
Super User
Günün fotosu: Avroittifaq ölkələrinə gələn turistlərin vaksin nəzarəti ləğv edilib
Günün fotosu:
Avroittifaq ölkələrinə gələn turistlərin vaksin nəzarəti ləğv edilib
Avropa ittifaqı ölkələrinə gələn turistlərin vaksin nəzarəti 27 ölkədə ləğv edilib. Qərar dünəndən qüvvəyə minib.
Foto:Euronews
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Teatr baharı” festivalını keçirəcək
Mart ayının 2-dən 6-dək Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Teatr baharı” festivalını keçirəcək.
Xalq artisti, İctimai Şuranın teatr və kino ilə bağlı işçi qrupunun rəhbəri Vidadi Həsənov qeyd edib ki, “Teatr baharı” festivalı Bakıda 17-ə yaxın müstəqil teatrların ilk tədbiridir. O deyib:
“Festivalda panellər keçiriləcək, tamaşaların müzakirəsi aparılacaq, eyni zamanda müxtəlif insanlarla görüşlər olacaq. Bütün teatr sevərləri, gəncləri və tələbələri bu festivalda görmək istəyirik”.
Qeyd edək ki, festivalın 2 məkanda - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində və Şah Mat Teatrında keçiriləcəyi planlaşdırılır.
Festivalın proqramını ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.
Mədəniyyət naziri Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşü keçirilib
2022-ci ilin 22 fevral tarixində mədəniyyət naziri Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi Migel Angel Moratinos ilə qarşı tərəfin təşəbbüsü ilə onlayn formatda görüşü baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və BMTSA arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb və davamlı əməkdaşlığın əhəmiyyətindən bəhs edilib.
Bu kontekstdə, 2021-ci il ərzində Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş və BMTSA və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası (“Peace for Culture”) və bu Kampaniyanın Fəaliyyət Planı layihəsinin hazırlanması barədə müzakirələr aparılıb.
AzTV-də yeni layihə - Azərbaycan polisinin “Bir gün”ü
Gündəm
Azərbaycan Televiziyası bu il daha bir layihəyə start verib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildirilib ki, “Bir gün” adlı layihədə müxtəlif peşə sahiblərinin birgünlük fəaliyyəti əks olunur. Belə ki, bir sahə seçilir, o sahənin peşəkarı olan real bir şəxs verilişin qəhrəmanı olur. Çəkiliş komandası isə onun səhərdən axşama kimi birgünlük iş fəaliyyətini lentə alırlar. Beləcə, tamaşaçı seçilən peşə sahibinin bir gündə hansı işlər gördüyündən məlumatlı olur.
“Bir gün” layihəsi üzrə “Azərbaycantelefilm”in istehsalı olan ilk film kombaynda işləyən yeganə pambıqçı qadına həsr olunsa da, sonradan pandemiya, həmçinin Vətən müharibəsinin başlaması səbəbindən planda dəyişiklik edilib, layihənin silsilə şəkildə yayımlanması təxirə salınıb.
Azərbaycan polisinə həsr olunan film – “İsti izlərlə” isə artıq hazırdır. Filmdə polis zabitinin birgünlük yaşamı lentə alınıb. “İsti izlərlə”də polisin keçirilən əməliyyatlardakı peşəkar fəaliyyəti ilə yanaşı, onun həm də bir insan olaraq keçirdiyi hiss və həyəcanı da əks olunub.
Layihənin müəllifi Elçin Musaoğlu, filmin operatoru Elxan Rüstəmov, səs rejissoru Ceyhun Ağayev, prodüseri isə Fatimə Əzimovadır.
Filmlərin silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulub.
“İsti izlərlə” filmi fevralın 23-ü saat 18:30-da AzTV-də yayımlanacaq.
Bu gün “Kölgə oyunu” filmi şəhərimizin kinoteatrlarında nümayiş olunacaq
“CinemaPlus” kinoteatrlar şəbəkəsi fevralın 24-dən “Kölgə oyunu” filminin nümayişinə başlayacaq.
Mark Vilyamsın rejissorluğu ilə çəkilən filmdə baş rolları Liam Nison, Aydan Kyuin, Emmi Rever-Lempman canlandırır.
Filmin xronometrajı 120 dəqiqədir.
