Super User

Super User

Çərşənbə, 12 İyul 2023 10:45

Cavanşir Feyziyev barədə duyğu yazısı

BU GÜN BU İŞIQLI ŞƏXSİYYƏTİN 60 YAŞİ TAMAM OLUR

 

 

 

Elxan Zal, “Ədəbiyyat və incəsənət” üçün

 

Portret-ştrixlər

 

Mən hələ ötən əsrin 90-cı illərində  yazmışdım ki, tezliklə Azərbaycanda səhnəyə 60-cıların yerinə 60-larda doğulanlar gələcək. 1970-lərdən başlayaraq 60-cılar yalnız postsovet məkanında deyil, həmin dövrün Covet bloku ölkələrində də görkəmli rol oynadılar. 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan səhnəsində 60-larda doğulanların erası başladı və günümüzə qədər davam edir. 60-larda doğulanlar dedikdə mən Covet dönəminin sonlarında formalaşmış və müstəqilliyin ilk illərindən ölkə həyatının bütün sferalarında öncül mövqelər tutan ziyalılar və intelektuallardan ibarət böyük bir qrupu nəzərdə tuturam.

 

Azərbaycan cəmiyyətinin demək olar ki, bütün sferalarında - siyasətdə, iqtisadiyyatda, elmdə, ədəbiyyatda, sənətdə və s. böyük fəallıq göstərən bu adamlar, müstəqillik dönəminin möhkəmlənməsində və inkişafında öz töhfələrini verdilər. Onlardan biri də əziz dostumuz, tanınmış filosof alim, Türk birliyi ideyasının yorulmaz təbliğatçısı, millət vəkili Cavanşir Feyziyevdir. Mən C. Feyziyevin siyasi fəaliyyətini uzun illərdir izləyirəm, kitablarını və məqalələrini çoxdan oxuyuram, lakin həmmüəllif olduğumuz “Xazarskiy prostor” (Xəzər məkanı) və “Türklər, xəzərlər və yahudilər” kitabları üzərində işləyərkən onu daha yaxından tanımaq imkanım oldu.

Xəzərlər mövzusu Azərbaycan elmində və ədəbiyyatında işlənməmiş mövzudur, indiyədək bu mövzuda yalnız bir kitab yazılıb, o da Fərda Əsədovun 2019-cu ildə nəşr etdirdiyi “Xəzərlər və Azərbaycan” kitabıdır. Cənubi Qafqazdan başlayaraq Xəzər və Qara Dənizləri  boyunca, İtil (Volqa) çayı ətrafındakı ərazilərdən başlayaraq Dunay çayına qədər uzanan geniş bir coğrafiyanı 300 ilə yaxın öz hakimiyyəti altında saxlamış türksoylu Xəzər imperiyası özündə türk tarixinin növbəti yüksəliş və inkişaf mərhələlərindən birini təcəssüm etdirib. Böyük Türk kağanlığının Şərq ərazilərində meydana gələn və onun davamı hesab edilən, Göy Türklərin qurucuları Aşina sülaləsindən olan kağanlar tərəfindən yönəldilən Xəzər kağanlığı dünyanın əksər böyük tədqiqatçıları tərəfindən Orta əsrlərin ilk çağlarında mövcud olmuş ən möhtəşəm dövlətlərdən biri hesab edilir.  Azərbaycanın böyük bir hissəsi, akademik Ziya Bünyadovun qənaətinə görə 150 il ərzində Xəzər dövlətinin tərkibinə daxil olub. Yəni xəzərlər və bu imperiyanın tərkibinə daxil olan digər türk xalqları Azərbaycan xalqının etnogezində əhəmiyyətli rol oynayıblar. Cavanşir Feyziyevlə bu iki kitabı yazıb bitirəndən sonra etnogezlə bağlı qənaətimiz tam yəqinləşdi, Azərbaycanın xəzərlərlə çox dərin bağları var.  Bundan əlavə, Xəzər tarixi türklərin və yahudilərin ortaq tarixidir və bu ortaq tarixdə Azərbaycan xüsusi rol oynayır. Bütün bunlara baxmayaraq bu ortaq tarix indiyədək ölkəmizdə öyrənilməmiş qalırdı, halbuki indi bizim, yəni Cavanşir Feyziyevin və mənim Xəzər məkanı adlandırdığımız geniş bir coğrafiyanın, geopolitik anlamda Türkiyə ilə birlikdə Türk birliyi quran Azərbaycan üçün böyük mənası vardı, çünki Xəzər məkanı anlamı Türk birliyi coğrafiyasını xeyli genişləndirir. Biz də bu məqsədlə Türk əsrinə keçid dövründə yazdığımız bu kitablarla Azərbaycan və ümumtürk mədəniyyətinə öz töhfəmizi vermək qərarına gəldik.

