Super User

Super User

Azərbaycan Mİlli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi 70 yaşın astanasında

Azərbaycan Milli Konservatoriyası

yarandığı gündən milli ənənələrimizi, milli irsimizi, milli mədəniyyətimizi qoruyan, inkişaf etdirən musiqi məbədidir. Yarandığı gündən bu missiyanı özündə layiqincə daşıyır. Söhbət  artıq 24 ildir fəaliyyət göstərən təhsil ocağından gedir. 

Onun yaranma tarixini yada salsaq  Azərbaycan mədəniyyətinin dirçəlməsi və gələcəyi üçün çox böyük nailiyyətlərə imza atan, Azərbaycanın bu gününü öz uzaqgörən siyasəti ilə ta o zamanlardan duyub dərk edən Ulu Öndər Heydər Əliyevin 2000-ci il 13 iyunda  imzaladığı fərman nəticəsində Azərbaycan Mİlli Konservatoriyası yarandı və öz çətin şərəfli fəaliyyətinə ilk addımlarını atdı.

Ulu Öndər Heydər Əliyevin etimad etdiyi o dövrdə artıq yetərincə tanınmış yenilikçi, gözəl bəstəkar Siyavuş Kərimini rektor təyin etdiyi gündən Azərbaycan Mİlli Konservatoriyasının təməli qoyuldu.

Musiqi kolleci və İncəsənət  Gimnazıyası Azərbaycan Milli Konservatoriyasının  tərkibinə keçirildi. 

Ulu Öndər, Ümumilli Lİder Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasının  daimi binası olmasa da çox böyük əzmlə işinə davam edirdi.

Rektor, xalq artisti Siyavuş Kərimi bütün çətinliklərə baxmayaraq Azərbaycan mədəniyyətinə töhvə olan Milli Konservatoriyanı böyük sevgiylə yaşadırdı. 

 

Azərbaycan Prezidenti  İlham Əliyevin  2006-cı ildə AMK Kompleksinin tukintisinə dair qərar imzalayır və işə başlanılır. 2012 ci ldə Azərbaycan Milli Konservatoriyasının binasının tikilməsinə maliyyə vəsaiti ayrılması barədə  sərəncam imzalayır və nəhayət 2014-cü il fevralın 13 də AMK-nın indiki gözəl, möhtəşəm bunası hazır olur. AMK ailəsinin heç zaman unutmayacağı bu gündə, binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  iştirak edir. Tədrsin yuksək səviyyədə keçirilməsi təmin olunmuş yeni binada yaradılmış muzey, kitabxana sinif otaqları konsert zalları ilə tanş olurlar. Milli Konservatoriyanın müəllim,professor və mədəniyyət xadimləri ilə sənətkarlarla görüşürlər. Bunanin açılışı münasibəti  ilə rektor, xalq artisti Siyavuş Kərimini və mədəniyyət xadimlərini, müəllim və sənətkarları təbrik edirlər.

24 ildir fəaliyyət göstərən sənət ocağını, o gündən bu günə qədər bu missiyanın öhdəsindən layiqincə gələn Azərbaycan Respublikasının xalq artisti Siyavuş Kərimi sanki bir musiqi təhsil ocağı deyil bir məbəd, bir mədəniyyət ocağı edə bildi. Azərbaycan Milli Konservatoryasının ənənələri və prinsipləri:  Azərbaycan Milli Konservatoriyasının nəzdində tələbələrdən 

ibarət xor və xalq çalğı orkestrləri fəaliyyət göstərir. AMK nın sabahları çox maraqlı olur. Tələbələr səhər saatlarında foyelərdə məşqlər edirlər. Xalq artisti Siyavuş Kərimi və onun idarə heyəti prorektorlar, kafedra mudirləri, ümumiyyətlə rəhbərlik hər səhər tələbələrin məşq prosesini izləyir.

Rektor tələbələrlə görüşür, elə yerindəcə fikir mübadiləsi aparır. Bu xor və orkestrlər demək olar ki Azərbaycanda keçirilən

 beynəlxalq tədbirlərdə, Azərbaycan Respublikasının xusisi bayramlarında iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən müxtəlif dövlətlərin səfirliklərində tədbirlərə dəvət alırlar. Respublika günərində yaxından iştirak edirlər. Onların konsert fəaliyyətinin təməli elə tələbəlik illərindən qoyulur.

Azərbaycan Mİlli Konservatoriyasında Azərbaycan mədəniyyətinin çox taninmiş simaları dərs deyir. Burada tələbələr sənətkarlardan, musiqi  sahəsinin  xiridarlarından dərs alirlar.

Tələbələrin hərtərəfli inkişafı üçün universitetimizdə elmi konfranslar, Musiqi saatları keçirilir. Musiqi saatları universitetin ənənələrindən biridir. Rektor Siyavuş Kəriminin təşəbbusi ilə yaradılmış Musiqi saatları Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən hər həftə yerinə yetirilir.

Buraya müxtəlif kurslardan öz istedadlarını nümayiş etdirmək istəyən tələbələr müraciət edir. Bu da onların öz sahələrini inkişaf etdiirmələrinə böyük zəmin yaradlr. 

AMK da artıq neçə ildir ki “Xalq çalğı Alətləri” Festivalı keçirilir. Hər həftəsi bir musiqi alətini təmsil edən yüksək səviyyədə  keçirilən festivala çoxlu iştirakçilar qatılır . Mədəniyyət Kanalı tərəfindən canlı olaraq izlənilir və böyük əks sədaya səbəb olur.

AMK da musiqi günləri ölməz sənətkarlarımızın yubileyləri, xatirə günləri, ədəbi görüşləri keçirilir.

Əlamətdar günlər qeyd olunur, konsertlər keçirilir, beynəlxalq elmi praktiki konfranslar təşkil olunur.

AMK da fəaliyyət göstərən kafedralar hər il iki dəfə hesabat konsertləri, festivallar, müsabiqələr təşkil edirlər, Müsabiqələr nəzəriyyəçilər, müsiqişünas tələbələr üçün də keçirilir.

AMK hər şeydən öncə hər gün həyat qaynayan bir universitet olmaqla yanaşı sənətkarlar və öz işinin biliciləri ilə əhatə olunmuş bir təhsil ocağıdır. Qeyd etməliyəm ki, Azərbaycan Milli Konservatoriyası Türk dövlətləri arasında bir çox türk dövlətlərinin Milli Konservatoriyaları ilə memorandumlara imza atıb. Bir çox Universitetlərdən Milli Konservatoriyaya təcrübə üçün tələbələr gəlir. Son günlərdə Kurmanqazı adına Qazaxıstanın Milli Konservatoriyasının bir qrup tələbəsi AMK da təcrübə keçdi. Rektor Siyavuş Kərimi digər Universitetlərin rektorları və ordan gələn tələbələrə qarşı qayğıkeş münasibət bəsləyir.

Memorandumlar öz mədəniyyət ocaqları və universitetlər arasında da bağlanıılr. Bir çoxlarının içində yenə də bir misal Naxşıvan  Dövlət Universitetini gətirə bilərəm .AMK-nın professor heyəti, sənətkarları Naxçıvan Dövlət Universitetində ustad dərsləri təşkil edirlər. Hətta musiqi təhsilində bəzi proqramlarını belə onlardan əsirgəmirlər.

Uzun illərdən sonra qürur  yerimiz olan müqəddəs torpağımız Xankəndidə fəaliyyətə başlayan Qarabaq Universitetinə AMK nın bir neçə əməkdaşı getmiş və orda iş fəalıyyətinə başlamışdır.Bu da AMK ailəsi üçün böyük iftixar və sevinc hissi aşılayır.

Azərbaycan Milli Konservatoriyasının reallığı, prinsipləri və ənənələri sonsuzdur. Əvvəla başlıca məqsəd Azərbaycan mİlli musiqisini, muğamı, milli musiqi alətlərimizin qorunması, AMK da fəaliyyət göstərən milli musiqi alətləri labarotiyası, muğamı son dərəcə yüksək peşəkarlıqla tədris edən sənətkarlar, öz işinin, peşəsinin incisi olan bir -birindən istedadlı müəllim, professor ordusu bütün bu dediklərimə zəmin yaradır.

Bu sadaladıqlarım Azərbaycan mədəniyyətinə gərəkli bir amildir. Bİzim mənəvi dəyərlərimizdən biri də mən deyərdim ki gərəklilərindın biri olan milli musiqimizdir.

