Super User

Super User

 

İşğaldan azad edilməsini otuz ilə yaxın müddətdə səbirsizliklə gözlədiyimiz doğma Qarabağda həyat canlanır. Hər bir azərbaycanlı üçün əziz olan bu torpaqlara bərpa və yenidənqurma işləri ilə yanaşı, mədəni həyat da qayıdır, müxtəlif tədbirlər, konsertlər keçirilir. Belə tədbirlərdən biri avqustun 31-də Vətənin keşiyində dayanan hərbçilərimiz üçün Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissədə təşkil olunan konsert proqramıdır.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, “Yaşa, doğma Azərbaycan!” adlı konsert proqramında tanınmış azərbaycanlı müğənnilər Xalq artisti Emin, eləcə də Ellai, Bahh Tee & Türkan, Jony, Rauf & Faiq, gənc müğənni Cəmilə Həşimova və “The Excellent Music Band” qrupu bir-birindən maraqlı ifaları ilə hərbçilərimizə xoş anlar bəxş ediblər. 

Konsertin açılışında gənc müğənni Cəmilə Həşimova “The Excellent Music Band” qrupunun müşayiəti ilə “Reyhan”, “Bu gün hər şey yaxşı olacaq” və “Sənsiz” mahnılarını ifa edib.

Sonra səhnəyə çıxan tanınmış müğənnilər Bahh Tee & Türkan “Şirin yalan sözlər”, “Кто я без тебя”, “Принцев не существует”, “Нужен”, Ellai “Yar-yar”, “В любви нет чужих”, “Я не перестану”, Rauf & Faiq “Вечера”, “Я люблю тебя”, “Детство”, “Колыбельная”, JONY “Love you're voice”, “Аллея”, “Ты беспощадна”, “Комета”, Xalq artisti Emin “Я лучше всех живу”, “Сбежим в Баку”, “Boomerang”, “Yaşa, doğma Azərbaycan!” mahnılarını oxuyublar. Konsert gənc müğənni Cəmilə Həşimovanın ifasında “Simpy the best”, “В этом городе” mahnıları ilə yekunlaşıb.

Azərbaycanın cənnət məkanı adlandırılan Kəlbəcərdə Vətənə, bayrağa, dövlətə, xalqa sonsuz sədaqətini nümayiş etdirən qəhrəman əsgər və zabitlərimiz konsert proqramı zamanı təqdim olunan rəngarəng musiqi nömrələrini alqışlarla qarşılayıblar. 

Konsertdə jurnalistlərə müsahibə verən Xalq artisti Emin deyib: “Bizə işğaldan azad olunmuş ərazilərdə konsert vermək sevincini yaşatdığı üçün Azərbaycan Ordusuna təşəkkür edirəm. Burada – Kəlbəcərdə əsgər və zabitlərimizin qarşısında çıxış etmək olduqca qürurverici hissdir. Bu gün biz burada çıxış edirik. Çünki bu torpaqlar artıq azad olunub. Prezident, Müzəffər Ali Bas Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu igidlik göstərdi və ərazilərimizi işğaldan azad etdi”. 

Emin Kəlbəcərdən sonra işğaldan azad olunmuş digər ərazilərimizdə də konsert proqramı ilə çıxış edəcəklərini bildirib. 

“İşğaldan azad edilmiş ərazilərdə çıxış etmək doğma diyar qarşısında borcumuzdur”, - bu fikri isə populyar Rauf & Faiq musiqi duetinin üzvləri jurnalistlərə müsahibəsində söyləyiblər. 

Burada çıxış etməyin unudulmaz hisslər doğurduğunu vurğulayan qrup üzvləri bildiriblər: “Sözün düzü, biz buraya gələndə inana bilmirdik. Bu torpaqlar haqqında çox eşitmişik, ailəmizdə tez-tez bu barədə danışırdılar. Fəxr edirik ki, 30 il sonra burada çıxış edənlərdən biri də bizik. Bu, heyrətamiz və çox xoşdur. Buna görə qürur duyuruq. Buraya gələcəyimiz, bu gözəl yerləri görə biləcəyimiz günləri çoxdan gözləyirdik. Adama elə gəlir ki, dünyanın heç bir yerində belə gözəl mənzərə yoxdur. Gördüklərimiz bizi çox duyğulandırır”. 

