
Super User
Bu gün Muğam Mərkəzində “Sazın-sözün Butası” adlı konsert olacaq
Oktyabrın 3-də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Sazın-sözün Butası” adlı konsert proqramı təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsert proqramı tanınmış şair Səadət Butanın yaradıcılığına həsr ediləcək.
Konsertdə tanınmış saz-söz adamları, muğam ustaları yer alacaqlar. Biletləri şəhərin kassaları və iticket.az saytından əldə etmək olar.
İltəriş Kutluq Xaqana aid olduğu düşünülən daş kitabənin təqdimatı BDU-da olacaq
“Ədəbiyyat və incəsənət” xəbər vermişdi ki, Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Kutluq Xaqana aid olduğu düşünülən abidə kompleksi və daş kitabə aşkar olunub.
Sabah - oktyabrın 4-də Bakı Dövlət Universitetində bu tapıntının təqdimatı və fotosərgisi təşkil olunacaq.
Daş kitabənin özəlliyi “Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır.
Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır.
Abidənin kəşfi türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu isbat edir.
Üşüyür məsafələr… - Nigar Arifdən şeir
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Nigar Arifin “Həyat adlı qatar” şeirini oxucularına təqdim edir.
Bir az gözlərdən uzaq,
Bir az gözümdə dustaq,
Çırpınır arzuların,
Kəpənək qanadları…
Vərəqlərə atılır,
Könlümün söz atları…
Durnalar köçüb gedir
Köhnə diyarımızdan.
Yaş üstünə yaş gəlir,
Söylə, bizə nə qalır,
Küsən baharımızdan?
Hardasa düşüb itir,
Ayağından bir çarıq.
Kasıb ümidlərilə,
Gəzir hey aramızda,
Gəzir səfil ayrılıq…
Asılıb qəlbimizdən
Məhəbbətin bir ucu.
Parçalayır özünü,
Səbrin iti qılıncı.
Üşüyür məsafələr,
Günlər yağışda, qarda.
Geyin dualarımı,
Gələr təzə bahar da.
Sevgimizə yaxşı bax,
Qoyma bu eşqi darda.
Bəlkə bir də görüşdük,
“Həyat” adlı qatarda…
“Bullet train” filmi 231 milyon dollardan çox gəlir əldə edib
Bu arada Hollivud filmlərinin astronomik gəlir əldə etməsi barədə növbəti məlumat yayılıb. Belə ki, Bred Pittin və Couli Kinqin baş rollarda oynadıqları Devid Litçin “Güllədən daha sürətli” (Bullet train) filmi təkcə ABŞ kinoprakatında 100 milyon dollardan çox gəlir əldə edib.
“Ədəbiyyat və incəsənət” RİA Novostiyə istinadən xəbər verir ki, təxminən 90 milyon dollarlıq istehsal büdcəsi ilə film hazırda dünya üzrə 231 milyon dollardan çox qazanc əldə edib.
Tənqidçilərin fikrincə, COVID-dən sonrakı standartlara görə, bu, komiks personajlarının olmadığı orijinal film üçün ciddi nailiyyətdir. Belə ki, 2022-ci ildə Şimali Amerikada cəmi 14 filmin kassa gəlirləri 100 milyon dolları ötüb.
Xatırladaq ki, bu film “Qatıllərin qatarı” romanının səhnə variantıdır. Azərbaycan prokatında isə filmin adı rus mənbələri əsasında tərcümə edilib.
“Dənizə diyirlənən xoşbəxt cəsəd” - Velimir Xlebnikovun şeirləri
Ötən gün Beynəlxalq Tərcüməçilər Günü və Ümumdünya Ürək günü qeyd olundu. Bu münasibətlə bütün TƏRCÜMƏÇİLƏRİ ÜRƏKDƏN təbrik edirik. Bu sahədə iz qoyanlardan biri də gözəl yazarımız Zahid Sarıtorpaqdır.
“Ədəbiyyat və incəsənət” portalı Zahid Sarıtorpağın məşhur rus şairi, rus avanqard poeziyasının, futurizminin banisi Velimir Xlebnikovdan (1885-1922) ürək qoyaraq tərcümələrini oxucularına təqdim edir.
Nədən oxuyursan, qəfəsdəki quş?
Necə tora düşdün, o barədəmi?
yoxsa ki, yuvanı hördüyün haqda,
yoxsa necə gəldi ayrılıq dəmi –
istəkli dostundan ayırdı qəfəs,
o haqda ötürmü bəzi bulu səs?
