Super User

Super User

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,14 aprel 2023-cü il

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.202

Cümə, 14 Aprel 2023 15:47

İdeologiyaya aldanan böyük millətçi

 

Bu gün görkəmli ictimai-siyasi xadim, həkim, yazıçı Nəriman Nərimanovun anadan olmasından 153 il ötür

 

14 aprel görkəmli ictimai-siyasi xadim, həkim, yazıçı Nəriman Nərimanovun anadan olmasının ildönümüdür. Bakıda onun əzəmətli abidəsinin yanından keçəndə hər kəs sual edir: Nərimanov kimdir? Qırmızı bolşevik diktaturasının rəsmisi, yoxsa millətini sevən bir ziyalı? Cavabsa belədir: hər ikisindən. 

“Ədəbiyyat və incəsənət” portalı Nəriman Nərimanovu Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri kimi xarakterizə edir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi. 

Gəlin onun tərcümeyi halına göz yetirək. Nəriman Nərimanov 1870-ci ildə aprelin 14-də Tiflis şəhərində anadan olub. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərirdi.

1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Bu hökumətin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi. 

Nəriman Nərimanov həm də gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.

Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edirdi. 

N.Nərimanov bir ata kimi oğlu Nəcəfi çox sevirdi və onun işıqlı gələcəyinə inanırdı. 2 dekabr 1919-cu ildə doğulan Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilən Nəcəf 1938-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) tank-texniki məktəbinə daxil olur. 1939-cu ildə onu Kiyevdəki məktəbə dəyişirlər. 1940-cı ilin oktyabrında o, məktəbi qurtarır və 15-ci tank diviziyasının 29-cu tank polkunda texnik kimi işə başlayır. Sonralar İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən Nəcəf 10 sentyabr 1943-cü ildə, 23 yaşında həlak olur. Onun məzarı Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinin mərkəzindədir.

Nərimanov 19 mart 1925–ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazırdı: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”. 

Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu. 

Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirib. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Qeyd etdiyimiz kimi, Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilib. Bundan başqa, Bakıda N. Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

Özbəkistanda keçirilən “Şuşa günləri” çərçivəsində Daşkənddə Dövlət Sənət və Mədəniyyət İnstitutunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Qarabağ geyimlərinin moda sərgisi, Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konsert proqramı təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, tədbir iştirakçıları öncə Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan mədəniyyəti və incəsənəti auditoriyası ilə tanış olublar.

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun konsert zalında davam edən tədbirdə İnstitutun rektoru Eldor Şermanov çıxış edərək Türk dövlətləri, Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr, tarixi münasibətlər haqqında danışıb, “Şuşa günləri”nə həsr olunmuş növbəti tədbirin Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilməsinin bu təhsil ocağının tarixində mühüm hadisə olduğunu qeyd edib. 

Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və incəsənətinə böyük şəxslər bəxş etmiş Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsini vurğulayan rektor şəhərin zəngin incəsənətinin öyrənilməsi və təbliğinin Özbəkistan üçün də maraq kəsb etdiyini söyləyib. 

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında əməkdaşlıq, mədəni əlaqələrin inkişafı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və layihələri haqqında məlumat verib. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin, mütəfəkkirlərin vətəni Şuşanın Azərbaycan və Türk dünyası mədəni həyatında rolu və yeri haqqında danışıb. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən “Şuşa günləri” haqqında məlumat verib, Azərbaycanda xalçaçılıq, dekorativ sənət, rəssamlıq, teatr sənəti, kitabxana, nəşriyyat, ilk dünyəvi məktəbin yaranmasının Şuşanın adı ilə bağlı olduğunu qeyd edib. O, “Şərqin konservatoriyası” adlandırılan şəhərin erməni işğalından azad edildikdən sonra əvvəlki şöhrətinin qaytarıldığını, sovetlər dövründə Şuşada keçirilən “Xarı Bülbül” Beynəlxalq Musiqi Festivalı və “Vaqif poeziya günləri” tədbirlərinin bərpa olunduğunu, Şuşanın nəinki Azərbaycanın, bütün Türk dünyası insanları üçün mühüm və müqəddəs bir məkana çevriləcəyini bildirib. 

