
Super User
Gürcüstanda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı sərgi açılıb
Gürcüstanın Bolnisi rayonunda “Qafqaz” Hüquq və İnteqrasiya Mərkəzinin dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb.
Sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib.
AzərTAC xəbər verir ki, eyniadlı sərgi elə həmin gün Marneuli rayonunda da açılıb. Buradakı sərgi Marneulidəki “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatı dəstəyi ilə reallaşıb.
Sərgiləri ziyarət edən gənclər arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və Şuşanın mədəni irsi haqqında məlumatlılıq artırılıb, sərgi iştirakçılarına layihə çərçivəsində hazırlanmış açıqcalar paylanılıb.
Qeyd edək ki, UYD İctimai Birliyi “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı beynəlxalq fotoqrafiya layihəsini həyata keçirib.
Gənclər Fondunun “Şuşa İli” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi, mədəni irsi, erməni vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın fotolar vasitəsilə artırılaraq həyata keçirilməsi ideyasına xidmət edir.
Məqsəd Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.
Layihə çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı əks etdirən fotolardan ibarət 9 sərginin açılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(10.07.2023)
Habil Yaşarın romanı müzakirə olunub
İyulun 7-də Sabunçu rayon MKS-nin 12 kitabxana filialı Ə. Paşayev adına Mədəniyyət evi ilə birgə Prezident təqaüdçüsü, Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının üzvü, gənc yazar Habil Yaşarın “Yeddinci ayın yeddisi” romanının müzakirəsini təşkil etdi.
Tədbirdə kitabın müəllifi və kitabxananın bir qrup oxucusu da iştirak edirdi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Habil Yaşar məlumat verib.
“Yedinci ayın yeddisi” müəllifin ilk romanıdır. Əsərin süjet xəttini əbədiyaşar məhəbbət mövzusu təşkil edir.
Bundan əlavə müəllifin 3 kitabı nəşr olunub.
Əsəri oxuyan oxucular müəllifə suallar verdilər və əsərdən parçaları səsləndirdilər.
Müzakirə yeni romanın bütün səciyyəvi cəhətlərini və üstünlüklərini ortaya qoymuş oldu.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Azərbaycan Respublikası Kino Agentliyi film layihələri müsabiqəsi elan edir
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müsabiqə ilə əlaqədar iyulun 18-də təqdimat keçiriləcək.
Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyır.
Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin (5.5 milyon manat) müsabiqə yolu ilə bölüşdürülməsi təmin ediləcək. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, 2023-cü il köklü ənənələrə malik olan Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması, eləcə də bu sahənin mövcud vəziyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi, şəffaf və kollegial idarəçilik modelinin formalaşdırılması milli kinematoqrafiyaya sistemli yanaşmanın göstəricisidir. Yeni şəraitdə Nazirlik film istehsalında stimullaşdırıcı rol oynamaqla bərabər, yerli prodüser şirkətlərinin bu proseslərə aktiv şəkildə qoşulmasına çalışır.
Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən islahatların məqsədi şəffaf maliyyə mexanizmlərinin formalaşdırılması, yaradıcı biznes subyektlərinin dəstəklənməsi və ölkədə sağlam, rəqabətədavamlı mədəniyyət ekosisteminin yaradılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
“Zerkalo” XVII Beynəlxalq Film Festivalının qalibləri bəlli olub
Rusiyanın İvanovo şəhərində keçirilən Andrey Tarkovski adına “Zerkalo” XVII Beynəlxalq Film Festivalı başa çatıb.
AzərTAC xəbər verir ki, iyunun 30-dan iyulun 5-dək davam edən festivalda 12 ölkədən 8 film iştirak edib.
Beynəlxalq münsiflər heyətinin Qran-Pri mükafatı hindistanlı rejissor Caişankar Aryarın çəkdiyi “Şivamma” filminə verilib. “Ən yaxşı rejissor” mükafatına ABŞ ekran əsəri “Fremont”a görə iranlı rejissor Babək Cəlali layiq görülüb. Münsiflər heyətinin xüsusi mükafatı Levan Koquaşvilinin gürcü filmi “Brayton 4”ə verilib.
Qeyd edək ki, festivalda münsiflər heyətində azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov da təmsil olunub.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Yenidən təşkil edilən mədəniyyət idarələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib. Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, nazirliyin 13 regional mədəniyyət idarəsi yaradılıb. İyulun 5-də mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələrinin rəisləri iştirak ediblər.
Mədəniyyət naziri müşavirədə bildirilib ki, dövlət başçısının Mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində verdiyi tapşırıqların yerlərdə icrası ilə bağlı, mədəniyyət xidmətlərinin müasir dövrün tələblərinə uyğun qurulması, şəffaf və səmərəli idarəetmə mexanizminin yerlərdə tətbiqi, mədəniyyət sahəsində insan kapitalının inkişafı, istedadlı şəxslərə dəstək göstərilməsi idarələrin qarşısında duran mühüm məsələlərdir.
Müşavirədə mədəniyyət müəssisələrinin cari vəziyyətinin, maddi-texniki bazasının təhlil edilməsi, mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin yerində müəyyənləşdirilməsi məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, əsaslı təmirə ehtiyacı olan müəssisələrlə bağlı təkliflərin hazırlanması, mədəniyyət sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, bacarıqlı, təcrübəli mütəxəssislərin mədəniyyət sahəsində fəaliyyətə cəlb edilməsinin diqqətdə saxlanılması, uşaq incəsənət, musiqi, rəssamlıq, aşıq, muğam məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin artırılması, istedadlı uşaq və gənclərlə işin səmərəli təşkili və digər məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib.
