Super User

Super User

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının iştirakçıları və festivalın təşkilində əməyi keçən şəxslər mükafatlandırılıb.

 


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə ki, bir sıra yazıçı-publisist, media nümayəndələri, tələbələr və ASAN Xidmət könüllüləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb.
Tədbir xalq yazıçısı Anarın çıxışı ilə başlayıb. O iştirakçılara festival müddətində göstərdikləri xidmətə görə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri və I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının təşkilatçısı Xəyal Rzaya "Bəxtiyar Vahabzadə" mükafatını təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid, tənqidçi  İntiqam Qasımzadə və Nizami Tağısoy Türksoy tərəfindən "Molla Pənah Vaqif" medalı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazıçı-publisist Yunus Oğuz "Çingiz Aytmatov" medalı, gənc şair Ramil Əhməd "Aşıq Veysəl" medalı ilə təltif olunub.
Daha sonra tələbələr I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalında iştiraka görə sertifikatlarla mükafatlandırılıblar.
Sonda xatirə şəkli çəkilib və tələbələrə Anarın kitabları hədiyyə edilib.

 

Bilirəm ki, yorulmuşam...

Ömür qısa,

Yol uzun.

Nə olsun ki,

Bu gecə də parlamadı ulduzum.

Qəribsəmə,

Çək içinə 

tənhalığın ətrini,

Sən sabahın qədrini bil,

Mən dünənin qədrini...

 

Bu son tələ

Bir az gendən

Gülüb keçsə, gələrəm.

Ömür keçdi

Gələmmədim

Ölüm keçsə,

Gələrəm...

 

Elçin Mirzəbəyli

 

Bütün dünya üzrə aviadaşıyıcılar və aeroportlar tərəfindən təqdim edilən xidmətlərin keyfiyyəti sahəsində tədqiqatlarla məşğul olan məşhur “SkyTrax” statistika şirkəti (Böyük Britaniya) dünyanın ən yaxşı aeroportlarının siyahısını təqdim edib. 

 

Siyahıda  birinci yeri Qətərin Doha şəhərindəki Hamad beynəlxalq aeroportu tutur. “Qatar Airways” aviadaşıyıcısı üçün baza kimi xidmət edən Hamad aeroportu ikinci ildir ki, reytinq siyahısında birinci yerdədir. Hamad aeroportu öz mağazaları və terminallar arasında hərəkət edən rahat qatarı ilə məşhurdur. 

Xatırladaq ki, əvvəlki 8 il ərzində reytinq siyahısında birinci yeri Sinqapurun Çanqi limanı tuturdu. İndi Çanqi üçüncü yerdədir. Ekspertlər bu dəfə həmin aeroportun personalını dünyada və Asiyada ən yaxşı personal, oradakı restoranı ən yaxşı restoran, habelə 2-5 milyon sərnişinə xidmət edən ən rahat aeroport kimi qeyd ediblər. Çanqi hava limanı “Singapore Airlines”, “Jetstar Asia Airways”, “Scoot” və “SilkAir” aviadaşıyıcıları üçün hab rolu oynayır. 

Siyahıda ikinci yeri Tokionun (Yaponiya) “Dünyada ən təmiz aeroport” və “Asiyada ən yaxşı aeroport” nominasiyalarında qalib gəlmiş Haneda aeroportu tutur. 

Liderlərin ilk beşliyini 5-10 milyon sərnişinə xidmət edən ən yaxşı aeroport hesab edilmiş Narita beynəlxalq aeroportu (Yaponiya) və Cənubi Koreyadakı İnçxon beynəlxalq aeroportu qapayır. “Korean Air” üçün baza məntəqəsi rolu oynayan bu aeroport “Thai Airways”, “China Eastern Airlines” və “China Southern Airlines” aviaşirkətlərinin təyyarələrini qəbul edir.