Bayağı musiqilərdən, anlamsız ifaçılardan uzaq olmaq, musiqimizi qorumaq  borcumuzdu. Bilirik ki, bədxah düşmənlərimiz  bizim musiqimizə əl uzadır, onu dünyanın hər bir yerində öz adina çıxır. Əlbəttə, Azərbaycan musiqisini öz çalarlarında öz gözəlliyində tərənnüm edən bir nəsil yetişdirilməlidir. Hansı ki Azərbaycan Milli Konservatoriyasının başlıca prinsipi elə bundan ibarətdir.

Məni bu yazını yazmağa vadar edən bir başqa məqam var. Düşünürəm ki,  bu sayaq nailiyyətlər nə dərəcədə təqdirəlayiqdir. Bir işin öhdəsindən yalnız bu cür gözəl incəliklə gəlmək mümkündürmü? 

Bəli Mümkündür Azərbaycan Milli Konservatoriyası ailəsi bu müqəddəs işdə başı ucadır.

Bu günlərdə Azərbaycan Milli Konservatoriyasının yaradıcısı və butun sadaladıqlarıma nail olan insan, təkcə Azərbaycan Musiqi təhsilində deyil, Azərbaycan mədəniyyətinə, incəsənətinə gərəkli olan xalq Artisti Siyavuş Kəriminin 70 yaşı tamam olur.

iyavuş Kərimi Rafiq Babayev ənənəsindən gələn gözəl sənətkarımızdır. Həzin melodiyalar yaradıb, ürəklərə yola tapan sənətkarımızdır.

AMK haqqında mən bir neçə silsilə yazılar yazmışam. Bu yazıları mənə yazmağa vadar edən Azərbaycan Milli Konservatoriyasının abu-havası, burda olan sənətkarlar və ən başlıcası Siyavuş Kərimi ozu olub. Çünki hər gün bir rektorun öz sənət dostlarına, tələbələrə, personala olan diqqət və qayğısı mənə elə gəlir ki danilmaz bir həqiqətdir.

Mən Azərbaycan Milli Konservatoriyası haqqında ümumi mülahizələrimi yazaraq,

mədəniyyətimiz adına Siyavuş Kərimiyə təşəkkür etmək istəyirəm.

Çünki nəticədə  uzun illərin səyi və gecə-gündüz çalışmaqla, öz ətrafına doğru kadrlar toplamaqla o, musiqi təhsili üçün Azərbaycan milli irsi, ənənəsi, mədəniyyəti,  üçün çox böyük bir töhvə bəxş edə bilib.

70 ilin astanasında olan xalq artisti, Azərbaycan İncəsənəti üçün əvəzedilməz sənətkar, gözəl bəstəkar, Şərəf və Şöjrət ordenləri ilə təltif olunmuş,

bütün bu titulların fövqündə duran ali insanlığa malik Siyavuş Kərimini təbrik edir, Azərbaycan Milli Konservatoriyasının böyük nəaliyyətlərini davam etdirmək, daha böyük ucalıqlara yol açmağı diləyirəm.

Gözəl bəstəkar xalq artisti Siyavuş Kərimiyə 70 yaşın astanasında daima yaradıcılıq uğurları və yenilikləri arzu edirəm. Musiqi mədəniyyətimizi qorumaqda olan Azərbaycan Milli Koservatoriyası daha uca məqamlara yetişərək onu daima fərəhləndirsin.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı” məqaləsini təqdim edir. Burada Ümummilli liderin Səməd Vurğunun ailəsinə göstərdiyi diqqət və qayğı barədə söz açılır.

 

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, məlum olduğu kimi, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. Bunu Yusif Səmədoğlunun 60 illik yubileyindəki çıxışında ulu öndər özü də təsdiq edirdi:  Səməd Vurğunun bütün ailəsinə mən həmişə böyük hörmət-ehtiramla münasibət göstərmişəm. Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək onların təsiri altında həm təhsil almışam, həm formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam".

H.Əliyev çıxışında Yusif Səmədoğlunun  ədəbiyyatımız və mədəniyyətimiz qarşısındakı xidmətlərini, bir yazıçı kimi özünəməxsusluğunu yüksək dəyərləndirməklə yanaşı, onun Vurğun ocağına mənsubluğunu da xüsusi vurğulayır, deyirdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü  böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə, elə bu bəs olardı. Ancaq, bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir".

H.Əliyev çıxışının davamında yenə də ata ilə oğul arasında paralellər aparır: S.Vurğuna Azərbaycan xalqının hədsiz məhəbbəti, hörmət və ehtiramınıı xatırladır. XX əsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda Səməd Vurğunun xidmətlərinin böyüklüyü səbəbindən xalqın onu sağlığında da sevib ona sitayiş etdiyinə şahidlik edir. Əlavə edir: "İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevə-sevə oxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində, müstəqillik şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu günün gənc nəsli üçün böyük bir sərvətdir. Ona görə də bu gün biz Yusifin yubileyini qeyd edərkən bütün Səməd Vurğun ailəsinin hamısına öz ehtiramımızı, öz hörmətimizi bildiririk. Mən Yusifi doğmuş, dünyaya gətirmiş, bəsləmiş, böyütmüş, onu tərbiyə etmiş Xavər xanımı təbrik edirəm. Səməd Vurğunun bütün ailəsini təbrik edirəm. Şükürlər olsun ki, Səməd Vurğunun ailəsi artıq bir neçə nəsildən ibarətdir... Bu ailə mühitində, Səməd Vurğun ab-havasında yaşamış, böyümüş övladlar Səməd Vurğuna layiqdirlər və bu gün Yusifin yubileyini qeyd edəndə, güman edirəm, onun üçün ən yüksək qiymət odur ki, atasının adına layiqdir. Həm yaradıcılığı ilə, yaratdığı əsərlərlə, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də ziyalılığı ilə, davranışı ilə, insanlara münasibəti ilə atasının adına layiqdir. Güman edirəm, bu, ən yüksək qiymətdir".

Göründüyü kimi, H.Əliyev Y.Səmədoğlunun ən böyük  xüsusiyyəti və dəyərini onun "həm yaradıcılığı, həm  ictimai-siyasi fəaliyyəti, həm də ziyalılığı ilə atasının adına layiq övlad" olmasında görür və  onun  atasının yolunu davam etdirməsini-ədəbi xələfi olmasını,  hətta, qəhrəmanlıq sayır, deyir ki, atasının yolu ilə gedib, atasının ədəbi xələfi olaraq, onun işini davam etdirərək, özünü ədəbiyyata, mədəniyyətə həsr etmək böyük bir şərtdir, deyə bilərəm ki, böyük bir qəhrəmanlıqdır.

Bu yanaşma ulu öndərin, bir tərəfdən ustad şairin şəxsiyyəti və yaradıcılığına sevgisindən qaynaqlanırdısa, digər tərəfdən şairin övladlarının özlərinin yaradıcılığı, xalqa xidməti və şəxsiyyətləri ilə bağlı olmuşdur.

Ulu öndər paralelləri davam etdirir: Y.Səmədoğlunun çox istedadlı yazıçı olmasından əlavə, atası kimi, "böyük   ictimai-siyasi  xadim" olduğunu da xatırladır və əlavə edir ki, Səməd Vurğunu da biz, təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərmişdir.

1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun fəaliyyətini xüsusi vurğulayan H.Əliyev deyirdi: "Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçün onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur. Əgər 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində Azərbaycanda coşub qalxmış xalq hərəkatından danışırıqsa, burada biz Yusif Səmədoğlunun fəaliyyətini xüsusi qeyd etməliyik. Bir hörmətli insan kimi, ziyalı kimi o, həmin illərdə böyük rol oynadı və onun öz adı da, atasının adı da o vaxt bizim milli azadlıq hərəkatımıza çox böyük kömək etdi".