Yuvanmı yadına düşdü bu anda?–
Necə xoşbəxt idin isti yuvanda?
Bəlkə də tutaraq sən cücüləri
Necə apardın balalarına
O haqda ötürsən bayaqdan bəri?
Yoxsa meşələrin azadlığından,
bəlkə təpələrin ucalığından,
Yaxud çəmənlərin yaşıllığından,
Və ucsuz-bucaqsız çöllərdən bu an
bu cür yanğı ilə sən oxuyursan?
O kiçik pəncərə dalından indi
dünyaya boylanmaq necə miskindi.
Günəşli günlərdə gur nəğmən ilə,
Yorulmaq bilmədən çimirsən elə.
Yadına salırsan olub-keçəni,
Belə unudursan dərdini yəni?
Sonra da dənləri dimdikləyib sən
Eləcə yanğıyla su da içirsən...
6 aprel, 1897.
* * *
Mən özüm tütəyəm öz təranəmə.
Nəfsim dünyanı istəyir.
Üzən burulğan kimi halələrimə
üzüyola ulduzlar axıb-tökülür.
Mən özüm tütəyəm öz təranəmə –
Dünyanın taleyini
ifa edirəm.
1908
* * *
Kisədən
döşəməyə əşyalar səpələnib.
Düşünürəm,
bu dünya
asılmış adamın dodaqlarında
xəfif-xəfif işıq saçan
bir təbəssümdü yalnız.
1908
* * *
Fillər elə döyüşürdü,
dişləri bəyaz daşlara oxşayırdı
rəssamın əli altında.
Marallar buynuz-buynuza elə girişirdi,
elə bilirdin onları qarşılıqlı həvəs və xəyanətlə dolu
qədim bir nikah qovuşdurub.
Çaylar dənizə elə tökülürdü,
sanırdın birinin əli o birinin boğazından yapışıb
boğmaqla məşğuldu.
1910-1911
* * *
Bir cüt əyri xəncər kimi
Batıb göyə qoşa qovaq.
Ölü kimi düşüb qalıb,
Dörd tərəfində torpaq.
Tərk edilib bir ağ saray
Həsrətə, toranlığa.
Bir qayıq üzüb dirənib
Burda qızıl qumluğa.
Gur saçlar qucaqlayır
görüş çağı qadını.
Əlini qoyur çiyninə,
Gülür, çəkir adını.
Qadın o al köynəklini
əylənməyə alınıb gedir.
Səhər o xoşbəxt cəsədi
dənizə diyirlədir...
1911
* * *
Atlar öləndə – nəfəs alır.
Otlar öləndə – quruyur.
Günəş qaralanda – onlar sonur.
İnsanlar öləndə – nəğmə oxuyur...
1912
İslam Dünyası gənc klassik musiqi ifaçılarının XI Beynəlxalq Müsabiqəsinin final mərhələsi keçirilib
Ötən gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) XI Beynəlxalq Müsabiqəsinin final mərhələsi təşkil olunub.
Bu müsabiqəyə İslam dünyasının fərqli ölkələrini təmsil edən istedadlı gənclər qatılıb.
Ötən illər ərzində yarışmanın coğrafiyası daha da genişlənib. Belə ki, bu il Azərbaycan da daxil olmaqla, Türkiyə, Rusiya (Başqırdıstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi müxtəlif ölkələrdən olan ifaçılar yarışmaya qatılıb. Hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis təmsil edir. Münsiflər heyətinin sədri Xalq artisti, BMA-nın prorektoru Yeganə Axundovadır. Müsabiqənin münsiflər heyətinin tərkibi yerli və beynəlxalq ekspertlərdən ibarətdir.
Əsası 2012-ci ildən qoyulan müsabiqənin təşkilatçılığını “Kainat” Gənclik Mərkəzi öhdəsinə götürmüşdü, eyni zamanda, Gənclər və İdman Nazirliyi, ICESCO və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası hərtərəfli dəstək göstərməklə layihənin uzunömürlü olmasına təkan verib. “Kainat” Gənclik Mərkəzinin fəaliyyətini son illər həyata keçirdiyi irimiqyaslı beynəlxalq layihələrin əhəmiyyətinə görə uğurlu hesab etmək olar. Ənənəvi beynəlxalq uşaq muğam festivalları, “İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının Beynəlxalq Müsabiqələrinin respublikamızın mədəni həyatında böyük əks-sədaya səbəb olması görülən işlərin nəticəsi kimi dəyərləndirilə bilər. Mərkəz bu gün də ənənəvi layihələrini davam etdirməkdədir. Sevindirici haldır ki, ölkə səviyyəsində uğurla həyata keçirilən gənclər siyasəti konsepsiyasında beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer verilir.