O, Federal Təhqiqatlar Bürosu (FTB) üçün müxtəlif işlərdə çalışıb. O, lazımsız suallar vermir, sadəcə öz vəzifəsini yerinə yetirirdi. Amma nəvəsinin xətrinə oyunu tərk etmək qərarına gəldikdə, şöbə ondan imtina edir. İndi o, sistemə meydan oxumağa və hakimiyyətin yuxarı postlarına qədər gedən bütün sui-qəsdləri üzə çıxarmağa hazırdır.
Qeyd edək ki, film Çin, Avstraliya və ABŞ-ın birgə istehsalıdır.
Hacı Zeynalabdin Tağıyev barədə çəkilən film ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
Azərbaycanda istehsal olunmuş “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” və “Stalinin qaranlıq keçmişi” sənədli filmləri Braziliyada “RNAB” festivalında ölkəmizi təmsil edəcək. “RNAB" festivalı 13 ildir fəaliyyət göstərir. Bütün seçilmiş filmlər ölkənin nüfuzlu məkanlarında böyük ekranda nümayiş olunacaq. İkinci filmimiz isə “RENUAC” festivalında uğur qazanıb və Çilinin paytaxtı olan Santyaqo şəhərində yerli və xarici media nümayəndələrinin iştirak edəcəyi nüfuzlu məkanlarda göstəriləcək.
Bunu AzərTAC-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. O qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 14 beynəlxalq film festivalında uğur qazanıb. Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi insan haqqında çoxlu məlumatlar əldə etmişdim. Bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsində başlıca rol oynayacaq”.
O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə olunmasına xeyli vaxt sərf etdiyini bildirib.
C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür. Bu barədə fikrini bildirərkən qeyd edib ki, ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq çox faydalıdır. Bu, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə, insanların faydalı işlər görməyə hazırlanmasına hesablanmış bir addımdır.
“SSP Production” şirkətinin ekranlaşdırdığı daha bir film olan “Stalinin qaranlıq keçmişi” adlanır. Filmə Əkbər Qoşalı redaktorluq edib, mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insan ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb. “Biz kommersiya məqsədilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik. Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, - deyə C.Qasımov fikrini yekunlaşdırıb.
Mədəniyyət sahəsini necə gəlirli sahəyə çevirmək olar? - Mədəniyyət Nazirliyi ictimai müzakirələr keçirib
İqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada dinamik inkişaf edir. Ədəbiyyat, dizayn, musiqi və teatr, memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları genişdir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini müzakirə etmək məqsədilə “Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.
Mədəniyyət Nazrliyinin, Əqli Mülkiyyət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin yaradıcı sənaye sahəsində biznes potensialının müzakirə olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin dinlənilməsi və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iqtisadiyyatın bir sahəsi olan yaradıcı sənayenin qlobal miqyasda sürətlə inkişaf edərək prioritet sektorlardan birinə çevrildiyini və bu sahəyə böyük marağın olduğunu bildirib. Qeyd olunub ki, yaradıcı sənayenin inkişafı istiqamətində nazirliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə bu sahədə yaxşı təcrübənin və sektorun problemlərinin öyrənilməsi, satış platformalarının yaradılması və digər istiqamətlərdə işlər aparılır.
Tədbirə onlayn formatda qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təqdimatında Agentliyin müvafiq sahədə fəaliyyəti barədə məlumat verib, əqli mülkiyyət və kreativlik anlayışlarının sıx təmasda olduğunu, kreativ sənayenin və müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də payının artdığını diqqətə çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yaradıcı sənayenin dünyada sürətlə inkişaf edən sektorlardan biri kimi qlobal səviyyədə hər il orta hesabla 2 trilyon ABŞ dollarından artıq gəlir yaratdığını, 30 milyon iş yerini təmin etdiyini qeyd edib. Azərbaycanda da yaradıcı sənayenin inkişafı üçün geniş potensialın olduğunu vurğulayan KOBİA sədri kreativ sahibkarların reyestrinin formalaşdırılmasına, yaradıcı turizm istiqamətinin genişləndirilməsinə, kreativ klasterlərin yaradılmasına, kreativ şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması üçün onlara lazımi dəstəyin göstərilməsinə, sektorun ixrac potensialının artırılmasına dair təkliflər səsləndirib.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə qeyd edib ki, yaradıcı sənaye sahəsinin üç prinsipial istiqamətdə inkişaf etdirilməsi zəruridir. Bunlar hüquqi, institusional və maliyyə mexanzimlərinin təkmilləşdirilməsi istiqamətləridir. Eyni zamanda yaradıcı sənaye sahəsində hökumət, qeyri-hökumət və özəl sektor arasında inkluziv münasibətlərin qurulması bu sahənin iqtisadi məzmununun gücləndirilməsinə kömək edəcəkdir.
