Super User

Super User

Günün fotosu: Almanlar da narazıdırsa, biz onda neyniyək? 

 

Pandemiya, ardınca da Rusiyanın Ukraynaya silahlı müdaxiləsi bir kabus kimi dünya ölkələrini bürüyüb. İnflyasiya və enerji böhranı bütün ölkələri narahat edir. “Biz gün-gündən kasıblaşırıq” deyən almanlar nümayişlərə başlayıblar. Berlində sağlar mitinq təşəbbüsü ilə əhalini küçələrə çıxarıb. 

Həyat şəraiti təbii ki, bizdən qat-qat yüksək olan almanların bu narahatlığı fonunda, demək ki, biz də fəlakət girdabındayıq.

Foto: Euronews

Prezident İlham Əliyev Bakı şəhərində görkəmli memarlar Mikayıl Useynov və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərəncama əsasən, vahid kompozisiya şəklində birgə abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.

Bazar ertəsi, 10 Oktyabr 2022 11:00

“Yarğı”nın reytinqi durmadan yüksəlir

 

“Kanal D" telekanalında yayımlanan "Yargı"nın izləyicilərinə xoş xəbər var.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, serial reytinqlərdə ilk sırada yer aldığı üçün 3-cü mövsümü də yayımlanacaq.

Qeyd edək ki, ekran işinin baş rollarını Kaan Urqancıoğluyla Pınar Dəniz canlandırır.

 

Başa çatmış  VIII Bakı Beynəlxalq Kitab Sərgisinin təəssüratları yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. Təbii ki, təşkilatçı - Mədəniyyət Nazirliyi əsl alqışlara layiqdir. “Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır”.

Bu fikir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya məxsusdur. 

 

“Gözəl Bakımız növbəti dəfə Beynəlxalq Kitab Sərgisinə ev sahibliyi edir. Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır. İlk növbədə, qələm sahibləri öz dəyərli oxucuları ilə bir araya gəlir, kitablarını onlara təqdim edirlər. Digər tərəfdən isə sərgi çərçivəsində oxucular sevimli qəhrəmanları və onların müəllifləri ilə görüşmək, həmçinin fərqli ölkələrin nəşrləri ilə tanış olmaq fürsəti əldə edirlər. Bu bir ünsiyyətdir. Belə bir platformanın yaradılması şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual inkişafında, eyni zamanda xalqların və millətlərin öz milli kimliyini dərk etməsində müstəsna əhəmiyyətə malikdir. Bu proseslərdə kitabların rolu əvəzsizdir. 

Mənim üçün çox xoşdur ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu il yenidən VIII Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdə və dillərdə çap olunan nəşrlərini nümayiş etdirir. Bizim məqsədimiz birdir. Türk dünyasının zəngin irsini dünyaya çatdırmaq, eləcə də türk xalqlarını bir araya gətirmək və daha da yaxınlaşdırmaq” , - deyə Günay Əfəndiyeva mediaya açıqlamasında bildirib.

“Ədəbiyyat və incəsənət” portalı tanınmışların sərgi barədə təəssüratlarını dərc etməkdə davam edəcək.

 

Parisdə “Sainte Marie des Batignolles” kilsəsində “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsi laureatlarının konserti olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Paris müxbirinə istinadən xəbər verir ki, Azərbaycan konsertdə 15 yaşlı Səməd Əlizadə ilə təmsil olunub. Azərbaycanlı pianoçu “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsinin qala konsertində uğurla çıxış edib. 

2007-ci il fevralın 25-də anadan olmuş Səməd Əlizadə piano üzrə musiqi təhsilinə 2013-cü ildə Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbində başlayıb. Hazırda Bakı Avropa Liseyinin 10-cu sinfində oxuyan gənc istedad 2018-ci ildə "Virtuoz əsərlərinin ən yaxşı ifaçısı" mükafatına layiq görülüb. 2020-ci ildə Dünya İncəsənət Oyunları festivalında, eləcə də Avropa istedadlar müsabiqəsində birinci yeri tutub. 2020 və 2021-ci illərdə Ədilə Əliyeva adına 15-ci və 16-cı beynəlxalq musiqi müsabiqəsində üçüncü yerə sahib olub. 

