Super User

Super User

 

Azərbaycan Respublikası Mədəniyyət Nairliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisinin təntənəli açılış mərasimi keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Murad Məmmədov, Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Abdulqappar Qırğızbayev, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və rəssam Fikrət İbrahimli çıxış etmişdirlər. Sərginin koordinatoru və aparıcısı Əkbər Qoşalı olub.

Fərdi sərgi rəssamın yaradıcılığının 50 illiyinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Tanınmış Azərbaycan rəssamı Fikrət İbrahimli Neftçala rayonunda anadan olub. Onun ilk sənət müəllimi Nefçalada tanınmış təsviri sənət müəllimi Adil Hacıyev olub. Rəssam ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu nömrəsində xeyir dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayırdı. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, porteret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu ayrıca yer tutur. Tarixi İçərişəhərin müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük savaşda göstərmiş olduqları qəhrəmanlıqlar, igid zabit və əsgərlərimizin şücaəti rəssamın yaradıcılığında müvəffəqiyyətlə təcəssüm olunub. Fikrət İbrahimlinin alınmaz qala - Şuşaya həsr olunmuş rəngkarlıq nümunəsi ayrıca qeyd olunmağa layiqdir.

Fikrət İbrahimlinin mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur və rəssamın bədii yaradıcılıq dünyasını və rəssam təxəyyülünü tam aydınlığı ilə biruzə verir. Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub.

Fikrət İbrahimli Azərbaycan xalçaları, milli mədəniyyət nümunələri fonunda bir-birindən maraqlı, diqqəti cəlb edən bir çox natürmortlar yaradıb. Rəssam Azərbaycan neməntəlrinin, xüsusən də narların rəsmlərini təsvir etməklə maraqlı natürmort kompozisiyaları yarada bilib.

Fikrət İbrahimlinin uğurlu yaradıcılıq nümunələrindən “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortların adlarını qeyd etmək olar.

Təsviri sənətin mayasını rəsm təşkil edir. Bu baxımdan Fikrət İbrahimlinin yaradıcılılığında təbii ki, rəsm nümunələri geniş yer tutur. Sərgidə Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış oduğu, rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid 60 yaxın sənət nümunələri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Cümə axşamı, 22 Dekabr 2022 13:00

Plagiatda ittiham olunan Sibel Canın məhkəməsi oldu

Ən çox oxunan xəbər: Türkiyə pop musiqisinin ulduzlarından ən parlaqları sırasında dayanan Sibel Canın başının qovğaları nəhayət ki bitdi. 

Müğənni Alihanın 5 il öncə Sibel Cana qarşı açdığı məhkəmə işi yekunlaşdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən xəbər verir ki, 5 il öncə Alihan Sibelin oxuduğu "Kış masalı" mahnısının ona məxsus olduğu iddiası ilə xanım sənətçidən şikayət etmişdi.

Məhkəmə ifanın Alihana aid olmadığına qərar verərək, işi rədd etdi. Və hamıda sual yarandı: Alihan nəyə nail olmaq istəyirdi?

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

“TV 8"də yayımlanan "O səs Türkiyə" yarışmasında Yeni il gecəsi münsif kürsüsündə Ebru Gündeş, Murat Boz, Yıldız Tilbe və Seda Sayan yer alacaq.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, müsabiqədə Talat Bulut, Kerem Alışık, Ebru Şahin, Onur Buldu, Alina Boz, Melis Sezen, Cemre Baysel, Selin Şekerci, Nilsu Berfin Aktaş, Büşra Pekin və Aslıhan Malbora yarışacaq. Gecədə sosial media fenomenləri Cemal Can və Danla Biliç də mahnı oxuyacaq.

Aparıcılığını və prodüserliyini Acun Ilıcalının etdiyi yarışma dekabrın 31-də yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Pakistanın Lahor şəhərində Pəncab qubernatorunun iqamətgahında urdu dilində “Kitabi-Dədə Qorqud” eposunun təqdimat mərasimi keçirilib. Kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Ön söz”ü və ideya müəllifliyi, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşkun yaxından dəstəyi ilə işıq üzü görüb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verilir. Təqdimat mərasimində eposun ədəbi-bədii xüsusiyyətlərindən, bu ədəbi abidənin əhəmiyyətindən və müasirliyindən söz açılıb. 

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Yusuf Kuşk xalqımızın qəhrəmanlıq eposunun urdu dilində nəşr olunmasını Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkişafında mühüm hadisə kimi qiymətləndirib. Rəhbərlik etdiyi qurumla Azərbaycan Milli Elmlər Akademiyası arasında qarşılıqlı səmərəli əlaqələrin yaradıldığını bildirən pakistanlı professor birgə tədbirlərin, müştərək layihələr üzrə aparılan elmi araşdırmaların yüksək səviyyədə təmin edilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.

