Super User

Super User

Dünya ölkələri Nizami Gəncəvinin ideyalarını rəhbər tutsa mükəmməl bir cəmiyyətin qurulmasına nail olar. Çünki Nizami öz əsərlərində ideal bir cəmiyyətin yaranmasını təbliğ edib.
Bu sözləri Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı “LIFFT” nəşrinin baş redaktoru Marqarita Al deyib.
“Nizami Gəncəvinin idealları olduqca təqdirəlayiqdir. İki il bundan əvvəl də Bakıda Nizami Gəncəviyə həsr olunmuş forum keçirilmişdi. Gələn il Misirdə də Nizami Gəncəviyə həsr olunacaq “Keçmişdən gələn gələcəyin insanı” mövzusunda forum təşkil olunacaq. Rusiyada müxtəlif xalqlar yaşadığından biz şərq mədəniyyətinə xüsusi önəm verir və bu mədəniyyəti çox sevirik. Biz Nizami Gəncəvi ilə bağlı olan tədbirlərə hər zaman qatılırıq, çünki Nizami Gəncəvi həm də bizim mədəniyyətimizin bir hissəsidir”,- deyə Marqarita Al bildirib.

Növbəti dəfə “Beynəlxalq Kino Sənəti və Elmləri Akademiyası” tərəfindən təqdim olunan beynəlxalq “Emmi” mükafatları Nyu-Yorkda sahiblərinə çatıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, ötən il pandemiya səbəbindən virtual olaraq təşkil edilmiş “Emmi” mükafatlarının təqdimat mərasiminin aparıcısı bu il amerikalı aktrisa Ynome Orji olub.
“Ən yaxşı bədii film” mükafatını rejissor Qreqori Monronun çəkdiyi “Kubrick by Kubrick” adlı fransız sənədli filmi qazanıb.
Britaniyalı Devid Tennant “Des” serialında canlandırdığı qatil obrazına görə “Ən yaxşı kişi aktyor” mükafatını, onun həmyerlisi Hayley Squires isə “Yetkinlər üçün material” (Adult Material) serialındakı roluna görə “Ən yaxşı qadın aktrisa" mükafatını qazanıb.
“Ən yaxşı dram filmi” mükafatı isə İsrailin "Tehran" serialına verilib.
“Emmi” mükafatlandırma mərasimi qaliblərin kollektiv foto çəkdirməsi ilə (1-ci şəkil) yekunlaşıb.
Bu arada prestijli American Music Awards mükafatları da öz sahiblərini tapıb. İlk dəfədir ki, bu mükafatların ən əsasında - İlin artisti nominasiyasında Cənubi Koreya təmsilçiləri - BTS qrupu birincilik əldə edib (ikinci şəkildə). Nominasiyada qalibiyyətə digər iddialılar Ariana Qrande, Dreyk, Oliviya Rodriqo, Teylor Svift və The Weekend qrupu olub.
Key pop janrında ifa edən Koreya qrupu bundan öncə də Billboard Hot 100 reytinqinə başçılıq etməyə müvəffəq olmuş ilk Koreya təmsilçisi kimi tarix yazmışdı.
Qeyd edək ki, American Music Awards mükafatları 1973-cü ildən təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələri də öz azadlığına qovuşdu.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfrans keçiriləcək.
24 noyabr 2021-ci il tarixində “Daş salnamə” muzeyində təşkil olunacaq konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarət olacaq.
Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.
Beynəlxalq konfransda yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Azərbaycan Rəssamlar İttifaqı “İlin ən yaxşı əsəri” adlı sərgi-müsabiqə elan edib. Sərgi-müsabiqədə yalnız ittifaqın üzvləri iştirak edə bilər. Müsabiqəyə dörd nominasiya üzrə işlər qəbul olunacaq:
rəngkarlıq;
qrafika;
dekorativ tətbiqi sənət;
heykəltəraşlıq.
Bu nominasiyalar üzrə qalib əsərlər mükafatlandırılacaq. Hər müəllif müsabiqəyə yalnız 1 əsər təqdim edə bilər. Qəbul edilmiş əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Əsərlərin qəbulu və qeydiyyatı dekabrın 20-dən 25-dək aparılacaq.
Sərgi-müsabiqənin açılışı və qaliblərin mükafatlandırılması dekabrın 29-da Azərbaycan Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonunda baş tutacaq.

