Super User

Super User

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

 

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

 

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

 

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

1-7-cı yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 6-cı yerlə tanış olun.

 

 

 

1.Entoni Robbins. «Özündə nəhəngi oyat»

 

2.Robin Şarma. «Titulsuz lider»

 

3.Bodo Şefer. «Qaliblərin qanunları»

 

4.Tom Piters. «Özünü brendə çevir»

 

5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür”

 

6.Marşal Qoldsmit. «Başından uca tullan»

 

7.Brayan Treysi. «Maksimuma çatmaq»

 

 

 

8.Devid C.Şvarts «Masştablı düşünmək sənəti»

 

Müəllif öz kitabında masştablı düşünmə prinsiplərini, praktik məsləhətlər və metodikalar təqdim edir ki, bunları mənimsəməklə oxucu istənilən fəaliyyət sferasında uğur qazanmağa müvəffəq olur.

 

Masştablı düşünmək, ilk öncə, məqsədinizin dəqiq ifadə edilməsi üçündür. «Əgər siz can atdığınız hədəfi dəqiq görməyə başladınızsa, onda bütün enerjinizi həmin hədəfi vurmağa yönəldin», - deyir Devid C.Şvarts.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(17.05.2023)

 

 

 

 

Çərşənbə, 17 May 2023 11:30

“Min bir gecə” yenidən səhnədə

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq.

 

Və tamaşanın nümayişi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq.

Təqdim olunacaq balet tamaşasında əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa edəcəklər.

Tamaşanın dirijoru Orxan Həşimov, balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır

 

Biletlər şəhərin bütün kassalarında və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş milli kulinariya çempionatını əlbəttə ki, çoxlarınız gözləyirdi. Çempionatın keçirilmə tarixi nəhayət ki, yetişdi, mayın 17-dən 19-dək “Bakı Ekspo Mərkəzi”ndə ləzzət ustaları bir araya gələcəklər. 

 

“InterFood Azerbaijan 2023” beynəlxalq sərgi çərçivəsində keçiriləcək çempionat komandalar və ayrı-ayrı şəxslərə öz sahəsində yüksək peşəkarlıq səviyyəsini, istedad və dünya miqyasında mehmanxana-restoran biznesinin tələblərinə uyğun olmaq istəyini nümayiş etdirməyə imkan verir.

Çempionat Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası (Worldchefs), Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi ilə birgə təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Çərşənbə, 17 May 2023 11:00

6 il sonranı görə bilmək bacarığı

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, bioloq-alim Sadiq Qarayevin 2014- cü ildə nəşr olunan “Sahilsiz Təzadlar” romanında Şuşa haqqında gəlişmələrini diqqətinizə çatdırır. 

 

Şuşa... “Bəşəriyyətin qlobal problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Dünyanın bir çox ölkələrindən tanınmış alimlərin, o cümlədən “Nobel” mükafatı laureatlarının, ictimai-siyasi xadimlərin qatıldığı bu tədbirdə Əli və Nərmin də iştirak edirlər. Onlar eyni zamanda bu il təqdim olunacaq “Nobel” mükafatına namizədlər sırasında yer alıblar. Əli fizika üzrə, kainatın yaranmasını izah edən yeni “Orbitlər” nəzəriyyəsinin müəllifi kimi, Nərmin isə “Gözdənəlil doğulmuş uşaqların görmə qabiliyətinin bərpası” istiqamətində apardığı uğurlu tədqiqatlara görə, tibb üzrə veriləcək “Nobel” mükafatına iddiaçılar sırasına düşmüşdü. 

Şuşa şəhəri axır vaxtlar tez-tez bu cür nüfuzlu, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Nəinki regionda, eləcə də artıq dünyada öz iqtisadi, elmi qüdrəti ilə fərqlənən, bunların əsasında daha sərbəst, müstəqil siyasət aparan Azərbaycan dövləti Dağlıq Qarabağda, eləcə də ona bitişik işğal olunmuş digər rayonlarda öz suveren hüququnu bərpa etdikdən sonra sürətlə quruculuq, abadlıq işlərinə başlamışdır. Əvvəllər işğal altında olan bütün kənd, qəsəbə, şəhərlərdə qısa müddətdə aparılan yenidənqurma, bərpa işlərinin kəmiyyəti, keyfiyyəti və sürəti bütün dünyanı heyrətə salmışdı. Dünya klassik bir həqiqəqtə təkrar əmin olurdu ki, doğrudan da həqiqi dövlət xalqdan qaynaqlanır, onun istək və arzularını gerçəkləşdirir. Xalq vətən saydığı, özününkü hesab etdiyi adi daş parçasına, ağac budağına, qaranquş yu-murtasına belə, öz diqqət və qayğısını göstərir. Şəhərdə aparılan tikinti quruculuq işləri ilə, vaxtilə buranı işğal edən ermənilərin hər şeyi dağıdıb, viran qoymaq faktları arasındakı fərq, özünün olana və özgənin hesab etdiyinə göstərilən münasibətlərin fərqinə bərabərdir. 

Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən gözəl Şuşa şəhəri Qafqazın ən inkişaf etməkdə olan, səliqə-səhmanlı, milli və müasir memarlıq üslubunda tikilən yaraşıqlı binalarla zənginləşmiş, gözəl şəhərə çevrimişdir. Bu yerlərin təbii gözəlliklərini, təkrarsız iqlim şəraitini də nəzərə alsaq, onda axır vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin burada keçirilməsinin səbəbləri aydın olur.

Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Şuşanın mərkəzindəki abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, sonra Cıdır düzündə, möhtəşəm Bayraq meydanında gəzmişdilər. Burada dalğalanan Azərbaycanın üçrəngli bayrağının fonunda kollektiv şəkil də çəkdirmişdilər. Konfrans iştirakçıları və xarici turistlər Azərbaycanın görkəmli şairi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin  yenidən bərpa olunmuş əzəmətli məqbərəsini də ziyarət edib, onun da qarşısında xatirə şəkli çəkdirmişdilər. 

Saat onda başlayan konfrans, iki gün davam etmişdi. Konfrans bitdikdən sonra Nərmin Şuşanın mərkəzində yerləşən “Gövhər ağa” məscidinə gedib, orada namaz qıldı. Sonra isə o, bayıra çıxıb, məscidin yeni təmir edilmiş qoşa minarəsinə heyranlıqla tamaşa etdi. Bu məscidi Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın qızı Gövhər ağa (XIX əsrin əvvəllərində) tikdirmişdir. 

Əli ilə Nərmin birlikdə İsa bulağına gəlmişdilər. İyun ayının əvvəlləri idi. Bu vaxtlar İsa bulağı daha gur axırdı. Bu yerlər isə Cənnəti xatırladırdı. Əli ilə Nərmin əvvəlcə Şuşanın küçələrində gəzmiş, məktəbdən çıxan uşaqların dəstə-dəstə, şən halda evlərinə getdiklərinə tamaşa etmiş, yasəmənlərin, qızılgüllərin ətirlərini ciyərlərinə çəkmiş, oxuyan quşların səsinə birlikdə qulaq asmışdılar. Sonra isə İsa bulağına Əlinin avtomobilində gəlmişdilər. Burada Azərbaycanın müxtəlif yerlərindən, eləcə də xarici ölkələrdən turist kimi dincəlməyə gələn xeyli insan var idi. 

Əli ilə Nərmin bulaqda əl-üzlərini yudular. Doyunca, bu əvəzsiz bulağın insana güc, sevinc gətirən suyundan içdilər. Nərmin çoxdandır ki, bu cür saf bulaq suyu içməmişdi. Çoxdandır ki, insanı özünə valeh edən təbiət mənzərəsi görmürdü. Həm də xeyli vaxt idi ki, qarşısında həyatının mənası hesab etdiyi Əlini görmürdü. Bütün bu gözəlliklər və sevdiyi şəxslə bir yerdə olması Nərminin ömrünün dayaq nöqtəsi idi. Ona elə gəlirdi ki, sanki, sürətlə gəncləşir. 

Onlar bulağın bir tərəfində qoşa, hamar daşın üstündə əyləşmişdilər. Əli diqqətlə Nərminin dən düşmüş saçlarına baxıb dedi:

– Çoxdandır ki, səni görmürəm. Heç dəyişməmisən. Yəqin ki, cığallıq edib, tibbin gənc qalmağa kömək edən nailiyyətlərini başqalarına demirsiz. Ancaq özünüz istifadə edirsiz. 