Bununla yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətində nöqsanların və sair neqativ halların vaxtında aşkar edilməsi və aradan qaldırılması istiqamətində işin gücləndirilməsi tələb edilib.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Hacı Şahinin yoxluğundakı mövlud gününə
HACI ŞAHİN: “BİZ BUNA İMKAN VERMƏLİ DEYİLİK Kİ, İSTƏNİLƏN İNSAN RUHUMUZA ÖZ NEQATİVİNİ TÖKƏ BİLSİN”.
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun ölümü ölkədə böyük əks-səda yaratdı. Minlərlə adam dəfninə tələsib, onu son mənzilə yola saldılar. Əməlləri, islami dəyərlərə düzgün yanaşması, xeyirxahlığı ona qarşı xalq sevgisi yaratmışdı. Mövhumatdan uzaq, müasir düşüncəli ruhanilərdən idi. Təkcə dini ədəbiyyatı yox, bədii kitabları da mütaliə etməyi xoşlayırdı...
Deyirdi ki:- “Ümumiyyətlə, ədəbiyyata düzgün baxışla yanaşmaq lazımdır. Məsəl üçün, mən ədəbiyyat nümunələrini mütaliə edəndə təftiş edərək oxumuram. Mən hesab edirəm ki, ədəbiyyatın da, elə digər mədəniyyət sahələrinin də işi maddiyyat dünyasını aşmaqdan ibarətdir. Məsələn, elm maddiyyat çərçivəsindədir, reallığı, təsdiq olunmuşu deyir. İncəsənət isə maddiyyat çərçivəsini aşandır. Ona görə də düşünürəm ki, ədəbiyyat insanlara doğru-düzgün baxış bucağı verməlidir. Bu baxımdan, sənət, ədəbiyyat elmdən də üstündür. Buna görə də ədəbiyyat adamları, mənə elə gəlir, mənəvi cəhətdən təmiz insanlar olmalıdır. Mən istəyərdim ki, ədəbiyyat maddiyyat çərçivəsindən çıxsın, ruha yaxınlaşsın. Hansısa ideologiyaya söykənməsin. Biz ideologiyaya söykənən ədəbiyyatın nə vəziyyətə gəldiyini görmüşük. Sovet dövrünü nəzərdə tuturam. Sənət ideologiyaya deyil, insana xidmət etməlidir. Məsələn, mən görüşməsəm də, Salam Sarvanı bəyənirəm. Aqşin Yeniseyi də oxumuşam. Şəhriyar Del Gerani ilə münasibətimiz olub, hətta məscid kitabxanasında onun kitab təqdimatını da keçirmişdik. Hazırda başqa yazalarını, adlarını xatırlaya bilmirəm, onları da oxumuşam. Ramiz Rövşəni çox sevirəm. İlqar Fəhmi ilə yaxşı münasibətimiz var, kitablarını da oxumuşam. Yaxşı qəzəlləri də var, romanları da...”
Haqqında söhbət açdığım Hacı Şahin 7 iyul 1974-cü ildə Bakıda anadan olub. İlahiyyatçı, ictimaiyyət arasında nüfuzlu din xadimi, Məşhədi Dadaş məscidinin axundu idi. "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qaqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, eyni zamanda QMİ-nin Qazilər şurasının üzvüydü.
Bakı şəhəri, Səbail rayonu 189 saylı məktəbin rus bölməsində orta təhsilini başa vurub. Ali təhsilə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində yiyələnib. 2 mart 2023-cü il tarixində ürəkçatışmamazlıqdan vəfat edib. Özündən sonra iki qızı və iki oğlu yadigar qalıb. “Haradan başlamalı?”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarının müəllifi idi...
“Ümumiyyətlə, çoxlarının dini ideologiya haqqında təsəvvürləri yanlışdır. Din insanın doğru-dürüst təfsiri, izahı, şərhidir. Dinin missiyası insanları çərçivəyə salmaq, hansısa ideoloji qəlibə atmaq deyil. Dinin missiyası insanın kimliyini və o kimliklə necə yaşamaq lazım olduğunu göstərməkdir. Düşünürəm ki, din insan potensialının maksimum reallaşdırılması imkanıdır. Din, əslində, insanı çərçivədən azad etmək üçündür. Din tək sənətin deyil, bütün həyatın içində olan yaşam tərzi, düşüncə tərzidir. Ona görə də hər sahə ilə bağlı ümumi prinsipləri din insanlara bəyan edir. Və bu prinsiplər insanın ağlı, düşüncəsi, hissi ilə həmahəngdir, yəni qeyri-rasional deyil. Din insana nəyin xeyirli, nəyin ziyanlı olduğunu anladır. Söhbət burda hansısa senzuranın tətbiqindən getmir. Din ədəbiyyatı maddiyyatdan qoparmaq üçün edir bunu. Yəni bir növ onu məhdudiyyətlərdən qurtarır. Dinin qoyduğu məhdudiyyətlər zahirən məhdudiyyət kimi görünsə də, əslində, bu məhdudiyyət sənətin vulqarlaşmasının, bayağılaşmasının qarşısını almaq üçündür. Bunlar hər hansısa bir qadağa deyil. Demir ki, filan şeyə toxunmaq olmaz. Məsələn, bir də görürsən ki, içində aqressiya olan biri əsər yazır və o aqressiyanı ötürür o əsərə və oxucunu da neqativə kökləyir. Mənim bədii əsərdən əsas meyarım mənfi yox, müsbət təəssüratlar almaqdır. Quranda bir ayə var, deyir ki, yediyiniz yeməklərə fikir verin. Məncə, bu, yalnız maddi qidanı əhatə etmir. Biz buna imkan verməli deyilik ki, istənilən insan ruhumuza öz neqativini tökə bilsin.”- söyləyirdi.
