz və müasir Azərbaycan incəsənət şedevrlərini nümayiş etdirir. Qalereya sərgilər, kolleksiyalar və kommersiya fəaliyyətləri üçün dinamik bir mərkəz olmaqla yanaşı, zəngin Azərbaycan incəsənət mənzərəsini təbliğ etmək və paylaşmaq üçün beynəlxalq incəsənət yarmarkalarında və müsabiqələrdə fəal iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
İsi Məlikzadə yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler”, “Haber 232” portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin türk dilinə uyğunlaşdırılmış “Talisman” hekayəsinin yayımına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, hekayəni türk dilinə uyğunlaşdıran Mərkəzin türk dili mütəxəssisi Sənan Nağıdır.
Geniş oxucu auditoriyasının izlədiyi portallar mütəmadi olaraq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermontov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək
Sentyabr ayında Qazaxıstanın paytaxtı Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi təşkil olunacaq.
AzərTAC xəbər verir ki, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə istedadlı gənc vokalçıların parlaması və dəstəklənməsi üçün mühüm meydan olacaq.
Nazirliyin yaydığı məlumata görə, estrada janrında oxuyan respublika, beynəlxalq və televiziya müsabiqələrinin 18-35 yaşlı iştirakçıları, həmçinin mədəniyyət və incəsənət profilli ali məktəblərin tələbələri müsabiqəyə qatıla bilərlər. İştirakçılar ərizələrini sentyabrın 1-dək təqdim etməlidirlər.
Müraciət üçün əsas şərt Roza Baqlanovanın repertuarından bir mahnının ifa edilməsidir ki, bu da hər bir iştirakçının böyük qazax müğənnisinin irsi ilə tanışlığına və öz məharətini beynəlxalq səhnədə nümayiş etdirməsinə imkan verir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
GÜLÜŞ KLUBUnda kərpiclər
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Televiziyanın rəhbəri kadrlar şöbəsinin müdirini yanına çağırıb deyir:
-Bu nədir? Proqram pis gündədir. Ya ardıcıl 5 saat kino gedir, ya ardıcıl 4 saat konsert. Get təcili qəzetlərdə elan ver ki, bizə təcrübəli proqramistlər lazımdır.
2.
Tikintidə işlədiyi vaxt Dərdayıl metroya minir və görür ki, divara yazılıb vurulub ki, qatar relslərinə müxtəlif əşyalar atmaq qadağandır.
O, soyuqqanlılıqla apardığı 8 ədəd eyni cür kərpici relslərin üstünə atıb oturub maraqla gözləməyə başlayır.
3.
Bəzən hər hansı çətin vəziyyətdən çıxmağın ən asan yolu özünü o vəziyyətə girməmiş kimi göstərməkdir.
4.
İşıqlı gələcək cümə günləri gəlir. Amma bazar ertəsi ayılanda yenə özünü qaranlıq keçmişdə görürsən.
5.
Oğlan Tarqovıda yenicə tanış olduğu qızdan soruşur:
-Sən heç ekstazda olmusan?
Qız deyir:
-Yox, mən heç vaxt Kürdəmirdən, Yevlaxdan o yana getməmişəm.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
“Lal” - İlahə Səfərzadənin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi davam edir. Növbəti təqdimatda İlahə Səfərzadənin “Lal” hekayəsidir.
Həyəcandan ayağı ayağına dolaşa-dolaşa, sürətlə addımlayırdı. Hərdən şiddətlənib hərdən də yavaşıyan yağış kələ-kötür asfalta dolub hər tərəfdə gölməçə yaratmışdı. Gecə saatları olduğu üçün ətrafda, demək olar ki, adam gözə dəymirdi. Buna baxmayaraq, qıza yenə də elə gəldi ki, kimsə onu izləyir. Addımlarını yeyinlətdikcə bu qorxu hissi bütün vücudunu ağuşuna alıb ruhunu əsir alırdı. Məntiqli düşünə bilmirdi. Fikirlər beynində fırlanır, az öncə törətdiyi dəhşətli hadisənin də bu məntiqsiz düşüncənin nəticəsi olaraq meydana gəldiyini yəqin edir, lakin bu qərara gəlmək üçün illərlə düşündüyünü xatırlayıb soyuq tər tökürdü.
