Super User

Super User

Cümə axşamı, 09 Fevral 2023 09:30

Qaranlıqdan işığa" adlı tamaşa nümayiş olunub

Xalq teatrları, teatr dərnəkləri sanki ikinci nəfəs alıblar. Tamaşalar artıb, premyeralar çoxalıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində "Səhnə" teatrının təqdimatında "Qaranlıqdan işığa" adlı tamaşa nümayiş olunub.

 

Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Həmin tamaşada, narkotikə aludə olmuş bir gəncin keçirdiyi iztirablardan, yaşadığı əzablı həyat tərzindən, ailəsinə gətirdiyi faciələrdən və düçar olduğu qaranlığın içindən işığa doğru necə çıxdığından bəhs edilir.

Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Gənclik gözəllikdir. Gənclik illəri hər anı maraqlı keçən ən unudulmaz bir dövrdür. Bu dövrün yaddaqalan olması üçün dövlət qayğı göstərirsə, onda hər şey bir qədər də dəyərini artırmış olur. Elə bu soyuq qış günlərində Naftalanda düzənlənən Gənc Liderlərin forumu da məhz bu cəhətdən diqqət çəkir. 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü davam edir. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkilidir. 

Gənclər Hərəkatının məlumatına görə, “Qış Universiteti"nin beşinci günündə “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri, Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova "Avropada könüllülük və Erasmus+ proqramı", "Az-Granata"nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli və əməliyyatlar üzrə direktoru Yusif Ləzgiyev "İstehsalatda müasir texnologiyanın və dünya standartlarının tətbiqi, “İZ” Gənclər Təşkilatının təsisçisi, təlimçi Natiq Xəlilovun təqdimatında “Gənc liderlərin komanda quruculuğunda rolu" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı gənc liderlərlə tonqal ətrafında görüşərək “Qış Universiteti” ilə bağlı səmimi söhbət aparıb, gənclərin təəssüratlarını dinləyib.

Sonra isə "Social Night" keçirilib və proqram çərçivəsində yaradıcı formatda komanda işləri nümayiş olunub. 

Nəticələrə əsasən, gecənin qalibi "Kiçik gəlin" adlı səhnəciyi ilə "Beta" komandası seçilib.

Bu gün - altıncı gün də maraqlı tədbirlərlə yadda qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Argentina deyəndə ilk əvvəl yada Messi və Maradonalı Argentina futbolu düşür. Siyasətlə maraqlananlar “erməni lobbisinin çox güclü olduğu bir ölkə” termininə üstünlük verirlər. Xəbərimiz isə tam başqadır. Uzaq Cənubi Amürika materikində yerləşən bu ölkədə Azərbaycanla bağlı bir ilkə imza atılıb.

 

Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycanın sabiq Baş naziri, xarici işlər naziri, dövlət xadimi, diplomat Həsən Əzizoğlu Həsənovun müəllifi olduğu “Azərbaycan dövlətinin tarixi kökləri” adlı kitabı ispan dilində bu ölkədə nəşr olunub.

Ölkəmizin Argentinadakı səfirliyinin yaydığı məlumata görə, Buenos-Ayresdəki “Areté Grupo Editor” nəşriyyat evi ilə əməkdaşlıq çərçivəsində dərc edilmiş “Sobre el origen del Estado de Azerbaiyán” adlı kitabda Azərbaycanın tarixi haqqında danışılır. 

Müəllifin qədim Roma və yunan tarixçilərinə, habelə ilkin orta əsr Suriyası mənbələrinə, həmçinin müasir alman və fransız elm xadimlərinin araşdırmalarına istinadla gətirdiyi əsaslı arqumentlər Azərbaycan dövlətinin qədimliyini bir daha təsdiqləyir. 

Kitabda, eyni zamanda, Qarabağın 2700 illik tarixindən danışılır, onun qədim Azərbaycan ərazisi olduğu diqqətə çatdırılır.

Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurovun kitabın giriş hissəsindəki müqəddiməsində ölkələrimizin tarixinin dərindən öyrənilməsinin əhəmiyyətinə toxunulub, tarixi həqiqətlərin ikitərəfli əlaqələrin və əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə inam ifadə edilib.

Əlbəttə ki, gözəl təşəbbüsdür. Niyə də sıravi argentinalı Azərbaycanı tanımasın? 