Zəngin dünyagörüşü, güclü mülahizə qabiliyyəti var idi. Hadisələrə düzgün rəy verməyi bacarırdı. Məsələn, Salman Rüşdinin, Seyid Əzimin, Rafiq Tağının sui qəsdə məruz qalmalarını belə izah edirdi.
Deyirdi ki:- “Seyid Əzimi öldürənlər əsl dindarlar deyildi. Mən Seyid Əzimin əsərlərində təqdim etdiyi dini qəbul edirəm. Seyid Əzimin qəzəllərində də bunu görmək olar. Onu şəxsi məsələ üstündə öldürdüklərini də deyənlər var. Hər halda yaxşı hal deyil. Mənim baxışım bundan ibarətdir ki, ümumiyyətlə, təhqir yolverilməzdir. Hətta ateistin fikirlərinə görə ləyaqətinin, şəxsiyyətinin alçaldılması da. Birmənalı şəkildə olmaz. Onların ölümlərinin bir çox səbəbi var: fikirlər dindarlar tərəfindən radikalca qarşılanır, yaxud da hər hansısa siyasi bir oyunun tərkib hissəsinə çevrilirlər və s. Hansısa siyasi xətlə islamafobiya yaradılır. Karikatura dalğası da bu səbəbdən ortaya çıxmışdı. Qərb bunu ifadə azadlığı adlandırdı ki, peyğəmbərin də karikaturası çəkilə bilər. Təəssüf ki, bəzən siyasət bu mövzulara sirayət edir. Hər bir mövzu tənqidə açıqdır. Kimsə dini də tənqid edə bilər. Din xadimləri bu tənqidə cavab verməli, müzakirələr olmalıdır. Bayaq dediyim kimi, təhqir artıq dəyərlərin ələ salınmasıdır. Bir əsər mənim dünyagörüşümə ziddirsə, mən onu daş-qalaq etməli deyiləm. Mən, ümumiyyətlə, hansısa prinsiplərin hədəfə alınmağını qəbul etmirəm. Fikir versəniz, mən sosial şəbəkədə hansısa ateist də təhqir olunanda buna qarşı çıxıram. Əsərdə nədən yazırsan yaz, fikrini elə ifadə elə ki, orda təhqir elementi olmasın. Bu da dinin diktəsi deyil, müasir dünyanın reallığıdır.”
Ünsiyyətdə çox mehriban adam idi. Necə deyərlər, böyüklə böyük, uşaqla uşaq… Davranışında nəzakətli, rəftarında nəcib olduğu üçün insanlarn rəğbətini qazanmışdı. Bəli, onu eşidirdilər, ona nəvaziş göstərirdilər. Amma təəssüf ki, aramızdan tez getdi. Axı nə yaşı var idi- vur-tut 48. Neçə-neçə arzu və istəkləri ilə yanaşı, görəsi işləri də yarımçıq qaldı. Yaşasaydı bu gün, iyulun 7-də Hacı Şahinin 49 yaşı tamam olacaqdı. Onu, mövlud günündə hörmətlə xatırlayır, ehtiramla yad edirik. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Başında quş yuvası gəzdirən şair-müğənni-bəstəkar
BU GÜN ELZA SEYİDCAHANIN 55 YAŞI TAMAM OLUR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Doğrudur, bu yaxınlarda onun Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına əks reaksiya verənlərdən biri də mən oldum. Amma sonra dərindən düşünüb təhlil edəndə, bunun bizim cəmiyyət üçün adi bir hal olduğunu başa düşdüm. Bu gün o qədər adamlar var ki, aidiyyəti olmadığı təşkilatların üzvüdürlər. Odur ki, bu mövzuda uzun-uzadı danışmaq istəmirəm. Necə deyərlər, özləri bilərlər- o AYB, o da o...
Deyir ki:- “Əməkdar artist, bəstəkar, səhnənin ən ekstravaqant müğənnisi adlarını qazanmışam. Bunlar hər biri eyni anda kimdə var? Biri var, o birisi yoxdur. Mən səhnəyə gələndə hit mahnılarla efirə çıxmışam. "Bağlar" mahnısı ilə tarixə düşmüşəm. "Gözəllik", "Qəlbin üsyanı", "Həsrət nəğməsi", "Hisslər" və bu kimi mahnılarla yaddaşlarda həkk olunmuşam. Ara mahnıları oxuyan müğənni deyiləm. Nə də ayda 3 dənə mahnı yazanlar sırasına daxiləm. Elə müğənni ola da bilmərəm. Çünki elə mahnılar bu qulaqdan girib, o birisindən çıxır. Hər zaman özümü olduğum kimi qoruyub saxlamışam. İndi Elza Seyidcahan, elə Elza Seyidcahandır. Mən onun üçün nə deyim daha? Şərhə ehtiyacım yoxdur.”
Bəli, bu dəfə sizə Elza Seyidcahandan danışmaq istəyirəm. Axı bu gün onun üçün əlamətdar bir gündür, 55 yaşı tamam olur. Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində dünyaya gəlib. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı məktəbə daxil olsa da, orta təhsilini Sumqayıt şəhər 17 saylı məktəbdə başa vurub. Sonra S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. 2001-ci ildən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır.
Bir sıra bədii filmlərin musiqilərini o, bəstələyib. Müxtəlif musiqi festivallarının, eləcə də müsabiqələrin qalibidir. Konsertləri Azərbaycanda və xeyli xarici ölkələrdə də baş tutub. Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvüdür. Eyni zamanda, 2023-cü ilin iyulundan Azərbaycan Yazıçılar Birliyinə də üzv olub...