Doğma diyara gəldiyinə görə özünü hədsiz dərəcədə xoşbəxt hiss etdiyini vurğulayan Jony bildirib: “Torpaqlarımızın işğaldan azad edilməsi qürur hissi doğurur. Kəlbəcərə gəldiyimə görə gözlərimdən sevinc yaşları axır. Kəlbəcərin ab-havası, yol boyunca dağlar qeyri-adi təsir bağışlayır. Doğma diyara gəldiyimə və Azərbaycan əsgərləri qarşısında çıxış etməyimə görə hədsiz dərəcədə xoşbəxtəm”. 

Tanınmış müğənni Ellai də Kəlbəcərin gözəlliyinə heyranlığını xüsusi vurğulayıb. O, müsahibəsində bu barədə deyib: “Kəlbəcərdəki konserti səbirsizliklə gözləyirdim və ona görə bu gün çox həyəcanlıyam. Allah Azərbaycan Ordusunu qorusun! Onlar olmasa idi, biz burada olmazdıq. Mən avtomobillə Kəlbəcərə gələrkən buranın gözəlliyinə heyran oldum. Kəlbəcər çox gözəldir. Konsertdən sonra çox güman ki, İstisuya gedəcəyik”.

Qeyd edək ki, konsert hərbçilərin, xüsusilə gənc əsgərlərin coşqusu, doğma Azərbaycanı vəsf edən mahnıların izdihamla səsləndirilməsi və müğənnilərin müstəqil dövlətimizə, Prezidentimizə, xalqımıza səmimi təbrikləri ilə yadda qalıb.

 

Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə Nəsibə Abdullayevaya Azərbaycanın Xalq Artisti fəxri adı verildi. Özbəkistanda yaşayan azərbaycanlı müğənni bundan öncə isə Özbəkistanın Xalq Artisti adını almışdı.

Çox sevilən, Azərbaycanda “Səndən nigaranam”, Özbəkistanda “Qaragöz boy-boy” kimi bir çox mahnılarla sənətə möhürünü vurmuş müğənni ilə söhbəti sabah qaçırmayın.

 

Prezident İlham Əliyev Nəsibə Abdullayeva haqqında sərəncam imzalayıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlik qızı  Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, N. Abdullayeva Azərbaycanda daha çox “Səndən nigaranam” mahnısı ilə məşhurlaşıb.

Rəsm qalereyası: 

Rövşən Bağırov, “Şuşa mənzərələri”

Günün fotosu: Avroittifaq Rusiyaya yeni sanksiyanı müzakirə edir

 

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Çexiyanın paytaxtında Rusiya vətəndaşlarına Rusiyanın Ukraynaya təcavüzünə görə Avropa ölkələrinə gəlmək üçün vizaların verilməsinin qadağan edilməsini müzakirəyə çıxarıblar.

Foto: Euronews

 

“Hərbçi ailəsində doğulmuşam. Anam müəllim, atam isə hərbçi olub. Kişi kimi formalaşmağımı atama borcluyamm. Gənc yaşında maşın sürməyi öyrədib. Bir amalı olub, heç vaxt eşitməsin ki, "Sənin oğlunu döymüşük. Özündən balacalara da döyülsən, onu da sənə bağışlamaram. Dalaş, amma özündən böyüklə. Gücün də çatmasa, daşı vur başına" deyirdi".

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rüfət Axundov "Söz baz" proqramında deyib. Sənətçi belə bir hadisəyə görə cəzalandırıldığını bildirib:

"Bir dəfə həyətimizdə özümdən böyük dostuma güləşdə uduzdum. Atam məni evə buraxmadı. Dedi, "Olmaz. Nə vaxt udarsan, onda gələrsən". Atam yatandan sonra anam evə buraxdı. Səhəri gün güləşdim, dedim ki, udmuşam. Atam elə şeyi götürmürdü. Bizdə uduzmaq söhbəti ola bilməzdi".