Bu gün Bakının ecazkar “Fairmont Baku, Flame Towers” hotelində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Nizami Gəncəvi mərkəzi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) öz işinə başlayıb.
Forumda öncıxışları Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasın mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, habelə Rusiya Prezidentinin mədəniyyət üzrə müşaviri Mixail Şvıdkoy etmişlər.
Noyabrın 26-dək davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.
Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.

Çərşənbə, 24 Noyabr 2021 11:46

Karantin əleyhinə nümayişlər

Avstriyada pandemiya dövründə dördüncü dəfə lokdaun elan edilib, idarə-müəssələr bağlanıb, əhaliyə zərurət olmadan evdən çıxmamaq tövsiyyə olunub. Üstəlik, məcburi vaksinasiya tələbləri də irəli sürülüb. Yeni il və milad bayramı öncəsi bu qadağalar əhalini narazı salıb.  Ölkə paytaxtı Vyanada əhali kütləvi etiraz aksiyalarına qalxıb. Polis gözyaşardıcı qazdan istifadə edib.

 

Bu gün Deyl Karneginin anadan olduğu gündür. 1888-ci ilin bu günündə Missuri ştatının Merivil fermasında dünyaya gələn, hədsiz yoxsulluq içərisində yaşaya-yaşaya Dövlət Pedaqoji Kollecində əla təhsil almağa müvəffəq olan bu şəxs nimdaş geyimi, normal qidalana bilməməsi müqabilində nədəsə fərqlənməyi, nədəsə nümunə olmağı qarşısına məqsəd qoymuşdu, müvəffəqiyyətli təhsili ilə kollecdə hamını qabaqlamış, üstəlik, əla natiqlik qabiliyyəti ilə böyük auditoriyaları ələ ala bilmiş, zaman keçdikdən sonra isə bir psixoloq, kouç, motivasiya spikeri kimi bütün dünyaya uğur qazanmağın, karyera qurmağın, xoşbəxt olmağın sirlərini açıqlayaraq məşhurlar məşhuruna çevrilmişdi.

 

Şəxsən mən hansı auditoriyada gənclərlə görüşürəmsə əksəriyyəti imkansızlıqdan şikayətlənib bədbinliklərini, ruhdandüşmə səbəblərini bununla izah edirlər. Budur, Deyl Karneginin həyatı hamı üçün örnək olmalıdır. İnsana nimçədə xoçbəxtliyi heç kəs vermir, onu gərək özün öz səyin, məqsədyönlülüyün sayəsində əldə edəsən.

 

Karneginin doğulduğu günün “dost qazanma günü” adı altında qeyd edilməsinin səbəbi isə dünyaşöhrətli kouşun ən məşhur təlimlərindən biridir - “Dostları necə qazanmalı”.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

 

Əliəkbər Mahmud oğlu Mahmudzadə (Əli Nazim) 1906-cı il noyabr ayının 24-də Təbriz şəhərində anadan olub. Tezliklə ailəsi Rusiya imperiyasına aid olan Batum şəhərinə köçüb. Orada rus dilini mükəmməl öyrənən Əli Nazim Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda təhsil alıb. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb, qiymətli dərsliklər yazıb. Ədəbi tənqid sahəsində parlaması 1932-1936-cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” jurnalı haqqında “Realist, satirik və sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Nəsrəddin haqqında bir neçə söz” kimi maraqlı əsərlər yazıb dərc etdirməsi sayəsində olub. Əli Nazim 20-30-cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən idi. O, Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri ilə Azərbaycan ədəbiyyatını layiqincə təblig edirdi. Çox təəssüf ki, 1937-ci ilin repressiyası onu da qurbana çevirib. Əli Nazim SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 oktyabr 1937-ci il tariхində keçirdiyi 15 dəqiqəlik məhkəmə iclasında 10 il müddətinə azadlıqdan məhrum edilib, 23 avqust 1941-ci ildə həbsxanada vəfat edib. Düzdür, ölümündən sonra SSRİ Ali Məhkəməsinin qərarı ilə ona bəraət verilib, amma daldan atılan daş topuğa dəyər. 