Gənc pianoçu 2020-ci il "Sopravista" Beynəlxalq Festivalının 1-ci dərəcəli, 2021-ci ildə "Le Ciel de Paris" III Beynəlxalq Musiqi və İncəsənət Müsabiqəsinin II dərəcəli laureatı olub, "Üç alov" onlayn folklor, klassik və müasir festivalda Qran-Priyə layiq görülüb. 

2021-ci ildə ADA School MUN konfransında iştirak edərək "Ən yaxşı debütant" diplomunu alıb. “Sabahın alimləri” XI respublika müsabiqəsində isə “Qarabağ regionunun ekosisteminin innovativ üsullarla bərpası” elmi işinə görə birinci yeri tutub.

Gənc pianoçu 2022-ci ilin iyulun 10-da Parisdə “Saint Germain des Prés” kilsəsində ARTİMA Assosiasiyası tərəfindən təşkil edilmiş 6-cı “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsində iştirak edərək ilk pillədə qərarlaşıb. 

“Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsinin təşkilatçısı ARTİMA Assosiasiyası 2010-cu ildə yaradılıb. Assosiasiya gənc fransız və əcnəbi musiqiçiləri dəstəkləmək və təbliğ etmək üçün müsabiqələr, konsertlər və maarifləndirici aksiyalar təşkil edir.

Bazar ertəsi, 10 Oktyabr 2022 08:00

“Havada fırlanır ağrı pərləri…”

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraətdə sizə şair Yusif Nəğməkarın “mənzum dua” adlandırdığı “Dərdə dibsiz dərya deyən dildar, ey!” adlı şeirini təqdim edir.

 

İstər nökər, şah olsun,

İstər fəryad, ah olsun...

Min fərddən nicat umma,

Sənlə bir ALLAH olsun!

 

***

 

Təkəri Yer şarı yol çantaları --

Uzaq yolçuların hal yoldaşları.

Bir əldə "sirab"ı, ya "fanta"ları

Suçamı susayıb pürğəm başları?!

 

Uçaq meydanında uçunan ürək

Girinc göynəklərin təzyiq yüküdür.

Tənsiz tansiona sakitlik gərək,

Dalğınlıq, alğınlıq qafa bürküdür.

 

Dərd şimşək qanadla çaxır göylərə,

Havada fırlanır ağrı pərləri.

Təbiblər töhfəsi inad səylərə

İnam əl bağlayır hünərvərləri...

 

Ərşin arşınında dövrə qəsdi nə --

Yelləncək təyyarə, diyircək dünya?!

Dolanar qəm tiyə iyin üstünə

İplik düyçə kimi əyircək dünya.

 

Yerdə yağrı basan səqfə sürünər,

İlac ulduzları sönməsin barı.

Gecə Ay işıqlı yola bürünər,

Yol da yol yolundan dönməsin barı.

 

Uçar xəyalım da qoşaqanadlı,

Uca ümidlərə, ön an geriyə.

Qalxan qəti qayəm çılğın yel atlı

Dönə sevincimə, könlüm kiriyə.

 

Müjdə sərnişinli hava gəmisi

Enə həsrətimin təşnə qoynuna.

O dua qolları -- dəva hamisi

Sarıla uçağın qutsal boynuna.

 

Üfiqlər od ala dualarımdan,

Ayətim arzumun can yeri ola.

Qalam qibləm ilə üzbəüz an-an,

O can canım üçün dan yeri ola!..

 

Sevgi yoxsa, qalan nə var daş-divar;

Bu dünyanı başımıza bil dar, ey!

Min dərd varsa, minbir də çarəsi var,

Dərdə dibsiz dərya deyən dildar, ey!..

 

İlğım pərdə çəkər gözümə qan-qan,

Soraq ibadətim, sidqim də pakdan.

Məqamın yazdığı tarixlə ünvan --

Şifa İstanbuldan, dilək Bakıdan...

 

Gözüm yol çəkirkən yol məni çəkir,

Çəkdiyim yüz fikir bir borca dəyməz.

Uçaq enişində bir qartal səkir,

Bu vüsal, inşallah, alnımı düyməz!..

