Super User

Super User

Poetik qiraət qubrikasında şair Əlizadə Nurinin “Ağırlıq” adlı silsilə şeirlərini oxucularımıza təqdim edirik. 

 

 

1.

Bir az yox kimiyik,

Bir az da varıq.

Yolun ağına düşüb,

Qara iş ardınca gedən adamlarıq,

Günəşin ovcunda əriyən qarıq…

 

Döyüş olmasa da, mühasirə var-

Göydə çar dayanıb,

Yerdə bu çarmıx.

Min ayaq qırılıb qalıb bu yolda

Hər ayaq yanında yorulmuş çarıq.

 

…İndi sevmək də əzabdı-

Qul əməyidi, qul.

Qarışqalardan başqa

Heç kəs işləmir bu kənddə,

Çoxu özünü GÜNƏ verib,

Gün keçirməklə məşğul.

 

…Və durub qaçmaq istəyirsən 

bu adamlardan

Atmaq istəyirsən özünü yer kürəsindən…

bir də baxıb görürsən ki,

yaxandan qızının əlləri tutub…

 

…Bir az əsəbi oluram-

 sevinc salam verməyərək,

 tez yanımdan sovuşanda.

 Öz yerini bilməyənlər 

 Allahın yerini soruşanda…

 

Qapımızı döyən olmasa da,

kölgəmizi döyən var.

Hər yerə baxdığından 

Heç yeri görməyən var.

 

2.

…Dənizi balığa görə sevirmiş,

Bu balıq sevdası, ilahi, nəydi?

Top da keçirən yox söz qapısından

Bütün atılanlar dirəyə dəydi…

 

Yüz dəfə bu ömrü dincə qoymuşam,

Bu ömür düzəlmir, bu “şum” düzəlmir.

Hər su yığınına dərya deyilməz,

Min qorxaq əsgərdən qoşun düzəlmir.

 

Niyə bu sevdalar uzaqdan keçir-

Yoxsa, mən  allahın yolu deyiləm?

Dilənçi ovcunu boş qoyan zaman, 

Elə bilirəm ki, dolu deyiləm…

 

3.

…Məni necə görəcəksən ki, qadın-

Sığındığın o kor bucaqdan?

Səni məni unutmaqdan zövq  alırsan,

Mən səni xatırlamaqdan…

 

Buludun yanında üşüyürəm mən,

Amma həvəs də yox yerə düşməyə.

bir az fərqimiz var, qadın-

Sən suya, mən isə oda təşnəyəm.

 

…Dərd də sahibsiz deyil, 

Onun da yiyəsi var. 

Sənin olan hər şey sənin deyil ki,

Dünya allahındı, ölüm bizimdi.

 

Hamı yaşayırmış öz ölümündə-

Hamının getməyə bir yeri varmış…

 

…Bir qürub çağında mən də gedərəm,

Arxamca əllərin ağlayar, qadın…

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 19:30

Aktyorumuz hind filmində rol alıb

Aktyor Faiq Mirzəyev hind filmi "Saardar"da rol alıb. “Ədəbiyyat və incəsənət” olay-a istinadən bildirir ki, "Prince Pictures" tərəfindən ötən ilin yayında bəzi epizodları Bakıda çəkilən ekran işində sənətçi beynəlxalq məhkəmənin hakimi obrazında rol alıb.

Qeyd edək ki, filmin treylerinə YouTube platformasında 10 milyon baxış olub.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 18:00

Xalq artistini İran şahı ilə nə birləşdirirdi?

“Daycest” rubrikasında Kulis.az saytında dərc edilmiş müğənni, Xalq artisti Leyla Şərifova haqqında yazını oxucularımıza təqdim edirik. 

 

Leyla Şərifova 22 iyun 1931-ci ildə Tacikistanda doğulub. Atası türkiyəli, anası azərbaycanlıdır. Leyla Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Bu ölkədə yaşayıb, boya-başa çatıb, səsinin gözəlliyi, yüksək ifa tərzi sayəsində Tacikistanın Xalq artisti adına layiq görülüb.

Onu yaşlı və orta nəsil azərbaycanlılar yaxşı xatırlayarlar. Keçmiş SSRİ-nin tərkibində olduğumuz ötən əsrin 80-ci illərində AzTV ekranlarından Leyla Şərifovanın canlı ifaları tez-tez səslənərdi. “Oxuyur Leyla Şərifova” təqdimatından sonra ekranda görünən ecazkar səsli, gözəl müğənninin o zaman azərbaycanlı deyil, tacikistanlı olduğunu bilənlər də vardı, bilməyənlər də.