Tədbirdə çıxış Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün tarixindən söz açıb. Azərbaycan ordusu tərəfindən aparılmış 44 günük Vətən müharibəsi, Özbəkistan dövlətinin və özbək xalqının Azərbaycanın yanında olması, Vətən Müharibəsi zamanı bu dəstəyi daha yaxından hiss etdiklərini qeyd edib, Şuşa şəhərinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. 

Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er Türk dövlətləri, Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşləri barədə danışaraq, qardaş xalqların tarixin bütün sınaqlarından birgə keçdiklərini, eyni sevinci və kədəri paylaşdıqlarını, bu gün də bütün sferalarda istər dövlət olaraq, istərsə də xalq olaraq həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar. 

Tədbirin bədii hissəsində tanınmış Azərbaycanlı modelyer Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” Milli Geyim Kolleksiyasının moda nümayişi keçirilib. Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri tərəfindən nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların alqışları ilə qarşılanıb. 

Konsert proqramda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konserti təqdim olunub. Musiqi qrupu Azərbaycan, Türk, Macar əsərləri, həm də Xocalı soyqırımına aid əsərlər ifa edib.

Azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Qarabağa dair musiqilər səsləndirilib.

Sonda Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.

 

“Ədəbiyyat və incəsənət” AzərTACa istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə məlumat verib. 

Qeyd edib ki, Heydər Əliyev Mərkəzi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq tədbirlərlə, konsertlərlə yanaşı türk incəsənətinin nümayişi və təbliğatı istiqamətində bir sıra layihələr həyata keçirib: “Bu istiqamətdə növbəti layihəmiz Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisidir. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Devrim Erbilin rəsm əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək yüzlərlə sərgisi açılıb. Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur”.

“Türkiyədən sevgilərlə” sərgisinin kuratoru Renk Erbil qardaş ölkədə olduğundan məmnunluğunu bildirib: “Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.

Tanınmış türk sənətşünas, professor Kiymet Giray rəssam və onun sərgisi haqqında danışıb. O deyib: “Sərgi ilə əlaqədar burada olmaqdan çox məmnunuq. Sərginin gerçəkləşməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, həmçinin köməyi və dəstəyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Bu gün bizimlə bu həyəcanı bölüşən bütün tədbir iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Devrim Erbil türk rəsm sənətinin ən önəmli sənətçisi olmaqla yanaşı, eyni zamanda, dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. Onun dünyanın bir çox ölkələrində sərgiləri açılıb”.

1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığı onun yaradıcılığından da yan keçməyib. Türkiyənin rəsm sənətinin tanınmış simalarından olan D.Erbilin İstanbula həsr etdiyi əsərləri dünyada məşhurdur. Mərkəzdə açılan ekspozisiyada isə müəllifin həm də Bakıya həsr etdiyi əsərləri ilk dəfə sərgilənir. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi və beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. O, eyni zamanda, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.

Türkiyəli rəssam Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib: “Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Təkcə simanız deyil, həmçinin qəlbiniz gözəldir. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Mənə burada Qarabağın da rəsm əsərini çəkəcəyim barədə sual verdilər. Acısını birgə çəkdik, hiss etdik, amma oranı görəndən sonra bəlkə də oranın da rəsmini çəkəcəyəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Qardaş Azərbaycan xalqı ilə belə bir tədbirdə birgə məkanda görüşmək çox qürurvericidir. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”. 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. 

Qeyd edək ki, fırça ustasının Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

ABŞ Prezidenti Cozef Bayden tanınmış müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib. Bu barədə ABŞ liderinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı izvestiya.ru-ya istinadən xəbər verir ki, sənəddə vurğulanır: Stefani Coann Ancelina Cermanotta (yəni Ledi Qaqa) 

13-cü “Qremmi” mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir. Daha əvvəl “Time” jurnalı onun adını dünyanın 100 ən nüfuzlu adamının siyahısına daxil edib. Və unutmayaq ki, müğənni xeyriyyəçilik fəaliyyətində və bəzi ictimai kampaniyalarda da fəal iştirak edir. Odur ki,

onun Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edilməsi məqsədəuyğundur.”

