
Super User
Trans-Xəzər marşrutu Azərbaycanın Avropa ilə Asiya arasında kəsişmə nöqtəsi kimi əhəmiyyətini artırır
Hazırda dünyada loqistika öz aktuallığını artırmaq üzrədir. Bu xüsusda nəqliyyat dəhlizləri və yolları xüsusi əhəmiyyət kəsb edirlər. Çin və Mərkəzi Asiyadan yüklərin Avropaya daha tez və təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcək yeganə yol Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizidir.
Hazırda müasir dünyada cərəyan edən geosiyasi proseslər nəticəsində Trans-Xəzər Nəqliyyat Dəhlizi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Rusiya-Ukrayna münaqişəsi və İranın daxilindəki qeyri-sabit vəziyyət Avropanın Asiya ilə ticarət dövriyyəsinə böyük mənfi təsir göstərib və adıçəkilən dəhlizə marağı xeyli artırıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yüklərin olduqca gec çatdırılması və təhlükəli ərazilərdən keçməsi əlavə xərcə səbəb olub ki, bu da Avropada istehlak qiymətlərinin artmasına gətirib çıxarıb. Belə vəziyyət nə dövlətləri, nə də iri şirkətləri qane edir. Bu səbəbdən də alternativ yol kimi Trans-Xəzər Nəqliyyat Dəhlizi nəzərdən keçirilir.
Bu dəhliz Çindən başlayaraq Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan keçərək Xəzər dənizinə, buradan isə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları vasitəsilə Avropaya birləşir. Bu marşrut Asiyadan Avropaya gedən ən qısa yoldur. Ötən ilə bu marşrutla yükdaşımanın həcmi 6 dəfə artıb ki, bu da ilk addımlardır. Gələcəkdə sözügedən dəhlizlə yükdaşımanın həcminin dəfələrlə artacağı gözlənilir.
Türkiyənin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ona böyük üstünlük qazandırır. Təsadüfi deyil ki, Türkiyə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinə dəvət alıb və tez bir zamanda bu təşəbbüsdə aparıcı ölkələrdən birinə çevrilib. 2015-ci ildə Çinlə Türkiyə arasında imzalanan razılaşmaya əsasən, dəhliz boyu yol infrastrukturunun genişləndirilməsinə qarşılıqlı sərmayə yatırılır.
Azərbaycan da bu dəhliz üzərində yerləşən aparıcı dövlətlərdən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən və 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu bu gün qitələrarası ticarət dövriyyəsinin artmasında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Qazaxıstan və Rusiya ərazilərindən keçən xətlərdən fərqli olaraq, Avropa ilə Asiya arasındakı məsafəni 7000 kilometr qısaldır. Nəticədə yüklər iki aya deyil, cəmi iki həftəyə mənzil başına çatdırılır. Yaxın gələcəkdə isə bu marşrutla səyahət edəcək sərnişinlərin sayı da 1 milyondan 3 milyona yüksələcək.
Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Çinə ticarət yollarını şaxələndirmək imkanı yaradıb. Çinin Sakit okeandakı Malay keçidi ilə dəniz ticarəti o qədər də səmərəli deyil. Dəniz quldurlarının ticarət gəmilərinə basqını ilə yanaşı, dumanlı hava şəraiti də gəmilərə sürətlə hərəkət etmək imkanı vermir.
Buna görə də Çin Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun davamı olaraq Qars-Ədirnə dəmir yolu xəttinin tikintisini həyata keçirir. Bu xətt hazır olduqdan sonra Bakı-Tbilisi-Qars-Ədirnə yolu ilə daşınan yüklərin həcmi 15 milyon ton olacaq.
Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizin Trans-Xəzər Nəqliyyat Dəhlizi ilə daşınacaq yüklərin tranzitini həyata keçirməyə tam hazır olduğunu deməyə əsas verir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir standartlar səviyyəsinə çatdırılaraq yükaşırma qabiliyyətinin artırılması, dəmir yollarının yeni texnologiyalar əsasında idarə edilməsi və bu kimi digər proseslər yaxın gələcəkdə Azərbaycanın Asiya ilə Avropa arasındakı nəqliyyat yollarının kəsişdiyi məntəqəyə çevirəcək. Bu isə nəinki yeni iş yerləri və əhalinin sosial vəziyyətinin yüksəlməsi, eləcə də Azərbaycana beynəlxalq siyasi dəstəyin artması deməkdir.