 

Çərşənbə, 24 Noyabr 2021 10:54

Dahi Barux Spinoza anılacaq

 

Bu günə təsadüf edən tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

24 noyabr. Beynəlxalq təkamül günü

 

1859-cu ilin bu günündə Çarlz Darvin “Növlərin əmələ gəlməsi” adlı əsərini çap etdirdi, bununla da dünya elminin bel sütunu sayılan Təkamül nəzəriyyəsi ortaya çıxmış oldu, hər bir canlının ibtidaidən aliyə inkişafının əsaslarını ortaya qoyan bu təlim hazırda hər bir sahədə öz inikasını ortaya qoymaqdadır. Eləcə də empirik sahədə.

 

Təkamülü əqillə, beyinlə əlaqələndirən dünya təmayülündən fərqli olaraq bizdə təkamülün səbəbini maddi sərvətlər bolluğu ilə hazırkı ölçmə tendensiyası isə kökündən yanlışdır.

 

24 noyabr. Sənin unikal istedadının günü

 

Dünyada yaşayan milyardlarla insan var ki, hər kəsə doğulanda genlə müəyyən istedad ötürülür. Çox təəssüf ki, əksərən insanlar öz istedadlarından bixəbər yaşayıb adi ömür sürürlər, fərqlənmək şanslarını itirirlər. Ona görə də insanın ilk növbədə özünü tanımağı bacarması böyük xoşbəxtlikdir. Mən məmnuniyyətlə sizə bir əhvalat danışmaq istəyirəm. 1872-ci ildə Polşada doğulan yəhudi Morris Xirşfild on səkkiz yaşında ABŞ-a mühacirət edibmiş. Sadə peşə nümayəndəsi imiş, dərzi və çəkməçi kimi çalışırmış. 1935-ci ildə 63 yaşında o, təqaüdə çıxıb, amma işsiz-gücsüz darıxıb. Başını qatmaq üçün o, çox şeyə əl atıb, nəhayət, boya və fırça götürüb, kətan üzərində rəsmlər çəkməyə başlayıb. Heç bir təlim almayan Morris, təbii ki, avanqardizmdən uzaq, tam realist rəsmlər çəkməyə başlayıb, naşılığı, təcrübəsizliyi onun çəkdiyi qadın, pişik, pələng rəsmlərini adətən uşaqlar çəkən rəsmlərə bənzədib. Bununla belə, bu rəsmlərdə o qədər isti işıq, rəng koloriti, o qədər cazibə olub ki, mütəxəssislər onlarda orta əsr incəsənətinin heraldika obrazlarını sezməyə başlayıblar. Beləcə, Morrisin rəsmlərinə diqqət yaranıb, artıq iki il sonra -- 1937-ci ildə Nyu-York Müasir İncəsənət Muzeyi bu rəsmləri yaxşı qiymətə Morrisdən alaraq öz eksponatına çevirib, onun fərdi sərgisini təşkil edib. Onun “İtlə qız” rəsmini isə şəxsi kolleksiyalardan birinin sahibi o dövr üçün astronomik qiymətə -- beş yüz on milyon dollara alıb. Beləcə, başını qatmaq üçün rəsm çəkməsi içində rəssamlıq istedadı gizlənən qoca dərzini məşhur rəssama çevirib.

 

24 noyabr. Arktika ölkələrində suiti günü

 

Yadıma uşaq vaxtlarımda Sumqayıtın Xəzər sahilində dəfələrlə suiti cəsədlərinə rast gəlməyim düşdü. O vaxt çirkab suların, kimya zavodlarının zəhərli tullantılarının dənizə axıdılması nəticəsində bu həssas heyvanlar sürətlə qırılırdı. Yəqin ki qırılıb qurtardılar da. İndi Arktika ölkələri ictimaiyyətinin suiti gününü qeyd etməklə bu momont və dinozavr dövrü canlılarına bənzər unikal canlıların mühafizəsini vacib hesab etdikləri məqamda heç bilmirəm də niyə mənim yadıma özümüz kimi aciz və köməksiz olan öz suitilərimiz düşdü.

