Super User

Super User

Cümə axşamı, 15 Dekabr 2022 08:30

Əhməd Cavadın 130 illiyi Antalyada qeyd edilib

 

Türkiyənin Antalya şəhərində Azərbaycanın və türk dünyasının görkəmli şairi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mediaya açıqlamasında deyilir.  AZƏRTAC-a bildiriblər ki, Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarova və Antalya Türk Ocaqlarının sədri Abdullah Uysal qonaqları salamlayıblar. Onun əsərlərinin təkcə Azərbaycanda deyil, türk dünyasında da çox sevildiyi, “Çırpınırdın, Qara dəniz” şeirinin Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adı ilə məşhur olduğu nəzərə çatdırılıb. Bu şeirə dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələdiyi musiqini Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün çox sevdiyi, ilk dəfə dinləyərkən gözlərinin yaşardığı vurğulanıb.

Sonra şairin ömür yoluna həsr olunmuş sənədli film göstərilib.

Tədbirdə məruzəçi qismində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva və BDU Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova repressiya qurbanı olmuş şairin həyatı və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Onun şeirlərində və məqalələrində dövrün aktual məsələlərini işıqlandırdığına, türk xalqına məhəbbət hissini tərənnüm etdiyinə diqqət cəlb edilib.

Tədbirin bədii hissəsində Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının üzvləri Əhməd Cavadın şeirlərini səsləndiriblər.

Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri və təşəkkürnamələr təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib. Görüşdə mədəniyyət naziri Anar Kərimov, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, eləcə də nazirliyin və DİM-in müvafiq struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Anlaşma Memorandumunun imzalanmasının əsas məqsədi sözügedən məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqələrin test imtahanlarının şəffaflığını təmin etmək, sahə üzrə uğurlu beynəlxalq təcrübəni ölkə kontekstinə uyğun olaraq tətbiq etmək, peşəkar kadr bazasının formalaşmasına və sahə üzrə səriştəli şəxslərin pedaqoji fəaliyyətə cəlb olunmasına töhfə verməkdir.

 

Sonda isə Nazirlik tərəfindən DİM-in kitabxanasına Şuşanın və Azərbaycanın tarixini əks etdirən kitablar hədiyyə olunub.

 

Xatırladaq ki, görüşdən əvvəl iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Mədəniyyət naziri Anar Kərimov respublikanın kino ictimaiyyəti ilə görüş keçirib. Dövlət Film Fondunda gerçəkləşən görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də yaşlı, orta və gənc nəsil kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə  kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb. Nazir bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.

Anar Kərimov Kino Agentliyinin yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ilin 20 aprel tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə atılan çox mühüm bir addımdır. 2022-ci ilin 16 noyabr tarixində dövlət başçısının fərmanı ilə ARKA-nın Nizamnaməsinin də təsdiq edildiyini bildirən nazir hazırda agentliyin praktik fəaliyyətə başlaması üçün müvafiq işlərin görüldüyünü deyib.

Yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb.

Görüş iştirakçıları ölkədə kino sənayesinin inkişafı və milli kinematoqrafiyanın təşviqi üçün vacib olan belə bir təsisatın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ARKA-nın səmərəli fəaliyyəti üçün həm dövlət, həm də özəl sektor üzrə kinematoqrafçıları birgə əməkdaşlığa çağıran nazir bu istiqamətdə uğurlu layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, agentliyə təqdim edilən layihələrin hər biri diqqətdə saxlanılacaq.

Görüşdə kino sənayesinin istehsal prosesindən filmlərin kütləvi yayımının təşkilinə, bu sahə üzrə normativ bazadan praktik fəaliyyətədək müxtəlif sahələr ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahzələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.

Səslənən fikirlərə münasibət bildirən Anar Kərimov kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını deyib. Nazir eyni zamanda ölkədə kino sənayesinin inkişaf etdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik və normativ aktlarla bağlı məsələlərin araşdırılması, boşluqların aradan qaldırılması üçün təkliflərin verilməsində kino ictimaiyyətini daha təşəbbüskar və fəal olmağa çağırıb.

Nazir vurğulayıb ki, kino sahəsində səmərəli fəaliyyətə mane olan problemləri aradan qaldıraraq, bir neçə istiqamətdə – həm Azərbaycanın yerli bazarı, həm də beynəlxalq festivallar və xarici kino bazarında nümayiş üçün ən uğurlu filmlərin istehsalı bizim üçün prioritet vəzifələrdən biridir.