Rəsm qalereyası: Nəvai Mətin, “Pakistan günləri” silsiləsindən

“Ədəbiyyat və incəsənət” portalının qonağı rejissor Cəlaləddin Qasımovdur.  Bildiyiniz kimi bu yaxınılarda azərbaycanlı rejissorun filmi Kanadanın Toronto şəhərində keçirilən “Toronto Film for Peace Film” Beynəlxalq festivalda uğur qazanıb. Söhbətimiz də bu barədədir.

-Cəlaləddin bəy, mümkünsə kinomuzun bu son nailiyyəti barədə məlumat verərdiniz.

-Rejissoru və ssenari müəllifi olduğum “Acı xatirə” bədii-sənədli filmi böyük uğur qazanaraq ”Beynəlxalq Toronto Film for Peace Film” festivalnda ölkəmizi təmsil edib finala vəsiqə qazandı. Eyni zamanda, “Edam günü” bədii filmim isə beynəlxalq festivalda “Ən yaxşı prodüsser” kateqoriyası üzrə qalib oldu.

-Toronto festivalı barədə daha geniş məlumat verərdiniz.

-Kanadanın Toronto şəhərində keçirilən “Beynəlxalq Toronto Film for Peace Film” festivalı 2022-ci ilin 24 sentyabrından ta ki 29 sentyabradək - beş gün ərzində davam etdi. 

Bu Festivalda adətən incəsənət, musiqi, kino sahəsində dünyada tanınmış ən böyük adların iştiraki ilə xüsusi tədbirlər keçirilir, film, musiqi, rəsm əsərləri İPF-nin tərəfdaşlarına nümayiş etdirilir və bununla da Festival iştirakçılarına əsas mesajlar çatdırılır.

-Sizcə, “Acı xatirə” filminin orda uğur qazanmasını şərtləndirən nələr oldu? 

-“Acı xatirə” bədii-sənədli filmi son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədini güdür, yəni filmin mesajı çox aktual bir mövzu barədədir, bu mövzu da bütün xalqları və cəmiyyətləri narahat edir. Film  yol polisi və həkimin dostluğundan bəhs edir, yol polisi əməkdaşı ilə həkim arasındakı münasibətlərin yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyini əyan edir. Ekran əsəri həkimlərlə birlikdə öz həyatlarını təhlükəyə atan polislərin və reportyorların cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. “Acı xatirə” bədii-sənədli filmininin Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndiriləcəyinə əminəm.

-Çəkdiyiniz filmlər zamanı əsas məqsədiniz nədir?

-Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün deyil, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Çəkdiyimiz filmlər dünya distribütorları tərəfindən razılıqla qarşılanır, artıq filmlərimiz 17 platformaya yerləşdirilib, dünya film bazarında özünə layiqli yer tutmağa çalışır. Dünya mediasında bu son ekran əsərimiz barədə geniş məlumatlar yazılıb. Dəstək  olsa, biz daha da böyük uğurlar əldə edə bilərik, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıtdıra bilərik. Ərsəyə gətirdiyimiz filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan, öz hesabımıza aparmışıq.

- “Acı xatirə” bədii-sənədli filmində kimlər rol alıb?

-Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montajçısı Elnur Tarverdiyevdir.

-Bəs “Edam günü” filminin mövzusu nədir?

 -“Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam.

-Bəs bu filmi kimlər ərsəyə gətirib?

-Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

-Oxucularımız filmə You Tube platformasında tamaşa edə bilərlərmi?

-Bəli, “Acı xatirə” bədii-sənədli filminin linkini sizin dəyərli oxucularınıza təqdim edirəm.

https://www.youtube.com/watch?v=2W-_IA7XSVQ 

 

 

 

Məhərrəm ayı başa çatandan sonra toyların keçirilməsi davam edir. Maraqlıdır, müğənnilər toy məclislərinə hansı qiymətə gedir?