Tədbirdə yaradıcı sənayenin müasir biznes çağırışları, bu sahədə dövlət-özəl əməkdaşlığının inkişafı, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, effektiv sahəvi təşkilatlanma, sektorun problemləri və inkişafı ilə bağlı digər məsələlər müzakirə edilib, kadrların hazırlanmasına, təlimlərin təşkilinə, sektor üzrə müəyyən güzəştlərin edilməsinə, sərgilərə və reklama dəstəyin göstərilməsinə dair fikir və təkliflər səsləndirilib. Həmçinin, tədbir çərçivəsində müvafiq qurumların nümayəndələri sahibkarlıq subyektlərini maraqlandıran sualları cavablandırıblar.
Xocalı faciəsinin 30-cu ildönümündə yeni filmin təqdimatı keçiriləcək
Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.
Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ana oğlunun sağ olduğuna və qayıdacağına inanır.
Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.
Qeyd edək ki, filmin ilk təqdimatı 28 fevral 2022-ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq. Təqdimatda yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak edəcək.
Anar Kərimov mədəniyyət xadimləri və digər şəxslərlə videoformatda görüş keçirib
Mədəniyyət naziri Anar Kərimov videoformatda mədəniyyət sahəsində çalışan şəxslərin, incəsənət xadimləri və digər vətəndaşların qəbulunu keçirib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, nazir onlayn görüşdə növbəlilik əsasında qəbula yazılmış şəxslərin müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Qəbulda iştirak edən mədəniyyət və incəsənət nümayəndələrinin, vətəndaşların müraciətləri müxtəlif mövzuları əhatə edirdi. O cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, fəxri adların, fərdi təqaüdlərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, milli musiqi alətlərimizin araşdırılması, musiqi məktəblərində fəaliyyətin yoxlanılması, Aşıq Ələsgərin heykəlinin layihəsi və digər məsələlərə dair müraciətlər olub.
Anar Kərimov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədən sonra vətənpərvərlik ruhunda yeni musiqi əsərlərinə ehtiyac duyulduğunu bildirib. Bununla bağlı Mədəniyyət Nazirliyinin Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə layihələrinin olduğunu, müsabiqələrin keçirildiyini və gələcəkdə həmin bəstələrin nazirlik tərəfindən satın alınmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Nazir həmçinin ölkəmizdə incəsənət xadimlərinin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını söyləyib. Bildirib ki, gələcəkdə həmin şəxslərin peşəkar və yaradıcı fəaliyyətinin, zəhmətinin, mədəniyyət sahəsində xidmətlərinin qiymətləndirilməsinin ədalətli, şəffaf şəkildə və müstəqil bir komissiya vasitəsilə aparılması istiqamətində işlər həyata keçirilir.
Tətbiq olunacaq yeni mexanizm sayəsində bu sahədə çalışan və mədəniyyətimizin inkişafında, təbliğində xidmətləri olan şəxslər gələcəkdə layiqincə qiymətləndiriləcəyini də vurğulayıb nazir.
Mədəniyyət və incəsənət xadimlərinin, vətəndaşların bütün müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb.
Anar Kərimov qaldırılan məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün aidiyyəti şöbələrə tapşırıqlarını verib.
Xalq artisti Kamil Cəlilov 84 yaşında vəfat edib
20 yanvar faciəsi zamanı qaboyun ecazkar səsi ilə matəmə bürünmüş bütöv bir xalqın hüznünü çatdıran sevilən musiqiçi,
Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında dünyasını dəyişib.
Bu barədə mediaya xəbəri qaboy ifaçısının qızı Gülşən xanım çatdırıb.
1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. Mudiqiçi uzun müddət idi ki, Türkiyədə yaşayırdı.
Allah rəhmət eləsin!