
Super User
“Könlüm güman içindədir…” - Ələddin İncəli
Qazax həm yazarlar oylağıdır, üstəlik, həm də uzunömürlü yazarlar oylağıdır. Vidadi Babanlı 96-nı, Nəriman Həsənzadə 94-ü yola salıb 100-ə doğru yürüyürlər. Çox təəssüf ki, onlarla daban-daban gələn Ələddin İncəli haqq dünyasına qovuşdu. Bu həftəsonu ustad şairin anadan olmasının 92-ci ildönümünü yaxınları və şeirsevərlər yenə də onsuz qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müxtəlif illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuş Ələddin İncəlinin şeirıərini diqqətinizə çatdırır.
İÇİNDƏDİ
Dərə keçib, dağ aşıram,
Dağlar duman içindədir.
Mən könlümlə danışıram,
Könlüm güman içindədi.
Dağlar-dağın qoynundadı,
Gül-yarpağın qoynundadı,
Zər-torpağın qoynundadı
Yaxşı-yaman içindədi.
Nə gur seləm, nə gurşadam,
Nə şagirdəm, nə ustadam,
Hələ naşı bir səyyadam,
Oxum kaman içindədi.
Gah yad oldum dərdə-qəmə,
Gah da endim zildən bəmə,
"Ay İncəli, çox yaz" - demə,
Söz də zaman içindədi.
QƏLƏMDƏN ÖPƏRƏM
Əgər təmizdisə, boyasızdısa,
Üzündən öpərəm buxaq qarışıq.
Məsun baxışların riyasızdısa,
Gözündən öpərəm yanaq qarışıq.
Alqış almısansa, elindən, gözəl,
Xəta çıxmayıbsa, əlindən, gözəl,
İnciyən yoxdusa, dilindən, gözəl,
Dilindən öpərəm dodaq qarışıq.
Sürüşdür çiyninə, gülüm, şalını,
Barı aydın görək gül camalını,
Telərin örtməsə qara xalını,
Telindən öpərəm daraq qarışıq.
Ələddin gəncləşib yenidən coşsa.
Qəlbinin sevdası qaynayıb daşsa.
Hüsnünə yaraşan bir şeir qoşsa,
Qələmdən öpərəm varaq qarışıq.
CEYRANI
Vurğun kimi sevsən, məha eləməzsən,
Sözlə gətirərsən yola ceyranı.
Bir az uzaqlaşsa, səhv eləməzsən-
Bənzətsən üfüqdə xala ceyranı.
Yanı gah balalı, gah təkəlidi,
Qorxaqdı, hürkəkdi, səksəkəlidi,
Gözəllik özü də təhlükəlidi,
Odur ki, tez tapır bəla ceyranı.
Sən mahir ovçusan, maşından əl çək,
İnsafsız, motorla birdimi ürək?!
Kişisən, piyada düzə çıx, görək,
Qovmaqla tuturmu tula ceyranı.
Səyyad, bir şiş kabab can verməz sana,
O zərif xilqəti bir an duysana,
Ayaq saxlayır ki, yormasın ana
Dalınca tövşüyən bala ceyranı.
Yoxsa, elə uçar, süzgün ox olar,
Bir göz qırpımında qaçıb yox olar,
Nəfsi cilovlasaq-artar, çoxalar,
Görərik gözləri ala ceyranı.
Eşit, ay ocağın-közün sahibi,
Nə deyər Ələddin-sözün sahibi,
Muğan düzü kimi düzün sahibi,
Məgər istəməzmi ola ceyranı?!
BİLMƏDİM
Yarım köçən gündən bəri
Gülə bilmədim - bilmədim!
Aramsız axan yaşımı
Silə bilmədim-bilmədim!
Yaşamaq olarmış yarsız,
Yaşayırsan ixtiyarsız!..
Yaşadım da arsız-arsız,
Ölə bilmədim-bilmədim!
Açsan ömür kitabımı,
Görərsən dərdə tabımı.
Fələklə haqq-həsabımı
Bölə bilmədim-bilmədim!