H.Əliyev ardınca Moskvada təcrid olunmuş şəraitdə yaşadığı vaxt 1990-cı ilin qanlı yanvar gecəsini – Y.Səmədoğlunun "Azadlıq" radiosu ilə bağlı məlum çıxışını xatırladır. Əlavə edir ki, Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olub. Onun böyük siyasi fəaliyyəti də ancaq elə o illərdə, o dövrlərdə başladı və bu da məhz Azərbaycanda milli azadlıq hərəkatına təkan verməkdən, Azərbaycanı müstəqillik yolu ilə aparmağa səy göstərməkdən ibarət olmuşdur. Bunların hamısına görə də, bir daha deyirəm, Yusif atasının adına layiqdir. Eyni zamanda onun özünün yüksək adı var. Bütün bunlara görə də bizim ictimaiyyətdə, xalq içində Yusif böyük hörmət qazanıbdır və şəxsən mənim də ona bir yazıçı kimi, ictimai-siyasi xadim kimi, insan kimi böyük hörmət və ehtiramım var"...

H.Əliyev çıxışının davamında S.Vurğunun  şəxsiyyəti və yaradıcılığına, eləcə də  ailəsinə olan hörmətinə görə onun ailəsindən də özünə qarşı həmişə hörmət və ehtiram gördüyünü diqqətə çatdırır, şairin ailəsi ilə görüşlərini özü üçün "ən əziz xatirələrdən" hesab edir və belə əziz xatirələrdən birini, eyni zamanda ibrətamiz bir  hadisəni –1990-cı ildə Moskvadan qayıtdıqdan sonra Naxçıvanda təcrid olunmuş çox ağır şəraitdə yaşadığı vaxt yanına,  gözləmədiyi halda Aybəniz Vurğunqızının gəldiyini xatırladır. Əvvəlcə Aybəniz xanımın kiminləsə işi olduğundan Naxçıvana gəldiyini güman edən Ümummilli liderə sonradan məlum olur ki, o, yalnız  Ulu öndəri "görüb, salam vermək üçün" gəlib. H.Əliyevin yanına o vaxt çoxları getsə də, bu görüş onun üçün, özünün də etiraf etdiyi kimi,  çox qiymətli olub: "Ona görə ki, o, Səməd Vurğun ailəsinin nümayəndəsidir. Bir də ona görə ki, Naxçıvan ağır şəraitdə idi, təyyarələrin gediş-gəlişi çox çətin idi. Görün, qadın yalnız mənə salam vermək, mənimlə görüşmək  üçün gəlmişdir. Bu, məni həm sevindirdi, həm də bir daha təsdiq etdi ki, yaxşı insanlar, saf ürəkli insanlar bizim cəmiyyətimizdə çoxluq təşkil edir...

Mən bu faktı yüksək qiymətləndirməyimə görə xatırlayıram. Ona görə xatırlayıram ki, bu, Səməd Vurğun ailəsidir. Həmin görüşdə mən Səməd Vurğunu bir daha yaxından hiss etdim. Bunların hamısı bizi bir-birimizə mehriban, sadiq olmağa dəvət edir".

H.Əliyev Aybəniz Vurğunqızının "yüksək keyfiyyətə malik bu nəcib hərəkəti"ndən digər insanların ibrət götürməsini də tövsiyə edir. O, şairin övladlarının ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında, eləcə də müstəqilliyimizin qazanılması sahəsində öz fəaliyyətlərini yüksək dəyərləndirməklə yanaşı, onların atalarından gələn genetik kodların (istedadın, cəsarətin, xeyirxahlığın, nəcibliyin) daşıyıcıları olduqlarını  xatırlatmağı da lazım bilir...

Yeri gəlmişkən, xatırladaq ki, H.Əliyev S.Vurğunun ədəbi irsinə hörmətlə yanaşmaqla yanaşı, şairin ailə üzvlərini də daim diqqətində saxlamış, onların ağır günlərində yardımçısı olmuşdur. H.Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə şairin ailəsinin onun qayğı və diqqətini hiss etdiyini təsdiqləyən S.Vurğunun həyat yoldaşı Xavər xanım  şairin ev-muzeyinin məhz H.Əliyevin təşəbbüsü ilə yaradıldığını, onun açılışdan qabaq muzeyə gəlib təmirlə maraqlandığını, şairin ailə üzvləri ilə görüşdüyünü, hər bir eksponatı diqqətlə nəzərdən keçirdiyini, muzeyin açılışına çox məşhur simaları dəvət etdiyini, şairin 70 illik yubileyini Bakıda və Moskvada təmtəraqla keçirdiyini, eləcə də 1996-cı ildə onun 90 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladığını, sərəncamdan sonra bütün bölgələrdə "Səməd Vurğun günləri" keçirildiyini, 1997-ci il martın 6-da, 1975-ci ildə olduğu kimi, muzeyə gəldiyini, o böyük şəxsiyyətin özünün də "Vurğun şeirlərinin vurğunu" olduğunu  diqqətə çatdırır.

 

Yusif Səmədoğlunun ağır xəstəliyə düçar olduğu vaxtlarda H.Əliyevin əlindən gələni əsirgəmədiyi də Xavər xanımın xatirəsində yer alıb: "Mənim möhtərəm prezidentim Yusifi Bakıya qayıdandan sonra da (Almaniyada müayinədən qayıtdıqdan sonra-A.S.) nəzarəti altında saxlayırdı. Hətta xəstəxanada yatanda da ona baş çəkməyə getmişdi. Ona deyirdi ki, səninçün hər şey edəcəyəm. Moskvadan Yusifə baxmağa xüsusi həkim də gətirtmişdi. Mən hiss edirdim ki, o, mənim qayğıma bir qardaş kimi qalır. Yusifə həmin vaxt "Xalq yazıçısı" fəxri adı və "Şöhrət" ordeni də verdi. Vəfatından sonra da onun yaşadığı binaya xatirə lövhəsinin vurulması və məzarüstü abidəsinin düzəldilməsi barədə sərəncam verdi. Yusifə əsl ata qayğısı göstərdi. Heydər Əliyevin fərmanı ilə oğlum Vaqif Azərbaycanın "Xalq şairi", mən və qızım Aybəniz "Əməkdar mədəniyyət işçisi" fəxri adına və prezident təqaüdünə layiq görülmüşük. Mən belə bir dahini, belə bir qayğıkeş insanı necə unuda bilərəm"...

Şairlər özlərindən sonra bir "iz qoymaq" istəyi ilə yazıb yaradar-ömür xərcləyərlər... və "iz" adı altında da, təbii ki, əsərlərini ("əsər" sözünün mənası da elə "iz" deməkdir) nəzərdə tutarlar. Ustad şair və böyük şəxsiyyət Səməd Vurğun isə "iz qoymaq" seçiminə bir qədər fərqli yanaşıb: o, istiqbala (özündən sonraya-gələcəyə) əsərləri ilə yanaşı, övladlarını da (öz ifadəsi ilə desək, şöhrətini, heykəlini, adını yox) yadigar qoymaq istəyində olub. Bəlkə, şair övladlarının ədəbiyyat adamı olacaqlarını heç xəyalına da gətirməyib, onların sənətindən-peşəsindən asılı olmayaraq, zamanın sınağından üzüağ çıxmalarını, şərəfli ömür sürmələrini, vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb. Lakin, zaman şairin arzusunu "korrektə edib". Tale elə gətirib ki, övladları (Yusif və Vaqif Səmədoğlular) atalarının həm "ədəbi xələfi"nə, həm də ictimai-siyasi sahədə davamçısına çevrilib. Başqa sözlə, şairin həm öz əsərləri zamanın sınağından üzüağ çıxıb-poetik düsturunu verdiyi azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindən birinə çevrilmiş, həm də övladları atalarının yolunu (həm sənət, həm də ictimai-siyasi baxımdan) şərəflə davam etdirmişlər. Azərbaycanda ilk olaraq özünün layiq görüldüyü "Xalq şairi" fəxri adını (təbii ki, "Xalq yazıçısı" adı da eyni statusun daşıyıcısıdır) oğulları da ləyaqətlə daşımaqla yanaşı, müstəqilliyimizin qazanılmasında da yaxından iştirak etmişlər.

Beləliklə də ustad şairin arzusu çin olmuş – o, istiqbala, milli ədəbiyyatımıza və dövlətçiliyimizə "əsərləri və övladları ilə birlikdə" əvəzsiz xidmət göstərmişdir. Bu əvəzolunmaz xidmət isə məhz "bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında çox böyük rol oynamış, əsərlərindən bəhrələnmiş, onlardan mənəvi qida almış, ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması  və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüş" Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində əsl qiymətini almışdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.

Bu gün daha 10 aforizm:

 

Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan.

