
Super User
“Amma bir də var cığallıq eləyəsən…”
Bu gün yazıçı Elçin Hüseynbəyli ömrünün 61-ci qışına qədəm qoyur
Elman Eldaroğlu yazır
Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”...
Heç vaxt yaradıcılığında qrafik tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır...
“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.
Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti" kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "Yenə iki Od arasında", "Gözünə gün düşür", "Ağ və qara", "Vida", "Dənizin nağılları" kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir...
Deyir ki,- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar...”
Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: "Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”
“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam...”- söyləyir.
Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə adamları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir...
Dekabrın 23-ü haqqında söhbət açdığım nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Sərxan Sərxan 70 yaşında da gənclik şövqü ilə oxudu
“Ay gecikən məhəbbətim” mahnısı ilə bir vaxtlar minlərlə gənc pərəstişkarının ruhunu oxşayan müğənni 70 yaşında da həmin mahnını şövqlə oxudu…
3 illik fasilədən sonra Xalq artisti, klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Sərxan Sərxan Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı ilə çıxış edib.
Konsertdən öncə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov çıxış edərək Sərxan Sərxanı klassik estrada sənətimizin canlı korifeyi adlandırıb və ona yeni uğurlar arzulayıb.
Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnıları ilə tamaşaçıların qarşısına çıxıb.
Böyük alqışlarla qarşılanan müğənni tamaşaçıları “Salam, Bakı şəhərim” ifası ilə salamlayıb. Xalq şairləri Nəbi Xəzrinin şeirinə “Nə dedim”, Nəriman Həsənzadənin sözlərinə “Kinoda” və Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın sözlərinə bəstələdiyi “Ay gecikən məhəbbətim” mahnıları isə zala xüsusi ovqat bəxş edib. Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Xalq artisti hər bir mahnısı haqqında məlumat verərək həm də öz təəssüratlarını bölüşüb.
Anşlaqla keçən konsert tamaşaçıların gur alqışları ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu da Prezidentin sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2022-ci il
Daxili işıq, snoubord və Milli Turp Günü
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:
23 dekabr.
Ümumdünya snoubord günü
Snoubord nədir? Dağlardan qarın üzəri ilə üzüaşağı sürüşmək üçün lövhədir, kirşənin müasir formasıdır. Harda qar yağırsa orda snoubord günü qeyd edilir. Bu gün rəsmi olaraq qış idmanının açılış günü də sayılır. Böyük yarışlar, müsabiqələr, əyləncəli nümayişlər baş tutur. EuroSİMA adlı “lövhə idmanları” üçün ekipirovka istehsal edən şirkət bu günün təqvimə salınmasına nail olduqdan sonra hər ilin 23 dekabrında milyonlarla gəlir əldə edir.
Yeri gəlmişkən, bizim Şahdağ kompleksində də hərdən snoubordçular peyda olurlar, bu təmrini təbliğ edirlər.
Daxili işıq günü
Nə olar, bu günü biz də keçirək. Günəş işığı var, Ay işığı var, elektrik işığı, lampa işığı, şam işığı var. Bunlar hamısı gözlə görünən, qaranlıqda səni aydınlığa çıxaran işıqlardır. Biri də var daxili işıq, işıqların ən vaciblərindən biri, yalnız insan oğlu insana xas olan bir keyfiyyət. Bu gün pozitiv, mənəvi insan üstünlükləri olan şüurluluq, təəssübkeşlik, ümidləndirmə, insanlıq təbliğ edilir, hamını daxili işığını yandırmağa səsləyirlər.
Köklər günü
Hər bir bitki öz kökü üstündə qərarlaşan kimi hər bir insanın da öz nəsil kökü var, bax bu gün insanlardan həmin köklərini xatırlamaq təvəqqe olunur. Bizdən babamızın babasının kim olduğunu soruşsalar, əksəriyyətimiz gözünü döyəcək. Amma insanlar ən azı yeddi dönəmdən nəsil şəcərələrini bilməli, nəsillərindəki adlı-sanlılarla öyünməli, qürur duymalı, onların ad günlərində, vəfat etdikləri günlərdə ruhlarına dua oxutmalı, şam yandırmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda nəsil şəcərə bilgilərini nəsildən nəsilə ötürmək ənənəsi ən yaxşı naxçıvanlılarda qalıbdır, buna görə də onlara bir alqış düşür.