“Bəstəkarlıq etmək hər adamın işi deyil. Məni ifaçı kimi qəbul etmək istəməyənlərin ifaçılıqdan və bəstəkarlıqdan xəbəri yoxdur. Adi bəstəkar deyiləm. Tutaq ki, bir konsertdə on nəfər müğənni oxuyur və hamısı bir-birinə bənzəyir. Bilinmir ki, bu mahnıları kim yazıb. Bu sözü müğənni kimi yox, bəstəkar kimi deyirəm. Heç kəsə də paxıllıq etmək fikrim yoxdur. Çoxlarından fərqlənirəm. Mənim ifamda rəngarənglik var. Dırnaqarası müğənnilərə oxşamaq istəmirəm.”- söyləyir.
Haradasa sözlərində həqiqət var. O, öz işinə yaradıcı yanaşdığı üçün fərqli mahnılar bəstələyə və onları fərqli bir üslubda ifa etməyi bacarır. Ümumiyyətlə, qeyri-adi istedadlı adamlar cəmiyyətdə ləng qəbul olunurlar. Bəlkə də on il bundan qabaq onun bəstələrini heç bir müğənni ifa etməyə tələsmirdi, amma bu gün həmin mahnıları bir sıra müğənnilər də oxuyurlar…
Deyir ki:- “Həyatda heç nədən narazı deyiləm. Mən bu vaxta qədər nədənsə narazı olmamışam. Hər şey ürəyimcədir. Bilirsiniz ki, sənətə kiçik-kiçik addımlarla gəlmişəm. Toyda da oxuyuram. Sənətə bəzi gələnlər elə bilirlər ki, toyda oxuyandan sonra adam əsl sənətkar olur. Əslində mən heç kimə fikir vermirəm. Paxıllığımı çəkənlər çoxdur. Sanki məni parçalamaq istəyirlər.”
Hə, az qala yadımdan çıxmışdı. Onun yazıçılar birliyinə qəbulunu birmənalı qarşılamayan adamlara xalq yazıçısı Anar belə münasibət bildirib:- “O, heç də o birilərdən əskik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik...”
Xalq yazıçısının nə qədər haqlı olub-olmadığını deyə bilmərəm. Çünki şairlərə əsl dəyəri Zaman verir. Amma etiraf edirəm ki, Elza Seyidcahan musiqiyə özünəməxsus yenilik gətirən bəstəkar, məlahətli səsi olan, istedadlı müğənnidir...
Bəli, iyulun 7-də onun 55 yaşı tamam olur. Ömrünün bu əlamətdar günündə ölkəmizin əməkdar artistini təbrik edir, fəaliyyətində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı (https://inclusivecenter.gov.az) istifadəyə verilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, saytda Mərkəzə qəbul və müraciət qaydaları, xidmət istiqamətləri, könüllülük fəaliyyəti, təlimçilər, layihələr və s. ilə bağlı məlumatlar əksini tapıb.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkandır.
Eyni vaxtda 140-dan çox benefisiarın təlim almaq imkanının olduğu Mərkəzdə şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafına dəstək göstərilir.
Burada onların bacarıqlarının inkişafı və sosial-psixoloji dəstək məqsədi ilə ümumilikdə 14 istiqamət üzrə təlimlər keçirilir. Hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Leonardo da Vinçi adına hava limanı
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın yeni
Rubrikası təqdim edilir. Dahi şəxsiyyətlərin adına verilmiş fərqli məkanların təbliği məqsədi ilə yaradılan rubrika yəqin sizlər üçün maraq doğuracaq.
LEONARDO DA VİNÇİ
Roma hava limanına məşhur alim, riyaziyyatçı, mühəndis, ixtiraçı,
rəssam, heykəltəraş, memar, musiqiçi və yazıçı Leonardo da Vinçi adı
verilmişdir. Təbii ki, siz onu daha çox “Cokonda” adlı rəsminə görə tanıyırsınız.
Bəs niyə, onun adı məhz hava limanına verilib?
Helikopterlər, planerlər və bir çox başqa qanadlı uçan maşınlar dizayn etməsi səbəbindən.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
“Komandirlərinin həlak olduğunu görən əsgərlər vəhşi şirə döndülər...” – Askar Umarov
“Ədəbiyyat və incəsənət” portalı Qazaxıstanın tanınmış jurnalisti, ictimai və dövlət xadimi Askar Umarovun “Qurd ili. 1916. Biz Türküstandanıq” adlı roman epopeyasından bəzi hissələri tanınmış jurnalist və tərcüməçi Aida Eyvazlı Göytürkün tərcüməsində təqdim edir.
ASKAR UMAROV: QURD İLİ- 1916 (Biz Türküstandanıq)
8. Orxan. Bitlis ətrafı.
Uzun yollar boyunca əvvəlcə köhnə vaqonlarda silkələnə-silkələnə gəldilər. Sonra onları müxtəlif minik vasitələri ilə daşıdılar, ən sonda isə yenə də piyada hərəkət etdilər. Məgər osmanlı əsgərini çətinliklər qorxudarmı? Şərq cəbhəsində qələbə çalandan sonra, onlar sevinclə Qafqaz tərəfə istiqamət götürdülər. Qələbədən ruhlanan əsgərlərin yol boyu bir-biri ilə danışıqları belə olurdu: qoy bir ora çataq, ruslar görəcəklər ki, əsil türk əsgəri necə olur. 3-cü Ordunun nazlı- qəmzəliləri deyəsən unudublar ki, Ərtoğrulun ordusu Asiyadan Avropaya qədər dünyanın yarısını fəth edən böyük qazilərin nəvələridirlər. Geriyə dönmək yoxdur- ancaq irəli. Bu mehmetciklər Mustafa Kamal Paşanın Çanaqqala döyüşü zamanı 40 minlik əsgərin qarşısında dediyi “Mən sizə hücuma keçməyi deyil, ölməyi əmr edirəm!” əmri ilə ruhlanıb şərəfli ölümü seçən əsgərlərin davamçıları idilər. Baxmayaraq ki, patron qıtlığı yaranmışdı, Osmanlıların silahları da ingilislərin və fransızların silahından zəif idi. “Martin” tüfəngləri çağmağı çəkmirdi, patronlar tüfəngin lüləsində ilişib qalırdı, döyüşdə yalnız süngü kara gəlirdi. Ancaq düşməni dəf edirdilər.
