Super User

Super User

Bazar ertəsi, 27 Fevral 2023 12:45

Hər gün bir Şuşa xəbəri

Azərbaycanın mədəniyyət paytaxtında beynəlxalq konfranslar keçiriləcək

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlər keçiriləcək.

Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Cari il ərzində qala-şəhərdə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış”, “Əhməd bəy Ağaoğlu və Türk dünyası” və “Şuşa Türk dünyası tarixində” mövzularında beynəlxalq konfranslar təşkil olunacaq. Həmçinin “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda Şuşada “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Beynəlxalq Türk Akademiyası Azərbaycan Respublikasının Astanadakı səfirliyi ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Bu barədə AMEA məlumat yayıb. 

 

Məlumatda düyilir ki, Beynəlxalq Türk Akademiyasının ev sahibliyi etdiyi anım tədbirində Xocalı faciəsinə dair fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Tədbirdə ölkəmizin Astanadakı səfiri Ağalar Atamoğlanov, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin və Akademiyanın üzvləri iştirak ediblər. Anım tədbiri qətliamda həyatını itirən həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Akademik Şahin Mustafayev çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğınları haqqında məlumat verib. Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu bildirən akademik qeyd edib ki, günahsız insanların hansı ölkədə olmasından asılı olmayaraq həyatlarını itirməsi böyük fəlakətdir. 

“Əminəm ki, beynəlxalq ictimaiyyət dünyanın heç bir ölkəsində günahsız insanlara qarşı bu kimi dəhşətli cinayətlərin törədilməməsi üçün Xocalıda baş verən qanlı hadisələrlə bağlı ədalətli qərar qəbul edəcək. Ümid edirəm ki, bəşəriyyət tarixində belə bir faciəvi hadisə bir daha təkrarlanmayacaq”, - deyə Şahin Mustafayev bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Avropa Komissiyası öz əməkdaşlarına Çinin TikTok sosial şəbəkəsinin tətbiqini korporativ telefonlardan və qadcetlərdən, həmçinin iş proqramlarından istifadə edən şəxsi cihazlardan silməyi əmr edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

 

Qərar Avropa Komissiyasının kibertəhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlıdır. AB icra hakimiyyəti məmurlarından və işçilərindən tətbiqin martın 15-dən gec olmayaraq iş cihazlarından silinməsini istəyib. 

Daxili bazar məsələləri üzrə Avropa komissarı Thierry Breton bildirib: 

"Avropa Komissiyasının diqqəti həmkarlarımızın və bizimlə əməkdaşlıq edən hər kəsin kibertəhlükəsizliyinin qorunmasına yönəlib. Bu kontekstdə kibertəhlükəsizlik ilə bağlı qərar qəbul edilib". 

Avropa mediası tərəfindən ötürülən TikTok nümayəndəsinin bəyanatında isə deyilir ki, şirkət "səhv düşüncələrə əsaslanan" qərardan məyusdur. 

 

Xatırladaq ki, ABŞ-da TikTok tətbiqinin federal hökumət cihazlarında istifadəsi qadağandır və bəzi Amerika millət vəkilləri TikTok-un bütün ölkədə işləməsini tamamilə qadağan etməyə çalışırlar.

Yeri gəlmişkən, Azərbaycanda da bu kontent barədə müəyyən ölçülər götürülsə yaxşı olar. Ən son brenddə olan TikTok paylaşmasında bir ağsaqqal azərbaycanlı kişi bir gənc azərbaycanlı xanımla süfrə arxasında əxlaqsızlıq edib və buna milyondan aşırı izləyici baxıb. 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Martın 3- də, saat 16.30- da Zığ qəsəbəsində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutda müəllim və kursant heyətinin yazıçı-alim Sadıq Qarayevlə görüşü keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadıq Qarayev məlumat verib. 

 

"HEYDƏR ƏLİYEV-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: Yazıçı- alim Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq" mövzusunda olacaq görüşdə yazıçı-alimin Ümummilli lider barədəki fikirləri diqqətə çatdırılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) “Səninləyik, Türkiyə!” adlı solo konserti keçirilib. 