Yazı işlənərkən AzərTAC-ın materiallarından istifadə olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür
Bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 73-cü ildönümü tamam olur.
Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.
Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.
Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünü sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.
Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Ağaxan Abdullayevin sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Xalq artisti Rafiq Əzimov 85 illiyini səhnədə qeyd edib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa bu dəfə Xalq artisti Rafiq Əzimovun anadan olmasının 85 illik yubileyinə və səhnə fəaliyyətinin 60 illiyinə həsr olunub.
Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Rafiq Əzimov, Kazım Abdullayev, Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Elçin Əfəndi, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Rüstəm Rüstəmov, Tural İbrahimov iştirak ediblər.
Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə, eləcə də xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
65-ci “Grammy” mükafatı laureatları açıqlandı
Diqqətlər Los-Ancelesə yönəlmişdi. Burada 65-ci “Grammy” musiqi mükafatının təntənəli təqdimolunma mərasimi keçirilirdi. “Ədəbiyyat və incəsənət” kr.ru-ya istinadən xəbər verir ki, 1 oktyabr 2021 - 30 sentyabr 2022 dövrü ərzində ən yaxşı musiqi ifaçıları Crypto.comArena-da mükafatlandırıldılar, təntənəli gecənin aparıcısı Trevor Noa idi.
Müğənni Bonni Raytın “Just Like That” kompozisiyası ilin ən yaxşı mahnısı adına layiq görülüb. Samara Coy ən yaxşı gənc artist nominasiyasında, Harri Staylz “Harry’s House” valına görə ilin ən yaxşı albomu nominasiyasında “Grammy” qazanıb.
Mərasimin yekunlarına əsasən Beyonse karyerası ərzində rekord sayda - 9 nominasiyada adının birinci yazılmasına nail olub, halbuki cəmi bir mükafat qazanıb. Məşhur müğənninin “Renaissance” albomu ilin elektron və rəqs valları arasında ən yaxşısı olub. Bu, Beyonsenin qazandığı 32-ci heykəlcikdir. Bundan əvvəlki rekord – 31-ci “Grammy”yə layiq görülən dirijor Georq Şoltiyə məxsus idi.
Lizzo və onun “About Damn Time” kompozisiyası ən yaxşı səs yazısı üzrə “Grammy” mükafatını qazanıb.
Teylor Sviftin “All Too Well” (10 Minute Version) videoçarxı da “Grammy” mükafatçıları sırasında yer alıb.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edib
Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsi elan edib.
Bu barədə AzərTAC-a səfirlikdən məlumat verilib.
Bildirilir ki, Gürcüstanın 18 yaşadək və 18 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzu üzrə ən yaradıcı əsərə malik olan şəxslər səfirlik tərəfindən hər iki yaş qrupu üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.
Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının 24-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təltif ediləcəklər.
Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini 20 fevral 2023-cü il tarixinədək Azərbaycanın Gürcüstandakı səfirliyinə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Jerar Depardye: “Rusiya vətəndaşı olduğuma görə utanıram”
Uik-endin ən çox oxunan mədəniyyət xəbəri 2013-cü ildə Rusiyaya köçən və Rusiya vətəndaşlığı alan məşhur fransalı aktyor Jerar Depardye ilə bağlı olub.
“Ədəbiyyat və incəsənət” Euronews-a istinadən xəbər verir ki, Depardye Ukraynaya dəstək olaraq Rusiyanın siyasətini pisləyib. O, "Le Figaro"ya müsahibəsində bildirib:
"Rusiya vətəndaşı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm. Fransa hakimiyyətinə dəstək üçün müraciət edirəm və onlardan mənə müharibədən qaçqın statusu vermələrini xahiş edirəm".