Xəzərlər mövzusu müəmmalarla dolu bir mövzudur, bir alimlər onları sirli xalq adlandırırlar. Çoxsaylı elmi əsərlər və Milirad Paviçin məşhur “Xəzər sözlüyü” romanı əsasən xəzərlərin yahudi tərəflərini axtarırlar, amma qədim türk inancı olan tanrıçılıqla yahudiliyin qarşılıqlı əlaqələri indiyədək dünya türkologiyasında demək olar ki, araşdırılmayıb. Mən C. Feyziyevin yaradıcılığına yaxşı bələdəm, onun türk tarixi və geopolotika üzrə yazıları diqqətimi çoxdan cəlb edib və buna görə də onunla görüşərək xəzərlər barədə fikir mübadiləsi arardıq, belə bir ağır mövzunun öhdəsindən tək gələ bilməyəcəyimi bildirdim. O bir yazısında bu görüş barədə bəhs etdiyindən, indi üzərində geniş dayanmayacağam, amma demək istəyirəm, 100 il ərzində bizim ölkədə kimsənin müraciət etmədiyi bir mövzunu onun yaxşı bildiyini gördüm və əməkdaşlıq təklifində bulundum. Mən mövzu ilə bağlı müxtəlif mənbələrdən topladığım materialları ortaya qoydum, o materiallarla tanış olandan sonra bu mövzu ilə bağlı kitabın yazılması üçün hər cür dəstək verəcəyini bildirdi. Bu işdə çətinlik törədəcək bir məsələ vardı, məndə olan materiallar dünya xəzərşünaslığında yazılanlardan müəyyən qədər fərqlənirdi, xüsusən zaman məsələsində, bizim elm və ədəbiyyat alamları isə adətən dünya trendinin əleyhinə getməyə heç vaxt həvəs göstərməyib. Necə deyərlər, biz dünyaya əcnəbilərin gözləri ilə baxmağa öyrəncəliyik. C. Feyziyev alimliklə yanaşı bir siyasi adam olsa da, bu onu heç qorxutmadı. Əksinə, əlavə materialların əldə edilməsi ilə bağlı hər cür dəstək göstərəcəyini bildirdi. Tutduğu mövqe ilə əlaqəli çox məşğul adam olsa da, bu işə ürəklə girişdi, çünki başqalarından fərqli, mövzunun əhəmiyyətini yaxşı anlayırdı və yəqin ki, mənim şəxsiyyətimdə bunda öz rolunu oynayırdı. Və biz işə başladıq, onun ingilis və fransız dillərini yaxşı bilməsi bizə daha çox mətnlərlə işləmək imkanı yaradırdı. Prinsipcə “Xazarskiy prostor”u da biz bir yerdə yazmışıq, amma o, təvəzökarlığından kitabda yalnız mənim adımın getməsini təkid etdi. Sonradan gördüm ki, bu təvəzökarlıq onun qanındadır. Nə isə... Biz cəmi il yarım ərzində iki elmi kitab ortaya qoyduq. Hələlik heç bir reklam kampaniyası keçirməcək də, bu kitab elmi dairələrdə və cəmiyyətdə Xəzər mövzusuna böyük maraq yaratdı, xəzərlərlə bağlı tarixdə ilk dəfə olaraq elmi konfrans keçirilməsi qərarına gəlindi. Biz mövzunu inkişaf etdirərək ikinci kitab üzərində də işə başladıq və düşünürəm, ikinci kitabın nəşrindən sonra o Azərbaycan sərhədlərindən kənarda da özündən söz etdirəcək.

Bu il yarım mənim yaradıcı fəaliyyətimin ən məhsuldar dövrü oldu, qısa müddət ərzində müxtəlif dillərdə yazılmış yüzlərlə mətnin bədii şəklə salınaraq nəşr etdirilməsi elə də asan məsələ deyil. Sadəcə internet vasitəsi ilə dünyanın müxtəlif kitabxanalarına girmək imkanı və kompüter ardında oturmaq əziyyəti işimizi xeyli sürətləndirdi. Ən əsası odur ki, biz bir-birimizi yarım sözdən anlamağa başladıq, bu, birgə kitab yazmağın əsas şərtlərindən biridir. Yəni mən Cavanşir Feyziyevin şəxsində özümə həmfikir, məsləkdaş tapdım, yəqin ki, o da öyləcə. Mənim ədəbi və elmi dünya görümüm əksəriyyətinkindən həmişə fərqlənib və bu, adamlar tərəfindən qavranılmaqda öncə çətinlik yaratsa da, intelektuallar tərəfindən həmişə qəbul olunub. İlk elmi kitabı da Cavanşir Feyziyevlə bir yerdə yazdıq, bu kitab  bir çox xüsusiyyətlərinə görə indiyədək yazılmış kitablardan fərqlənir, buna görə də elmi disskusiyalara, polemikalara səbəb olacağından şəkki-şübhəmiz yoxdur. Ən əsası odur ki, tarixin, hadisələrin gedişinə mənimlə oxşar mövqedən, fərqli rakurslardan yanaşan bir alim, bir filosov, bir geopolitik  həmkarım var. O da mənim kimi həyatını dövlətinə, millətinə həsr edib, hansı işlə məşğul olubsa, onu ləyaqətlə, professional şəkildə yerinə yetirib.