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

 

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, gündəliyə keçməzdən əvvəl Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Türkiyə Respublikasında baş vermiş zəlzələdə insanların həlak olmasından kədərləndiklərini bildirib. Komitə sədri Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan dövlətinin dərhal fəaliyyətə keçməsini qeyd edərək, xalqın bütün təbəqələrinin də yardım kampaniyalarına qoşulduğunu vurğulayıb. O, zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, dağıntılar altında qalan insanların tezliklə xilas edilməsini arzulayıb.

Sonra komitənin sədri bildirib ki, gündəliyə 8 məsələ daxil edilib. Diqqətə çatdırılıb ki, ilk dörd məsələ - birinci oxunuşda müzakirəyə çıxarılan “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə, 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri bir-biri ilə bağlıdır.

Bu dörd qanun layihəsi barədə komitənin üzvü Əminə Ağazadə məlumat verib. O bildirib ki, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır. 

“Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində, xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.

2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas məqsədləri prokurorluq orqanları işçilərinin xüsusi geyim formasının prokurorluq orqanlarına mənsubiyyətinin daha dəqiq formada təsbit edilməsi, bu sahədəki ölkədaxili və ölkə xaricindəki qabaqcıl təcrübə əsasında mövcud xüsusi geyim forması və fərqlənmə nişanlarının təkmilləşdirilməsidir.

“Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də prokurorluq işçilərinə verilən xidməti vəsiqə nümunəsinin təsdiq edilməsi qaydalarının dəyişdirilməsi məqsədilə hazırlanıb.

Gündəliyin 5-ci məsələsi olan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə komitə üzvü Kamal Cəfərov məlumat verib. 

O bildirib ki, Miqrasiya Məcəlləsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasında uzunmüddətli yaşamağın 2 növü var: müvəqqəti yaşamaq və daim yaşamaq. Müvəqqəti yaşamaq icazəsinin müddəti bir ildir və hər dəfə də bir il artırıla bilər. İkinci ildən sonra isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin daim yaşaması üçün hüquq yaranır. Təqdim edilən dəyişikliklər də bu sahədəki münasibətləri təkmilləşdirmək, sui-istifadə hallarını aradan qaldırmaq, eyni zamanda, Azərbaycan iqtisadiyyatına real töhfə vermək istəyən əcnəbilər üçün imkanları daha da dəqiqləşdirmək və asanlaşdırmaq məqsədləri daşıyır. 

Kamal Cəfərov əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə hüquqi şəxs yaratması, müvəqqəti və ya daimi yaşaması üçün icazə almaları ilə bağlı layihədə təklif olunan dəyişikliklərin konseptual baxımdan geniş şərhini verib.

Gündəliyin 6-cı məsələsi olan “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsini komitə üzvü Vüqar İskəndərov təqdim edib. 

O bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb.

Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə, tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda, həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər.

Gündəliyin 7-ci və 8-ci məsələləri barədə komitə sədri Əli Hüseynli məlumat verərək bildirib ki, bunlar ikinci oxunuşda olan qanun layihələridir. Komitə sədri borc və kredit müqaviləsi üzrə münasibətlərin təkmilləşdirilməsi məqsədilə hazırlanan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

O, “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəd haqqında birinci oxunuşda ətraflı məlumat verilib və deputatlar tərəfindən layihə ilə əlaqədar hər hansı bir təklif daxil olmayıb.

Qanun layihələrinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Azay Quliyev, Fəzail Ağamalı, Nurlan Həsənov, Erkin Qədirli, Nizami Səfərov, Tahir Kərimli çıxış edib, fikirlərini və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda gündəlikdəki qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Sabir Hacıyev, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

İki məşhur şəxsiyyətin - Siyavuş Kəriminin və Rəfael Hüseynovun ərsəyə gətirdikləri “Can Türkiyəm” mahnısı bu ağır günlərin kədər yükünü ortaya qoyur. Rafael Hüseynovun sözlərinə Siyavuş Kəriminin bəstələdiyi mahnını müğənni Zabitə Əliyeva ifa edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mahnının yaranma tarixçəsi belə olub. Fevralın 6-da gec saatlarda Siyavuş Kərimi dostluq etdiyi Rəfarl Hüseynova zəng vurub. 

Bayaqdan bir neçə saat boyunca birgə imişlər və söhbətləri də hansı səmtə yönəlirmişsə yenə gəlib Türkiyənin yaşadığı zəlzələ acılarının üstünə çıxırmış. 

Siyavuş Kərimi deyib ki, gəlmişəm evə, yenə fikrimdə o faciə dolaşır, heç rahat ola bilmirəm. 

Və Rəfael Hüseynova təklif edib: “Bəlkə bir şeir yazasan, dərdimizi qısa bir ağı ilə ifadə edək, ürəyimiz bir az toxtasın”.