Qeyd edək ki, Depardye Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəmişdi. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb Rusiyaya köçmüşdü. İndi isə o, peşmandır və geri qayıtmaq istəyir.
Görəsən Fransa prezidenti Makron onun xahişinə necə baxacaq?
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Bu gün festival Gəncədə davam edəcək
Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi istiqamətində “Gəncliyin səsi” festivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə etməkdədir. Festival çərçivəsində bir sıra konsertlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində keçirilir.
Bu gün - fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək. Gənc solistlər rəngarəng ifaları ilə çıxış edəcəklər.
Xatırladaq ki, fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etmişdi.
Fevralın 8-də isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin gənc solistləri öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Qan qusdu, həkimlər ona vaxt qoydu, oğlunun gözü qarşısında özünü yandırdı…
“Ədəbiyyat və incəsənət” Daycest bölümündə Kulis.az-a saytında məşhur meyxanaçı Məşədibaba haqqında gedən maraqlı yazını oxucularına təqdim edir.
Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-də Bakının Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə maraq göstərən Məşədibabanın istedadı şeiriyyatda özünü göstərməyə başlayır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Səsi ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Yazdığı qəzəlləri meyxanaya çevirir.
*
Qısa zamanda qəsəbə camaatı arasında hörmət qazanan meyxanaçı kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş. Ustadı olmayan meyxanaçı özü haqqında belə deyirmiş: "Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa, deyəcəksən, bacarığın yoxdursa, lap 50 il sənə bir ustad dərs versin, xeyri yoxdur. Bu tamam Allahın vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz."
*
Məşədi Baba yaman dəcəlmiş, dalaşqanmış məktəbdə. Tez-tez müəlliməyə söz qaytararmış. Müəllimə də dinc durmur əvəzində. Qədim mollaxanalardakı kimi, uşağın ayaq pəncələrini keçirir bir növ fallaqqaya. Xətkeşlə Məşədi Babanın ayaq pəncələrinə vurur. Bu hadisədən sonra onun sümükləri zədələnir, bir neçə dəfə əməliyyat olunur.
Maştağadakı toy adətlərindən biri də toyun axırına yaxın qüdrətli meyxana ustasının böyrünə bir stul da əlavə edərlər ki, görsünlər çoxmu boş qalacaq o? Gözü qızmış bir cayıl, nəhayət, gəlib oturacaqmı bu boş stulda? Meyxana deməyə cürət edəcəkmi ağır-sanbal el ustaları hüzurunda? Bir gün Ağasəlim Çıldağın böyrünə belə bir boş stul qoyurlar. Deyirlər ki, bəs yenə əvvəlki kimi boş qalacaq o. Ancaq bu dəfə həmin stul boş qalmır. Əvvəl Məşədi Baba, sonra Elçin gəlib oturur Ağasəlimin böyründə adətən boş qalan həmin stulda. Qafiyəni götürüb başlayırlar səhərəcən meyxana deməyə.
*
2005-ci ildə namaz qılır, dinlə maraqlanır. Lakin, bu cəmi bir il çəkir. Məşədibaba 2006-cı ildə namazdan dönür.
*
Yaxınlarının sözlərinə görə çox bədxərc adam olub. Bir gecədə toydan beş min qazansa da, ertəsi gün ailəsindən əlli qəpik istəyirmiş. Bir dəfə isə burnu axırmış, cibində komalanan əlli, yüz manatlıqları çıxarıb əlli manatlığın biri ilə burnunu silib küçəyə atır.
*
Məşədibaba əmisi qızına istəkli olub. Onunla nişanlanır. Toylarına çox az qalmış yaxın dostu və rəqibi meyxanaçı Elçin Atakişiyevlə aralarında mübahisə yaranır. Mübahisə zamanı Məşədibaba dostunu bıçaqlayır. Lakin, bu bıçaq zərbəsi ölümcül olmur. Deyilənə görə Elçini xəstəxanaya çatdırmalı olan adamlar bilərəkdən ləng davranırlar. Nəticədə Elçin dünyasını dəyişib, Məşədibaba isə həbs olunub. Məhkəmə zamanı Elçinin atası öz ifadəsi ilə çoxlarını təəccübləndirərək deyir: "Bir oğlum məzara getdi, o birini də qazamata göndərməyin".