Rast oldum çox nanəcibə,
Acgözə, paxıla, bicə!..
Onlarla "ortaq məxrəcə"
Gələ bilmədim-bilmədim!
Qayğılar qatdı başımı,
Düşünüb çatdım qaşımı!
Necə yaşadım yaşımı.
Bilə bilmədim-bilmədim!
Bəxtin oxu dəydi daşa!.
Azmı-çoxmu qalıb qışa,
Yetişibmi ömür başa?
Hələ bilmədim-bilmədim!
İncəli pirmi-ocaqmı?
Yaddaşlarda qalacaqmı,
Öz haqqını alacaqmı?
Lələ, bilmədim-bilmədim!
GÖNDƏR
Tanrım, ərzə nə davakar,
Nə cığal bəndələr göndər.
Nə lovğa, nə təkəbbürlü,
Nə dağal bəndələr göndər.
Nə "dünya mənimdi" - deyən,
Nə kasıb-kusubu döyən,
Nə zəhmət çəkməyib yeyən,
Nə kahal bəndələr göndər.
Görməyək tələ-torları,
Görməyək qəlbi korları.
Yer tutmur haramxorları,
Pak, halal bəndələr göndər.
Bir də yonmağa codları
Kəsərli rəndələr göndər.
BƏXTƏVƏR
Zəhmət çəkib, zəhmətinin haqqını
Alan varsa - bəxtəvərdi, bəxtəvət.
Mayasına heç vaxt haram qatmayan
Kalan varsa - bəxtəvərdi, bəxtəvər.
Nə qədər ki, gəlib-gedir nəfəsin,
Olaydı kaş yaşamağa həvəsin.
Üzündə nur, dodağında təbəssüm
Plan varsa - bəxtəvərdi, bəxtəvər.
İncəli, çək sən də sözün nazını,
Atma hələ qələmini, yazını.
Ulu Qorqud dədəmizin sazını
Çalan varsa - bəxtəvərdi, bəxtəvər.
BƏNÖVŞƏNİ
Bəlkə ölüb getdim, yazı görmədim,
Gülüm, o dağlardan dər bənövşəni.
Nazik əllərinlə seçib-oxşayıb
Qəbrimin üstünə sər bənövşəni.
Bəlkə incə ruhum xoşahal ola,
Bəlkə yaman dillər susa, lal ola.
O güllər üç rəngdə: ağ, göy, al ola,
De, şair sevməzmi hər bənövşəni.
Gərdiş dövranımı devirdi, deynən,
Vurub iqbalımı çevirdi - deynən.
Əllədin İncəli sevirdi - deynən,
Şehli bənövşəni, tər bənövşəni.
ONUNLA GETDİ
Səmada bir ulduz parlayıb söndü,
Gözəl Məlahətim onunla getdi.
Elə bil taleyim tərsinə döndü,
Bəxtim, səadətim onunla getdi.
Yarım məndən ötrü nur - işığıydı,
Gülün səhəriydi, gur işığıydı.
Bu şair ömrümə yaraşığıydı,
Şerim, şeriyyətim onunla getdi.
Ələddin İncəli, desən qürurum,
Şeirdə uğurum, işdə uğurum,
Qolumda qüvvətim, gözümdə nurum,
Dizimdən taqətim onunla getdi.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
“Ömür kitabı”nı yazanın ömrünün 77-ci baharı münasibətilə
Həftəsonu Xalq şairi, Respublikanın Müstəqillik Aktının müəlliflərindən biri, Millət vəkili Sabir Rüstəmxanlının doğum günü idi, 77 yaşı tamam oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Tapdıq Əlibəylinin təbrik məqaləsini diqqətinizə çatdırır.
Ziyalı məslək-məramı Vətən sevgisindən yoğrulmuş istiqlal şairi, xalqın mənəvi aləminin tərcümanı məqamında olan Ustad, dünyaya təşrif buyurduğunuz gün, ömür təqviminizin yeni ili mübarək!
