
Super User
Bayram günü xoş sürpriz
Bakı Aeroportunda qadın sərnişinlər çiçəklərlə qarşılandı
Dünən növbəti dəfə qadınlar bayramını qeyd elədik. Bəzi kişilər deyinsə, “soyulduq” desələr də həyat yoldaşına, sevgilisinə, anasına, bacısına, qızına, iş, yaxud tələbə yoldaşlarına ürəklə hədiyyə alan kişilər əksəriyyət təşkil etdi. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşının diqqətini isə Bakı aeroportunda rastlaşılan bir hadisə cəlb etdi.
Ölkəmizə gələn qadın sərnişinlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda nərgiz çiçəkləriylə qarşılanırdılar. Təşəbbüsün Dövlət Gömrük Komitəsindən gəldiyini öyrəndik. Ölkəmizə təşrif buyuran əcnəbi qadınlar bu xoş sürprizdən çox məmnun olur, çiçək təqdim edənlərə minnətdarlıq bildirirdilər. Xüsusən Qazaxıstandan təşrif buyurmuş iki qadın sevinclərini izhar etməyə söz tapa bilmirdilər.
Kənar ölkəyə gedəndə ilk aldığın təəssürat nə olursa bütün səfər boyu o səni tərk etmir. Odur ki, ölkəmiz barədə xoş təəssüratlar yaradan Gömrük işçilərini alqışlamağa dəyər.
P.S. Ölkənin nəhəng hipermarketlərindən birində dünən bu danışdığımız əhvalatın tam ziddini gördük. Yaşlı bir qadın aldığı bir kömbə çörəyin fərqinə varmamış, sadə baton əvəzinə ekstra baton götürmüşdü. Və 5 qəpik fərqi ödəyə bilməmişdi deyə, ağbirçəkliyinə, qadınlar bayramı olmasına məhəl aoymadan onu geriyə qayıdıb çörəyi dəyişməyə vadar etmişdilər.
Bu da bizik, o da bizik.
Şəkildə: Nərgiz hədiyyəsindən xeyli məmnun olan qazax qadınlar.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Latviya Prezidenti İçərişəhəri gəzib
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə başlayıb. Latviya Prezidentinə Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
Gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Daha sonra Latviya Prezidenti İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olub. Mərkəzin "Dastan" brendi ali qonaqda böyük maraq doğurub. Burada ali qonağa xatirə hədiyyəsi təqdim olunub.
İçərişəhərlə tanışlıq Latviya Prezidenti Egils Levitsdə xoş təəssürat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Orxan Sultandan performans
Operanın və modanın vəhdətini görmək istəyənlər çox idi. Onlar gözəllik və zəriflik görməyə tələsirdilər. Ötən gün Beynəlxalq Qadınlar Günü münasibətilə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlamışdı. Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim edildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.
Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak ediblər.
İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa ediblər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdirilib. Gecə ərzində səhnəyə çıxan müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim ediblər.
Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olublar.
Dünən Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat verilib.
Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.
Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə ediblər.
Sərginin daha bir bölməsində isə geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alıb.
Daha geniş: növbəti buraxılışlarımızda.
Şəkildə: Orxan Sultan və onun işlərini nümayiş etdirən modellər
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Qəzəl saatı”nda Lilpar Cəmşidqızıdır
“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında bu dəfə sizlərə Sumqayıtda yaşayıb-yaradan Lilpar Cəmşidqızının 2 qəzəlini təqdim edəcəyik.
***
Ey dil, hər aşiqin yenə dərmanı sevgidir,
Hicran görənlərin qəmi, zindanı sevgidir.
Leyla çəkib nə qədri əziyyət bu sevgidən,
Səhra gəzənlərin demə loğmanı sevgidir.
Dəryadə çoxdu canlı, düşünmür bu aləmi,
Ancaq cahanda aşiqin ümmanı sevgidir.
Vardır nə qədri sevgi- məhəbbətlə oynayan,
Həm güldürən, həm öldürən insanı sevgidir.
YaRəb, bağışla Sən məni aləmdə bircə yol,
Düz yolda saxlayan həmi şeytanı, sevgidir.
Həsrət qəmin verəndə nədən bilmədin, Xuda?
Aləmdə hər bir aşiqə cananı sevgidir.
Səntək mənim bu könlümə kimdir de, yol tapan?
Lilparı şair eylədin, ünvanı sevgidir.
***
Bəxti yazan, neyləyim, görmədi hərdən məni,
Bir quru yarpaq kimi saldı nəzərdən məni.
Eylədiyim hər nə var, sirri- Xudadən gəlir,
Kaş, soruşaydın, fələk, bircə nəfərdən məni.
Əllərimi açmışam, mən dilənim bəxtimi,
Sanki əsən bir külək qovdu şəhərdən məni.
Dalğaların qoynuna baş vuracam bir səhər,
Kimsə gəlib sormasın burda Xəzərdən məni.