Y.Simonis

 

İnsan həyatına müdriklik deyil, uğurlar yön verir.

Siseron

 

Kiçik uğurlarınızla qürrələnməyin.

Sokrat

 

Layiq olmadan qazanılan uğurlar narahatlıq doğurur.

H.Spenser

 

Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar.

C.Teylor

 

Rahat yaşamaq və uğur qazanmaq üçün səy göstərmək lazımdır.

A.Tomas

 

İnsan uğur qazana bilməsə də, əgər o, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.

C.Vaşinqton

 

Kürək çəkməyi bacarana qayıqda həmişə yer tapılar.

Afrika xalqları atalar sözü

 

Uğur qazanmaq üçün bir az da laqeyd olmaq lazımdır.

Alman atalar sözü

 

Səndən hərəkət, məndən bərəkət.

Azərbaycan atalar sözü

 

“Ədəbiyyat və incəsənət”

 (01.11.2024)

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Həyat füyuzatdır demirik, həyat füyuzata meyildir deyirik!"

Bu gün milli mətbuat və ictimai fikir tariximizdə mühüm və özünəməxsus yeri olan "Füyuzat" jurnalının ilk sayının nəşrindən 118 il ötür. 

 

Milli məfkurə tariximizdə çox böyük  əhəmiyyətə malik olan  "Füyuzat" jurnalı 1 noyabr  1906-cı ildə Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə nəşr olunmağa başlamışdır.

1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" jurnalı öz ətrafına Məmməd Əmin Rəsulzadə, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamışdır.

Lakin təəssüf ki, jurnalın sadəcə  32 sayı işıq üzü görmüşdür.  1907-ci ildə milli və mütərəqqi fikir və ideyalar təbliğ etdiyindən dolayı çar höküməti tərəfindən jurnalın fəaliyyəti dayandırılmışdır.

1907- ci ilin 1 noyabrına qədər nəşri davam etmiş və bu müddət ərzində 32 nömrəsi çıxmış jurnal  32-ci yəni son nömrəsində "Pərdə eniyor" adlı son məqaləsi ilə oxucularına "əlvida!" demişdir.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə jurnalı bərpa etmiş və tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən  çap etdirməyə başlamışdır.

2021-ci ilin mart ayından etibarən isə  jurnalın baş redaktoru Mübariz Yunusdur. 

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:

1 noyabr. Beynəlxalq Veqan Günü

Olduqca maraqlı bir təqvim günüdür. Veqanlar - ən ciddi vegetarianlardır, onlar öz rasionlarından təkcə ət, quş  və balıq ətini çıxarmırlar, həm də canlı mənşəli bütün ərzaqlardan – yumurtadan, süddən, baldan və s.-dən belə imtina edirlər. Onlar dəridən, xəzdən, ipək və yundan olan paltarlar belə geymirlər. Vegetarianlıq qədim Hindistanda yarandığından bu gün dünya vegetarianlarının 70 faizindən çoxu hindusdur, həmçinin veqanların da böyük əksəriyyəti hindusdur. 87 ildir ki mövcud olan veqanlıq hərəkatına ayrıca təqvim günü həsr etmək, bilin ki,  insanlığı canlı təbiəti bunca çalıb-çapmamağa çağırışdır.

 

1 noyabr. Qranadada Beynəlxalq caz festivalının açılışı

10 gün davam edəcək bu festival kifayət qədər mötəbər sayılır, adətən 27 gün davam edən festivalın formatına pandemiya təbii ki, dəyişiklik edibdir. Burada daha çox etnik musiqi və caz-fyujn səsləndirilir. Müxtəlif illərdə Mayn Devis, Oskar Piterson, Xerbi Henkok, Dayana Kroll kimi ulduzlar festivalda iştirak ediblər. Teatrto İzabel la Katolika səhnəsində düzənlənən festivala maraq o qədər böyükdür ki, bir ay öncədən bütün biletlər satılmış olur, ona tək yerlilər deyil, əcnəbilər də gəlib baxırlar.

Deyirəm, görəsən bizim möhtəşəm cazmenlərimiz var, tək elə birini deyim, İsfar Sarabski, o, Qranadaya getsə öz virtuoz ifası ilə necə də alqışlar qazanardı, bəlkə hətta Qran-priyə də layiq görülərdi...

 

1 noyabr. Samxeyndən Ksinonavroya və Movembəyə qədər

Samxeyn günü. Məhsul yığımının qurtardığını bildirən kelt bayramıdır. Beynəlxalq Ksinonavro günü. Bu bir üzüm növüdür, ondan qırmızı süfrə şərabı istehsal olunur. Yunanıstanın simvollarından biri sayılır. Bütün müqəddəslərin günü. Bu günü katolik kilsəsi ölkələri qeyd edirlər. Şabalıd bayramı. Bu günü Qalisiyada – İspaniyada qeyd edirlər. Koreyada itlər günü, Yaponiyada özünümüdafiə qurbanları günü, Meksikada ölülər günüdür, Uelsdə Qalan Geaf günü – Helloin bayramını xatırladan bir bayram qeyd olunur. Ən maraqlı qeydetmə Avstraliyadadır – Movember günü. Bir aylıq mərasimin başlanğıcından kişilər bığ saxlayır, prostat və digər kişi xəstəliklərinin təhqiqi sahələrinə könüllü ianələr ödəyirlər.

ABŞ-da isə qızardılmış molyuska günüdür. Ardına qulaq asın. ABŞ-da həm də milli paştet günüdür. Davamı da var. ABŞ-da milli sirkə günüdür. Və hətta bu da bəs olmayıb, amerikalılar bu günə həm də ev heyvanları aşpazı gününü salıblar. Bəxtəvər o ev heyvanlarının başına ki, bizimkilər kimi artıq-urtuq yemirlər, xüsusi aşpaz hazırlayan dürlü qidalarla qidalanırlar.

O ki qaldı tarixi hadisələrə, 1991-ci ilin bu günündə Çeçenistan müstəqilliyini elan edib, 1955-ci ildə dünyaşöhrətli Amerika psixoloqu və kouçu Deyl Karnegi dünyaya əlvida deyib. 1955-də həm də SSRİ-də abortlara icazə verilib, 1950-ci ildə Amerika Basketbol Liqasında qaradərililərə iştiraka icazə veriblər, 1927-ci ildə Azərbaycanda da çoxlu azarkeşi olan Kiyevin “Dinamo”  futbol klubu yaranıb, 1800-cü ildə Con Adams Ağ Evdə məskunlaşan ilk ABŞ prezidenti olub. 1604-cü ildə Londonun Uaytholl  Kral sarayının ziyafət zalında Şekspirin “Otello” faciəsinin premyerası keçirilib. 1512-ci ildə Mikellancelonun rəsmlərlə bəzədiyi Sikstin kapellasının açılışı olub. 

1 noyabra aid daha iki hadisə var. 1755-ci ilin 1 noyabrında dəhşətli zəlzələ Lissabon şəhərini tam dağıdıb, on minlərlə insan həlak olub, yüz minlərlə insan yaralanıb.1906-cı ilin 1 noyabrında isə Əli Bəy Hüseynzadənin redaktorluğu ilə “Füyuzat” jurnalının ilk sayı işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

 

Şərəf Cəlilli, “Ədəbiyyat və incəsənət” üçün

 

“Böyük ağac yıxılanda yer titrəməyə məcburdur…".

Bütün  varlığı, ruhu, duyğuları, soyu, soy kökü, şəcərə dəftəri ilə hind xalqının, Hindistan Dövlətinin inkişafına, dircəlişinə bağlı olan, demokratik dəyərlərinin, humanist prinsplərinin formalaşmasına və tərəqqisin bağlı olan İndira Qandi Mahat Maqandi Cəvahirləl Nehru kimi qüdrətli simaların dövlət idarəcilik məktəbində yetişmişdi. Vətənə sevgi, xalqa məhəbbət dərsini də onlardan almışdı.

Hindistanın ilk baş naziri kimi tarixdə qalan İndira Qandi dünyada ikinci xanım baş nazirdir. Pakistanın baş naziri Bənazir Buhutto kimi  o, da bütün həyatını mənsub olduğu xalqın əmin-amanlıq şəraitində yaşamasına, ölkəsinin tərəqqisinə, demokratik dəyərlərin bərqərar olunmasına, Hindistanla  Pakistanın dinc qonşuluq şəraitində yaşamasına, Kəşmir problemini sülh yolu ilə həlli məsələsinə həsr etsə də, bu düşüncəsinin qurbanına cevrildi. Hər iki qüdrətli dövlət xadimi mənsub olduqları qövmün nadanlarının gülləsinə tuş gələrək dünyaya vida nəgməsi oxudular. 