Öncə söylədiyim kimi, mən C. Feyziyevin yaradıcılığını çoxdan izləyirəm, onun 2013-cü ildə nəşr etdirdiyi "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" monoqrafiyası bu mövzuda yazılmış ən yaxşı, ən lazımlı əsərlərdəndir, deyərdim ki, bu əsər özündə türk birliyinə necə nail olmanın nəzəri əsaslarını ehtiva edir və bir çox ölkələrdə elmi şəkildə öyrənilir. 2017-ci i ildə nəşr etdirdiyi  “Türk Dünyası” adlı 5-cildlik də bir hadisə olaraq dəyərləndirilə bilər. Burada türk xalqlarının tarixi, mədəniyyəti, inancları və s. ilə bağlı çeşidli materiallar verilib. Bu kitabların mövzu seçimi də maraqlı və rəngarəngdir: "Türk dünyasının təməl dəyərləri"; "Türk xalqları"; "Türk dövlətçiliyi tarixi", "Türkşünaslıq", "Türk dünyasının tarixi şəxsiyyətləri".

Söz vaxtını çəkər, elə bu günlərdə şair dostum Murad Köhnəqala ilə türk tarixi ilə bağlı kitablar barədə söhbətimiz oldu, Murad Nizami Cəfərovun və Cavanşir Feyziyevin bu mövzudakı kitablarının əhəmiyyətindən danışdı, xüsusən C. Feyziyevin 5 cildlik “Türk Dünyası” əsərinin orta və ali məktəblərin tədris proqramlarına salınmasının vacibliyini söylədi. Ümumən bu kitabları oxuyanların  əksəriyyəti onun barəsində yüksək fikirdədirlər və mən Murad Köhnəqalanın onların tədris proqramlarına salınması barədə fikirləri ilə həmfikirəm, türk tarixinə dair belə sistemli kitablar indiyədək az yazılıb və belə kitablar “Türk əsrinə” qədəm basan gənc nəslin formalaşmasında önəmli rol oynaya bilər.

C. Feyziyev elmi fəaliyyətlə yanaşı siyasi səhnədə də imzalar içində imzasını qoymuş şəxsiyyətlərdəndir. Onun 2002-ci ildə ingilis dilində nəşr edilən «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı da geopolitika mövzusu ilə bağlı yazılmış maraqlı kitablardandır. 2008-ci ildə yayınlanan «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı da bu qəbildən olan kitablardandır. Ümumən onun publisistik fəaliyyəyindən danışsaq, gərək uzun-uzadı bir yazı alınsın, yəqin bir ayrı zamanda mən onlardan da söhbət açacan. İndi isə məni daha çox bir şey maraqlandırır, öncə dediyim kimi, o çox məşğul adamdır, parlament üzvü kimi həm Avropa,  həm də Avrasiya istiqamətində dövlət və xalq üçün əhəmiyyətli işlər görür. Yəni həyatının böyük bir qismini yollarda və iclaslarda keçirir.

Buna baxmayaraq yazı-pozusundan da geri qalmır, deyərdim ki, o uzun illər ərzində Azərbaycanda və xaricdə sistemli şəkildə publisistik yazılarla çıxış edən çox az qism deputatlarımızdan biridir. Mən bir dəfə ondan soruşdum ki, sən bu qədər yazını yazmağa necə macal tapırsan, dedi, bunların çoxunu təyyarədə yazıram. Sözün düzü mən ömrünün çoxunu təyyarələrdə keçirən xeyli qələm və fikir adamları tanıyıram, amma C. Feyziyyevdən başqa “10 min kilometr yüksəklikdə” yazı yazanlarını görmədim. Onun yerinə olsaydın bir gün “ 10000 m hündürlükdə yazılanlar” adlı kitab nəşr etdirərdim.