Çərşənbə, 31 Avqust 2022 16:00

Yazığı niyə həbs edirsiniz axı?

 

Rusiyadakı “Kino Group" MMC-nin keçmiş baş direktoru Dmitri Bolşakov 5 il 6 ay  müddətinə həbs cəzası alıb.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, buna səbəb prodüserin rüşvətxorluqda vasitəçi olması olub. Belə ki, o, "Çikatilo" serialının epizodlarından birinin çəkilişləri üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına 400 min rubl rüşvət təklif edib. Bunun qarşılığında Moskvanın mərkəzi küçələrindən biri bağlanıb.

Bəli, insan rüşvəti sadəcə kinoya sevgisinin təcəssümü kimi verib, amma bunu nəzərə alan kimdir? 

 

Şerbinski Rayon Məhkəməsinin hökmü ilə Dmitri ölkənin cinayət məcəlləsinin 291.1-ci "rüşvətxorluqda vasitəçilik" maddəsi ilə nəzərdə tutulmuş üç cinayəti törətməkdə təqsirli bilinib. O, cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Eyni cinayət işinə görə təqsirli bilinən polis əməkdaşları İqor Fayzullin və Dmitri Smolin külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Məhkəmə birincinin 8,5 il müddətinə cəzaçəkmə müəssisəsində, ikincinin isə 7,5 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilməsini qərara alıb.

 

“Ədəbiyyat və incəsənət” portalı muğam irsimizin tədqiqatçısı, Filologiya üzrə fəlsəfə doktoruGülhüseyn Kazımlının böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev Şuşalı barədə yazısını oxucularına təqdim edir.

 

Bildiyiniz kimi, 2022-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa ili elan edilmişdir. 1872-ci ildə Şuşada doğulmuş böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev Şuşalının150 illik yubileyinin bu ilə təsadüf etməsi də simvolikdir. Onun zəngin irsi (50-dən çox ifası) Azərbaycan Dövlət Səs Yazıları Arxivində böyük diqqət və qayğı ilə qorunub saxlanılmışdır  və tədricən bərpa edilərək müasir səs daşıyıcılarına köçürülür. Azərbaycan muğam irsimizin hamisi, muğam sənətimizin bugünkü səviyyəyə çatmasında misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya böyük xəzinəmizə, zəngin sərvətimizə göstərdiyi diqqət və qayğıya görə bütün muğamsevərlər adından səmimi təşəkkürümü bildirirəm. 

Çox yaxşı ki, Azərbaycan Dövlət Səs Yazıları Arxivində əsrin əvvəllərində yaşamış bütün məşhur xanəndələrimizin səs yazıları var. Məşədi Məhəmməd Fərzəliyev haqqında kitab üzərində işləyərkən yenidən Səs Yazıları Arxivində oldum, onun səsi yazılmış onlarla vala qulaq asdım.

Mənə 1914-cü ildə “Sport-Rekord” (Almaniya), “Pate” (Fransa) firmalarının Məşədi Məhəmməd Fərzəliyev Şuşalıya həsr edilmiş kataloqlarını da göstərdilər. Bu böyük xanəndənin Qarabağlı, Şuşalı olmasına şübhə edənlərə deyirəm: Həmin kataloqlara  və vallara diqqətlə baxın.

 

Şəkillərdə: Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Xədicə xanım Fərəcullayeva və Gülhüseyn Kazımov; “Sport-Rekord” firmasında Məşədi Məhəmməd Fərzəliyev Şuşalıya həsr edilmiş kataloq (1914); Məşədi Məhəmməd Fərzəliyev Şuşalının ”PATE” firması tərəfindən çap edilmiş kataloqu (1914-cü il).