Reytinqdə ikinci beşlik Parisdəki (Fransa) Şarl de Qoll adına aeroportla başlanır. Bu aeroport son bir il ərzində 9 pillə irəliləyərək 15-ci yerdən 6-cı yerə çıxıb. Dünyada ən gərgin işləyən limanlardan biri sayılan bu hava limanı Fransanın “Air France” milli daşıyıcısı üçün habdır. 

Yeddinci yeri Almaniyanın Münhen hava limanı tutur. 2021-ci ildən sonra bu liman bir mövqe geriləyib. Mərkəzi Avropada ən yaxşı hava limanı ekspertlərin fikrincə, ən yaxşı otelə malikdir. “Lufthansa” hava xətləri şirkətinin təyyarələri burada saxlanır. 

Son bir ildə 9 pillə irəliləmiş İstanbulun yeni aeroportu hazırda 8-ci yeri tutur. Bu il həmin aeroportun layiq görüldüyü mükafatlar arasında “Ən yaxşı ailə aeroportu”, “Ən yaxşı mağaza”, “Cənubi Avropada ən yaxşı hava limanı” və “30-40 milyon sərnişin üçün ən yaxşı aeroport” nominasiyalarını qeyd etmək lazımdır. Liman hələ də genişlənməkdə davam edir. Gözlənildiyinə görə, 2025-ci ildə bu liman sərnişin axınının həcminə görə dünyada ən iri hava limanı olacaq və ildə 200 milyona qədər sərnişinə xidmət edəcək. 

Reytinqdə daha bir Avropa hava limanı Sürix (İsveçrə) aeroportudur. Bu liman son bir ildə iki pillə geriləyərək 9-cu yeri tutur. Avropada ən təmiz aeroport hesab edilmiş bu liman “Edelweiss Air” və “Swiss” üçün hab funksiyasını yerinə yetirir. 

Siyahıda birinci onluğu daha bir yapon aeroportu – Osaka şəhərində yerləşən Kansay regional hava limanı qapayır.

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin iyun konsertində “Bayatı Şiraz” muğamı təqdim olunub. 

 

AzərTAC  xəbər verir ki, proqramda BMM-nin solistləri Rəvanə Qurbanova, Səbinə Ərəbli və Günay İmamverdiyeva çıxış ediblər. Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Təranə Əliyeva, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev, udda Vasif Yusifli və ikinci tarda Ruslan Muradov müşayiət ediblər.

2017-ci ildən həyata keçirilən layihənin işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri “Mədəniyyət” televiziyası vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim olunur.

Layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

 

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şuşa İli"nə həsr olunmuş "Şuşa biz gəldik" adlı konserti keçirilib.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə reallaşan tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin övladları, Gəncə SOS uşaq kəndinin və Gəncə Uşaq Evinin sakinləri iştirak ediblər.

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının musiqiləri, müxtəlif rəqsləri ifa olunub.

 

İsveçrənin Sürix şəhərində bu il ikinci dəfə türk mədəniyyəti festivalı təşkil edilib. Festival ölkədə yaşayan türklərin də böyük marağına səbəb olub.

 

20 min insanın iştirak etdiyi festivalda türk mədəniyyətinə aid ebru və şüşə sənəti ilə ənənəvi türk yeməklərini tanıtmaq üçün stendlər açılıb.

Festival iştirakçılar arasında keçirilən hədiyyə lotereyası ilə sona çatıb.

Xatırladaq ki, İsveçrə Türk Diyanət Vəqfi tərəfindən təşkil edilən ilk festival 2018-ci ildə keçirilib. Koronavirus pandemiyası səbəbindən ikinci festival isə 3 il müddətinə təxirə salınmışdı.

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Mədəniyyət Nazirliyinin Regional İdarələrində çalışan dövlət qulluqçuları üçün “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə”  mövzularında təlimlər keçirilib.

 

Portalımız nazirliyə istinadın xəbər verir ki, təlimçi qismində Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.

Təlimdə ümumilikdə 92 nəfər iştirak edib.

Təlim iştirakçılarına etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi və s. məsələlər haqqında məlumatlar verilib.