44 günlük Vətən müharibəsini əks etdirən filmlərin çəkilişi, bu yöndə  vətənpərvərlik mövzusunda ekran əsərlərinin meydana gəlməsinə dəstək veriləcəyi və şərait yaradılacağı xüsusi qeyd edilib. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın, müştərək layihələrin əhəmiyyətini vurğulayan Anar Kərimov vurğulayıb ki, bu əməkdaşlıqda, həyata keçiriləcək layihələrdə həm bədii, həm də texniki heyətin əksəriyyət etibarilə Azərbaycan kinematoqrafçılarından ibarət olması əsas şərtdir.

Bədii, sənədli kino ilə yanaşı, milli animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin də inkişafına xüsusi diqqətin ayrılacağını bildirib.

Görüşün sonunda Anar Kərimov ölkənin kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirərək, Mədəniyyət Nazirliyinin, mədəni həyatın bütün sahələri kimi, kino milli kinematoqrafiyanın, kino sənayesinin inkişafına zəmin və təkan olacaq bütün fikirləri, təklif və tənqidləri dinləməyə, qarşılıqlı müzakirələrə hər zaman açıq olduğunu vurğulayıb. Nazir görüş iştirakçılarına və onların simasında ölkəmizdə kino sahəsində çalışan hər kəsə uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Çərşənbə, 14 Dekabr 2022 16:00

Günün fotosu: Qar Avropanı iflic etdi

Günün fotosu: Qar Avropanı iflic etdi

 

Xüsusən Britaniya və Baltiya ölkələri qar basqısından əziyyət çəkir. Hətta aeroportlar belə işini dayandırıb.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Çərşənbə, 14 Dekabr 2022 18:00

Gənc ailələrə zəruri xatırlama

 

Gənc ailə – nigahı 5 ildən az olan ailə nəzərdə tutulur. Orta hesabla bu 23-30 yaş əhatə edir. Nigahın ilk 5 ilində cütlüklər bir-birinə uyğunlaşır, mənzilləri üçün avadanlıqlar alır, bəzilərində isə ya valideynləri ilə yada ki kirayədə yaşamalı olurlar.

 

Gənc ailələr öz mənzillərinə sahib olduqdan sonra özlərinin ailəsini möhkəmləndirir, uşağın doğulmasını planlayır və uşağın sayını müəyyənləşdirirlər. Körpə uşaqların doğulması gənc ailənin qayğılarını artırır. Uşağın doğulmasından asılı olmayaraq ilk 5 il məsuliyyətli bir dövrdür. Həyat sübut olur ki, gənc ailələr heç də hamısı sosial, psixoloji, iqtisadi baxımdan tam hazır olmurlar.

Gənc ailənin möhkəmlənməsində, adaptasiya dövrünün uğurlu keçməsinin, birgə vaxt keçirilməsi və istirahətin önəmli təsiri vardır. Həyatda yaxşı ana olmaq üçün ailəyə və evə bağlılıq mühüm amillərdən biridir.

Bəzi gənc qadınlar xəyal qurduğu bir çox şeylərə nail ola bilməyəcəyini düşünərək özlərini bədbəxt hesab edirlər. Bəzi qadınlar yalnız evdə oturmaq istəmir və işləmək qərarını alır. Lakin bəzən bu yoldaşının fikri ilə uyğun gəlmədiyi üçün narazılıqlar baş qaldırır. Onun üçün bunu ilk tanışlıq mərhələsində qarşı tərəfə bildirmək lazımdır.

Gənc ailənin həyatı bir neçə mərhələdən ibarətdir: Adaptasiya və inteqrasiya mərhələlərini aid etmək olar.

Adaptasiya mərhələsində- cütlüklər öz mövqelərini, zövqlərini və tələbatlarını könüllü şəkildə birləşdirməlidir.

Ailənin inteqrasiya mərhələsi – gənclərin ağıllı adaptasiyası olmadan qeyri-mümkündür.  Adaptasiya dedikdə isə, ər-arvadın bir-birinə onları birləşdirən dəyərlərin axtarışı nəzərdə tutulur  . Adaptasiya və inteqrasiya qarşılıqlı asılı olan və bir-birini tamamlayan mənəvi proseslərdir.

Psixoloqlar ən çox xoşbəxt və mehriban həyat sürən yaşlı və uşaq böyütmüş 5 cütlüyə anket paylanılıb və ər-arvadın sahib olmalı 8-10 keyfiyyətin adını qeyd etməkləri xahiş olunub. 5 cütlükdən 4-ü digər keyfiyyətlərlə yanaşı, səbr və güzəştə getmənim adını qeyd ediblər. Cütlüklər qarşılıqlı olaraq bir-birilərinin şəxsi ləyaqətinə aid dəyərləri hörmətlə yanaşmalıdırlar.