Siyavuş Kərimi musiqini ifa edib, Rəfael Hüseynov dinləyib, az sonra mətni yazıb göndərib və bəndləri də bir qədər çox eləyib ki, seçmək imkanı olsun.

Bu səhər bu ağı-nəğmə hazır olub. 

 

Bu daş altda qalan çocuq.

Vaxtsız uçan mələyimdir.

Açılmadan solub gedən 

Məsum, incə çiçəyimdir.

 

Torpaq deyil bu tərpənən,

Ürəyimdir, qan ağlayır.

Bu ələmə göy də, yer də,

Qara geyib göy bağlayır.

 

Kədərinə qardaş qurban!

Mənim yaram sənin yaran.

Hər dərdinə həmdəm, hayan,

Yanındadır Azərbaycan!

 

Hardan gəldi bu müsibət?!

Qıymaz buna Pərvərdigar!

Ömürlərə zəhər qatan 

Şərdə iblis havası var!

 

Can Türkiyəm! Səninləyəm!

Qara yellər sənə neynər!

Hər acıdan güclü Vətən

Bu qəmə də sinə gərər!

 

Kədərinə qardaş qurban!

Sənin yaran mənim yaram.

Hər dərdinə həmdəm, hayan,

Yanındadır Azərbaycan!

 

Başın sağ olsun, əziz Türkiyə!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsin müzakirəyə çıxarılıb. Ölkəmizdə əcnəbilərin məskunlaşması xüsusən aktual məsələ hesab edildiyindən müzakirə bizdə maraq doğurub. 

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Dəyişikliyin əsas məğzi məhz budur. 

Dəyişikliyə əsasən, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər iki dəfə artırılır.

Belə ki, daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.

Qeyd edək ki, həmin məbləğlər müvəqqəti yaşamaq icazəsinin alınması üçün 100 min manat məbləğində məqbul hesab edilir.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

 Mərasimdə Azərbaycan Prezidenti iştirak edib 

 

Bu gün Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışı mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. 
 “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib:

 

 - Sabahınız xeyir olsun. Bu gün biz görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışına toplaşmışıq. Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır. 

 Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur. 

 Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur, şəhərimizin küçələrindən birinə onun adı verilmişdir, eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır. Onu da bildirməliyəm ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Tofiq Quliyevə Azərbaycanın ovaxtkı ən ali ordeni olan “İstiqlal” ordeni verilmişdir. 

 Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi. 

 Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində Ulu Öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq - biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək. 

 Mən bu gözəl hadisə münasibətilə, ilk növbədə, Tofiq Quliyevin ailə üzvlərini, Azərbaycan musiqi ictimaiyyətini və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sağ olun.

 x  x  x

 Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və Tofiq Quliyevin qızı Lalə Quliyeva çıxış ediblər.

 Daha sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.

 Onlar Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına bir daha minnətdarlıqlarını bildiriblər.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(08.02.2023)

Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərlə əlaqədar ölkədə elan olunmuş ümummilli matəm səbəbilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib. 

 

“Ədəbiyyat və incəsənət“ portalının Fonddan aldığı məlumatda deyilir ki, bununla Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikasına və qardaş türk xalqına həmrəylik mesajı verilib.

Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu hadisənin meydana gəldiyi ilk saatlardan etibarən bəyanat yayıb. Bəyanatda deyilir: “Can Türkiyəmizdə, episentri Kahramanmaraş şəhərində yerləşən güclü zəlzələnin baş verməsi xəbərini böyük sarsıntı ilə qarşıladıq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu kədərli gündə Türkiyənin yanında olduğunu bildirir, fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir.

Fond dağıntılar altında qalan vətəndaşların sağ-salamat xilas edilməsini arzulayır, lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirir.

Dualarımız qardaş və bacılarımızladır...”

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

 

Bu gün görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasovun vəfatından 31 il ötür.