İndi bu yazını yazarkən paralel olaraq internetdə C. Feyziyev barədə yazılanları da gözdən keçirirəm. Gününsəsi.info saytında bir yazı diqqətimi cəlb elədi. Bəlkə də bir zaman “Günün səsi” adlı bir qəzetdə baş redaktor işlədiyimdən bu sayt məni çəkdi və mən oradan kiçik bir məlumatı bu yazıya əlavə eləməyi lazım bildim.

2018 və 2019-cu illərdə ilk dəfə Avropa Parlamenti üzvləri Xocalı Soyqırımı ilə bağlı Bəyanatlar imzalayıblar. O, Xocalı soyqırımı hadisəsini Şotlandiya parlamentinin gündəliyinə çıxara bilib və parlamentin 80%-dən çoxu bu Qətnaməyə səs verib. Həmin Qətnamədə ermənilərin Xocalıda törətdiyi hadisələr insanlığa qarşı cinayət kimi siyasi qiymətini alıb.
Bəzi xarici media qurumlarının Cavanşir Feyziyevə qarşı hücumları da elə o vaxtlardan, yəni 2015-ci ildən sonra başlayıb. 2017-ci ildə Cavanşir Feyziyevin Azərbaycan Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçilməsi onun erməni həmkarlarını və Avropada fəaliyyət göstərən erməni lobbiçilərini narahat etməyə başlayıb, elə o zaman həm xaricdə və həm də qismən daxildə media hücumları daha da güclənib”.

Sözün düzü mən bu informasiyanı bilmirdim, amma bildiyim bir hadisəni bu fikirlərə əlavə edə bilərəm. C. Feyziyev  2015-ci ildə məşhur Fransa tarixçisi Jorj dö Mollevilin "1915-ci il erməni faciəsi" adlı kitabını fransızcadan Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdi. Bu tərcümə də “10 km yüksəkliyin məhsullarındandır”, yəni təyyarədə ərsəyə gəlib. Jorj Mollevilin bu kitabı dırnaqarası “erməni soyqırımını” ifşa edən kitablardandır və Fransada onun nəşri qadağan edilib. Kitabın Bakı nəşrinin təqdimatında iştirak etdiyinə görə Fransanın o zamankı səfiri erməni lobbisinin tələbilə vəzifəsindən azad edilmişdi. Yəni erməni lobbisinin Cavanşir Feyziyevlə xüsusi hesabının olduğunu yaxşı bilirəm. Neyləmək olar, düşmənsiz türk qılıncsız qın kimi bir şeydir. Dünyanın bu qarışıq vaxtında bizim hamımız istəsək də, istəməsək də bir savaşın içərisindəyik, doctum Cavanşir Feyziyev də bu savaşın ön sıralarında yer alıb. Birlikdə yazdığımız kitabların bir gün xaricdə nə həngamə qoparacağını da indidən təsəvvür edirəm

Ötən ay Bakıda keçirilən “Türk dünyası kitab festifalında” çoxdan görmədiyim şair və naşir Rasim Qaraca ilə rastlaşdım. Soruşdu nə üzərində işləyirsən, dedim Cavanşir Feyziyevlə birlikdə xəzərlər və yahudilər mövzusunda kitab yazıram. Rasim - “Şəkinin deputatınımı deyirsən, maraqlıdır ki, şəkililər ondan çox razıdır – dedi. Eynən Murad Köhnəqala kimi Rasim Qaracada kimisə boş yerə tərifləməz, cəmiyyətimizdə onları tanıyan hər kəs bunu yaxşı bilir. Sonradan şəkili dostlardan da R. Qaracanın dedikləri ilə bağlı xeyli təsdiqləyici söhbətlər eşitdim. Hər halda el ağzı tərəzidir, heç kimi boş yerə öyməzlər. Sözün düzü, mən bu yazımda C. Feyziyevin deputatlıq fəaliyyəti barədə danışmaq istəmirəm, amma bəzi ştrixlər əlavə etməyi özümə borc bilirəm. Deyim ki, o özü də deputatlıq və xeyriyyəçilik fəaliyyətinin reklam məqsədi ilə işıqlandırılmasına yaxşı baxmır, bu işləri bir vəzifə, bir vicdan borcu hecab edir. Amma yenə də... Məsələn, onun Vətən müharibəsində iştirak edən bütün şəkili əsgər ailələrinə seçicisi oldu-olmadı, fərq qoymadan yardımlar göndərməsi məni xeyli duyğulandırdı. Əlbəttə, çox şey danışmaq olar, amma mən onun xeyriyyəçiliklə bağlı fikirlərini yaxşı bildiyimdəm, bu barədə geniş danışmaq istimirəm, lakin seçicisi olduğum xanım Qənirə Paşayevanın və dostum Cavanşir Feyziyevin bu yöndəki fəaliyyətləni həmişə minnətdarlıqla anacam. Qoy Allahın kölgəsi həmişə üstlərində olsin.