Bu gün yaponlarda təntənəli bayramdır, Yaponiya imperatorunun doğum günüdür, 1948-ci ildə yapon imperatoru Tenno Tandzebinin doğum günü milli bayram kimi təqvimə düşüb. Deyəsən Meksika da qonşusu ABŞ-ın təsirinə düşüb, bu gün Milli turp gününü qeyd edəcəklər. Amerikalılar özləri isə bu gün Milli sobada bir şey bişirmək günündə yeyib-içəcəklər.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
İnsan dərisindən olan kitablar da varmış
“Ədəbiyyat və incəsənət” portalının kitablar barədə maraqlı faktları təqdim etməsi ənənəsi davam edir. LitRes ədəbiyyat dərgisindən bəzi faktları sizlər üçün dilimizə çevirdik.
1. “Qulliverin səyahəti " kitabı astronomlardan 100 il əvvəl Ayın və Marsın peyklərinin ölçüsünü və fırlanma sürətini təsvir etmişdir.
2. Böyük Britaniyada bütün zamanların ən çox satılan kitabı "Bozun 50 çaları"dır. Qadın yazar olan E. Ceymsin bu romanı, yeri gəlmişkən erotik romandır. (Gəlin daha Avropanın yüksək mənəvi dəyərlərindən danışmayaq).
3. Daniel Defonun "Robinzon Kruzo" romanı ilk ingilis romanı sayılır.
4. İlk əlyazma şəklində olan “Bibliya” (çap maşınının ixtirasına qədərki dövrdə) 12 il ərzində yazılmışdır və indi 8 milyon dollar dəyərindədir.
5. “Quran-i Kərim” yeganə müqəddəs kitabdır ki, orada çoxlu sayda elmi və tarixi faktlar vardır ki, kitab yazılan dövrdə hələ heç kəsə məlum deyildi.
6. "Alisa möcüzələr ölkəsində" kitabı orada danışan heyvanlardan bəhs edilməsi səbəbindən Çində qadağan edilib. Sən demə bu, Çində kommunistin əxlaq kodeksinə, hakim ideologiyaya ziddir.
7. R. R. Tolkin "Üzüklərin hökmdarı" trilogiyasının bütün mətnini kompüterdə ikicə barmaqla yığıb .
8. “1001 gecə" nağıllarında sehirli çırağı olan Ələddin əvvəlcə çinli olub, sonradan onun vətəndaşlığını dəyişiblər.
9. "Hamlet"in rus dilinə ilk tərcüməsini yazıçı Aleksandr Sumarokov yerinə yetirib və əsəri "Hamlet - Danimarka şahzadəsi" adlandırıb.
10. Harvard Universitetinin kitabxanasında 4 qeyri-adi kitab qorunub saxlanılır. Bu hüquqi kitablar insan dərisində yazılıbdır.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)
Kəlbəcərdə Allahverdi Qəmkeşin 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
Nə gözəl. İşğaldan azad edilən bölgələrimiz artıq mədəniyyət tədbirlərinə evsahibliyi etməkdədir. Azərbaycan Aşıqlar Birliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində ustad aşıq, Əməkdar mədəniyyət işçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Aşıqlar Birliyinə istinadən xəbər verir ki, tədbir öncəsi torpaqlarımızın erməni işğalından azad olunması uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya ustad aşıq Allahverdi Qəmkeşin həyat və yaradıcılıq yolundan geniş söhbət açaraq onun Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini, özünəməxsus, bənzərsiz ifa tərzini vurğulayıb, saz havalarının və dastanlarımızın da bilicisi olduğunu qeyd edib. Allahverdi Qəmkeş ustad aşıq olmaqla yanaşı, həm də istedadlı şair idi və bir neçə şeir kitabı işıq üzü görüb.
Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədli ustad sənətkarla bağlı xatirələrini bölüşüb.
Ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraq və yubilyarın ruhuna ehtiram hissi ilə qarşılanıb.
Gecədə müxtəlif aşıq havaları üstündə ustadın öz sözlərini və repertuarından seçmə havalar səsləndirilib.
Aşığın ailəsi adından oğlu Ramiz Qəmkeş və qızı Zəhra Şirinova tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürlərini bildiriblər.
Tədbirin keçirildiyi Kəlbəcər rayon Mədəniyyət sarayında ustad aşıq Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən fotosərgi də nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)
“Çox şey arzulayanın istirahət vaxtı Qiyamət gününə düşər...”
Portalımız şair Yusif Nəğməkarın hikmətli fikirlərini təqdim edir. Şair özü bu sayaq fikirləri ilə öz poeziyasını Qoşa qanad adlandırır.