“Ədəbiyyat və incəsənət” portalı xəbərə əlavə edir ki, ABŞ-da 1982-ci ildə yaradılmış 

 Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsin ABŞ Prezidentinə və hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı tövsiyələr verir. 

Cozef Bayden Komitəyə, həmçinin Bryus Koeni həmsədr təyin edib. 

Və gəlin onu da unutmayaq ki, bu təyinatın kökündə təkcə Baydenin mətbuat xidmətinin yaydığı sənəddəki məqamlar dayanmır. 

Ledi Qaqa Baydenin seçki kampaniyası çərçivəsində tədbirlərdə fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.

Heç nə unudulmur!

 

Şəkildə: Bayden və Ledi

Qaqa

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

Baharda təbiət oyananda ilk diqqəti cəlb edən rəng qamması olur, rəng çalarlarının bolluğu olur. Təbiətdən sonra ən çox rəng daşıyıcısı rəssamların tabloları hesab edilir. 

“Ədəbiyyat və incəsənət” portalının növbəti xəbəri elə bu sayaq tablolar barədədir. 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Liatris” Holdinqin dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiasının təşkilatçılığı ilə “İrsi izlər” adlı rəsm sərgisinin açılışı olub. Sərgi mədəniyyət sahəsinə də xüsusi yanaşması ilə yaddaşlarda iz qoyan Heydər Əliyevin 100 illiyinə həsr olunub.

“Ədəbiyyat və incəsənət” portalı Baş İdarəyə istinadən xəbər verir ki, açılış mərasimində ictimai və siyasi xadimlər, xalq rəssamları, sənətşünaslar və sənətsevərlər iştirak ediblər. Sərgidə Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova və digər rəssamların əl işləri nümayiş olunub.

Xalça Muzeyində təşkil olunan və 28 rəssamın 40-a yaxın əsərinin yer aldığı sərgi aprelin 16-a kimi davam edəcək. Sərginin əsas məqsədi Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etməkdir.

 

Qeyd edək ki, sərgi günlərində ziyarətçilər muzeyin iş saatları daxilində (12-15 aprel saat 9:00-18:00 kimi, 16 aprel 9:00-15:00 kimi)  müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış ola, bəyəndikləri rəsm əsərlərini əldə edə bilərlər.

Giriş sərbəstdir.

“Ədəbiyyat və incəsənət” rəsm əsərlərinin qiymətlərilə də maraqlanıb. İnanın ki, çox münasib qiymətlərdir. Yəni dünya standartları ilə götürsək, demək olar ki, havayıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı bu aşağıdakı xəbəri sizə çatdıranda bir məmnunluq hissini də büruzə verir. 

Günəş doğur. Qara buludları itələyib səmada bərqərar olur. Və öz zərrin şəfəqlərini məscidin üzərinə salır.

Bu, tanınmış azərbaycanlı rəssam Çingiz Fərzəliyevin bir tablosunun şərhidir. Həmin tablo Gürcüstandakı sərginin poster tablosudur həm də. 

 

Ermənistanın mənfur hakimiyyəti və onların təfriq etdiyi erməni xalqı Qərbi Azərbaycanımızdan soydaşlarımızı çıxarandan sonra uzun illər Gürcüstanla bağlı də narahatçılığımız var idi. Orada Marneuli və Bolnisi adlanan tarixi torpaqlarımızda yaşayan yüz minlərlə soydaşımızın deportasiya təhlükəsi real idi. Xüsusən 90-cı illərin əvvəllərində Zviad Qamsaxurdiya dövründə azərbaycanlıların təqibləri apogeyə çatmışdı. Şükür ki, sonradan məsələ tənzimləndi, Gürcüstan bizim enerji daşıyıcıları marşrutumuzda tranzit nöqtə olmaqla dividendlər qazandı və soydaşlarımızı rahat buraxdı. 

Və indi Gürcüstandakı soydaşlarımızla bağlı xəbərləri həssaslıqla izləməyimizin də kökündə bu narahatçılıq durur.