İllər öncə, gənclik çağında qələmə aldığınız “Yardımlı yollarında” adlı şerin son bəndində bir arzu olaraq yazmısınız:
Min illik palıdlardan bir ömür borc alaydım,
Kecilməz dərələrə özüm körpü olaydım,
Buz sulu, saf aynalı bulaq olub qalaydım
Yardımlı yollarında.
İllər keçdi və Sabir Rüstəmxanlı fikir daşıyıcısı, SÖZ ADAMI olaraq kecilməz dərələrə körpü, buz sulu, saf aynalı bulaq olaraq təkcə Yardımlı yollarında deyil, Quzeyli-Güneyli Azərbaycanın, böyük Türk dünyasının körpüsünə döndü.
Öz təbirinizcə desəm: "Rüstəmxanlı şəlaləsi" yenə gur və ilhamlıdır..."
Mənsə bu gur və ilhamlı şəlalədən vəcdə gəlib sozə üz tutdum:
Ulutürkün həvaləsi,
Əsrlərin yaddaş səsi,
Bir şairin “əfsanəsi”
Rüstəmxanlı şəlaləsi.
Sanki göydən siyrilərək...
Sözlə süslü, şövqlü ürək,
Sabir bəyin ilhamı tək
Rüstəmxanlı şəlaləsi.
Yardımlının sədasıdır,
Ərənlərin sevdasıdır...
Sabir bəyin təb-səsidir
Rüstəmxanlı şəlaləsi.
AYB-nin fəxri üzvü, Almaniyada yaşayan tanınmış yazar və qəzetçi Orxan Aras haqlı olaraq yazır: “...O çətinliklər, o qaçhaqaçlar, o əməklər boşa getmədi. İki il sonra ikimizin də röyaları gerçək oldu və onun Türk və Altayların gülü, çiçəyi qoxan şeirləri ilə Azərbaycanın igid övladlarının cəsarəti birləşdi və Azərbaycan müstəqilliyini qanıyla qazandı. O istiqlalın isbatı bəyannamənin altında da Sabirin qələminin izi vardı.
Parisdə 1789-cu il Fransız Çevrilişi üçün bir güllə atanın belə, bir yerlərdə ismi və ya heykəli vardır. Amma qələmiylə, şeiriylə, cəsarətiylə Azərbaycanın müstəqilliyinə imza atan Sabir Rüstəmxanlının Azərbaycanda bir heykəli yoxdur. Amma onun heykəli Asiyanın ən uzaq və soyuq guşəsindən Avropanın ən soyuq bölgəsinə qədər bütün türklərin ürəyində vardır.”
Yol gedənindir, deyib müdriklər... Sözün işığında ustad yolunuza rəğmən yazıram:
"Tanımaq istəsən" - şair xitabı,
"Xəbər gözləyirəm" - əsrlər tabı,
"Qan yaddaşı"na yol -"Ömür kitabı"...
Şair, söz ünvanlı yoluna alqış!
"Salam, ana dilim", "Sevgim, sevincim"!
"Atamın ruhu"dur özüm, söz incim.
"Ol"dan üzü bəri hikmətim, gücüm...
Şair, şeir deyən dilinə alqış!
"Bütövlük həsrəti" - "Xətai yurdu",
"Gəncə qapısı"nın ruhu da yoldu.
"Dərdə əyilmə"yən yolları yordu...
Şair, qələm tutan əlinə alqış!
"Göy tanrı" ruhunda "Əbədi sevda",
"Zaman məndən keçir"- gələn hurr səda...
"Bu sənin xalqındir", işıq var soyda,
Şair, ər-ərənli eline alqış!
Şair, söz ünvanlı yoluna alqış!
Şair, şeir deyən dilinə alqış!
Şair, qələm tutan əlinə alqış!
Sabir Rüstəmxanlı, elinə alqış!
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Muzey Mərkəzində rəssamların “Şuşa” adlı qrup sərgisi davam edir
Xəbər verdiyimiz kimi, Muzey Mərkəzinin sərgi salonunda bir qrup rəssamın mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı qrup sərgisi açılıb.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyi ilə reallaşıb.