 

 

Məşhur komediya ustası Kris Rok ABŞ Kinoakademiyasının təşkil etdiyi növbəti 2023-cü il “Oskar” mükafatlandırma mərasiminə aparıcılıq etmək təklifini rədd edib. 

 

kinonews.ru saytı xəbər verir ki, tanınmış komediyaçı bu barədə media nümayəndələrinə məlumat verib.

Xatırladaq ki, 2022-ci il “Oskar” mükafatlandırma zamanı Kris Rokun dediyi sözləri onun həyat yoldaşı Jada Pinkett Smit haqqında xoşagəlməz zarafat hesab etdiyi üçün aktyor Uill Smit səhnəyə çıxaraq komediyaçının üzünə sillə zərbəsi endirmişdi. Buna görə də Kinoakademiyanın idarə heyəti U.Smitin “Oskar” mükafatlandırma mərasimlərində və ya Akademiyanın digər tədbirlərində iştirakını növbəti 10 il müddətində qadağan edib. Bu məsələ Hollivud aktyoru U.Smitin karyerası və nüfuzuna xeyli ziyan vurdu, eləcə də onun iştirakı ilə bir çox layihələr dondurularaq, ləğv edildi. 

2022-ci il iyulun sonunda U.Smit bağışlanma xahişi ilə K.Roka müraciət edərək üzrxahlıq videosu da paylaşıb.

 

Ekspertlər təkbaşına səyahət edən qadınların istirahət etmək üçün gedə biləcəyi ən təhlükəsiz ölkələri müəyyən ediblər. 

 

Bununla əlaqədar, “Bounce” turist əlavəsi tərəfindən aparılmış tədqiqatın nəticələri “Travel off Path” nəşrində dərc edilib.

Reytinq tərtib edilərkən qadınlara münasibətdə zorakılıq səviyyəsi, evdə zorakılıq, cəmiyyətdə qadınların ünvanına zorakılığa münasibət, gecə vaxtı qadınların tənha gəzməsinin nə dərəcədə təhlükəsiz olması, qadınların qorunmasına dair qanunvericilik, gender bərabərliyi və bir sıra başqa göstəricilər nəzərə alınıb. 

Reytinqdə birinci yeri İrlandiya tutub. Bu ölkədə qadınlar cəmi 1 faizi hesab edir ki, qadınlara münasibətdə zorakılığa haqq qazandırıla bilər. Kişilər tərəfindən zorakılığa məruz qalmış qadınların sayı, qətl qurbanı olmuş qadınların sayı və qlobal gender bərabərsizliyi indeksinin ən yaxşı göstəricilərindən biri də İrlandiyada qeydə alınıb. 

İkinci yeri Avstriya tutur. Bu ölkədə zorakılığa məruz qalmış qadınların sayı nisbətən aşağıdır, eyni zamanda qadınların 79 faizi bildirib ki, gecə vaxtı evə təkcə gedəndə özlərini təhlükəsiz hiss edirlər. Üçüncü yeri Norveç tutur. Burada qətl qurbanları olan qadınların hər 100.000 nəfərə düşən sayı ən aşağı olub. Gecə vaxtı evə tək qayıdarkən özlərini təhlükəsizlikdə hiss edən qadınların faizlə sayı ən yüksək (83 faiz), gender bərabərsizliyi isə dünyada ikinci olub. 

Turist qadınlar üçün dünyada ən təhlükəsiz 10 ölkə: 

1. İrlandiya (ümumi təhlükəsizlik qiyməti 7,88)

2. Avstriya (7,70)

3. Norveç (7,45)

4. Sloveniya (7,19)

5. İsveçrə (7,01)

6. İspaniya (6,97)

7. Portuqaliya (6,88)

8. Kanada (6,67)

9. Niderland (6,15)

10. Polşa (5,97)

Eyni zamanda, təkbaşına səyahətə çıxan qadınlar üçün ən təhlükəli istiqamət Kolumbiya hesab edilib. Sonrakı yerləri Kosta-Rika, ABŞ və Çili tutur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.