 

2023-cü il aprelin 12-də Dimitri Şevardnadze adına Gürcüstan Milli Muzeyinin Qalereyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri” adlı fərdi sərgisinin açılış mərasimi təşkil olunub. Qeyd edək ki, Çingiz Fərzəliyevin kökləri Gürcüstanın şərqində məskunlaşan qədim türk ellərinə bağlıdır. 

Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi çərçivəsində rəssamın müəllifi olduğu əsərlərdən ibarət kataloq təqdim edilib, çoxsaylı nəşrləri - kitab və albomları nümayiş etdirilib.

Qeyd edək ki, “Zamanın pillələri ilə” sərgisi cari ilin 10 may tarixinədək davam edəcək.

Bu yerdə sərhədlərimizdən kənarda məskunlaşan həmyerlilərimizə yiyə duran, bu sayaq tədbirlərlə onları ürəkləndirən Mədəniyyət Nazirliyimizə bir təşəkkür etməyi də gəlin unutmayaq.

 

Şəkildə: Sözügedən rablo; Çingiz Fərzəliyev.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin media subyektlərinin peşəkarlığı barədəki qeydlərini oxucularının ixtiyarına verir.

 

Media subyektləri, jurnalistlər və populyar sosial şəbəkə istifadəçiləri insanların iztirabının, ağır durumlarının əks olunduğu foto və video görüntülərin paylaşılmasına həssas yanaşmalıdırlar. Bu zaman təqdimatın nə dərəcə ictimai əhəmiyyət daşıdığını ciddi şəkildə nəzərə almalıdırlar. Hətta ictimai əhəmiyyət daşıyan hadisələrdə belə, ayrı-ayrı mənəvi detallara diqqət yetirilməsi son dərəcə vacibdir. Xüsusən də uşaqlarla bağlı məqamlara.

Lakin aprelin 11-də Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizdən birinin dəfn mərasimindən çəkilmiş bəzi fotolarda həssas yanaşmanın şahidi olmadıq. Bu baxımdan şəhid övladının çəkdiyi əzabın və acının görüntülənərək yayılması halları ayrıca vurğulanmalıdır.  

Burada mübahisə predmeti kimi iki məsələ üzərində dayanmaq mümkündür. Birincisi, azyaşlının ağır emossional durumunun təsvirinin yolverilməzliyi, ikincisi, cəmiyyətdə ruh düşkünlüyünün, bədbinliyin formalaşmasını doğuracaq təmayülün qabardılması.

Nəzərə alınmalıdır ki, hər iki xüsus Azərbaycan qanunvericiliyi ilə də mübahisələndirilə, müvafiq mexanizmlərin dövriyyəyə girməsinə əsas formalaşdıra bilər. Belə olduqda isə konkret şəxslər, o cümlədən, jurnalistlər üçün hüquqi məsuliyyət perspektivinin reallığa çevrilməsi mümkünləşər ki, bu isə arzuolunmazdır. Əlbəttə, daha arzuolunmaz məqam həm də mənəvi məsuliyyətin ön plana çıxmasıdır.

Azərbaycan Mətbuat Şurası media orqanlarını, jurnalistləri, eləcə də özünü cəmiyyətə informasiya verilməsində məsul sayan hər kəsi, habelə sosial şəbəkə istifadəçilərini diqqətə çatdırdığımız görüntüyə bənzər təqdimatların yayımlanmasına həssas yanaşmağa, onların cəmiyyətdə doğura biləcəyi neqativ reaksiyaları, mümkün mənəvi və hüquqi məsuliyyət məsələlərini əvvəlcədən düşünməyə çağırır.

 

Şəkildə: şəhid övladı

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı bir müddət öncə sizə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həbsi barədə məlumat vermişdik.

Azər Rəcəbov, müəssisənin mütəxəssisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərova  Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1,  311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Budur, onkara hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay və Seymur Səfərov isə şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.

Bu, bir daha sübut edir ki, heç bir cinayət cəzasız qalmır.

Şəkildə: Şəmkir Regional Mədəniyyət İdarəsinin inzibati binaaı və sabiq rəis, hazırkı məhbus Azər Rəcəbov

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.