“Dostlarımdan duyğular” sırasından bu növbəti portret yazımı mən bu gün, yəni 12 iyulda 60 yaşı tamam olacaq, dostum, vətənpərvər bir alim, böyük ürəyi olan insan, xalqın xidmətçisi olan millət vəkili Cavanşir Feyziyevə həsr elədim. O da eynən mənim kimi heç yubiley keçirməyib, belə mərasimlərdən xoşu yoxdur, yəni “ləyaqətlə yaşanan hər bir il yubiley ilidir” fəlsəfəsini qafasında daşıyanlardandır. Qətiyyən heç şübhə etmirəm ki, onun ləyaqətli, yaxşı işləri çoxdur, onları sadalamağa başlasam, gərək bir kitab yazam. Buna isə indi sadəcə vaxt tapammaram.

 Ad günün qutlu olsun qardaşım! Sən hamının tanıdığı adsız qəhrəmanlarımızdansan, böylə insanlar gözəlləşdirir dünyanı, onlar olmasa yaşamağın heç marağı da da olmaz. Mənim 60 yaşım olanda Azərbaycan Yazıçılar Birliyi, daha dağrusu səxsən Anar müəllim təntənəsiz filansız mənə türk dünyası qarsısında xidmətlərimə görə “Bəxtiyar Vahabzadə mükafatı” vermişdi, Mahmud Kaşqari adına Beynəlxalq Fond da Səni “Beynəlxalq Mahmud Kaşqari” mükafatı ilə təltif edir. Qoy Türk ulularından olan bu müqəddəs insanın runu həmişə gördüyün xeyirli işlərdə yardımçın olsun. Bu Vətənin, bu millətin sənin kimi təmənnasız insanlara həmişə ehtiyacı var.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

 

 

Çərşənbə, 12 İyul 2023 10:30

Allah sənə rəhmət eləsin, Hacı Zeynalabdin!

Leyla, “Ədəbiyyat və incəsənət”İnsanlar gedir, gözəl işlər, nəcib əməllər qalır!

1901-ci ildə Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə müsəlman şərqində ilk dünyəvi qızlar məktəbini yaratmışdı. O zamanlar qızların təhsil alması artıq labüd idi. Xaricdə təhsil alıb gələn oğlanlarımız savadsız və dünyagörüşsüz qızlarımızı bəyənməyərək özləri ilə gətirdikləri "firəngli", "rumlu" və s. əcnəbi xanımlarla evlənirdilər. Digər tərəfdən, xanımlar xəstələndiyi zaman onları müayinə edəcək qadın həkimlər yox idi. H.Z.Tağıyev bütün məşəqqətlərə, maneələrə və təzyiqlərə baxmayaraq qızların təhsil alması üçün bu məktəbi yaradır və həmin məktəb Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbə çevrilir.

Unutmayaq ki, unudulmayaq!

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

Bu günlərdə Kolumbiyanın paytaxtı Boqota şəhərində planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Dahi kolumbiyalı şair Fernando Rendonun başçılıq etdiyi festival iştirakçı sayına görə dünyanın ən böyüyü hesab edilir. 

Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub.

 

 

“Ədəbiyyat və incəsənət” portalı  xəbər verir ki, Azərbaycanı nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir. 

Nigar Azərbaycanı təmsil edən koordinator kimi portalımıza səfəri öncəsi məlumat verib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də Dünya Poeziya Hərəkatının ilk Konqresində ölkəmizi layiqincə təmsil etməyə çalışacaq. Seçilmiş şeirlərini təqdim edəcək. Bundan əlavə, festivalın bağlanış mərasimindəki çıxışını Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edəcək.

Nigar ədəbiyyatımızın dünyada tanınması və təbliği işinə çox önəm verir və bunun üçün əlindən gələni edir. 

Onu da qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiya kimi ölkələrdə aparıcı şairlər tərəfindən yüksək qiymətləndirilib və tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. N.Həsənzadə 2002-ci ildə Azərbaycanda "Humay” milli mükafatına layiq görülmüş, 2005-ci ildə Böyük Britaniyanın "Modern Poetry in Translations” jurnalının "Russian Women Poets” antologiyasına, eləcə də XX əsrin 70 rus qadın-şairi – "Russian Women Poets” antologiyasına daxil edilib. Bundan əlavə, o Böyük Britaniya ərazisində yaşayan “10 ən yaxşı əcnəbi şair” siyahısına daxil edilib.

