Super User

Super User

Cümə, 17 Mart 2023 11:12

Süsən Nəvadə Rəzini itirdik

 

“Ədəbiyyat və incəsənət” portalının Güney təmsilçiliyindən üzücü xəbər aldıq. Böyük təəssüf hissi ilə bildiririk ki, ikiyə bölünmüş Azərbaycanın cənub hissəsində Azərbaycan məfkurəsinə xidməti ilə tanınan işıqlı bir şəxs -  “Sancaq" qəzetinin baş redaktoru, şair, publisist Susən Nəvadə Rəzi vəfat edib. 

Güney Azərbaycanın mədəni hərəkatında çox böyük əməyi olan bir qadını itirdik, Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə paytaxtımızda “Bayram qalası” günləri keçiriləcək. 

 

Tədbirlərə ilk olaraq martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək.

Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Martın 19-da müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində dünyaşöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. 

 

Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır. 

Qeyd edək ki, “Yad qadının məktubu” Ştefan Svayqın ən məşhur novellalarından biridir. Bu əsər dünyanın bir çox ölkələrində tərcümə olunub. Əsərdə məşhur romançı tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda romançı ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Budur, Novruz tətillərinə yetişdik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balaca tamaşaçılara hədiyyəsi var. Uşaqlar martın 19-da sənət ocağının səhnəsində “Cırtdan” operasını izləyə biləcəklər. 

 

Həmin gün uşaqların zövqünü oxşayacaq səhnə əsərində əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə, Aynel Mehdiyeva, Mələk İsrafilova, Dilarə Mustafayeva, Esmira Məmmədova və Elmira Qafarova ifa edəcək. 

Opera balacaların bədii-estetik zövqünün formalaşması və onlarda kiçik yaşlarından akademik sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb. Bəstəkarı Nazim Əliverdibəyov olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Cümə, 17 Mart 2023 15:00

Sabah “Arşın mal alan”dır

Martın 18-25-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.

Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.

Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağaxan Salmanlının “Möcüzəli pillələr” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunacaq. 

 

Tamaşa həm teatr haqqında məlumat verir, həm də səhnənin sirli məqamlarını açır.

Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşada Əməkdar artist Elnur Bəhrəmxan, aktyorlar İlhan Sadıqov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Yusif Dadaşov, Anar Səfiyev, Xaliq Bəkirov, Aygün Fətullayeva, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Araz Pirimov, İlahə Əmirxanova və Hüseyn Bayramov iştirak edəcəklər. Yarıbədii, yarıpraktik tamaşada izləyicilər özləri də prosesin iştirakçılarına çevrilirlər. 

Səhnə əsərinin hazırlanmasında əsas məqsəd tamaşaçını teatr mühiti ilə, tamaşanın qurulması, aktyorları qrim otağından səhnəyə qədər aparılan hazırlıq prosesi ilə tanış etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyası sabah - martın 18-də Opera və Balet Teatrında nümayiş olunacaq. 

 

Tamaşada rolları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artist Ramil Qasımov (Sərvər), teatrın solisti Günel Hacıyeva (Gülnaz) və başqaları ifa edəcək. 

Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Quruluşçu rejissoru Hafiz Quliyev olan tamaşa 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyulub. Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Vyanada koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien“ yenidən qapılarını səyahətsevərlər üçün açıb.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sayca 44-cü dəfə keçirilən Avstriyanın ən böyük yarmarkasında Azərbaycan da öz turizm guşəsi ilə təmsil olunur.

Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə qurulmuş guşədə Azərbaycanın turizm potensialını əks etdirən kitablar, CD, buklet və reklam çap məhsulları nümayiş olunur, eləcə də təbliğat xarakterli materiallar ziyarətçilərə təqdim edilir. Azərbaycan Turizm Bürosu və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixi ilə yanaşı Qarabağ və Şuşa haqqında materiallar da təqdim edilir. Guşədə quraşdırılmış monitorlarda isə Azərbaycanın səfalı guşələrinə həsr olunmuş videoçarxlar göstərilir. Bu il turizm yarmarkası Novruz bayramı ərəfəsinə təsadüf etdiyinə görə, ziyarətçilərə Novruz atributları, milli şirniyyat və suvenirlər təqdim olunub.

Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 800-dən çox şirkət iştirak edir. 
Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirir. 
Yarmarkaya hər il orta hesabla 150 min ziyarətçi baş çəkir. Builki yarmarkada Xorvatiya xüsusi tərəfdaş kimi iştirak edir.

Beynəlxalq yarmarka səyahətsevərləri dünyanın müxtəlif ölkələrində tətil imkanlarına dair məlumatlandırmaqla yanaşı, turizm sektorunda çalışan şirkətlər üçün fikir mübadiləsi aparmaq və yeni trendlərlə tanış olmaq imkanı yaradır.

Beynəlxalq yarmarka martın 19-dək davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Nostalji: ən sevilən şeirlər” rubrikasında mərhum şair Hafiz Baxışın “Bizim dost itirən vaxtımız deyil” şairini təqdim edir. Sovet dönəmlərində əslən Qərbi Azərbaycandan olan şair Hafiz Baxış çox sevilərdi, onlarca şeirinə mahnı bəstələnmişdi. Bu şeir isə o qədər dəbdə idi ki, əksər toy məclislərində tost sözlərinə çevriımişdi. 

 

Gəlin itirməyək dostları, qardaş!

Onsuz da çox deyil yaxşı dost, sirdaş.

Dostluq qalasından bir kərpic, bir daş

Uçurub aparır hər saat, hər il -

Bizim dost itirən vaxtımız deyil!

 

Bir könül həmdəmi tapana qədər

Can evi illərlə olur dərbədər.

Var-dövlət dünyada gəlib də gedər,

Hər şeyə göz yumub dosta et meyil-

Bizim dost itirən vaxtımız deyil!

 

Tutmursa xasiyyət, tutmursa ürək,

Havayı duz dadıb, kəsməyək çörək.

Dostun hər cövrünə qatlaşıb gərək,

Olaq yaxşısına, pisinə qayil -

Bizim dost itirən vaxtımız deyil!

 

Onsuz da qısadır, dönükdür ömür,

Tale biz deyəni həmişə demir.

Ey dost, biz nə daşıq, nə də ki, dəmir,

Əsl dost yolunda ikiqat əyil-

Bizim dost itirən vaxtımız deyil!

 

Dünyanı tutub ha qalan deyilik,

Əbədi məskən də salan deyilik.

Ömrü bir də satın alan deyilik,

Dostluqda hər anın qiymətini bil-

Bizim dost itirən vaxtımız deyil!

 

Canını istəsə, dosta qurban de,

Dərdinə çarə qıl, ona dərman de.

Dost sənə "çor" desə, sən ona "can" de,

Düşməni dost edir xoş söz, şirin dil-

Bizim dost itirən vaxtımız deyil!

 

Hafiz, dar ayaqda dosta ol dayaq,

Dostluğu müqəddəs bir nemət sayaq.

Fitnə-fəsadlara məhəl qoymayaq,

Çəkək nankorların gözlərinə mil -

Bizim dost itirən vaxtımız deyil!

 

Sonda əziz oxucularımız, sizlərə dost itirməməyi arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Baharın nə qədər rəngi var? Yəqin ki sonsuz, deyilmi? Xüsusən rəsm əsərləri bu rəngləri bir-bir üzə çıxarmaqda israrlı olur. 

“Heydər Əliyev İli” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədilə elan olunmuş “Baharın rəngləri” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin birinci yekun sərgisi açılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək müsabiqə barədə məlumat verib. 

Azərbaycan Dövlət Rəsm Qalereyasının nümayəndəsi Elçin Hüseyn, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, Yeni Azərbaycan Partiyasının üzvü, gənc fəal Sahib Şəmizadə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Hüseynov və digərləri çıxış edərək müsabiqə və sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşüblər. 

Bildirilib ki, uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən tədbirə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərmiş və 800-dən çox uşağın hərəsindən bir əsər sərgilənmək üçün seçilib. 

Sonra sərginin açılışı olub. Sərgidə 200-dən çox rəsm əsəri nümayiş olunur. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla, düzgün kompozisiya, rəng seçimi, ideya və kənar müdaxiləsiz əsərlərə üstünlük verilib. 

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və an az 5 üzvü ilə təmsil olunan yaradıcılıq müəssisələri isə təşəkkürnamələrlə təltif ediliblər. 

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.