Qüssə çöküb üstümə, gör necə mən qəmliyəm,
Ver sıxılan könlümü, al bu kədərdən məni.
Fikrü xəyalım gedir görmədiyim yerlərə,
Leyli təkin çöllərə saldı səhərdən məni.
Sözləri mən saf-çürük eyləyirəm hər zaman,
Söylədiyim kəlmələr etdi nələrdən məni.
Tanrı verib ömrümü, çün alacaqdır yenə,
Qoyma gedim, ey fələk, saxla səfərdən məni.
Təbi veribdir Xuda, yazmağı Lilpar bilir,
Kim tanımır, qoy yazım, görsün əsərdən məni.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Çox bahadır qiyməti” - Xeyrəddin Qocanın satirik hekayəsi
Yazıçı Xeyrəddin Qocanın satirik “Çox bahadır qiyməti” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Çox bahadır qiyməti...
(Nəzirə)
Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.
Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.
Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:
- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.
Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:
- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.
- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.
- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!
Qızın atası onların sözünü kəsdi:
- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.
Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:
- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.
Aldı qızın anası görək, nə dedi:
- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.
"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.
Çox bahadır qiyməti, biz almırıq, vəssalam".
O gedən getdilər...
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Əməkdar artist Yafəs Eyvazov vəfat edib
Tanınmış ud ifaçısı, Əməkdar artist Yafəs Eyvazov ötən gün vəfat edib. Bu barədə sənətçinin bacısı oğlu, Əməkdar artist Rəşad İlyasov özünün Facebook hesabında məlumat verib.
Sənətçi uzun müddət davam edən xəstəlikdən vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil edilmiş 2023-ci il Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Oxu.az-a istinadən məlumat verir.
Çempionat solo, duet, kiçik qrup, qrup, ansambl və böyük ansambl nominasiyalarında keçirilib. Müsabiqədə Bakı və ölkənin regionlarının nümayəndələri iştirak ediblər.
"Keçirilən çempionatda həm tanış olan kollektivlərin, həm də özlərini göstərməyə qərar verən yenilərin çıxışlarını gördük. Hər nominasiyada ciddi rəqabət olub, lakin Folk Stayl ansambl nominasiyasında üç kollektivin rəqabəti xüsusilə fərqlənib. Hakimlər sona qədər ümumi fikrə gəlməyə çalışdılar və nəhayət, qərar verdilər. Beləliklə, mən “Azad rəqs” kollektivini, xüsusən onların bədii rəhbəri Rəhim Babayevi qələbə münasibətilə təbrik edirəm. Onlara böyük uğurlar arzulamaq istəyirəm. Həmçinin “Bakı Ritm Qrupu” ansamblını, Rəhman İmanovu və “Alov” ansamblını Emil Pənahovun rəhbərliyi altında qalib gəlmələri münasibətilə təbrik edirəm!", - deyə təşkilat komitəsinin sədri Əziz Əzizov bildirib.
Qran-pri qalibi isə Folklor Stilizasiya nominasiyasında Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin solisti Lamiyə Hacızadə olub.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Deyin görək bu adam hansı dildə danışırdı?
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən İlham Əskərovdur.
İLHAM ƏSKƏROV
(1958-1915)
***
“Susmuş vicdan” serialının çəkilişləri gedirdi, orada mən təhlükəsizlik xidməti generalını oynayırdım. Çəkilişlər Bakıda “Teleqüllə” deyilən ərazidə idi. Hamı yorğun olduğundan işdə bir qədər tələskənlik yaranmışdı. Cavan aktyorlardan biri də ümumiyyətlə rola hazır deyildi. Mən də müəlliflə bir kənarda oturub çay içirdim.
Aktyor tərəf-müqabilinə dedi:
– Aqşin, mən pataloku sənə iki saat vaxt ayıra bilərəm. Gəlsəm də çerez Binəqədi yolu gəlməliyəm, onsuz da uje problem yaranıb…
Bu vaxt müəllif çaydan bir qurtum içib:
– İlham müəllim, bunun ssenarisini kim yazıb görəsən? – xəbər aldı.
Ətrafa baxıb:
– Mənə dedilər sən yazmısan axı, – cavab verdim
– Yox, bu, mənim yazdığım deyil, bunu yazan məndən yaxşı yazıb…- dedi.
Sonradan həmin epizod bir də əvvəldən axıra qədər çəkildi.
“Ədəbiyyat və incəsənət”
(09.03.2022)
Xalça Muzeyində batika üzrə mühazirə olacaq
Martın 11-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” adlı fərdi yubiley sərgisi çərçivəsində batika üzrə mühazirə keçiriləcək.
Qeyd edək ki, mühazirə İnna Kostina tərəfindən rus dilində təqdim olunacaq.
İştirak üçün öncədən https://forms.gle/Sx6YeA2sWY7hhh7T7 linkinə müraciət edərək qeydiyyatdan keçmək olar.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Bu gün Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı sərgi açılır
Bu gün Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisi açılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.
Tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.
REZA kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)