Super User

Super User

 

Rusiyanın Ulyanovsk şəhərində Azərbaycanın əfsanəvi sənətkarı, dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə təntənəli yaradıcılıq gecəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, “Qubernatorski” Mədəniyyət Sarayında baş tutan tədbir “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının təşəbbüsü və vilayətin İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilib.

Tədbirdə vilayət administrasiyasının, hökumətin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl vilayətin vitse-qubernatoru Aleksandr Korobko, incəsənət və mədəniyyət siyasəti naziri Yevgeniya Sidorova, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri İslam Hüseynov çıxış edərək, Müslüm Maqomayevin iki ölkənin musiqi mədəniyyətinin inkişafına misilsiz xidmətlər göstərdiyindən, öz bənzərsiz səsi, ölməz yaradıcılığı ilə hər zaman milyonlarla tamaşaçıya gözəl anlar bəxş etməsindən danışıblar.

URAMMM sədri İslam Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə və bütövlükdə milli icmaların fəaliyyətinə göstərdikləri dəstəyə görə Azərbaycan diasporunun adından vilayətin qubernatoru Aleksey Russkixə, vitse-qubernator Aleksandr Korobkoya və nazir Yevgeniya Sidorovaya minnətdarlığını bildirib: “Ulyanovsk azərbaycanlıları fəxr edirlər ki, belə gecələrin ənənəsinə uzun illər əvvəl başlayıblar. Zaman keçdikcə belə tədbirlər regionun mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan xalqının görkəmli oğlunun yaradıcılığı bu gün də xatırlanır, sevilir. Bizimlə birlikdə Müslüm Maqomayevin xatirəsini və onun ən zəngin mədəni irsini ehtiramla yad edən bütün tamaşaçılara təşəkkür edirik”.

Konsert “Derjava” Ulyanovsk dövlət nəfəsli alətlər orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin səsləndirilməsi ilə başlayıb. Sonra “Bolşoy Teatr”ın və Perm Akademik Opera və Balet Teatrının solisti Konstantin Suçkovun və digər müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib. Konsert zamanı səhnədəki iri monitorda Müslüm Maqomayevin həyat və yaradıcılığını, Azərbaycandakı mədəniyyət hadisələrini, azad olunmuş torpaqlarımızda Azərbaycanın Dövlət Bayrağının dalğalandırılmasını əks etdirən fotolar nümayiş etdirilib.

Konserti orkestrin bədii rəhbəri və baş dirijoru Kiril İlyin idarə edib.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 10 nömrəli peşə məktəbinin şagirdləri ilə birlikdə Xəlil Rza Ulutürkün 90 illiyi ilə əlaqədar tədbir keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Baş İdarədən bildirilib ki, şöbə müdiri Sevinc Əliyeva şagirdlərə şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

“Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir. Xəlil Rza Ulutürkün yaradıcılığında azərbaycançıllıq ideası böyük yer tutur. Onun poeziyalarının kökü vətən eşqi, torpaq ilə bağlıdır. Şair xalqın milli mübarizəsində göstərdiyi xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə mükafatlandırılıb. Xəlil Rza Ulutürk 1994-cü ildə vəfat edib və Fəxri xiyabanda dəfn edilib”, - deyə şöbə müdiri bildirib.

Ən çox oxunan xəbər: Xalq artisti Tünzalə Ağayevanın 46 yaşı tamam oldu və bu münasibətlə o, şəxsi həyatı ilə bağlı gizlinləri açdı. 

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Səhərin səsi" proqramında olarkən yaşla bağlı insanlarda yaranan tərəddütlərə aydınlıq gətirib:

"İnsanlarda rəqəmə ilişib qalmaq var. Deyirlər, 40 yaşım var, indi nə edəcəyəm? Həyat 40 yaşından sonra başlayır".

Şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verən müğənni xəyanətə uğradığını etiraf edib:

Xəyanəti bağışlamaram. Hamı kimi. Xəyanətini gördüyüm insanı dərhal kəsib atıram. İzahat belə vermədən. Mən də xəyanətə uğramışam. Başımı yastığa rahat qoyuram. Çünki kimsəyə xəyanət etməmişəm. Məndən istifadə edənlər həyatımda yoxdur".

Şənbə, 22 Oktyabr 2022 12:30

Bir gecəyə 150 min dollar qazanacaq

 

Türkiyəli müğənni Hadisə Yeni ildə Kiprdə konsert verəcək.

 

Türkiyə mediasının yazdığına görə, sənətçi bunun müqabilində 150 min dollar (təxminən 255 min manat) məvacib alacaq.

Günün fotosu: İki mənfur rejim bir-birinə kömək edir

 

Söhbət Rusiyadan və İrandan gedir. Rəsmi Vaşinqton bir daha dəlil sübutlar gətirib ki, İran anneksiya olunmuş Krımın ərazisindən Ukraynaya dronlar buraxır.

 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc yazar Habil Yaşarın tezliklə işıq üzü görəcək “Yeddinci ayın yeddisi” romanından seçmə kəlamları oxucularının diqqətinə çatdırır. 

 

Nifrət etdiyin hər zaman biri olacaq, amma birinə görə hər kəsə nifrət edə bilməzsən

Bütün insanlar yalançı olmasa da, bütün yalanlar insana məxsusdur

Şahidi Tanrı olanın, tanrısı Sevgi olsa gərək

Sevirəm! Görəsən gunahmı edirəm? Ya günah etdiyimi bilə-bilə görəsən niyə sevirəm?