Nigar 2019-cu ildə Bakıda BMT-nin himayəsi altında və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilən ədəbiyyat üzrə 4-cü LiFFt festivallar festivalının koordinatoru olub.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

Aşiqlar Birliyində yeni layihəyə start verilib

 

Son illərdə daim aktual mövzularda müxtəlif layihələrlə gündəmdə olan Azərbaycan Aşıqlar Birliyində yeni layihənin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşacaq layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır. 

 

Bu barədə AzərTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş Qələbənin tərənnümündə aşıqların xidmətlərini stimullaşdırmaq, onların ifalarının daha geniş miqyasda yayılmasına nail olmaqdır:“Burada başlıca vəzifə odur ki, layihəyə ustad aşıqlar cəlb olunsun və onların ifaları əsasında hazırlanacaq disk mədəniyyət mərkəzləri, əhalinin müxtəlif yaş və sosial qrupları, xüsusən də, gənclər arasında yayılsın. Bunun, eyni zamanda aşıq sənətinin təbliğinə də fayda verəcəyini düşünürük”.

M.Nəbioğlu həmçinin qeyd edib ki, layihə çərçivəsində 2020-ci ilin payızındakı Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra aşıqlarımızın yaradıcılığında mühüm yer tutmuş qəhrəmanlıq ruhlu aşıq havalarının – “Dəmir yumruq” sayəsində əldə olunmuş qələbəni, bu qələbə sevincini xalqımıza yaşatmış müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərini tərənnüm edən ifaların toplanaraq audiodisk halında buraxılması nəzərdə tutulur. Bu zaman həm ifa olunan mətnlərin məzmununa, həm də aşığın sazçalma bacarığına və ifa qabiliyyətinə xüsusi diqqət yetiriləcək, daha yaxşı 20-dək ifa seçilərək audiodiskə daxil ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Xorxe Anhel Livraqanın aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.

 

 

 

Xorxe Anhel LİVRAQA:

 

Biz insanıq ... ona görə ki, ruhumuz var, ona görə ki, Allaha inanırıq.

***

Heç kimsə özünü tənha və zavallı bilməsin; varlığında Tanrıdan zərrə daşıyan bir kəs nə yalqız, nə də zavallı ola bilər.

***

Böyük fikirlərin yaşandığı bir cəmiyyətdə tənha olmaq olmaz.

***

Təbiətin qanunlarına əsla müqavimət göstərməyin...

***

İnsan təbiətdən uzaqlaşdıqca qəlbi də qatılaşır.

***

Səbir – əbədiyyətin insanı sınamağıdır.

***

Bütün doğrular və bütün həqiqətlər ağılla da, ürəklə də uyum içində olur.

***

Çətin olanla dəyərli olan arasında əsrarəngiz bir bağ vardır.

***

Arzuları öldürməkdən də böyük cinayət yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

 

 

“Yeni adlar” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim olunub. 

 

Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan konsertdə istedadlı gənc ifaçılar Atabala Manafzadə (piano) və Orxan Hüseynov (violonçel) maraqlı musiqi nömrələri ilə çıxış ediblər. 

Konsert proqramında Frans Şubertin Sonata a moll, D.821, Robert Şumanın “Fantasiestücke” op.73, Dimitri Şostakoviçin Sonata d moll, op.40 əsərləri istedadlı gənclər tərəfindən səsləndirilib. 

Dinləyicilərin zövqünü oxşayan konsert gecəsi maraqlı anlarla yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)

 

Yay mövsümündə səyahətlərin intensivləşməsi ilə əlaqədar vətəndaşların xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərinin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması risklərinin artmasını nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik.

 

Bu fikirlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının açıqladığı məlumatda yer alır. 