Anası həmişə bu misalı çəkərdi: “Qorxunun əcələ faydası yoxdur”. Hərçənd anasına nifrət edirdi. Aciz və müti olduğu üçün onu bu dünyada tanıdığı ən pis qadın olaraq qiymətləndirmişdi. Amma yaxşı ki, bu məsəli demişdi. Ən çox qorxduğu anlarda belə bu cümlə həmişə dadına çatmışdı. Düşündü ki, hər insanın həyatında mütləq mənəvi güc aldığı hansısa cümlələr olmalıdır...
Təkcə qorxudan dili tutulduğu gün talisman kimi sığındığı bu cümlə də köməyinə yetişməmişdi. Uşaq evində müəllimi onu vəhşicəsinə döyəndə yaddaşının dərinliyində silinib getməyən ləkə kimi qalmışdı. Hər dəfə qazıyıb atmağa çalışanda daha da dərin, mikroblu yaraya çevrilmişdi. Bir müddət sonra o yaranın çapığı ilə barışmış, hətta isinişmişdi ona. Bəsləyib böyütmüş, unutmamaq üçün hər gün xatırlamışdı. Uşaqkən aldığı bu yara gələcəkdə onun intiqam hissini körükləyib qisas ala bilməsi üçün stimul olacaqdı. Onu ana öz balasını əzizlədiyi kimi əzizləmişdi.
O gündən sonra bir daha danışmamışdı. Əslində, dili tutulmuşdu, yoxsa danışmadan yaşamaq ona daha rahat gəlmişdimi, bu özünün də bilmədiyi bir sirr idi. Danışıq qabiliyyətinin olub-olmaması barəsində belə heç nə bilmirdi.
Fikri qeyri-iradi olaraq eramızdan əvvəl milyon illər öncəki zamanlara getdi. Görəsən, necə olmuşdu ki, insanlar səsləri sözləri, cümlələr halına salıb, öz duyğularını ifadə etməyi öyrənmişdilər? Ya da görəsən, yaşanmış elə bir duyğu qalmışdımı onu sözlərlə ifadə etmək mümkün olmasın? Onun anasına qarşı olan bu hisslərinə nə ad vermək olardı? O, anasını həm sevir, həm də nifrət edirdi. O, anasını həm yaşatmaq istəyir, həm də ölməyini arzulayırdı. Bu ölümlə əbədi rahatlığa qovuşacağına inanırdı. Ola bilərdi, heç kimlə ünsiyyətdə olmamaq onun ağlını da əlindən almışdı. Görəsən, o hansısa müvəqqəti dəlilik sindromundan əziyyət çəkir? Hər halda, anasını öldürmək arzusuna haqq qazandırmaq üçün bu bəhanənin ardına sığınmaq ona sevimli görünürdü. Nəticədə dünyadakı bütün qatillər bir bəhanənin həndəvərində özlərini daha yüngülləşmiş cəzaya layiq görürlər.
Gözləri doldu. Anasını həmişə sevmək istəmişdi. Bəlkə də, ona olan nifrəti də mərhəmət duyğusundan irəli gəlirdi. “Mərhəmət” sözünün ağlına gəlməyinə yeni bir söz kəşf edibmiş kimi sevindi.
Birdən beyni keçmiş xatirələri dünən baş veribmiş kimi canlandırdı. Bir an gözlərini çox bərk sıxıb keçmişin ruhi xəyalətlərini qovmağa çalışsa da, bunu edə bilmədi.