Sevgi zamana bənzəyir: Gəldisə saxlaya, getdisə qaytara bilməzsən

Günün fotosu: Mosulda 2700 yaşlı qaya rəsmləri aşkarlanıb

 

İrakın Mosul şəhərində arxeoloqlar 2700 yaşı olan qaya rəsmləri aşkar etmişlər.

 

Foto: Euronews

 

“Bir dəfə yas məclisində idim. Molla xanım mikrofonu götürdü ki, bugünki yasın, mərhumə xanımın məclisinin sponsoru filankəs hacıdır. Elə çıxdı ki, filan hacı oturub başda, məclisin tədarükünü görüb. Atam ağlıma gəldi, hönkür-hönkür ağladım. O vaxt Bakıda mağar qurulmasına icazə verilmirdi. Cümə axşamları olanda atam gedirdi, nəyə gücü çatır yasda süfrənin altına qoyurdu, gəlirdi. Heç kim bilmirdi: nə xanımı, nə uşağı utanırdı. İndi restoranda oturanda biri kənardan qışqırır: Bəhram müəllim, durarsınız, qonağımsız. Bütün hamı bilir ki, hesabı ödəyib. Mədəni insan susmalıdır, yola verməlisən". 

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "Astar" YouTube layihəsində deyib. Aktyor bildirib ki, yas məclisinə də sponsorluq edirlər. 

Bağırzadə qazanc yerini açıqlayıb. O, restoranı olması haqda suala belə cavab verib:

"Yeni filmlərə çəkilirəm ki, ailəmi dolandırım. Pul üçün yola verirəm, reklamlardan qazanıram. Bir də ağlım var. Şirkətlər dəvət edir, onlar üçün layihə yazıram. Restoranım yoxdur, sinif yoldaşımın məkanıdır. reklam edir, pul qazanıram".

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskaninin “Kənd namusu” operasının tamaşası keçirilib.

Teatrın mətbuat xidmətindən “Ədəbiyyat və incəsənət” portalına bildirilib ki, tamaşada əsas rolları Xalq artisti Fidan Hacıyeva (Santutsa), Əməkdar artistlər Ramil Qasımov (Turiddu), Səbinə Vahabzadə (Lüçiya), aparıcı solistlər Nina Makarova (Lola) və Taleh Yahyayev (Alfio) ifa ediblər. 

Opera tamaşasında Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivinin və Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun idarə etdiyi simfonik orkestrin professional ifaları xüsusilə diqqəti cəlb edib.

Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsərinin əsas qəhrəmanları - öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi, əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.

Anşlaqla baş tutan tamaşa boyu tamaşaçılar solistlərin ifalarını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, “Kənd namusu“ operasının ilk tamaşası 1890-cı ildə Romanın “Konstants” teatrında keçirilib. Bu opera son dərəcə gözəl musiqisi və kəskin dramatik süjeti ilə fərqlənir. Opera Maskani yaradıcılığının ən uğurlu əsərlərindən biri hesab edilir və bu günə kimi bir çox dünya teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “ Kənd namusu “ operası 2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyulmuş və repertuara daxil edilib.

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) Vətən müharibəsində döyüşən qazilər və qəhrəmanlarla görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, görüşdə iştirak edən şeirli-sözlü müharibə iştirakçılarının şeirlərindən ibarət “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” adlı xatirə povesti kitablarının təqdimatı olub. 

Kitabda şeirləri dərc olunan Emin Piri, Kərəm Aydın, Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin Məmmədli, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Vüsal Hətəmov, Mir Əjdər Abdullayev və Tamerlan Əsədovun şeirləri bir neçə ay bundan əvvəl Şuşada Vaqif Poeziya günlərində “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” proqramı çərçivəsində səsləndirilib. Qazilərin öz ifalarında şöylədikləri müharibə vaxtı yazdıqları şeirlər ölkə ictimaiyyəti və ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

“Barıt qoxulu sətirlər...” kitabında qazi və veteran şairlərin Vaqif poeziya günlərində səsləndirdikləri şeirlərlə yanaşı, zəfər ruhlu şeirlər də yer alıb. Qazilərin şeirlərindən ibarət yeni şeir antologiyasının tərtibçiləri və “Ön söz” müəllifləri AYB-nin katibi Elçin Hüseynbəyli, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, texniki redaktoru isə Şükufə Məmmədlidir. Kitab “Vektor” Beynəlxalq Nəşrlər evində çap edilib.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Xalq yazıçısı Anarın ideya müəllifi olduğu “Barıt qoxulu sətirlər...” haqqında danışıb.

Xalq yazıçısı Anar 44 günlük Vətən müharibəsindən, Ordumuzun şücaətindən, tarixi Qələbəmizdən bəhs edib. Qazi şairləri təbrik edən AYB sədri, onların Yazıçılar Birliyinə üzv seçildiklərini bildirib. Bundan sonra qazi şairlərə üzvlük biletləri təqdim olunub.

Tədbirdə, eyni zamanda, təqdimatı olan Qarabağ qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” kitabı Qarabağ döyüşlərinə həsr olunub. Əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə olan ağrılı və maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür. Bu kitab həm də bir döyüşçünün gündəliyidir. 

Qeyd edək ki, qazi şairlərin “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” kitablarının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, şair Nigar Həsənzadə, Yazıçılar Birliyinin üzvləri Rəfail Tağızadə, Zemfira Məhərrəmli, Aida Eyvazlı, Elmira Aslanxanlı çıxış edərək qazilərə göstərilən qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, əməlləri və sözləri ilə Zəfər tariximizdə imzası olan mərd oğullarımızla fəxr etdiklərini söyləyiblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.