Məşədibaba altı il azadlıqdan məhrum olunur. 2000-ci ildə həbsdən azad edilir. Şahidlərin sözlərinə görə həbsxanadan çıxan kimi Məşədibababnın ilk getdiyi yer Elçinin məzarı olub.
*
Əsərlərinin çoxunu həbsdə olarkən yazır. Həbsdən çıxandan sonra əmisi qızı ilə ailə həyatı qurur. Bir il sonra onların Mircəlal adlı övladları dünyaya gəlir. Məşədibabanın içkiyə aludə olması ailəsində soyuqluq yaradır. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur.
*
Meyxanaçının oğlu Mircəlal Aydəmirov müsahibələrinin birində bu haqda deyir:
"Atam Elçini öldürmədiyini birinci dəfə mənə deyib. Deyirlər ki, guya atam həbsdən çıxandan sonra ilk olaraq Elçinin məzarını ziyarət edib. Yalan sözdür. Hadisə bizim evin qarşısında olub. Ad günündə çıxıb, maşınla evə gəlirlər. Meyxana nümayəndələrindən də orada olan olub. Bıçaqlanma səbəbi isə söyüş olub. Elçin atama nahaqdan əl qaldırıb. Atam da əlləri ilə dəstək ağacını (kastel) saxlayırdı. Ayağında uşaqlıqdan problem olub. Elçin vurub, atam yerə yıxılıb. Özü necə danışıb, mən də sizə elə deyirəm. Atam ayağa duranda, ikinci dəfə bir də vurub və yenə yerə yıxılıb. Üçüncünü vurmaq istəyəndə atam deyib ki, Elçin çıx get, səhər söhbət edərik. "Sən də içkilisən, mən də. Vuraram, peşmanlıq olar. Məni özümdən çıxartma". Elçin də söyüb ki, vurmayanın.... Atam da cibindən bıçağı çıxardıb, gödəkçənin üstündən vurub. Elçini 7 saat maşında gəzdiriblər. Həkim deyib ki, insan şillədən ölərdi, bu bıçaq yarasından ölməzdi. Niyə xəstəxanaya vaxtında çatdırmayıblar? Deyirlər ki, guya 7 bıçaq zərbəsi vurub. Yalandır. Meyxana aləmindən olan dostlar, insanlar atamla Elçinin arasında mübahisə olmasında maraqlı idilər. Hətta deyərdim ki, onların arasındakı mübahisənin də səbəbkarı onlar idi".
Həbsdən çıxandan sonra Elçinin qardaşları Məşədibabaya hücum etmək istəyirmişlər. Bir gün Məşədibaba "Tavaylıq" məhləsində toya gedir. Elçinin qardaşları, özü orada yaşayıbmış. Məşədibaba qaynına deyir, mən meyxana deyəndə arxamı qoru. Camaata baxıram, arxamı görə bilmirəm. Elçinin qardaşı Şahin Məşədibaba meyxana deyə-deyə arxasına keçir. Məşədibabanın qaynı özünü qabağa verib onu qoruyur.
*
Deyilənə görə Elçinlə Məşədibaba arasında yaranan ixtişaşda dövrün məşhur meyxanaçıları müəyyən mənada maraqlı olurlar. Məqsəd isə hər iki meyxanaçını aradan götürmək, onların şöhrətinin qarşısını almaq imiş.
*
Rəqibləri belə etiraf edirmişlər ki, Məşədibaba toyda ayağa qalxanda bütün toyxana onu alqışlayıb, başına pul səpirmişlər.
Çox böyük ürək sahibi olub. Ona nisyə şərab verməyən mağaza sahibini yadında saxlayır. Bir gün toydan qayıdanda mağazaya girərək nisyə dəftərindəki hər kəsin borcunu ödəyib, dəftəri cırdırır.