 

İndira Qandi  Hindistanın azadlıq mücahidi, müstəqillik yolunda mübarizə aparan Cəvahirləl Nehrunun ailəsində anadan olmuşdu.

Siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı vermişdi. Hindistanın Pakistanla münasibətlərinin normallaşdırılmasında önəmli rol oynamaqla yanaşı, qarşıdurmanın bölgə xalqlarına xeyir gətirmədiyini sübut etmişdi. Bir neçə dəfə siyasətdən uzaqlaşdırılsa da, o, siyasi aləmə öz möhürünü vurmuşdu. Bu yolda massagetlərin hökmdarı Tomris kimi oğlunu qurban versə də,  mübarizədən  çəkinməmişdi.

Hindistanın əfsanəvi qəhrəmanı, hind xalqının azadlığı yolunda ölüm aclığı keçirən Mahatma Qandinin yatağının başında oturaraq, onun üçün həyəcan keçirən İndira Qandi hələ gəncliyindən dünyanın diqqətini üzərinə cəkərək özü də bir qəhrəmana cevrilmişdi.

Bir mücahid ömrü sürərək ölkəsinin ilk qadın baş naziri olan İndira Qandi 

həyata keçirdiyi islahatlarla Hindistanın inkişafına nail olaraq ölkəni aclıq və yoxsulluqdan qurtardı. Hindistanın üstünə yeriyən qüdrətli dövlətlərlə yürütdüyü balanslaşdırılmış  çevik siyasətlə ölkəsini təhlükələrdən xilas etdi. Ölkənin təhlükəsizliyini qoruyub saxlamaq ücün  Hindistanı nüvə silahı olan ölkəyə çevirdi.

 Sui-qəsdin qurbanı kimi mənsub olduğu xalqın yolunda şəhidliyə  qovuşanadək mücadilə edən İndira Qandi haqqında dünya liderləri tərəfindən bu fikir səsləndi: “Hindistan siyasəti onunla nəfəs aldı!” O, həqiqətən də, Janna Dark  kimi azadlıq mücahidi və  siyasət cəngavəri idi. 

Müthiş ölümü- qətli  ilə belə, məhəbbətin nifrət ,işığın qaranlıq üzərində təntənəsinə cevrilən Hindistanın lideri 1984-cü ilin dünənki tarixində - oktyabrın  31-də bəşər tarixində yeni bir kədər səhfəsini yazdı.” İndira Dehlidəki Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi. Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı. Bunun ardınca Pəncab əyalətinə hücum edən hindlilər 20 mindən artıq yerli sakini qətlə yetirdilər, onların məbədlərini isə yandırdılar. Baş verən hadisələrlə əlaqədar hökumətin hər hansı bir iş görməməsi ilə bağlı suala cavabında Qandinin oğlu belə cavab vermişdi: "Böyük ağac yıxılanda yer titrəməyə məcburdur…".

Babur şah Baburlar İmperiyasını bir türk, müsəlman olaraq Hindistanda qurmuşdu. Bu gün dünyanın heyranlıqla seyr edib ziyarətində bulumağa cəht etdiyi Tac-Mahal Kompleksini sevgili xatunu Mumtaz Mahalın şərəfinə yapdı. Hindistanın ədalətdən uzaq insanları, daha doörusu, qatilləri Hindistanı qüdrətli dövlətə cevirən Liderinə silah cəkdi. Üstündən 40 il ötməsinə baxmayaraq ümümbəşəri prinsiplərlə nəfəs alan hər kəs Mahatma Qandinin, Cəvahirləl Nehrunun mənəvi və siyasi varisini- İndira Qandini sonsuz ehtiram hissi ilə xatırlayır.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Cümə axşamı, 31 Oktyabr 2024 08:12

31 oktyabr Ümumdünya Şəhərlər Günüdür

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Dünyada şəhərlər çoxdur. İrisi də var, xırdası da. Bu şəhərlərin arasında mənim üçün ən doğması, ən əzizi isə Sumqayıtdır. 

Körpəliyimin, uşaqlığımın, yeniyetməliyimin, gəncliyimin, cavanlığımın şahidi. 

Atamın, anamın ayaq izləri, lap elə son arzu və istəkləri qalıb bu şəhərdə... 

 

Bax o küçədə, bu mikraroyonda, o döngədə, bu dayanacaqda, Xəzərin sahilində, Nəsimi parkında- bir sözlə harasında oluramsa olum, xatirələr üstümə yeriyir...

 

Beş il uzaq Amerikada yaşadım. Vaşinqton, Nyu York, Çikaqo, Filadelfiya, Hyuston, San Fransisko, Detroit, İndianapolis, Ohayo və s. möhtəşəm şəhərləri gəzib dolaşmaq qismətim olub. Fəqət heç biri mənə Sumqayıt qədər doğma olmayıb. Çox yerlərdə nəfəs dərib istirahət etmişəm, Sumqayıt kimi rahat, könülaçan məkan görməmişəm. Çox adamlarla ünsiyyətdə olmuşam, heç biri mənə sumqayıtlıların yerini verməyib... 

 

Bayramın mübarək, şəhərlər ŞƏHƏRİM!...

 

Şəkildə: Köhnə Sumqayıt

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Cümə axşamı, 31 Oktyabr 2024 08:33

Bu axşam Halloween bayramı qeyd ediləcək

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Halloween hər il 31 oktyabrda qeyd edilən bir bayramdır. Bu gün qədim Kelt festivalı olan Samhain ilə əlaqəli hesab olunur, Keltlər bu gecədə yay bitdiyini və qışın başladığını qəbul edirdilər. 

 

Onlar inanırdılar ki, 31 oktyabr gecəsi ruhlar dünyası ilə insan dünyası arasındakı sərhəd zəifləyir və ruhlar insanların dünyasına gəlir. Bu səbəbdən Keltlər, pis ruhlardan qorunmaq üçün atəş yandırar, qəribə geyimlər geyinərdilər.

Xristianlığın yayılması ilə Samhain festivalı, All Hallows' Eve (Müqəddəslər Günü Axşamı) olaraq adlandırıldı və bu zamanla "Halloween" adını aldı. Müasir Halloween-də uşaqlar qəribə və qorxunc geyimlər geyinərək "trick or treat" (şirniyyat ya da hiylə) etmək üçün qonşularının qapısını döyür, onlardan şirniyyat və ya kiçik hədiyyələr alırlar.

Bugünkü Halloween qeyd etmələri daha çox maskalı partilər, bəzək-düzəklər, qorxulu filmlər izləmək və balqabaq oymaq kimi fəaliyyətlərlə müşayiət olunur. Halloween xüsusi olaraq Şimali Amerika, Kanada və bəzi Avropa ölkələrində geniş qeyd edilir.

Halloween-in əsas simvolları və adətləri də maraqlıdır. Misal üçün:

 

1. Balqabaq Fənərləri: Bu fənərlərin əsas simvolu olan oyulmuş balqabaqlar (Jack-o'-lanterns) Halloween dekorasiyasının əvəzsiz bir hissəsidir. Bu ənənə, İrlandiyada bir xalq hekayəsindən qaynaqlanır. "Hiyləgər Jack" adlı bir adam ruhlar dünyasında dolaşırdı, özü ilə birlikdə yandırılmış kömür daşıyan bir şalgamla. Daha sonra şalgam əvəzinə balqabaq istifadə olunmağa başlandı.

 

 

2. Qorxulu Geyimlər və Maskalar: Halloween-də insanlar canavarlar, zombilər, cadugərlər, və digər qorxulu personajların maskalarını taxırlar. Bu ənənə qədim zamanlardan gəlir, o vaxtlar insanlar pis ruhları aldatmaq və qorxutmaq üçün qorxulu paltarlar geyinirdilər.

 

3. Şirniyyat Toplama: Uşaqlar evləri bir-bir gəzərək "Trick or Treat!" deyərək şirniyyat və ya hədiyyələr istəyirlər. Bu ənənənin kökləri Avropada yoxsul insanların Müqəddəslər Günü münasibətilə evləri gəzib şirniyyat və ya kiçik yeməklər istəmələrinə əsaslanır.