Ögey atası onu öz evində istəmədiyini, uşaq evinə aparmalı olduqlarını deyəndə qapının ardından eşitdiyi bu sözlər onun üzünə şillə kimi dəymişdi. Hələ beş yaşlı uşaq olsa da, onun çəlimsiz, arıq bədəni bu sözlərin ağırlığı altında əzilirdi. Anasından ayrılmaq mümkün ola biləcək ən qorxunc hadisə idi. Düşünmüşdü, Tanrı onu cəzalandırır. Ola bilsin, qonşunun uşaqları ilə oynayarkən istəmədən öldürdükləri o pişiyə görə. Axı anası demişdi ki, heyvanları öldürmək günahdır. Hələ bu harasıdır! Tanrı o biri dünyada da onun yaxasından yapışıb cəhənnəmə vasil edəcəkdi. Cəhənnəm haqqında o qədər ciddi düşünürdü ki, elə bil bu mücərrəd bir məkan deyil, həqiqətən də, mövcud olan yerdir. Artıq iyirmi üç il keçməsinə baxmayaraq, hələ də bu fikirdə idi. Nə zamansa cəhənnəmə gedəcək. Fərqi nədir, illər sonra, ya da bu gün?!
Uşaq evindən çıxandan sonra müxtəlif işlərdə çalışmışdı. Bir də anasının harada yaşadığını öyrənə bilmişdi. O, əri öldükdən sonra tək yaşayırmış. İkinci ərindən olan uşaqları isə başqa ölkəyə işləmək üçün gediblər. Dərindən köks ötürdü. Nəfəsi çatmırdı.
Bəzən sevgi münasibətləri də yaşamışdı. Amma həmin münasibətlər möhkəmlənməyə başlayanda onu sevən adamları özündən uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. Eynən anasının uşaq vaxtı onu uşaq evinə qoyub getdiyi kimi. Çünki qəlbinin dərinliyində bir gün mütləq tərk ediləcəyinə inanırdı. Heç kim onu öz yoxluğu ilə sınayıb qürurunu parçalamadan özü onları tərk edib bundan mənəvi zövq alırdı. Ardında qoyduğu adamları düşünmək necə də xoş idi! İndi o özünü daha güclü hiss edirdi. Onun sevgi anlayışı bu idi. Sevgi tərk – etməkdir.
Uzun illər məhz anasını öldürəcəyi bu günü gözləməsinə baxmayaraq, nədənsə indi peşmanlıq hissləri ürəyindən ağır bir yük kimi asılıb rahat nəfəs almağına imkan vermirdi. Ayaqları onu gəldiyi yolla daha da sürətlə geri apardı. Qapını ürkək toxunuşla yavaşca döydü.
– Kim lazımdır, qızım? – anası qapını açıb illər öncə tərk etdiyi qızına şəfqətlə baxdı. Bəlkə, şəfqət deyildi. Çünki o, qızını heç tanımırdı. Böyüyüb necə biri olduğu barədə məlumatı yox idi. Ola bilsin, onun gözlərində şəfqətə oxşayan bu ifadə sadəcə insanlıq duyğusundan irəli gəlir. Yağışda islanıb qapının önündə məlul-məlul baxan qıza hamı acıya bilərdi. Amma indi bunun fərqi yox idi. İndi anasının gözündəki hər hiss ona doğma idi və sevgi vəd edirdi.
Haradasa yarım saat öncə onun qapısına işlədiyi şirniyyat dükanının məhsullarından qoymuşdu. Amma bəzilərinə zəhər qatmışdı. Ürəyinin dərinliyində inanmışdı ki, xainliyin hökmran olduğu ikiüzlü dünyadan anası kimi qorxaq və iradəsiz insanı ancaq bu şəkildə xilas edə bilər. Uzaqdan gizlicə baxıb şirniyyatı götürdüyünə əmin olduqdan sonra oranı tərk etmişdi. Bunca nifrətin qarşısında bəs hansı hiss olmuşdu onu ardına belə baxmadan hövlnak geri dönməyə məcbur edən? Sevgi? Buna kim inanar? Gülüncdür! Onun ki içində belə gözəl duyğulara yer yox idi. Qəribə sükutu yenə anası pozdu:
– Qızım, nəsə lazım idi? – nəsə düşündü, ya da deyəsən, doğmalıq hiss etdiyi üçün dedi. – Çöldə yağışdır, keç içəri.