 

“Ədəbiyyat və incəsınət” lent.az-a istinadən müğənnilərin toy qiymətlərini sizə təqdim edir:

"Kolizey" şadlıq sarayının əməkdaşının verdiyi məlumata görə, əvvəlcə toy sahibləri günü təyin edəndən sonra restoranın əməkdaşları müğənninin prodüsseri ilə əlaqə saxlayır. Müğənninin həmin gün məclisdə iştirak edə biləcəyi barədə məlumat əldə edirlər. Bundan başqa, həftənin günlərindən də asılı olaraq, qiymət dəyişikliyi ola bilər. Belə ki, bazar ertəsi bütün restoranlar boş olur. Restoran boşdursa, deməli, müğənni də təşkil etmək asan olur. Yəni, filan müğənni bazar günü toyu 1 saatı 5 min manata oxuyursa, bazar ertəsi 3-4 min manata oxuyur.

Bu yaxınlarda toy edən Nigar adlı xanım Lent.az-a dedi ki, toyda oxuyan müğənnini şadlıq sarayının təşkilatçı əməkdaşları təşkil etmişdi. Yəni, müğənninin aldığı qonorar toy sahiblərinin restorana ödədiyi məbləğin daxilində idi.

Bundan başqa, Bakıda şənliklərin təşkilatçısı kimi fəaliyyət göstərən Sevil Ağazadə deyir ki, toy sahibinin istəyinə uyğun müğənni seçilir:

"Ən populyar müğənnilər ansamblla bir yerdə bütün toyu 15-20 minə oxuya bilər. Nişan, xınayaxdı mərasimlərinə müğənnilər nadir hallarda dəvət olunur. Səbəbi isə həm fonoqram oxuduqlarına görədir, həm də toy yiyəsinə qiymət sərf etmir".

 

Keçək qiymət siyahısına:

 

Zahidə Günəş - yarım saatı 200 manata;

Elton ansamblla birgə - bir saatı 2 min manata;

Dana Dürdana - bir saatı 1500, bütün toyu 3 min manata;

Aynur Dadaşova və İzzət Bağırov da eyni qiymətə oxuyur;

Rüfət Axundov - bir saatı 2 min, bütün toyu 4 min manata;

Türkan Vəlizadə - bir saatı 2500, bütün toyu 5 minə oxuyur;

Şəbnəm Tovuzlu - bir saatı 3 min, bütün toyu 6 min manata oxuyur;

Xatirə İslam - yarım saat tək ifa 3 min 500 manat, öz ansamblı ilə bütün toy 10 min manata;

Damla - yarım saat 2 min manata;

Sevda Yəhyayeva - yarım saat 3 min manata;

Namiq Qaraçuxurlu - yarım saatı 3 min manata;

Könül Kərimova - yarım saatı 3 min manata, ansambl ilə 8 min manata oxuyur;

Xalq artistləri Röya Ayxan və Aygün Kazımova toyda yarım saata 8 min manat qazanırlar;

Xalq artisti Faiq Ağayev və Sevil-Sevinc bacıları yarım saatı 4 min manata, bütün toyu 8 min manata oxuyur;

Abbas Bağırov ansamblla birgə bütün toyu 20 min manata oxuyur.

 

Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 7-də jurnalist, publisist Ramilə Qurbanlının "39-cu pərdə" adlı kitabının təqdimatı və imza saatı keçirilib.

 

Belə mötəbər kitab sərgisində kitabının təqdim olunmasından məmnunluğunu ifadə edən Ramilə Qurbanlı deyib: “Bu gün burada təqdim edilən kitabımda demək istədiklərimi qələmə almışam. Müəllifə o zaman xoş olur ki, oxucu kitabı oxuduqdan sonra öz təəssüratlarını bildirsin. "39-cu pərdə" yeni çap olduğu üçün kitabım haqqında özüm danışmaq məcburiyyətindəyəm. Bu mənim sayca səkkizinci kitabımdır və kitablarımın hamısı mədəniyyət adamlarına, həmçinin tarixçilərə həsr olunub. Bu sonuncu kitabım isə bir az publisistikadır. İllər ərzində mətbuatda çap olunmuş publisistik yazılarım bu kitabda yer alır. Müsahibələrə isə burada çox az yer vermişəm. Ancaq maraqlı insanlardan aldığım müsahibələrə kitabımda yer ayırmışam. Yeni kitabın necə alındığına isə artıq oxucular qiymət verəcək".

Tədbirin davamında müəllifin həmkarları onun kitabları və özü haqqında xoş təəssüratlarını bölüşüblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.