Açılış mərasimində Xalq rəssamı Arif Hüseynov və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə təşkil olunub.
Vurğulanıb ki, ekspozisiyada 30-a yaxın rəssam və heykəltəraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltəraşlıq nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərləri sərgilənir.
Qeyd olunub ki, Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri nəinki musiqi və ədəbiyyatımızda, eləcə də təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Uzun illər bu sənətkarlar işğal altında qalan şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə çoxsaylı sənət inciləri bəxş ediblər.
Sərgiyə maraq böyükdür.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib
Mayın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Opera Studiyasının konsert salonunda Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib.
Sözügedən tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunub.
Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir. Bu gün dünyanın bir çox ölkələrində onun əsərləri böyük tirajla çap edilərək, satılır.
Tədbir barədə daha geniş məlumatı növbəti buraxılışlarımızda oxuya biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Bu gün Azərbaycan Dövlət Kamera Orkestri Filarmoniyada konsert verəcək
Bu gün - mayın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq.
Sözügedən konsertdə bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Solist beynəlxalq müsabiqələr laureatı Natavan Mikayılqızının (qanun) ifasında T.Quliyevin “Səhər nəğməsi”, M.Kərimov, S.Əhmədova “Qanun və kamera orkestri üçün konsert”, “Natavana ithaf”, A.Vieuxtempsin “Tarantella”, A.Schnittkenin “Qoqol süitası” – Polka səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Qənirə Paşayeva: “Bu ensiklopedik siqlətli kitabın bütün sənətsevərlər üçün qiymətli qaynaq olacağına inanıram”
Xəbər verdiyimiz kimi, Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyevin “İstedadlar ocağı” kitabının təqdimat mərasimi keçirilib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin ensiklopediyası kimi hazırlanan kitabın
layihə rəhbəri və “Ön söz” müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.
“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təqdimat mərasimindəki çıxışının xülasəsini diqqətinizə çatdırır. Qənirə Paşayeva çıxışında öncə əsərin ensiklopedik siqlətinə vurğu edib, alimi bu fundamental əsərin gün üzü görməsi münasibətilə təbrik edib, ona yeni uğurlar diləyib. Komitə sədri bu əsərin həm adı keçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə olduğunu deyib.
O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin şöhrətinə layiq tərtib olunmuş kitabı milli incəsənətimizin öyrənilməsi və təbliği baxımından yüksək dəyərləndirərək söyləyib:
-Milli incəsənətimizdə fenomen kimi dəyərləndirilən Əzim Əzimzadənin gənc yaradıcıların yetişdirilməsinə özəl diqqət yetirilməsi ənənəsi günümüzdə də 100 yaşını keçmiş kollecdə uğurla davam etdirilməkdədir. Bu da bizə 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycanımızı, onun incəsənətini işıqlı gələcək gözlədiyini söyləməyə əsas verir.