Qeyd edək ki, pandemiya ilə əlaqədar ötən 2 ildə müsabiqə onlayn formatda həyata keçirilmişdi, lakin buna baxmayaraq, İslam dünyası ölkələrinin bu müsabiqəyə marağı artan tendensiyada davam edir. Nəhayət, bu il layihə ənənəvi şəkildə klassik musiqisevərlərin görüşünə gəldi. Müsabiqə ilə bağlı Təşkilat Komitəsinə 100-dən artıq iştirakçının ərizəsi daxil olub və onlardan 80 nəfərə yaxın gənc istedad müvəffəq olaraq hər 2 yaş qrupu (böyük və kiçik) üzrə keçirilən dinləmələrə vəsiqə qazanıb.
V Animafilm Beynəlxalq Animasiya Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edilib
“Bir bilet-bir ağac” şüarı altında keçirilən V Animafilm Beynəlxalq Animasiya Festivalı uğurla yekunlaşıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, 29 ölkədən uşaq və böyüklər üçün çəkilmiş 121 animasiya filminin iştirak etdiyi festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi. Festivaldan əvvəl elan edildiyi kimi bilet satışından əldə olunan vəsait işğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və təbiətin sağlamlaşdırılmasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə olunub.
“Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi adından Qarabağda 412 ağac əkiləcək. Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün V Animafilm Beynəlxalq Animasiya Festivalının təşkilatçıları olan “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və “Peri film” şirkətinin rəhbərliyinə, o cümlədən əməyi keçən bütün heyətə təşəkkür edib, həmçinin hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası, eləcə də yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa çağırıb.
Qeyd olunub ki, Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin birbaşa təzahürüdür: “Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir”.
Kitabxanada gənc yazıçılarla görüş təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında gənc yazarlar Həsən Kür və Araz Əfəndi ilə görüş keçirilib.
Baş İdarədən bildirilib ki, görüşün keçirilməsində məqsəd cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan yazarları ictimaiyyətə daha yaxından tanıtmaq, onların əsərlərini geniş oxucu auditoriyasına çatdırmaqdır.
Çıxış edən gənc yazarlar həyat və yaradıcılıqları haqqında oxuculara məlumat veriblər. Onlar kitab və mütaliənin insanın mənəviyyatının zənginləşməsində, dünyagörüşünün inkişafında əvəzsiz rolundan söhbət açıb, müəllifi olduqları kitablardan şeirlər səsləndiriblər.
Sonra müəlliflər oxucuların müxtəlif suallarını cavablandırıb.
Xalq teatrlarının yeni Əsasnaməsinin işlənməsi mövzusunda müşavirə keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Xalq teatrlarının yeni Əsasnaməsinin işlənməsi mövzusunda müşavirə keçirilib.
Baş İdarənin yaydığı məlumata görə, əvvəlcə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova tədbir iştirakçılarını salamlayaraq, müşavirə haqqında məlumat verib.
Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin əməkdaşları və Baş İdarənin rəisi İbrahim Əliyev Xalq teatrlarının yeni Əsasnaməsinin işlənməsi, qanunvericilik və qanunların təkmilləşdirilməsi mövzusunda çıxış ediblər. Xalq Teatrında yaşanan problemlər müzakirə olunub, həmçinin Xalq teatrlarının işçiləri olan quruluş hissə müdirləri, rejissorlar, Xalq kollektivləri və ansambl rəhbərləri mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Problemlər, istək və təkliflər söylənilib və müşavirə müzakirələrlə sona çatıb.
Bizlərdən türklərə ustad dərsləri
Mədəniyyət təşkilatı təşkilatçılığı, "Mədəniyyət Şəbəkəsi Evi" Assosiasiyasının və TADİV-in birgə təşkilatçılığı ilə 3 oktyabr 2022-ci il tarixində ilk dəfə Azərbaycanlılar və Türkiyə universitetləri arasında mədəniyyət sənətinə baş tutacaq.
Silsilə qüvvələri N Azərbaycan sənətçiləri – Şahinövrəsli caz, Toğrul Əsədullayev kamança, Arslan Növrəsli birlikdə tar ifaçılıq sənəti haqqında türk sənətinə ustad dərsləri keçəcəklər. Tələbələr həm sənətçilərimizin ifasını dinləyəcək, həm də Azərbaycan musiqisinin dərinlikləri haqqında dəyərli biliklər əldə edəcəklər.