 

4. Balqabaq Yarma: Halloween-də balqabaq oyaraq müxtəlif üz ifadələri yaratmaq geniş yayılıb. Oyulmuş balqabağın içində şam qoyulur və o, qorxunc bir fənər kimi görünür.

 

5. Qara Pişiklər və Cadugərlər: Qara pişiklər Halloween ilə əlaqəli məşhur simvollardan biridir. Orta əsrlərdə qara pişiklərin cadugərlərlə əlaqəli olduğuna inanılırdı və onlar pis niyyətli varlıqlar hesab olunurdu.

 

Halloween-in məqsədi isə əslində qorxunc bir gecəni əyləncəli şəkildə keçirmək və qorxu elementlərini oyunla birləşdirməkdir. Halloween partiləri, qorxulu filmlər gecəsi və qorxunc ev dekorasiyaları da insanların bu bayramdan zövq almasının bir hissəsidir.

 

Halloween yalnız qorxulu simvollarla dolu bir bayram deyil, həm də insanları bir araya gətirən əyləncəli bir ənənədir. Qədim Keltlərin inanclarından başlayan bu gün, zamanla dəyişərək müxtəlif mədəniyyətlərin təsiri ilə indiki formasını alıb. Halloween bizi həm qorxularımızla üzləşməyə, həm də xəyallarımızı canlandırmağa dəvət edir. Cadugərlər, balqabaqlar, qorxunc kostyumlar hamısı əyləncə, dostlarla birlikdə gülüş və macəra dolu bir gecənin ayrılmaz hissəsinə çevrilir.

 

Şəkildə: bayram atributları

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə bu dəfə yenidən sevilən şairimiz Əlizadə Nurini görüşdürürəm. 

Hara baxdım tor gözümə sataşdı-

Hara baxdım bu hörümçək dünyada, - deyən şair həqiqətən də mükəmməl ifadə edib fikrini. Obrazlılıq da öz yerində. 

Xoş mütaliələr.

 

Ulduz ətri

 

Yarpaq kimi sığalladım xəzəli,

Öz evimdi, öz yaxamdı, öz əlim.

Yaxşı baxsan, qəmin də ən gözəli

Sevgilitək görünəcək dünyada.

 

Dərilməyən yalan qalıb  görəsən?

Yapışmağa saman qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

Səni deyib yuxarını gəzirdim,

Ulduzların axarını gəzirdim...

Mən bəxtimin baharını gəzirdim-

Əzilibmiş çiçək-çiçək dünyada.

 

O aydı, ya, yar gözümə sataşdı?

Tanrı bu gün kor gözümə sataşdı.

Hara baxdım tor gözümə sataşdı-

Hara baxdım bu hörümçək dünyada.

 

Gülə sığın- gül üzünü itirmə,

Günəşi sev, gündüzünü itirmə.

...Canım durna, göy üzünü itirmə-

Üşüyürsən lələk-lələk dünyada...

 

Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Cümə axşamı, 31 Oktyabr 2024 18:16

“Kişilər gec ağlayır... “ - Aydın TAĞIYEV

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Aydın Tağıyevin nəsri  təqdim edilir.

 

Fraqmental romandan parçalar 

Quşa qıymayan ovçu

 

Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə

 

Ov həvəskarı olan oturub-durduğu dostları onu dilə tutub axır ki, günlərin bir günü yala gətirə bildilər. Ömründə ilk dəfə o da çiyninə tüfəng aldı, onlara qoşulub quş ovuna yollandı.

Dəniz qırağındakı ovçuluq limanı adlanan məkan məşhur idi. Payızın axır-axırlarında isti ölkələrə köç edən quşlar bu limanda qanad saxlayar, qamışlıqlarda sığınıb gecələyər, səhərin alatoranında qalxıb göyə qanadlanardılar.

 

*

Dörd-beş nəfər yoldaş idilər. Hərəsi də ayrı-ayrı yerlərdə pusquda durmuşdu.

Dənizin qırağında ins-cins görünmürdü. Əslində isə limana yüzdən çox ovçu gəlmişdi. Hərəsi də bir tərəfdə gizlənmişdi.

Səhərin alatoranlığında quşlar göydə qatarlanıb görünən kimi tüfənglər açılmağa başladı. Bir güllə, ikinci güllə, üçüncü güllə...

Bir partapart düşmüşdü ki, limana ilk dəfə ova gəldiyindən Çingiz hər atəş səsindən sonra diksinirdi...

Bu atəş səslərini sakit qarşılaya bilmirdi. Axır ki, dözə bilməyib dilə gəldi: - Əşi, bu dəniz sahilində elə bil İkinci Dünya müharibəsi gedir ki? - deyə köksünü ötürdü. Ovçuların quşlarla apardığı bu "müharibə" onu bərk sarsıtmışdı, hər güllə açıldıqca göydə bir quşun millənib daş kimi yerə düşməsi ürəyiyuxa Çingizin qəlbini parçalayırdı.

 

*

...Hə, həmin ov əhvalatından sonra Çingiz bir daha limana ova getmədi.

"Yox, tüfəng ilə ov mənim işim deyil, dedi, mənimki tilovla balıq tutmaqdır..."

 

*

Yer-göy lərzəyə gəlmişdi.

Toplar guruldayır, mərmilər partlayır, avtomatlar şaqqıldayır, tankların tırtılları torpağı eşə-eşə bağrını yarırdı, göy üzünü bürüyən qapqara tüstüdən, qırıcı təyyarələrin vahiməli uğultusundan qorxmuş buludlar pərən-pərən düşmüşdü.

 

*

...Və bir vaxt quşlara ov tüfəngindən atılan güllələrin səsindən qorxub özünə sakit bir yer axtaran "Ovçu oğlan", "Atəş!", "Atəş!!", "Atəş!!!", "İrəli!!!" - deyə bağıraraq öz cəsarəti ilə döyüşçü yoldaşlarını hücuma səsləyirdi...

Əmri pozdular

 

Tağım döyüş əməliyyatını qələbə ilə başa vurmuşdu. Komandanlıq tərəfindən növbəti tapşırıq tutduqları mövqelərdə möhkəmlənmək üçün səngər qazmaq idi.

Belləri, külüngləri, torpaq qazan çalovları əllərində hazır tutmuş əsgərlər işə başlamaq istəyirdilər ki, tağımı çaş-baş salan yeni bir əmr gəldi. Tutduqları yüksəklikləri tərk edib geri çəkilməlidirlər!

Bəs, bu mühüm mövqeləri ələ keçirtmək üçün tökdükləri qanlar, şəhid, yaralı döyüşçü yoldaşları...

 

*

Qisas, intiqam hissi ilə alışıb-yanan tağım birdən coşub-daşdı. Əllərindəki belləri, külüngləri, çalovları yuxarı qaldıraraq hiddətlə səs-səsə verdilər: "Burada özümüzə qəbir qazarıq, ancaq bir atdım da geri çəkilmərik! İrəli!"

 

1992

 

"Gör, sənin nə qədər anan var..."

 

...Növbəti anım günü idi... Şəhidlər Xiyabanında izdiham aşıb-daşırdı.

Hər bir şəhid anası övladının məzarı üstə sinə dağlayan səslə ürəyini boşaldırdı. Kimisi bərkdən hönkürtü vururdu, kimisi sinəsinə əl atıb şaxsey-vaxsey gedirdi, kimisi için-için ağlayır, kimisi layla deyir, kimisi isə soyuq torpaq altındakı oğlunu arəstə-arəstə oxşayırdı:

Araz axar lil ilə,

Bülbül oynar gül ilə,

Səni necə oxşayım

Bu qurumuş dil ilə...

Atalar aralıda durmuşdular. Anaların öz ürəklərini rahat boşaltması xətrinə hələ ki susub lal durmuş, onları öz ciyərparələri ilə baş-başa buraxmışdılar. Əlbəttə, sonra özləri də oğulları ilə görüşəcəkdilər. Kişilər onsuz da gec ağlayırlar...

...Kimin ağlına birdən-birə necə gəldi ki, gözlərini dörd dolandırıb ətrafa baxsın?! Xiyabanda uçan bir cüt zil qara göyərçin səs-küydən hürkməyib bir şəhid məzarının üstündə dövrə vurur, qanad çalırdılar.