Orxan bu günü heç vaxt unutmayacaqdı. Döyüşə qəfildən və həm də ehtiyatla hazırlaşırdılar. Döyüş şəraitindəki çətinliklərə baxmayaraq, abdəst alıb, birlikdə namaz qıldılar. Sonra da süngülü tüfənglərini də götürüb sakitcə, atəş açmadan “Urra”- deyərək sıraya düzüldülər. Onların hər biri öz ailələri üçün, zəfər üçün ölməyə hazır idilər. Təki düşməndən vətəni qorunsunlar!
Həmin döyüşdə hər kəsin sevimlisi, orduya könüllü gələn, Osmanlı Ordusunun sıravi əsgərlərinin komandiri yayabaşı Əhməd müəllim də həlak oldu. Əhməd də bir çoxları kimi qəzetlərdəki yazıları oxuyub, ordunun apardığı döyüşü qəhvəxanalarda oturub müazakirə edənlər kimi, müharibəni lap uzaqlardan izləyib, İstanbulda qala bilərdi. Yalandan şüarçılıq edib, özünü ura-partriot kimi göstərə bilərdi. Lakin kimin ki alnına əsgər kimi döyüşmək yazılıbsa, deməli o mütləq döyüşməlidir. Müəllim isə belə fikirləşmirdi. O inanırdı ki, hər bir türk kişisi ön cəbhədə olmalıdır, belə olmasa, Osmanlı İmperiyası çökərdi. Ondan döyüşə niyə gəldiyini soruşanda belə deyirdi:
-Əgər 15 yaşındakı gənc oğlanlar belə əlinə silah götürüb döyüşə yollanırdısa, gənc kursantlar əllərində tüfəng, çiyinlərində ağır yük çantası ilə küçələrdən döyüş marşının sədaları altında addımlayaraq keçirlərsə, mən evdə otura bilərdimmi? Mən müəlliməm, aləmə və insalara dərs keçməliyəm, qan tökməməliyəm. Lakin söhbət vətəni qorumaqdan gedəndə, vətən təhlükədə olanda, mən həm də kişiyəm, həm də əsgərəm, ona görə də belə hesab etdim ki, ön sırada olmalıyam.
Əhməd müəllimin bu hərəkətini əvvəlcə yanlış addım anlayanlar da, sonralar onun fikirləri ilə razılaşırdılar. Bu əsgərlərin çoxsu o qədər kasıb ailələrdən çıxmışdılar ki, əsil çəkməni və fabrikdə tikilən formanı ilk dəfə idi görür və geyinirdilər. Rotada yazıb oxuya bilən, savadı olan təkcə Orxan idi. Dəyirmançı atası onu kəndə gələn krım- noqay mühacirlərinin nəslindən olan müəllimin yanına təhsil almaq üçün qoymuşdu. Savadına, təhsilinə görə də onu rotada yayabaşı1 təyin etmişdilər.
(1 -Yayabaşı 101 nəfərlik süvari dəstəsinin komandiridir).
Rota komandiri kimi Əhməd müəllimin savadlı olması da əsgərlərin ürəyincə idi. Bunun da bir çox özəl səbəbi var idi. O digər yayabaşılardan fərqli olaraq, heç kimin üstünə qışqırmır, çox danlamır və əsgərə tabe olmağı əmr etmirdi. Özü də əsgərlərlə eyni qazandan yeyirdi.
Yayabaşı əsgərlərinə qədim türk sərkərdələrindən, qəhrəman döyüşçülərdən , türlərin döyüş tarixindən maraqlı hadisələr də danışırdı. Deyirdi ki, Asiyadan gələn o döyüşçü dədələr də bu torpaqlarda vuruşublar, bir çox xalqlara qalib gəliblər. Avropanı lərzəyə salan hərb qoşunlarının “Urra” hayqırtısını da ilk dəfə o dədələr gətiriblər. İndi həmin qüdrətli sərkərdələrin, döyüşçülərin bu torpaqlara gətirdikləri ənənələri dirçəltməyin vaxtıdır. Heç bir məktəbə getməyən, orman, torpaq, mal-qara bəsləməkdən başqa bir məşğuliyyətləri olmayan əsgərlər onu çox böyük həvəslə dinləyirdilər, onun danışdığı qəhrəmanlıq hadisələrini kənd toylarında aşıqların toy mağarında meydan sulayıb gecələr danışdığı qəhrəmanlıq dastanlarına bənzədirdilər. Yayabaşının hər sözünə inanırdılar, Mərkəzi Asiyadan gəlib dünyanın yarısını fəth edən qəhrəman döyüşçülərin obrazlarını gözləri önündə təsəvvür etməyə çalışırdılar.
Döyüşün elə ilk günündə yayabaşı ən birinci həlak oldu. Bir çox dəstə başçılardan, komandir və zabitlərdən fərqli olaraq, öz əsgərlərinin önündə getməyə üstünlük verdi. Komandirlərinin həlak olduğunu görən əsgərlər vəhşi şirə döndülər. Onlar “İrəli!”, “Qisas” hayqırtısı ilə, sanki bir lənət oxuyurmuş kimi bir güllə belə atmadan ingilislərin mövqelərinə hücum çəkdilər və əlbəyaxa döyüşə girdilər.