Respublikamızda müxtəlif profilli, çoxsaylı ali və orta ixtisas təhsil məktəblərinin olmasına baxmayaraq, onların arasında məhz “Əzimzadə məktəbi”nin adı bütün (keçmiş) SSRİ məkanında tanınır və istedadlar ocağı olaraq fəxrlə çəkilirdi. XX yuzilliyin 20-ci illərinə qədər Bakıda (ümumən Azərbaycanda) rəssamlığın tədrisi bir coxlarının düşündüyü kimi yox dərəcəsində olmayıb. Lakin “Əzimzadə məktəbi” özündən öncəki sənət mühitlərini, xalq yaradıcılığını tədris plan-proqramına cəlb etməklə, peşəkar müstəviyə daşımaqla yeni bir mərhələ başlayıb. Əgər fəaliyyətləri qədim dövrlərə təsadüf edən sənətkarlar ayrı-ayrı ustalardan dərs almışdısa, “Əzimzadə məktəbi” açıldıqdan sonra fəaliyyət göstərən yaradıcıların çoxu ilk təhsilini həmin məktəbdə alıb. Bu anlamda, Azərbaycanda rəssamlığın tədrisi tarixini xronoloji ardıcıllıqla izləməli olsaq, tərəddüdsüz deyə bilərik ki, hazırda Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci respublikamızın tarixində özəl yeri olan təhsil ocaqlarındandır. Onun 100 ili aşan zəngin tarixi ilə tanışlıq göstərir ki, məktəbin mövcudluğu, səmərəli fəaliyyəti sayəsində milli təsviri və dekorativ-tətbiqi sənətimizin inkişafını gerçəkləşdirən minlərlə rəssam yetişib. Onların şöhrətinin çoxdan ölkə sınırlarını aşması və yaratdıqları sənət örnəklərinin Azərbaycanı şöhrətləndirən bədii-mənəvi qaynaqlara çevrilməsi bu təhsil ocağının yerini, rolunu dəqiq ifadə edir. Əminik ki, kollecin indiki kollektivi də illərlə formalaşan tədris metodu ənənələrini qoruyub saxlamaqla, bu təhsil ocağının şöhrətini layiqincə yaşada biləcəkdir.
Daha sonra Qənirə Paşayeva tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin araya-ərsəyə gətirdiyi bu ensiklopedik siqlətli kitabın bütün sənətsevərlər üçün qiymətli qaynaq olacağına inamını ifadə edib, kitabın uzun illik əməyin məhsulu olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsərdə müəllifin “Əzimzadə məktəbi”nə, ustadlar ustadı Əzimzadənin öz şəxsiyyət və yaradıcılığına sevgisi fonunda Azərbaycan mədəniyyətinə, ümumən mədəniyyətə, sənətə vurğunluğu parlaq şəkildə görünür.
Qənirə xanım daha sonra deyib:
-Çox şadıq ki, Ziyadxan Əliyev öz sevgi və vurğunluğunu peşəkarlıq müstəvisində təcalla etdirə bilib. Kitab “Əzimzadə məktəbi”nin 100 illik yubileyi münasibətilə hazırlansa da, nəşrinin 2023-cü ilə - “Heydər Əliyev İli”nə düşməsini də təsadüf yox, təvafüqlük hesab edirəm. Bu kitab Ümummilli Liderimizin şərəfinə adlandırılmış 2023-cü ilə ən gözəl sənət töhfələrindən biridir.
Qənirə Paşayeva kitabın rus və ingilis dillərinə çevrilməsinin də vacibliyinə toxunub.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Sənətşünas alim Ziyadxan Əliyevin “İstedadlar ocağı” kitabı təqdim olunub
Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyevin “İstedadlar ocağı” kitabının təqdimat mərasimi keçirilib. Müəllif bu kitabı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin ensiklopediyası kimi hazırlayıb.
Kitab müəllifin özünün də məzunu olduğu Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) 100 illiyinə həsr olunub. Nəfis şəkildə tərtib olunmuş 560 səhifəlik kitabda təhsil müəssisəsinin (1920-ci ildən 2020-ci ilə qədər) tarixi, bütün tələbələrin (onlar 6 minə qədərdir) adları, ünlü məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub.
Bir əsrlik tarixə malik Əzim Əzimzadə adına məktəbin keçdiyi tarixi yola nəzər salan müəllif öz açılış çıxışında məktəbin istedadlı fırça ustaları ilə yanaşı, vətənpərvər məzunlarından da bəhs edib. Bildirib ki, məktəbin məzunlarından 4-ü Birinci Qarabağ müharibəsində şəhid olub.
Diqqətə çatdırılıb ki, yeni kitabın layihə rəhbəri və “Ön söz” müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva əsərin ensiklopedik siqlətinə vurğu edib, alimi bu fundamental əsərin gün üzü görməsi münasibətilə təbrik edib, ona yeni uğurlar diləyib. Komitə sədri bu əsərin həm adı keçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə olduğunu deyib.