Heç nə demədən bu təkliflə tez razılaşdı. Yaxşı ki, anası hələ şirniyyat bağlamasını açmağa macal tapmamışdı. İndi onları, sadəcə, yox etmək lazım idi. Anası onun islanmış paltarlarını dəyişməsi üçün öz paltarlarından gətirdi.
– Al, qızım, geyin. Köhnədir, amma təmizdir.
Heç nə demədən paltarları alıb müti şəkildə əynini geyindi. Ana qayğısı onun qəlbini isidirdi. Bu duyğunu yaşamaq üçün nə qədər göz yaşı tökmüş, neçə könül ağrısı yaşamalı olmuşdu. Mətbəxdə çay dəmləyən anasının nədənsə gözləri dolmuşdu. Amma danışdığı söhbətlərin qarşılığında ondan cavab gözləyən baxışlarını üzünə dikmirdi artıq. Deyəsən, onun lal olduğunu anlamışdı.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Hinduşka kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Hinduşka kababının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Hinduşka – 205 qr
§ Kərə yağı – 15 qr
§ İçalat – 50 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti (cəfəri) – 8 qr, sumaq – 5 qr, dənələnmiş nar – 15 qr
HAZIRLANMASI:
Hinduşkanın tükləri alovda ütü- lür, sonra oynaq hissələrindən 80-100 qramlıq tikələrə doğranır. Üzərində olan xırda piyləri, artıq dərisi çıxarı- lır. Piy və dəri əridilir, yağ hazırlanır və kərə yağı ilə qarışdırılır. Tikələr şişlərə taxılır, duz, istiot vurulur, manqala qoyulur. Bişirən zaman ardı- cıl olaraq çevrilir və hər dəfə hazırlanmış yağ məhlulu fırça ilə kababların üzərinə sürtülür. Bu həm kababların yaxşı bişməsinə, qızarmasına, həm də dadlı olmasına səbəb olur. Süfrəyə verilmə qaydası eynidir. Yanında hinduşkanın içalatı da verilir.
QEYD: Kabab bişirmək üçün hinduşka yaxşı bəslənməlidir, yaşı bir ildən yuxarı olmamalı, çəkisi 1,0-1,8 kq olmalıdır. Fərə olsa, kabab və lülə yumşaq alınar. Əsasən, soyuq aylarda yeyilir. Yaşı bir ildən yuxarı, çəkisi çox olan su və quruda yaşayan ev quşlarından:
xoruz, iri toyuq, hinduşka,
qaz, ördək və s.-dən sobada, təndirdə (bütöv halda) buğlama, bozartma, bozbaş, pörtləmə, soyutma, qiyməsindən müxtəlif yeməklər bişirilir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
“Verməyin dəyəri dəyərsizlərə…” - Aytəkin Mehmanqızının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Aytəkin Mehmanqızının şeirləri təqdim edilir.
Gözəl Allahım
Əlimdən tutursan yıxılanda mən,
Qoymursan heç yerdə heç vaxt əyiləm.
Mənim ümid yerim, mənim ərk yerim,
Ey böyük, ey uca gözəl Allahım!
Hər yerdə köməyim olmusan mənim,
Mənim ürək dostum, könül həmdəmim.
Səndən istəyirəm nə istəsəm mən,
Hörməti, sevgini səndən görmüşəm.
Mən necə deməyim "çox şükür" Sənə
Baxıb sevinərkən səadətimə?!
