
Super User
“Şuşa İli” çərçivəsində Niderlandda konsert olub
Haaqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilmiş konsert olub.
AzərTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsində canlarını qurban vermiş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edildiyi və bu şəhərin ölkəmizin mədəniyyət paytaxtı olduğu bildirilib. Sonra Şuşa haqqında film nümayiş etdirilib və şəhərin tarixi barədə məlumat verilib.
“Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova bildirib ki, Qarabağ bölgəsi, Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Konsertin məqsədi dinləyiciləri virtual olaraq Şuşa ilə tanış etməkdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin “Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil” fikri səsləndirilib.
Sonra Cavid Səlimov (tar), Elcan Rzayev (piano-vokal), Firəngiz Bağırova (vokal), Azərbaycanın Əməkdar artisti, kamança ustası Xəyyam Məmmədov, Vyana Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli və Almaniyadan gələn xanəndə Vüsalə Cabir dünya və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnıları ifa ediblər.
Konsertin dinləyiciləri arasında Azərbaycanın Niderlanddakı səfirliyinin, eləcə də bu ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin nümayəndələri olublar.
Mehmet Akif Ersoyn büstü hazırlanıb
Heykəltəraş Elxan Zeynalov böyük Türk filosof şairi Mehmet Akif Ersoyun büstünü hazırlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Elxan Zeynalov ilk dəfə Mehmet Akif Ersoyla orta məktəbdə oxuyan zaman ədəbiyyat dərsliyində "İstiqlal Marşı" əsəri vasitəsi ilə tanış olub.
“Əlbəttə, hələ uşaq idim, amma o böyük əsəri müəlliməmiz elə gözəl izah etdi ki, hər birimiz Türk olduğumuzla qürur duyduq! Sözü fəth etmiş böyük Şairimizin qələmə aldığı əsərin hər misrası böyük məna kəsb edir! Nə qədər illər keçsə də daim qəlbimizdə yaşayacaq şəxsiyyətlərimizi hər zaman gələcəyə təbliğ etməliyik! Yaşasın böyük Türk xalqı!”-deyir Elxan Zeynalov.
Əminik ki, bu incəsənət əsəri müəyyən dairələrdə maraq doğuracaq və gənc heykəltəraşın əməyinə lazımınca qiymət veriləcək.
Dünyada bütün siyasi ambisiyalar bir körpənin göz yaşlarına dəyməz
Bu foto işğalçı Rusiya rejiminə əsl ittihamdır
Müharibənin 2-ci ayına keçən gün ilk 134 ukraynalı qaçqın Moldovadan uçaqla Frankfurta gəliblər. Bu, Almaniyanın qəbul etməyə razılaşdığı 2500 qaçqının ilk dəstəsidir.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, təkcə Moldovaya 379 min ukraynalı qadın, uşaq və qoca qaçmağa məcbur olub. Polşaya gələnlərin sayı isə artıq 2 milyonu haqlayıb. Medıka sərhəd məntəqəsində BMT-nin qaçqınlar agentliyi və yerli volontyorlar qaçqınları qəbul etmək üçün çiyin-çiyinə gecə-gündüz çalışırlar.
Reuters-in yayınladığı bu fotoda Medıkada ağlayan körpəsini sakitləşdirmək istəyən ukraynalı qaçqın ananı görürsünüz. Milyonlarla insanı evindən didərgin salan, doğum evlərini, uşaq bağçalarını, mədəniyyət ocaqlarını, yaşayış evlərini bombalayan Putin rejiminin tarixin ən qəddar cinayətkarları sırasında yer alacağı şübhə doğurmur!
Bakı Kitab Mərkəzində çox dəyərli bir kitab təqdim olunacaq
Martın 31-də, saat 14-də ölkənin ən elitar kitab məkanı olan Bakı Kitab Mərkəzində Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, olduqca maraqlı süjet xətti olan - xəyali bir dünyada 17 erməniyə məhşər divanı qurulmasından bəhs edən sənədli romanda eramızdan əvvəldən ta ki bu günədək bütün erməni cinayətlərinə güzgü tutulur. Kitabın məhz martın 31-də - azərbaycanlıların soyqırımı günündə istimaiyyətə təqdim olunması lap yerinə düşür. Belə ki, 1918-ci ilin mart qırğınları barədə kitabda müfəssəl məlumat var.
Yazıçı romanının təqdimat dəvətnaməsində yazır: “Azərbaycan xalqının ədalət axtarışına töhfə vermək və faktların üzə çıxarılması üçün öz üzərimə düşən vəzifəni icra etmək fikri ilə qələmə aldım.”
Bəli, vətənpərvər yazıçı öz üzərinə düşən vəzifəni şərəflə icra edib. “Məhşər Divanı: Yalanın 17 anı” zamanında üzə çıxan, düşməni faktlarla və sübutlarla yerində oturdacaq çox qiymətli kitabdır. Bu kitabın əcnəbi dillərə çevrilərək xaricdə yayılması, düşünürük ki, faydalı olar. Çünki, ədəbiyyat çox güclü silahdır.