...Sən demə, təkcə bir şəhid məzarının üstündə yaxın-doğma kimsə yox idi. Ola bilməzdi, belə bir anım günündə harda qalmışdı sinəsi dağlı anası, atası, doğmaları, əzizləri...

 

*

Xəbər o soyuq qış günündə şaxtaya dönüb ürəkləri dondurdu. Demə, o Şəhid oğul elə dünyaya gələn gündən anasız qalıbmış, əvvəlcə körpələr evində, sonra da kimsəsiz uşaqlar üçün olan internatda böyüyübmüş...

*

Bütün şəhid anaları əlbəəl övladlarının məzarlarından ayrılaraq, anasız şəhidin qəbrinin üstünə toplaşdılar. Məzarı üstdə sərilib başdaşındakı şəklini öpdülər. Əvvəlcə için-için, sonra da hönkürtü qoparıb ağlayan anaların naləsi Xiyabanı başına götürmüşdü.

Bir ana axır ki, özünə gəlib göz yaşlarını silə-silə: - Rahat yat, ay bala, rahat yat, - dedi, - gör, sənin nə qədər anan var...

 

Farağat

 

...Əsgəri xidmətini başa vurub evlərinə geri dönəcəyi günə hər gecə yuxuya getməmişdən qabaq kazarmada barmaqla hesablayıb saydığı sanılı günlər qalmışdı.

Ağır döyüş təlimlərində həmişə fərqlənmişdi. Əlavə məzuniyyətə buraxılan əsgər gündəlik sıra baxışlarında isə məzəmmətlənirdi. Sırada farağat vəziyyətində düz dura bilmədiyinə görə onun ucbatından komandir hər dəfə cərgəni dönə-dönə təzədən düzdürmüşdü.

Əsgər yoldaşları xətrini çox istəyirdilər. Şahidi olmuşdular ki, dost yolunda canından keçər. Deyib gülən, şən bir oğlan idi. Həm də zarafatcılın biriydi. Əsgər yoldaşlarına, hətta bəzən elə gəlirdi ki, sıra baxışlarında da qəsdən, bilərəkdən düz dayanmır.

İstər yayın istisi, istərsə də qışın soyuğu olsun, cərgəni təzədən sıraya düzülmək əziyyətinə qatlaşdıra-qatlaşdıra, deyəsən, onlarla zarafatlaşıb bir növ məzələnir. Xətrinə dəyəcəklərindən ehtiytlanıb dodaqlarını çeynəyə-çeynəyə dözüb durur, yalnız ürəklərində onu söyüb yamanlaya-yamanlaya susub qalırdılar.

 

*

...Dava başlayan gün tabor heç sıraya düzülmədən qəfil "İrəli!" əmri ilə döyüşə atıldı.

Sıra baxışı zamanı boyca cərgədəkilərdən ən qısa boy olduğundan axırıncı durardı. "İrəli!" əmrindən sonra isə o lap qabaqda, öndə idi. Düşmən atəşinə də ilk tuş gələnlərdən oldu. Ayağından yüngülvari yaralanmışdı. Sanitar məntəqəsində yarasını sarıdılar. Cəmi bircə gün onu burada saxlaya bildilər. Həkimlər deyib başa saldılar ki, ayaq üstə çox dura bilməz... Onların sözlərini ağızlarında yarımçıq qoydu, bu dəfə qətiyyətlə: - Noolsun, - dedi, - ayaq üstə dura bilmərəm, düşmən üstə sürünə-sürünə gedərəm...

Onu yola gətirmək üçün komandiri çağırdılar. Əsgər: - Cənab komandir, - deyə az qala yalvardı: - Bir dəfə təlim vaxtı döyüş tapşırığını yerinə yetirəndə düşmən səngərinə sürünə-sürünə getməyi bizə əmr etmişdiniz... İndi silah tutan əllərim ki, yerindədir! Yenə də sürünə-sürünə...

Komandir onu qucaqladı.

*

...Axır ki, özünə gəlib gözlərini açıb dörd dolandıranda başa düşdü ki, bu dəfə onu hospitala gətiriblər. Çarpayıda uzanıb qalmışdı. Bəs harasından yaralanmışdı? Yadında deyildi. Əvvəlcə qollarını tərpətdi. Sonra da ayaqlarını uzadıb-yığmaq istəyəndəsə ağrıdan huşunu itirdi...

Haçandan-haçana ağır-ağır göz qapaqlarını aralayanda başı üstündə əlində qanlı tənzif tutmuş şəfqət bacısını gördü...

 

*

...Qoltuq ağacına söykənib bir məzarın ətrafında lal-dinməz dayanıb durmuşdu. Hərbi mundirdə idi. Əsgər birdən söykəndiyi qoltuq ağaclarını yerə tulladı. Üzünü başdaşıya tərəf çevirib dimdik farağat vəziyyətində durdu. Sağ əlini gicgahına aparıb hərbi təzim verdi. Sonra da:

 - Cənab komandir, - dedi - bütün döyüş tapşırıqları yerinə yetirildi, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Ayaq üstə özünü güclə saxlasa da, elə bil komandirin əmrini gözləyirdi: "Azad!"

Hələ də farağat vəziyyətində idi və bu dəfə qulaqlarına komandirin həlim səsi gəldi: "Bax belə, əsgər!"

"Azad!"

 

14.09.2023

 

Quş yuvası

 

Neçə vaxtdan bəri xeyli get-gəldən sonra axır ki, işə düzəlmişdi. İndi qalırdı axtarıb-tapıb iş yerinə yaxın bir yerdə qalmağa münasib bir mənzil kirayələmək. Bu dəfə də bəxti gətirdi. Həmin iş yerində elə ilk tanışlıqdan birdən-birə doğmalaşıb rəfiqə olduğu qız canıyananlıqla ona bir ünvan verib:

- Sakit, səssiz-küysüz bir məhəllədir, - dedi. - Həyət evində, xudmani birgözlü ayrıca otaqdır. Ev sahibi də aman-zaman oğlu ilə ayrıca mənzildə qalır.

Rəfiqəsi sonra daha müfəssəl danışıb dedi ki, qohumluğum çatdığına görə tərifləmirəm, bəs, ev sahibəsi xeyirxah bir xanımdır. Kirayənişinlərə həmişə analıq edib. Kirayə haqqını da heç vaxt dilinə gətirənlərdən deyil.

Sonra da köks ötürən qız:

- Oğlu da ədəb-ərkanlı bir oğlandır. Müharibə qazisidir. - Sözünün ardını gətirməmişdi: - Eh, nə deyim, hər ikisini özün yaxından görüb tanıyacaqsan...

 

*

Həftənin bazar günü idi. Qazi oğlan evlərindən o qədər də uzaq, aralı olmayan bir yerdə öz şəxsi emalatxanasında çalışırdı. Dəmir-dümür təmiri ilə məşğul olurdu. Öz əli-öz başı idi. Oğlan həyətdə ilk dəfə kirayənişin qızı qəfildən gördü. Hansısa emalatxana alətinin ardınca evə qayıtmışdı. Anası yaş paltarları ləyəndən götürüb zivədən asırdı. Kirayənişin qız da əl-ayaq edib anasına kömək edirdi. Hər ikisi əlləri işdə ola-ola həm də söhbətləşirdilər.

 

*

Həyətin dəmir darvazası qəfil açıldı. Ana ilə kirayənişin qız qapıya tərəf boylandılar. Ana təlaşlandı. Axı oğlu bu vaxtlar evə gəlməzdi. Sübh tezdən evdən çıxar, bir də axşamdan xeyli keçmiş evə dönərdi. Günorta da elə iş yerində evdən apardığı yeməklə nahar edərdi.

Oğlu anasını sakitləşdirdi: - Lazımi alətlərin birini unudub evdə qoymuşam, - dedi, - aparmağa gəlmişəm.

Kirayənişin qız ev sahibəsinin ilk dəfə gördüyü oğluna gizlicə altdan yuxarı nəzər saldı. Doğrudan da, boylu-buxunlu, yaraşıqlı oğlan idi. Oğlan da nədənsə ayaq saxlayıb unutduğu alətin ardınca içəri keçməyə tələsmədi. Oğlunun gözucu da olsa, kirayənişin qıza baxması ananın gözündən yayınmadı. Ana az qala oğlunun üstünə cummaq, onu bağrına basmaq istədi...