 

Filarmoniyanın mətbuat xidmətinin məlumatına görə, öncə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralananlara Allahdan şəfa dilənib. 

Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, beynəlxalq müsabiqələr laureatları Şəfəq Abdullayeva (orqan), Toğrul Məmmədov (piano) öz çıxışlarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.

Sonda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri konsertin iştirakçıları və təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli fevralın 24-də Hökumət Evindəki Vətəndaş Qəbulu Mərkəzində (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) vətəndaşları qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, qəbulda Bakı şəhəri üzrə 24 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər müxtəlif mövzuları əhatə edib, o cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.

Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Bazar ertəsi, 27 Fevral 2023 11:45

Özümdən özümə məktub

“Ədəbiyyat və incəsənət” portalı “Redaksiyanın poçtundan rubrikasında Əməkdar mədəniyyət işçisi Zahirə DadaşovanınÖzümdən özümə məktub” essesini təqdim edir.

 

Salam, əzizim. Necəsən? Bilirəm ki, məndən incimisən. Amma sənə yazdığım məktublar hamısı cavabsız qalmış, mənimlədir. O məktublar sənə çata bilməzdi, əsir idin. Bil ki, gözəlim, mən o məktubları sənə göz yaşlarım, ürəyimin qanıyla yazmışdım. Sənin necə də qəribə taleyin var?! Ömrümüzə qara yazılan illərdə hara getdimsə səni axtardım, aradım... Gecələr ulduzların arasında, çiçəkli yamyaşıl yamaclarda, dərələrdə, bulaqların şırıltısında, əsən küləklərdə, dağların zirvəsində, sevən könüllərdə, dərdli-qəmli ürəklərdə axtardım səni. Tapmadım...

Gözəlim! Sən mərdliyinlə, qürurunla öyünürdün. Sənin gözəlliyinə kimlər məftun olmamışdı?!  Yadlar gəldi, səni məndən almaq istədilər, ala bilmədilər. Səni sıldırım, əlçatmaz yerlərə apardım. Döyüşdüm. Nə  qədər səni sevənlər qanlarını tökdülər, qoymadılar ki, Azərbaycan gözəli yadlar əlinə keçsin.

Qaşı qara, gözü qara, gözəllər gözəlim! İlk baxışdan sənin qara gözlərin, baxışın yağının gözündən qaçmadı. Səni əldə etmək üçün qəsdinə durdular. O müdhiş qaranlıq gecədə Şeytan mələk biçimində hiyləyə əl atdı. Yer titrədi, göy guruldadı, əcaib əjdaha sifətlilər səni əsir götürüb igidlərin tikdiyi qalada saxladılar. O qala şüşədən idi. Ona görə elə qala tikilmişdi ki, bir gün şüşə sınarsa o şüşələr Gözəlimi oğurlayanların üstünə tökülüb onları məhv etsin. Amma onlar səni məhv etmədi, əsir saxladı, tabe olmadığını görüb sənə zülm etdilər. Əllərin əlimdən uzaq düşdü. Ruhumu ruhuna bağladım, sənin həsrətinlə ağladım, ah-fəğan etdim. Leylini sevən Məcnun tək tənhalığa üz tutdum. Sevdiyin çiçəyi axtardım, şehsiz çiçəklərə rast gəldim. 

Qəmdən, kədərdən uzaq yaranmış mələklər də ağladı, göz yaşı tökdü o gecə.

Sənin iniltini hər gecə eşitdim. Səsin həmişəki səs deyildi, zəngulə vurmurdu.  O mehriban və səmimiyyət dolu səsində indi ağrı, kədər, inilti vardı, xəstə olduğunu duydum - sən heç vaxt bu əzabları mənə deməzdin, bildirməzdin!