*Geri çəkilən irəlidəkiləri daha yaxşı görə bilir...
*Kiməsə "adaş" deyənlər adaş da olur, dadaş da olmaq üçün dondan-dona girirlər...
*Pulun da artığı "artıq" adam kimidir...
*Sözünün arxasında durmamaq hər şeyin arxasından qaçmaqdır...
*Əsarətin əsarəti kimi azadlığın da əsarəti olur...
*İnsana yasaq olanlar daha maraqlı görünər...
*Bir işi beş dostuna tspşırsan, onlardan yalnız birinin əliylə uğurlu nəticə hasil olandan sonra nəticədən halı olan qalan dörd nəfərin hər biri ayrılıqda "mən elədim" deyəcəklər...(Bu da müasir reallıqdır)
*Qadınların "kişiləşməsi" və kişilərin də "qadınlaşması" bəşəriyyətin tərəqqi yox, tənəzzül yoludur...
*Hər qadının axtardığını hər kişi, hər kişinin də axtardığını hər qadın tapa bilməz...
*El-el gəzmək -- əl-əl gəzmək kimi həmqafiyələr bəzən həmmənalar da ola bilir...
*Gizlənənlərin aşkarlığını hiss etdikcə, dostlarıma - gizlənin - deyirəm - sizi görüm və tanıyım.
*Hamıya "can" deyənin mənə "çor" deməsi xoşdur, amma hər yetənə "can" deyənin mənə də "can" deməsi qeyri-səmimi və aldadıcıdır...
*O sözün əzabını çəkəcəksən ki, onu əsəbiləşəndə demisən...
*Hər şeyi "bilən" heç nəyi bilməz...
*oynağanı tərifləyib oynadarlar...
*Hər simə mizrab vurandan könül telini çalan olmaz...
*Ən dəyərli və ən etibarlı qadağa özünə qadağadır.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)
Ankarada Xurşidbanu Natəvanın 190 illiyi qeyd edilib
Ankarada fəaliyyət göstərən Türk Dünyası Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən görkəmli simalar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı, xan qızı Natəvanın həyat və fəaliyyətindən danışaraq vurğulayıb ki, qədirbilən Azərbaycan xalqı xanım şairəmizin şəxsiyyətinə hər zaman ehtiram göstərib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, Professor Teymur Rzayev və başqaları çıxışlarında şairə Xurşidbanu Natəvanın poeziya yaradıcılığından bəhs ediblər. Vurğulanıb ki, nadir yaradıcılıq üslubu ilə hər zaman poeziya həvəskarları tərəfindən sevilən Xurşidbanu Natəvanın şeirləri bundan sonra da dillər əzbəri olacaqdır.
Əməkdar artist, bəstəkar və pianoçu Turan Manafzadənin geniş konsert proqramı hərarətli alqışlarla qarşılanıb.
Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilib.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)
Adil Kərimli kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək mədəniyyət nazirinin birinci müavini təyin olunub. Azərbaycan Respublikasının yeni mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib.
Adil Kərimli kimdir? O, 22 oktyabr 1979- cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirərək hüquq magistri elmi dərəcəsi alıb.
2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq “Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
1999-2001 illərdə Hüquq Ədəbiyyatı Nəşriyyatında hüquq məsləhətçisi vəzifəsində çalışıb. 2001-2003 Bakı Hüquq Mərkəzində Baş hüquq məsləhətçisi işləyib. 2004-cü ildən bu günədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasınln vəkilidir.
A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub. Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
Evlidir. Ehityatda olan zabitdir.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)
Günay Əfəndiyeva Astanada Mərkəzi Asiya Media Forumunda iştirak edir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda iştirak edir.
Fonddan verilən məlumata görə, forumun açılışında Qazaxıstan Respublikasının mətbuat və sosial inkişaf naziri Darxan Kıdırali, dövlət müşaviri Yerlan Karin, Qırğız Respublikasının dövlət katibi Suyinbek Kasmambetov, Türkiyənin və Monqolustanın sabiq prezidentləri Abdullah Gül və Nambarın Enkbayar çıxış ediblər.
Tədbirdə regional identikliyin ölçülməsi, yeni medianın inkişafı, süni intellekt texnologiyaları, Mərkəzi Asiyada yaradıcı sənayelərin gələcəyi, eləcə də informasiya təminatı üçün regional və qlobal əməkdaşlıq imkanları kimi məsələlər müzakirə edilib.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)