Qəzəblənmiş əsgərlər ingilisləri, qoyun sürüsünə hücum edib dişinə qan dəyən canavar qoyunları bir-bir boğub atdığı kimi, boğub - öldürüb atırdılar. Müasir döyüş taktikası ilə döyüşən ingilislər belə hücum gözləmirdilər. Gözlərini qan tutmuş əsgələrin gözünə heç nə görünmürdü. Öldürülən hər bir türk əsgərinin əvəzinə düşmənin üçü-beş əsgəri meydanda qalırdı. İngilislər yalın əllə hücuma keçən əsgərlərin bu şücaətindən səksəkəyə düşmüşdülər. Əlini qaldırıb təslim olmaq istəyəni belə türklər bağışlamırdılar. Osmanlı əsgəri ilə qarşılaşan hər bir silahlı və silahsız yerindəcə öldürülürdü. İngilislər heç vaxt belə əsgər, belə döyüş görməmişdilər. Bu döyüşdə hər yer qan içərisində idi, hər yerdə insan cəsədləri var idi. Yayabaşı həlak olandan sonra da onların batalyonu xeyli itki vermişdi, lakin əsgərlərin qisas hissi ilə etdikləri bu çevik və amansız hücumları nəticəsində Türkiyə Ordusu bütün cəbhə boyu düşmən səddini yarıb keçmişdi.
Bu döyüşdə Orxan onbaşı dərəcəsini aldı. Əskişəhər yaxınlığındakı kiçik bir kənddən olan adi oğlan birdən-birə komandir təyin olundu.
Bu, döyüçülərin uzun müddətdən bəri həsrətlə gözlədikləri qələbə idi. Böyük mülkləri üzərində günəşi heç vaxt batmayan İngiltərə İmperiyası üzərində ciddi qələbə idi.
Bu zəfər idi. Şərəfin təntənəsi və müharibənin bitməsinə ümid idi. Orxanın xidmət etdiyi batalyon indi İzzət Paşanın özünün komandanlığı altında 2-ci zəfər ordusu qarşısından keçirdi. Həmin gün qəhrəmanları Dəmir ulduz Ordeni ilə mükafatlandırdılar.
Orxan da həm onbaşı təyin olundu, həm də bu böyük və nüfuzlu mükafata layiq görüldü.
Sevincinin və qürurunun həddi-hüdudu yox idi. O, atasına bu xəbəri yazdı və dedi ki, müharibədən sonra kənd meydanında ağacların kölgəsi altında çay içəndə həmkəndlilərinin qarşısında da öyünəcək.
Həmin gün Orxan öz döyüşçü dəstəsini yaxınlıqdakı kababxanaya gətirib, onları kababa qonaq elədi. Odruda təminat zəif idi. Onlara yarma və tərəvəzdən hazırlanmış şorba verirdilər. Çox nadir hallarda bu şorbaların içərisində ət tikələrinə rast gələrdin. Bu qonaqlıq əsgərlər üçün çox gözlənilməz bir mükafat oldu, o kababın dadını və o möhtəşəm günü əsgərlər heç vaxt unutmadılar. Bununla belə Orxan və onun süvari dəstəsi üçün müharibə bitmədi. Arada yayılan xəbərlərə görə indi onlar Qafqaza tərəf irəliləməliydilər.
İngilislər və onlara müttəfiq qüvvələr döyüşdə ciddi məğlubiyyətə uğradıqlarından, İstanbula genişmiqyaslı hücum etmək fikrindən daşındılar. Qafqaz cəbhəsində isə vəziyyət tam başqa idi. Rusların hərbi gedişləri və yaxşı silah təminatı nəticəsində 3-cü Ordu ruslar tərəfindən saysız məğlubiyyətlərə uğramaqdaydı. Osmanlı Ordusu heç vaxt belə biabırçı vəziyyətə düşməmişdi.
Ruslar Ərzurumu və Trapezundu ələ keçirmişdilər. Çox sayda canlı itki var idi. Sarıqamış tərəfdə gedən döyüşlərdə isə əsgərlər təkcə düşmən gülləsindən həlak olmurdular, onlar həm də dağlarda soyuq və şaxtadan donaraq ölürdülər. Məsuliyyətsiz komandanlıq, zəif silah və yemək təminatı, səriştəsiz əsgərlərin irəli verilməsi ilə qazanılan böyük məğlubiyyətlər orduda ruh yüksəkliyini də öldürmüşdü. Orxana bunları təyinat yerinə çatanda danışdılar.
3-cü Ordunun şəxsi heyyərində heç bir ruh yüksəkliyindən danışmağa dəyməzdi. Orxanın şücət göstərdiyi ilk batalyonda döyüşlər haqqında qürurla və loğvalanaraq danışırdılarsa, burada məğlubiyyətdən heç kim danışmaq istəmirdi.
Orxanın batalyonundakılara isə bu xəbərlər artıq gəlib çatmışdı. Lakin buna baxmayaraq onun dəstəsi Qafqaz cəbhəsinəvüqarla və iftixarla gəlmişdi. Çanaqqalanın qəhrəmanları indi qarşı tərəfə əsil osmanlı şücaətini və qüdrətini göstərəcəkdilər. Orxanın batalyonu Ərzincana hamıdan əvvəl çatdı və müvəqqəti olaraq 3-cü Ordunun tərkibinə düşdü. Təbii ki, onların belə tez zamanda 3-cü Ordunun tərkibinə düşmələri bir çoxlarının ürəyincə olmayacaqdı, lakin qolbaşı2 heç nə edə bilməzdi. Əmr yerinə yetirilməli idi.