Qənirə Paşayeva kitabın rus və ingilis dillərinə çevrilməsinin də vacibliyinə toxunub.
Sonra kitabın hazırlanmasında əməyi olanlara Milli Məclisin Mədəniyyət komitəsi adından təşəkkürnamələr təqdim olunub.
Təqdimat mərasimində digər çıxış edənlər də kitabın araya-ərsəyə gəlməsini yüksək qiymətləndirib, müəllifə yeni-yeni uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, kitab Azərbaycan təsviri sənət tarixi ilə maraqlananlar üçün əvəzsiz bir mənbədir.
Tədbir musiqili proqramla davam edib.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Tullantını atma, ondan bir şeylər yarat və satıb qazan!
Üfunətdən, çirkabdan gözəllik yaratmaq olarmı? Sən demə olar!
Bəşəriyyətin ən qlobal problemlərindən biri, əslində birincisi yerin təkinin, su hövzələrinin və atmosferin çirkləndirilməsidir. Təbii ki, bu nanəcib işdə əksər vətəndaş da zavodlar və fabriklər, nəqliyyat, məişət avadanlıqları, plastik torbalar, istixana buxarı qədər rol alır. Baxın, zibili hara gəldi atmaqla biz nə qədər mənfilik qazanmış oluruq. Tullantı problemi, zibil poliqonlarlnda qurulan tonqallar hazırda insanlığı ciddi narahat edir.
“Ədəbiyyat və incəsənət”in növbəti söhbət açacağı mövzu zibili “qızıla” çevirmək bacarığı barədədir.
“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən “ATMA-YARAT-SAT” sosial layihəsi barədə danışacağıq.
Hazırda tullantıların düzgün idarə olunması ilə bağlı yaradıcı yanaşmalar tətbiq etməklə ətraf mühitin mühafizəsinə diqqət çəkmək geniş yayılmış təcrübələrdəndir. “ATMA-YARAT-SAT” sosial layihəsi bu məqsədə xidmət edir. Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanların cəlb olunduğu layihə çərçivəsində yararsız hesab edilən əşyalardan düzəldilən əl işlərinin nümayişi, eləcə də satışı təşkil olunub.
Layihədə 30-dan çox əlilliyi olan yaradıcı şəxs iştirak edib. Layihə icrası zamanı həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yetirmələrinin və Peşə-əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin iştirakı ilə konsert proqramı təqdim edilib.
Qeyd edək ki, layihənin məqsədi lazımsız hesab edilən əşyaların yaradıcı insanların toxunuşu ilə sənət əsərinə çevrildiyini əyani şəkildə nümayiş etdirmək, tullantıların həcmini azaltmaq, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərməkdir. Bir sıra dövlət qurumlarının dəstək verdiyi “ATMA-YARAT-SAT” sərgi, satış-yarmarkası ənənəvi olaraq hər il keçirilir. Bu ildən əlilliyi olan insanların əl işlərini artsale.az platforması üzərindən nümayiş etdirmək və satmaq imkanı da yaradılıb.
Bizcə, zibildən gözəllik yaradan insanların əməyini qiymətləndirməyə hər kəs borcludur.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Rəsm qalereyası: Tahir Salahov, “Növbədən qayıdanlar”
Xalq düşməninin Xalq rəssamı olan oğlu
ÖTƏN GÜN TAHİR SALAHOVUN VƏFATININ İLDÖNÜMÜ İDİ
Azərbaycan rəssamlığının qızıl pleadası var, bura Bəhruz Kəngərli və Əzim Əzimzadədən ibarət sovetə qədər və Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov kimi dahilərin yer aldığı sovet dönəmi təmsil olunur. Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün yaradıcılığı və ictimai fəaliyyəti ilə incəsənətimizə dəyərli töhfələr verən böyük sənətkar, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun vəfatından iki il ötdü.
Gəlin qısaca olaraq bu dahi şəxsiyyətin həyat yoluna nəzər salaq. Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar 1928-ci il noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.
T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Moskvada Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.