Səni dərk etməyən bəşər yerinə,
Deyirəm, çox sağ ol hər yerdə sənə.
Bu qədər nemətlər yaratmısan sən,
Səni dərk etmək də çətindir hərdən.
İnsan aciz qalır böyüklüyünə,
Baxanda çox şeyin gözəlliyinə...
Sultan Süleymanın
nəsihəti
Deyirlər bir şah varmış, adı Süleyman imiş.
Çağırıb vəzirini, vəsiyyət etdi ona:
-Mən öləndə əlimi çıxararsız tabutdan,
Həkimlərin çiynində köçəcəyəm dünyadan.
Paylayın insanlara qızılları da ordan!
Hikməti anlamayan vəzir soruşdu şahdan:
-Nədir bunun mənası, düşünürəm bayaqdan.
Axı anlamadım mən, varislərin var ikən,
Həkimlərin çiynində neyçün köçməlisən sən?
Şah düşünüb beləcə, xeyli xəyala getdi,
Sanki bir an, bir anlıq bu dünyanı tərk etdi.
Açıqlayıb hikməti, vəzirə belə dedi:
-Qoyun görsün insanlar, şah da əliboş getdi!
Həkimlər ola-ola, bu dünyanı tərk etdi.
Uca Allahımız
sevir hər kəsi
Uca Allahımız sevir hər kəsi,
İncitmək istəməz heç vaxt, heç kəsi.
Nə zərbə alarsa həyatda insan,
Onu qazanarmış öz günahından...
Dəyişdi zəmanə
Bir vaxt alçaq idi, kiçikdi evlər,
Oradan gələrdi çox şən gülüşlər.
Zəmanə dəyişdi, evlər böyüdü,
Sevinclər azaldı, gülüşlər öldü...
Fırlandı zəmanə, dövr etdi dövran,
Zəmanə dəyişdi, dəyişdi insan.
Soyuqluq məhv edir hər kəsi indi,
İsti qəlblər üçün zaman çətindir.
Həyat məktəbi
Həyat özü elə böyük məktəbdir,
Ən gözəl dərsləri o keçəcəkdir.
Həyatdan dərs alan kamil bir insan,
Çox bilər adi bir təhsil alandan.
Yalanlar
Yalanlar doğrunu yuyub aparar,
Səni hər bir yerdən nəzərdən salar.
Dilini yalana öyrətməklə sən,
İnan ki, hər yerdə gözdən düşərsən.
Sabah doğrunu da söylərsən əyər,
Sənin sözlərinə verməzlər dəyər.
Bir daha yalançı adını alsan,
Daha inanmayar sənə bir insan.
Hətta doğruları söyləyəndə bil,
Sənə heç bir kimsə inanan deyil.
Öyrətmə dilini gəl sən yalana,
Yalan yaraşmayır təmiz insana.
Uşaq
Mələk ürəyidir uşaq ürəyi.
Kiçicik qəlbində arzu, diləyi.
O gül baxışıyla mələktək baxar,
Gözləri Günəştək üzə nur saçar.
Uşaqsız qoymasın Allah heç evi,
Uşaqdır hər evin əsil bəzəyi.
Uşaqsız olmasın heç ev, heç ocaq,
Körpəsiz qalmasın heç əl, heç qucaq.
Körpə səsi gəlsin evlərimizdən,
Könüllər sevinsin körpə səsindən.
Dünyada qiymətli heç nə görmədim
Körpə gülüşündən, körpə səsindən.
Verməyin dəyəri
dəyərsizlərə
Verməyin dəyəri dəyərsizlərə,
O zaman zərbələr dəyər sizlərə.
Dəyər də qızıltək çox qiymətlidir,
Hər yerdə, hər kəsə layiq deyildir.
Qızılı verərlər ən əzizlərə,
O da sağ ol deyər qızıla görə.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)