(2- Osmanlı Ordusunda polkovnik)
3-cü Ordunun ehtiyatı xeyli zəifləmişdi və alman hərbçi müşavirləri belə qərara gəldilər ki, onların mövqelərini 2-ci Ordunun yeni gələn hərbi hissələri ilə bərkidilsin.
Səhra şəraitində istəsən də, istəməzəsn də digər hərbi hissələrin əsgərləri ilə üz-üzə gəlir, onlarla söhbət etməli olursan. Bir-biri ilə rastlaşan əsgərlər burada da öz qohumlarını, yaxınlarını, həmyerlilərini axtarırdılar, bəziləri hətta qohumlarını da tapırdılar. Onların hamısını bir sual düşündürürdü: görəsən ön cəbhədə vəziyyət necədir?
Orxan dərindən ah çəkdi, döyüş dostları və rütbə yoldaşları ilə söhbətlərdən sonra bəzi məsələlərdən xəbərdar olduğundan, bilirdi ki, vəziyyət çox gərgindir. Bir-birinin ardınca gələn məğlubiyyət xəbərləri, orduda intizamın olmaması və erməni fidailərinin xəyanətləri çox gərgin vəziyyət yaratmışdı.3-cü Ordunun döyüşçüləri axşam yığışdıqları tonqalın ətrafında bu məsələləri müzakirə edirdilər. Deyirdilər ki, bir çox zabitləri, etnik erməniləri dezertir etmişdilər, bir çox erməni məmurlarının rus ordusuna işləməsi məlum olmuşdu. Rus ordusunun gəlişini dəstəkləyən erməni əhalisini xüsusi əmrlə Osmanlı İmperiyasının uzaq rayonlarına köçürmüşdülər. Erməniləri hamı satqın sayırdı. Müharibə heç kimi güzəştə getmirdi. Bir də görürdün ki, bütöv bir kəndi götürüb Anadolunun uzaq bir bölgəsinə, cəbhədən uzaq yerə köçürürlər. Hər tərəfdə müharibə gedir, bu qarışıqlıqdan yanındakı qocalar və uşaqları çıxart görüm necə çıxarırsan. Hələ bu başıpozuq erməni quldurlarıının qəfil həmləsindən isə heç qorunmaq olmurdu, onlar gecələr talançılıq edir, adam öldürür və qızları da oğurlayırdılar. Erməni kəndlərini köçürəndə isə, yerli erməni fədailəri qisas məqsədi ilə türk kəndlərinə basqın edirdilər. Bunu görən türk əsgərləri də ürəkləri soyusun deyə, erməni basqınçılarının törətdikləri cinayətlərin əvəzini günahsız, sadə ermənilərdən çıxırdılar. Yollar məzarlarla dolu idi. Ərzurumdan və Trapezundan məcburi köçürülən uşaqlar və qocalar yolun çətinliyinə dözməyib ölürdülər.
-Müharibədən hamı əziyyət çəkir, tökülən hər bir adamın qanı nifrətə çevrilirdi. Komandanlıq erməniləri bəlkə köçürməyə də bilərdi, bəs yaxşı, rus silahı ilə silahlanıb türk əsgərlərinə saldıran erməni fədailəri ilə necə mübarizə aparsınlar? İmperiyalar döyüşür, insanlar əziyyət çəkir, deyərək, - vəziyyəti Orxana danışan əsgər fikrini yekunlaşdırdı.
Əmrə əsasən Orxanın batalyonunu Ərzincandan Bayburt rayonunda qala kimi yer olan qayalıqların üstündəki mövqelərə atdılar. Buradakı yüksəklikdə olan mövqeləri qorumaq lazım idi. Alman hərbi müşavirlər deyirdilər ki, buralar strateji yüksəklikdir.
Orxanın tabeliyində olan üstü-başı çirkli və ac əsgərlər bu qalanın başına daşlı yollarla elə sevinclə çıxırdılar ki. Çünki demişdilər ki, buradakı hərbi hissələrdə onların təminatı nisbətən yaxşı olmalıdır.
3- cü Ordunun komandanlığı tərəfindən qolbaşı Erkan bəyə daim qaşqabağı yerlə gedən və dinməz-danışmaz yüzbaşı Karapet əfəndi təqdim olundu.
O, komandanlıqda hazırlıqlı və əsgərlərlə çox kobud davranan birisi idi. Bu komandir Orxanın yaddaşında sərt üzü ilə qaldı. Bir dəfə Orxan əlindəki binoklla qarşıdakı rus mövqelərini izləyən komandiyüzbaşı Karapetə yaxınlaşıb sual vermək istəmişdi:
-Cənab yüzbaşı, icazə verin müraciət edim!
Yüzbaşı hirsli şəkildə başını yana çevirib ona baxdı və hündürdən dedi:
-Buyur, de görüm nə istəyirsən?
-Çanaqqalada bizi öyrədirdilər ki, əvvəlcə döyüş mövqeyində qarşı tərəfdəki düşməninin kim olduğunu bilməlisən. İcazə verin , soruşum ki, bizim hərbi hissə ilə üzbəüz dayanan kimdir?
Karapetin bir az qaşqabağı açıldı və zəhmli şəkildə dedi:
-Nədir əsgər, tez ölmək istəyirsən? Bura sənin üçün nazlı ingilislərlə dolmuş Çanaqqala deyil, burada bizimlə üzbəüz dayanan düşmənimiz güclü və təkəbbürlüdür! Qarşımızda 2-ci Türküstan korpusu yerləşir. Bilirsən onlar kimdir? Onlar Mərkəzi Asiyanı fəth eləyənlərdirlər. Onlar Ərzurumdan Trapezunda kimi qələbə ilə gəliblər və indi də Ərzincanda mövqe tutublar.