 

Əşrəf Cəlal oğlu Abbasov 1920-ci il martın 23-də Azərbaycanın dilbər guşəsi, musiqiçilər diyarı Şuşada anadan olub. İlk orta və tar ixtisası üzrə musiqi təhsilini bu şəhərdə alıb. Təhsil aldığı müddətdə musiqi məktəbində nəzəri fənlər müəllimi - Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fatma Zeynalova onu dünya bəstəkarlarının yaradıcılıqları ilə tanış edir. Musiqiyə marağı onu tar üçün kiçik həcmli pyeslər yazmağa həvəsləndirmişdi. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli bu gəncin istedadını görür və onu Bakıya təhsil almağa dəvət edir. Beləliklə, 1936-cı ildən etibarən Əşrəf Abbasovun həyatında maraqlı dövr başlayır. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını), 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. Ömrü boyu Şuşa musiqi mühitinin və Üzeyir Hacıbəylinin əsasını qoyduğu peşəkar bəstəkarlıq məktəbinin ənənələrini yaradıcı şəkildə davam etdirib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Əşrəf Abbasovun xidmətləri böyükdür. O, xalq musiqisinə yaradıcılıqla yanaşaraq, özünün yeni əlavələri ilə orijinal əsərlər yazıb. Eyni zamanda, klassik irsi dərindən mənimsəməsi, müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnməsi onun əsərlərinin mükəmməlliyini təmin edən amillərdəndir. Odur ki, bəstəkarın əsərləri yüksək peşəkarlığı, bədii məzmunun aydınlığı, mövzularının müasirliyi, emosionallığı, səlis üslubu ilə diqqəti cəlb edir. Həmişə axtarışda olan bəstəkarın əsərləri janr müxtəlifliyi ilə də seçilib.

Əşrəf Abbasovun yaradıcılığında xüsusi yeri simfonik musiqi tutur. Bu sahəyə bəstəkar bütün yaradıcılığı boyu müraciət edib. Onun simfonik orkestr üçün ilk əsəri tələbə ikən yazdığı “Rəqs süitası” olub. Aydın ifadə tərzinə, melodik zənginliyə və forma vəhdətinə malik bu əsər 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə böyük maraqla qarşılanıb.

Əşrəf Abbasovun fortepiano ilə orkestr üçün “Konsert”, simfonik orkestr üçün “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema”sı bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün süitalar da yazıb. Bütün bu əsərlər Niyazi, Alqis Cüraytis, Rauf Abdullayev kimi görkəmli dirijorların təfsirində səslənərək, müəllifinə böyük şöhrət gətirib.

Bəstəkarın yaradıcılıq zirvəsində duran “Qaraca qız” baleti həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bu əsər S.S.Axundovun eyniadlı hekayəsi əsasında hazırlanıb. Librettonun müəllifi isə Xalq artisti Əfrasiyab Bədəlbəyli idi.

Müəllif “Qaraca qız”da milli xoreoqrafiya ilə klassik balet ənənələrinin gözəl vəhdətinə nail olub. O, hadisələrin dramatizmini və obrazların psixoloji səciyyəsini gərgin və parlaq harmonik ahənglər, tembr rəngarəngliyi, maraqlı polifonik vasitələr, xalq musiqi intonasiyalarından istifadə etmək yolu ilə verib. Klassik balet ənənələrinin ən gözəl nümunələrindən biri olan bu səhnə əsərini təkcə uşaqlar deyil, böyüklər də maraqla seyr ediblər.

Zəngin yaradıcılığa malik Əşrəf Abbasovun musiqi bəstələdiyi mahnı və romanslar şeirlərin mətni ilə poetik vəhdət yaradıb. Onun M.Füzulinin, M.P.Vaqifin, M.Müşfiqin, A.Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları, mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir.

Bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilib. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirib. Bu tamaşalar uzun illər Məmmədsadıq Nuriyev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Mobil Əhmədov kimi görkəmli aktyorların ifasında Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) repertuarında olub.

Əşrəf Abbasov instrumental musiqiyə də müraciət etmiş, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün də əsərlər yazıb. Onun bir sıra əsərləri tədris proqramlarına daxil edilib.

Bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyli və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb. O, Azərbaycan bəstəkarları arasında həm də ilk sənətşünaslıq namizədi olmuş, musiqişünaslarımızın bir çox elmi əsərlərini redaktə edib.

Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, kafedra müdiri vəzifələrində çalışıb. Onun musiqi mədəniyyətimizin inkişafında xidmətləri layiqincə qiymətləndirilmiş və respublikamızın ən yüksək fəxri adlarına layiq görülüb.

Görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat edib.

Bütün ömrünü, istedadını, yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunub, onun əsərləri zamanın imtahanından şərəflə çıxaraq, xalqımızın qəlbində özünəməxsus yer tutub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

 

Mədəniyyət Nazirliyi balacaları da əsla unutmur. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının azyaşlı və gənc tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərlərindən olan “Sehrli nəğmə” tamaşası “Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Səhnə əsəri fevralın 11-də saat 12:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

 

Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.

Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.

Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.

Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.

Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli və Cəmilə Mənsurova iştirak edəcəklər.

Tamaşada səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.

 

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.