T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.
Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. (Bu tablonu bu gün portalımızln “Rəsm qalereyası” rubrikasında yerləşdirəcəyik).
Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.
T.Salahov Surikov adına Rəssamlıq İnstitutunda oxuyarkən Moskvada hind filmlərinə maraq artmışdı. Bəlkə də Hindistana qarşı yaranan ümumi maraq diplom praktikası üçün institut tələbələrinin bu ecazkar ölkəyə ezam edilməsinə səbəb olmuşdur. T.Salahov da digər tələbə yoldaşları kimi Hindistana getməli idi. Lakin ən son anda atasının “xalq düşməni” olması onun səfərinə mane olur. Bu zaman T.Salahov diplom işinin mövzusu üçün doğma Bakıya, Neft Daşlarına gəlir. Beləliklə, rəssam iki ay müddətində Neft Daşlarında neftçilərlə birgə yaşayır. Onlarla birgə yeyib-içir, Abşeronun rəngsiz boz torpağında gəzir, narahat Xəzərə tamaşa edir və artıq təsvir edəcəyi tablonu gözü önündə canlandırır. Rəssam gördüklərini – Xəzərin duzlu, köpüklü ləpələrini, üzərində uçan ağ qağayıları, ləpələri coşduran güclü küləyini və ən əsası enerjili cavan insan təəssüratını öz tablosunda əks etdirməyə can atır. İki aydan sonra əsərini yaratmaq üçün Moskvaya qayıdır. Lakin diplom işini çəkmək üçün institutda boş emalatxana olmadığından tələbələr özlərinə ayrı məkan tapırdılar. Salahov da belə məktəblərdən birində emalatxana tapır. Lakin məktəbdə yaradıcılıq üçün şərait yox dərəcəsində idi. Müdafiəyə bir ay qalmış institutda emalatxanalardan biri boşalır. T.Salahov həmin emalatxanaya köçür və burada diplom müdafiəsinə bir həftə qalmış tablosunu yaratmağa başlayır. Bu zamana qədər isə Salahovun kətanı boş idi. İmtahan komissiyası onun işinə baxanda tablonu boş görür və onun işindən narazı qalır. Lakin 2-ci dəfə komissiya üzvləri emalatxanaya gələndə gözlərinə inana bilmirlər. Onların qarşısında möhtəşəm tablo canlanırdı.
Salahovun diplom işi gözləniləndən daha çox uğur qazanır və keçmiş sosialist ölkələrində keçirilən sərgilərdə ən göz önündə olan əsərə çevrilir.
Ötən əsrin 50–60-cı illərində rəssamlıqda yeni incəsənət uğrunda gərgin mübarizə başlanmışdı. Tənqidçilər gənc rəssamları sxematiklikdə, əsərlərin həddən artıq qrafik olmasında ittiham edirdilər. Hansı ki, bu tendensiya akademik ənənələrə zidd idi. Salahovdan da həmin ittihamlar yan keçmədi. Rəssamın “Rezervuar parkı” və “Neftçi” əsərləri Moskvadakı bəzi partiya üzvlərinin xoşuna gəlməmişdi. Onlar hesab edirdilər ki, əsərlər həddən artıq pessimist ruhlu, qaranlıq və qarışıqdır. O zaman Salahovu yalnız SSRİ Rəssamlar İttifaqının sədri Sergey Gerasimov müdafiə edir. “Sizi nə üçün tənqid edirlər? Mən burada tənqidə layiq heç nə görmürəm”. Bu sözlər gənc rəssam üçün böyük dəstək idi.
T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.
Gənc rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə, Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar incəsənət xadimi adına layiq görülür.
Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilir. T.Salahov əsəri dünya tarixində insanın kosmosa uçuşundan bir neçə ay əvvəl artıq tamamlamışdı. Hansı ki, bu hadisənin olacağından xəbəri yox idi. Maraqlı təsadüfdür ki, əsər 1961-ci il aprelin 12-də ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Bu əsər rəssamın qəlbindəki optimist düşüncələri əks etdirir. O vaxtın bir çox tənqidçiləri əsərin birinci uçuşla bağlı olaraq sifarişlə çəkildiyini, müəllifin isə bu hadisədən əvvəlcədən xəbərdar olduğunu düşünürdülər.