 

24 noyabr. Dahi Barux Spinoza anılacaq

 

Qardaş Türkiyədə müəllim, Portuqaliyada elmi mədəniyyət, Hindistanda Teq Bahadur əzabkeşləri (bizim Aşura gününə bənzər bir gün) günüdür, ABŞ-da isə bu gün mətbəxdə siyənək balığının bir növü sayılan sardin balığı hökmranlıq edəcək, çünki onlarda milli sardin günüdür.

 

Bu gün dünyaşöhrətli filosof Barux Spinozanın da doğum günüdür. 1632-ci ildə dünyaya gələn bu ən böyük panteistin o qədər mükəmməl fikirləri var ki. Məsələn, bu: İnsanın əldə edə biləcəyi ən əhəmiyyətli fəaliyyət anlamağı öyrənməkdir, çünki başa düşmək azad olmaqdır. Yaxud bu: Xurafatı meydana gətirən, qoruyan və bəsləyən səbəb qorxudur. Yaxud bunlar: Etdiklərindən peşman olan ikiqat bədbəxtdir; Keçmişi təkrarlamaq istəmirsinizsə, onu öyrənin. Bu isə, əsl şedevr deyilmi? Dövlət tərəfindən akademiyalar ağılları inkişaf etdirmək üçün deyil, onları cilovlamaq üçün qurulur.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi  ilə 24-26 noyabr tarixində “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan forumla əlaqədar noyabrın 23-də “Fairmont Baku-Flame Towers” mehmanxanasında brifinq keçirildi.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev media nümayəndələrinin diqqətinə çatdırdı ki, Prezidentin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Mədəniyyət Nazirliyi ilin əvvəlindən müxtəlif layihələr həyata keçirib. Əlamətdar ilin növbəti tədbiri Nizami Gəncəvi Beynəlxalq Forumu olacaq. Noyabrın 24-dən 26-dək davam edəcək və “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunacaq forum bu ilin ən yaddaqalan tədbirlərindən biridir: “Məqsədimiz Nizami Gəncəvinin beynəlxalq aləmdə təbliği və onun yaradıcılığının, ideyalarının əhatə dairəsinin genişliyini nümayiş etdirməkdir. Dahi şairin dünya ədəbi-fəlsəfi fikrinin inkişafında müstəsna rolu olub. Hətta Nizamidən üç əsr sonra yaranmış Moğol İmperiyasında Nizami “Xəmsə”sindən imtahan verilirmiş. Bu fakt Nizaminin dahiliyinin daha bir göstəricisidir”.
Beynəlxalq forumda bir neçə ölkənin mədəniyyət nazirlərinin iştirakının nəzərdə tutulduğunu deyən Elnur Əliyev qeyd etdi ki, tədbir dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu elm adamlarını bir araya gətirəcək. Forumda 15 ölkədən 40-dan çox alim və ekspert, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forumda “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: müasir dünyaya baxış”, “Nizami “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçiriləcək. Həmçinin ikitərəfli görüşlər, kitab təqdimatı və digər tədbirlər planlaşdırılır.
Nazirin birinci müavini qeyd etdi ki, forum çərçivəsində müxtəlif ölkələrdən alimlər Nizaminin onların ədəbi-mədəni mühitinə təsirindən söz açacaqlar. Səkkiz əsr öncə yaşayıb-yaradan şairin əsərlərində bu gün də dünya ictimaiyyətini heyrətləndirən humanizm var. Gəncədən kənara çıxmayan bir insanın əsərlərinin təsir dairəsi insanları həqiqətən təəccübləndirir. Nizaminin fikir yükü eyni zamanda müasirliyi təbliğ edir. Mədəniyyət Nazirliyinin məqsədi  beynəlxalq forum vasitəsilə Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olduğunu göstərməkdir. Biz eyni zamanda Nizaminin humanist fikirlərini bölgədə sülh və əməkdaşlığın bərqərar olması üçün səfərbər etməliyik. Çünki Nizami irsi bəşəriyyəti birliyə, sülhə, əmin-amanlığa səsləyir. “İstəyirik ki, Nizami Gəncəvinin multikultural ideyaları geniş auditoriyalara çatsın. Ümid edirik ki, sülhsevər dünya, eləcə də qonşu ölkələr bizim çağırışlarımıza səs verəcək və bu, bölgədə sülhün yaranmasına töhfə olacaq”, – deyə Elnur Əliyev əlavə etdi.  
Daha sonra nazirin birinci müavini media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.