Ölmək istədim, ölə bilmədim. Gözlər gəldi gözlərimin önünə. Hara gedirsən, özünü unudub hara gedirsən. Özünə kənardan baxa bilməyən o gözləri kor et əvvəlcə. Qəlbim parçalanıb muma döndü. Sənə olan sevgim sönməyən şama dönüb illərlə yandı. Qanlı göz yaşları axdı yanaqlarımdan.  Məni yaşadan  yalnız sənə olan sevgim oldu.

Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya-duya yaşadım. Yer xəcalətindən bir daha ətirli gül bitirmədi ki, gözəlim o gülün ətrini duymayacaq. O gülün yerində tikanlar bitdi yalnız.

Tanrım mənə dözüm verdi. Tanrıya güvəndim, möcüzə gözlədim. Sevginin məhv olduğu yerdə nifrət daha da güclənər deyirlər. Üzümüzə nurlu sabahın açıldığı bir yaz səhərində dedim: Daha bəsdir! Hayqırdım...Dağlar bu səsdən diksindi, yer, göy yandı, töküldü.. Yenə də sənə çata bilmədim. Yağı sənin qarşında çal-çağır edib mənə yanğı verdi. Bu dərdə necə dözdüm. Qanlı qaladan səni necə geri alacağımı fikirləşdim, fikir yollarında azıb qaldım, bir an keçənləri unudaraq yenə yaşamaq istədim. Bacarmadım. Necə yaşamaq olar? Günəşə həsrət qalan kor insan kimi yalnız bu kəlmələrlə özümü sakitləşdirdim: Gözlə, gələcəyəm!  Mütləq səni azad edəcəyəm! Əllərimi uca tanrıya uzadıb möhlət istədim. Tanrıdan bir səs gəldi: - Səbr et, o gün gələcək. Səbr etdim, səbrimə “qorxdu” dedilər.

Bir nur üzlü pəhləvan peyda oldu,  bəyan etdi ki, mən Azərbaycan gözəlini o əjdahanın əlindən qurtaracağam. Ağ atlı pəhləvan çox çətin bir yola çıxdı. Vətən torpağını sevənləri öz ətrafına topladı, onları qanlı döyüşə səslədi. “Allahu əkbər”- deyib, yağı üstünə atıldı. Qeyrətli, namuslu, Azərbaycan gözəlini onların əlindən aldı.  O zəfər günü Şiş dağlarda sənin xilasına gələnlərə Tanrı da kömək etdi. Duman dağlara üz tutan xilaskarlarını düşməndən gizlətdi. Nəhayət sən əsirlikdən xilas oldun.

Ey, Azad Azərbaycanın məğrur gözəli! Üzündən xəcalət rübabını götür. Qoy bütün dünya bilsin ki, Sən azadsan! Yaralarını sağaldacaq məlhəmlərin hazırdır. Tez bir zamanda sağalacaq, yenə də mənə qayıdacaqsan. Artıq Vətənsevənlər od nəfəsləriylə sənə uzanan xain əlləri yandırdılar, kül etdilər. Həmin anda sən od saçan gözlərə, qaynar nəfəslərə baxıb, zənciri qırılan qollarını irəli, mənə uzatdın:- “Mən səni gözləyirdim, inanırdım ki, gələcəksən. Sənin eşqinə, sevginə inanırdım. Sən, qanqal dolu yollarla ayaqyalın gəldin yanıma,  mənim xilaskarım. İndi əllərimi sənə uzadıram, tut əllərimdən məni ayağa qaldır. Mən azadam, sənə qayıdıram. Bizləri ayıran yollar artıq bir ünvandadır. Biz birlikdəyik!”

Zülmət dolu acılı günlər sevinclə əvəz olundu. İçimdən bir səs gəldi, bağırdım:- Daha yanındayam, səni heç kəsə bir daha vermərəm!

 Uşaq kimi sevinib, qədəmlərinə “qurban” dedim. 

 

“Ədəbiyyat və incəsənət”

(27.02. 2023)

 

 

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda azərbaycanlı rejissor Vahid Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Xoca” hərbi filminin qapalı nümayişi keçirilib. 

