
Super User
Ümummulli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Ədəbiyyat Forumu keçiriləcək
5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummulli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Forumu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasının evsahibliyi edəcəyi Forumda ölkənin ədəbi elitası bir araya gələcək.
Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətirəcəklər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açacaqlar.
İki günlük Forum zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Aktyorlar arasında bədii qiraət müsabiqəsi təşkil olunacaq
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə mayın 3-dən 5-dək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən..." adlı bədii qiraət müsabiqəsi təşkil ediləcək.
Sözügedən müsabiqənin məqsədi dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii nümunələri təbliğ etmək, habelə milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq, eyni zamanda yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.
Müsabiqədə ilk üç yerin sahiblərinə fəxri fərman və pul mükafatı təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Lefke Avropa Universiteti azərbaycanlı tələbələr üçün xüsusi təkliflər paketi hazırlayıb
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasına və Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasına rəhbərlik edən Ruslan Quliyev Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində Lefke Avropa Universitetinin rektoru Mehmetali Yükselenlə görüşüb.
Ruslan Quliyev “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında bildirib ki, qısa bir müddətdə bu ali təhsil ocağında böyük bir irəliləyişin şahidi olub:
“Burada tələbə sayı 3000 nəfərdən 15000 nəfərə qədər artıb. Ən əsası isə universitetdə tibb fakültəsi açılıb və mən bunu çox böyük uğur kimi qiymətləndirirəm. Bu ildən burada azərbaycanlı tələbələr üçün xüsusi təkliflər paketi də hazırlanıb”.
Onun sözlərinə görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və yeni layihələr barədə müzakirə aparılıb, eyni zamanda Azərbaycan universitetləri ilə tələbə mübadiləsinin həyata keçiriləcəyi bildirilib.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Dəri ətəklərin kombin xüsusiyyətləri
“Ədəbiyyat və incəsənət” portalının MODA bölümündə Səbinə Məmmədova sizlərə bu gün ətəklər barədə kuturye tövsiyyəsini təqdim edəcək. Söhbət dəri ətəkləri necə kombin etməkdən gedəcək.
Midi ətəklər qadınların vazkeçilməzləri arasındadır. Bir çox qadın bu ətəklərlə öz çəkiciliyini ortaya qoymağı bacarır. Əsasən də iş qadınları bu geyimdən xüsusi olaraq istifadə edir. Son illər isə xüsusilə dəri ətəklər aktualdır. Bu geyimi isə bir az kombin etmək çətindir. Çünki dəri geyimləri bacardıqca sadə paltarlarla birləşdirmək lazımdır.
Bəs, midi ətəkləri necə kombin etmək olar?
Beləliklə, bununla bağlı bir neçə kombin təkliflərini təqdim edirik.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
O, Güney Azərbaycanda milyonların sevimlisi idi
Bu gün Xalq artisti Məhluqə Sadıqovanın doğum günüdür
Taleyin hökmüylə ikiyə bölünən və tikanlı məftillərlə bir-birinə həsrət qalan Quzeyli və Güneyli Azərbaycanı uzun illər ədəbiyyat və bir də Azərbaycan Radiosu birləşdirib. Güneylilər Quzeydə yaranan Araz həsrətli mükəmməl poeziya nümunələrini əzbər biliblər, eyni zamanda radio verilişlərini mütəmadi dinləyiblər. İranda Ana dilində yazmaq, oxumaq, musiqi dinləmək, filmə baxmaq - hər şey yasaq olduğundan ümid Sovet Azərbaycanının radiosuna qalıb. Azərbaycan radiosunun “Bulaq” verilişini xüsusən o tayda məşhur olub, aparıcı Məhluqə Sadıqovanının səsi ümid olub, təsəlli olub, məlhəm olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovanın anadan olmasından 106 il ötür.
“Bulaq” verilişinin qızıl səsli aparıcısı 1917-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan görkəmli aktrisa ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağı ilə bağlamışdır. Azərbaycan teatr məktəbinə xas olan yüksək peşəkarlıq, böyük emosional təsir gücü, zamanın ruhunu gözəl əks etdirmək bacarığı onun yaradıcılığında öz parlaq ifadəsini tapıb. Aktrisa Azərbaycanın böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə həmişə sadiq qalıb. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.
Doğma səhnədə, əsasən, lirik və xarakterik rolların yaddaqalan ifaçısı kimi tanınan görkəmli sənətkar yaratdığı dolğun və rəngarəng obrazlarla Azərbaycan teatr sənətinin inkişafına mühüm xidmətlər göstərib. Məhluqə Sadıqovanın ifasında təbii və gözəl səhnə təcəssümünü tapdığı üçün tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bu qadın obrazları böyük aktyor sənətinin qiymətli nümunələri olub, Azərbaycan milli teatr salnaməsinin unudulmaz səhifələrini təşkil edir.
Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də yaxşı tanınıb. O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.