Tanınmış azərbaycanlı alim Almaniyada vəfat edib
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Azərbaycan diasporunun tanınmış simalarından biri, Azərbaycan elmini Almaniyada və Avropada yüksək səviyyədə təmsil edən Rostok Universitetinin dosenti, şöbə müdiri Cavid Səfərov vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Cavid Səfərov 1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdu, Azərbaycan Texniki Universitetində, “Panorama” və “168 saat” qəzetlərində çalışmışdı, gözəl alim, ləyaqətli insan kimi yaddaşlara yazılmışdı. Ötən illərdə Bakıya gəlib burada qızının toyunu da etmişdi.
Ölüm qaşla göz arasındadır, çox qəfil ölüm oldu.
Allah rəhmət eləsin!
Moldovanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri ilə görüşüb
Moldova Respublikasının Baş naziri Natalia Qavrilita Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib.
AzərTAC xəbər ki, görüşdə Mərkəzin üzvləri - Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, Rumıniyanın sabiq Baş naziri Petre Roman və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.
Daha sonra nümayəndə heyətinin üzvləri Moldovanın Baş nazirinə VIII Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi, elmi platformaya çevrildiyi vurğulanıb və IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı müəyyən məsələlər – dəvət olunan qonaqlar, mövzular, həmçinin yeni layihələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə edilib.
Baş nazir Natalia Qavrilita 2022-ci ildə keçiriləcək IX Qlobal Bakı Forumuna dəvət olunub.
Görüşdə Ukrayna müharibəsinin nəticəsi olaraq yaranmış qaçqın böhranı və bunun yaratdığı sosial-iqtisadi böhran, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol müzakirə olunub.
Baş nazir Natalia Qavrilitaya Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqanın müəllifi olduğu Nizami Gəncəvinin “Yeddi gözəl”i və ədəbiyyatdan digər esselər kitabı və “Xəmsə”dən seçilmiş miniatürlər kitabı təqdim olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərinin Kişineuya səfəri çərçivəsində Moldova Respublikasının xarici işlər naziri Nikub Popesku və əmək və sosial müdafiə naziri Marsel Spatari ilə də görüşləri keçirilib.
Rəsm qalereyası: Kevin Lee, “Görməzdən gələn yoxsulluq”
Günün fotosu: Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirilib
Günün fotosu: Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib. Raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.
Yanğın Ciddədə keçirilən Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında olduğuna görə yarışın vaxtı dəyişdirilib.
Foto: BBC
Əhməd Cavadın yurdu barədə kitab
Ötən gün “Azərkitab” kitab təbliğatı mərkəzində dəyərli ziyalıların iştirakı ilə Əhməd Cavadın doğma yurdu, Şəmkir rayonu, Seyfəli kəndinin dünəni, bu günü, tarixi, dəyərli ziyalıları haqqında zəngin ensiklopedik məlumatlara əsaslanan, gözəl tərtibatlı “Seyfəli və Seyfəlililər” kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın ideya müəllifi tanınmış alim, ziyalı, Seyfəli kəndinin dəyərli oğlu mərhum Elmidar Zeynalovdur.
Kitabın redaktoru BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. professor Eldar Əli oğlu Məsimovdur.
Kitab müxtəlif dövrlərdə şəhid olmuş Seyfəlilərin əziz xatirəsinə həsr olunub.
Rusiya Liberal Demokratik Partiyasının sədri Jirinovskinin öldüyünü rəsmi Rusiya təsdiqləmir
Dünən Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin ölməsi xəbəri yayılmışdı.
“Ədəbiyyat və incəsənət” portalı
bu xəbəri Rusiya mənbələrinə, o cümlədən RİA Novosti agentliyinə istinad edən BBC-yə güvənib yaymışdı.
Xəbərdə deyilirdi ki, koronavirus diaqnozu ilə Jirinovski bir neçə gün öncə ağır vəziyyətdə Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlər xəstəxanaya qəbul edilən gündən onun vəziyyətini çox ağır olaraq qiymətləndirirdi. 76 yaşlı siyasətçinin vəziyyəti daha da ağırlaşıb və həkimlərin səyinə baxmayaraq onu koma
vəziyyətindən xilas etmək mümkün olmayıb.
Gecə saatlarında isə Euronews Rusiya Səhiyyə Nazirliyinin məlumatını yaydı. Məlumatda deyilir ki, Jirinovskinin ölməsi xəbəri
həqiqətə uyğun deyil, o, xəstəxanadadır, vəziyyəti ağır, stabildir.
Euronews Jirinovskinin ölüm xəbərinin ilkin olaraq senator Aleksandr Pronyuşkin tərəfindən sosial mediada yayıldığını, sonra isə silindiyini də qeyd edib, eyni zamanda Rusiya
prezidentinin mətbuat katibi Dmitriy Peskovun fikirlərinə də yer ayırıb: “Jirinovskiy sağdır, amma çox ağır vəziyyətdə, həkim nəzarəti altındadır”.