 

AzərTAC xəbər verir ki, filmin nümayişindən əvvəl tədbir iştirakçıları Xocalıya həsr olunmuş xatirə guşəsinin önünə gül qoyublar. 

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova tarixin gənc nəslə ötürülməsinin vacibliyindən danışıb. O deyib: “Biz dəhşətli faciənin qurbanlarının xatirəsini anırıq. Bu, tariximizin ən kədərli və faciəli səhifəsidir. 1992-ci ildə yatmış dinc Xocalı şəhərinə erməni silahlı birləşmələrinin hücumu yadımızdadır. Bu faciə biz azərbaycanlılar üçün başlanğıc nöqtəsi oldu”.

S.Qədirova qeyd edib ki, bu gün filmin nümayişinə gənclər dəvət olunub, çünki məhz gənclər bizim gələcəyimizi quracaq. “Biz gənc nəslin öz tarixini bilmələrini çox mühüm hesab edirik. Bu ağrı-acı bizim ürəyimizdə həmişə yaşayacaq. İkinci Qarabağ müharibəsində düşmənə Qələbə ilə cavab verdik və bütün dünya birliyinə sübut etdik ki, biz özümüzü müdafiə etməyi və müqavimət göstərməyi bacaran xalqıq”, - deyə S.Qədirova sözünə yekun vurub. 

Sonra Azərbaycan alimi və tarixçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO bölməsinin dosenti Rizvan Hüseynov tədbirdə onlayn rejimdə çıxış edib. 

Pavilyonda, həmçinin Xocalı hadisələrinə həsr olunmuş fotosərgi də təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Litva paytaxtındakı Jurnalistlər Evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin “Xocalıya ədalət!” adlı fotosərgisi açılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatına görə, sərgidə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib. “Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma Xocalı soyqırımı elə faciədir ki, dünya ona susdu. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir. Əgər Xocalı faciəsinə qarşı hansısa reaksiya olsaydı, əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi”, - deyə səfir nəzərə çatdırıb.

Xocalı soyqırımını işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkürünü bildirən diplomat vurğulayıb ki, 30 il ədalət gözləməkdən yorulan Azərbaycan xalqı ölkəmizə və mülki azərbaycanlılara qarşı olan zorakılığa cavab vermək üçün 2020-ci ilin payızında hərbi gücə əl atmağa məcbur oldu və torpaqlarımızı işğaldan azad etdi.

Riçardas Lapaitis çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqe bildirməyib. Jurnalist 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışıb.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri tədbir iştirakçılarına paylanıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Azərbaycan Televiziyası Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb. Bu filmlərdən biri “Ağrı”, digəri “Xocalı səmasının şahidləri”, o biri isə “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlanır.

Fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımını lentə alanlar gördüklərini ilk dəfə Azərbaycan Televiziyasında nümayiş olunan “Ağrı” filmində danışıblar.

 

“Xocalı səmasının şahidləri” filminin qəhrəmanları isə Xocalı faciəsinin ilk şahidləridir. Məhz onların ötürdükləri informasiyadan sonra dünya bu amansız faciədən xəbər tutub. Çəkilişlər faciənin baş verdiyi məkanda aparılıb. Xocalı faciəsinə işıq tutan xatirələr izləyiciləri o illərə aparır. 

Xocalının işğaldan sonra ən yaxın görüntüləri ilk dəfə “Ağrılı ümidlər: Xocalı hekayəsi” filmində nümayiş olunub. Çəkiliş qrupu indiyə kimi heç bir televiziya kanalının gedə bilmədiyi nöqtələrdən çəkilişlər edib. 

Çəkiliş qrupu Xocalı qırğını vaxtı lentə alınan real kadrların izi ilə araşdırma aparıb. Filmin baş qəhrəmanı o zaman Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirmişdi: “Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”. Adi bir gəncin o vaxt cəsarətlə söylədiyi fikir filmin leytmotivini təşkil edir.

Hər üç film AzTV ilə yanaşı “Park Bulvar”da yerləşən “Park Cinema” kinoteatrında da ödənişsiz nümayiş olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.