*

Leyla Şərifova uzun müddət ölkəmizdə yaşasa da, bu gün onun haqqında məlumatlar, demək olar ki, yox dərəcəsindədir. Bəzi məlumatlara görə, vətəni Tacikistandan küsüb Bakıya gəlmiş Leyla Şərifovanın ikinci dəfə ərə getdiyi adam İran şahı Rza Pəhləvinin şəxsi həkimi, digər məlumatlara görə isə, şahın tərcüməçisi olub. Amma bu məlumatları təkzib edənlər də var.

Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb. Bu barədə Səməd Kələntərli bibisi Münəvvər Kələntərli barədə xatirələrini danışarkən bildirib.

“Bibim Tacikistanda olanda oranın Xalq artisti Leyla Şərifovayla tanış olmuşdu. Münəvvər Kələntərli Bakıya qayıdandan bir müddət sonra Leyla xanım buraya gəlmişdi. Bakıya qonaq kimi yox, yaşamağa gəlmişdi. Tacikistandan acıq eləmişdi. Leyla Şərifova bir ilə yaxın bibimin evində qaldı. Münəvvər Kələntərli onu doğma balasından ayırmırdı. Sonralar Leyla Şərifova Almaniyada yaşayan zaman deyirdi: “Mənim orada bir anam var idi”.

*
Xalq artisti Flora Kərimova isə Leyla Şərifovanın Azərbaycana tamam başqa məqsədlə gəldiyini deyir:

“O, “Dan ulduzu” ansamblının ilk solisti olub. O zaman Leylanın səsinə, ifasına vurulmuşdum. İşvəli bir qadın idi və artıq Bakıya gələn zaman o, vətəninin xalq artisti idi. Düşündü ki, buraya gələndə “Azərbaycanın Xalq artisti” adını alar və ardınca da SSRİ Xalq artisti olar. Doğrudur, “Azərbaycan SSR-in Xalq artisti” adını ala bildi, amma SSRİ Xalq artisti ola bilmədi. Onun əvəzinə Zeynəb Xanlarova “Ermənistanın Xalq artisti” adını aldı və sonra SSRİ Xalq artisti oldu. Caduya-pitiyə çox inanırdı. Üstündəki sancaqlarda dualar olurdu. O, paltarını dəyişəndə üstündə xeyli dua olurdu. Tacikistanda belə şeylərə çox inanırdılar. Bir dəfə dualar barədə ondan soruşduq, dedi ki, “özümü qoruyuram”. Leyla xanım buraya gələrkən ona vəd vermişdilər, amma “SSRİ Xalq artisti” adını ala bilmədiyinə görə Bakıdan küsüb Almaniyaya getdi. Sonra bilirəm ki, Almaniyada konsert verməyə davam edirdi. Amma əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdı”.

Tarzən Ramiz Quliyevin sözlərinə görə, yeni səs tembri, ifa tərzi ilə Azərbaycan mahnılarının vurğunu olan Leyla Şərifova qısa müddətdə diqqəti özünə cəlb edə bilmişdi.

“Bakıya gələn kimi Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı onu himayəyə götürdü. Azərbaycan Televiziyası ona xüsusi qayğı göstərdi. Onunla bərabər çıxışlara gedirdik. Bir neçə dəfə Respublika Sarayındakı konsertlərdə iştirak etdi. Daha sonra Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” ansamblında çıxış etməyə başladı. Bu iki ansambl o xanımın sevilməyinə, inkişaf etməyinə yüksək səviyyədə təkan verdi. Çox yaxşı istedadı var idi”.

*
Leyla Şərifova Bakını çox sevib. Bu barədə danışanda tez-tez deyirmiş:

“Gərək Bakıda anadan olardım. Çünki burada yaradıcılıq üçün geniş şərait var. Tacikistanda yalnız milli geyimdə çıxış edirlər, amma sənət adamı burada həm milli, həm Avropa geyimləri geyinə bilir”.

Özünə diqqət edən xanım idi. Gec də olsa, xoşbəxtliyini Azərbaycanla bağlayırdı. Azərbaycan xalqından o qədər mehribanlıq görürdü ki, səhnədən düşmək istəmirdi. Qastrol səfərlərini çox sevirdi, Azərbaycan adını təmsil etməyi sevirdi.