Valentina Tereşkovanın kosmosa uçuşundan sonra bu fikirlər daha da gücləndi. Çünki əsərdəki ikinci obraz qadın idi və sanki Tereşkovanın kosmosa uçuşunu simvolizə edirdi. Beləliklə, rəssamın dahiyanə uzaqgörənliyi nəticəsində “Sənə, Bəşəriyyət” əsəri iki böyük uçuşun simvoluna çevrilib.
Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçmişdir. Rəssam həmin məqamı belə xatırlayır: “Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, “Uzunboğaz köynəyiniz varmı?”. Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım”. Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.
Rəssam yaradıcılığında tez-tez sadə insanlara müraciət edir. O, müsahibələrinin birində deyib: “Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində onların həyat tərzi ilə tanış oldum”. Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərin daxili aləmi, yorğunluqları, keçirdikləri narahatçılıq hissləri öz əksini tapır. Sadalanan xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi” kimi əsərlərində görmək olar. Neft mövzusuna Salahov bu gün də müraciət etməkdədir. Onun 2007-ci ildə tamamladığı monumental “Odlar yurdu” triptixi xüsusilə diqqətəlayiqdir. Mərkəzi hissəsi “Xəzər bu gün”, sol hissəsi “Atəşpərəstlərin məbədi”, sağ hissəsi isə “Qız qalası” adlanan bu əsərdə müəllif öz Vətəninin keçmişini və bu gününü, zəhmətkeş insanın mənəvi yüksəlişini, nəsillərin talelərini təcəssüm etdirib.
T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb. Gənc rəssam banal mövzuya çevrilən gözəl xanımları və ya varlı qocanı təsvir etməyə can atmırdı. O, vağzallara, Praqa tunellərinə, qaranlıq, gözdən uzaq qalmış küçə döngələrinə gedir və Bakıdakı üslubuna sadiq qalaraq bu gözoxşamayan, cansıxıcı məkanların gözəlliyini kəşf edərək təsvir edir. İtaliyaya səfərində Salahov bu ecazkar ölkə ilə bağlı çoxlu sayda yağlı boya, stank akvarel əsərləri yaradır. Onun Roma ilə bağlı ilk akvareli “Romada küçə” adlanır. 1962-ci ildə Parisdə keçirilən Gənc Rəssamların Yaz Biennalesində iştirak edən rəssam bu şəhərin bəzəyi olan və sevgi rəmzinə çevrilən Eyfel qülləsini dəfələrlə təsvir edir.
Tahir Salahiv təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına, mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi, alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib.
Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından asılı olmayaraq, Vətəninə çox bağlıdır. “Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir”, - söyləyən Tahir Salahov doğma Vətəninin təbiətinə vurğundur və hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir. O, əsl bakılı kimi Abşeron mənzərəsinə böyük dəyər verir. Təsvir etdiyi Abşeron mənzərələrinin həzin və mülayim dalğınlığında rəssamın doğma yerlərlə bağlı xatirələri, uşaqlıqdan alışdığı aləm öz əksini tapır. Neft hopmuş torpaq, mavi səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ evləri rəssamın fırçasında yeni həyat qazanır. Bakı kəndlərini, xüsusilə Xəzərin sahilində yerləşən qəsəbələri böyük məhəbbətlə təsvir edən rəssam, hətta dinin qadağa qoyduğu illərdə belə bu kəndlərdə yerləşən məscid və məbədləri sevərək kətan üzərinə köçürüb.
Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.
Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.
Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb.
Rəssamın əl işləri hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Bu da sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.
Xalq rəssamı 2021-ci il mayın 21-də vəfat edib.
Ruhu şad olsun!
Şəkildə: Tahir Salahovun yaratdığı tabloların bir qismi.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)