Lahor Dövlət Kollec Universitetinin rektoru professor Əsgər Zahidi “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində nəşr olunmasını və Pakistanda təqdimatının keçirilməsini ölkələrarası əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Daha sonra çıxış edənlər “Kitabi-Dədə Qorqud”un urdu dilində nəşrini yüksək qiymətləndirməklə bərabər, iki ölkənin alimlərinin əməkdaşlığının böyük perspektivlərə malik olduğunu diqqətə çatdırıblar. 

Tədbirdə, həmçinin tarix elmləri doktoru Eynulla Mədətlinin Pakistan tarixi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın görkəmli Pakistan mütəfəkkiri Məhəmməd İqbal haqqında monoqrafiyası təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Cümə axşamı, 22 Dekabr 2022 08:30

Əhməd Cavad: “Əzilsəm də susmaram!”

 

Ölkə başçısının istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbin tərəfdaşlığı ilə “Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində “Əzilsəm də susmaram!” adlı tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, qonaqlar Yuri Kovalyov adına 229 nömrəli orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına gül dəstələri qoyub və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir 33 nömrəli musiqi məktəbinin xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra şagirdlərin təqdimatında Əhməd Cavadın həyat və yaradıcılığını özündə ehtiva edən kompozisiyalar təqdim olunub, bilik yarışması keçirilib.

Tədbirdə ədibin nəvəsi Almaz Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun professorları və digər qonaqlar iştirak ediblər.

Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə yanaşı, layihə haqqında da öz müsbət fikirlərini bildiriblər. Sonda müsabiqə qalibləri diplom və kitablarla mükafatlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Gözəl bir ənənənin təməli qoyulub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gündüz konsertləri keçirir və bu konsertlər əsasən tələbələr üçün nəzərdə tutulur.

Konsertlər gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsi növbəti belə konsertə qucaq açmışdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin konserti keçirilirdi. 

Filarmoniyanın gündüz konsertləri çərçivəsində təşkil olunan bu tədbirdə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə tərəfindən İ.S.Baxın, Y.Haydnın, S.Raxmaninovun əsərləri tamaşaçılara təqdim edildi. 

Azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Fərhad Bədəlbəylinin, eyni zamanda Xalq artisti Murad Adıgözəlzadənin birgə çıxış etməsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Tələbələr çox şeylər öyrəndilər, ustad dərsləri aldılar.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 20:30

Yaxınlarda Şuşa turizm marşrutu olacaq

 

Gözəlimiz Şuşanın gözəlliklərini dünya insanlna təqdim etmək - bundan gözəl nə ola bilər? 

 

“Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır. Hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".

Xatırlayırsınızsa bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı söyləmişdi. 

Konkret planlar və görüləcək işlər barədə növbəti buraxəlışlarımızda xəbər verəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 18:37

Qeyri-neft məhsullarının ixracı 14 faiz artıb

 

Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft məhsullarının ixracında müsbət dinamika ilə nəticələnir. 

Statistika komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 2 milyard 688 milyon dollar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

 

Musiqi axşamında Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. 

Gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) Fikrət Əmirovun Azərbaycan kapriççiosu və Kürd-Ovşarı simfonik muğamından fraqmentlər səsləndiriblər. 

Solistlər Hacı Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli konserti və kamança və orkestr üçün konserti dinləyicilərə təqdim ediblər. 

Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Bu barədə Mədəniyyət Nazirliyi mediaya açıqlama verib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Türk dünyasının daha sıx inteqrasiyası üçün əmək qoyan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu növbəti addımı atıb. Fondun  prezidenti Günay xanım Əfəndiyeva Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” Fondun açıqlamasına istinadən xəbər verir ki,  görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın ortaq türk irsinin qorunması, bərpası və təbliği istiqamətində çoxşaxəli tədbirlər həyata keçirdiyini bildirib.

Öz növbəsində, Kanıbek Osmonaliyev ölkədə dil siyasətinin təkmilləşdirilməsi, o cümlədən qırğız xalqının mənəvi dəyərlərinin dirçəlişi və inkişafında dövlət dilinin rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər qədim türk xalqlarının mədəni kodu və irsi olan türk dillərinə hərtərəfli dəstəyin vacibliyi barədə yekdil fikir bildirib, həmçinin əməkdaşlıq üçün perspektiv imkanları müzakirə ediblər.

Görüşdə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonəliyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, “Qırğıztest” Dövlət Qurumunun direktoru Batma Topoeva-Stavinskaya iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.