*

Ancaq “Xatirə” xalq çalğı alətlərinin rəhbəri olan Adil Bağırovun sözlərinə görə, Leyla Şərifova qohumu olan əslən əfqanıstanlı bəylə ailə həyatı qurur. Bakıdakı köhnə “Moskva” mehmanxanasında toyları olur. Toylarından bir il sonra Leyla Şərifova həyat yoldaşının işi ilə əlaqədar Almaniyaya köçməli olur.

*
Başqa bir versiyaya görə isə müğənninin Bakını tərk etməyinə səbəb həyat yoldaşının qəfil ölümü olub. Leyla xanım bu itkidən sonra dərin böhran keçirir. Və həkimin məsləhəti ilə Bakıdan uzaqlaşmaq qərarına gəlir.

*
Ümumilikdə Bakıda səkkiz il yaşayan müğənni Almaniyada yaratdığı “Gülşən” mahnı ansamblına rəhbərlik edir. Eyni zamanda o, Almaniyadakı Əfqanıstan və İran diasporunun rəhbərlərindən biri sayılır.

*
2011-ci ildə Tacikistan prezidenti Emoməli Rahmon Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında Leyla Şərifova da olub.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Aysberqin zirvəsindən firuzəyi rəngdə su axır. Disko körfəzi, Qərbi Qrünlandiya. 29 iyun, 2022-ci il. 

Foto:Odd Andersen/AFP

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarını pisləyib.

AzərTAC xəbər verir ki, bu barədə İƏT Baş Katibliyinin bəyanatında qeyd olunub.

 

Bildirilib ki, bu, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın pozulmasıdır.

“Beynəlxalq hüquqa və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən, faydalı qazıntı yataqlarının ekoloji amillər nəzərə alınmadan istismarı nəinki qanunsuzdur, həm də ciddi və qanuni narahatlıq doğurur”, - deyə bəyanatda qeyd olunub.

Katiblik bütün tərəfləri fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirib.

2022-ci il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci Sessiyası tərəfindən qəbul edilmiş qətnaməni xatırladaraq, Baş Katiblik Azərbaycan ilə Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörmət prinsiplər əsasında normallaşdırılmasına çağırış edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 13:30

Avropada təhsil alan ilk azərbaycanlı qız kim olub?

İrəvan qadın progimnaziyasında 4 nəfər azərbaycanlı qız oxuduğu halda, Balaxanı qadın progimnaziyasında 1 nəfər də olsun azərbaycanlı yox idi

 

Fərrux Rüstəmov, 

pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində milli-mənəvi və maarifçilik mühiti digər müsəlman şəhərlərindən güclü olub. Həmin dövrdə İrəvanda təhsil və maarifçilik mühitinin inkişafı qızların ibtidai təhsillə yanaşı, həm də gimnaziyada oxumasına və ali təhsil almasına imkan verib. Hələ 1850-ci ildə İrəvanda fəaliyyətə başlayan Müqəddəs Pipsimi qadın məktəbində oxuyan qızların sayı ildən-ilə artırdı. 

 

Məktəbdə tatar (Azərbaycan) və şəriət dərslərini Seyid Molla Mir Mehdi tədris edib. İrəvanda azərbaycanlı qızların təhsilə cəlb olunmasında 1877-ci ildə xanım Stasyuleviç tərəfindən açılan Sofiya pansionu mühüm rol oynayıb. Pansion şəxsi təhsil müəssisəsi idi. 1877-ci ildə pansionda təhsil alan 105 şagirddən 58-i azərbaycanlı idi. Pansionda təhsil alanların 55,2 faizinin azərbaycanlı qızlardan ibarət olması və erməniləri üstələməsi o dövr üçün çox yüksək göstəricidir.

1902-ci ildə İrəvanda Kəngərli Məhəmmədqulu bəy Şəfi bəy oğlu tərəfindən ilk rus-müsəlman qız məktəbi açılıb. Məktəbdə iki müəllim-tərbiyəçi və bir şəriət müəllimi fəaliyyət göstərirdi. Məhəmmədqulu bəy özü də məktəbdə dərs deyirdi. Məktəb 1905-ci ilə kimi fəaliyyət göstərib. İrəvan quberniya ruhani məclisinin sədri, axund Məmmədbağır Qazızadənin təşəbbüsü ilə onun öz evində açılan qız məktəbində də xeyli azərbaycanlı qız təhsil alırdı. Məktəbin himayəçisi knyagina Yelena Çaqodaeva (İrəvan quberniyasının vitse-qubernatoru knyaz Aleksey Çaqodayevin həyat yoldaşı), müdiri Antonina Kalinina, rus dili və hesab müəllimi Yevgeniya Georgiyevna Pxakadze, Azərbaycan dili və şəriət müəllimi Məmmədəli Qəmərlinski olub.