 

Məlum olduğu kimi UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə Azərbaycandan 3 şəhər Lənkəran şəhəri (2021, “qastronomiya” tematikası üzrə) Şəki şəhəri  (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı şəhəri (2019, “dizayn” tematikası üzrə) daxil edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Yaradıcı Şəhərlər Şəbəkəsinə  daxil olan şəhərlərin beynəlxalq təqdimatı və təbliği, yerli şəhər yaradıcılığı və kreativliyinin inkişafı istiqamətində Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası birlikdə sosial şəbəkə hesabları üzərindən təbliğat maarifləndirmə işlərinə start verib.  

Beləliklə, Mədəniyyət Nazirliyi və tərəfdaşları həmin postların və məlumatların milli və beynəlxalq səviyyədə populyarlaşması üçün geniş ictimaiyyəti qeyd olunan səhifələri izləməyə dəvət edir. Bununla yanaşı, adıçəkilən yaradıcı şəhərlərlə bağlı izləyicilər tərəfindən hər hansı maraqlı məzmunun  paylaşılması istəyi olacağı təqdirdə həmin məlumatları  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtlarına göndərilməsi xahiş olunur. 

Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan 3 şəhərin “Facebook” və  “instagram” sosial şəbəkələrindəki səhifələri təqdim olunur:

 

https://www.instagram.com/shekicityofcraft/

 

https://www.facebook.com/shekicityofcraft/

 

https://www.instagram.com/bakucityofdesign/

 

https://www.facebook.com/bakucityofdesign/

 

https://www.instagram.com/lankarancityofgastronomy/

 

https://www.facebook.com/lankarancityofgastronomy/

 

İrana səfəri çərçivəsində həmçinin, İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən İran Kino və Audiovizual işləri təşkilatının rəhbərliyi ilə görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir A.Kərimov ölkəmizdə kino sahəsinin inkişafının Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, Azərbaycanda yeni yaradılmış Kino Agentliyinə dair məlumat verib. İranın kino sahəsində geniş təcrübəyə malik olduğu, bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağı qeyd olunub. Bu kontekstdə, müştərək kino festivallarının, qarşılıqlı kino həftələrinin təşkilinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb. Həmçinin, kino sahəsində mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub. A.Kərimov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sənədli filmlərin çəkilməsinin əhəmiyyətinə İran tərəfinin diqqətini çəkib. Görüşdə eyni zamanda,  birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub. Sonda, kino muzeyi ilə tanışlıq baş tutub.

 

**

 

Anar Kərimov həmçinin İranın Milli Kitabxana və Arxiv idarəsinin rəhbəri Əlirza Muxtarpurla görüşüb. Görüşdə Azərbaycanla İran arasında kitabxana və arxiv sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir İranın zəngin arxivlərində Azərbaycana, xüsusilə də ölkəmizin Qarabağ bölgəsinə dair əlyazmaların saxlanıldığına istinad edərək, bu sahədə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib. Eyni zamanda Ermənistan ərazisində mövcud olmuş xalqımıza məxsus zəngin mədəni irsimizə, dini abidələrimizə aid İran arxivlərində mövcud sənədlərlə tanışlıq, onların araşdırılması istiqamətində birgə fəaliyyət aparılmasının önəmi qeyd olunub.  Ə.Muxtarpur öz növbəsində rəhbərlik etdiyi qurumla ölkəmizin müvafiq qurumları arasında kitabxana və arxiv sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib. Bu kontekstdə, İran kitabxana və arxivlərində saxlanılan sənədlərlə tanışlıq və birgə araşdırmaların aparılması üçün işçi qrupun yaradılmasının məqsədəuyğunluğuna da diqqət çəkilib.

Görüşdən sonra kitabxanada qorunub saxlanılan Nizami Gəncəvinin yaradıcılığına aid qədim əlyazma və digər arxiv sənədləri ilə tanışlıq baş tutub.

 

Mübarizələr, istiqlal şairi! 

Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. 

 

O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 28 il ötür.

Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirakı Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərir.

Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.

Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.

“1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəman Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.