Məlumatda deyilir: “Əsas problemlər sırasında - şirkətlərin müştəriləri qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməməsi, müəyyən ödəniş əsasında təklif etdikləri xidmətlərin lazımi səviyyədə olmaması və müştərilərin aldadılması kimi məsələlərə daha çox rast gəlinməsi öncədən ehtiyat tədbirlərinin görülməsini önə çıxarır. Əvvəlki illərə nəzər yetirdikdə təəssüf ki, baş vermiş bu cür hallar nəticəsində vətəndaşların istirahətlərinin ya baş tutmaması, ya da gözləntilərinin qarşılanmaması, bəzi hallarda isə məsələnin hüquq-mühafizə orqanlarına və məhkəmələrə qədər çıxması müşahidə olunub. Bu cür halların baş verməməsi üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq xarici ölkələrə istər fərdi, istərsə də ailə və ya qrup şəklində səyahət etməyi nəzərdə tutan vətəndaşları turizm şirkətlərinin xidmətlərindən yararlanarkən daha diqqətli olmağa və ehtiyatlı davranmağa çağırırıq. Bununla yanaşı, vətəndaşlara turpaketlər alarkən və ya turizm şirkətinin xidmətlərindən yaralanarkən turizm bazarında keyfiyyət standartlarına cavab verən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında qeydiyyatda olan və ən əsası Turizm Reyestrindən keçmiş turagentlərə üz tutmağı tövsiyə edirik. Eyni zamanda vətəndaşlara turizm şirkətlərinin xidmətlərindən istifadə edərkən mütləq şəkildə müqavilə əsasında əməkdaşlıq etməyi tövsiyə edirik. Tərəflər arasında imzalanan müqavilə yaşanan hər hansı bir problemin hüquq müstəvisində həlli üçün əsas vasitədir. Qeyd etmək istərdik ki, hazırda Turizm Reyestrindən keçən Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın 120- üzvü mövcuddur. Vətəndaşlar qeyd olunmuş meyarlara cavab verən turizm şirkətlərinin xidmətlərindən istifadə etməklə yay mövsümündə daha çox müşahidə olunan vətəndaşla turizm şirkəti arasında yaşanan problemlərdən, narazılıqlardan və aldadılmalardan sığortalanmış ola bilərlər. Sonda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizm bazarında fəaliyyət göstərən şirkətləri bir daha Turizm Reyestrindən keçməyə çağırırıq”.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Çərşənbə axşamı, 11 İyul 2023 19:34

Şahin Musaoğlunun 60 illiyinə

 

VƏTƏN ADAM 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “O zaman ordumuz təzə-təzə formalaşdığı üçün könüllülərdən ibarət batalyonlar yaradılırdı. Həmin könüllülər Şəhidlər Xiyabanında and içərək, birbaşa cəbhəyə yollanırdılar. O uşaqlar, Azərbaycan ordusunun canlı tarixləridir. İlk yaranan batalyon isə “birinci batalyon” oldu. Mən də orada idim. Əksəriyyət xüsusi təlim keçmiş əsgər və zabitlərdən ibarət idi. Qürurverici anlar yaşayırdım. Heç kəs ölüm haqda fikirləşmirdi. Hamı qələbədən, zəfərdən danışırdı. Bax, “İgid əsgər möhkəm dayan” şeirini o dönəm yazdım. Oxudum razı qalmadım, yenidən yazdım. Yenə razı qalmadım. Elə bil, nəsə çatmırdı tamamlanmağa. Xeyli çək-çevirdən sonra gitarama sarıldım. Melodiya özü barmaqlarımın arasından süzülməyə başladı və nəhayət ürəyimcə oldu. Bu, mənim ilk bəstəm idi. Və mən, necə deyərlər, musiqiyə gəldim. Böyük, nəhəng və zəngin musiqi dünyasına. Başa düşdüm ki, şeirlərimdə anlada bilmədiyim hislərimi, düşüncələrmi musiqi ilə ifadə edə bilərəm. O vaxtdan əksər mahnılarımın musiqisi kimi, sözlərinin də mənə aid olmasının səbəbi budur. Bəstəni əvvəlcə xalq artisti Faiq Ağayevə verdim. Lakin onun Sankt- Peterburqa qastrol səfərinə yollanması ilə əlaqədar, mahnının yazılma prosesinin yubancağından ehtiyat edib, bəstəni Şəmistan Əlizamanlıya verdim.”

 

Haqqında söhbət açmaq istədiyim Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində dünyaya gəlib. Orta təhsilini bu kənddə alıb. 1980–1986-cı illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb institutunda ali təhsilə yiyələnib. Və təyinatla Biləsuvar rayonuna yollanıb. Dörd il burada həkim- terapevt kimi çalışdıqdan sonra yenidən paytaxta dönüb. 1990-cı ildə Xəzər Dəniz Hövzə Xəstəxanasında “USM” üzrə öz həkimlik təcrübəsini artırmağa başlayıb. Burada həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında o, Müdafiə Nazirliyi Tibb İdarəsi, “HET”-(Hərbi Elmi Tədqiqatlar)  idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq gözəl bir ilkə imza atıb. Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradıb...

 

“1991-1994-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi. Yaralıların valideynləri, yaxınları Müdafiə Nazirliyinin, baş qərargahın, tibb idarəsinin, respublikanın şəhər, rayon xəstəxanalarının qapısı qarşısında saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman bu məqsədlə operativ qərargah yaradıldı. Mən həmin qərargaha rəhbərlik edirdim. Və biz o dönəm ilk hərbi tibbi arxivi yarada bildik. Sonralar yaradıcılıq əlaqələri məni Müdafiə Nazirliyinin “Hərbi sənədli filmlər kino-tele studiyası”-na gətirib çıxardı. Mən orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə birlikdə çalışdım. Bununla yanaşı, həm də Müdafiə Nazirliyi “HET” idarəsi ilə əməkdaşlıq edirdim. “Hərbi bilik” jurnalı, “Azərbaycan ordusu” qəzetlərində yazılarla, reportajlarla çıxış edirdim.”- söyləyir.