Alimin sözlərinə görə, Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qız İsasultan Nəcəf oğlu Şahtaxtinskinin qızı Leyla xanım Şahtaxtinskaya olub. O, 1886-cı ildə Qars şəhərində anadan olub, 1902-ci ildə Tiflis Nücəba Qızlar İnstitutunu bitirib. H.Z.Tağıyevin vəsaiti ilə İsveçrəyə ali tibb təhsili almağa göndərilib, 1904-1907-ci illərdə İsveçrədə Tibb Universitetində oxuyub. Təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat edib. 

“Molla Nəsrəddin" jurnalının 1908-ci ilin 52-ci nömrəsində Leyla xanım haqqında dərc edilən nekroloqda deyilirdi: “İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi... Yevropada elm dalınca gedən müsəlman qızlarından Leyli xanımdan savayı biz özgəsini eşitməmişik”.

“İrəvanın vitse-qubernatoru İsmayıl bəy Qazıyevin qız nəvəsi Tacı xanım İrəvan qadın gimnaziyasını qızıl medalla bitirmişdi. İrəvan şəhər dumasının üzvü olan Mir Bağır Mirbabayevin hər iki qızı Kübra və Ruqiyyə İsveçrədə ali təhsil almışdılar. Ruqiyyə xanım tibb, Kübraxanım isə ümumi humanitar fənlər ixtisasına yiyələnərək İrəvana qayıtmışdı. İrəvanda qızların təhsil aldığı digər bir məktəb Tərlan xanım Sultanovanın müdiri olduğu rus-tatar (Azərbaycan) qız məktəbi idi. Bu məktəb 1898-1917-ci illərdə fəaliyyət göstərib. 1913-cü il sentyabrın 15-də İrəvanda azərbaycanlı qızların təhsil aldığı yeni bir rus-tatar (Azərbaycan) məktəbi də açılmışdı. Elə bunun nəticəsi idi ki, 1911-ci ildə 1-ci və 2-ci Bakı qadın gimnaziyalarında cəmi 17 azərbaycanlı qız təhsil aldığı halda, İrəvan qadın gimnaziyasında 16 azərbaycanlı qız oxuyurdu. İrəvan qadın progimnaziyasında 4 nəfər azərbaycanlı qız oxuduğu halda, Balaxanı qadın progimnaziyasında oxuyan 76 nəfər qızın içərisində 1 nəfər də olsun azərbaycanlı yox idi. 

 

Şəkildə: Leyla Şahtaxtinskaya

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 13:00

Sertab Erenerin Bakı konsertinin vaxtı dəqiqləşdi

Fevralın 14-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Sertab Erener konsert proqramı ilə çıxış edəcək. Sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

 

Qeyd edək ki, Türkiyənin güclü səsi Sertab Erener 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Everyway that i can” mahnısı ilə birinci yerə çıxaraq qalib olub. Həmçinin o, 2012-ci ildə “Türk klassik musiqisinin ən yaxşı qadın solisti” nominasiyasında "Altın Kelebek" mükafatı ilə təltif edilib. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Cümə axşamı, 12 Yanvar 2023 12:45

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”

Cümə axşamı, 12 Yanvar 2023 12:30

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılacaq

Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi təşkil olunacaq. 

Beynəlxalq Muğam Mərkəzinin məlumatına görə, tədbirdə tanınmış ictimai xadimlər, söz adamları və incəsənət ustaları iştirak edəcəklər. 

 

Gecənin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Mələkxanım Eyyubova, Gülyanaq Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, fəlsəfə üzrə elmlər doktoru, aşıq Fəzail Miskinli, Əməkdar mədəniyyət işçiləri aşıq Zülfiyyə İbadova, Samirə Əliyeva, Nemət Qasımlı, Bəhmən Göyçəli, aşıq Ramin Qarayev və digər tanınmış musiqiçilər çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Ceyms Allen «Düşünən insan»

Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.

Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət  insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.

Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.

İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.

Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.