Ər-arvadın münasibətlərinin formalaşması mürəkkəb prosesdir.

Həmin mərhələləri- 1) Tərəfdaşın seçilməsi 2) Münasibətdə romantik fikirlərin davranışa keçid 3) Ər-arvad münasibətləri üslubunun formalaşması 4) Stabillik

Psixoloq Zümrüd Haqverdiyeva

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı yeni buraxılışı nəşr edilib. 

Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşr görkəmli Azərbaycan alimi, tarixçi, qafqazşünas-albanşünas, mənbəşünas Fəridə Məmmədovanın xatirəsinə həsr edilib.

 

Bununla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti məlumat yayıb.

Kitabda Qafqaz Albaniyasının tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq, mənbəşünaslıq, epiqrafika, linqvistika və numizmatika sahələrində bir sıra problemli məsələlərin araşdırıldığı məqalələr daxil edilib. Gürcüstan, Fransa, İtaliya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsinin saxtalaşdırmaları faktlarına da geniş diqqət yetirilib.

Lolua Romanın “Dərbənd qala divarlarında Qafqaz Albaniyası epiqrafikası və alban işarələri”, Zammatteo Paolonun “Dadivəng/Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi”, Dimitri Kiriçenkonun “Azərbaycanın fiziki antropologiyasının tarixi”, Nikinorov, Arximandrit Aleksinin “Sasanilər dövlətinin dini islahatları kontekstində Qafqaz Albaniyasının xristianlaşdırılması” və digər bu kimi məqalələr bu sahədə mühüm tədqiqatın nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq müstəvidə təqdim etmək imkanı yaradır. 

Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsidir. “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi mühüm layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir.

“Qafqaz Albaniyasının etnomədəni irsi” adlı yeni buraxılışının ön söz müəllifi və baş redaktoru BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorlar AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Nəcəf Müseyibli və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ülviyyə Hacıyeva, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənovdur.

Nəşr elmi ictimaiyyətin nümayəndələri və Qafqaz Albaniyası (e.ə. IV əsr-eramızın VIII əsrlərinin əvvəlləri), habelə keçmişin və indinin alban etnomədəni irsi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Çərşənbə, 14 Dekabr 2022 13:20

Lənkəran Teatrı Bakıya gəlir

 

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış edəcək. 

 

Tamaşa İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar qonaq qismində oynanılacaq. 

Qeyd edək ki, “Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.

Sabahsa “Casus” tamaçası qeyd etdiyimiz kimi, Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Çərşənbə, 14 Dekabr 2022 14:30

Həsən Məmmədova dəyən o şillə

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

ƏLƏSGƏR ƏLƏKBƏROV 

(1910-1963)

 

***

Cavan vaxtlarımda bir özündənrazı aktyorla tərəf-müqabili idim. Adam həm istedadsız, həm də təkəbbürlü idi. Məşqləri zay edib qoyur, vaxtımızı alır, əsəblərimizi tarıma çəkirdi. Rejissor da ona görə məni qınayırdı:

– Tərəf-müqabilinə kömək elə, onu öz arxanca çək apar.

– Çəkməyinə çəkim ey, adam yerindən tərpənmir axı.

– Heç bilirsən  tərəf-müqabili nə deməkdir? Tərəf-müqabili səhnədə iki ağıllı adamın söhbətidir.

– Əgər o iki adamdan biri həm ağılsız, həm də istedadsızdırsa, onda necə?

Rejossor məni başa düşdü, başını qaşıyaraq:

– Onda, ağıllı zülüm çəkəcək, – dedi. 

 

***

“Böyük dayaq” filminin çəkilişləri rayonda gedirdi. Filmdə belə bir yer var, Rüstəm kişi evə gələndə oğlu Qaraşın səsini qaldırıb narazılıq elədiyini eşidir və ona bir şillə çəkir. Epizodu bir-neçə dəfə məşq elədik. Qaraş roluna o vaxt cavan olan Həsən Məmmədov çəkilirdi. Mən rejissorun komandası ilə otaqda gözləyirdim. Anası ilə bacısı Qaraşın arxasınca düşüb yan otağa gəlirdilər. Yan otaqdakı çəkilişlərin səsini eşidib əsəbiləşmişdim. Yadıma qonşuluqda baş verən bir hadisə düşmüşdü. Bu vaxt Həsən mənə yaxınlaşdı. Onun üstünə çığırıb:

– Binamusluğun bəs deyil, dədəsiz-nənəsiz qıza zülm eləməyin bəs deyil, hələ bir ağbirçək anana da söz qaytarırsan, – deyib,  şillə çəkdim. Məşqlərdə Həsən şilləni sağ tərəfdən gözləyirdi. Çünki kadr elə qurulmuşdu ki, mən şillə vuranda görünməməli idi. Amma mən özümdən asılı olmadan Həsənə sol əlimlə yağlı bir şillə çəkdim. Epizodu sona qədər davam etdik. Stop komandası veriləndə Həsəni pərt gördüm. Yaxınlaşıb könlünü aldım:

 – Bu sənə məndən bir ata şilləsi, böyük şilləsi olsun, – dedim, – elə yaşa ki, heç kəs sənə həyatda belə şillə vurmasın.

Həsən Məmmədov gözəl ailə başçısı oldu. 

 

 

 “Ədəbiyyat və incəsənət” 

(14.12.2022) 

 

 

 

“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Yusif Vəzir Çəmənzəminliyə həsr olunub.

XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub.

İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.

1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alır. O, "Çəmənzəminli" təxəllüsündən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.

1912-ci ildə Kiyevdə, 1919-cu ildə İstanbulda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrlər ərzində də ədəbi yaradıcılığını uğurla davam etdirib.

Vətəninə qayıdan Yusif "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir.

1938-ci ildə Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub.

1940-cı ildə həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

 “Ədəbiyyat və incəsənət” portalı şair Ümid Nəccarini SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turuna daşımış şeirlərini təqdim edir.

 

 

Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində alıb. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxuyub. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb.

Dövri mətbuatda tez-tez lirik şeirləri ilə görünür. 2022-ci ildə Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvü seçilib. 2022-ci ildə SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı olub. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

 

 

Bermud üçbucağı

 

Üzünü soyuq səngərə qoyan yaralı əsgərəm bu axşam.

Mərmilərim sözdən...

Gözlərinin üzünü gözlərimə qoy!

Hamımız bir az yaralıyıq bu müharibədə.

Hamımız bir az sürgünük qürbət məmləkətimizdə...

Gözlərinin üzünü gözlərimə qoy!

Gözlərin Bermud üçbucağı

Gedənlər qayıtmır bir daha...

Soruşsalar deyərsən:

Qayıtmadı o şair!

 

 

Qar

 

Darıxdığım gecələrdə,

Tanrının əzbər bildiyi bir mahnıdır səsin

Yağır qar kimi bu şəhərə.

Eləcə səssiz...

Eləcə ağappaq...

 

 

Tragik poeziya

 

Məndən bir tikə uzaqlarda,

Qalıb yağış altında

Məndən gedənlərin biletlərində

 "dönüş" yazılmır,

Külək ağacların kabusudur

 soyuq gecələrdə.

Pəncərələrin röyasında üşüyür

 bir qadının barmaq izləri.

Əlləri çinar yarpağına bənzər bir məhbus,

səsi işıq rəngindən olan birisi,

azadlıq naminə

bəlkə yazdı bu şeiri kamerasının divarına.

Bəlkə göyərçinin sinəsində doğdu bu yazı

Günəş yerinə.

Müharibədə o qızcığazın güllə yerinə

bəlkə ürəyinə sıxdılar bu şeiri...

"Bəlkə"lər ağrıdan bir quşdur arzular səmasında,

Uçur... Uçur... Puç olur.

Əllərimin keçmişi Yunan Tanrılarıdır

Unudulub,

basdırılıb tarix qəbiristanlığında

Gözlərim...

Gözlərim gömüldü sənin ucqar gözəlliyində.

Məni basdır tənhalığımla payızın rənglərinə.

Payızdır...

Yarpaqlar seçki bülletenidir,

Ağaclar səs verir ölümə.

 

 

Hərflərin məzarlığı

 

Öpdüm gecənin qaranlığını...

Keçdim səhərin günəş səhifəsinə.

Əlimdə yarpaqların yaşıllığı,

Əlimdə bahar fəsli...

Baxa-baxa kor dünyada gözlərimi axtarıram.

Kişilərin ayaqlarında ağrı,

Başında yaylıq əsir qadınların,

yaylıq,

əsir ölkənin bayrağı kimi

əsir...

Başımdakı şeirə uzanan əllər

Sabahın alatoran ətəyindən yapışır

Başımdakı şeirə uzanan əllər qandal içində

Qan-tər içində...

Nə vaxtdır güzgülər göstərmir şairləri,

Şairlər hərflərin məzarlığında yatır.

Burada qadınların saatı ilə qürub edir günəş,

Burada qaranlıqdan əsir külək...

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.