
Super User
Uşaqlar, Musiqili Teatrın sizə növbəti töhfəsi var
Mədəniyyət Nazirliyi balacaları da əsla unutmur. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının azyaşlı və gənc tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərlərindən olan “Sehrli nəğmə” tamaşası “Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Səhnə əsəri fevralın 11-də saat 12:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.
Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.
Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.
Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.
Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli və Cəmilə Mənsurova iştirak edəcəklər.
Tamaşada səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Çingiz Abdullayevin Özbəkistan fəthi
Xalq yazıçısı, detektiv ədəbiyyatın məşhur müəllifi Çingiz Abdullayevin “Oliqarxın varisi” romanı Özbəkistanda özbək dilində işıq üzü görüb. Bu, yazıçının 34-cü xarici dildə çıxan kitabıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Çingiz Abdullayev bu hadisəyə pz facebook hesabında belə şərh verib: “Kitabım özbək dilində çap olundu. Otuz dördüncü dil. Qürurlanıram!”
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
“Uyumaya utanıyorum…” - Zəlzələ gündəliyindən
Türkiyədə baş verən zəlzələ ilə bağlı “Ədəbiyyat və incəsənət”in əməkdaşlarının diqqətini cəlb edən növbəti bir neçə məqam:
1.
Dünyanın dörd bir yanından Türkiyəyə yardım axır. Türklərin videomüraciəti yayılıb. Deyirlər ki, bizə ikinci əl heç nə göndərməyin. Burda gigiyena qaydalarına riayət olunması tərəfi də var, amma əsas tərəf türk insanının qürurudur.
2.
Hatayda uçqun altında sağ qalan iki bacının fotosu dünya mediasında paylaşılır. AP fotomüxbirinin kadrı (yazımızın qapaq fotosu) bu qış günündə isti mənzilində, yaxud iş otağında oturub qarşısındakı qaynar çaydan, yaxud kofedən qurtumlayaraq internetdə qurdalanan xoşbəxt insanların ürəyini sızlatmağa hesablanıb.
3.
Türkiyəyə bütün dünya yardım etməkdədir. İsraildən gələn böyük mütəxəssis qrupu uçqun altında qalan insanların xilas edilməsi ilə məşğul olacaq. Dost ölkənin qardaş ölkəyə bu dəstəyi lap məqamında edilib. Mətnin sonundakı foto)
4.
Böyük türk şairi, ağsaqqal Serhat Kabaklı dəhşətli zəlzələ ilə bağlı halını öz Facebook hesabında paylaşdığı qısa şeiri ilə izhar edib. Çox təsirlidir.
Uyumaya utanıyorum..
Üşümeye utanıyorum..
İnsanlığımdan utanıyorum..
Utanmadığım tek şey,
Karanlıkta ve sessiz ağlamak..
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Türkiyəli məşhurlar dünyaya səsləndilər: "Bizə kömək edin!”
Türkiyəli məşhurlar dünya ölkələrindən kömək istəyiblər. Onlar sosial şəbəkə hesablarında bununla bağlı müxtəlif paylaşımlar ediblər. O cümlədən şəxsi səhifələrində dağıntılar altında qalanların məlumatlarını paylaşaraq kömək etməyə çalışıblar. Bəzi türkiyəli məşhurlar isə təbii fəlakətdən əziyyət çəkənlərə müəyyən məbləğdə pul yardımı ediblər.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, baku.ws həmin türkiyəli tanınmışların siyahısını təqdim edir:
Müğənni Hadise sosial şəbəkə paylaşımı ilə dünyaya səslənib və kömək istəyib:
"Türkiyənin köməyə ehtiyacı var. Zəlzələ baş verən bütün şəhərlərimiz, ən çox da Hatay və Kahramanmaraş hələ də yardım gözləyir. Xahiş edirik, dünya bizə kömək etsin. Xahiş edirik, dağıntılar altında qalanları xilas etmək üçün xilasedicilər göndərin. Vətəndaşlarımıza yardım edin!"
Aktrisa Filiz Akın isə dağıntılar altında qalanların görüntülərini paylaşaraq onların tapılmasına köməklik edib.
Müğənni Gülben Ergen insanları sosial şəbəkələrdə aktiv olmağa, dağıntılar altında qalanların ünvanlarını düzgün qeyd edərək onların tapılmağına yardım edilməsini diləyiblər.
“Ölkəmizin yaşadığı bu qorxunc fəlakət səbəbilə sosial media mesajlarınızı doğru ünvanlara göndərin. Bu soyuq havada bu dərin kədərimizə görə hər birimiz səfərbər olaq. Səsimizi eşidən bütün qardaş ölkələrə təşəkkür edirik"
Müğənni Musatafa Ceceli təbii fəlakətdən əziyyət çəkənlərə 200 000 lirə (təxminən 18 060 AZN) maliyyə yardımı edib.
Müğənni Murat Boz da digər həmkarları kimi dağıntılar altında qalan türk vətəndaşlarının yaşadığı ünvanları qeyd edib və onlara yardım edilməsini istəyib.
Müğənni İbrahim Tatlıses də paylaşımı ilə xalqına dəstək olub. O, zəlzələdən əziyət çəkən sakinlərə yorğan və ərzaq yardımı edilməsini istəyib:
"O gün bu gündür! Bu ağır hava şəraitində zəlzələdən əziyyət çəkən bütün vətəndaşlarımız üçün əl-ələ verməliyik! Onların gecələməsi üçün çadır, yorğan, ərzaq göndərək. Onlardan heç bir köməyimizi əsirgəməyək!