-Minnətdaram, yüzbaşı əfəndi!- deyərək, Orxan ona əsgəri təzim etdi.
O bir kənara çəkilərək, özlüyündə düşündü ki, belə sərt bir komandirin yəqin ki, düşməni “möhkəm” adlandırmağı əbəs deyil. Yəqin buradakı döyüşlər, Çanaqqaladakından da ağır olacaq. Kaş ki, hamımız evimizə sağ-qalamat, sinəmizdə orden və medallarla qayıdaq, evlənək, sonra da kənddə hamının hörmətlisi olaq.
-Əsgər nə yaman düşüncələrə dalmısan,- deyə birdən yüzbaşı Karapet ondan soruşdu.
Orxan yenə yüzbaşıya təzim edib dedi:
-Üzr istəyirəm, yuzbaşı əfəndi, evimizi, ailəmizi düşünürdüm...
-Qəhrəman olmaq istəmirsən? Qəhrəman kimi ölmək istəmirsən?- deyə yüzbaşı istehza ilə soruşdu.
-Bilmirəm,- deyərək, Orxan özünü itirdi. İlk dəfə idi ki, ondan ölüm haqqında soruşurdular. Müstəqil əsgərlər adətən belə söhbətlərdən qaçırdılar. Ölümü çağırsan, ö özü gəlirmi ki?
-Yəqin ki, şəhid olub, qəhrəman kimi ölməyi istəyərsən. Qafqaz cəbhəsində heç nədən ölürlər, bəzən adamın heç nəşin də, sümüklərini də tapmırlar, öləni basdıran da olmur,- deyərək Karapet yenə ona yenə istehza ilə baxdı.
-Cənab yüzbaşı, siz naçar bir əsgərlə niyə belə davranırsınız ki? – deyə Orxan ondan soruşdu.
Orxan həqiqətən də komandirin onunla birdən-birə nədən belə davranmasına məəttəl qalmışdı.
-Xoşuma gəlmirsən mənim,- deyərək Karapet çox sakit tərzdə ona cavab verdi, -çox təkəbbürlüsən, ona görə sənə hörmətim yoxdur. Heyif ki, bu alman hərbi müşavirləri əsgərlərin döyülməsini qadağan ediblər. Yoxsa ki, səni komandir dəyənəyi ilə nə döyərdim...
Orxan dayandığı yerdə donub qaldı. Görəsən yüzbaşının nəyə görə onu görməyə gözü yox idi? Əsgərin ən pis günü onda başlayır ki, komandirin gözündən düşür. Gərək komandirlə aradakı ünsiyəti yaxşı qurasan, tabe olasan, xidmətində durasan. Belə olarsa, evə məzuniyyət almaq olur.
Orxan əlini alnına aparıb, ayaqlarını qoşaladı və komandirin qarşısında qamətini düzəldib üzr istədi, lakin onun bu üzr istəməsi də komandirə təsir etmədi.
-Bu gün gecə növbəsində karaulda keşik çəkəcəksən, rədd ol gözümün qabağından, -deyib zabit Karapet onu qovdu.
Orxan yenə onun qarşısında hərbi təzim edib, otaqdan çıxmaq üçün izn istədi. Və tələsik otağı tərk etdi. Bir az da qalsaydı, bu komandir çox şeylər fikirləşəcəkdi.
Gecə qaraul dayanmaq sözün əsil mənasında ağır cəza deyildi. Səhərə qədər təmiz havada gəzirsən, sakitliyi dinləyirsən, qarovulçuları yoxlayırsan. Orxan adi bir dəyirmançının oğludur, hərbi xidmətə gəlmək onun ən böyük arzusu olub. Aylarla davam edən Çanaqqala uğrunda döyüşlər onun ömrünün ən gözəl səhifələri idi. İndi Bayburtdakı hərbi vəziyyət onu yaman darıxdırırdı. Hərdənbir haradansa atışma səsləri gələr, sonra da hər yerə sükut çökürdü. Belə təsəvvür yaranırdı ki, hər iki tərəf getdilər mövqelərində yatmağa. Ona görə də belə bir vəziyyətdə gecə növbəsinə çıxmaq onun üçün cəza deyil, əyləncə və istirahət idi.
Amma o, hələ də Karapetin milliyyətcə erməni olduğunu bilmirdi...
Bir neçə gün keçəndən sonra, Orxan havadan hiss elədi ki, onlar hücuma hazırlaşırlar. Onun belə fikirləşməyə əlində xeyli sübutu var idi. Əvvəlcə piyada dəstələri gəldi, Erkan bəy də tez-tez qərargahda görünməyə başladı. Zabitlər daha tələbkar olmuşdular, hər işə bir mız qoyurdular. Gözlənilmədən əsgərlərin ərzaq təminatı və yeməkləri də yaxşılaşmışdı. Əvəllər bir mərci şorbası və çörəklə kifayətlənirdilərsə, indi mərcinin içərisində quyruqlu ət də olurdu. Çörəyin yanında pendir də verirdilər. Qarnı tox əsgərin, döyüşməyə də gücü olur. Yarıac əsgər isə, elə səngərdə oturub qalacaq.
İyunun 20-də qara qulaqadlandırılan Osmanlı ordusunun generalının elçi adyutantıErkan bəyə bir məktub gətirib tez də geri qayıtdı.
Hərbi hissədə yaxın günlərdə cəbhədə mühüm hadisələrin olacağı bardə söz-söhbətlər dolaşırdı.
(DAVAMI VAR)
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)