...Elə bil bunu hiss edən oğlan cəld onlardan aralandı. Qız da elə bu zaman oğlanın bir ayağını çəkdiyini gördü. Ana köks ötürüb yanıqlı-yanıqlı:

- Erməninin tifağı dağılsın, - dedi, - necə ki dağıldı, neçə-neçə igid oğlumuz şəhid oldu. Mənim də oğlum davada düşmən gülləsinə tuş gəlib şikəst qaldı...

Ana sonra da gülümsəyib gizli bir qürurla: - Özüm şahidiyəm ki, qohum-qonşuda neçə-neçə subay qız ardınca gizlicə necə baxır?! Saqqalı ağarmış, denən birinə gözucu da olsa baxırmı?..

Ana sözünə ara verib susdu. Bir ara gözləri yol çəkdi, sonra da: - Kim bilir, bəlkə də qeyrətli balam şikəstliyi ucbatından qızlara baxmağa çəkinir, - deyə ah çəkdi.

Kirayənişin qız toxtaqlıq üçün anaya nə deyəcəyini bilmədi. Əlində alət yanlarından tələsik ötüb-keçən oğlanın ardınca baxa-baxa qalmışdı. Ana qəhərləndi, göz yaşlarını qızdan gizlətməyə çalışdı. Dolu ürəyini boşalda-boşalda boğuq səslə: - Denən, indiyəcən balam başını qaldırıb bir qıza gözucu da olsa heç nəzər salırmı? - Ana elə bil birdən dirçəldi. - Eh, nə deyim, gözəl-göyçək qızlar hələ də ardınca baxa-baxa qalıb.

 

*

Həyətlərində kirayənişin qızla o qəfil rastlaşmadan sonra qazi oğlan elə bil huşyar olmuşdu. Emalatxanada ona lazım olan hansısa bir aləti tez-tez "unudub" evdə qoyur, sonra da ardınca geri dönürdü. Hətta elə olurdu ki, həmin "unutduğu" alətin ardınca gəlsə də, bəzən geri, emalatxanasına əliboş qayıdırdı.

 

*

Son günlər arabir evlərinə günorta yeməyinə də gəlməyi var idi. Belə vaxtlarda kirayənişin qızla hər dəfə qəfil qarşılaşanda hər ikisi bir-birləri ilə sadəcə yüngülcə salamlaşırdılar... Başlarını qaldırıb bir-birlərinin üzünə baxmaqdan sanki çəkinirdilər. Ancaq gözaltı baxışlarını nə qədər çalışsalar da, heç biri gizlədə bilmirdi.

 

*

...Oğlanın bu dəfə də yaddan çıxarıb emalatxanada gərəkli bir alətin ardınca həyətə qəfil girdiyi günlərin birində kirayənişin qızla ana kölgəli ağacın altındakı kətildə oturub şirin-şirin söhbətləşirdilər. Ana da, kirayənişin qız da son vaxtlar elə bil daha da doğmalaşmış, məhrəmləşmişdilər. Ana bundan xeyli məmnun idi. Kirayənişin qızın söz-söhbətlərinə indi daha huş-guşla qulaq asırdı.

...Payızın əvvəlləri idi. Oğlan anası ilə kirayənişin qızın söhbətinin üstünə o yerdə gəlib çıxmışdı ki, qız az qala ağlamsına-ağlamsına:

- Hə, ay xala, uşaqlığımdan bəri ən çox köçəri quşlara rəhmim gəlib. Qışın girməsinə az qalmış kəndimizin üstündən quşlar hay-həşir sala-sala uçub köç edəndə hönkür-hönkür ağlayardım. Evdəkilər məni güclə ovundurardılar. O vaxtdan bəri elə indi də belə fikirləşirəm ki, yəqin, hər quşun bir isti öz yuvası olsa, daha uçub uzaqlara getməzlər...

Oğlan eşitdiyi bu sözlərdən diksindi. Anasının da bu dəfə duyuq düşəcəyindən daha ehtiyatlanmayıb zəndlə qızın üzünə baxa-baxa qaldı...

 

*

Aradan günlər keçmişdi. Günlərin bir günü qəfil bir qonaq darvazanı taqqıldadıb həyətə keçdi. Ev sahibəsindən kirayənişin qızı xəbər aldı. Yaşlı bir qadın idi. Ev sahibinin həyəcanını, nigarançılığını əlbəəl hiss edib onu çox intizarda saxlamadı. Birbaşa mətləbə keçdi ki, narahat olmasın: - Özgəsi deyil, kirayənişin qızın qohumlarındandır.

Uzun sözün qısası, belə məlum oldu ki, bu yad qadın da elə bu şəhərdə, ucqar bir məhəllədə tək-tənha yaşayır. Gen-geniş ev-eşiyi də var. Lap bu yaxınlarda kimdənsə eşidib xəbər tutub ki, bəs kənddən gələn, qohumluğu çatan, subay-salıq qohum qız kirayədə qalır. İndi də gəlib ki, o qohum qızı yanına qatıb evinə aparsın. İndən belə özü ona analıq, qız da ona övladlıq etsin...

O yad qadın bundan sonra da dəfələrlə kirayənişin qızın ardınca xahiş-minnətə gəldi. Və belə gəlişlərdən, xahiş-minnətlərdən sonra bir gün kirayənişin qız da ev sahibəsini qucaqlayıb üzrxahlıq edə-edə: - Qaldığım bu müddətdə mənə analıq etdiniz, - dedi. - Xalam da yalqızdır, onun sözünü daha yerə sala bilmirəm. İstəyirəm ki, - qız udqundu. - Sabah yığışıb gedəm...

 

*

Axşam anasından eşitdiyi bu qəfil xəbərdən oğlan çaş-baş qaldı. Hə, sən demə, kirayənişin qızın qəfil bir xalası peyda olub. Axtarıb-axtarıb axır ki, onu tapıb. İndi də, öz yanına aparmağa, birgə qalmağa razı sala bilib. Oğlunun haldan-hala düşməsi ananın gözündən yayınmadı.

 

*

Neçə vaxtdan bəri qaldığı evdən köç edən kirayənişin qızın elə bir yükü yox idi. Hamısını yığıb-yığışdırıb iri bir çemodana sığışdırmışdı. Ertəsi gün oğlan sübh tezdən yerindən qalxaraq, sonra da əlüstü bir stəkan çay içib həmişə olduğu kimi tez-tələsik iş yerinə yollanmadı. Müxtəlif iş alətlərinin saxlandığı anbara keçdi...

Əlində yır-yığış etdiyi iri meşin, ağır çemodan olan qız oğlanı həyətdə görəndə özünü itirdi. Yəqin ki, qanacaqlı, ədəbli-ərkanlı oğlan çemodanı əlindən alıb darvazadan bayıra çıxaracaq, taksi saxladıb minənəcən köməyini əsirgəməyəcəkdi.

...Oğlan əlindəki işi saxladı. Dik qızın gözlərinə baxdı. Qız özünü itirdi. Oğlanın əlində rəndələyib, yonub hamarladığı taxta bir qutu var idi. Quş yuvasına oxşayırdı. Əlindəki həmin taxta qutunu ciddi-cəhdlə həyətlərindəki köklü-köməcli ağacın gövdəsinə bərkitməyə çalışırdı. Qız elə bil diksindi.

Oğlan sanki qızın əlindəki çemodanı görmürdü. Üzünü qıza çevirib: - Quş yuvasıdır, - dedi. - Elə bil deyəcəyi sözləri dilinə gətirməyə nəsə ürək etmirdi. Axır ki, özünü toplayıb cəsarətlə: "Qoy həyətimizdəki quşların da öz yuvaları olsun. Ora-bura köç etməsinlər".

Lal-dinməz oğlanın elə bil dili açılmışdı:

- Yadımdadır, bir hacıleylək həyətimizdəki yeganə ağacın ən hündür budağında bir yuva qurmuşdu. Bir gün qəfil ildırım ağacı vurdu. Yuva dağıldı. Sonra bildim ki, bizim hacıleylək qonşumuzgilin ağacında özünə yuva qurub.

 

*

Elə bil qızdan nəsə bir söz eşitmək ümidilə çevrilib bu dəfə qıza tərəf dik-dik baxdı. Qız əlindəki çemodanı yerə qoymuşdu...

 

30 may 2022

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.