Nərmin gülümsədi. Əli onun yanağında əmələ gələn batığa baxırdı. Heç nə dəyişməmişdi. İllər öncə Zorbulaq yaylağında da Nərmin güləndə yanağında bu cür batıq əmələ gəlirdi. Bu anlar Əliyə elə gəlirdi ki, Nərmin gözəllik deyilən anlayışların simvoluna çevrilir, onu sevməmək, sadəcə mümkün olmur. Əlinin gözündə gülümsəmək heç kəsə Nərmin qədər yaraşmırdı.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Xaçmaz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Ramil Rəhimov bu vəzifəyə təyinat alıb. 

R.Rəhimov ötən gün vəzifəsinin icrasına başlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Çərşənbə, 17 May 2023 10:30

Soltan Soltanlı: “Gəlin, maraqlı olacaq”

Xəbər verdiyimiz kimi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Çəhrayı – Qara" adlı qrup sərgisi keçiriləcək. Sərgi 19 may, saat 19:00-da açılacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ekspozisiya Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Əzim Əzimzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir.  

İstedadlı rəssam Soltan Soltanlı əməkdaşımıza sərgi ilə bağlı bunları söyləyib:

 -19 may – XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni "Çəhrayı – Qara" qrup sərgisinin açılışına hazır olun. 

“Çəhrayı – Qara" – güclü Azərbaycan qadını haqqında hekayədir. Sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır.  

 Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib. Xüsusi təşəkkürlərim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinədir. Sərginin kuratoru Fərəh Ələkbərlidir. Sərginin açılışı: 19 may, saat 19:00-dadır. Saat 19:00 – Vüsal Rəhimin performansı, saat 20:00 – da isə Nigar İbrahimbəylinin performansı nümayiş olunacaq. İnanılmaz gözəlliklər görəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində metal üzərində işləmə sahəsində tanınmış sənətkar, Əməkdar rəssam Mübariz Əkbərovun əsərlərindən ibarət sərgi açılıb. 

 

AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində yaradıcılığı barədə məlumat verən Mübariz Əkbərov sərgidə əsasən Azərbaycanın qədim milli xəncər və qılınc nümunələrinin, bəzək əşyalarının, həmçinin ərəb, ispan, ingilis xəncərlərinin nümayiş olunduğunu bildirib. 

Sərgidə naxışlarla bəzədilmiş qılınc, xəncər, dəbilqə və digər nümunələr, həmçinin sənətkarın 70-dən çox əl işi nümayiş olunur. Sərgi mayın 18-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Çərşənbə, 17 May 2023 10:00

İntiqam Babayev yeni vəzifəyə təyin olunub

Mədəniyyət sferasında daha bir kadr təyinatı: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin müvafiq əmri ilə İntiqam Vaqif oğlu Babayev Aparat rəhbəri təyin olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İntiqam Babayev ölkədə kifayət qədər tanınan məmurdur, o, uzun illər Gənclər və idman nazirinin müavini kimi gündəmdə olub. Amma o, digər vəzifələr də daşıyıb. 

İntiqam Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Bakı Gənclər Klubunun sədri, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri olub. İntiqam Babayev 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayınadək “İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İntiqam Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Ailəlidir, iki övladı var.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Çərşənbə, 17 May 2023 09:30

Xoşbəxtlik qadına aiddir…

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Ağıllı qadın kişinin fikirləri içində özünə sərf edəni seçib razılaşandır.

 

2.Ayağını yerdən üzənləri yer daha ağrılı qarşılayır.

 

3.Həyat qısadır deyənlər onun verdiyi geniş imkanları yaddan çıxarırlar.

 

4.Həyatı uzatmağın ən yaxşı yolu həyata həvəs dövrünü uzatmaqladır.

 

5.Xoşbəxtlik qadına aiddir, kişilər xoşbəxtliyin yalnız sevinən iştirakçısı ola bilirlər.

 

6.Sağlamlıqla bağlı fikir söyləyənlərdən daha çox yaşayan haqlıdır.

 

7.Sənə sidq ürəklə dua edənə canını versən, azdır.

 

8.Şəxsiyyət özünün hamı kimi olmadığını dərk etməkdən başlayır.

 

9.Tənbəl dostun olsun, özləri heç nə etməsələr də, sənə yaxşı ideyalar verə bilərlər.

 

10.Utanmaq kiçik günahların əlamətidir, böyük günahlar abırsızlıqla  şərikdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qonaq teatr” layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrı “Şuşadan gələn səs” (N.Qədimli) tamaşasını təqdim edib.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb. 

Sonda Ağdam Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.