Ali insani keyfiyyətləri özündə toplayan Məhluqə xanım Azərbaycan qadınının canlı təcəssümü kimi tamaşaçıların həmişə sevimlisi olub, öz sənətkar şəxsiyyəti ilə bir neçə nəslin yüksək milli-mənəvi dəyərlər ruhunda yetişməsində əhəmiyyətli rol oynayıb.
Məhluqə Sadıqovanın milli teatr sənətimizin inkişafı sahəsində hədsiz sədaqətlə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Günün fotosu: Türkiyə prezidenti seçkilərinə start verildi. Öncə Almaniyada
Günün fotosu: Türkiyə prezidenti seçkilərinə start verildi. Öncə Almaniyada
Xaricdəki türk diasporunun nümayəndələri Türkiyədə yalnız may ayının ortalarında keçiriləcək prezident və parlament seçkilərinə start veriblər.
Xaricdə yaşayan üç milyon türk vətəndaşı prezident və parlament seçkilərində vaxtından əvvəl səs verirlər. Ən çox təmsil olunan türk icmasının yaşadığı Almaniyada 16 şəhərdə seçki məntəqələri açılıb.
Foto: İkili vətəndaşlıq seçicisi, Essen, Almaniya, 27 aprel 2023-cü il. Martin Meissner müəllif hüquqları / Copyright 2023 the AP. All rights reserved.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Məcid Behbudovun 150 illiyi ilə bağlı tədbirin vaxtı dəyişdirilib
Xəbər verdiyimiz kimi, bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illiyi tamam olur. Bu münasibətlə mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyi münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirin vaxtı dəyişdirilib.
Muğam Mərkəzi tədbirin mayın 5-də keçiriləcəyini açıqlayıb. Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək.
Qeyd edək ki, Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb.
Dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaşöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərlə məhz Məcid Behbudovun obrazını yaradıb.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Həmyerlimiz “Forbes”in siyahısında
Rusiyanın "Forbes" dərgisi 30 yaşına çatmayan 30 ən məşhur simanın reytinqini hazırlayıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, nəşrin internet saytında iştirak etmək üçün 100 namizəddən ibarət uzun siyahı dərc edilib. Siyahıya on müxtəlif kateqoriya üzrə 30 yaşa qədər on ən parlaq gənc daxildir.
"Forbes"də "Bizim qəhrəmanlarımız 30 yaşına qədər peşəkar ictimaiyyətdə tanınıb, Ümumrusiya və hətta qlobal səviyyədə tanınan insanlardır" sözləri qeyd edilib.
Siyahıda azərbaycanlı ifaçı, 27 yaşlı Coni də yer alıb. (Cahid Hüseynli). Nəticələr dərginin iyun buraxılışında yayımlanacaq.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
“Mən vətənəm" kitabının Samuxda təqdimatı olub
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, Vətən müharibəsi iştirakçıları, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açaraq, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif edib. Daha sonra fikrini davam etdirərək kitabın önəmini, ümumiyyətlə layihənin vətənpərvərliyin təbliği istiqamətində önəmli əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra söz layihənin rəhbəri, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara verilib. İntiqam Yaşar layihə və kitab haqqında, Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyəti haqqında geniş məlumat verərək tədbirin təşkil edilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təqdimatı təşkil olunan kitabın aktuallığı, kitabda yer alan Vətən müharibəsi iştirakçısı olan yazarların yazılarının xüsusi əhəmiyyətə malik olduğu qeyd olunub.
Daha sonra şair, Vətən müharibəsi iştirakçısı və kitabda şeirləri yer alan Həsən Kür, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Elməddin Nicat, Samux rayon milli qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin hərbi müəllimi ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsində ağır artilleriya komandiri olmuş Elman Qurbanov, Mədəniyyət Mərkəzinin rejissoru Ramin Orucov, Vətən müharibəsi iştirakçısı, qazi Nurlan Qasımov və başqaları kitab haqqında çıxış edərək kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Çıxışlardan sonra məktəblilərin ifasında "Mən Vətənəm" kitabından ayrı-ayrı qazi şairlərin şeirlərindən parçalar səsləndirilib.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəsürüatları, gənclərə tövsiyələri dinlənilib. Yekunda müzakirələrdə aktiv iştirak edən iştirakçılar diplomlarla təltif edilib. Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)
Poetik qiraətdə Elxan Yurdoğludur – “Payız mənzərələri”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
Elxan YURDOĞLU
KƏND MƏNZƏRƏLƏRİ
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
Təkcənə dolaşdım həyət-bacanı,
Gah alma dişlədim, gah əncir yedim.
Mənə ürkək baxan toyuq-cücəyə
Dən səpib bir neçə qımqıma dedim.
Arxın kənarında gilənarları
Budaq-budaq gəzib birini tapdım.
Elə bil 20 il bundan əvvəlki
Sevdiyim o qızın yerini tapdım.
Kirpi yuvasını boş gördüm bu gün,
Üzüm tənəyində sərçələr kefdə.
İndi qarğaların qoz mövsümüdü,
Səsləri kəsilməz 5-6 həftə.
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)