Aktyor Kıvanç Tatlıtuğ da təbii fəlakətdən əziyyət çəkənlərə 200 000 lirə (təxminən 18 060 AZN) maddi yardım edib.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Günün fotosu: Azərbaycanlılar kütləvi şəkildə Türkiyəyə yardım edirlər
Günün fotosu: Azərbaycanlılar kütləvi şəkildə Türkiyəyə yardım edirlər
Dünən Bakıda bütün gün ərzində davam edən Türkiyəyə yardım toplanması aksiyası gecə saatlarında belə davam etdi. Nə gecə, nə soyuq hava gücü çatanı gətirib yardım karvanına verən bakılıların qarşısını ala bilmədi. Bax bizim xalq budur!
Foto: “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
“Çoxdandır səni görmürdüm, bugünə şükür, xoş gördük!”
“Ədəbiyyat və incəsənət” portalı Bədii Qiraət rubrikasında şair Yusif Nəğməkarın “Xoş gördük” şeirini təqdim edir.
Çoxdandır səni görmürdüm,
Bugünə şükür, xoş gördük!
Bəlkə yuxuna girmirdim?..
Etdinmi fikir, xoş gördük?!.
Gözdən qaçan uyquların --
Həsrətimə sayqıların...
Gördüm kövrək duyğuların
Qəlbində çökür, xoş gördük!
Kaş biləydin ki, qarşımda
cəlladımdı yaz, qışım da...
Yoxluğun dərdli başımda
necə turp əkir, xoş gördük!..
Yada düşdü şux olaylar...
Umulu-küsülü aylar...
Xəzəl payızlar, od yaylar
yola göz dikir, xoş gördük!
İpəyim, süsənim, sövqüm,
Səbrim, tabım, təbim, şövqüm,
Ləlim, zərim, əlvan zövqüm,
İncəm, İncim, dürr, xoş gördük!
Deyiləsi nağılım bol;
Məni -- məndən -- bir halı ol --
ayrılığın gündə yüz yol
kəfənə bükür, xoş gördük!
Sevgim Allaha, həm sənə!
Yaxın düşməsin qəm sənə!
Safım, ülvim, tək kimsənəm,
Covrü məlhəm, sirr, xoş gördük!
Gümanım kəsilmiş tamam,
Xatirən -- canımı uman...
Qarşında sevincim haman
göz yaşı tökür, xoş gördük!
Yarsız oldum yarı, bekar,
Gecə-gündüz dərdə şikar...
İndi bildinmi Nəğməkar
sənsiz nə çəkir, xoş gördük?!.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Bu günkü ustad dərsi Relyef heykəltaraşlığı mövzusundadır
Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
Bu gün - fevralın 8-də Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusunda ustad dərsi keçiriləcək.
Ustad dərsi ilk dəfə heykəltaraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verir. İştirakçılar öz unikal heykəltaraşlıq relyeflərini yaradacaqlar.
Bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə keçirilmişdi, “Həndəsi kodlar” mövzusuna həsr olunmuşdu. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaratmışdılar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan vermişdi.
Fevralın 15-də isə dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçiriləcək. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunacaq. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradacaq və əsərlərinə müxtəlif fakturalar verəcəklər.
Fevralın son dərsi 22-də Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.
Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Konsertlər təxirə salınır
Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük milli matəm elan olunub. Bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib, müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb. Bu təşəbbüsə Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.
Bu günlərdə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilir ki, onların da keçirilib-keçirilməyəcəyi sual doğurur. Onlar arasında “Anadolu Ateşi” rəqs qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Öykü Gürman (14 fevral) və Sertab Erener (14 fevral) var. Bununla bağlı təşkilatçılara sorğu ünvanlanıb.
“Mega Müzik” şirkətinin rəhbəri Murat Tayfur “Qafqazinfo”ya bildirib ki, fevralın 14-də keçiriləcəyi gözlənilən Öykü Gürmanın konserti təxirə salınıb. O, tədbirin yeni tarixini hələlik açıqlamayıb.
“Ədəbiyyat və incəsənət”in əldə etdiyi məlumata görə, “Anadolu Ateşi” rəqs qrupunin konserti də baş tutmayacaq.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Qəhrəmanlar unudulmur!
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 35 illiyi ilə əlaqədar “Mübariz İbrahimov – 35” adlı videoçarx hazırlayıb.
Baş İdarədən verilən məlumata görə, videoçarxda Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun ömür və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilir.
“Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Azərbaycanın igid oğlu Mübariz İbrahimov üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli və hər şeydən uca idi. O, Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı”, - kimi fikirlərin yer aldığı videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Ruslar Qoqolun maskasını hərraca çıxarır
19-cu əsrin böyük rus yazıçısı Nikolay Qoqolun ölümdənsonrakı maskası hərraca çıxarılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” TASS agentliyinə istinadən məlumat verir.
Məlumata görə, “Litfond” hərrac evində əntiq əşya - 1852-ci ildə Nikolay Ramazanov tərəfindən gipsdən hazırlanan maska 250 min rubl (6000 azn) başlanğıc qiymətlə satışa çıxarılıb.
Sabah keçiriləcək hərracda digər lotlar da - 1580-ci ilin “Əhdi-cədid”i, bəstəkar Dmitri Şostakoviçin şəxsi məktubları və Mixail Bulqakovun avtoqrafı yer alıb.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)