*
Həbsdən çıxandan sonra Məşədibabanın əsəbləri pozulur, ailəsi ilə, yaxınları ilə dolanmır, içki aludəçiliyi sürətlənir. Heç kim onun üçün çalışmır. Qohumları onu köhnəlmiş əşya kimi aparıb xəstəxanaya atırlar. Həyat yoldaşının isə onunla yaşamağa on il gücü çatır. 2006-cı ildə Məşədibaba içkili halda gəlib əvvəl evini, sonra isə maşınını yandırır. Daha sonra qayınanasını bıçaqlayır. Bütün bunları o, dörd yaşlı oğlunun və çox sevdiyi həyat yoldaşının gözləri qarşısında edir. Ancaq yenə də həyat yoldaşı ondan ayrılmır. Lakin, bir gün çatır, hər kəs Məşədibabanı tərk edir. O, içki şüşələri, siqaret və meyxanaları ilə təkbətək qalır. Bu təklik onun özünü yandırdığı günə qədər davam edir.
Oğlu həmin faciəvi günü belə xatırlayır:
"Atamı çox istəyirdim. Anam gedəndə də mən atamla qalırdım, ağlayıb onu istəyirdim. Saatlarla heyranlıqla ona baxırdım. Ayıq olanda tamam başqa insan idi. Sakit, danışmırdı heç. Amma o zəhrimar dilinə dəyəndə 180 dərəcə dəyişirdi. Atam öləndən sonra onlar tərəfdən 5-6 nəfərlə salamım var. Atamın ölümündən mənə əsəb pozğunluğu, bir də qorxu qaldı. Tez-tez səksənirəm. Əvvəl, uşaq olanda lap çox idi. Ev, maşın yananda o qədər də qorxmamışam. Özü yananda çox qorxdum. Hadisə birdən oldu. Pəncərədən baxdım ki, butulkada nəsə içir. Düşünürsən ki, su içir və birdən alov çıxdığını görürsən. Sən demə, bu benzin içib və başına töküb. Yanan anını gördüm. Alov çıxanda tez həyət qapısına çıxdım. Atamın dayısı oğlu məni yaxınlaşmağa qoymadı, qarşımı kəsdi. Onda çox qorxdum, səksəndim. Atam 99 faiz yanmışdı. Təkcə ayağının baş barmağının dırnağı yanmamışdı. Onsuz o özünü yandırmasaydı, tez öləcəkdi. Başında şiş var idi. İki dəfə qan qusduğunu görmüşdüm. İçkidən ciyərləri qapqara olmuşdu. Bəlkə də, həkim onun üçün vaxt qoymuşdu, heç kimə demirdi. Sağ ayağında da çürümə gedirdi. Əgər anamla atam barışsaydı, anam öləcəkdi".
*
Beləliklə sevdiyi qadını evinə qaytara bilməyən 39 yaşlı Məşədibaba 2010-cu il yanvarın 10-da qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orda can verir.
*
Gənc həmkarlarından biri deyir ki, biz xəstəxanaya çatanda o, hələ sağ idi. Amma artıq gözlərini aça bilmirdi. Həkimlər dedi ki, son söz olaraq iki bənd şeir deyib.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
IX “Gəncliyin səsi” festivalı davam edir
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX “Gəncliyin səsi” festivalı rəngarəng konsert proqramları, tamaşa nümayişləri ilə davam edir.
“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, həftəsonu Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib.
Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında gənclər tərəfindən Ulu Öndərin sevdiyi əsərlər ifa olunub, mahnılar səsləndirilib.
Konsertdə, həmçinin Ümummilli Liderin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib.
Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə də “Aynabənd” rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər.
Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar.
Gecədə Fərəc Qarayevin "Qobustan kölgələri" baletindən fraqment, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və Məcnunun dueti ("Ah eylədiyim"), Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun "Yuxu" filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin "Ordan-burdan" operettasından fraqment və digər əsərlər təqdim edilib.
Festival fevralın 8-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)