 

Bəli, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Və Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan bu mahnı- "İgid Əsgər, Möhkəm Dayan!"- ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra o, növbəti savaş türkülərini yazır.Heç şübhəsiz ki, 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunan "Qərib Karvan", Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon", "Cənab Leytenant" və s. bu kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırıb. Şahin Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirib. Sözləri Rəsul Rzaya aid "Elegiya", Şəhriyarın vətən yanğısıyla qələmə aldığı eyni adlı "Azərbaycan", Bəxtiyar Vahabzadəyə məxsus "Bay yurdum", Əhməd Cavadın sözlərinə yazdığı "Bismillah", Anarın şeirlərindən biri olan "Gedirəm Zəngilana", Ramiz Rövşənin şeri əsasında bəstələdiyi "Yalquzaq" mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verib...

 

Deyir ki:- “Bəziləri hərbi vətənpərvərlik mahnılarının olmamasından gileylənirlər. Amma bir faktı unudurlar ki, bu, içdən gəlməlidir . Bu janrda işləmək məsuliyyət və professionallıq tələb edir. Bu tip mahnılarda bir tərəfdən zəfər, qələbə, savaş, qisas ruhu, digər tərəfdən isə qan-qadaya, ölümə meydan oxumaq, sülhü tərənnüm etmək xətti olmalıdır. Ona görə də vətənpərvərlik mahnıları deyiləndə təkcə marşlar yadda düşməməlidir. Vətəni tərənnüm edən, onun dağı, daşı, təbiətini vəsf edən hər hansı melodiya da vətənpərvərliyə aiddir. Bu sahədə xeyli populyar mahnı və marşlarımız var. Təkcə mənim yaradıcılığımda 30-a yaxın mahnı var ki, bunların hamısı sırf hərbi vətənpərvərlik mahnılarıdır. Məsələn, “Cənab Leytenant” mahnısı. Yadınızdadırsa orduda bir müddət leytenant poqonunda iki kiçik ulduz və ay vardı. Mahnı o vaxtlara təsadüf edir. Sonralar uniforma dəyişildi. Bəziləri buna irad tutsalar da mən sözlərdə redaktə etmədim. Çünki bu, bizim ordumuzun tarixi idi. “Səngər başındakı çatdığım ocağın” misrasını da kimlərsə- səngərdə ocaq çatmaq olmaz- deyib uğursuz misra kimi qələmə verirlər. Razıyam. Əslində mən ilk dəfə cəbhə bölgəsinə gedəndə qış idi. Hər tərəf qarın içindəydi . Blindaja girdik. Ortada bir odun peçi var idi. Bilindaj soyuq, peç isə yanmırdı . Daha doğrusu yandırmaq olmazdı. O zaman anladım ki, düzgün iraddır. Axı müharibə verilişlərində görmüşdük ki, əsgərlər həmişə tonqal ətrafında toplaşırlar. Yəqin bunun assosasiyası olub.”

 

Şahin Musaoğlunun qələmə aldığı şeirləri, o cümlədən bəstələdiyi mahnıları təftiş edəndə adam heyran qalmaya bilmir. Bu adamın mayası necə deyərlər, vətən sevgisilə yoğrulub- büsbütün VƏTƏN ADAMDIR. Qismətinə düşən bu tale, onu həmişə yaşadacaqdır…

 

İyulun 11-də Şahin Musaoğlunun 60 yaşı tamam olur. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında, isanları döyüşə, qələbəyə səsləyən mahnıları ilə əvəzsiz xidmətləri olan bu həkim, şair, bəstəkar qardaşımızı təbrik edirəm. Çox yaşasın!..

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Orta məktəbdə “Vətənimdir” şeirini hamımız əzbərləyirik, bu, uşaqlar üçün ən mükəmməl Vətən şeiri hesab edilir. Onun müəllifi vətənpərvər şair, maarifçi Abbas 

 Səhhətdir. 

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə xuda

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək,

Vətəni, məncə, unutmaq nə demək ?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu .

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhətin vəfatından 105 il ötür.

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir.

İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu qeyd etdik, vətən idi. O “Vətənimdir” şeirində vətən müqəddəsliyinin tərifini yazmışdır. 

Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi. 

Ümumən o, Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Çərşənbə axşamı, 11 İyul 2023 18:00

Sabah hava əsasən yağmursuz keçəcək

 

Azərbaycanda iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-31° isti olacaq.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacağı ehtimal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.